
Super User
Nigar Arifin “Adamların Yağışı” kitabı təqdim olunacaq
Oktyabrın 8-də, saat 14:00-da gənc şair Nigar Arifin “Adamların Yağışı” kitabının təqdimatı və imza günü keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Adamların yağışı” Nigar Arifin nəşr edilən sayca ikinci şeir kitabıdır. İlk kitabı “Xatirələr otağı” Güney Azərbaycanda ərəb əlifbası ilə işıq üzü görmüşdür.
Tədbirə bütün kitabsevərlər dəvətlidir.
Ünvan: “Libraff”ın Elmlər filialı (Park Akademiya)
Hüseyn Cavid pr. 100 ("Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz)
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
“Bir gün sən gəldin...” - İntiqam Yaşarın yeni şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yeni yaşına qədəm qoymuş gənc və istedadlı şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, portalımızın əməkdaşı İntiqam Yaşarın yeni şeirlərini təqdim edir.
*
Bir sevdalı ürək vardı bir zaman,
Bir sevdalı ürək vardı saçınla,
Küləklərin arasında sədd idi.
Görünməyən neçə-neçə ağrı da,
Ürəklərin arasında sədd idi.
Bir sevdalı ürək vardı xatırla,
Hər gün günəşini yerdə axtarıb,
Hər gün için-için əriməkdəydi.
Nə ünvan bilirdi, nə yol bilirdi,
Bir dəli məchula yeriməkdəydi.
Bir sevdalı ürək vardı, nə ürək,
Ovuc-ovuc ağrı idi, qəhərdi,
Ondan qopub düşən tikə-parçalar,
Deyilənə görə indi şəhərdir.
Bir sevdalı ürək vardı, o ürək.
İndi yoxdu... indi sükut çağıdır...
*
Sən ömrün uzağından,
Nə vaxt gələrsən bizə?
Nə vaxtsa gələrikmi,
Bu ünvanda üz-üzə.
Nəfəs-nəfəs saçında,
Gəzişməyim olarmı?
Yorulmağım olarmı,
Ya düşməyim olarmı?
Bu dünyanı bir anlıq,
Unuda bilərəmmi,
Unutsam nə olar ki,
Unutsam ölərəmmi?
Saxla yadında, saxla,
Adımı yaxşı saxla.
Səni heç unutmayan,
Adamı yaxşı saxla.
*
Bir od kimi düşmüsən,
Varlığımda yanmağa.
Gücüm çatarmı, söylə,
Bunu səndən danmağa.
Bu bir başqa sevdadır,
Bu bir başqa nəfəsdir.
Sənə can atan qəlbə,
Bədən özü qəfəsdir.
Gecə keçir gecədən,
Adın dilimdə yenə.
Bilmirəm, nə susum ki,
Anında yetsin sənə...
*
Bir gün sən gəldin...
Saçları küləklərə meydan oxuyan,
Gözləri içimdəki hədəfləri nişan alan...
Gəldinmi...
Bəlkə də yox
Bəlkə də vardın...
Hardasa, ən dərinlərimdə.
Gözlərinə hər baxdıqca,
gözlərim təslim olur...
Hiss edirəm... hiss edirem...
Saatbasaat içimin divarlarındakı buzlar əriyir...
Əridikcə sellər səs salır ruhumdakı bütün köşələrə...
Gəldin... gəldin... sən gəlməsən...
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Özbəkistan teatrı Bakıda qastrol səfərində olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında əməkdaşlıq genişlənməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir. Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrının yaradıcı heyətlərinin ötən mövsümdə Bakıya qastrol səfərlərindən sonra bu ənənə uğurla davam etdirilir.
Bu dəfə Akademik Musiqili Teatrın qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olub. Qonaq kollektiv sənətsevərlər qarşısında “Ah, bu qocalar – qəribə qocalar!” komediyası ilə çıxış edib.
Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsərinin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı açılacaq
Bu gün XVIII Bakı Beynəlxalq Caz Festivalı öz rəngarəng proqramı ilə musiqisevərlərin görüşünə gəlir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən və oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.
Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış edəcəklər.
Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.
Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir.
Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından (www.bakujazzfestival.com) əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
KİŞİLİK NÜMUNƏSİ, yaxud bir qadın bir kişiyə niyə şeir ithaf etdi
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Mən elə bir ailədə dünyaya göz açdım ki... O ailədə bizə hər zaman dürüstlük, halallıq, insanlıq, mənəviyyat cədvələ sığmayan bir dərs kimi öyrədilirdi. Deyərdim ki, hallalığı, saflığı bizə öyrətmək lazım deyildi. Çünki artıq bu halallıq bizim qanımıza hopmuşdu. Biz doğularkən dosta sədaqətli, insanlara mərhəmətli doğulduq. Bu da Uca Allahdan bizə bəxş edilən xoşbəxtlikdir.
İndi sizinlə bir şeirin tarixçəsini paylaşmaq istəyirəm. O tarix kişiliyə nümunə olan bir tarixdir. Bir süfrə başında olan zaman Cavanşir baba (babam Yusif müəllimin qardaşı) bizə mərd olmağı təbliğ edirdi. Kişilik məktəbi idi Cavanşir baba. APİ-nin Bədən Tərbiyəsi fakültəsinin ilk məzunlarından idi. İnsan Anatomiyasını o qədər dərin bilirdi ki, deyərdim, ixtisaslı həkimdən də savadlı idi. Ədəbiyyata dərindən bələd idi. Səməd Vurğunun yaradıcılığını əzbər bilirdi.
...Bir yay günü idi. Bizə qonaq gəlmişdi. Yenə də süfrə ətrafına yığışıb onun söhbətlərini doya-doya dinləyirdik. Kişiliyə nümunə olacaq bir xatirə danışdı o zaman. Danışdıqca sanki gözündə həyat eşqi qaynayan 20-21 yaşlı bir gəncə çevrilirdi. İndi o xatirəni sizlərlə də bölüşürəm:
“Sonuncu kursda oxuyurduq. Novruz Bayramı ərəfəsi idi. İnstitutut da bayram əhval-ruhiyyəsində idi. Bilirsiniz ki, Novruz Bayramını dövlət səviyyəsində keçirmək rəhmətlik Şıxəli Qurbanovun gərgin əməyi, əzmkarlığı sayəsində baş tutdu.
Tədbirdə iştirak edən tələbələr hər kəs öz ixtisasına uyğun bacarıq nümayiş etdirməli idi. Əynimizdə triko (idman geyimi) güləş döşəklərinin üstündə göstərəcəyimiz nömrələri məşq edirdik. Bir də baxdım ki, üç nəfər oğlan (qrup yoldaşlarım) lojaya (küləfrəngiyə) baxıb gülürlər. Soruşdum ki, niyə gülürsünüz? Mənə lojanı göstərdilər. Dedilər: - Bir yuxarı bax. Orda oturan qadın elə oturub ki... Baxanda gülməmək mümkün deyil.
Mən onların bu hərəkətlərinə bərk əsəbləşdim və hər üçünü silləylə vurdum. Dedim ki, o qadın sizin ananız, bacınız, xalanız da ola bilərdi. Və bu sözləri deyib tez döşəyi tərk edib, pilləkanlarla yuxarı qalxdım. Həmin xanıma yaxınlaşdım. Dedim: - Xanım, üzr istəyirəm. Anam, bacım olasınız, çox xahiş edirəm, bir az rahat oturun.
Qadın mənim nə dediyimi tez başa düşdü və məni qucaqlayıb öpdü. Minnətdarlıq etdi. Mən yenidən döşək üzərinə döndüm. Tədbir qurtardı. İnsanlar zalı tərk etdikləri vaxt bir də baxdım ki, kimsə qolumdan tutdu. Çevrilib baxanda həmin qadını gördüm. Gözləri yaşarmışdı. Mənə yenidən minnətdarlıq edirdi: - Oğlum, sağ ol. Minnətdaram. Sən mənim namusumu doğma ananın namusundan ayırmadın. Sən igidsən. İgid, sənə sağ ol deyirəm. Sənin bu mərdliyin məni duyğulandırdı və mən elə bu hadisədən sonra bir şeir yazdım. O şeir sənin mərd hərəkətindən sonra doğuldu. Və o şeiri sənə hədiyyə edirəm:
DEYİLƏM
Ağrıma ürəyim, ağrıma canım,
Mən səni əllərə salan deyiləm,
Xoşdur haqq yolunda alışıb yanım,
Ömrümü təzədən alan deyiləm.
Qoymaram birisi söz etsin məni,
Biri astar etsin, üz etsin məni,
Biri xırdalayıb yüz etsin məni,
İnsanam əllərdə talan deyiləm.
