Super User

Super User

Çərşənbə, 05 İyul 2023 14:30

“Yazacam çömçəyə, qazana dair…”

ELZA SEYİDCAHAN DAHA AYB ÜZVÜDÜR

 

“Ədəbiyyat və incəsənət” portalı Sərtyelin müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə yazdığı gözəlləməni təqdim edir. 

Elza xanımın AYB-yə üzv seçilməsinə hərə bir don geydirir, amma AYB azacıq istedadı olan hər kəsə yaşıl işıq yandırmaq jesti nümayiş etdirir. Məgər bu pisdir?

 

 

Elza Seyidcahan musiqidə Qəribəizmin, geyim tərzində Başdaquşizmin, şeirdə isə Taktarakizmin ən görkəmli nümayəndəsidir. Onun AYB-yə üzv qəbul edilməsi çox yerində atılmış addımdır. 

Məndə olan məlumata görə Elza xanım üzvlük vəsiqəsini alan kimi bu şeiri istehsal edib:

 

Elzada əsla olmadı suç.

Xaqani küçəsi əlli üç, əlli üç, əlli üç

Yerə döşənmişdi qırmızı xalı

Qapıçı yağa qarışdırmışdı balı.

Məni o xalçadan keçirtdilər

Yağbal-çörək yedirtdilər

Sonra yuxarı qaldırdılar

Bütün səsləri aldırdılar.

Hamı nəfəsini kəsib susdaldı.

Elza xanım podiuma ucaldı. 

Verdilər mənə qırmızı vəsiqə

Vəsiqə, əsiqə, məsiqə.

Qafiyəmə oturmasa da bu söz.

Ona qurban bu ürək, bu qaş-göz. 

Mən də oldum professional şair.

Yazacam qazana, çömçəyə dair.

Bu mövzular hələ inhisara alınmayıb,

Onlar hələ hasara salınmayıb. 

Sonra da AYB-dən mükafat istəyəcəm. 

Verməsələr hamısını pisləyəcəm. 

Ha-ha-ha, hi-hi-hi, ho-ho-ho.

Ho-ho-ho, hi-hi-hi, ha-ha-ha. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənistanda dağıdılan Azərbaycan mədəni irsi” sərlövhəli məqaləsini təqdim edir

 

Qədim Şinuayr kəndi Qərbi Zəngəzurun Gorus rayonu ərazisində yerləşir. Azərbaycan dilində Gülab (ətir qoxulu ərazi) kimi mənalandırılan və ermənilər tərəfindən dəyişdirilərək Şinuayr adlandırılan kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənub tərəfdə, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Şinuayr kəndini Qafan rayonundan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası 1930-cu ildə heç bir əsas olmadan Şinuayr kəndi ilə birlikdə Ermənistan SSR-in tərkibinə qatıldı. Şinuayr kəndinin əhalisinin etnik tərkibi bütün dövrlərdə Azərbaycan türklərindən ibarət olub.

Ermənilər kəndin XVII əsrdə salındığı iddia etsələr də, Şinuayrın ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə məxsus daş nümunələri, at-qoç fiqurları, eləcə də Alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri müşahidə edilməkdədir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai bina və məscid olub.

1988/1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən də yan keçməyib. Şinuayrın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq kəndi tərk edib, oradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq xarabalığa çevrilib. Kəndin daxilində 300, ətrafında isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 

Ermənistan rəhbərliyi 2000-ci ildə köhnə Şinuayr kəndinin yaxınlığında yeni Şinuayr kəndi inşa edərək orada xaricdən gətirdiyi erməni əsilli 2666 insanı məskunlaşdırıb. Lakin məskunlaşdırılan ermənilərin 667-si 2020-ci ilə qədər yaşayış yerini tərk edib. 

