Super User

Super User

 

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

"Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının buhəftəki qonağı səmimi söhbətləri ilə, gözəl şeirləri ilə sevilən, şair-publisist,  AYB-nin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı sektorunun rəhbəri, AYB-nin idarə heyətinin üzvü,  Azərbaycan Dövlət Televiziyasında redaktor və aparıcı, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadədir. Xatırladaq ki, Qəşəm bəyin nəşr olunan 40 kitabından 18 kitabı xaricdə çap olunub.

Xoş gördük, Qəşəm bəy, səmimi, qəlbəxoş     cümlələrinizi səbirsizliklə gözlədiyimiz üçün təcili birinci sualı “meydana" dəvət edirik.

 

1)   Niyə şagirdlərin duymurlar səni,

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə,

Mən sevən ürəyə qəsd eləyirlər. 

(Qəşəm Nəcəfzadə)

 

Dəyərli Yaradıcımız, Siz həmin an məktəbin direktorunun "gözün oğurlayıb" sinfə daxil olsaydınız, o dəcəl şagirdlərə nə söyləyərdiniz?

-Salam, Ülviyyə xanım, xoş gördük.

Bilirsiniz ki, mənim uşaq şeirləri kitabım var, həmin o kitabdakı şeirlərdən oxuyub şagirdləri tərbiyələndirərdim.

Şuşada Vaqif Poeziya Günlərində

 "Sənin dərsin" şeirini oxumuşdum və sonra bildirdim ki, müəllimin-həyat yoldaşımın dərsində səs edən uşaqlar bu günün Milli Qəhrəmanları, Şəhidləri, qaziləri, əzmlə vuruşan igidləridir. Onlar-dəcəl şagirdlər sükuta, qayda-qanunlara etiraz edirlər. Həmin  partanın arxasında sakit otura bilməyən şagirdlər Şuşamızı, Qarabağımızı düşməndən azad etdilər.

 

2) Qəşəm bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri  əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi  həm də rejissor işidir. 

 

3) Qəşəm bəyə söyləsələr ki, məktəb dərsliyinə  üç yazarın əsərlərini daxil etmək lazımdır. Qəşəm bəy kimləri məsləhət görərdi? Mümkündürsə, indiki yazarlarımızdan seçərdiniz.

 

-1. Sevinc Nuruqızı

2. Aləmzar Əlizadə

3. Zahid Xəlil

 

4) Uliyam Şekspir söyləyib ki, " Əgər ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi.

Məhz ağıl onu cilovlamaq üçün mövcuddur."

Qəşəm bəyin "ağlımı at oynadır, yoxsa hissi?" Ya da onlar bir-biri ilə " dil tapa bilirlərmi?"

 

-Poeziyanın əsas materialı hisslərdir. Ağıl olan yerdə poeziya ölür. Mən poeziyada hisslərimə üstünlük vermişəm. Ağlımın hisslərimə gücü çatmayıb. Mənim hisslərimin ağlı gözəldir. Adam bir çox zirvələrə hissləri ilə çatıb qalib gəlir. Sevgi də, yaxşı şair olmaq da hisslərlə bağlıdır. Ağıl İqtisadiyyat, Siyasət üçün vacibdir. Bir deyim də var ki, riyaziyyatçı olmaq üçün də hisslər lazımdır.

 

5) Samit ağız bağlar, sait dil çalar,

Anlayar halımı könlü alçaqlar.

Sevincim ağlayar, qəmim əl çalar,

Dərdim ortalıqda bəy, oynar?

- Oynar. 

( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, filoloq kimi ikimiz də bilirik ki, incə sait, ya qalın saitin ahəngi zamanı ahəng qanunu pozulmaz.

Bəs ikiüzlü- bir üzündə mələk, digər üzündə iblisi nümayiş etdirib həyatın "müqəddəslik ahəngini " pozanlara Şair-filoloq Qəşəm bəy nə söyləyər?

 

-Saitlərin deyilişi zamanı dodaqlar qapanmır, saitlər ağzı açır. Musiqi də saitlərdən yaranır, adamın qəlbin, dodağın açır.

İblis-mələk məsələsinə gəldikdə isə bu, həyatın qanunudur. Sevgi olmasa, nifrət olmaz, ayrılıq olmasa, vüsal olmaz, qaranlıq olmasa, gündüz olmaz. Tutaq ki, nifrəti qovaq, sevgi ilə də tam yaşamaq olmur axı, çünki sevgini tam yaşamaq üçün bir tərəfində ayrılıq olmalıdır. Nifrət özü elə sevgidir, sevdiyin adama ayrılarkən nifrət edirsən, deməli, sənin üçün əhəmiyyətlidir. Nifrətin özü bir dəyərdir. Nifrət etmədiyin adamın artıq sənin üçün heç bir əhəmiyyəti yoxdur. Həyatın bu qütbləri çox vacibdir. İnsanda yaxşı və pis xolesterin var. Pis xolesterin səhhətə ziyan vurur, yaxşı xolesterin isə orqanizmi qoruyur. Nifrət, sevgi, ayrılıq- bunlar bir-birini tamamlayan qütblərdir.

 

6) Mövlanə gözəl söyləyib ki: " Dilinin küsdüyü insanla qəlbin saatlarla danışar"

Qəşəm bəyin səbri çatır saatlarla özü ilə danışsın, yoxsa, əlini telefona atıb: " Gəl  üz-üzə danışıb, problemləri həll edək" - söyləyir?

 

-Həyatda mənəvi-psixoloji  əziyyət çəkib çox gərginliklər yaşamışam. Nadanın biri mane olduqda susmuşam, amma üsyan etmək də pis deyil, zərbələri özümə vurmuşam. Telefonla heç nəyi həll etməmişəm. Telefon əşyadır, hissləri ifadə edə bilməz. Ona görə də həmin adamın özü ilə söhbət edirəm, ya marşrutda, ya bir küncdə əyləşib kofe içərək, ya onunla  öz maşınıma əyləşib İsmayıllı meşələrinə gedərək..

 

7)Dəyərli Yaradıcımız, "Şeirimin bəxti" bu adı seçərkən nəyi vurğulamaq istəmisiniz?

 

-“Şeirimin bəxti" çoxdan çap olunan kitabımın adıdır. "Şeirimin bəxti" məni iztirablara salsın, məni düşüncələrə qərq etsin. "Şeirimin bəxti" odur ki, xalqımın yanında dayansın, Qarabağda döyüşsün, yaxşılara kömək etsin, tələbələr onu əzbər bilsin. 

Bu gün sizin kimi gənc müəllimin məndən müsahibə alması elə "Şeirimin bəxti" dir. Haqqımda gözəl cümlələr söyləyirsiniz, suallar verirsiniz, şeirlərim olmasaydı,  siz məni haradan tanıyardınız?!

 

8) Qəşəm bəy, tədbirlərin birində hər kəsin Sizə olan sevgisini, dəyərini görmüşəm, hətta yadımdadır,  çəkingən xarakterdə olduğum üçün özünüz hiss edib gənc istedadlı kimi haqqımda rəy bildirdiniz. Səmimiyyətinizə görə təşəkkür edirəm. 

Aristotelin bir aforizmində:

 "İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş olduqda başları havada, dolduqda isə aşağı əyilirlər" - söylənilir.

