Super User

Super User

Çərşənbə axşamı, 04 İyul 2023 13:15

“Çəkilir bəxtimin zaman tətiyi…” - Rəfail İncəyurd

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Rəfail İncəyurdun “Ovqat” şeirini təqdim edirik. Əslən Qazax bölgəsindən olan şair paytaxtda yaşasa da el-elat ruhu onun şeirlərinin ovqatını təşkil edir. 

 

 

Yollar yorğunuyam, yüyrək deyiləm,

Sevdalar süsləyən ürək deyiləm.

Yox! Daha heç kimə gərək deyiləm-

“Sən bitdin” hökmünü almışam, Allah!

 

Mənəm tüstülənən yaş ocaq indi,

Boğulan ümidlər çaşacaq indi.

“Ah”larım sellənib daşacaq indi-

Dağılmaz buludam, dolmuşam, Allah!

 

Çəkilir bəxtimin zaman tətiyi,

Mənəm MƏN deyənin ağır itiyi...

Heç kimin oxumaq istəmədiyi

“Xatirə dəftəri” olmuşam, Allah!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

Çərşənbə axşamı, 04 İyul 2023 19:00

“Bir gün gerçəkləri bilib məni başa düşəcəksiniz"

Müğənni Natavan Həbibi izləyicilərinin onun ünvanına yazdığı tənqidlərə cavab verib. 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri sənətçinin paylaşımına niyə verilişlərə çıxmamasına görə qınayıblar.

 

Natavan "Sizi "qara siyahı"ya atmışam. Sevənlərinizin qədrini bilmirsiniz. Ancaq yutub, instaqram və səhnə aldığınız restoranlarla kifayətlənmək nə dərəcədə düzgündür? Kənara çəkilməyə haqqınız yoxdur. Seçilmiş verilişlərə çıxın" sözlərinə "Vay... Baş üstə, nə deyim. O seçilmiş verilişin adını çəkin gedək. Övladınız da məni tanısın, dinləsin deyə, əslində elə hərdən bir mahnı oxuyub, klip çəkirik. Yoxsa o da olmazdı. Məni göstərin uşaqlara, "qara siyahı"ya qoymayın. Var olun. Sevirəm sizi də, məni dinləyən də hər bir kəsi də. Bir bilsəniz işin, vəziyyətin əsli nədir" cavabını verib. 

Sənətçi "Gözəl səsiniz var. Tənbəl olmasa, Röya kimdir onun yanında" şərhinə isə "Əgər bu tənbəllik olsaydı... İnanıram ki, bir gün gerçəkləri biləndə məni başa düşəcəksiniz. Heç nə belə asan deyil" reaksiyasını verib. 

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

Çərşənbə axşamı, 04 İyul 2023 17:00

Mətbuat azadlığı barədə

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kim deyir ki, Azərbaycanda mətbuat azadlığı yoxdur? Əgər bir ölkədə hər hansı bir vətəndaş istədiyi zaman qəzet təsis edib, onlayn media yaradıb, onu yayımlaya bilirsə, sosial şəbəkələrdə təhqir yox, tənqidi fikirlərini ictimailəşdirirsə, demək həmin ölkədə mətbuat azadlığı var. Söhbət təhqirdən gedərsə, təhqir həmişə qarşıdurmaya rəvac verir, cəzasız qalmır…

 

O ki qaldı jurnalistikaya, məgər Azərbaycan mətbuatında gedən yüzlərlə haqlı-haqsız tənqidi yazının tirajlanması söz azadlığından xəbər vermirmi? Bu jurnalistikanın uğuru deyilmi? Əgər bir ölkədə söz azadlğı olmasaydı, kimsə bunu edə bilərdimi? 

Tənqidi yazılara qarşı təzyiqlərə gələndə, bir məsələni qeyd etməliyəm ki, Amerikanın özündə də tənqid olunan kəs, tənqid edənə “sağ ol” söyləmir...

Bəli, Azərbaycan jurnalistikası bu gün öz qarışıq dövrünü yaşayır. Buna da səbəb təsadüfü adamların, qeyri peşəkarların bu sahədə olmasıdır. Qərəzli, sifarişli tənqidlər, təhqir dolu yazılar baş alıb gedir. Jurnalist hansısa oyunun iştirakçısına çevrildisə, artıq səmimiyyətdən, peşəkarlıqdan söhbət gedə bilməz... 

Ötən illər Amerikada olarkən, izlədiyim saytlar içərisində, əslən cənub bölgəsindən olduğum üçün CENUBXEBERLERİ. COM saytına daha çox diqqət yetirirdim. Daha doğrusu, bu sayt daim izlədiyim 10-15 saytdan biridir. Saytın rəhbəri isə cənub bölgəsinin tanınmış, qocaman jurnalisti Zahir Əmənovdur. Onun rəhbərlk etdiyi “Cənub xəbərləri” qəzetinin uzun illər göstərdiyi fəaliyyət ən azından bir diplom işinin və yaxud dissertasiyanın mövzusudur...