Kəndin cənub hissəsində hündür sal qayalar üzərində IV-V əsrlərdə inşa edildiyi güman olunan, Qafqaz Albaniyası memarlığının çox möhtəşəm nümunələrindən biri sayılan Şinuayr məbəd kompleksinin qalıqları yerləşir. Kompleks 10-a yaxın yardımçı bina, arakəsmələr, kiçik otaqlar və üçnefli böyük bazilikadan ibarət olub. Kompleksin arxa və sağ tərəfi mühafizə divarları, ön və sol tərəfi isə keçilməz sıldırım qayalarla əhatələnib. Bazilikanın ümumi memarlıq quruluşu onun kilsə və ya monastır olmadığını sübut edir. Kompleksin yardımçı bina və otaqları 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. 

Ermənilər 2000-ci ildən sonra bazilikanı erməni kilsəsi kimi təqdim etsələr də, kompleksin ötən əsrin sonlarında erməni millətçiləri tərəfindən nəyə görə dağıdıldığına aydınlıq gətirmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

YAŞAR ƏLİYEVİN 75 İLLİYİNƏ

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəxtəvər o kəslərdir ki, övladları uşaq olanda ona görə, böyüyəndən sonra isə, onu övladlarına görə tanısınlar. Bəli, tərbiyəli, savadlı, xalqa gərəkli övlad böyüdüb ərsəyə çatdırmaq valideyn üçün böyük xoşbəxtlikdir. Tibb elmləri doktoru Yaşar Əliyev kimi. 

 

O, 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən ali təhsilini başa vuraraq həkim ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb. Sonra Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Daha sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada cərrahiyyə şöbəsində həkim, baş həkimin müavini və xəstəxanasının baş həkimi vəzifələrində işləyib. 1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin üzvü seçilib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi davam etdirib. 1995-ci il I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət köstərib. Uzun illər Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnamda, Cənubi Koreyada, Şimali Koreyada və Monqolstanda fövqəladə və səlahiyyətli səfiri olub. 20-dən çox elmi əsərin müəllifidir. Fəaliyyəti “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Evlidir, iki övladı var. Oğlu Rüfət Əliyev 1973-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Tibb xidməti üzrə DTX zabitidir. 2015-ci ildə Vətən uğrunda medalı ilə təltif edilib. Qızı Səbinə Əliyeva 1980-ci ildə anadan olub. Baкı Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 2019-cu ildən Azərbaycanın İnsan Haqları üzrə Ombudsmanıdır...

 

Deyir ki:- "Əlli yaşdan sonra gələn ömrə sevinmək lazımdır. Qocalıq qorxulu xəstəlik deyil. Qocalığın özü də insan ömrünün bir hissəsidir. Düzdü, mənim də həyatımda müəyyən çətinliklərim olub. Səkkiz il insultdan əziyyət çəkmişəm. Demək olar ki, üç il danışmaq qabiliyyətimdən məhrum olmuşam. Bütün bunlara baxmayaraq, həyatı və insanları sevirəm. Dörd nəvəm var. Onların müasir düşüncəli olmaları məni çox sevindirir...”

 

Nümunəvi həyat yaşayıb. Qismətinə rəhbər vəzifələrdə çalışmaq düşüb. Adı çəkiləndə heç vaxt haqqında pis sözlər deyilməyib. Bəli, insan şəxsiyyət kimi doğulmur, şəxsiyyətə çevrilir. Onu şəxsiyyətə çevirən iradəsi, ağlı, davranışı, xoş əməlləri, eləcə də müdrikliyi və təfəkkürü olur. Əlbəttə, bu sıraya gen, tarixi şərait, əzmkarlıq da daxildir...

 

