Super User

Super User

Çərşənbə axşamı, 14 Noyabr 2023 11:00

“Kimsəyə salam söyləməyin..."

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Həyat ağlamaq qədər çətindir..."  Bəli, bəzən bəzi insanlar üçün ağlamaq eyni ilə yaşadıqları həyat qədər çətin olur. Şairin də dediyi kimi: "Təkcə gücsüzlüyündən yıxılmır atam balası, arada gücündən yıxılır adam." 

 

"Vətən xaini", "Vətən xaininin həyat yoldaşı", "Vətən xaininin övladı" - vurulan bu damğalar neçə ölümə fərman verib, neçə işıqlı, aydın gələcəyi qaraldıb məhv etdi? 

Neçə arzunu puç edib, neçə etibarı qırıb, neçə həsrətə körpü atıb, neçə ləyaqəti ayaq altına atdı? 

Stalin represiyası adlı ölüm maşını neçə alim, mütəfəkkir, müəllim, yazıçı, din və incəsənət xadimini udub, onların əzizlərini illərlə kölgə kimi izləyərək onları sərgərdan kimi ordan-ora sürükləyib, onlara gün verib işıq vermədi?

Qırmızı mühitdə sadəcə ziyalı olmaq da, elə musavatçı olmaq kimi idi. Həm möhtəşəm idi, həm də qorxunc.

Bu gün sizlərə eynən belə həm möhtəşəm, həm də bir o qədər də qorxunc dərəcədə ağrılı bir həyat nümunəsindən söz açmaq istəyirəm. 

Şair-dramaturq, filoloq-alim, ədəbiyyatşunas, folklorşunas, musiqişunas, bəstəkar, tərcüməçi, rəssam -  ilk dəfə onun haqqında, onun çoxcəhətli fəaliyyəti haqqında oxuyanda çox heyrətlənmişdim. Yuxarıda sadaladığım bu fəaliyyətlər sanki 24 deyil də, 60-70 yaşlı bir insana aiddir elə deyilmi?

Lakin, bir çox insanın 60-70 illik ömürdə belə edə bilmədiklərini o, sadəcə 24 illik qısacıq ömrünə sığdırmışdı. 

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmuşdur.

Tələbə ikən təhsil və mütaliə ilə yanaşı o, çoxlu araşdırmalar aparmış, tərcümələr etmiş, bədii əsərlər yazmış və rəsmlər çəkmişdi.

Xalq artisti Bülbülün rəhbərlik etdiyi xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqi Elmi Tədqiqat Kabinetində çalışmış, 50-dən artıq folklor nümunəsinə elmi rəy yazmış, bəzi el sənətkarlarının dilindən çoxlu şeir nümunəsini, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, çoxlu xalq musiqi örnəklərini -  "Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” kimi məşhur xalq mahnılarını isə nota almışdır. Dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdir. 

 

Ərtoğrul Cavid həmçinin 200-dən artıq el havasını və xalq mahnısını da toplayıb çapa hazırlayıbmış. Lakin onlar işıq üzü görməyib. Məlum məsələdir ki, xalq düşmənin oğlu olduğu üçün Ərtoğrulun adı çap materiallarından bilərək çıxarılmış, unudulmuşdur. 

O, M.Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələyib.

Ərtoğrulun ilk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya” olmuşdur ki, bunu da o, müəllimi Üzeyir Hacıbəyova ithaf etmişdi. 

Onun əsərləri içərisində Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Türkmən xalq şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin "Səninlə olaydım" şeirinə yazdığı romanslar da mövcuddur.

Hətta Ərtoğrulun günümüzə qədər gəlib çıxmış 4-5 dəqiqədən ibarət bir səs yazısı da var ki, o bu yazıda "Leylanın vəsfi, sözləri Türkmən xalq şairi Kəminənindir. Musiqisi Ərtoğrul, çalır Ərtoğrul"-, söyləyərək çalmağa başlayır və bu ifasını səs yazma cihazı vasitəsi ilə vala yazır.

 

https://youtu.be/C8o76KMbxFs?si=AjUhvHXtyj3uxIOC

 

Qeyd etdiyim linkə keçid edərək siz həmin nadir ifanı dinləyə bilərsiz.

Ərtoğrul məharətini sadəcə musiqidə deyil, rəssamlıq və ədəbiiyyatda da danışdırmış, "Ağlayan uşaq", "Spripkaçı", "Qızılgül", "Mələklər", "Atlı", "Antik heykəl", "Bethoven" adlı rəsm əsərləri çəkmiş, "Eqoistin taleyi" adlı pyes və “Bahar”, “Borjom”, “Gövərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən” kim  bir çox şeir qələmə almışdır.