Bir düzün yerini min əyri verməz,
“Yalan ayaq tutar, fəqət yeriməz,”
Doğruluq hər rəngə, hər dona girməz,
Mən də rəngdən rəngə çalan deyiləm.
Dünya xali deyil nadandan hələ,
Nadanlıq ləkədir obaya-elə,
Ayıbı görə-görə, mən bilə-bilə,
Ağzıma su alıb qalan deyiləm.
Keçdi tufanlarda həyatım mənim,
Boranda bərkidi qanadım mənim,
Ay elim, ay obam, elatım mənim,
Bir Haqq carçısıyam, yalan deyiləm."
P.S. Bu şeiri Cavanşir babaya təqdim edən həmin qadın görkəmli Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi olub. Sadəcə, mövzu elə bir mövzudur ki, adını açıqlamağım düzgün olmaz.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
“Literaturnıye znakomstva” jurnalında azərbaycanlı şairin esseləri dərc olunub
Rusiyada çap olunan “Literaturnıye znakomstva” jurnalında azərbaycanlı şair, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Oqtay Şamilin esseləri dərc olunub.
AzərTAC xəbər verir ki, yazılar rusiyalı oxuculara yazıçı, tərcüməçi Nicat Məmmədovun tərcüməsində, eləcə də “Literaturnaya qazeta”nın Sibir üzrə müxbiri, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, ümumrusiya və beynəlxalq ədəbi mükafatlar laureatı Knyaz Qoçaqın “Ön söz”ü ilə təqdim olunub.
Oqtay Şamil esselərində oxuculara vətənə, torpağa, insanlara sevgidən, gələcəyə ümiddən bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Dünyanın baş mədəniyyət qurumundan mədəniyyətsizlik
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ötən gün mediada belə bir məlumat dolaşdı: Ermənistanın xahişi ilə UNESCO yaxın günlərdə İrəvana təcili missiya göndərəcək. Məlumatda deyilir ki, missiya Qarabağdan olan “qaçqınlar”ın qəbulunda təhsil yardımı göstərəcək.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO niyə təşvişə düşüb, ermənilərin taleyindən qurum niyə belə narahatdır?
Qurum İrəvana missiya göndərməsini belə əsaslandırıb: bu, təhsilin davamlılığını təmin etmək və köçkün tələbələrə psixososial dəstək göstərmək məqsədi daşıyacaq.
İddia olunub ki, son günlər guya “100 mindən çox” insan Qarabağı tərk edərək Ermənistanda “qaçqın” vəziyyətinə düşüb. Onların təxminən üçdə biri uşaq və yeniyetmələrdir.
Məlumata görə, oktyabrın 2-də Ermənistan UNESCO-dan təşkilatın təhsil sahəsində mandatı çərçivəsində bu əhali qruplarına yardım almaq və onlara yardım göstərmək üçün rəsmi müraciət edib. UNESCO-nun baş direktoru Odri Azule bu müraciətə “dərhal cavab verib”.
“Yaxın günlərdə UNESCO yerli hakimiyyət orqanları ilə birgə məcburi köçkün tələbələrin təhsilinin fasiləsizliyini təmin etmək üçün tədbirlər planı üzərində işləmək məqsədilə İrəvana ekspertlər qrupunu göndərəcək. Bu fəaliyyət planı tələbələrə çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək etmək üçün müvafiq təlim mühitinin təmin edilməsinə, zənginləşdirmə və remediasiya proqramlarına çıxışa, psixososial dəstəyə yönəldiləcək. Yaxın vaxtlarda UNESCO bu təhsil təşəbbüslərinin həyata keçirilməsinə dəstək, o cümlədən maliyyə dəstəyini təmin etmək məqsədilə təhsil sahəsində beynəlxalq tərəfdaşların və donorların iştirakı ilə görüş təşkil etməyi də planlaşdırır” - məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq, UNESCO Qarabağdakı erməni vəhşiliyini araşdırmaq və maddi-mədəni irsimizin yer üzündən silinməsi, etnik təmizləmə və digər məsələlərlə bağlı faktlarla yerindəcə tanış olmaqdan ötrü missiya göndərməmişdi. İndisə necə canfəşanlıq göstərirlər.
