
Super User
Nemət Tahirin ilk kitabı işıq üzü görüb
İstedadlı gənc yazar Nemət Tahirin ilk kitabı işıq üzü görüb. "Kəpənək ümidlər" adlanan kitaba müəllifin şeir və hekayələri daxil edilib. “Mücrü” nəşriyyatında çıxan kitabın naşiri Müşfiq Xandır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rüstəmli Nemət Qəzənfər oğlu (Nemət Tahir) 1987-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olub. 1995-ci ildə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 128 saylı köçkün tam orta məktəbinin 1-ci sinfində təhsil almağa başlayıb.
2006-cı ildə orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
Müxtəlif zamanlarda mətbuatda dərc edilib. Üç il "168 saat" qəzetində reportyor kimi fəaliyyət göstərib. Son illər həmçinin xarici mətbuatda da şeir və hekayələri çap olunub.
2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş "Ədibin evi" hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında hekayəsi 3-cü yerə layiq görülüb.
“Kəpənək ümidlər” adlndan da göründüyü kimi, geniş anlamda ümidlərdən, onların qanadlanıb pərvazlanmaslndan bəhs edir. Bəyəniləcəyinə əsla şübhə etmirik.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Əlişir Nəvainin 583 illiyi qeyd edilib
Əlişir Nəvainin 583 illiyi Özbəkistanda - TÜRKSOY və yeni yaradılmış Kokand Universiteti (KU) tərəfindən beynəlxalq elmi-nəzəri konfrans çərçivəsində təntənə ilə qeyd edilib.
Azərbaycanı bu mötəbər tədbirdə filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi (Almaz Binnətova) təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Almaz Ülviyə istinadən xəbər verir ki, konfransın işində TÜRKSOY-un Baş katibi Sultan Raev də iştirak edib.
Bir çox nəvaişünas alimlərin - Vahit Türk, Jabbor Eshonkul, Nurboy Jabbarov, Zeboxon Qobilova, Ergash Оçilov, Maqsud Asadov, Zokirjon Mamajonov və digər qazax, qırğız, özbək alimlərinin qatıldığı konfransda iştirakçılar biri-birindən məzmunlu, elmi dəyərli gözəl məruzələr dinləyiblər, yeni dostlarla tanış olublar, konfrans gəzi proqramı ilə davam edib.
TÜRKSOY bütün natiqləri Təqdirnamələrlə mükafatlandırıb.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Səlim Babullaoğlu ilə görüş keçirilib
Bakı Modern Beynəlxalq Məktəbində şair Səlim Babullaoğlu ilə maraqlı görüş təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Nadir Yalçına istinadən xəbər verir.
Nadir Yalçın deyir: “Tədbirdə çıxış edən məktəblilər çox sərbəst, kompleksiz, enerjili idilər, hamısı ingilis dilində rahat ünsiyyət qururdular. Səlim müəllimin şeirləri ilə yanaşı ingilis ədəbiyyatından poetik nümunələr səsləndirdilər. Səlim Babullaoğlunun ana dili ilə bağlı şagirdlərə verdiyi tövsiyələr xüsusi əhəmiyyət kəsb edirdi. Belə bir səviyyəli təhsil ocağında ədəbiyyatın təbliği çox mühüm hadisədir və təqdirəlayiqdir.
Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Sevinc Seyidovaya xüsusi təşəkkür düşür.”
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
ARKA film müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirmək məqsədi ilə “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) sorğu ilə müraciət etmişdir.
ARKA-dan bildirmişlər ki, qalib layihələrin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilmişdir.
Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilmişdir.
ARKA müsabiqə qaliblərini əmin edir ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
“Xalqın mədəni sərvəti” layihəsi davam edir
“Xalqın mədəni sərvəti” layihəsi növbəti dəfə əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunub.
Gəncə Dövlət Filarmoniyasından AzərTAC-a bildirilib ki, layihənin ilk günü Gəncə şəhər Heydər Əliyev Mərkəzində Qara Qarayevə həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov ilk növbədə layihənin gerçəkləşməsində əməyi keçən Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirib. O, layihənin əsas məqsədinin bugünkü nəsli maarifləndirmək, eyni zamanda, milli-mənəvi dəyərləri əks etdirən sənətkarlarımızı təbliğ etmək olduğunu qeyd edib.
