Super User

Super User

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.

 

Bu çərçivədə Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri iyulun 22-də Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon Mədəniyyət evində “Muğamat var olan yerdə” adlı konsert proqramı ilə çıxış ediblər.

Biləsuvarda müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakinləri üçün təşkil olunan konsertdə Əməkdar artistlər İlkin Əhmədov, Ehtiram Hüseynov, xanəndələr Kamilə Nəbiyeva və Günay İmamverdiyeva muğam və təsniflər, xalq mahnılarımızı səsləndiriblər.

4 saylı Cəbrayıl qəsəbə klubunda reallaşan konsertdə xanəndələri Rəşad İbrahimov (tar), Əməkdar artistlər Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), Çinarə Heydərova (qanun) müşayiət ediblər. Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sakinlər incəsənət layihəsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. 

BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən qastrol səfərlərinin regionlarda yaşayan əhalinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, bu qəbildən konsertlər yerlərdə mədəni mühitin canlanmasına da öz töhfəsini verir.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Uşaqlıqdan ətrafında baş verən hadisələri müşahidə etmək çox xoşuna gəlib.

“Aktyor, rejissor olmaq istəyən şəxs ətrafındakı hər kəsin mimika və jestlərinə diqqət etməlidir. Hətta, həyətlərindəki “alkaş”ı, narkomanı, arvadını döyən zalım əri, “bomj”u və s.. Gərək başını hər yerə soxasan.”- söyləyir.

 

Səbrli insandır, amma əsəbləşəndə özünü saxlaya bilmir, bomba kimi partlayır. Bu da uzağı bir dəqiqə çəkir, ürəyini boşaldandan sonra necə deyərlər, mələməmiş quzu kimi sakitləşir…

Deyir ki;- “Mən yaxşı bilirəm ki, hansısa yaradıcı insan sosial və siyasi məsələləri həll edə bilər. Amma cəmiyyət çox zaman yaradıcı insanlara bambılı kimi baxır. Orta sahibkarlar var, hansı ki, ölkə kişilərinin çoxluğunu təşkil edirlər. 40-45 yaşında qarnı qabağa çıxmış, qara kepqalı kişilər. Elə bilirlər, dükan işlətməklə, maklerliklə, alverçiliklə, qısası pul qazanmaqla dünyanın ən ciddi işi ilə bir tək onlar məşğuldurlar. Ciddi-ciddi öz məsələlərini müzakirə edib, aktyora da yazıq, şikəst, bədbəxt bir adam kimi baxırlar, bax bu məni əsəbiləşdirir. Yeri gəlsə, mən səndən də çox qazanıram. Bu stereotip 1990-cı illərdə yarandı. Bir çox məşhurlarımız xalq artistlərimiz çıxıb efirlərdə “ağlaşma qurdular”. Bu sahədə vəziyyətin pis olduğunu dilə gətirdilər, həqiqətən də pis idi, heç indi də tam düzəlməyib. Amma görünür o qədər giley-güzar eləyiblər ki, bütün hamımızın həyatına sirayət eləyib.”

 

Bu dəfə sizə Azər Aydəmirdən söhbət açmaq istəyirəm. Azər 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Əslən Xızıdandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsinin nümayəndəsidir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən…

Deyir ki;- “8 yaşımda atamı itirmişəm. Və anam məni gec dünyaya gətirib, hardasa 45 yaşında. İnstitututda oxuyanda anam dəmiryolu vağzalında baş kassir işləyirdi. Sonra kompüter erası gəldi və 50, 60 yaşüstü qadınlar yeni dövrün qanunlarına adaptasiya ola bilmədlər. Onların attestasiyası keçirildi, 70 faiz insan işdən çıxarıldı. Ailəmizin yeganə gəlir yeri anamın işiydi. Onda mən mütləq şəkildə bir neçə işdə işləmək məcburiyyətində qaldım. İnstitututa daxil olanda zatən işləyirdim. Onu daha da genişləndirmək, daha aktiv olmaq qərarına gəldim. Avtomobil sektorundaydım. Erkən yaşlarımda bir az da jurnalistika sahəsində işləmişəm. Müxtəlif qəzetlərdə... Beləcə, müxtəlif işlərdə çalışmaq məcburiyyətində qaldım. İçimdə nəsə bir səs deyirdi ki, qəbul olunduğum institutut sayəsində həyatımı qura bilmərəm. Mən mental dəyərli ailədənəm, əslən dağlıyıq. Xızı Bakının qeyri-formal 33-cü kəndi sayılır. Ailəmizdə ali məktəbə daxil olmağımı çox istəyirdilər. Daxil oldum, missiyanı yerinə yetirdim və sonradan öz işlərimlə məşğul oldum.”

