
Super User
“Xalqları yaxınlaşdırmağın ən sınanmış yolu mədəniyyətdir” – FUAD MURADOVUN MALAYZİYA SƏFƏRİ BARƏDƏ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Malayziyada səfərdədir. Komitə sədrinin növbəti görüşü bu ölkənin milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami (Saraswathy Kandasami) ilə olub.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, qonağı səmimi salamlayan nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən Komitə sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Malayziya Tərcümə və Kitab İnstitutunda (Malaysian Institute of Translation & Books) keçirilən görüşdə qurumun rəhbəri Nur Amin Əhməd (Noor Amin Ahmad) Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib, bu günlərdə çapdan çıxan və Azərbaycan ədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabı üçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.
Komitənin fəaliyyət istiqamətlərindən birinin də Azərbaycana dost xalqlarla münasibətlərin inkişafı olduğunu deyən sədr il ərzində müxtəlif dillərdə kitabların çapını dəstəklədiklərini söyləyib.
Bundan başqa, Türkiyənin Malayziyadakı səfiri Əmir Salim Yüksəl və Yunus Əmrə İnstitutunun Malayziyadakı nümayəndəliyinin rəhbəri Dr. Ömər Altunla da görüşlər keçirilib.
Səfər çərçivəsində Komitə sədri Malayziyanın Dövlət Teleradiosuna və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “Awani Global” televiziyasına müsahibə verib, Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri, COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Qarabağ münaqişəsi, rəsmi Bakının Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə planlarından bəhs edib.
Daha bir görüş Malaya Universitetinin və Putra Malaya Universitetinin (UPM) professor və müəllim heyəti ilə olub, Azərbaycan haqqında təqdimatlar edilib. Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində azad olunması, rəsmi Bakının sülh gündəliyi professor və müəllim heyətinin diqqətini çəkib. Malaya Universitetinin professoru Roy Antoni Rocers Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiyini, ermənilər tərəfindən dağıdılmış məscidləri və tarixi-mədəni abidələri öz gözləri ilə gördüyünü bildirib.
Növbəti görüşlər Selanqor Xalq Kitabxanası Korporasiyasında və Malayziya Milli Kitabxanasında baş tutub. Xalqları yaxınlaşdırmağın ən sınanmış yolunun mədəniyyət olduğu, Azərbaycan-Malayziya münasibətlərinin inkişaf etdirilməsində kitab mübadiləsinin və kitabxanalararası əməkdaşlığın da öz payı olduğu vurğulanıb, bu səbəbdən Komitənin hər il müxtəlif dillərdə onlarla kitabın çapına dəstək olduğu qeyd edilib.
Görüşlərin sonunda universitetlərə və kitabxanalara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunmuş Azərbaycan haqqında kitablar hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 20 oktyabr saat 19:00-da görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən xəbərə görə, konsert proqramında filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Dalğalar", "Vətənimsən", "Bir xumar baxışla", "Dedim tələsmə", "Bir könül sındırmışam", "İlk sevgi", "Azərbaycan dünyam mənim" mahnıları səsləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Bu gün Joze Saramaqonun “Korluq” romanı niyə aktual olsun ki? - TƏQVİM
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
14 oktyabr. Qızıl payızın daha sürtəli yürüşü. Günəşli saatlar azalır, səma buludlu, ara-sıra yağışlıdır. Dalandarların ən sevmədiyi fəsildir payız. Bütün günü küçələrdən xəzəl yığışdırmaq sizə asan gəlməsin.
Payız həm də hisslərin, duyğuların oyanması, insanın emosional olması zamanıdır, həm də sentimental. Günəş qeyb olduqca qəlblərə kədər və qüssə də çökür, payız həm də kədər fəslidir.
Bu günə təsadüf edən əlamətdar hadisələri nəzərinizə çatdırırıq:
14 oktyabr. Ümumdünya Görmə Günü
Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.
Yəqin Nobel mükafatçısı Joze Saramaqonun “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.
Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.
14 oktyabr. Keçəllər Günü
Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya, hətta “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.
Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!
14 oktyabr. Eyzenhauer və Maldelbrot
Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
GÜNÜN STATUSU - Müasir Robin Qud
“Dəbiyyət və incəsənət” portalının “Günün vəziyyəti” rubrikasında Vasif Ayan Lənkəran rayonunda baş verən maraqlı hadisədən bəhs edir.
Lənkəran rayonundakı qəsəbələrdən birində maraqlı hadisənin baş verdiyi bildirilir. Yerli mağazadan “nisyye” məhsulları alan sakinlərin üzərinə 11 min manatdan çox borc yazılıb.
Bu hadisənin şəhər sakinlərinin sevincinə və təəccübünə səbəb olduğu bildirilir. Sakinlər sevinclə mağaza sahibindən həmin şəxsin kimliyini soruşublar. Amma mağaza sahibi onun kim olduğunu bilmədiyini deyib. Sahibi bildirdi ki, bəzi şəxslər, o cümlədən mağaza mağaza sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Hər kəsin şəxsi borcu hesablandıqdan sonra hər kəs haqqını ödəyib mağazadan çıxdı...
Maraqlı və nadir hadisədir.
“dəbiyyat və incəsənət”
(14.10.2024)
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi qədim keramika sənətini yaşatmaqdadır - EKSKURSİYA
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
Çox gəzən və çox görən həm də çox öyrənər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə şəhid övladlarının və ailə üzvlərinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə təşkil edilən ekskursiya barədə danışacağam.
Ekskursiya Vətən müharibəsi şəhidlərinin övladlarının və ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi daşıyırdı. Amma tək bumu? Əlbəttə xeyir. Həm də onları bu qədim sənət növü ilə bilgiləndirirdi.
Tədbirdə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonlarından 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 40-a yaxın övladı iştirak edirdi.
Qonaqlara məlumat verildi ki, Mərkəzin açılışı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 29 oktyabr 2018-ci ildə Şəkiyə səfərləri çərçivəsində baş tutub. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi qədim keramika sənətinin inkişaf etdirilməsi sahəsində uğurla fəaliyyət göstərməkdədir.
Mərkəzin məqsədi ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Diqqətə çatdırıldı ki, dünyada mövcud olan 128 gil növündən 98-nə Azərbaycanda rast gəlinir.
Ekskursiya iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işləri ilə yaxından tanış oldular. Sonra iştirakçılar üçün gildən müxtəlif əşyaların hazırlanması və rənglənməsi üzrə ustad dərsi təşkil olundu.
Qeyd edim ki, ekskursiya şəhid övladlarının və ailə üzvlərinin böyük marağına səbəb oldu və onlarda xoş təəssüratlar yaratdı.
Kim bilir, bəlkə də bu 40-a yaxən şəhid övladı arasından tanınmış bir keramika ustası çıxacaq?
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
Oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclası çərçivəsində iştirakçılar Ağdama səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ICESCO-nun Mədəniyyət və kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri Məhəmməd Zeynalabdin, ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd Əl-Aydarus, Özbəkistanın Mədəniyyət Araşdırmaları və Qeyri-Maddi Mədəni İrs üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İroda Dadaşconova və digər rəsmilər, həmçinin Komitəyə üzv ölkələrin təmsilçiləri əvvəlcə bərpa edilən İmarət Kompleksi ilə tanış olublar.
Qonaqlara İmarət Kompleksində yerləşən Qarabağ xanları Pənahəli xanın və İbrahimxəlil xanın, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair, rəssam Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslərin məzarları haqqında ətraflı məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib, italyan mütəxəssislərlə birgə aparılmış bərpa prosesindən söz açılıb.
İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar maraqla qarşılanıb.
Sonra qonaqlar bərpa edilmiş Ağdam Cümə Məscidinə gəliblər. Məscidin işğal dövründə vəziyyətini əks etdirən fotoşəkillərlə tanış olub, bərpa prosesi barədə məlumatlandırılıblar.
