
Super User
“Daily News Hungary” nəşri Macarıstanda Nizami Gəncəvinin büstünün açılışı mərasimi haqqında məqalə dərc edib
Macarıstanın ingilisdilli populyar “Daily News Hungary” internet-nəşri oktyabrın 21-də ölkənin Lakitelek şəhərində keçirilən əlamətdar hadisə haqqında məqalə yayıb.
AzərTAC xəbər verir ki, məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün təntənəli açılış mərasimindən söhbət açılır.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Lənkəran mətbəxindən Mərci Pətə
Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət” üçün
Bu dəfə əslən lənkəranlı olan qonşumuz Fəridə xaladan bir Lənkəran yeməyinin reseptini alıb sizinlə bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi, Lənkəran mətbəxi zəngin çeşidi, dadlı, ləzzətli, özünəməxsus yeməkləri ilə tanınır. Cənub bölgəsinin mərkəzi kimi tanınan Lənkəran boş yerə deyil ki, UNESKO tərəfindən 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunub.
Bu mətbəxə məxsus ləvəngi, qozlu kükü, boranı plov, mərci plov, turşu kabab, badımcan ləvəngisi, fisincan, balıq sırdağı, lökü, qiyməqatıq kimi ləziz təamlar ölkədən kənarda da tanınır və sevilir.
Fəridə xala isə bizə Lənkəran mətbəxinə məxsus qədim bir yeməyi - “Mərci pətə”ni bişirməyi öyrətdi.
Lazım olan ərzaqlar:
* 1 stəkan yaşıl mərcimək
* 100 qr qoz ləpəsi
* 1 ədəd soğan
* 1-2 dilim boranı
* duz, istiot
* üyüdülmüş keşniş toxumu
Hazırlanma qaydası:
İlk öncə mərciməyi yuyub üzərinə su töküb bişməyə qoyun. 1-2 dilim boranı da qabığını soyub mərciməyə əlavə edib suyu çəkilib yumşalana qədər bişirin. Başqa bir tavada yağda aypara şəklində doğranmış soğanı yüngül qovurun. Qoz ləpəsini qozçəkəndən keçirib və ya xırda doğrayıb soğanın üzərinə töküb qarışdırın. Bişmiş mərcimək və balqabağı, zövqə görə duz, istiot, üyüdülmüş keşniş toxumunu da əlavə edib qarışdırın. Daha sonra blenderlə püre halına gələnə qədər əzin.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
“Şəki Siti” klubunun ispan legioneri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Azərbaycan futbolunda birinci və ikinci divizionlarda oyunların keçirilməsi inkişafa xidmət etdi. Futbolumuz kütləviləşdi, bu çox gözəldir.
İkinci divizionda qaradərili futbolçuları, asiyalı və hətta avropalıları görəndə isə xeyli təəccübləndim. Əcabə, Azərbaycan kimi futbolu 3-cü sort hesab edilən bir ölkənin Lerik kimi bir ucqarında təbii ki, qəpik-quruş məvacibə gəlib top qovan legionerin səviyyəsi barədə nə söyləmək olar?
Parodiyam bu barədədir:
“Şəki Siti” və “Bakı Sportinq” klublarının oyunudur. Şərhçi şəkililərin heyətini təqdim edir:
-28 nömrəli futbolçu Xuan Qonsales - “Şəki Siti”nin ispaniyalı legioneri. Kifayət qədər tanınmış və təcrübəli oyunçudur. Karyerası boyunca dəfələrlə “Real” Madrid və “Barselona” kimi dahi klubların oyunlarını stadiondan izləyib.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Rəsm qalereyası: Arif Hüseynov, “Miniatür”
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “Baxıram” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir.
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.
2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
BAXIRAM
Gözündə bir qorxu, min bir həyəcan,
İlahi nə duyur xəyalən görən?
Könlündə yaşıl və sıcaq bir muğan,
Sənmisən röyamda məni öldürən?
Bir olay sındırıb yenə vüqarı,
Keçmişi büsbütün itirdim daha.