Yaxşı yadımdadır, təxminən 2005-ci il olardı. Zahir Əmənov Yardımlıda oxucuları ilə görüş keçirirdi. Oxuculardan biri yazılardan kövrələrək baş redaktora bildirdi ki,- “Siz bu qəzetlə yatmış vicdanları oyadırsınız”...

İllər boyu izlədiyim bu qəzetdə nələr yox idi? Cənubun tarixinin açılmamış səhifələri, abidələri, unudulmuş unudulmazları haqqında məqalələr, məmurların, rayonun ən yüksək çinli rəhbərlərinin iç üzünü açan kəskin, güzəştsiz yazılar və s..

Bu qəzetin “Çəpərüstü söhbətlər” rubrikası tamam bir özgə aləm idi. “Qıza!” deyə çəpər üstündə söhbətləşən iki qadın daha nələrdən danışmırdılar? Zarafata salıb cənubdakı pərdə arxası mətləbləri elə şirin dillə oxuculara çatdırırdılar ki, hətta orada tənqid olunanların özlərinin belə oxuyarkən dodaqları qaçırdı...

Ümumiyyətlə “Cənub xəbərləri” regionda çox məşhur qəzet idi. Səhv etmirəmsə 2012-ci ildə AJB və “Yeni Nəsil Jurnalistlər Birliyi” bu qəzeti region qəzetləri arasında “İlin qəzeti” elan etmişdi. Deyəsən, Zahir müəllim həm də “Zərdabi mükafatı”na da layiq görülüb. Eləcə də bir neçə beynəlxalq yazı müsabiqəsində araşdırma yazılarına görə mükafat ala bilib.

2008-ci ildə həmin bölgədə növbəti müstəqil qəzeti -“Yardımlının səsi”ni yaradanda mənə ilk dəstək verən, ruhlandıran da Zahir müəllim oldu. Böyük çətinliklə yaratdığım “Yardımlı Xeyriyyə Cəmiyyəti” haqqında bir səhifəlik yazı dərc etdi...

Artıq Zahir müəllim yaşa dolub. Bildiyim qədər şəkərli diabetdən əziyyət çəkir. Eşitdiyimə görə, bir neçə dəfə gözündən əməliyyat olunub. Maliyyə çətinliyinə görə “Cənub xəbərləri” qəzetini də dayandırıb. Lakin bütün bunlara baxmayaraq, qələmi yerə qoymayıb -CENUBXEBERLERİ. COM saytını işlədir, oradan öz sözünü deməyə davam edir.

Bu sayt aparıcı paytaxt saytları ilə ayaqlaşmaqda çətinlik çəksə də, regionda deyərəm ki, ən çox oxunan saytdır. Və bu sayta gündəlik baxış sayı 40-50 min arasındadır. Nəzərə alanda ki, Zahir müəllim bu işləri təkbaşına, eləcə də müəyyən sıxıntılar və təzyiqlər şəraitində edir, heyrətlənməmək olmur...

Bəli, Zahir müəllim peşəkar jurnalistikanın sirlərini yaxşı bilir, araşdırma yazıları, tanınmışlar haqqında təqdimatları, duzlu-məzəli atmacaları ilə hələ də region mətbuatının şirinliyini qoruyur. Çox zarafatcıl, çox məlumatlıdır, hər sahəyə maraqlı yanaşması var. Bir sözlə, Zahir müəllim bölgədə yaşayıb yaradan, dediyi sözə, yazdığı hər yazıya böyük tələbkarlıqla yanaşan tək-tük region jurnalistlərindən biridir. Belələrini qorumaq, onlara dəyər vermək, dəstək olmaq hamımızın borcudur...

Bu günlərdə Zahir Əmənovun 71 yaşı tamam oldu. Onu ad günü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.  

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

14-cü dərc

İndi bəzi şeyləri dəqiqləşdirməyin vaxtı idi.

-Atanızın yaxın dostları var idimi?

-Atamın həmişə çoxlu dostları olub. Amma ikisi ilə çox yaxın dostluq edərdi. Desəm, yəqin tanıyarsınız. Biri İsfəndiyar Mövlayev, o birisi isə Səlim Zamanlıdır.

-Hə, eşitmişəm adlarını. Onları şəhərdə hamı tanıyır. Mərhum atanız Xudata tez-tezmi gəlirdi?

-Əvvəllər hə. Ancaq valideynlərinin ölümündən sonra elə də çox gəlib getməzdi. Hər dəfə gələndə mütləq bizi də, yəni bacımla məni də gətirərdi. Deyərdi, gedək nənənizin, babanızın qəbirlərinə baş çəkək.

-Sonuncu gəlişinin tarixini xatırlamırsınız ki?