"Hüseyn Cavid" mükafatı laureatı, tənqidçi, publisist Azər Turanın sözlərinə görə Ərtoğrul Cavid sərbəst şeirin ilk örnəklərini yaratmış, kinossenari və balet librettosu da yazmışdır. 

Ərtoğrul, həmçinin, çox gözəl şahmat da oynayırmış və şahmat oynayarkən partiyalarının belə hamısını qeydə alırmış. 

 

Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən  cərimə (fəhlə) batalyonuna işləməyə göndərilmişdi. Orada ağır işlərdə çalışdırıldığına görə ağciyər xəstəliyinə - vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət xəstəxanada müalicə almışdır.

Hospitalda müalicə aldığı günlərdə sadəcə anası bir dəfə çətinliklə də olsa onun yanına gedə bilir. Ərtoğrul ailəsinə və sevimli müəllimləri Bülbül və Üzeyir bəyə yazdığı məktublarda küskünlük dolu sətirlər qələmə almışdır.

Bu məktublarda o, gəlib onu aparmadıqları üçün qohumlarından şikayətlənir və Üzeyir bəyə yazdığı məktubda anası Mişkinaz xanım və bacısı Turan Caviddən nigaran olduğunu söyləyir. Üzeyir bəydən onları işə düzəltməsini istəyir. 

 

"Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada işləyə, həm maşinistkalıq edə, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”. 25 fevral 

 

"Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də. Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim”. 15 mart. 

 

Bülbülə yazdığı məktubda isə Ərtoğrul belə söyləyirdi:

"Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş: "Həyat insanlardan da insafsızdır"-, doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt- üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq  və dincəlməkdir. Bəlkə kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlıyaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Qızdırmam səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm, yerimdə otura bilmirəm. Doktur yazmağa yol vermir, məktubu gizli uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq gizli bir mənbə daima mənə qüvvət verir. Məni yaşadan bu qüvvə sarsılmaz iradə və möhkəm inamdır. Mən öz məqsədimə, idealıma çatacam, bu musiqidir. Anam salamat gəlib çatdı, Üzeyir bəyin sizin və konservatoriyanın mənə yardım elədiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər şey var, nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə kabineti maraqlandıran materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Eliyə bilsəz cavab yazın. Yardımınıza görə yenə dönə-dönə təşəkkür edirəm. Məndən hamıya kabinetin əməkdaşlarına müəllimlərinə, xatırlayanların hamısına salamlar, əllərinizi sıxıram. Sizin Ərtoğrul Cavid." 26 aprel 1943-cü il. 

 

Və bacısına yazdığı məktublardan olan  bəzi sətirlər.

"Əziz bacım Turan... Məni ən çox düşündürən səni əhatə edən mühitdir - yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrull" 

 

"Turan!.. Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol - qırıl, lakin əyilmə: yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Ərtoğrul" 

 

"Turan! Doğum gününü təbrik edirəm, təəssüf ki, bir yerdə pilov yeyə bilməyəcəyik..." 

 

"Qohumlarımdan məktub almadığım üçün məni heç yerə buraxmırlar, deyirlər yalan söyləyirsən, qohumun olsa, yanına gələr, heç olmasa məktub yazar. Doğru da deyirlər... Nə olacağını özüm də bilmirəm. Bir adam dalımca gəlsəydi, dərhal buraxardılar, təəssüf ki, heç cavab da yazmırlar". 

 

"Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan ayağa qalxmışdım". 

 

"Əgər bir qohum mənim buraxılmağımı, daha doğrusu, komissiyadan keçməmi tələb etsəydi, günlərlə burada qalsaydı, əlləşsəydi, düzələrdi. Eyb etməz, özüm düzəldərəm". 

 

"Kimsəyə salam söyləməyin..."

 

Və bu da son günlərində yazdıqlarından.

"Lazımi yemək yeyə bilmirəm. Heç olmasa, dərmanla özümü saxlayım..."" 

 

Tərxis olunmağı bir müddət ləngidilən Ərtoğrul Cavid 1943-cü ilin sentyabrında, nəhayət  ordudan tərxis edilib Əziz Şərifin vasitəçiliyi ilə Naxçıvana gətirilir.

Gənc dahi 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir və məzarı Hüseyn Cavidin Naxçıvandakı  məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır. 

 

Məktublarında "Kimsəyə salam söyləməyin", "Hamı yalançıdır"-, yazan həyatdan nakam və küskün köçən  Ərtoğrulun gördüyü bir çox işlər, yazdığı əlyazmalar təəssüfki yarım qalmışdır. 