Qaldırıb içimdə yetim divarı,
Çəkilir kimliyim bu gün, sabaha.
Gəlib gözlərimin önündə durub,
Baxıram könlünün pəncərəsindən.
Gəlişin sevinci beynimə vurub,
Qopardın tənimi yer kürəsindən.
Gözlərin gözümə zillənən çağı,
Elə bil köksümdən güllə sovuşdu.
Dodağın bir anlıq güllənən çağı,
Sürəkli qışımdan çillə sovuşdu.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
AKTUAL ŞEİRdə “Necə əliniz gəldi?”
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
3 il öncə bu günlərdə müzəffər ordumuz erməni qəsbkarlarını iti qovan kimi torpaqlarımızdan qovmağa başlamışdı. Həmin vaxt vəhşilər Gəncəni və Bərdəni bombalayır, dinc sakinlər, o cümlədən uşaqlar tələf olurdu.
Necə əliniz gəldi?
(Zəhra balanın timsalında bu taleyi yaşayan bütün fidanlara həsr olunur)
Bir balaca körpənin həyatına qıymağa,
Ümid dolu fidanı yarı yolda qoymağa,
Necə əliniz gəldi?
Ürəyiniz daşdımı? Ruhunuz şeytandımı?
İki yaşlı Zəhranı öldürən insandımı?
Necə əliniz gəldi?
Göylər də qan ağladı, fırtınalar başladı,
Tanrının özü belə sizləri qarğışladı.
Necə əliniz gəldi?
Yazdıqca yanır adam, yandıqca yazır adam,
Bu dəhşətin üzünə baxmağa qorxur adam,
Necə əliniz gəldi?
Nə deyim, nə söyləyim gözünüz kor olaydı,
O gülləni atarkən əliniz quruyaydı,
Necə əliniz gəldi?
Ey insanlıq adından uzaq olan erməni,
Cavabsız sualıma bir cavab ver sən mənim,
Necə əliniz gəldi?
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Müharibə mövzusu böyük ekranda
Əli Nəcəfxanlı yazır
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş “Müharibə mövzusu böyük ekranda” yazısını təqdim edir.
Azərbaycan kinematoqrafiyasında müharibə mövzusunda xeyli gözəl film var. İkinci Dünya müharibəsinə aid olan “Uzaq sahillərdə”, “Sizi dünyalar qədər sevirdim”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Bizim küçə”, “Ölsəm, bağışla”, “Tütək səsi” filmləri mükəmməldir. Bu ekran işlərində həm döyüş səhnələri göstərilib, qəhrəmanlıq tərənnüm olunub, həm də topsuz-tüfəngsiz arxa cəbhədəki insan taleləri əsas götürülərək savaşın faciələrinə işıq tutulub.
Ermənistan–Azərbaycan münaqişəsinə gəlincə isə, bu mövzuda hələlik Birinci Qarabağ müharibəsi mövzusunda müəyyən filmlər çəkilib: “Dolu”, “Fəryad”, “Yarımçıq xatirələr”, “Ümid”, “Girov”, “Yalan”, uşaqlar üçün “Ağ atlı oğlan” və s. Debüt filmi sayılan “Qara bağ” da bu sıraya aid edilməlidir. Məsələ bundadır ki, istər bədii, istərsə də sənədli janrda lentə alınan bütün filmlər ümumən tarix üçün, eyni zamanda gələcək nəsillər üçün bir növ xronika kimi vacibdir. 44 günlük “Zəfər yürüşü”, şəhidlərimizin qəhrəmanlığı, dünyada analoqu olmayan uğurlu döyüş əməliyyatları, psixoloji məqamlar hələ özlərinin ekran təcəssümünü gözləyir. Bir sözlə, Qarabağ müharibəsi özünün hər üzü ilə dünyaya çatdırılmalıdır.