-Ölümündən üç ay əvvəl ikimiz gəlmişdik sonuncu dəfə. Bacım gələ bilmədi onda. Onu qəbiristanlığa aparmağımı istədi. Çatdıqdan bir qədər sonra tək qalmaq istədiyini dedi. Çəkilib bir kənarda gözlədim. Təxminən iyirmi dəqiqədən sonra məni səslədi, maşına oturub birbaşa buraya, ata yurdumuza gəldik, həmin gün də şəhərə qayıtdıq.

-Ömər Xəyyamın o dediyiniz kitabı qalırmı?

-Bəli, evdədir.

-Gətirə bilərsinizmi?

-İndi taparam, görüm uşaqlar hara qoyublar.

Bir azdan əlində kitab qayıdan Teymur müəllim onu mənə uzatdı.

Təşəkkür edib kitabı aldım və vərəqləməyə başladım. Əvvəlcə titul vərəqində Səttarın yazdığı misraları oxudum. Sonra vərəqləri çevirib səbirlə hər bir səhifəyə baxdım. Bəliii… Maraqlı kitabdır…Kitabı vərəqlədikdən sonra, Teymur müəllimə verəcəyim bir sual da yarandı.

-Zəhmət olmasa xatırlayın, mərhum atanız bu misraları başdaşına həkk etdirməyi sizə vəsiyyət etdikdən neçə müddət sonra dünyasını dəyişdi?

-Ay yarım sonra. Mən onda hətta etiraz da etmək istədim, ancaq sözümü kəsib dedi ki, mübahisə etmə, heç kim dünyanı tutub getməyəcək, mən də hiss edirəm ki, az qalıb. Cəmi ay yarım sonra rəhmətə gedəndə, başa düşdüm ki, haqlı imiş.

Diqqətlə mənə baxdığını görüb, üzümü ev sahibinə tutdum:

-Düşünürəm ki, atanızın qəbrini ziyarət etmək lazımdır.

-Əlbəttə, lazımdırsa, gedək. Elə şəhərin çıxacağında, yaxındadır.

Həyətdən çıxıb maşına oturduq.

Bir qədər getmiş, Teymur müəllim üzünü mənə tutdu:

-Üzr istəyirəm, Bəxtiyar müəllim, atamın son nəfəsində dediklərini sizə olduğu kimi dedim. Əgər nəsə bilirsinizsə, xahiş edirəm məndən gizlətməyin. Bu sirrin nədən ibarət olduğunu, bu sözlərin nə anlama gəldiyini çox bilmək istərdim.

-İnanın ki, bu sözlər hələ ki, mənə də heç nə demir.

Heç də hər zaman hər şeyi əvvəlcədən nəzərə almaq olmur. Buraya gələrkən planlaşdırdığımdan xeyli fərqli vəziyyət yaranmasını, məsələnin məğzini dilə gətirmədən istədiyimi öyrəndiyimi nəzərə alıb, Teymur soruşsa belə, İsfəndiyar Mövlayevin oğlunun qətlini araşdırdığımı ona deməyəcəyimi qərara aldım. Bunu bilməsi onsuz da ona heç nə verməyəcəkdi. Üstəlik də, atasının bu sirrinin, yaxın dostu olmuş İsfəndiyarın oğlunun ölümü ilə əlaqəli ola biləcəyi fikri bu yaxşı insanın olan-qalan rahatlığını da əlindən almış olar.

Həm də, ünsiyyət zamanı Teymur müəllimin olduqca sentimental birisi olduğu məlum olmuşdu mənə. Bu sirri özünə necə yük edibsə, yalnız detektiv olduğumu deməklə, necə həyəcanlanıb başqa nəsə deməyimi gözləmədən hər şeyi açıb tökdü. Əslində, tələsməməli, niyə gəldiyimi dinləməli idi. Ona görə də, onu bir az da yükləməyim, qoy rahat yaşasın.

Ancaq açıqlama verməməyimin başqa səbəbi də var idi. Bu, vəsiyyətnamədə nə vaxtsa gələcək adama, yəni mənə göndərilən mesaj idi. Teymur müəllim bu incəliyi tutmaya bilərdi. Ancaq mənə o sözləri səsləndirməyi kifayət etdi ki, Səttarın «gələn adama güvənə bilərsən» deməsinin, oğlunun təhlükəsizliyinə edilmiş bir eyham olmasını başa düşüm. Odur ki, buraya nə qədər gizlin gəlsəm də, hansısa məlumatın daşıyıcısı olmaması ona daha çox fayda verər.