Qəşəm bəy içi, başı, daxili boş, burunları havada olanlara ata nəsihəti kimi nə söyləyərdi?

 

-Bəli, yadımdadır, xatırlayıram. Əslində orta məktəbdə, universitetlərdə də müəllim işləyəndə, hansı tələbə susardısa, danışmırdısa, onlar məni maraqlandırırdı. Əllərini tez-tez qaldırıb cavab verənlər yox, sakit dayananlar məni düşündürüb. Poeziya görüşlərində müxtəlif dairələrdə oluram, sakit dayanan, danışmayanların suallarını eşitmək mənim üçün daha maraqlı olardı, bəzən səs-küylü zalda sakit dayanmanın yaxşı mənada özü bir reklamdır. Aforizmə əsasən, söyləyim ki, dolu sünbüllər sakit dayananlardı, əl qaldırıb " atılıb-düşənlər" isə boş sünbüllərdi ki, zamanın küləyi onları o tərəf, bu tərəfə yelləyir.

 

9) Hecanı dodağınla ölçdüm,

Çiçəyi nəfəsinlə ölçdüm,

Küləyi saçınla ölçdüm

Həsrəti küsməyinlə ölçdüm.

Ayaqlarından öyrəndim yolların uzunluğunu,

Gözlərin çölün düzünü nişan verdi

Qollarınla havanı arşınladım,

Sükutunla sözün böyüklüyünü ölçdüm. ( Qəşəm Nəcəfzadə)

 

Qəşəm bəy, ailənizə olan bitib-tükənməz sevginizi oxucular duyur və alqışlayır.

Gənc ailələrə sevgilərinin ölməməsi üçün hansı tövsiyələri verərdiniz? 

 

-Mənim şeirlərimdə nəsihət, tövsiyə, didaktika, pedaqogika  yoxdur. Kiməsə məsləhət verən şeirləri bəyənmirəm, çünki insan özü anlamalıdır, görməlidir.

Gənc ailələrin dağılmaması üçün sevgi lazımdır, hörmət  lazımdır.

Bir gənc ailə vardı, oğlan və qız hər saat bir-birlərinə tutarlı cümlə axtarıb məğlub etmək istəyirdilər. Bir dəfə oğlana söylədim ki, nə olar, məğlub ol.

Dedi: - necə?

Söylədim, üzr istə. Hətta günah həyat yoldaşında olsa da, sən ondan  üzr istə.

Oğlan söylədi: " Nə olacaq ki?"

Bildirdim ki, xanımın yumşalacaq və özü səndən üzr istəyəcək, beləliklə, qalib elə sən olacaqsan. Çünki üzr istəmək qarşındakının dəyərini bildirməkdir. Bir də, sevgiyə aid çox cümlələr işlətmək lazım deyil, onun alternativinini tapmaq lazımdır.

Əsas da həyat yoldaşını izləməmək lazımdır, çünki izləmək ona qarşı bir zərbə vurmaqdır. İzləmək olsa da, " açıq-saçıq" olmamalıdır. Bu gün bir hadisə baş veribsə, başına qaxmamalısan. Qadının gözəlliyi məğlub olmağındadır, çünki bu elə onun qalib olmağıdır. Qadının evdə qayınanaya, baldıza üsyan edərək cavab verməsi yaxşı hal deyil.

 

10) Nəhayət onuncu-sonuncu sualımız. Qəşəm Nəcəfzadənin istedadından pay alan, cəsarəti ilə sevilən, Savalan babanın verilişində atasının şeirini sevərək söyləyən Kəramət Böyükçölün yazılarına bir peşəkar gözü ilə 10 ballıq şkala üzrə neçə bal  verərdiniz?

 

-Kəramət çox istedadlıdır, təkcə mənim üçün yox, xalq üçün, cəmiyyət üçün. Elə ona  10 bal da verərdim. Onu çox istəyirəm və ondan öyrənirəm. Kəramət fiziki mənada mənim oğlumdur, mənəvi mənada o xalqının, Ədəbiyyatın, zamanının oğludur.

 

-Qəşəm bəy, rubrikamızın qonağı olduğunuz, bizlərə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Ən çox hansı sualımızı bəyəndiniz?

 

-Ülviyyə xanım, bütün suallarınız gözəldir, heç mənə belə suallar verən olmamışdır.

9-cu sual da, elə cavab da xoşuma gəldi.

 

-Dəyərli Yaradıcımız Qəşəm bəy, ömrünüzdən Əbülfətqızı suallarına pay ayırdığınız üçün Sizə minnətdarıq, yaradıcılığınızda uğurlar, sağlam həyat arzulayırıq. Allaha əmanət olun!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə, Xalq artisti Tələt Qasımovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

 

Tədbir çərçivəsində milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, ifası ilə musiqi salnaməmizi zənginləşdirən xanəndənin repertuarında yer alan muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Konsertdə Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Beynəlxalq Muğam Mərkəzinin solistləri və muğam sənətimizin sevilən xanəndələri çıxış ediblər

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Bu gün - oktyabrın 6-da Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi oyunlarının açılışı olacaq. Oyunlarda Azərbaycanı bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri təmsil edəcək.

Bu oyunlarda 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənclər arasında keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.

Müsabiqə proqramı aşağıdakı nominasiyalardan ibarətdir: fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlər. Müsabiqənin nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.

MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.

Oyunlar oktyabrın 10-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

33-CÜ DƏRC

 

 

-Mən  əsərində 1905-ci ildə İrəvan qəzasında toqquşmalar zamanı azərbaycanlı əhalinin tərk etmək məcburiyyətində qaldığı və böyük itkilər verdiyi kəndlərin siyahısını vermişəm. İrəvan qəzasında törədilən qırğınlar haqqında yazmışam. Məsələn, mayın 26-da bizimkilər, yəni ermənilər Mədinə türk kəndinə hücum etdilər. Daha sonra Məngüs kəndi ətrafında qızğın döyüşlər getdi. Azərbaycanlı əhalinin kəndi tərk etmək məcburiyyətində qalmasından sonra ermənilərin evləri talan etdiklərini qələmə almışam. 1905-ci ildə təkcə İrəvan qəzasında 7 türk kəndi hadisələrin qurbanı olmuşdur. Həmin türk kəndləri bunlardır: Güvəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal, Məsimli.

Bu dəfə ermənilər əyləşən sıradan natiqə təhdidlər yağdırıldı. Amma o, sıradakılara barmaq silkələyib nitqinə davam etdi:

-Eçmiədzin qəzasının Üşü kəndində ermənilərin törətdikləri faciənin miqyasını göstərərək yazmışam ki, öldürülən üşülülərin sayı 100-ə çatırdı, qadın və uşaqlar, qoca və körpələr qırğınlardan qurtulmaq üçün vay-şivən qoparırdılar. “Üşü yandırıldı, dağıdıldı, yerlə-yeksan edildi, bir kənd də belə silindi, administrasiya yenə də yox idi. Üşünün faciəsi türklərin üzərində elə bir dəhşətli iz buraxdı ki, iyunun 5-də bir sıra kəndlər bir tərəfdən boşalır, digər tərəfdən isə ermənilər tərəfindən talan edilir və yandırılırdı. Nəziravan və Təkiyə kəndləri yandırıldı, Persi, Əngirsək, Kürdəli, Hamamlı kəndləri və Çobankərə obası talan edildi. Beləliklə, Əştərək bölgəsinin 9 türk kəndi talan edildi, yandırıldı və əhalisi çöllərə düşdü”. Cümlələri bax bu cür izhar etmişəm. Qeyd etmişəm ki, Gəncə quberniyasının 8 qəzasının heç birində qırğınlar və dağıntılar Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmayıb. 1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndlərinə hücum etdilər. Kiçik Cicimli tamamilə darmadağın edildi, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edildi. Mən ermənilərin bu hərəkətini “vəhşilik” adlandırmışam və acı olsa da, öz əsərimdə bunu qeyd etməyə məcbur olmuşam.