Məktəbi bitirdikdən sonra, o, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil alıb. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılıb. İlk fəaliyyət illərində “Azəravtoyol” QSC-nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir kimi çalışıb. Sonradan tanınmış neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. 2005-ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. Bir müddət də müxtəlif tədbirlərin təşkilatçı kimi fəaliyyət göstərib. 

2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq, aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan "Döngələr" serialı ilə başlayıb. Və bu günədək 40-dan çox filmdə çəkilib.

 

"Fikrimcə, mədəniyyət sahəsində- kino, teatr, serial sektorunda əsas problem imic məsələsidir. Biz xalq olaraq ya çox ucuza, ya çox bahalıya qaçırıq. Biz dəyər verməyi sevirik, amma tez bezirik və əgər imkanımız varsa, özümüzə ən yaxşısını qıyırıq. Orta statistikliyi çox da sevən deyilik. İndi incəsənət sahəmiz çox kasıb, çox aşağı səviyyədədir. Ümumən, xalqın düşüncəsi budur ki, aktyor yazıqdır, kasıbdır, dolana bilmir. İmic formalaşmalıdır. Kübarlığın, nəcibliyin okeanı kimi yanaşmalıdırlar aktyora. Bu imici formalaşdırmaq üçün deyəcəksiniz ki, pul lazımdır. Xeyr. İmici yalandan formalaşdırıb maliyyə cəlb etmək olar. Bunun gözəl nümunəsi instaqram fenomenləri, bloggerlərimizdir. Məsələn, onlar həmin o imici fotolar, bahalı məkanlarda şəkil çəkdirməkləri ilə, guya, gözəl həyat tərənnüm etməklə yalandan qazanıblar. Onlara heç belə reklam lazım deyildi, amma ediblər. Görün buna incəsənətimizin necə ehtiyacı var. Xalq hazırda mədəniyyətimizə yuxarıdan aşağı baxır. Teatrlarda 8 manatlıq biletlər yığışdırılmalıdır. Qiyməti 50-80 manat olmalıdır. Qoy zal boş olsun, 30 nəfər bahalı geyimlərdə adam gəlsin, şəkil çəksinlər, paylaşsınlar. Madam aldanmağı sevirlər, qoy elə belə olsun. Yəni bütün bu sahəni süni şəkildə bahalaşdırmaq, kübarlaşdırmaq, nəcibləşdirmək lazımdır. Bunu bu gün bir sıra fərdlər bacarır”.- söyləyir.

 

Ali təhsilini yarımçıq qoyan Azərin istedadı fitrətdən gəlir. 2018-ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019-cu ildən “Azercell” şirkətinin uğurlu rebrendinqindən sonra, o, “Azercell” Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel, hal-hazırda İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Gündəlik sosial-analitik “Sabaha Saxlamayaq” axşam tok-şousunun aparıcısı olub. Hal-hazırda (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasının siması, aparıcısıdır. Bundan əlavə hər həftə “AvtoFm 107.7” dalğasında dinləyicilərlə "Qarışıq Fəlsəfə" layihəsində ezoterik fəlsəfi söhbətlər edir… 

 

Deyir ki;- “Teatr məbəddir” deyirlər. İstəyirəm bu, təkcə aktyorlar üçün yox, hamı üçün belə olsun. Repertuarı qoyaq bir tərəfə. Hətta marketin də sosial şəbəkələrdə səhifəsi var. Düzdür, indi teatrların səhifəsi var, amma kreativ, cəlbedici, maraqlı olması sual doğurur. Teatrların sosial şəbəkələrdə rəqəmsallaşması ilə yanaşı, orda da PR işləri görülməlidir.

Yanvarın 1-i Moskvada axşam saat 11-in yarısında teatrlar olan küçədə gəzişirdik. Teatrların qarşısında 30-35 nəfərdən ibarət növbə vardı. Həmçinin də gözəl geyimli, gözəgəlimli xanımlar – küçədə bir-bir yaxınlaşıb gecə seanslarına dəvət edirdilər. Bayram günləri idi deyə, teatr gecə də işləyirdi. Orda bu mədəniyyət çox yüksək səviyyədədir. Bundan başqa, bizdə teatrların xarici görünüşündə də problem var. Məncə, teatr binası şən, rəngarəng, seçilən olmalıdır.”

 

Dediyim kimi, Azər qırxdan çox filmə çəkilib və ona daha çox şöhrət gətirən “Əqrəb mövsümü” olub.