Əgər belədirsə, deməli, böyük ehtimalla Səttarın araşdırdığım qətl hadisəsi barədə hansısa məlumatı olub. Hansısa səbəbdən və ya səbəblərdən susmağa məcbur olsa da, elə yenə də mənə məlum olmayan səbəbdən ölməmişdən əvvəl vəsiyyəti vasitəsilə mesaj göndərib. Gün kimi ayıdındır ki, bu misraları başdaşına həkk etdirməyi elə-belə, onları xoşladığına görə tapşırmayıb Səttar. Bu misralarda hansısa şifrəli məlumat yatır. Mənə lazım olan sirrin şifri. Teymur müəllimin verdiyi kitabı vərəqləyərkən bəzi səhifələrdə, misraların altında diyircəkli qələmlə qoyulmuş nöqtələr, xətlər olduğunu müəyyən etmişdim. Bu əlamətləri hansısa mətni şifrləməyi düşünən, lazımi misraları axtaran adam qoya bilərdi. Ayrıca, məlumdur ki, qəbir daşlarına hansısa romandan və ya dərslikdən nəsə həkk etdirmək olmaz, bu yalnız aforizm, ya da şeir ola bilər ki, Səttar da sevdiyi Ömər Xəyyamın kitabını bu məqsədlə seçmişdir. Əks təqdirdə, sevdiyi kitabı oxuyan zaman əlində qələm tutub, həmin kitabda xətlər və nöqtələr qoymasına nə ehtiyac var idi? Yaxşı, bu halda ortaya məntiqi bir sual çıxır. Mərhum bu şifrli mesajı göndərərkən, nə vaxtsa, kiminsə gəlib Teymuru bu məsələ ilə bağlı sorğu-sual edəcəyini necə təxmin edə bilərdi? Səttarın kifayət qədər ağıllı birisi olmasına şübhə yoxdur. Ağıllı adamsa yalnız əmin olduğu bir şeyi dilinə gətirə bilərdi, xüsusilə vəsiyyət edərkən. Bax bu sualın cavabını tapmaq lazımdır. Üstəlik də, vəsiyyətinin mətnini elə seçib ki, gələcək adamın diqqətini qəbrinə yönəltməklə yanaşı, oğlunun təhlükəsizliyinin təmin olunmasını da ondan xahiş edir. Rübainin üçüncü sətrində də həm qorxuya, həm də ümidə eyham var. Deməli yeganə oğluna görə narahat olmasına real səbəb olub. İsfəndiyarın da qətlə yetirilmiş oğlunun tək oğul olmasını nəzərə alsaq, bu kifayət qədər tutarlı səbəb olub. Bəs belə isə, nəyə əsaslanıb Teymurun görüşünə gələcək adama ümid bəsləyib? Bu hələ ki, qaranlıq qalır…

Ancaq başdaşındakı yazıların nə məna daşıdığını hələ çözmək lazımdır. Yazılar isə hələ ki, mənə heç nə demir.

Məni bu fikirlərimdən Teymur müəllimin sualı ayırdı.

-Heç demədiniz, sizi buraya gətirən məsələ nə idi?

Teymur müəllim gec də olsa, bu sualı verməyi qərara aldı.

-Atanızın Xəyal adlı dostu olub və onun ölümündən bir qədər əvvəl itkin düşüb. Təbii ki, polis onun axtarışlarını həyata keçirir. Yaxınları isə, onu axtarmaq üçün mənə də müraciət ediblər. Atanızla son illər sıx iş birliyi olduğu üçün fikirləşdim ki, bəlkə siz nə isə bilmiş olarsız.

Gəlişimin səbəbini açıqlamayacağımı qət etdikdən sonra hər ehtimala qarşı bu cavabı hazırlamışdım. Yəqin ki, Teymur müəllim atasının bütün dostlarını tanıyıb və ya adlarını eşidib. Dediyim istənilən bir ad həqiqətdə Səttarın dostlarından birinin adı ilə eyni ola bilərdi. O zaman ortaya lazım olmayan suallar çıxa bilərdi. Bu sualların çıxmaması üçün Xəyal adını seçmişdim. Səttar yetmiş yeddi yaşında rəhmətə gedib. Adətən bu yaşda insanların dostları da kifayət qədər yaşlı insanlar olur. Mərhumun sanbalını da nəzərə alsaq, onun cavan dostu ola bilməzdi. Sadəcə bunu özünə yaraşdırmazdı. Xəyal adı isə ən uzağı qırx-qırx beş il bundan əvvəl dəbə minib. Deməli xəyali Xəyalın uzaqbaşı qırx beş yaşı ola bilərdi ki, bu da az əvvəl sizə dediklərimi tamamlayır. Hər halda, dediklərim yüz faiz olmasa da, doxsan doqquz faiz belədir.

Teymur müəllim bir qədər şübhə ilə mənə baxdı.

-Atamın dostlarının əksəriyyətini tanıyırdım. Elə birisini isə tanımıram. Fikirləşirsiz ki, Xəyal dediyiniz o adamın itkin düşməsi barədə atam nə isə bilirmiş və vəsiyyət edərkən bunu nəzərdə tutub?

-Mən heç nə fikirləşmirəm. Sadəcə gəlişimin səbəbini soruşdunuz, mən də dedim.