Natiq bu yerdə köks ötürüb azacıq nəfəsini dərdi, sonra çıxışına davam etdi:

-Zəngəzurun ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları Dərabas kəndində daşnakların törətdikləri vəhşiliklərin şəxsən şahidi olmuşam. 1905-ci il dekabrın 26-da erməni silahlıları azərbaycanlı evlərinə hücum etdilər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçdı, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsən, Ələkbər bəy və Abbas Ələkbər oğlunun evlərində sığınacaq tapdılar. Ermənilər məhz bu evlərdə cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub insanları içində diri-diri yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxlu insan məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, dəhşətli cəhənnəmi törədənləri lənətlədik... Öldürülmüş və yandırılmış, meyitləri səpələnmiş türklərin sayı 272 nəfərə çatırdı.

Natiq dərindən ah çəkdi, tamaşaçıların heyrət və hiddət dolu reaksiyalarının müşayiəti ilə Andronik səmtə “Yaramaz cəllad” replikasını atıb çıxışına davam etdi:

-1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər kəndinə hücuma keçsə də, çoxsaylı itki verərək, geri qayıtmaq məcburiyyətində qalmışdılar. Sonradan isə kənd talan edilmiş, yandırılaraq xarabalığa çevrilmişdi. Mən bizimkilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyimdən onların bu hücumunu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişəm. Ardınca Zəngəzurdan Şuşaya keçmişəm. Ermənilər 1905–1906-cı illərdə Şuşa şəhərində iki dəfə qırğınlar tötətmişdilər. 1905-ci il avqustun 16-da baş verən birinci toqquşma nəticəsində ermənilər 100 nəfər, azərbaycanlılar isə bundan 2–3 dəfə çox itki vermişdilər. Şuşada ikinci dəfə 1906-cı il iyulun 12-dən 22-dək qırğınlar törədilmişdi. İkinci qırğınlar zamanı azərbaycanlıların itkiləri yenə də qat-qat çox olmuş, böyük əksəriyyəti onlara məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı. Mən bu Divanın anonsundan  xəbər tutdum ki, bizim dövrandan qat-qat sonralar, bizimçün xəyali və utopik görünən 1992-ci ildə də mənim millətimin nümayəndələri Qarabağın Xocalı bölgəsində qətliam törədiblər. Böyük utanc hissləri keçirdim. Bu hadisə ilə bağlı növbəti günlərdə baş tutacaq Divan prosesini səbirsizcəsinə gözləyirəm. Çünki - bizim dövrdə - XX əsrin əvvəllərində – 1905-cil avqustun 23-də də ermənilərimiz Xocalıda qətliam törətmişdilər. Erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də bizim ermənilər öldürmüşdülər. Kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, əhali bir də geri qayıda bilməsin. Erməni quldurları...

Müttəhimlər kürsüsündə əyləşmiş Andronik Ozanyan ona söydü, ermənilər sırasındakı vəkillərdən biri isə yerindən replika atdı:

-Quldurlar yox, mücahidlər.

Amma natiq Andronikə nisbətən mədəni tərzdə cavab qaytardıqdan sonra vəkili də təkzib etdi:

-Xeyir, məhz quldurlar. Çünki mənim andronikkimilərlə şəxsi tanışlığım var, onlara hələ Əsas dünyada yaşadığımız dönəmdə də quldurluq etmələri barədə iradlarımı bildirmiş, təqib olunmuşam.

Baş Hakim də söhbətə müdaxilə etdi:

-Bəli, hər kəsi öz adı ilə çağırmağın zamanı yetişib!

Tamaşaçılar bu aforizmsayağı sözləri alqışladılar, natiqsə sözünə davam etdi:

-Noyabrın 27-dən 30-dək Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud kəndlərini erməni quldurları talamış və yandırmışlar. Tərtər dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu idi. Dekabrın 23-də şiddətli şaxta olan bir gündə ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma keçdilər. Bir neçə saatlıq müqavimət türkləri qırğınlardan qurtarmadı. Ermənilər bu iki kəndə daxil olub barbarlıq törətdilər... Umudluda heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər. Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin söylədiklərinə görə, sağ qalıb qaçmağa  məcbur olanların bəziləri uzun yol gedə bilməyib, meşələrdə qalaraq dondular... 1905-ci ilin və 1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl–Qaryagin qəzasında 10 azərbaycanlı kəndi darmadağın edilmişdi. Çıxışımı yekunlaşdırıram. Bilirsiniz, möhtərəm hakimlər, möhtərəm tamaşaçılar, bir şeyi etiraf etmək istəyirəm. Mən erməni olduğum üçün fəxr etmişəm, amma hər dəfəsində bu rüsvayçılıq və şərəfsizlik tarixi xatırlanarkən utanc hissləri duymuşam.

Natiq şiddətli alqışlar altında tribunanı tərk etdi, müttəhimlər kürsüsündə əyləşmiş Andranik Ozanyana qıyğacı baxış atıb yerinə keçdi.

Baş Hakim cəsarətinə görə Hovannes Ter-Martirosyana minnətdarlıq bildirdi, onun sözünə qüvvət kimi başqa bir erməni müəllifinin -  Stepan Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda çap edilən “Qarabağın iqtisadi şəraiti və 1906–1907-ci illər aclığı” əsərindən bir iqtibas gətirdi, qeyd etdi ki, 1905–1906-cı illərdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə ermənilər tərəfindən 75 kənd dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir.

Yağış xeyli səngimişdi, tamam dayandı. Amma günəş buludlar arxasından görünməkdə nə idisə də tərəddüd edirdi. Sanki o, aşağıda söylənilən vəhşiliklərdən dəhşətə gəlib insanlara işıq və hərarət verməyə tərəddüd etməyə başlamışdı.

Hakimlərlə azacıq məşvərət etdikdən sonra Baş Hakim söylədi:

-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar, biz bugünkü prosesin reqlamentində məcburən müəyyən dəyişikliklər etməli olduq. Divanın hərəkət traektoriyasını sapındırmamaq, effekti daha da artırmaq üçün şahid ifadələrini fasilədən sonraya keçirib indi sözü daha bir erməni tarixçisinə veririk. Əsərlərini “Leo” imzası ilə çap etdirən erməni tarixçisi, əslən Şuşadan olan Arakel Babaxanyana. Bu şəxs 1925-ci ildə Tiflisdə erməni dilində işıq üzü görən “Ançyaliç” (“Keçmişdən”) adlı əsərində öz həmmillətlilərinin cinayət əməllərini açaraq ortaya qoymuşdur. Alqış olsun bu cür fədakar insanlara!