Lakin o sadəcə tələbəlik dövründə belə musiqi, ədəbiyyat və rəssamlıq sahəsində yaratdığı bir çox gözəl əsərlər və qısa olsa da şərəfli və nümunəvi həyat yolu ilə daim bu xalqın gənclərinə örnək olacaqdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli  112s saylı sərəncamı ilə Ərtoğrul Cavidin Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan elmi tədqiqatlarından və fundamental araşdırmalarından ibarət olan materialları toplanaraq Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid adı altında 13 cilldə nəşr olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

 

Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.

 

Bu barədə Modern.az-a Türkiyənin Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu  Beynəlxalq Kitab Sərgisi keçirilir. 

Noyabrın 11-də açılışı olmuş və noyabrın 15-dək davam edəcək sərgidə Azərbaycan Yazıçılar Birliyini qurumun Ədəbiyyat Fondu təmsil edir. 

 

321 nömrəli stenddə Azərbaycan yazıçılarının - AYB üzvlərinin (o cümlədən Xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Xalq şairi Vahid Əzizin, AYB katibləri Səlim Babullaoğlunun, İlqar Fəhminin, eləcə də Varisin, Ramiz Qusarçaylının, Yunus Oğuzun, Adəm İsmayıl Bakuvinin, Faiq Balabəylinin, Hümbət Həsənoğlunun və digərlərinin) kitabları sərgilənir. 

Burada eyni zamanda AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədəbiyyatı” kimi nəşrləri də nümayiş olunur. 

Yazıçılar gün ərzində burada öz oxucuları ilə görüşüb onlar üçün əldə etdikləri kitabları imzalayırlar. 

Eyni zamanda sərginin təqdimat zonalarında müxtəlif maraqlı tədbirlər həyata keçirilir. 

Azərbaycan Ədəbiyyat Fondu adına növbəti belə tədbir noyabrın 15-i saat 15.00-də “Xudafərin” təqdimat zonasında baş tutacaq. “Azərbaycan ədəbiyyatı dünya müstəvisində” adlanan panelə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis moderatorluq edəcək. Çıxışçılar - AYB katibi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Sayman Aruz, yazıçı Yunus Oğuz və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar olacaq. 

9-cu Beynəlxalq Kitab Sərisi noyabrın 15-də öz işini başa vuracaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə təqdimat rubrikamızda yazıları ilə qəlblərdə taxt quran gözəl şair xanım Aysel Nəsirzadənin " Günüm Gecəylə Başlar" adlı şeir kitabıdır. 

 

Türkiyədə 500 tirajla işıq üzü görən bu kitabın ön söz müəllifi, redaktoru yazar, tərcüməçi İmdat Avşardır. 

Xatırladaq ki, Aysel Nəsirzadə " Sükutdan asılmış ruh", "Qəfəs darlığı", " Bir sərbəst şeir, iki qafiyə kədər" adlı şeirlər kitabının müəllifi və " Zərif kölgələr" antologiyasının, eləcə də " Vətən mücahidləri" kitabının həmrəhbəridir.

Aysel xanıma yaradıcılığında uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 13:45

Üfüq xətti - ESSE

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Üfüq xəttində sıraya düzülmüş arzular, nə üçün buraya toplaşmısınız?  Səmanın sinəsi hamınız üçün yetərlidir. Niyə məhz burada, həyəcan və səbirsizliklə gözləyirsiniz?

Neçə baxışlar toqquşmuşdur bu səmada. İldırımlar bəlkə də,  o baxışların toqquşmasından yaranmışdır. Yağışlar isə o baxışların göz yaşlarıdır. Çünki o toqquşmuş baxışlar çoxlarına yalnız kədər adlı bol "leysanlar" vermişdir.  Bu baxışların sahibləri acılardan qurtulmaq üçün, arzularının gerçəkləşməsi  üçün onları üfüq xəttinə yola salmışdır. Yenəmi anlamadın məni? 

 

Yaxşı, dostum mən sadə cümlələrdən bir ağac əkib budaqları ilə fikrimi şaxələndirim. Sən də sadəcə sus və dinlə.

Yer kürəsi dairəvidir deyirlər, amma biz yerlə göyün birləşməsini deyil, onların nə qədər uzaq olduqlarını öz gözlərimizlə görürük. Gördüklərimiz elmin isbatını anlamır. Bilirsənmi niyə? Çünki qəlbimizdə bəzən elə boşluq yaranır ki, bu boşluq hər saniyə kainatda tək və qərib olduğumuzu xatırladır. Bu zaman biz yer və göyün ayrı qalıb əziyyət çəkməsini düşünürük. 