Teymur müəllim əli ilə işarə verib, -«Buraya dönəcəyik» -dedi. Sürəti azaldıb, maşını dediyi tərəfə döndərdim. Yoldan təxminən otuz metr sonra qəbiristanlığın girişi idi. Maşını kənara verib mühərriki söndürdüm. Eyni vaxtda maşından düşdük.

Laybalay açıq qəbiristanlıq darvazasından içəri keçən kimi ilk baxışdan köhnə qəbirlərin əsasən yuxarı başda, yeni qəbirlərin isə nisbətən girişə yaxın olduğuna fikir verdim. Kifayət qədər böyük qəbiristanlığın içi ilə cığırla gedib bizə lazım olan qəbirə çatdıq. Səttarın qəbri köhnə qəbirlərin sırasında, çoxdan rəhmətə getmiş ata və anasının qəbirlərinin arasında idi.

-Buradır. Baxın, solda nənəmin, sağda babamın qəbirləridir, ortadakı isə atamın. O isə anamızın qəbridir, -bunu deyib Teymur müəllim bir qədər kənarda, sağ tərəfdəki qəbri göstərdi.

-Allah hamısına rəhmət eləsin, ruhları şad olsun.

-Allah ölənlərinizə rəhmət eləsin.

Teymur müəllim əllərini qarşısında birləşdirib fatihə verdikdən sonra ikimiz də salavat çevirdik.

İndi məni maraqlandıran qəbirə diqqətlə baxa bilərdim. Qara mərmərdən olan başdaşının yuxarı hissəsində bayaq Teymur müəllimin verdiyi kitabdan mənə məlum olan dörd misralıq beyt, aşağı hissəsində isə Səttarın doğum və ölüm tarixləri həkk olunmuşdu. Beyti bir daha oxudum.

                                      

                            Cənnət-cəhənnəmə girən yox, könül,

                                        Gedib o dünyanı görən yox, könül,

                                        Ümid və qorxumuz o şeydəndir ki,

                                        Onlardan heç nişan verən yox, könül.

 

Bəli, yadınızdadırsa, araşdırmamımlapəvvəlindəbəlkəölüləraləminəbaşvuracağımıdemişdim. İndi dediklərim yerini almağa başlayıb. O dünyada olan birinin nə demək istədiyini başa düşməli idim. Fikrimcə, buna nail olsam, çox şey aydın olacaq.

Bu gün eşitdiklərim də, qəbir daşındakı yazılar da təhlil olunması vaxt tələb edən informasiya idi. Düşünürəm ki, bununçün xeyli baş sındırmalı olacağam. İndi isə, getmək lazımdır. Üzümü atasının məzarına baxıb fikrə getmiş Teymur müəllimə tutdum:

-Gedəkmi, Teymur müəllim?

-Necə məsləhətdir.

İrəlidə Teymur müəllim, ardınca mən qəbirlərin arasından keçib bayaq gəldiyimiz cığıra çıxdıq. Gələrkən bəzi məzarların üzərində üçrəngli bayrağımızın olduğunu görmüşdüm. Bu məzarlar nisbətən bir-birlərinə yaxın yerləşirdi və çox güman ki, birinci Qarabağ müharibəsində şəhid olmuş xüdatlı qardaşlarımızın məzarları idi.

İrəlidə gedən Teymur müəllimi səsləyib, həmin məzarlara tərəf göndüm. Fikrimi başa düşən Teymur müəllim də mənimlə birlikdə həmin məzarlara tərəf addımladı. Məzarların ön tərəfinə keçib başdaşlarında olan yazıların bəzilərini oxudum. Adlar, yol gələrkən oxuduğum küçə adlarındakı adlar idi.

Bir qədər susub bu məzarların qarşısında səssiz dayandıq. Sonra qəhrəmanlıqları ilə adlarını Vətənin tarixinə yazdırmış, qürur yerimiz olan, Uca Şəhid adını daşımaq nəsib olmuş qardaşlarımızın ruhları qarşısında baş əydik…

Yolboyu, Teymur müəllimin evinə qədər ikimiz də susduq. Maşını tanış darvazanın qarşısında saxlayanda bir stəkan da çay içməyi təklif edən Teymur müəllimə təşəkkürümü bildirib getməli olduğumu dedim. Əslində isə bir də qəbiristanlığa qayıtmalı idim. Bunu Teymur müəllimin bilməməsi lazım idi.

Hörmət əlaməti olaraq maşından düşdüm və Teymur müəllimin əlini sıxdım.

-Vaxtınızı ayırdığınıza görə təşəkkür edirəm.

-O nə deməkdir, qapım həmişə üzünüzə açıqdır, Bəxtiyar müəllim.