Sürəkli alqış sədaları altında (Andranik Ozanyan yenə etiraz səsini ucaltdısa da ona əhəmiyyət verən olmadı) tribunaya ağsaçlı, lopabığlı, başına fəs qoyulmuş bir şəxs çıxdı. Hakimləri, tamaşaçıları salamlayıb öncə özünü təqdim etdi, sonra asta-asta kitabını çıxarıb oxumağa başladı:

- Əsrin əvvəlində “Daşnaksütun”çular Zəngəzur qəzasında və digər qəzaların kəndlərində...

Baş Hakim üzündə gülümsər ifadə onun sözünü kəsərək indi artıq 20 yox, 21-ci əsr olduğunu xatırlatdı, odur ki, “əsrin əvvəllərində” ifadəsinin işlədilməsinin bir səhv olduğunu anlatdı. Arakel Babaxanyan da üzrxahlıq edib çıxışına davam etdi:

-20-ci əsrin əvvəllərində bizim ermənilər elə dəhşətli zorakılıqlar törədiblər ki, bunun tarixdə misli-bərabəri olmayıb. Daşnaklar Qarabağda “Ermənistan” yaratmaqla, türklərə qarşı “sil-süpür” siyasəti həyata keçirirdilər. Mən kitabımdan bir çox dəhşətli faktlar oxuya bilərəm, buna lüzum olsa deyərsiniz, oxuyaram, amma indilikdə çox istərdim ki, Divanda mənim dostum Hovanes Apresyana söz verilsin. Bilirsinizmi, Leonard Ramsden Hartillin müəllifliyi ilə 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində çap edilən “Men Are Like That” (“İnsanlar belə imiş”) kitabı dostumun xatirələri əsasında qələmə alınmışdır.

Yaşlı hakim dərhal onun sözünə qüvvət verdi, həmin kitabı ABŞ-da yaşayarkən oxuduğunu bildirdi.

Babaxanyan sözünə davam etdi:

-Bu kitabın ikinci adı “1918–1920-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində” adlanır. Azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Xankəndidə 1892-ci ildə doğulan, ilk təhsilini Şuşada alan Hovanes Apresyan öz xatirələrində 1905–1906-cı illər və 1918–1920-ci illərdə erməni silahlı dəstələrinin Qarabağda, İrəvan quberniyasında və Qars vilayətində törətdikləri qırğınlar və insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.

Baş Hakim söylədi:

-Mən etiraz etmirəm. Güman edirəm ki, hakim yoldaşlarım da etiraz etməyəcəklər.

Onun sağında və solunda əyləşmiş yaşlı və cavan hakimlər “biz də etiraz etmirik, buyursun” söylədilər, tribunadan bir natiq gedib yerini başqasına verdi. Birincidən xeyli gənc olan bu natiq olduqca pafoslu tərzdə çıxışa başladı:

- Qarabağın sakinləri türklər və ermənilərdir. Əslində, bir türk yurdu olan bu diyarda ermənilər gəlmə idilər. Sayca çoxluq təşkil edən müsəlman türkləri arasında biz bir xristian azlığı halında yaşayırdıq. İrq-din, adət-ənənə ayrılıqlarının bu iki toplum arasında yaratdığı məsafə heç zaman aradan götürülməmişdi. Ermənilər rus ordusunda xidmət etdiklərini və yaxşı silahlandıqlarını, sakit təbiətli türklərin isə əsgər aparılmadıqlarını və bıçaqdan başqa silahlarının olmadığını qeyd etmək istərdim. Bu, çarizmin dini ayrı-seçkiliyinin bariz nümunəsi idi. 1905–1906-cı illər qırğınlarında bu faktor böyük rol oynadı. Ara bir qədər sakitləşən kimi, Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, sakinləri öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin də başına gəlmişdi”.

Günəş buludların arasında inadla gizlənməkdəydi. Səmaya baxınca onun harada olması aydın sezilirdi, azacıq cəhd etsəydi o, qara buludun arxasından çıxacaqdı, amma əfsus ki, buna cəhd etmirdi. Günəşlə bağlı vəziyyət Baş Hakimin də gözündən yayınmadı. O, replika atdı ki, yerdə baş verən rəzilliklərə günəş də çıxmamaqla etiraz edir.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Azərbaycan Aşıqlar Birliyində (AAB) yeni layihəyə başlayıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.

 

XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaqdır.

 

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Günel Mehrinin özüylə söhbəti və hekayəsi təqdim edilir.

 

 

 

özüylə söhbəti...

 

Mənə görə, ədəbiyyat – özünlə söhbətdir. Öz içinə – ağrılarına, narahatlıqlarına boylanmaqdır. Ətrafda baş verənləri içindəki süzgəcdən keçirib, saf-çürük edib öz rakursundan göstərməkdir.

Ədəbiyyat – güzgüdür. Hər kəsin hər zaman dilinə almadığı, etiraf edə bilmədiyi, amma hamıya doğma, məhrəm olan duyğuların güzgüsü... Ona görə bu güzgüyə baxanda çox məqam bizə tanış, doğma gəlir. Ona görə ədəbiyyat səmimiyyəti, sərhədsizliyi sevir...

 

 

...və hekayəsi

 

DOĞUM GÜNÜ

     

“De görüm, necəsən?” ...Yaxınlarda motivasiya ilə bağlı bir kitabda oxumuşdu: “Hərdən güzgüyə baxıb öz əhvalınızı soruşun...” Heç olmazsa doğum günündə özüylə səmimi olmaq istədi. Bir də pıçıldadı: “Necəsən?” Necə olacaqdı? Nə zövqlü libası, nə saç ustasının səyi əvvəlki görkəmini qaytara bilirdi. Rəngi-rufu avazımış, gözlərindəki işıq sönmüşdü. Yaxşı deyildi... Ona görə yox ki, yaşının üstünə yaş gəlirdi. Əksinə, heç vaxt öz doğum gününü belə həsrətlə gözləməmişdi. Xeyli vaxt idi, hər gün təqvimi işarələyir, ad gününə qalan günlərin hesab-kitabını aparırdı. Olan-qalan ümidini bu günə bağlamışdı...

          Ev qonaq-qarayla qaynayırdı. Bir yandan da telefonu susmaq bilmirdi. Təbriklərin ardı-arası kəsilmirdi. Amma nə qiymətli hədiyyələr, nə də gözəl diləklər gözündə idi. Heç kimdən yox, bu özəl gündə məhz ondan sürpriz gözləyirdi. Düzdür, ona aparan yolların önünə qalın divarlar hörmüşdü. Amma bilirdi ki, onun bir qərarlı addımıyla aralarındakı buz sədlər qalxar, hər şey dəyişə bilər. Ən azından param-parça olmuş münasibətləri ya sapa düzülər, ya da… Başqa  ehtimalı beynindən qovmağa çalışırdı. Danışmadıqları, görüşmədikləri bu bir il ərzində içinə yüklənmiş bütün cümlələri, cavabsız sualları beynində saf-çürük edirdi: “Görəsən, ad günümü necə təbrik edəcək?” Amma anası demiş, yüz fikir bir borcu ödəmir ki... O gün anasıyla xeyli mübahisə etdilər. Eləcə israrla deyirdi ki, unutmalısan, vəssalam. Necə razılaşa bilərdi anasıyla? Necə yəni keçmişi buraxmalısan? Sözlə deməyə nə var? Buna əməl etməyin nə qədər mümkünsüz olduğunu anası başa düşməliydi axı. Axı niyə içini isidən hissləri öldürüb boşluqla yaşamalıydı? Axı o boşluğu doldura biləcək bir nəsnə tanımırdı. Anası isə bir ucdan üyüdüb tökürdü: “Sevgi boş şeydir. Bu gün var, sabah yoxdur. O dediklərin eşq kitablarında, bir də filmlərdə var. Bax, atanla görücü üsulu ilə evlənib necə gözəl yaşayırıq...” Yenə nələrsə söyləyirdi anası, amma artıq onu eşitmirdi. Qadının ağzı balıq kimi açılıb-yumulurdu, səs yox idi. Ya da var idi, ona dəyib qayıdırdı, divara dəyən kimi. Birdən bütün gücünü toplyıb bağırdı, hə, eynən, qışqırmadı, bağırdı: “Mənə unutmaqdan danışma. Bacarırsansa, mənə unutmamağın reseptini öyrət, ana!” O an susdu anası. Amma susan kimi də bənizi bəmbəyaz oldu. Yazıq qadın qızından belə münasibət gözləmirdi. Əslində, anasını qınamırdı. Bəlkə də, anası əkiz ruhların vəhdətindən  xəbərdar olsaydı, ona haqq verərdi. Anlayardı ki, kitabları bağlansa da, yolları ayrılsa da, Tanrı tərəfindən içinə həkk  olunmuş ruh əkizini öldürə bilməz…