Rəsmilər toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib və törədilmiş vandalizmi pisləyiblər. İslam dünyası irsinin bərpasında və qorunub saxlanmasında Kompleksdə həyata keçirilmiş bərpanın, eləcə də ümumilikdə, Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işlərinin nümunəvi olduğunu vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.
“Ədəbiyyat və incəsənət” portalına nazirliyə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar əsasən mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
“BİR ŞEİRİN HEKAYƏTİ” Rəsmiyyə Sabir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı iqtisadçı alimimiz və şeirləri ilə könülləri oxşayan Rəsmiyyə xanım Sabirdir.
Xoş gördük, əziz Rəsmiyyə xanım. Şair olmaq asan deyil, şairlik ucsuz- bucaqsız hisslər dəryasında üzməkdir və o hissləri zərgər dəqiqliyi ilə sözə düzməkdir. Şair olmaq ağrılıdır, şair olmaq sevinclidir...
-Əziz Rəsmiyyə xanım, rubrikamızın şərtlərinə görə yaradıcılığınızdan "Bir şeirin hekayətini" öz dilinizdən dinləmək istəyirik.
Buyurun, sevimli şair xanımımız, bizə o şeirin hekayətini söyləyin!
-Xoş gördük!
İlk olaraq onu qeyd edim ki, hər bir şeir hansısa hissin təsiri altında yaranır. Ya sevgidən, ya nifrətdən, ya kədərdən, ya da sevincdən... Mütləq şəkildə hansısa hiss insanı şeiri yazmağa vadar edir.
Bu gün ənənəyə uyğun olaraq şeirlərimdən birinin yaranma hekayətini sizin oxucularınız üçün anladacağam. Bu şeirin adı “Anamın ürəyi”dir. Adından da görüdüyü kimi anama həsr olunmuş şeirdir.
Məlum olduğu kimi, hər bir insan üçün ana müqəddəs varlıqdır. Anama çox bağlı biri olmuşam. 17 yaşımda universitetə qəbul olunduğum üçün doğma rayonumdan Bakıya gəldim və o vaxtdan bu günə kimi paytaxtda yaşayıram. Çünki universiteti bitirdikdən sonra uşaqlıq arzumu reallaşdırmaq istədim, elm yolunu seçdim, doktoranturaya qəbul olundum və iş həyatıma başladım. Anamdan, yaxınlarımdan uzaqda çətin idi. Əzizlərimi görmək üçün tez-tez (həftə sonlarında, bayramlarda və s.) rayona gedirdim. Hər gün də telefonla hal-əhval tuturduq. Bir gün anam telefonda ürəyinin onu narahat etdiyini dedi. Ondan xahiş etdim ki, Bakıya gəlsin. Anam gəldi və onu Bakıdakı xəstəxanaların birinə müayinəyə apardıq. Müxtəlif həkimlərlə görüşdük, anam çoxsaylı müayinələrdən keçdi. Həkimlərin diaqnozu kardiomeqaliya və ya ürək genişlənməsi oldu. Bu xəstəliyə tutulanda anamın 60 yaşı var idi.
Oxucularınız üçün bir faktı da qeyd edim. Mənim şair olmağımda anamın rolu var. Çünki ilk şeirmi də 2-ci sinifdə oxuyarkən məhz anamın xəstəliyindən təsirlənib yazmışdım. O zaman anam möhkəm soyuqlamışdı. Balaca olduğum üçün çox qorxmuşdum. Bu dəfə də belə oldu. Anamın ürəyinin xəstə olması xəbəri məni sarsıtdı. Anam kimi bir insanın bu xəstəliklə çox yaşayamayacağını hiss edirdim. Çünki anam çox həssas biriydi. Hər kəsin dərdini öz dərdi kimi yaşayardı. Anam, həm də çox şəfqətli biriydi. Onun qəlbində hamıya yetəcək qədər sevgi, mərhəmət var idi. Hər kəsin dərdini çəkirdi. Hamı üçün hər şeyin yaxşı olmasını istəyirdi.