Ramil Qasımov "Xalqın mədəni sərvəti" layihəsinin silsilə şəklində əbədiyaşarlarımıza həsr olunacağını vurğulayıb.
Daha sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə çıxış edərək layihənin Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynadığını qeyd edib.
Konfrans zamanı Qara Qarayevin yaradıcılığında opera, balet, simfoniya janrı mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Rəsm qalereyası: Nigar Nərimanbəyova, “Tariel - balaca Harri Potter”
Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur
Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur. Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” adlı yeni rəsm əsərini də sərgiləyib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D'OR” ali mükafatına layiq görülüb.
“ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir. Sərgi fevralın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı başa çatıb.
AzərTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabi Milli Sərgi Mərkəzində üç gün davam edən tədbir zamanı mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivənin müzakirəsində dünyanın müxtəlif ölkələrindən təhsil və mədəniyyət nazirləri, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.
UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı üzv dövlətlər, siyasətçilər, BMT-nin agentlikləri və digər tərəfdaşlar üçün “Mədəniyyət və İncəsənət Təhsili üzrə Çərçivə” sənədini qəbul etmək istiqamətində platforma təmin edib. Konfransın proqramı UNESCO-nun İncəsənət Təhsili üzrə Yol Xəritəsini təqdim edən 2006-cı il Lissabon Konfransına, eləcə də 2010-cu Seul Konfransına əsaslanır. Tədbirdə sözügedən sahələr üzrə təcrübə mübadiləsi aparılıb, inteqrasiya olunmuş siyasətlər və yaradıcı təşəbbüslər vasitəsilə təhsildə mədəniyyəti möhkəmləndirməyə kömək edə biləcək tövsiyələr verilib.
Konfransda çıxış edən UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransının həmsədri Məhəmməd Xəlifə Əl Mübarək deyib: “Davamlı təhsilin idarə edilməsi ənənəsinə əsaslanaraq, biz bu strateji mühüm tədbiri təşkil etməkdən qürur duyuruq, çünki burada dialoqa təkan veririk, eyni zamanda, qlobal mədəniyyət və incəsənət təhsilinin problemlərini müzakirə edirik. Qlobal Mədəniyyət və İncəsənət Təhsili Çərçivə Proqramı əsasında burada verilən tövsiyələri məktəb kurikulumlarında və ondan kənarda həyata keçirmək məqsədilə üzv dövlətlər üçün yeni təlimat hazırlanacaq”.
Tədbirdə yeddi mövzu ətrafında müzakirələr aparılıb. Bunlar, mədəniyyət və incəsənət təhsilinə bərabərhüquqlu çıxış; mədəni müxtəliflik daxilində və onun vasitəsilə keyfiyyətli və müvafiq ömürboyu öyrənmə; davamlı, ədalətli gələcəkləri formalaşdırmaq bacarıqları; mədəniyyət və incəsənət təhsili ekosistemlərinin sistemləşdirilməsi və qiymətləndirilməsi; rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə mədəniyyət və incəsənət təhsili; mədəniyyət və incəsənət təhsilinin dəstəklənməsi üzrə tərəfdaşlıq və maliyyələşdirmə; monitorinq, araşdırma və məlumat mübadiləsidir. Tövsiyələrdə rəssamların rezidentura proqramları və təbliğat təşəbbüsləri də daxil olmaqla, resursların və vasitəçilik fəaliyyətlərinin inkişafına təkan verilməsi, təhsil işçiləri üçün müxtəlif mədəni fənlər üzrə illik təlim proqramlarının həyata keçirilməsi məsələləri də yer alıb.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Qasım Əhmədli, “Qaçaq Məmmədalı - Poylu kəndinin tarixindən qeydlər”
Çox maraqlı bir kitab işıq üzü görüb. Qasım Əhmədlinin “Qaçaq Məmmədalı - Poylu kəndinin tarixindən qeydlər” kitabı.
Redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova olan bu kitab Qazax mahalının Poylu kəndi ilə bağlı tarixin müxtəlif dövrlərinə aid hekayətlərdən bəhs edir.
“Ədəbiyyat və incəsənət” portalı sizə kitabla tanışlıq üçün Ön sözü təqdim edir. Ön sözün müəllifi fizika-riyaziyyat elmləri namizədi, dosent İsmixan Yusubovdur.