          Telefonun ekranı yandıqca həyəcandan boğazı quruyurdu: “Bax bu dəfə o olacaq.” Amma hər dəfə də başqa birinin təbrik mesajı, zəngi… Bu müddət ərzində mexaniki şəkildə qonaqları salamlamış, neçə dəfə rəqs etmişdi, kimlərləsə qədəh toqquşdurmuşdu, hətta ad günü tortundan da dadmışdı. Amma nə etsə də, dönüb-dönüb bir nöqtəyə baxırdı: kiçik qara ekrana. Nə baş verirdisə, içində baş verirdi. Uzun müddətdir hiss edirdi ki, xarici görünüşü ilə daxili dünyası arasındakı bağ qopub. Bədəni fiziki anlamda yatıb-durur, yeyib-içir. Amma içi bir nöqtədə quruyub qalıb. Nəyə əl atsa da, bir tərpəniş baş vermirdi. Bir növ daxili iflic yaşayırdı. Boynuna alırdı ki, ilk dəfə “mən olmaq”dan yorulub. “Biz”i tanıyandan bu yana daha mən olmaq istəmirdi. İlahi, o ağrılı gündən sonra hər şey necə də adiləşib, eyniləşib. Heç bir fiziki həzzin əvvəlki dadı qalmayıb: nə sevdiyi təamların, nə vurduğu ətirlərin, nə izlədiyi filmlərin, nə dinlədiyi musiqilərin. Hər şey boz rəngə bürünüb. Sanki hava da, mahnılar də, filmlər də, yeməklər də boz rəngdədir, əsl mahiyyətini itirmiş kimidir. Çünki onların bir ucu “biz” məfhumuna bağlıydı. Çünki hər notda, hər ətirdə, hər dadda, hər misrada “biz” vardı. Artıq onları tək halda həzm edə bilmirdi. “Biz” olan hər şeyi – birgə gülüşlərini, davalarını, göz yaşlarını, baxışmalarını və görmə trayektoriyasına iişib qalmış  daha nələri dondurub, saniyə-saniyə, kadr-kadr xatırlamaq istəyirdi. Qorxurdu, günlərin bir günü yuxudan durub görər ki, hafizəsindəki o  sevimli obraz yoxa çıxıb, silinib. Arada fraqment-fraqment onun təsvirlərini çəkirdi: göz, saç, ya əl fraqmenti. Bununla rahatlaşırdı. Amma heç vaxt onu bütövlükdə çəkməyə cəhd etməmişdi. Beynindəki “o” obrazı o qədər işıqlı idi ki, haqqını layiqincə verə bilməməkdən qorxurdu. Yaddaşını möhkəmlətmək üçün onun pazllarını qarşılaşdığı başqa oğlanlarda toplayırdı: “Bunda onun duruşu var, o birində isə barmaqları...” Xırda bənzərlik belə diqqətini cəlb edirdi və uzun-uzun baxırdı o adama, baxdıqca da içi isinirdi. Sanki həmin an onunla qarşılaşırmış kimi olurdu. Birdən lap yaxınlıqda kimsə güldü. Çönüb baxdı. Qonşu oğlan idi. Qəribədir. İlk dəfə düşündü ki, onların təbəssümü bənzəyir... İlahi, onun təbəssümü üçün necə darıxmışdı. Halbuki ən son görüşlərində siması tutqun və gərgin idi...

          Saat 12-ni vururdu. Bu günün son akkordları... “Bəlkə, indi, bəlkə, gecənin ən son təbriki ondan gələcək…” Ovcunda sıxdığı telefonun qaralmış ekranına son bir nəzər saldı və bütün ruhuyla içindəki “Biz”in qırılıb sonsuzluğa yuvarlandığını duydu. O an qərarlıydı. Aralarındakı son bağı qoparmaq istəyirdi. Telefonun nömrəsini çıxarıb eyvandan aşağı tulladı. Qəfil isti bir təmas çiyinlərinə toxundu:

          – Əllərin necə əsir... Əməlli-başlı donmusan ki… Üzün, gözün də göyərib. Soyuq səni   almamış yaxşı-yaxşı pencəyə bürün.

          Başını qaldırıb gözlərinə hərarətlə dikilmiş qonşu oğlana baxdı. Deyəsən, üzbəüz yaşadıqları bu illər ərzində ilk dəfə görürdü onun baxışlarındakı hərarəti. Ya bəlkə, o heç vaxt belə baxmayıb?..

– Bu gün yaman fikirliydin. Yoxsa bir yaş da gəncləşməyin dərdini çəkirsən?)

          Gülüşdülər. Son günlər ərzində ilk dəfə üzü gülürdü. Qonşu oğlansa bundan xəbərsizdi:

– Şamları üfürəndə arzu tutmuşdun? Qoy tapım, sənin kimi gənc xanım ancaq böyük  eşq arzulayar…Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!..)

          Bu nədir?.. Yavaş-yavaş içi donurdu. Şaxtanın əvvəlcə dərisini, sonra bircə-bircə daxili orqanlarınıı, iliklərini bürüyüb işğal etdiyini hiss edir, titrətməsi artırdı. Yox, bu elə-belə baş vermirdi. Hardasa dərin qatlarda yanan sevgi çırağı dörd tərəfini bürümüş soyuğun təsirindən öləziyib, öləziyib sönürdü. Uşaq vaxtı izlədiyi cizgi filmindəki qar kraliçaya çevrilirdi. Acı-acı gülümsündü: “Eşq…”

– Mən eşqə inanmıram ki…

– Necə yəni? Yəni heç?

– Heç. Əllə tutulmayan, gözlə görünməyən bir şeyə necə inanasan… Düz demirəm?

– Orası elədir. Amma bu Leylilər-Məcnunlar, Əslilər-Kərəmlər elə-belə yazılmayıb da.

– Elə məsələ ondadır ki, onlar hamısı nağıldır, əfsanədir. Reallıqsa daha sadədir. Olmayan bir şeyə inanaraq həyatı ötürmək olmaz…

– Yəqin ki. Maraqlı məntiqli yanaşman var. Ora bax, ora bax. Ulduz axır.