Amma birdən yol çəkən və kədərdən sarsılan gözlərimizdə üfüq xətti canlanır. Bir anlıq bu mənzərə möhtəşəm qalibiyyət hiss etdirir və kədər, qəm Günəş böyüklüyündən ani imtina edib kibritin közərən və sönən nöqtəsinə çevrilir. Bax, bu zaman dostum, qəlbi dərd zəncirləri ilə sıxılanlar arzularını üfüq xəttinə yola salırlar ki, göy və yer birləşdiyi yerdə onların arzuları da sevinsin, bəlkə, bu arzular da həyata keçib sahiblərinə kainat boyda sevinc yaşatdılar. Hə dostum, indi üfüq xəttində sıraya düzülmüş arzuların həyəcanını anladınmı?  Qanadsız qanadlanmağı, susmaqla danışmağı, gülüşlə ağlamağı və daha nələri deyim?

Sən sualını üfüq xəttində gözləyən arzulara ver, mən isə artıq bu möhtəşəm mənzərənin seyrində suallarıma cavab tapmışam. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 16:30

POETİK QİRAƏT

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənin adına şəhər” şeiri 

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür. 

 

Sənin adına şəhər

 

Mən sənin adına şəhər salmışam,

Bu gün ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram-

Saçını sərmisən gecələrinə...

 

Başqa şəhərlərə yaman dərd olub,

Udur acısını tütün şəhərlər.

Mən sənin adına şəhər salmışam

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə,

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam

Ürəyim-  şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin-

Təkcə sənin adın qapıdan keçər...

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi: - sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına

Saldım ki, eşqin də paytaxtı olsun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim

Sənə SEVGİ adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam-

Gör sənə bu "şəhər" darısqal deyil?!.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Etibar Əbilov, «Ədəbiyyat və incəsənət” üçün

 

Xalq artisti Rasim Balayevə zəng etmişdim. Zəfər bayramını təbrik etdim.

 

-Bu bayram başqa bayramlara bənzəməz, Zəfər  bayramı bizim ən böyük bayramımızdır- deyə Rasim müəllim çavab verdi.

Sonra isə-  Sənin mənə o vaxt əsgərlikdən yazdığın məktubu indiyə qədər saxlayıram - dedi.

 

-Neçəncu il idi o məktubu mənə göndərəndə?- Rasım müəllim soruşur.

-1980-çi il.

-Gör necə il kecir- Rasim müəllim sözünə davam edir, -Bilirsən, nə qədər adama oxumuşam o məktubu?

-Mən də Sizin yazdığınız cavab məktubunuzu saxlayıram.

Rasim müəllimin yanında kimsə var. Rasim müəllim mənim yazdığım məktubun məzmununu həmin adama danışır. 

 

Gəlin əhvalatı sizlərə ərz edim. 

1980-ci ildə Uzaq Şərqdə hərbi xidmətdə idim. Bir şənbə günü xəbər verdilər ki, axşam əsgərlər üçün film nümayiş  etdirəcəklər. Film də Azərbaycan filmi. Bir azdan filmin adını da bildik: Azərbaycan kinostudiyasında yeni çəkilmiş  "Babək"  filmini göstərəcəkdilər.

Başqa millətlərin arasında cəmi 21 azərbaycanlı idik. Allah bilir, axşamı necə gözləyirdik. Həm də həyəcanlı idik.

Nəhayət axşam gəldi. Film iki seriyalı olduğundan 1-ci seriyanı axşam yeməyindən əvvəl, ikinci seriyanı isə yeməkdən sonra nümayış etdirəcəkdilər. 

Təxminən 300 nəfərlik zal. Bütün yerlər tutulub. Əyləşməyə yeri olmayanlar döşəmədə oturub. Ayaq üstə dayananlar da var. İşıqlar söndü və film başladı. Və filmin təxminən 5-ci dəqiqəsindən sonra filmə tamaşa edənlərin hamısı demək olar ki, artıq bu filmin cazibəsinə düşdülər. Nəhayət, birinci hissə sona çatdı. Əsl mərəkə də bundan sonra başladı. Bir anda fit səsi, qışqırıq səsi, ruslara xas olan söyüşlər zalı başına götürdü. Səs-küydən qulaq tutulurdu. Hamı filmin ikinci hissəsini tələb edirdi. Bu o demək idi ki, bütün hərbi hissə axşam yeməyindən imtina edir... 

Bütün zabit heyəti kluba gəldi. Səhnədən qışqırır, əsgərləri intizama dəvət edirdilər. Səs-küy onların nə dediyini eşidilməz edirdi. Bu bir qiyam idi. Və bu qiyamı bir Azərbaycan filminə görə ən intizamlı sovet əsgərləri qaldırmışdılar. Həmin dəm həmin zalda olan 21 Azərbaycan övladının qəlbini bir qürur hissi bürümüşdü. Bir Azərbaycan övladı üçün yad eldə bundan qürurverici nə ola bilərdi ki?