“Sözün düzü bu qədər gözləmirdik. Biz bilirdik ki, intellektual, film və serialları izləyən tamaşaçıları cəlb edə bilərik. Emil Quliyevin, Hikmət Rəhimovun və mənim yaradıcılığımı sevən və orada çəkilən digər aktyor və aktrisaların hər birinin öz filmoqrafiyası var. Bununla yanaşı İTV televiziyasının öz auditoriyası var. Amma gələcəkdə filmin Yutub kanalına da yerləşdirilməsi bizə vəd edir ki, daha çox izlənəcək və seviləcək. "Əqrəb mövsümü"nün dördüncü seriyadan bu qədər səs-küy yaratmasını gözləmirdik. Hətta Hikmət Rəhimovla və mən iki gün telefonları söndürdük və kənara qoyduq. Deyəsən Hikmət Rəhimov telefonu indiyə qədər də telefonu əlinə almır. Çünki o, baş qəhrəmandır. Mənim isə İnstaqram və feysbuk səhifəm çöküb. Yavaş-yavaş heç kimin xətrinə dəyməmək üçün çalışıram ki, sualları cavablandırım. Amma hər şey möhtəşəm oldu. Hələ də davam edir…”

 

Azər Aydəmirin 37 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

İstanbuldakı tarixi Ayasofya tikilisinin ötən gün məscid kimi fəaliyyətə başlamasının üçüncü ildönümü qeyd edildi. 

 

Anadolu Agentliyinin xəbərinə görə, Ayasofya məscidində sübh namazına Türkiyənin Diyanət İşlər Baş İdarəsinin sədri Ali Erbaş imamlıq edib. 

Ayasofyanın yenidən məscid kimi istifadəyə verilməsini həyatının ən xoşbəxt günlərindən biri adlandıran A.Erbaş bunun ən gözəl addım olduğunu dilə gətirib: “Ölkə başçımızın qərarı ilə üç il bundan əvvəl Ayasofya yenidən ibadət üçün açıldı. Bu vaxta qədər tarixi məkanı ümumilikdə 21 milyon insan ziyarət edib”.

Bu məkanın 1453-cü ildə İstanbulu fəth edən Osmanlı sultanı Fateh Sultan Mehmeddən miras qaldığını və İstanbulun ən əhəmiyyətli simvolu olduğunu vurğulayan A.Erbaş milyonlarla insanın qiyamətə qədər Ayasofyada ibadət etməsini arzuladığını qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Eltən Qədimbəyli, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün yer üzündə mövcud olan 266 siyasi quruluşda (dövlət, muxtar ərazi və s.) 7 milyarddan çox insan yaşayır. "Forbes" jurnalının araşdırmasına görə, dünyadakı parasal güc demək olar ki, 62 böyük şirkətin qurucularının əlində toplanıb. Onlar bunu necə ediblər? 

 

Dərindən araşdıranda da görürük ki, bir çox beynəlxalq düşüncə təşkilatlarının, reklam, kitab, KİV (tv, radio), kinostudiyaların, internet platformalarının qurucuları da bu şirkətlərdir. Onlar bu quruluşların köməyi ilə qloballaşma fikrini yayaraq, öz şirkətlərinin xidmət və məhsullarının satışını asanlaşdırmaq üçün bir-birinə bənzəyən bəslənmə, geyim, əyləncə, yaşayış tərzi olan yalnız cinsi və qida ehtiyacları üçün yaşayan yarımçıq insan tipləri yaradırlar. Necə? İnsan beynindəki qavrama boşluqlarını çözərək. Necə ki, sehrbazlar tamaşalarında bizi heyrətə sala bilirlər, eləcə də kinoda da gizli reklam elementlərindən istifadə olunur. Məsələn, 25-ci kadr kimi. Belə ki, insan gözü saniyədə 24 kadr görə bilir, 25-ci kadr isə birbaşa beyninin alt qatlarına yazılır. Beləcə, illərdir izlədiyimiz film "qəhrəmanları" çoxumuza siqaret, alkoqol kimi bir çox zərərli alışqanlıqlar qazandırıblar! Bu quruluşların təbliğatı ilə bütün yaşam biçimimizi dəyişiblər.

Güclü quruluşu, böyük şirkətləri olan Qərb və Şərq ölkələri öz yaşantılarını daha da yaxşılaşdırmaq üçün özündən gücsüz, kiçik ölkələrin yeraltı, yerüstü və insan qaynaqlarını öz dövlətinin şirkətlərini daha da gücləndirmək üçün ələ keçirməyə çalışır.

Növbəti söhbətlərimiz də olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər ( 9 - 29 yaş ) arasında rəssamlıq sənətinə marağının artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisinə əsər qəbulu sona çatıb. 

 

Sərgidə iştirak üçün tövsiyə olunan mövzular - idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və digər bu kimi mövzulardır. Sərgidə iştirak etmək istəyən yeniyetmələr və gənclər iyul ayının 24-dək rəsm əsərlərini Xətai Sənət Mərkəzinə təqdim ediblər. 

