
Super User
Xalq yazıçısı Sabir Əhmədlinin növbəti doğum günü qeyd edildi
Yasamal gölündə qayıqlar üzdürən (bu adda onun məşhur romanını yəqin xatırladınız) Xalq yazıçısı Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərib, bunu heç kəs dana bilməz.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün görkəmli yazıçı, Xalq yazıçımız Sabir Əhmədlinin anadan olmasının 93-cü ildönümü tamam oldu.
Yaradıcılığı dönəmində neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayan, əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilən Sabir Əhmədlinin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.
Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya göz açıb. Burada orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləyib. 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru olub.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sabir Əhmədli ötən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və “Aran” roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.
Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” nəsrimizdə 20 Yanvar faciəsinə həsr olunan ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir. Sabir Əhmədli bu hekayələrdə insan hisslərini, ondakı vətənpərvərlik duyğularını, yurdu üçün əzmlə mücadilə etməsini psixoloji nüans dəqiqliyi ilə ifadə etməyə çalışır. Eyni zamanda, rus imperialist siyasətinin obrazı, bir xalq olaraq dəfələrlə aldanışlarla üz-üzə qalmağımız kimi məsələlər də hekayələrin içindən əsas xətt olaraq keçir.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur.
Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb.
Görkəmli yazıçı Sabir Əhmədlinin işıqlı xatirəsi qələm yoldaşlarının və oxucularının qəlbində daim yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
“Məqsədimiz Şuşanın tarixini və mədəni irsini yerli, türk və gürcü gənclər arasında təbliğ etməkdir”
Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması qürurvericidir. Biz də ictimai birlik olaraq Şuşanın dünya ictimaiyyəti tərəfindən daha yaxından tanıdılması məqsədilə layihəyə start vermişik.
Bu sözləri AzərTAC-a müsahibəsində Azərbaycanın “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin rəhbəri Fərhad Abdulov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlayıb. Layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ etməkdir. Bu ideya eyni zamanda, Şuşanın tarixi və mədəni irsi, Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsilə həyata keçirilməsinə xidmət edir.
“Artıq Azərbaycan ilə yanaşı, Gürcüstanın Bolnisi, Marneuli rayonlarında və paytaxt Tbilisidə bu cür sərgilər təşkil olunub. İyulun 10-dan isə Türkiyənin İstanbul, Əskişəhər və Antalyada fotosərgilər təşkil olunacaq”, – deyə F.Abdulov vurğulayıb.
O, göstərilən informasiya dəstəyinə görə də AzərTAC-a minnətdarlıq edib.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
İnanılmaz! Villi Villiam Bakıya gəlir
Bu dünyaşöhrətli musiqiçi də musqiq paytaxtına çevrilmiş Bilgəh “Sea Breeze”ində konsert verəcək
Bəli, əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ, fransız Villi Villiam Bakıya gəlir. O, avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində
“White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.
Bəli, yay dövrü “Sea Breze” sözün həqqiqi mənasında ölkənin musiqi paytaxtına çevrilib və bu isti 25 avqust axşamı dahi müğnninin gəlişi ilə yayın ən unudulmaz anına çevriləcək.
Hər yerdə sevilən dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcəyi şəksizdir. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.
Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir.
Onu da qeyd edək ki, 1981-ci il təvəllüdlü musiqiçi qarışıq nikahdan dünyaya gəlib, atası fransız, anası yamaykalıdır. Atası Fransanın dünyaya bəxş etdiyi musiqi ulduzu Co Dassenin, anası Yamaykanın dünyaya bəxş etdiyi musiqi ulduzu “Boni M”in fanatı olan və dərin musiqi duyumuna malik ailədə böyüyən Villi hazırda olduqca yüksək musiqi duyumuna malikdir, məhz buna görə də multi-platin prodüsser adını daşıyır.
Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.
Bütün bu gözəl anları isə bakılılar üçün Emin Ağalarov təşkil edir. Alqışlar!
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Şuşa Teatrında “Cırtdan” nümayiş olunacaq
İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Cırtdan” tamaşası nümayiş olunacaq.
Bu barədə Teatrdan məlumat verilib.
Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub.
Filarmoniyadan verilən məlumata görə, Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli (piano), Eldəniz Ələkbərzadə (piano) və Kamal Qədirov (trombon) çıxış ediblər.
Solistlər dinləyicilərə L.Grondahlın Trombon və orkestr üçün Konsertini və F.Poulencin İki piano və orkestr üçün Konsertini (d-moll, FP 61) təqdim ediblər.
Xatırladaq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
“Uğur qadın kimidir, çox vaxt layiq olana deyil, bacarana qismət olur” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Aktyorun istedadının qədəri özünü rolda gizlədə bildiyi qədərdir.
2.İnsanlar arasında olanda özünü cəngəllikdə hiss etmirsənsə, həyatı hələ dərk etməmisən.