Bir azdan səhnədə hərbi hissə briqadasnının komandiri, polkovnilk Yaraşuk göründü. Zabitəli, həm də qəddar bir adam olan Yaraşuk əlini qaldırıb gür və zəhmli səsi ilə sakitləşməmizi tələb etdi. Hüss olunurdu ki, əsəbi olduğu qədər də narahatdır, həm də qorxur. Mən inanmıram ki, o vaxtlar hər hansısa Sovet hərbi hissəsində əsgərlər tərəfindən hər hansı bir filmə, yaxud  konsertə görə belə kütləvi itaətsilik hadisəsi baş vermiş olsun. Buna görə hərbi hissənin rəhbərliyini də, əsgərlərin bəzisini də cəzalandıra bilərdilər. Polkovnik Yaraşukun  əsəbi narahatlığı da buna görə idi.

...Nəhayət salon qismən də olsa sakitləşəndən sonra polkovnik Yaraşuk zəhmli və əsəbi səslə sözə başladı:

-Əgər yeməyə getməsəniz bu filmin ikinci hissəsini görməyəcəksiniz.

Zalı yenə də uğultu bürüdü. Amma Yaraşuk gür səsi ili salonu sakitləşdirdi:

-Mənə diqqətlə qulaq asın. Mən sizə əmr edirəm! Hamınız ayağa qalxıb yeməyə gedirsiniz. Yeməkdən sonra gəlib filmin ikinci hissəsinə tamaça edəcəksiniz. Mən sizə söz verirəm. Dediyimə əməl etsəniz bu filmi sizin üçün sabah yenidən nümayiş etdirəcəyəm.

Başqa çıxış yolumuz yox idi. Komandir briqadanln əmrinə tabe olduq. Yeməyimizi tez-tələsik yeyib qayıtdıq və böyük bir zövqlə filmin ikinci hissəsinə tamaşa etdik...

Komandir Yaraşuk da sözünü tutdu. Səhər nahar yeməyinən sonra filmə yenidən tamaşa etdik.

Həmin hadisədən bir, ya iki gün sonra baş rolun ifaçısı Rasim Balayevə məktub yazmaq fikrinə düşdüm. Yazdım da. Yadımdadır, kazarmada məktubu yazarkən bir rus əsgəri (soyadı Soldatov) mənə yaxınlaşıb nə yazdığımı soruşdu və biləndə ki, Babəkə (Rasim Balayevə) məktub yazıram, rişxəndlə mənə dedi:

-Sən elə bilirsən O (Rasım Balayev) sənə cavab yazacaq? O Ulduzdu. Məşhur aktyordu... O  bəlkə də heç məktubunu oxumayacaq. Oxusa da heç vaxt sənə cabab yazmayacaq.

Mən isə: -Əgər o Nəsimini, Babəki oynayıbsa, hökmən çavab yazacaq -dedim.

Mən heç məktubu hansı ünvana göndərəcəyimi də bilmirdim. Bircə onu bilirdim ki, Azərbaycan Kinostudiyası Cəfər Cabbarlı küçəsində yerləşir. Məktubu həmin ünvana göndərdim. Və az keşməmiş Rasim müəllimdən sayğı dolu bir cavab məktubu aldım. Bütün hərbi hissə mənim Rasim Balayevdən (Babəkdən) aldıgım məktubdan danışırdı. Əsl qəhrəmana çevrilmişdim.

 

...İndi telefonun o başında olan Rasim Balayev yanındakı adama həmin məktubdan danışırdı.

Mən Rasim müəllimi yaşadığım Neftçala şəhərinə dəvət etdim. O dedi:

-O vaxtlar filmlərə çəkiləndə tez-tez zədələr alırdım. Cavanlıq idi deyə əvvəllər fikir vermirdim. Yaşa dolduqca həmin zədələrin fəsadları da üzə çıxır. Neçə vaxtdır ayaqlarım ağrıyır. Uzaq səfərlərə çıxa bilmirəm. Amma sağlıq olsun. Ayağımdakı ağrılar keçsin, hökmən gələcəm Neftçalaya. Gəlib səninlə görüşəcəm.

-Sağlıq olsun, -dedim, -gözləyəcəyəm Rasim müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 16:00

Əsas tarixi günlərimizin 8 rəqəmi

 

Gülnaz, “Ədəbiyyat və incəsənət”

 

Növbəti Zəfər gününü yaşadıq. Zəfər günü düşüncələrimi sizlərlə bölüşmək istəyirəm. 