Bir anlıq baxışdıq. Teymur müəllimin gözlərindəki sualı dilinə gətirməmiş də oxumaq çətin deyildi. Xəyal adlı birini axtardığım barədə dediklərimi təhlil etmək üçün bu ağıllı adamın kifayət qədər vaxtı olmuşdu. Ona görə də indi, ayrılarkən sual dolu baxışlarla mənə baxır, ancaq susurdu. Mənimsə, atasının nə vaxtsa ən yaxın dostuna xəyanət etməsi təsdiqlənərsə, sağlığında da, vəfatından sonra da valideyninin adını həmişə əziz tutan bu insana uyduracağım yalanın əvəzinə indidən ayrı, əhəmiyyətsiz bir yalan deməkdən başqa çarəm yox idi. Olduqca ürəyimə yatan bu insanı tərəddüdlər içərisində qoyub getməməkçün gülümsəyib dedim:

-Gözlədiyiniz adam mən idim, buna şübhəniz olmasın.

Bu sözlərdən sonra onun nəsə deməsini gözləməyib maşına əyləşdim. Əsas yola çıxmazdan əvvəl maşının güzgüsündə Teymur müəllimin hələ də durduğu yerdə qalıb arxamca baxdığını gördüm.

 

* * *

Pəncərələrinə qalın, işıqkeçirməyən pərdələr vurulmuş, qaranlıq, yalnız divardakı zəif qırmızı işıqlı lampa ilə işıqlandırılan otaqda, daha çox taxta bənzəyən böyük kresloda oturmuş adam qarşısındakı kişiyə baxıb susurdu. Kreslodakı adam nə qədər amiranə görünürdüsə, alaqaranlıq otaqda sifət cizgiləri seçilməyən, uca boylu, qara kostyum və qalstukda olan, başındakı şlyapasını çıxararaq sağ əli ilə sinəsinin qarşısında tutmuş adamın görkəmi onun bir o qədər günahkar olması təsirini bağışlayırdı.

-Danış görüm, necə oldu ki, sənin kimi bir adam o detektivi gözdən qaçıra bildi? -sual verən adam olduqca sakit, aramla danışırdı. Bu, özünə olduqca arxayın olan birinin danışıq tərzi idi.

-Mən onun peşəkarlığını dəyərləndirmədim. Bu mənim səhvimdir.

Kişinin səsinin tonu və verdiyi cavab onun da təmkinli və soyuqqanlı biri olmasından xəbər verirdi.

-Belə çıxır ki, tək sən yox, tükü-tükdən seçən «Qızılbaş» da onu lazımınca dəyərləndirməyib. O Eyvaz dediyinizin hərəkətləri Bəxtiyarı heç də arxayınlaşdırmayıb. Əksinə, bunun bir görünüş olduğunu, başqa cür izlənəcəyini başa düşüb. Gedərsən «Qızılbaş»ın yanına, o sənə lazım olanı deyəcək.

Alaqaranlıq otaqda onsuz da dayandığı yerdə kölgəyə bənzəyən kişi kölgə kimi də səssizcə otağı tərk etdi.

Otaqda tək qalan adam, barmağındakı əqiq qaşlı iri gümüş üzüyü fırlada-fırlada öz-özü ilə danışırmış kimi dedi:

-İndiyənə qədər onlarla ən çətin tapşırığımızı yerinə yetirən, bir dəfə də səhv buraxmayan adamımızı azdırmısan. Sən kimsən, Bəxtiyar?..

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(04.07.2023)

 

 

 

 

 

Çərşənbə axşamı, 04 İyul 2023 18:00

Məşhur rus teatrı Bakıdadır

Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən Bakıda qastroldadır. Qastrol iyulun 9-dək davam edəcək. 

 

Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. 

Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.

Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayıb. 

 

Bu gün Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.

6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.

Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.

Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.

“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gəlib. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətirilib. 

Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəridir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.

 

Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. 

Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “Ancaq sevə bilərəm” söyləyəcək. 

 

ANCAQ SEVƏ BİLƏRƏM

 

Səni seçə bilərdim

Bir generalın çiyinlərindən.

Səni, seçə bilərdim

Bir fabrikanın duman borusundan,

Arabanın markasından,

Səni

Bir ayrılıq tragediyasinin uçurumundan qapa bilərdim.

Yalnızlıq quyusunun qaranlığından,

Sona varmış bir sevdanın payızından,

Amma!

Mən şairəm

Nə seçib, nə qapıb, nə ala bilərəm?!

Ancaq,

Səni sevə bilərəm

Çırağqazın ışığı altında

Bir axşam çağı.

Səni sevə bilərəm

Avtobus durağında,

Payız küçəsində, sevgi sərgisində, roman yarpağında.

Mən səni sevə bilərəm

Bir şeir axşamında!

 

Ədəbiyyat və incəsənət”

(04.07.2023)

Çərşənbə axşamı, 04 İyul 2023 15:00

Rus evində rəssam Nigar Süleymanın fərdi sərgisi açılıb

Bakıdakı Rus evində azərbaycanlı rəssam Nigar Süleymanın “Kaleydoskop” adlı fərdi sərgisi açılıb.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətiin məlumatına görə,  rəssamın həndəsi abstraksiya və simvolizm üslubunda çəkdiyi rəsimləri onun hisslərini və daxili təəssüratlarını əks etdirir. 