3.İstədiyini edə bilən azad, istəmədiyini etməyə məcbur olmayan xoşbəxtdir.
4.Qadının işi kişini uğura ruhlandırmaq, kişinin işi həmin uğurla qadını xoşbəxt etməkdir.
5.Qanadlarının çıxacaqlarını gözləyən insanlar həmişə yerdə qalır, uçan insanlar özlərinə qanad düzəldənlərdir.
6.Öz keçmişinin əsiri olmasan, öz əsrini uğurla yaşayarsan.
7.Sevginin az olmağı yaxşıdır, çünki sonda nifrətə də az səbəb qalır.
8.Tərbiyəsizdən ehtiyatlan, savadsızdan qorx.
9.Təəssüflərsiz yaşamaq üçün yaxşılıq et və pisliklərə hazır ol.
10.Uğur qadın kimidir, çox vaxt layiq olana deyil, bacarana qismət olur.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Mədəniyyət naziri Dövlət Pantomima Teatrında olub
Mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Nazirlik nümayəndələrinə teatrın tarixi, fəaliyyəti, yaradıcılıq nailiyyətləri, o cümlədən beynəlxalq festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.
Nazir Dövlət Pantomima Teatrının binası, kollektivin yaradıcılıq şəraiti, truppası və repertuarı ilə tanış olub.
Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.
Teatrın artistlərinin ifasında Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.
Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Nəhayət, “Yuğ” teatrı da mövsümə yekun vurdu
ÖZÜ DƏ İLQAR FƏHMİNİN SƏHNƏ ƏSƏRİ İLƏ
Bu qızmar iyul günlərində Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə yekun vurdu, özü də “Mənəm, mən” tamaşası ilə.
Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, tamaşa tanınmış yazıçı və kinodramaturq İlqar Fəhminin əsəri əsasında, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.
Mistik – psixoloji dram janrlı səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Ziya Ağa, Əbdülqəni Əliyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov və Elşən Əsgərov çıxış ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Bakıda “Fata Morgana" adlı Şərq immersiv şousu təşkil olunacaq
İyulun 26-da “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq.
“Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir.
Heyrətamiz qastronomiya, füsunkar musiqi motivləri, başgicəlləndirici yallı və cigit milli rəqsləri, həmçinin oriental rəqslər musiqili axşama xüsusi rəng qatacaq. Bu füsunkar şou Xəzər sahilinin əlamətdar hadisəsinə çevriləcək.
Qeyri-adi axşamda iştirakçılara hamının sevimlisi şah plov, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazlardan unikal reseptlər üzrə hazırlanmış Azərbaycan yeməkləri, çay, şirniyyat, eləcə də meyvə desertləri təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)
Nazir alim olmalıdırmı?
Vüsal Mətləboğlu, “Ədəbiyyat və incəsənət” üçün
Nazir ilk növbədə menecer olmalıdır, ondan tələb olunan ən vacib kompitensiya idarəetmə bacarığıdır. Son günlər bəzi müzakirələrdə Elm və Təhsil nazirinin elmi araşdırma müəllifi olmaması, elmi jurnallarda məqalələrinin yayımlanmaması barədə arqumentlər məhz bu baxımdan yetkin səslənmir.
Elmi idarəetmə elmi fəaliyyət deyil, menecment işidir. Elmlə elm adamları məşğul olmalı idi, elm iqtisadiyyatı öz ardınca aparmalı, təqdim etdiyi innovativ tapıntılarla inkişafa yön verməli idi, ancaq hardadır?!
AMEA neçə illərdir qulpu qırılmış çemodan kimi idi, nə qoyub getmək olmurdu, nə də sürüyüb aparmaq.
…və bir də bir məsələ - əksəriyyət 20-30 bal toplaya bilməyən müəllimlərin aqibəti ilə maraqlanır, - onlar işsizmi qalacaqlar?
Radikal səslənə bilər, ancaq, bəli, o adamlar işsiz qalmalıdır, ən azı müəllim kimi şagirdlərimizin gələcəyini baltalamamalıdırlar, 60 sualdan 20-30 suala düzgün cavab verə bilməyən müəllim savadsız həkim, savadsız mühəndis, savadsız idarəçi, savadsız nazir yetişdirəcək. Sual əslində, başqa cür qoyulmalıdır – bu müəllimlər hələ də bizim uşaqlarımıza dərs deyəcək?!
P.S. İmtahanlarda 35 faiz müəllim 0-29 bal toplayıb. Belə müəllimlər bizim uşaqlara dərs deməyə davam etsə, biz oxuduğumuzu nəinki başa düşəcəyik, ümumiyyətlə, ola bilər, üzdən oxuya bilməyəcəyik.
Təhsildə güzəşt Vətənə xəyanət hesab olunmalıdır!
“Ədəbiyyat və incəsənət”
(11.07.2023)