Azərbaycanın bu günü - Zəfər günü nələrdən keçmədi ki?! Bugünkü Zəfər dünənki zəfərlərin nəticəsidir: 1918-ci ilin 28 Mayı - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı o gün ki, şərqdə ilk dəfə müstəqilliyə imza atdıq. 1991-ci ilin 18 Oktyabrı - 1920-ci il əlimizdən alınan müstəqilliyimizin bərpası günü və nəhayət, 2020-ci il 8 Noyabr - şanlı tarixə qızıl hərflərlə yazılan, illərlə gözlənilən o qürurverici gün... 

 

1918, 28 May, 18 Oktyabr, 8 Noyabr - 8 rəqəmində sanki bir uğur, bir zəfər yatır xalqımız üçün. Həmçinin bizim sonsuza qədər haqq-ədalət carçısı olduğumuzu göstərir. Axı bu rəqəm özündə həm də sonsuzluq simvolunu daşıyır. Vətən üçün edilən yaxşılıq milyonlara edilən yaxşılıq, ən böyük xeyirxahlıq, ən böyük fədakarlıqdır. Bütün bunları millətindən əsirgəməyən minlərlə qəhrəman oğullarımızın da sonsuz əbədiyyəti və xalqın onları yaşatması bu rəqəmdə öz əksini tapır.

Biz bu edilənlərin qarşısında çox acizik, amma o mələklərin xatirinə, onların adına- şəhid adına layiq qarşılamalıyıq bu günü. Onlar gecələr yuxusuz, aclıq, susuzluq bilmədən döyüşmədilər ki, biz küçələrə axışıb bayağı mahnıların səsini qaldıraraq maşının pəncərəsini endirib "Qarabağ" deyə qışqıraq. Hələ "bayramdır" deyib yeyib-içən insanları demirəm. Şəkil çəkdirmək, kiməsə göstəriş üçün o torpaqlara ayaq basanlar, etməyin, şəhid qardaşlarımızın qanı var orada. 

Nə gözəl olardı, bu günü onların ailələrinin yanında olardıq. Heç olmasa, ildə bir dəfə Zəfər günü. Bax onda mənəvi gücümüzü göstərərdik göydəki şahidlərimizə ki, biz sizi belə anırıq, bizi qoruyanlara belə baş çəkirik, sizin ailə bizim də doğmalarımızdır. Necə də sevinərdilər başımızın üstündəki qəhrəmanlar.

Duyğularını - yaxınlarını görmək arzusuyla gözləyən gözlərini, qulaqlarını; doğmalarını qucaqlayan qollarını, ən son azad etdiyi torpaqlarda gəzən ayaqlarını qurban verən fədakarları demirəm hələ. Onların utanmasına yol verməyək. Əlimizdən nə gəlirsə, biz də onlara qurban edək. Onların yaşama həvəslərini yüksəldək. Biz bu təmiz ruhlu insanların yanında olduğumuzu hiss etdirdikcə xoş arzular baş qaldırar. Unutmayaq ki, unutmasınlar!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 13:15

Meyd in Çina turizmimizə möhür vurur

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Növbəti Açıq Portfel statistikasını Dövlət Turizm Agentliyinə istinadən təqdim edirəm. 

Demək, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

Qeyd edim ki, Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə noyabrın 15-17-də Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.

 

Və ardınca Çinlə və turizmlə bağlı əldə etdiyim digər məlumatları da sizə əlçatan edirəm. Belə ki, Çin turistləri üçün “China Ready” konsepsiyasının tətbiqi planlaşdırılır. “China Ready” layihəsi Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi istiqamətə çevirmək məqsədi daşıyan proqramın bir hissəsidir. Proqram turizm sənayesinin çinli qonaqları qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulub.

Proqram çərçivəsində mehmanxanalar, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək. İlkin olaraq 100 iştirakçı üçün nəzərdə tutulan, Çin mədəniyyəti, turist gözləntiləri, çin dilinin tədrisinin nəzərdə tutulduğu 12 aylıq təlim proqramının sonunda iştirakçılara “Çinli turistlərin dostu” sertifikatı təqdim ediləcək.

Bundan əlavə, turizm və qonaqpərvərlik sənayesi nümayəndələri Azərbaycanı çinli səyahətçilərə effektiv şəkildə təqdim etmək üçün xüsusi təlimatlar və strategiyalar haqqında məlumat əldə edəcəklər. Həmçinin çinli ziyarətçilər üçün ödəniş variantlarının təklif edilməsi, ənənəvi Çin yeməklərinin hotel menyularına inteqrasiyası və daha çox birbaşa uçuş variantlarının təklif edilməsi kimi münasib imkanların yaradılması planlaşdırılır.

Bir sözlə, turizmimizdə Çin faktoruna önəm verilir, əlbəttə ki, dünyanın ən çox əhalisi olan dövlətlə bu əməkdaşlıq olduqca faydalıdır.