 

Nigar Süleyman Azərbaycanda doğulub, boya-başa çatıb. Onun yaradıcılığını Şərq ornamentləri ilə abstraksionizmin vəhdəti təşkil edir. 

Sərgidə təqdim olunan əsərlərdə müxtəlif simvol və anlayışlar qrafik abstraksiyaya daxil edilib. 3D eynəkləri vasitəsilə baxdıqda onların bəzilərində rənglərin və fiqurların bərq vurmasını görmək olar. 

Azərbaycanlı rəssamın əsərləri Moskvada “Art Russia 2020” müasir incəsənət yarmarkasında və 2021-ci ildə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda fərdi sərgidə, eləcə də “Golden Talent” onlayn-platformasında nümayiş etdirilib. 

Nigar Süleymanın fərdi sərgisi iyulun 9-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadə özünün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririr.

Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.

          

Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).

Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.

Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.

Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək.

 

A. Diqqət və yaddaş

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

B. İnteqral alqoritm

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

C. Antireqressiya və antiartikulyasiya

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.

Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

D. Vertikal oxumaq

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

E. Məğzi tutmaq

Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.

Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.

Demək, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başa düşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!

 

F. Nəticə qorxusunu dəf etmək

Qəbul imtahanına hazırlaşan abiturientin imtahanqabağı psixoloji tarazlığını qoruması, qorxu və həyəcandan qurtula bilməsi çox vacib, mən deyərdim ki, hətta ən həlledici məqamdır. Hətta tam hazırlıqlı olduğun halda həyəcan və qorxudan psixoloji sarsıntı keçirib müvəffəqiyyət qazanmamaq mümkündür.

Mənim şəxsən özümün həyatda bir sınanılmış «nəticə qorxusunu dəf etmək» adlı vasitəm vardır. Həyat əhəmiyyətli bir görüş, çox vacib bir hadisə ərəfəsində həmişə bunu sınayıram. Düşünürəm ki, abiturientlər də bunu sınasalar xeyirlərinə olar.

Demək, elə ki, abituriyentlərimiz qəbul imtahanlarına tam hazırlaşdılar, imtahana bir gün qalanda oxuduqlarını təkrarlıyıb qurtarıb kitablarını bir qırağa qoyurlar və başlayırlar mən dediyim «dəfetmə» prosesinə. Bunun üçün, düşüncələrində imtahandan kəsilmə, yəni bu həyat əhəmiyyətli hadisənin uğursuz sonluğu situasiyasını yaratmaları lazım gələcək. İmtahandan kəsilsələr nə olacaq? Valideynləri onları danlayır, hətta onlardan üz də döndərirlər, dost-tanış istehza edir, qəbul olanlara həsəd və paxıllıq hissi içlərini didib-dağıdır, gedib ağır bir işlə, tutalım yükdaşımaqla məşğul olurlar. Qanları qaradır, küskündürlər, hədsiz bədbəxtlik içindədirlər. Situasiyanı tam dolğunluğu ilə yaradıb, maksimum keçirəcəkləri ziyanı, alacaqları zərbəni təsəvvür etməli və bünları yaşamalıdırlar. Sonra da bundan ən az itkilərlə necə çıxacaqlarını təsəvvür eləməlidirlər. Hər halda, öləsi deyillər ki. Həyat davam edir. Toparlanarlar, gələn il daha yaxşı hazırlaşıb mütləq qəbul olunarlar.

Haradasa psixoterapiya adlandırılacaq bu üsul mütləq abituriyenti sakitləşdirəcək. O, qəbul imtahanının uğursuzluğu dəhşətini yaşamış kimi olacaq, daha o dəhşətin öldürücülüyündən qorxmayacaq.

 

                                        *          *          *

 

Söhbətimizin lap əvvəlində biliklər əxz etmək prosesində düzgün mütaliə, psixoloji tarazlıq ilə yanaşı prosesin digər vacib tərkib hissələrinin də adlarını sadalamışdıq ki, bunlardan birinin də düzgün rejimin, qidalanmanın, yaddaşın artırılmasına xidmət edən qida rasionundan düzgün istifadənin olmasını vurğulamışdıq.