Onu da xatırlayırıq ki, bir neçə il əvvəl kinoda Qarabağ mövzusu ölkəmizin sərhədlərini də adlayıb. Söhbət türk rejissoru Gökalp Yamenin “Qarabağ – Turan” adlı 18 dəqiqəlik qısa filmindən gedir. Mübariz İbrahimovun qəhrəmanlığının da geniş yer aldığı həmin ekran işinin Şimali Kiprin Yaxın Doğu Universitetində təqdimat mərasimi də keçirilib.
Son dövr kinomuzda Qarabağ mövzusunda uğurlu filmlərin rejissoru kimi tanınan Əməkdar incəsənət xadimi Elxan Cəfərovun bu barədə fikirləri maraqlıdır: “Bilirsiniz ki, mən vaxtında bu mövzuda üç film işləmişəm. “Dolu” (2012), “Yarımçıq xatirələr” (2015) və “Qarabağdır Azərbaycan” (sənədli-bədii film 2009). Əgər bundan əvvəl bizim filmlərdə Qarabağa necə qayıtmağımız, Qarabağsız Azərbaycan, “Biz Qarabağı heç vaxt unutmayacağıq” kimi mövzular əsas idisə, bundan sonrakı dövrdə kinonun Qarabağla bağlı paradiqması artıq dəyişib. Biz Qarabağ savaşında qalib gəldik, torpağımızı qaytardıq və bundan sonra Qarabağımızı necə dirçəldəcəyik, orada necə möhkəmlənəcəyik kimi məsələlər də önə keçməlidir”.
Avqustun sonunda Mədəniyyət Nazirliyinin Azərbaycan Ədəbiyyat Fondu ilə “Ədəbiyyatın kinoya transferi” mövzusunda keçirdiyi dinləmələrdə də bu məsələ ətraflı müzakirı olunub. Fondun baş direktoru, tanınmış yazıçı Varisin dediyinə görə, həmin tədbirdə məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino sənayesinə daha yaxından cəlb edilməsi olub. Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, rejissor Adil Azay və başqaları ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi üçün yaxşı dramaturji materialın olması zərurətindən bəhs ediblər. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib. Müharibə mövzusunda filmlərin ən yaxşı müəlliflər tərəfindən çəkilməsi zərurəti vurğulanıb və bildirilib ki, bu mövzuda film müsabiqəsi keçirmək nəzərdə tutulur.
Ölkənin kino cameəsinin birləşməsi, “Debüt studiyası”nın bərpası, mediasının maliyyələşdirilməsinə başlanılması, prodüser mərkəzlərinin çoxalması və təkmilləşməsi üçün atılan addımlar nikbinlik yaradır. Mədəniyyət Nazirliyinin seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların seçilməsində maraqlı olması da inam yaradan amildir.
Nazirlik, həmçinin, dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsini gerçəkləşdirmək, hətta onları maliyyələşdirmək əzmindədir. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60–70 faiz yerli kadrlardan – azərbaycanlı mütəxəssislərdən istifadə etsinlər ki, kinoda milli kolorit hiss olunsun.
Bu günlərdə müharibə mövzusunda iki filmin təqdimatının keçirilməsi fərəhli hadisədir. Biri qəhrəmanlıq xronikasına aid olan “Oğul”, digəri isə müharibə itkinləri haqqında çəkilmiş “Coğrafiya müəllimi” adlı qısametrajli bədii-sənədli filmdir. Bu ekran işlərinin ingilis dilində titrlərlə müşayiət olunması filmləri xarici auditoriyaya çıxarmaq məramına xidmət edir.
Şübhə etmirik ki, şanlı qələbədən sonra Vətən müharibəsi haqqında daha güclü ssenarilər yazılacaq, filmlər çəkiləcək. Ali Baş Komandanın bu 44 gündə xalqa müraciətləri, əsgərlərimizin qəhrəmanlıqları və sair əsl salnamədir, tarixdir, bütöv seriallar üçün münbit materialdır. Bu mövzular ədəbiyyatda və kinoda özünün layiqli əksini tapacaq.
