Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Geriyə dönüb baxdıqda ölkə və vətəndaş olaraq yaşadıqlarımız gözümün önünə gəlir. 20 Yanvar hadisələri, tarixi torpaqlarımızın işğal edilməsi, dirəyindən döndüyümüz vətəndaş müharibəsi, kreslo "aşiqlərinin" verdiyi "savaş" və sonda Azərbaycanın və Azərbaycanlıların göz bəbəyi olan Şuşa şəhərinin işğalı...
Psixoloji sarsıntılar keçirtdiyimiz Şuşanın adı çəkiləndə qəlbimizin dərinliklərində bizi sancıdan əyib bükən ağrı artıq 5 ildir ki yoxdur. Bəlkə də keçirtdiyimiz stresslərin, qəlbimizdəki ağrıların acısı indi-indi çıxırdı. Bu gün Şuşamızın işğalının 33-cü ildönümü tamam olmur. Olmur, çünkü Ermənistan ordusunun qiyamət günündə belə unutmayacağı bir əməliyyatla Şuşamızı geri aldıq və Şuşamıza geri qayıtdıq. Ancaq gəlin o tarixi anları yenidən xatırlayaq.
Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.
Qeyd edək ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qısa müddətdən sonra respublikamıza qarşı hərbi təcavüzlə nəticələndi. Ermənilər tərəfindən ərazilərimiz işğal olunurdu. O dövrdə respublikamızda qeyri-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərinin də işğal olunması təhlükəsini yaratmışdı. Milli Ordu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələri iştirak edirdilər. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunəsini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Beləliklə, 1992-ci ildən sonra hər il 8 may tarixi xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd edilirdi. Tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Amma 5 il öncə sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bununla da tarix yazdı. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Bu xoş xəbəri Azərbaycan xalqı coşqu ilə qarşıladı, insanlar küçələrə axışaraq Şuşanın azad olunmasını böyük sevinclə qeyd etdilər.
Onu da vurğulayaq ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi.
Qeyd edək ki, noyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi.
Beləliklə də, 1992-ci ildən ötən dövr ərzində ilk dəfədir ki, 8 may tarixi başqa məna kəsb edir. Hazırda dövlətimiz tərəfindən Şuşa şəhərinin bərpası işləri həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin yanvar və mart aylarında Şuşaya səfər ediblər. Dövlətimizin başçısı bu ilin mart ayında Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı.
Dövlətimizin başçısı Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Azadlığına qovuşan sadəcə Şuşa deyildi. Bu qalib ordu tariximizi, illərlə yaşayıb yaratdığımız gözəllikləri azad etmişdi. Günü bu gün də Şuşada “Xarı bülbül” muğam festivalı və “Vaqif” Poeziya günləri keçirilir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olunubdur. Vaxtilə işğal altında olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər.
Bu gün isə həmin abidələr məxsus olduqları Şuşaya gözəllik gətirir. Hazırda Molla Pənah Vaqifin məqbərəsi və büstü, eləcə də məscidlərimiz, dini abidələrimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və bütövlükdə Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız artıq özünün əvvəlki şöhrətini qaytarır, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevrilir. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayır, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana dönüşür.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)