Əlbəttə ki, sual edəcəksiniz, bu UNESCO başbiləni Odri Azule (şəkildə) nə millətidir. Erməniyə bu qədər can yandıran nə milləti olasıdır ki? Əlbəttə fransız.
Amma Haqq tərəf bizik və nə etsələr də Nahaqq Haqqı üstələyə bilməz!
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Bülbül Vokal Məktəbinin ilk tələbələri dərslərə başlayıb
Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov tərəfindən yaradılan Bülbül Vokal Məktəbinin ilk dərsi keçirilib.
Bu barədə Ramil Qasımov açıqlama verərək bildirib ki, məqsədimiz dahi Bülbülün bizə miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini gələcək nəsillərə aşılamaqdır. O, 137 namizəd arasından seçdiyi 10 tələbə ilə təmənnasız dərslərə başladığını vurğulayıb.
Həmçinin Əməkdar artist məktəbə seçilən tələbələrin tezliklə konsertlərinin təşkil olunacağını, Bülbülün Memorial Muzeyində gecələrin keçiriləcəyini bildirib.
Sonda tələbələrə Azərbaycan professional vokal sənətinin banisi Bülbülə həsr olunmuş kitablar, disklər hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”(06.10.2023)
“Bir mahnını tarixçəsi bir qəhrəmanın taleyində"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban,
Sinəsiylə sipər olan,
İgid əsgər, möhkəm dayan…
Ya azad ol, ya candan keç, ya candan keç…
İki yoldan birini seç, birini seç…
Azadlığın şərbətini iç, şərbətini iç…
İgid əsgər, möhkəm dayan…
Salam vətən, salam ana,
Çətin gündə bizi sına,
Qanla cavab verək qana,
İgid əsgər, möhkəm dayan…
Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq…
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan…
Adətən söz yazarı, bəstəkar və ifaçı birləşib bir mahnının bünövrəsini qoyurlar. Fəqət İgid əsgər mahnısı bunun tam əksinə olaraq misralarıyla bir qəhrəmanın qəlbinə yol tapmaqla üç fərqli insanı, bir həkimi, bir qəhrəmanı və bir hərbi diktoru öz bünövrəsində birləşdirdi.
İstərdim bu gün sizə məhz bu mahnının qəlbinə yol tapdığı o qəhrəman haqqında, Yusif Mirzəyev haqqında danışım.
Yusif Vəli oğlu Mirzəyev 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub.
O, 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1976- cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlamışdır. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (İndiki Bakı Dövlət İqtisad Universiteti UNEC) ali təhsil alıb. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakultəsini bitirmiş və Bakıdakı Bankların birində müfəttiş vəzifəsinə təyin olunmuşdur.
1988-ci illərdə Xalq Hərəkatına qoşulmuş, 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilmişdir. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnmiş 1 uşaq atası olan Yusif Mirzəyev həbsdən çıxdıqdan sonra 1991- ci ilin sonlarında könüllü olaraq cəbhəyə yollanır.
İlk döyüşü Ağdərə Goranboy istiqamətində olur. O qısa zamanda taborun ən adlı sanlı döyüşçüsünə çevrilir.
Yusif Mirzəyev 14 nəfərlik dəstə ilə əksər döyüşlərdə iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətindən çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür.
Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir.
1992-ci ildə Yusif Mirzəyev Ağdərədə özünün könüllü təkidləri nəticəsində Ağdərəyə döyüş bölgəsinə göndərilmiş hərbi diktor Şəmistan Əlizamanlı ilə tanış olur və onların arasında möhkəm bir dostluq yaranır.
Lakin sonralar Yusif Mirzəyevin böyrəklərindəki xəstəlik ağırlaşdığı üçün onu bir müddət Bakıya gedib müalicə almağa razı sala bilirlər.
Təsadüf Yusif Mirzəyevlə Şəmistan Əlizamnalını burada da qarşılaşdırır və onlar eyni palatada müalicə alırlar.
Burada Yusif Mirzəyevin həkimi bir müddət könüllü olaraq cəbhə bölgəsində hərbi həkim kimi də fəaliyyət göstərmiş həm həkim, həm şair, həmdə bəstəkar olan Şahin Musaoğlu olur.
Hələ Azərbaycanın ilk batalyonu olan və Şıxov batalyonu adlandırılan, batalyon şəhidlər xiyabanında and içib cəbhəyə yollandığı gün Şahin Musaoğlu da öz dostlarını yola salmaq üçün orada olur və orada keçirdiyi hisslərin təsiri ilə igid əsgər mahnısının sözlərini qələmə alır.