Bu kitabda doğulub boya-başa çatdığımız Poylu kəndinin yaranma tarixi, onun əhalisinin məşğuliy-yətindən bəhs olunur. Ümumən, sakit təbiətli, işgüzar, qonaqpərvər olan kənd camaatı arasında var olan və zaman-zaman, bəzən xırda bir səbəb üzündən yenidən yaranan bəzi ixtilaflar haqqında da məlumatlar verilmişdir.
Tərəkəmə olan kənd əhlinin Ceyrançölündə olan mal-qoyun yataqları haqqında məlumatlar tərtib olunmuş xəritə də bu kitabda yer alıb. Yaylaq yeri olan Dəlidağ ətəkləri, oranı görmüş ağsaqqalların yaddaşına əsaslanaraq təsvir olunub.
Poylu əhalisinin varlı yaşamasının nəticəsi olaraq arx boyu inşa olunmuş 5 dəyirman haqqında məlumatlar da öz əksini tapmışdır.
Kənddə 2 məscid-mədrəsənin olması haqqında məlumatlar yəqin ki, oxucularımızda müəyyən maraq doğuracaqdır. Bu mədrəsələrin birində Azərbaycanın görkəmli şairi Molla Vəli Vidadinin təhsil alması da qeyd olunub.
Həmçinin kitabda çar hökümətinə asi olmuş poyluların da adına rast gəlmək olar. Poyluların Azərbaycan Xalq Cümhuriyyəti dövründəki həya-tına qısa toxunmaqla, əsas diqqəti Sovet hakimiy-yətinin ilk dövrünə verilib. Müəllif bu dövrdə repressiyalar, sürgünlər haqqında geniş məlumat verməyə çalışmışdır. Şura hökumətinə düşmən kəsilmiş Qaçaq Məmmədalının mübarizə ilə dolu fəaliyyətinə geniş yer verilmişdir.
Azərbaycanın 70 illik imperiya əsarəti dövründə kənddə (1931-ci ildən “Düzə” köçürülmüş) kolxoz quruculuğu, mədəniyyət evi və müxtəlif dövrlərə aid məktəblər haqqında məlumatlar da öz əksini tapmışdır.
Kitabda Poylu kənd yetirmələri olan alimlərin, Vətən uğrunda döyüşmüş oğulların siyahısı da verilmişdir. Oxucu marağını nəzərə alaraq müəllifin özünün tərtib etdiyi və yuxarıdakı məlumatları aydınlaş-dırıb, zənginləşdirəcək sayda xeyli xəritələr də əlavə olunub.
Müəllif kitaba kənddə yaranmış bəzi lətifələrin də əlavə olunmasını uyğun görübdür.
Bu kitabı mütaliə edəcək oxucularımıza əvvəl-cədən təşəkkürümüzü bildiririk.
Təbii ki, kitab sizlərdə maraq oyatdı. Kitab barədə daha dolğun məlumatı isə kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova verib. Sabah sizə Salatın Əhmədovanın qeydlərini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib
Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
O bildirib ki, ölkə üzrə tarix, memarlıq və dekorativ tətbiqi sənət əlaməti daşıyan 95 obyekt daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq addımların atılması məqsədilə şura üzvlərinin müzakirəsinə təqdim olunur.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan tarix, memarlıq və dekorativ tətbiqi sənət əlaməti daşıyan obyektlər barədə məlumat verib. Qeyd edib ki, müvafiq siyahıya daxil edilməsi üçün müzakirəyə çıxarılan mədəni irs dəyərinə malik obyektlər işğaldan azad olunmuş ərazilərdə və Bakı şəhərində yerləşir.
Daha sonra şura üzvlərinin müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təklifləri dinlənilib.
Şura üzvlərinin yekdil qərarı ilə əvvəlcə işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinq və inventarlaşma işləri nəticəsində Dövlət Xidməti tərəfindən aşkarlanmış obyektlər müzakirə olunub.
Şura üzvləri tərəfindən Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində türbələrin, Kəngərli kəndində körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində məscidlərin, Ağdam şəhəri və Gülablı kəndində hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımların atılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Ekspert Şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub.
Şurada Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)