İlk düşüncədə ağıla belə gəlməyəcək bir şey: adi su. Deməzsənmiz, müntəzəm olaraq su içmək hafizəni dedikcə gücləndirirmiş. Bu yaxınlarda Türkiyəli məşhur mütəxəssis Dr. Yasemin Bradleyin qeydləri ilə tanış oldum. Hafizəni gücləndirmək və düşüncə sürətini artırmaq üçün davamlı şəkildə ph (bir mayenn turş-qələvi balansı) səviyyəsi çox yüksək (hardasa 7,45) olan, təbii minerallarla zəngin su içmək lazımdır (Qısaca aydınlıq verim ki, 7,0 ph səviyyəsi neytral mühitdir. Səviyyə 6,9-dan 0-dək azalırsa, mayenin turşuluğu artır, səviyyə 7,1-dən 14,0-dək artırsa, onda mayenin qələviliyi artır. 7,36 – normal mühit adlanır. 7,0-dən aşağı, yəni turşuluğun yüksək göstəriciləri xəstə mühitə, 7,0-dən yuxarı, yəni qələviliyin yüksək göstəriciləri sağlam mühitə işarədir. Bir sözlə, turşulu su – ölü su, qələvili su – sağlam su adlanır).

Beynimizin 70-75%-i sudan ibarətdir, güclü yaddaşa sahib olmaq, sürətli düşünə bilmək üçün suya hədsiz ehtiyacımız var.

Bradley yazır: «Su beyinin bütün funksiyalarını sürətləndirir, su azaldığı zaman beyin əvvəlkindən yavaş işləyir. Susuz beyin bilik saxlama və hafizə yaratma imkanlarını itirir».

Bradley marketlərdən içməli su alarkən onun minerallarla, xüsusən kalsium və maqneziumla zəngin olmasına diqqət yetirməyin vacibliyini bildirir. Gündəlik kalsium ehtiyacının 70%-nin süd və süd məhsulları ilə, 16%-nin meyvə qurusu və çərəzlərlə, 6-7%-nin isə mineral sularla təmin olunması tövsiyyə olunur, amma tərkibi bol kalsiumlu (hətta bəzilərində 400 mq və daha artıq) sular içildikdə suyun müəyyən faizi ümumi balansın daha əhəmiyyətli hissəsinə cevrilə bilir.

Demək, xüsusən effektli olan səhərertə mütaliəsini bir stəkan ph səviyyəsi normaya uyğun və kalsiumu bol su içməklə başlamağın faydası böyükdür.

Gün ərzində isə mütləq yaddaşı möhkəmləndirən qidalarla qidalanmaq lazımdır. İlk növbədə qidanın antioksidantla bol olmasına diqqət yetirilməlidir. İspanaq, brokkoli kələmi, tut, omeqa-3 tərkibli balıq yağı, soya – bütün bu qidalar hafizə üçün əvəzsiz fayda verirlər.

Düzgün rejim qaydaları isə çox sadədir: Müəyyən dəqiq vaxt intervalı ilə oxumaq, arada beyin və bədən gimnastikası ilə məşğul olmaq, müəyyən saatlarda dincəlmək, açıq hava gəzintisinə vaxt ayırmaq və mütləq  azı 7 saatlıq möhkəm gecə yuxusuna riayət eləmək.

Əziz dostlar. Demək,

- diqqətlə;

- sürətlə;

- artikulyasiyaya (ağızın, dilin, udlağın hərəkətliliyinə) yol vermədən;

- vertikal;

- məğzi tutmaqla;

- nəticə qorxusunu dəf etməklə oxuyur, oxuduqca düzgün rejim və qidalanma qaydalarına əməl edirsiniz, sonucda mütləq uğurlu nəticə əldə edəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

 

Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə “Kitabqurdu” I Yay Oxu Marafonu keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, marafonun şərtləri aşağıdakı kimidir:

- marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqların isə valideynin tövsiyəsi və nəzarəti ilə iştirak etməsi mümkündür. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub;

- iştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq;

- sentyabrın 26-dək təyin olunmuş 7 kitab iştirakçı tərəfindən oxunmalıdır;

- qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar seçilmiş 7 kitab əsasında hazırlanacaq;

- birinci mərhələ onlayn, “Kahoot” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, yaxud kompüter lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək;

- final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.

Mükafat fondu

I yer 1000 AZN;

II yer 500 AZN;

III yer 300 AZN.

Final mərhələsinə keçən digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.

Seçilmiş 7 kitabın siyahısı aşağıdakı kimidir:

Amin Sükut – “Tuflinlər”;

Aynur Cavid, Cəmilə Məmmədli – “Səyyah Bilgə”;

Əziz Sultan – “Əjdahaların sirri – Adəmin macəraları”;

Əziz Yaqubzadə – “Məktubunuz var”;

Mürşüd İsmayılzadə – “Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi”;

Reyhan Yusifqızı – “Yaşıl gözlü qız”;

Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”.

 

Teleqram səhifəsinin linki:

https://t.me/kitabqurduyayoxumarafonu

Təşkilatçıların instaqram və feysbuk səhifələrinin linkləri:

TİF

https://instagram.com/tif.edu.az?igshid=MzRlODBiNWFlZA==

https://www.facebook.com/tif.edu.az?mibextid=ZbWKwL

ANAİB

https://instagram.com/anaib__az?igshid=MzNlNGNkZWQ4Mg==

https://www.facebook.com/profile.php?id=100068702658417&mibextid=ZbWKwL

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.