Tanınmış mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şamil Sadıqov onun haqqında belə deyib:- “Yaşar müəllimi əlli ildən artıq bir müddətdir ki, tanıyıram. Onunla tanışlığım ötən əsrin yetmişincici illərinə təsadüf edir. O vaxt Yaşar müəllim bacım Mənzər xanım Hacıyevanın ailəsinə daxil oldu. Mənzər xanımın yeganə qızı Rəna xanımla ailə qurdu. O vaxtdan etibarən Yaşar müəllimlə mənim qohumluq əlaqələrim getdikcə dostluğa çevrildi. Yaşar müəllim Rəna xanım üçün yaxşı həyat yoldaşı, Mənzər xanım üçün də yaxşı kürəkən olub. Ümumiyyətlə, o, yaxşı insandır, xalqına, dövlətinə sadiq bir şəxsiyyətdir. Xüsusilə vurğulayım ki, Heydər Əliyev onun bacarığına, qabiliyyətinə, dostluğuna, insanlığına görə xətrini çox istəyirdi. Təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən xeyli sonra Yaşarı Milli Məclisin sədr müavinliyinə məsləhət bildi. Yaşar müəllim İki çağırış Milli Məclisə deputat kimi seçildi. Bu müddət ərzində ölkənin ictimai-siyasi həyatında əlindən gələni etdi. O, İran-Azərbaycan münasibətlərində həm iqtisadi, həm mədəni əlaqələrin yaxşılaşdırılmasında müstəsna xidmət edib. İran-Azərbaycan iqtisadi komissiyasında sədr kimi uğurlu fəaliyyət göstərib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da Azərbaycanı məhz nümayəndə heyətinin rəhbəri kimi təmsil edib. Onun Çin Xalq Respublikasındakı diplomatik fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim. O, bu ölkəyə səfir təyin edilməsi ilə bir çox mühüm, əhəmiyyətli işlərə imza atdı. Deyim ki, o, səfirlik fəaliyyəti dövründə təkcə Çinlə deyil, həm də Şərq ölkələri ilə Azərbaycanın əməkdaşlığında əlaqələndirici kimi rol oynadı. O cümlədən Yaşar müəllim bizim ailəyə kürəkən kimi daxil olsa da, bu ailədə özünü övlad kimi təsdiq etdi.”

 

Bəli, haqqında söhbət açdığım Yaşar Əliyev cəmiyyətdə nümunəvi insan olduğu kimi, ailədə, qohumlar arasında da çox mehribandır. Qızı Səbinə Əliyeva ombusman vəzifəsinə seçiləndə bir ata kimi sevincinin həddi-hüdudu olmayıb.

 

Deyir ki:- “Qızım Səbinə xanımın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim...”

 

İyulun 5-də Yaşar müəllimin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, uzun ömür, can sağlığı, ağrı-acısız günlər arzulayıram. Çox yaşayın, gözəl İNSAN!..

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:30

Yay pudinqi sizi sərinlədəcək

“Ədəbiyyat və incəsənət” portalının Kulinariya rubrikasının daimi aparıcısı Aysel Qarayeva yeni resepti təqdim edir. 

 

 

Bu gün sizə canınız istədiyində hazırlaya biləcəyiniz çox dadlı, bol şokaladlı və asan ərsəyə gələn pudinq resepti təqdim edəcəyik

 

Ərzaqlar:

1 lt süd

1 st şəkər tozu

2 yumurtanın sarısı

1 yemək qaşığı kərə yağı

1 ədəd şəkərli vanilin

2 yemək qaşığı un

2 yemək qaşığı qarığdalı nişastası

3 dolu yemək qaşığı kakao

100 qr şokolad

 

Hazırlanması : 

ərzaqların hər birini qazana əlavə etdikdən sonra üzərinə südü 2 dəfəyə əlavə edirik və topaq əmələ gəlməməsi üçün qarışdırırıq.

Qaynamağa başladıqdan sonra ocağın dərəcəsini azaldırıq, təxmini 1 dəqiqə qarışdırırıq.

Daha sonra 100 qram şokolad və kərə yağını əlavə edirik və yenidən qarışdırırıq.

Istəyə görə pudinqi soyuq və isti servis edə bilərsiniz. 

Üzərini zövqə görə bəzəmək mümkündür.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:15

Elmlər doktoru- zirvəsini fəth edən xanım…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Haqsızlığa qarşı amansız, cəsarətli xanımdır. Ləyaqət, dürüstlük onun həyat kredosudur. Bütün ömrünü mütaliə, tədqiqat və yaradıcılığa həsr edib. 

Ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biridir. Ədəbiyyatşünas kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarır. 

 

“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyir.

 

Klassik, müasir Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb... 