Çoxları Çin deyəndə keyfiyyətsiz məhsul anlamını xatırlayıb ağız büzür. Şəxsən mən düşünürəm ki, Çin böyük imkanlar və şanslar rıçaqıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

57-Cİ DƏRC

 

Birinci xanım diktor ara verib baxışları ilə estafeti ikinciyə ötürəndə publika öz sevimlisini alqışlara qərq etdi, gözəl, ecazkar uzunboy, uzunlibaslı xanım öz məlahətli səsi ilə tamaşaçıları alqışladı, ona heyranlıqla baxan Baş Hakim səmtinə də bir əsrarəngiz baxış yönləndirib mətn oxunuşunu davam etdirdi. Misilsiz faciədən danışdığı üçün səsindəki kədər də aşkar sezilirdi:

- İşğala qədər Xocalı rayonunda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta məktəblər, səhiyyə müəssisələri, kənd təsərrüfatı və sənaye müəssisələri, aeroport və s. fəaliyyət göstərirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklı məşğul idi. Bura olduqca qədim bir ərazi olduğundan zəngin tarixi abidələrə malik idi. Memarlıq abidələrindən 15-ci əsrə aid nadir türbə, 1356-1357-ci illərə aid dairəvi türbə xüsusi əhəmiyyət kəsb edirdi, onların ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol və kurqan çölü dünyada insanların məskunlaşması tarixinin əsl töhvələri sayıla biləcəkdi.  XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dövrünə - eramızdan əvvəl VIII-VII əsrlərə aid arxeoloji abidə idi... 

Divanın Baş Hakimi bu yerdə müdaxilə etdi, söylədi ki, Xocalıda ermənilər tərəfindən məhv edilən, dəyişikliklərə məruz qalan abidələr bütün bəşəriyyətin sərvətləri idi, bir xalqın digər xalqa təcavüzü dünyanı həm də çox qiymətli, zəngin bir xəzinədən məhrum etmişdir. Ona görə də Xocalı qətliamı ikiqat bəşəri cinayət hesab olunmalıdır.

Baş hakim diktorlara fasilə verib bu yerdə Xocalı abidələri ilə bağlı daha geniş məlumat verilsin deyə tarixçi-etnoqrafa söz vermək istədiyini bildirdi. Hakimlər kollegiyasının narazılıq bildirməməsi səbəbindən söz əsa ilə gəlib tribunaya çıxan olduqca yaşlı, sahəsinin gözəl bilicisinə verildi. O, tamaşaçılarla salamlaşıb dərhal mətləbə keçdi:

-Xocalı abidələri əsasən eramızdan əvvəl II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur. Dünyanın ən qədim sakinlərindən sayılan Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Axı dünyanın tarixini öyrənmək üçün əlimizdə bu cür xəzinə sayılacaq mənbələrlə çox da elə öyünə bilmirik. Bəri başdan soyləyim ki, ermənilər tərəfindən bu maddi-mənəvi irs xəzinəsinin dağıdılması bəşəri cinayətdir, bu cinayət ən yüksək formada cəzasını almalıdır. Keçək təfərrüatlara. Xocalıdakı tarixi əhəmiyyət kəsb edən əsas abidələrin adlarını gözəl xanımlar məndən əvvəl sadaladılar. Mən Xocalı ərazisində aparılan arxeoloji qazıntılardan danışmaq istəyirəm, bu qazıntılar zamanı müxtəlif tipli saxsı qablar, qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin kimi silahlar, qızıldan, tuncdan, balıqqulağından, əqiqdən, şüşədən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdi. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları, Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. kimi müqəddəs islam ziyarətgahları var idi. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcud idi. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdi. Qala iki istehkamdan ibarət idi. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdi. Sol sahildəki qala dördkünc bürclüydü. Divarların qalınlığı 3 metrə çatırdı. 1810-cu ildə Rusiya ilə İran arasında müharibədən sonrakı sülh danışıqları “Əsgəran qalası”nda aparılmışdı. Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər vardı. Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında - müqəddəs ziyarətgah “seyid qəbri”, “Yeddi kilsə” adlı Alban kilsəsi vardı. Bundan əlavə daha dörd yerdə Alban kilsəsi mövcud idi. Arxeoloji qazıntılar zamanı tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin bizim e. ə. 807-788-ci illərə aid adı yazılmışdı. Əsasən eramızdan əvvəl XVII-XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər və menhirlərdən ibarətdi. Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafı cəhətdən əlverişli yerlərdə, xüsusi ilə strateji cəhətdən müdafıəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çoxgözlü olaraq bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdi ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17–18 m, eni isə 8–10 m olan bu cür evlər xüsusi arakəsmələr vasitəsilə bir neçə hissəyə bölünmüşdür. Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin sonunda artıq bu cür evlərin döşəmə və divarları xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunurdu. Bütün bımlar primitiv şəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasını parlaq surətdə sübut edir. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edirdi. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və s. adlanırdı. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri dağlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmişdi. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı yerləri üç sal daşdan düzəldilmişdı. Bu abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur. Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edirdi, dünyanın əvəzsiz sərvəti idi.