Sərgi bu gün - iyulun 25-də Xətai Sənət Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, sərgiyə təqdim olunan rəsm işləri ağ, qara və rənglidir. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim edib. 

Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Ən asan şey yalanın altına girmək, ən çətin şey onun altından çıxmaqdır.

2.İkibaşlı danışmaq öz başını qorumaq cəhdidir.

3.İnsanlar təqvimi sevinməyə bəhanələr tapmaq üçün düşünüblər.

4.Dizlərini yerə qoyub çalışanların həyatda izləri də dərin qalar.

5.Yelbeyinlə dostluq edənin qazancı elə yel olar.

6.Öyrənmək istəyi olmayan yerdə öyrətmək istəyi boşa çıxar.

7.Süni münasibətlərin təbii sonluğu olur.

8.Qulağa mənasız çox şey girə bilər, əsas odur ki, ağızdan çıxan mənalı olsun.

9.Hamı ilə birgə dərs keçməyin üstünlüyü odur ki, təkcə özünün axmaq olmadığının şahidi olursan.

10.Kişi öz ağlı ilə də uğura çata bilər, amma uğura gedən qısa yol qadın məsləhətindən keçir.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, eləcə də milli radiotezlik resursundan səmərəli istifadə məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində sentyabrın 18-19-də təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Rezident əlaqələndirici Vladanka Andreyeva Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

 

Türk Ağsaqqalları Birliyi – TAİB gənclərinin təşkilatçılığı ilə “Azərbaycanın xaricdə təbliğatı; Heydər Əliyev irsinə sadiqlik və diasporla əməkdaşlıq müstəvisində müasir yanaşmalar" adlı dəyirmi masa keçirilib. Tədbirdə qonaq qismində ABŞ-da yaşayan soydaşımız, dünya çempionu, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri Elgün Xanoğlanlı  da iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi  çərçivəsində keçirilən dəyirmi masada əvvəlcə Elgün Xanoğlanlı ABŞ-da Azərbaycanın təbliğ olunması istiqamətində görülən işlərdən söhbət açıb. Qonaq qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin nüfuzunun artmasına səbəb olub: “Bizim müzəffər Ordumuzun qəhrəmanlığı, Prezidentimizin qətiyyəti, heyrətamiz idarəçilik məharəti, sözssüz ki, xaricdə yaşayan azərbaycanlılara münasibətə təsir edir. Daha biz əvvəlki kimi başıaşağı gəzmirik. Dövlətimizlə, Ordumuz və Prezidentimizlə qürur duyuruq” deyə, E.Xanoğlanlı bildirib. 

Dəyirmi massanın mövzusunun əhəmiyyətindən dənışan E.Xanoğlanlı TAİB rəhbərliyinə və Gənclər Təşkilatına minnətdarlığını da ifadə edib.

Tədbirdə çıxış edən TAİB İdarə Heyətinin üzvləri və Gənclər Təşkilatının Təmsilçiləri dövlətimizin və bilavasitə dövlət başçımızın gənclərə diqqət və  qayğısından söz açaraq, təşkilatın "2023- Heydər Əliyev ili" çərçivəsində görülmüş islərdən, həyata keçirilmiş layihələrdən danışıblar. Çıxışçılar Azərbaycanın xaricdə təbliğ olunması işində diasporumuzun üzərinə düşən vəzifələrdən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin diasporumuzun inkişafına verdiyi önəmdən söz açıblar .

İdarə Heyətinin üzvləri qeyd ediblər ki, yeni dövr təbliğat işləri xüsusunda da yeni yanaşmalar tələb olunur. 

TAİB təmsilçiləri bildiriblər ki, qarşıdakı dövrdə də Azərbaycan həqiqətlərini dünyaya yaymaq  kimi vacib istiqamətə xüsusu diqqət ayıracaqlar. 

Tədbirin sonunda qonaq "Türk dünyası ağsaqqalları" qəzetilə tanış olub və xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 18:00

Bir gündə iki acı xəbər

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Gənclik gələcəkdir. Biz tələbələrimizin uğurlarına sevinir, onları ölkəmizin yeni nəsil ixtisaslı kadrları kimi görərək fəaliyyətlərini izləyirik. 

Amma bir gündə iki tələbə ölümü ilə bağlı xəbəri alanda adam çox üzülür. 

 

Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakültəsinin II  kurs magistr tələbəsi Vüsal Niftəliyev keçirdiyi xəstəlikdən sonra gözlənilmədən dünyasını dəyişib.

 

BDU-nun Fizika fakültəsinin IV  kurs tələbəsi Dəyanət Muradlı isə dənizdə çimərkən boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Allah hər ikisinə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.