Amma kinematoqrafçılar unutmamalıdırlar ki, Qarabağ müharibəsi haqqında maraqlı və dərin məzmunlu filmlərin çəkilməsi hər zaman aktual məsələ olaraq qalacaq. Dünya arenasına çıxmağın başqa yolu yoxdur.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
GÜNDƏM ŞEİRLƏRİndə “Yandırıb”
“Ədəbiyyat və incəsənət” portalının bugünkü Gündəm şeiri Yusif Nəğməkardan gəlir. O, şeiri yazma səbəbini özü izah edir.
İstedadlı şairə xanım Adilə Nəzər öz Facebook səhifəsində riyakar dünyanın QARABAĞ məsələsində yenidən ciddi haqsızlığa... yol verəcəyi təqdirdə özünü yandıracağını yazdı...
Özünü yandırma, Adilə Nəzər,
Sənin yandıranın HAQDAN yandırıb.
Qədimdir etdiyin fəryad, dad-həzər;
Qəlbini söz eşqi çoxdan yandırıb!..
Canda qalaqlanıb fikrin külləri,
Duyğunun, ilhamın alov dilləri...
Yağı-düşmənlərin xain əlləri
Yurduna tuşlanan oxdan yandırıb...
Haçan ocaq çatdın misralarında,
Alov çiçəkləndi əsrarlarında...
Səni od mizrabın könül tarında
O gündən, o an, o vaxtdan yandırıb...
Var ikən ATƏŞGAH- yanar çağımız,
Özünü yandırma, ruhusağımız.
Bəs edər od saçan YANARDAĞIMIZ;
TANRI ULUMUZU dağdan yandırıb!..
Yanmaq-- fədakarlıq andırmağındır,
Anmaq-- sınmaz sanı sındırmağındır...
Hər şeir-- özünü yandırmağındır --
Qədərdən, taledən, baxtdan yandırıb!..
Donan heyrətindir yanan qeyrətin,
Onsuz, od püskürür qalib MİLLƏTİN;
Çıxıb axırına zülmün, zillətin,
İşğal divanını taxtdan yandırıb!..
Neyləyək, namərddir həyatda çoxluq?!.
Arayıb-axtarma, yox gözütoxluq...
Dünyada ədalət deyilən yoxluq
Sənin varlığını yoxdan yandırıb...
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
ANONS: Türkiyəli yazar Cemal Durmazla müsahibə
“Ədəbiyyat və incəsənət” portalı sabah oxucularına əməkdaşı Habil Yaşarın Türkiyədən hazırladığı növbəti müsahibəni təqdim edəcək. Bu dəfə Habil Yaşarın müsahibi “Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi”nin prezidenti, “İlkses” qəzetinin köşə yazarı, üç detektiv-macəra romanının müəllifi Cemal Durmazdır.
Qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Kəlağayı ilə eldən elə
ŞƏKİ ŞƏHƏR SƏMƏD VURĞUN ADINA FOLKLOR EVİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 21 Oktyabr 2023-cü il saat 15:00-da, Şəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ədəbi-bədii gecədə açılış sözü ilə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı məlumat verib. O bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır.
Bədii gecədə Şəki şəhər 4 nömrəli U.M.M-nin xor şöbəsinin müdiri Fərqanə Salamova, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin drijoru Zabil Məmmədov, Şəki Şəhər Uşaq İncəsənət məktəbinin müəllimi Xumar Əsədova və məktəbin şagirdləri, Şəki 4 nömrəli Uşaq musiqi məktəbinin tar müəllimi Səxavət Cumayev, Şəki şəhər 4 nömrəli U.M.M-nin nağara müəllimi Elman Salmanov, Bilqeyis Ələskərova adına Folklor evinin kamança üzrə metodisti Rüstəm Xəlilməmmədov, söz adamları iştirak ediblər. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, Şəki şəhər İcra Hakimiyyətinə, Mədəniyyət idarəsinə təşkilati dəstəyə görə təşəkkürlərini bildirib.
Qeyd edək ki, indiyə kimi “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr təşkili edib, “Kəlağayı əlvan qıyqacı" kitabınını təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)