 

Deyir ki,- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm...” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil...”

 

O, bu problemləri elə-belə sadalamır, içində ağrı-acısını yaşayıb, haray çəkir. Düşünür ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyil. Kimisi "Bu kimə arxayındır?”, "Onun arxasında kim dayanıb?”, kimisi də "Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərir...

 

BDU-nun filologiya fakültəsini bitirib. “Vaqif Səmədoğlunun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Bu günlərdə isə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yüksəlib. Ailəlidir, iki övladı var...

 

Ürəyi ipək kimi yumşaq xanımdır, heç kimə pislik arzulamaz. Ünsiyyətdə mehriban və xoşrəftardır. Fəqət, işində çox tələbkardır, mükəmməlliyi sevir. Səhvləri bağışlamağı xoşlamır. Zəhmli və iradəlidir...

 

Bir sözlə, haqqında söhbət açdığım İradə xanım Musayeva həytda çox güclü adamdır, sadəcə haqsızlığa dözümü yoxdur...

 

Onu filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alması münasibətilə təbrik edir, möhkəm cansağlığı, növbəti elmi rütbə- “AKADEMİK” adına da layiq görülməsini də arzulayıram. 

Çox yaşayın, ədəbi tənqidimizin iradəsi- İRADƏ xanım!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 12:00

Sağ əlləri qaynanamın başına

Xaçmazlı “Ekspress Keno”da 100 000 manat udub

 

Kənan, “Ədəbiyyat və incəsənət”

 

Qaynanam bütün ümidlərini lotoreyaya dikib. Bütün təqaüsünü o kağızlara verir ki, udub nəvəmin birinə maşın, o birinə ev alacam. Amma həftəyə 20 manat xərcləyirsə ən böyük aylıq uduşu 2 manat olur. Yəni, təqribən aya 75 manat-filan uduzur. 

 

Bu arada bu xəbəri ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə istinadən yayarkən bacardıqca qaynanamdan gizlətməyə çalışacağam, çünki bu böyük uduşları görsə, qorxuram arvad daha da həvəslənib bu dəfə həftəyə 20 yox, 40 manat qoyar. 

Dümək, “Azərlotereya”nın təşkil etdiyi lotereyalar üzrə iyun ayında ümumilikdə 11 böyük uduş qazanılıb. 

Son zamanlar tez-tez böyük uduşlara şahid olan Xaçmaz şəhərində bu dəfə “Ekspress Keno”da 100 000 manat udulub.

Çoxlarının sevimlisi - “Poz-Qazan” oyunları da qazandırmağa davam edib. Onlardan yeni satışa çıxmış “Qızıl Ekstra”da düz 8 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Gəncə, Yevlax, Biləsuvar və Ağdaş şəhərlərindən alınıb. “Qızıl Ekstra” qaliblərindən Cəmşid Məmmədov və Nurlan Məmmədova 10 000 manat qismət olub. 

Gəncədə daha bir böyük uduş – 25 000 manat “Qızıl” lotereyasında qazanılıb. “Ani 50” lotereyasında isə 10 000 manat udulub. 

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi lotereya oyunlarında 25 000-dən 1 000 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. 

Sağ əlləri qaynanamın başına!

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Çərşənbə, 05 İyul 2023 11:45

DOST həssas insanları bir araya gətirib

Qurumun İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 195 benefisiara xidmət göstərilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha 20-dək benefisiar cəlb olunub. 

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir.

Onlardan 128 nəfəri əlilliyi olan şəxslər, 30 nəfəri aztəminatlı ailələrdən olanlar, 25 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 12 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Həmçinin benefisiarlardan 96 nəfəri 6-18 yaşlarında, 99 nəfəri 18 və daha yuxarı yaşda olanlardır. 

Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Narıngül Nadirin “Vağzal” şeirini təqdim edirik. 

 

Vağzal

 

Yazıçı Seyran Səxavət bu şeiri oxuyub ağladığını dedi... 

 

Şəhər çoxdan yatıbdı

Təkcə vağzaldır oyaq

Bir gün ölsə şəhəri

Bu vağzal ağlayacaq.