Tarixçi-etnoqrafçı xidməti personaldan su istədi, ağzına kimi suyla dolu stəkanı başına çəkdi, ardınca birini də istədi, onu da içəndən sonra nitqinə davam etdi:

-Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, Xocalı mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir. Yeri gəlmişkən, təkcə elə Xocalıda daş kitabələr və qəbirüstü abidələri öyrənən Epiqrafika elmi ilə yanaşı, bir görün neçə elm sahəsi üçün zəngin məlumat mənbəyi var idi -  insan haqqında, onun əcdadları haqqında olan Antropologiya elmi, qədim yazı abidələri haqqında Arxeoqrafiya elmi, maddi mənbələr əsasında qədim insanların həyatını öyrənən Arxeologiya elmi, daş kitabələr və qəbirüstü yazıları öyrənən Epiqrafika elmi, müxtəlif xalqların həyatını öyrənən Etnoqrafiya elmi, şəcərəni, nəsil-soy qohumluğunu öyrənən Geneologiya elmi, qədim dövrlərin nişan, möhür, emblemlərini öyrənən Heraldika elmi, tarixi mənbələrin təsdiqinə yönəli Mənbəşünaslıq elmi, qədim sikkələr barədə Numizmatika elmi və digərləri. Bilirsiniz, uzun illər dünyaya qapalı olan, tarixi özünə lazımi səviyyədə saxtalaşdıran Sovetlər Birliyinin tərkibində olan bu diyar dünya elminə qapalı olmuşdur deyə dünya elmi bu zəngin xəzinədən az qala bixəbər idi. Sovetlər dağılan kimi isə erməni işğalı bu zənginliyi bəşər irsindən qopararaq elmi yenidən ac qoymuşdur. Mən davam edirəm. Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür. Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında “ev” tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3-4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək imiş. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet aşkara çıxarılmışdır. Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında, xüsusən induslar arasında mövcud olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını, hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Xocalı kurqanlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, bizim danışdığımız dövrdə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tulmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir. Xocalıda tapılmış külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdılar. Onlar hazırlayacağı qablar üçün xüsusi, yararlı gil mədənləri aşkar etmişdilər və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd olmuşdular. 

Alim yenidən qurumuş dodaqlarını stəkanın dibində qalmış bir qurtum suyla islatdı, qurumuş boğazını nəmləndirdi ki, mətni rahat oxuya bilsin. Və davam etdi:

-Qarabağ dulusçuları hazırladıqları gil qabları bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qablarının hamısının üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir verirlərmiş. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fıqurlar, nəbati təsvirlər cızılmışdır. Tam fərqlilik, özünəməxsusluq əlamətlərini də deyim sizə. 

Bu zaman erməni sırasında əyləşmiş bir təqsirləndirilən ayağa durub “Mən akademik Aqanbekyanam. Bu qəbir-məbir, qaya-maya barədə uzun moizəni bizə niyə dinlədirsiniz, məqsədiniz nədir” deyə çığıranda Baş Hakim “Məqsədimiz odur ki, bəşəriyyəti hansı qədim mədəni izlərdən məhrum etdiyiniz barədə məlumatlanasınız” cavabı ilə onu yerində oturtdu, alimə davam etmək işarəsi verdi. Alim davam etdi:

-Qədim xocalılılar  qabların üzərində cizdiqları naxış xətlərinin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir. Zaman keçsə də qabların üzərindəki xüsusi naxışlar bu ağ maddələrlə açıq-aşkar görünmüş, öz yaraşığını və şövqünü itirməmişdir. Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları qabların çiyini üzərində xüsusi göbələkvarı çıxıntılar düzəltmişlər ki, bu da qablara xüsusi gözəllik verir. Xocalıdakı Beş saylı kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənləri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3-4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkişafını da sübut edən xeyli maddi mədəniyyət qalıqları da aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur. Öncə qeyd etdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan biri də Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali silahlar hazırlamışdır. Ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir. Qarabağ qılınclarının dəstəklərinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstək hissəsinin bağında ikitərəfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxıqlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi. Eramızdan əvvəl birinci minilliyin başlanğıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuşdular. Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Bu abidələrə keçib çıxışımı yekunlaşdırmazdan öncə xidməti personaldan yenə su istəyəcəyəm. Lütfən mənə bir yox, iki stəkan su gətirin.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.