– Ay da, hə. Tez arzu tutaq:

Eyni anda pıçıldadılar:

– Hüzur...

          Qonşu oğlan onun buz kimi barmaqlarından tutdu:

– Doğum günün mübarək, qonşu qızı. Yeni yaşın hüzurlu gəlsin.

– Sağ ol. Təsəvvür eləmirsən, bu təbrikin necə yerinə düşdü.

          Dərindən nəfəs aldı. Soyuq hava ciyərlərini yaladıqca yüngülləşirdi. Ona elə gəlirdi ki, bu saniyələrdə içində əvvəlkindən fərqli, yeni bir mən doğulur. Pıçıldadı: “Yaxşıyam… ”

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

“Legendary Entertainment” şirkəti “Sony TriStar Pictures” ilə birgə görkəmli braziliyalı yazıçı Paulo Koelyonun bütün dünyada populyar olan “Əlkimyagər” romanının ekranlaşdırılması üçün hüquqları əldə edib. Bu barədə TASS agentliyi məlumat verir.

 

Milyonlarla oxucunun sevgisini qazanan roman əsasında filmin ssenarisi üzərində yazıçı və ssenarist Cek Torn işləyəcək («Qaranlıq başlanğıclar”, “Enola Holms”).

 

“Əlkimyagər” romanı Misirdə böyük xəzinələrin tapılacağını yuxuda gördükdən sonra Misirdəki piramidalara yollanan gənc əndəlus çobanı Santyaqodan bəhs edir. Roman ilk dəfə 1988-ci ildə nəşr olunub və dünya bestselleri olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Uraqan Abdullayev, "Ədəbiyyat və İncəsənət".

 

Bu mövzunu azdan-çoxdan bütün ədəbiyyat cameəsi bilir, lakin istərdim Nobel mükafatının verildiyi bu günlərdə bu mövzu ilə bağlı mən də bir az danışım.

Beləliklə, bugünkü mövzumuz “Nobel Mükafatıdır”. Haradan çıxdı və necə paylanılmağa başlanıldı? Nobel mükafatının verilmə kriteriyaları hansılardır? Kimin bu mükafatı alacağına kim və necə qərar verir? Bunların hər biri haqqında qısa olaraq məlumat verəcəyəm.

Hazırsınızsa başlayaq...

  

  İlk dəfə 1901-ci ildə verilməyə başlayan Nobel ödülləri, əslində, 19-cu əsrin sonlarına, yəni 1800-cü illərin axırlarına təsadüf edir. Hamınızın bildiyi kimi bu mükafatın adı da, elə ünlü kimyagər Alfred Nobelin adı ilə bağlıdır. İsveçli kimyagər olan Alfred Nobel 1800-cü illərin ortalarında çox böyük bir icadın altına imzasını atmışdı. Nobel o vaxtlarda tikinti mədənlərində əmək gücünün necə çətin bir proses olduğunu müşahidə etmiş, bunun iş prosesini daha da çətinləşdirdiyini və zəiflətdiyinə diqqət yetirmişdi. Bu sıxıntını aradan qaldırmaq üçün "TNT" adı verilən məşhur dinamiti icad etdi. Nobelə görə bir çox iş daha sürətli olacaqdı, qatarlar üçün qurulan reyslər daha sürətlə hazırlanacaqdı və mədənlərin səmərəliliyi daha çox artacaqdı və ən əsası,  yeni tunellərin açıla bilməsi üçün dinamitdən istifadə edilərək çox sürətli şəkildə ortadakı əngəllər aradan qaldırıla biləcəkdi.

Bununla da dinamit sayəsində Alfred Nobel dünyanın ən zəngin alimlərindən birinə çevrilmiş oldu. Amma Nobelin sərvətinin qaynağı sadəcə inşaat və tikinti mədənləri deyildi. Dinamitin gücünün fərqinə varan ölkələr bunu döyüşlərdə istifadə etməyə başladılar və Nobel istəməyə-istəməyə bir anda 19-cu əsrin ən böyük silah mühəndislərindən birinə çevrilmiş oldu. 

 

  Dinamit döyüşlərdə sürətli bir şəkildə istifadə olunmağa başlandı. Alfred Nobel bu vəziyyətdən çox da məmnun deyildi, amma çox ciddi miqdarda pullar qazanırdı və özünü “mən dinamiti insanları öldürsün deyə icad etmədim, mən dinamiti insanlığın xidmətində durub onların həyatını rahatlaşdıra bilmək üçün icad etdim.  Başqalarının onu bu şəkildə istifadə etmələri mənim günahım deyildi” deyərək  təsəlli edirdi. Beləcə, uzun illər ona qarşı olan mənfi tənqidlərin hamısına qarşı qulaqlarını yummağı tərcih edirdi. Ta ki, 1985-ci ilə qədər.

 

 1895-ci ildə çox qeyri-adi bir hadisə gerçəkləşdi. Haradan çıxdığı bəlli olmayan bir dedi-qoduya görə Alfred Nobel ölmüşdü (həmin vədələrdə Nobel Fransada yaşayırdı) və bu xəbər Fransada bomba kimi partladı, bir sabah Fransadakı bütün qəzetlər Alfred Nobelin öldüyünü ilk səhifələrində yazdılar.

Alfred Nobel əslində ölməmişdi və açıb qəzeti oxuyanda böyük bir şok ilə qarşılaşmışdı. Qəzetlərdə onun öldüyü yazılmışdı, lakin Fransız qəzetləri bunu normal bir dillə demirdi, sanki hamısı əl birliyi ilə "Nəhayət ki, ölüm taciri öldü", "Döyüşlərdə minlərcə insanın ölməsinə səbəb olan o amansız Nobel sonunda bu dünyadan rədd oldu" kimi başlıqlar dərc edilirdi. Olduqca kobud və qeyri-etik ifadələrin yazıldığını görən Alfred Nobel şoka uğradı. Çünki Nobel bir alim idi və insanlığın rifahı naminə çalışmaq istəyirdi. Düzdür, dinamitlər ona çox böyük sərvət qazandırmışdı, lakin qəzet başlıqlarını oxuduğu zaman "mən öldüyümdə insanlar məni ölüm taciri dünyadan ayrıldı" və ya "Şeytanın ortağı" kimi sözlərəmi məruz qoyacaq?”- deyə düşünməyə başladı.

Bu hadisədən sonra sözün əsl mənasında depressiyaya girən Alfred Nobel bunun təsirindən uzun müddət çıxa bilmədi. Ki, zatən bu hadisədən 1 il sonra dünyadan ayrıldı.

Lakin ölmədən öncə vəsiyyətinin dəyişdirilməsinə göstəriş vermişdi. Beləcə, o günə qədər heç bir zəngin insanın sahib olmadığı bir vəsiyyət hazırladı.

 

 1896-cı ildə beyin qanaxmasından ölən Alfred Nobelin üç həftə sonra vəsiyyəti açıqlandı və bu vəsiyyət bütün dünyada böyük bir təsir yaratmış oldu.