 

Hey dolur, hey boşalır,

Həmişə basırıqdır,

Burda bircə fəsil var,

O da ki, ayrılıqdır.

 

Uçmaq həvəsindədir,

Havalanmış adamlar.

Quş kimi dimdiyinə,

Alıb gedir qatarlar.

 

Bu vağzalda qocalıb

Bufetçi Qafar kişi.

Perik düşmüş Marusya

Bu vağzalın keçmişi.

 

Bir yanda bilyard zalı,

Bir tərəfdə gözləmə.

Divarda əyri yazı

“Nəzrin, məni gözləmə”

 

Ötürür, qarşılayır,

Dopdolu hekayədir.

Bu vağzal getmək üçün 

Sonuncu bəhanədir.

 

Hərə bir səmtə gedir

Tək vağzal səbirlidir.

Bir yol çıxıb gedəmmir

Bu vağzal lap dəlidir. 

 

Yel qanadlı qatarlar

Təkcə onu aparmır

Bəlkə çoxdan gedərdi

Bu şəhərdən qopammır.

 

Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Türk Dünyasının Ortaq Ədəbiyyat Dərgisi olan “Kardeş Kalemler”in iyun sayı işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı, dərginin redaktoru Yakup Ömeroğlu məlumat verib. 

 

İyun dərgisi İdil-Ural Türklüyünün mücadiləsi  və Türk Dünyası ilə özdəşləşmiş M. AYAZ İSHAKİ İDİLLİ Ərməğanı olaraq çıxdı.

Bu sayda Prof.Dr. Mustafa İsen Türk mədəniyyətinə önəmli hizmətlər verən və keçən  ay vəfat edən Türkiyə Cumhuriyəti Ləyaqət Nişanı sahibi Prof.Dr. Cornell Fleicher üçün bir vida yazısı qələmə aldı.

AYAZ İSHAKİ-nin şəxsi arxivini qoruyan Prof.Dr. İsmail Türkoğlunun seçdiyi  məktublar qiymətli tarixi mənbələr qismindədir. 

Dərginin bu sayına əmək verən araşdırmaçı, yazar ve çevirmenlər bunlardır: Çulpan Zaripova Çetin, L. Ş. Garipova, Bekzat Bekbolat , İsmail Türkoğlu, İ. M. Galimcanova, Erkan Karagöz, Daniya Zahidullina,  Alp Eren Demirkaya, Kim Miñnullin, Fatih Ekici, Rkail Zaydulla, Mihriye Çelik, Alsu Kamalıeva, Flün Muslahoviç Musin, Gülşah Yılmaz, Hatim Miñnegulov, Neslihan Yaşar, Zöfer Remiyev, İlsever Rami, Fatma Canpolat Canal, Rife Rahman, Muhammet Karataş, Feniye Feyzullina, Gülçire Hannanova, Esranur Aydoğan,  Ramilya Yarullina Yıldırım, Cabbar Eşankul və Veli Savas Yelok.

“Kardeş Kalemler” həqiqətən də oxunur, bəyənilir, sevilir. Əməyi keçənlərə alqış olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Akademik Milli Dram Teatrı 150-ci teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə başa vurub. 

Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, bədii rəhbər, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yaradıcı heyətlə görüşüb, məzuniyyətə yollanan truppa üzvlərinə xoş istirahətlər arzulayıblar. 

 

Qeyd olunub ki, yeni mövsümdə - ilin sonunadək Akademik Milli Dram Teatrında üç yeni tamaşanın premyerası keçiriləcək. 

Yeni yaradıcılıq işləri Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləridir. 2024-cü ildən isə kollektiv dünya və Azərbaycan dramaturgiyasının ən maraqlı nümunələri ilə tamaşaçıların görüşünə gələcək. 

“Qarabağnamə” tamaşası Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Firəngiz Mütəllimova, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Nəzrin Abdullayeva, Cavidan Novruz, Nigar Güləhmədova, Firuzə Balayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edib. 

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.