Sonralar o mahnının sözlərinə musiqi bəstələyir və mahnını ifa etmək üçün respublikanın xalq artisti Faiq Ağayevə müraciət edir. Faiq Ağayev isə o ərəfələrdə Sankt Peterburqa getməli olduğundan bəstəkar mahnısı üçün başqa bir ifaçının axtarışına çıxır.
Yusif Mirzəyev onun çalışdığı xəstəxanada müalicə aldığı dövrələrdə o Yusifə bu mahnıdan və mahnı üçün ifaçı axtardığından bəhs edir.
Yusif Mirzəyev mahnının sözlərini eşidən kimi çox sevir və xəstəxanada müalicə aldığı günlərdə həmişə bu mahnını özü üçün zümzümə edir.
Şəmistan Əlizamanlı Yusifin bu mahnını bu qədər çox sevdiyini görəndə bu mahnını onun üçün özü oxuyacağına söz verir.
Lakin bir müddət sonra 1992-ci ilin sonu Yusif öz müalicəsini yarımçıq saxlayaraq yenidən müharibəyə yollanır.
Bakıda ona müxtəlif vəzifələr təklif edib onu saxlamağa çalışsalarda bu mümkün olmur. O, söyləyirki: "Bilirəm canım əldən gedir, ancaq vətən də əldən gedir."
Deyilənlərə görə Yusif Mirzəyev böyük bir səbirsizliklə igid əsgər mahnısının ifa olunmağını gözləyir və öz əsgərlərinə də bu mahnını öyrədirmiş.
O, 1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşdə silah yoldaşlarını mühasirədən çıxararkən həlak olmuş, Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respubliksaı Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən etibarən qəhrəmanın adını daşıyır. Həmçinin məktəbin qarşısında onun büstü qoyulmuşdur.
1993-cü ilin mart ayında Şəmistan Əlizamanlı Yusif Mirzəyevə verdiyi sözü tutur və mahnını ifa edərək ona həsr edir. Və Azərbaycan dövlət televiziyasında Yusif Mirzəyev haqqında hazırlanmış verlişin sonunda bu mahnı səsləndirilir.
Müstəqil Azərbaycanın hərbi himni sayılan bu mahnı o vaxta qədər heç vaxt mahnı ifa etməmiş Şəmistan Əlizamanlının və o günə qədər heç bir mahnısı ifa olunmamış Şahin Musaoğlunun həyatında bir dönüş nöqtəsi yaradır və özündən sonra Çağırır vətən, Birinci batalyon, Cənab Leytenant, Vətən əmanəti, And içirik, Qalx Azərbaycan, ağ ümid kimi 30-a yaxın hərrbi vətənpərvərlik nəğməsinin yaranması üçün yol açır.
Bu yurdun insanlarına qan udduran o düşmən əvvəl-axır bir gün mütləq qan qusacaq!
Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
“Mən hər gün günəşi qarşılayıram” kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əməkdar jurnalist Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabının təqdimat mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. “Mən hər gün günəşi qarşılayıram” müəllifin ikinci şeirlər kitabıdır. Şairin bundan öncə "Bir az gecikəndə" adlı şeirlər kitabı çap olunub. Şeirləri respublikamızda və ölkənin hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb.
Təqdimat mərasimini aparan tənqidçi Əsəd Cahangir müəllif və onun yeni kitabı barədə geniş bilgi verib.
Şairin əsas bədii subyektinin, predmetinin insan olduğunu qeyd edən Əsəd Cahangir deyib ki, Murad Qoçuoğlu öz tipologiyası etibarilə fəlsəfi düşüncəyə meyilli şairdir və bu fəlsəfilik onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə məhdudlaşmır, onun təbiət, dünya, insan, sevgi və digər mövzulardakı şeirləri də fəlsəfi düşüncə axarında yazılıb, lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir.
Əsəd Cahangir qeyd edib ki, şairin poetik dünyası öz ruhunun dərinliklərindədir və dünyanın üç əsas obrazı var - Allah, dünya və insan!.
Təqdimatda çıxış edən digər natiqlər Murad Qoçuoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıb, kitab haqqında öz fikirlərini bölüşüblər.
Tədbirdə ədəbi ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Sonra iştirakçılara yeni kitab hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)