Alfed Nobel öldüyündə bugünkü məbləğlə 250-300 milyon dollarlıq bir sərvətə sahib idi və vəsiyyətində bununla bağlı çox qeyri-adi bir tələbi var idi. Alfred Nobel bütün sərvətinin "Nobel fonduna" təslim edilməsini vəsiyyət etmişdi və bu fondun illik gəlirlərindən artan faizin də hər il həmin ilin elm, sənət, ekonomika kimi sahələrində ən çox xidmət göstərmiş şəxslər arasında bölünməsini istəmişdi.

Alfred Nobel yaşadığı vicdan əzabını bir az daha azalda bilmək üçün heç olmasa öldükdən sonra insanların onu yaxşı xatırlaya bilməsi üçün elm, texnologiya, ədəbiyyat, ekonomika və politik anlamda insanlığa bir şey qatmaq istəyənlərə bir mükafat vermək istəmişdi.

Nobelin bu vəsiyyəti yerinə yetirildi və ölümündən qısa bir müddət sonra Nobel Fondu quruldu. Bütün mirası bu fonda köçürüldü və bu fond hər il əldə etdiyi gəlirlərin faizlərini də 5 ana başlıq altında 5 nəfərə təqdim etdi. Çünki Nobelin vəsiyyətinə görə hər il 5 sahə üzrə ən böyük xidmət göstərmiş şəxsə mükafatlar təqdim edəcəkdi. Bu nominasiyalar: "fizika", "kimya", "fiziologiya və ya tibb",  "ədəbiyyat", "ekonomika və ya barış" mükafatları idi. Nəticədə fondun hər il əldə etdiyi gəlirlərin faizləri bu 5 sahə üzrə paylanacaqdı. Nobelin vəsiyyəti tam olaraq 1901-ci ildə gerçəkləşdirildi və bu il ilk dəfə mükafatların təqdim edilməsinə başlanıldı. Hətta ilk mükafatı alanlardan biri çox məşhur olan Vilhelm Rentgen idi ki, "rentgen şüalarını" kəşf etməsiylə tanınırdı.

 

 1901-ci il tarixindən etibarən hər il Nobel Mükafatları paylanılmağa başlanmışdır. Mükafat sadəcə bir medal deyil, eyni zamanda da pul mükafatıdır. İlk başlarda adambaşına 150 min kron pul düşürdü. Lakin günümüzdə Nobel mükafatını qazanan insana 6 milyon dollar pul mükafatı düşür.

Bəs yaxşı kimin Nobel mükafatını alıb, kimin almayacağına kim qərar verir?

Alfred Nobel bunu vəsiyyətində çox geniş bir şəkildə anlatmışdır. Mükafatların qətiyyən tək bir qaynaqdan dağıdılmasını istəmir, buna görə də mükafatlar kateqoriyalarına görə İsveçdəki fərqli qurumlar tərəfindən tapılacağını istəyirdi. Misal üçün "fizika" və "kimya" sahəsində kimin bu mükafatı alacağına İsveç kraliyyət ailəsi təyin edir. Ya da ekonomika mükafatını kimin alacağını İsveç kraliyyət bankı qərar verir. Bundan başqa Nobel mükafatına hər il min nəfər namizəd göstərilir və İsveçdəki bu kraliyyət qurumları da o min kişinin içindən ən üstün 5, yaxud 7 nəfərdən birini, yaxud ikisini birdən seçir. Çünki Nobel mükafatı bəzi hallarda kateqoriyaya görə 2 nəfərə birdən də verilə bilir.

Hər ilin oktyabr ayının ilk həftəsinin içərisində Nobel mükafatını kimlərin qazandığı açıqlanır. Və 10 dekabr tarixində də (yəni Alfred Nobelin ölüm günündə) mükafatlar sahiblərinə təqdim edilir.

Bundan başqa Nobel mükafatlarının qeyri-adi tarixləri də var. Misal üçün bu günə qədər 16 ədəd Nobel mükafatı təqdim edilə bilmədi. Çünki 1-ci dünya və 2-ci dünya savaşına təsadüf edildi. Laurens Bragg Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Neonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünya tarixində iki nəfər Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Pol Sartrdır. 

 

 J.Sartr 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib və bunu da “ölkəmi ələ keçirən qərblilərdən mükafat qəbul etmərəm” deməsi olub. Lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler öz qəribəliyini burada da göstərib. A.Hitler 3 alman nobelçisini — kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. Sonradan onların bəzisi Nobel mükafatının diplomu və medalını əldə etsələr də, mükafatdakı məbləği ala bilməyiblər. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu SSRİ məcbur edib.

Nobel mükafatı bir ədəbiyyatçının, alimin və ya bir ekonomistin ala biləcəyi ən qiymətli mükafatdır. Bu sadəcə qızıldan bir medal deyil, eyni zamanda yaxşı bir pul mükafatı da təqdim olunur. Lakin bu mükafatı alan adam üçün tək məsələ sadəcə pul deyil, eyni zamanda həmin şəxs üçün bütün qapıların açılması mənasına da gəlir.

Alfred Nobel insanlıq üçün yaxşı bir şeylər etməyə çalışmışdı. Buna baxmayaraq ona "savaş tanrısı" yaxud "ölüm lordu" kimi adların qoyulacağını heç təsəvvürünə belə gətirməmişdi. Sadəcə olaraq şərtlər onu o nöqtəyə götürmüşdü. Gözəl niyyətli olmağınız yaxşı şeylər bacaracağınız anlamına gəlmir.

Alfred Nobel çox böyük bir vicdan əzabı ilə öldü. Və Nobel Mükafatı onun vicdanını az da olsa rahatlatmaq üçün idi.

 

Ölkəmizdə Nobelə layiq görülən ilk şəxs:

1908-ci ildə Bakıda yəhudi əsilli ailədə doğulan, tanınmış fizik Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə daxil olub. Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

 

 Nobel alan ilk azərbaycanlı:

Tarixi faktlar göstərir ki, Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı göz həkimi Sona Vəlixanlıdır. O, 1940-cı ildə təqdim olunmuşdu, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməmişdir.

 

 Nobel Sülh Mükafatı alan ilk azərbaycanlı qadın:

Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olub. Təhsil pillələrini uğurla qalxan Şirin Ebadi 1975-ci ildə İranın ilk qadın məhkəmə sədri olur. Lakin İran İslam İnqilabından sonra təqaüdə çıxmaq məcburiyyətində qalır. Qarşılaşdığı çətinliklərə rəğmən, öz yolundan, əqidəsindən dönmür.

 

 Ebadinin hüquq sahəsində göstərdiyi fəaliyyət dünyanın da diqqətində idi. Bunun nəticəsi kimi, o, 2003-cü ildə Roma Papasi İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülür və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşür.

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirərək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

 

 

 2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.

Qeyd edək ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri Mərkəz vasitəsilə Nobel mükafatına təqdim olunmuşdur. Onlar Nemət Qasımov, Ofeliya Abakarova, Tel­man Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadədir.

Həmçinin Azərbaycanın tanınmış yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın “Nobel” Mükafatına namizədliyi qeydə alınıb. 

 

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Cümə, 06 Oktyabr 2023 12:15

Kamera musiqisi axşamı zövq oxşadı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Dövlət Fortepiano Triosunun “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.

 

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə Əməkdar artistlər Töhfə Babayeva (violin), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimovanın (cello) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Trionun tərkibinə Azərbaycanın Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.

Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarların əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə (Rusiya, Türkiyə, Almaniya və s.) uğurla çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə müsahibim Şebnem Özbaydır. Haqqında heç bir məlumat vermirəm. Çünki müsahibədə bütün məlumatlar var. Tək onu deyim ki, xanım Şebnem Özbay Türkiyədə kifayət qədər sevilir. 

 

-Şebnem xanım, özünüz barədə oxucularımıza məlumat verərsinizmi?

—Məmnuniyuətlə. İstanbulda anadan olmuşam. Beş uşaqlı bir ailənin ikinci qızıyam. Çoxmədəniyyətli ailə mühitində böyümüşəm. Anam tərəfi Cənubi Qafqazdan, atam tərəfi isə 1820-ci ildə Buxaradan Urfaya köçmüş və nəsillər boyu Harran düzündə əkinçiliklə məşğul olan bir ailədir. Urfada orta məktəbi bitirdikdən sonra Bursa Uludağ Universitetində Biznesin idarə olunması üzrə bakalavr təhsilimi tamamladım. Məzun olduqdan sonra bir müddət özəl sektorda maliyyə, turizm və reklam sahələrində çalışdım və sonra aktiv iş həyatından ayrıldım.

 

 -Ədəbiyyata marağınız necə yarandı?

 

-Ailəm, xüsusən də atam oxumağa çox maraq göstərirdi. Əslində Osmanlı dövrünün şairləri arasında nəslimizdən nümayəndələr  də az deyil. Bu gün böyük əmilərimin yazdığı divanlar əlimizdə olmasa da, “ŞANLIURFA ŞAİRLƏRİ” (araşdırmaçı Bedri Alpay) adlı iki cildlik əsərdə təxminən on şairin nəslimizə  aid olduğu anlaşılır. Məsələn, məni çox təsirləndirən, Hərbi Tibb Məktəbini bitirdikdən sonra Birinci Dünya Müharibəsində könüllü olaraq cəbhəyə gedən və iyirmi üç yaşında şəhid olan Mollazadə Əbdülhadi (Özbəy) oldu. Onun məqalələri 1915-ci ildə İstanbul qəzetlərində dərc olundu və Ziya Göyalpın yaxın dostu idi. “Yüksəlmək üçün zəhmət lazımdır, yüksəlmək istəmək lazımdır” desə də, təəssüf ki, ömrü uzun olmadı. Bir sözlə, həm genlərimə görə, həm də böyük kitabxanası olan evdə böyüdüyüm üçün özümü tanıyandan oxuyub yazıram.

 

-Şeir yazmağa nə zaman başladınız və ilk şeirinizin mövzusu nə oldu?

 

 -Şeirə marağım, demək olar ki, ədəbiyyatla maraqlanan hər kəs kimi orta məktəbdə başlayıb. Çox yaxşı ədəbiyyat müəllimlərimiz və çox gözəl şeir yazan dostlarımız var idi. O vaxt mən də həvəslə yazırdım. “Maviliklerin coşkun dalgaları dinleyin, kapatın bedenimi, ak köpüklerinizle, götürün ve atın beni uzak körfezlere...” O vaxtlar bu misraları yazdığımı xatırlayıram.

 

-Əsərlərinizi yazarkən ilham mənbəyinizi haradan alırsınız?

 

-Hər kəsdən, hər şeydən və hər yerdən ilham ala bilirəm. Dayanacaqda oturub avtobus gözləyən yaşlı kişidən, köhnə fotoşəkildən, ağacının gövdəsinə bükülmüş sarmaşıqdan...

 

-Ən çox sevdiyiniz şairlər kimlərdir?

 

-Şübhəsiz, Nazım Hikmət, Turqut Uyar, Cemal Süreya və bir çoxları. 

 

- Bir şair üçün bütün şeirlər olduqca dəyərlidir. Bütün bunlara rəğmən, ancaq sizin üçün daha dəyərli olan hər hansı bir şeirinizi bizlər üçün paylaşa bilərsinizmi?

 

-Öz şeirlərimdən bir neçə misra:

               “Yaşımı başıma devşireyim dediğimde,

                gözlerinle gülüşün gelir hatırıma,

                içimde kuşlar ötüşür,

                varsın yolun sonu beraber olmasın,

                 iki can sevgiyle bir cihana dönüşür”.

 

-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Uşaqlığım... Urfada bağda ikimərtəbəli daş evdə böyümüşəm. Bağda zeytun ağacları,  rəngarəng qızılgüllər... Yaz aylarında hər yerdən qızılgül iyi gəlirdi. Həftə sonları kəndimizə gedirdik. Ucsuz-bucaqsız buğda tarlaları, atlar, qoyunlar... Oradakı insanların əlvan paltarları, üzlərindəki döymələr... Xüsusilə də yaşlılar. Saatlarla onlara qulaq asardım. Bir küncdə sakit oturan o qocalardan nə xatirələr qalır!

 

-Zaman sizin üçün nə deməkdir? Yazarkən hər hansı bir rutininiz varmı?  

 

-Yazmağa başlayanda vaxt mənim üçün dayanır. Səssizlikdə yaza bilirəm, yazanda gecəm gündüzümə qarışır. İstədiyim kimi, təbii axınla yazıram.

 

-Hansı janrda kitablara üstünlük verirsiniz ?

 

-Hər il orta hesabla 60.000 kitab nəşr olunur və əvvəlkilər də daxil olmaqla milyonlarla kitabdan insan ömrü boyu yalnız üç-beş min kitab oxuya bilir. Mən türk və dünya ədəbiyyatının görkəmli əsərlərini oxuyuram və demək olar ki, hər sahədə indiki yazarların ən yaxşı əsərlərini oxumağa çalışıram.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

 -İndiki vaxtda insanın kitab oxumasına mane olan bir çox xarici amillər var. Oxumaq üçün əvvəlcə telefonu bir kənara qoymalı, sosial media hesablarından istifadəni minimuma endirməli və mümkünsə televiziyadan uzaq durmalıyıq.

 

-Türkiyə hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyədə yazılan və nəşr olunan kitabların sayı xüsusilə son illərdə xeyli artıb. Onların arasında mənə təsir edən böyük yazıçılar var. Qadın olduğum üçün deyə bilərəm ki, qadın yazıçılardan xüsusilə Ayfer Tunç, Mine Söğüt, Səma Kaygusuzun əsərləri də gələcək nəsillərə təsir edəcək gücdədir.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Şübhəsiz ki, ilk ağlıma gələnlər “Çırpınırdı Qaradəniz”i yazan Əhməd Cavad, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və s.

 

-Ən çox sevdiyiniz yazar və əsər hansıdır?

 

-Sevimlilərim arasında Abdülhak Şinasi Hisarın “Boğaziçi Köşkləri” və “Çamlıcada Əmimiz”, eləcə də Sait Faiq Abasıyanık, Leyla Erbil... Bu qədər!

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?

 

-Postmodern ədəbi cərəyanları izləsəm də, əsərləri böyük maraqla oxusam da, özümü həmişə keçmişdə görürəm. Bu dövrdə başgicəllənmə sürəti var. Ayağa qalxa bilməyəndə və sakitləşmək istəyəndə özümü həmişə klassiklərin içində görürəm. Musiqidə də belədir.

 

-Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Gənc yazarlara və hətta hamımıza xatırlatmaq istədiyim odur ki, “mən varam” deməsinlər. Gənclər çox oxumalı, gündəlik tutmalıdırlar.

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram

 

-Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.