Anamın həyatında çoxlu sayda itkiləri də olmuşdu. Anasını, qardaşını erkən itirmişdi. Bu itkilər, həyatda yaşadıqları anamın ürəyinə təsirsiz ötüşməmişdi. Onu da qeyd edim ki, mənim anam bəy nəslindən olub. Onda bəy nəslinə aid xüsusiyyətlərin hamısı təcəssüm olunmuşdu. Çox qürurluydu. Dərdini, sərini öz qəlbində yaşayardı, nə qədər çətinliyi olsa da, onu kənardakılara hiss etdirməzdi.
Anamın ürəyinin xəstə olması xəbərindən necə təsirləndimsə, həmin gün “Anamın ürəyi” şeirini yazdım. Şeirdə anamın xəstələnənə kimi yaşadıqları da öz əksini tapıb. Bu şeirdə dünyadan nigarançılıq, insanların yaşadıqları və onların anama təsirləri və s. kimi nüansları da vermişəm.
Bir faktı da qeyd edim, anam xəstələnən vaxtı torpaqlarımızın 20%-i işğal altında idi. Anamı bu dərd də içindən yeyib bitirirdi. Şeirdə bu nüansa da toxunmuşam. Bu şeirdə vətənindən didərgin düşən insanları da anlatmışam. Bir sözlə, anamın xəstəliyini bir fərdin yaşantıları kimi deyil, bir millətin yaşantıları kimi təsvir etmişəm. Bu şeirdəki anamın obrazı Azərbaycan qadınının obrazıdır.
...Anamın həssas qəlbi bu qədər ağrı-acıya dözmədi. O, bu xəstəliklə çox yaşaya bilmədi və 62 yaşında dünyasını dəyişdi. Artıq 19 ildir ki, anam fiziki olaraq bizdən ayrılıb. Anam dünyasını dəyişəndə onu tanıyanlar haqqında bu sözləri demişdilər: “Dünyaya mələk kimi gəldi, mələk kimi də dünyadan getdi”. Belə bir ananın qızı olduğum üçün hər zaman qürur duymuşam. Bütün şeirlərimdə anamın payı var...
ANAMIN ÜRƏYİ
…Arzuların qanadında
uçub getdi bahar.
Çəkdiyi bir dərin ahdan
əridi saçındakı qar.
Boylandı gözləri
nigaran-nigaran
dünyaya tərəf.
Qorxdu
sualın altındakı
dayaq nöqtəsini
yuyub aparar göz yaşları.
Geriyə səslədi.
dünyadan,
həyatdan,
ölkədən
qovulanları.
(Qəlbində yer verdi).
Torpaq kiçildikcə,
insan kiçildikcə,
hər gün bir az daha
böyüyür Anamın ürəyi.
Bütün evsizlərin,
bütün Vətənsizlərin,
bütün kimsəsizlərin
gərəyi
Anamın ürəyi...
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)
Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin 530 illiyinə Qazax Kamera Xoru Orkestrinin konsertini təşkil edib
Böyük türk şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə növbəti töhfəsini verir. Fond Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti Filarmoniyasının Qazax Kamera Xoru Orkestrini Azərbaycana dəvət edib.
Kamera xoru 10 oktyabr 2024-cü il tarixində ölkəmizdə ilk konsertini verib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qazax Xoru və Azərbaycan Xorunun ifasında hər iki ölkənin kamera orkestrlərinin birgə konserti keçirilib. Konsertdə Cahangir Cahangirovun Füzuli kantatası da hər iki qardaş xalqın incəsənət nümayəndələrinin ifasında səslənib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sənətçilərə mükafatlar da təqdim edib.
12 sentyabr 2024-cü il tarixində isə Gəncə şəhərində Qazax kamera Xoru Gəncə Filarmoniyasında eyni proqramlıa çıxış edəcək.
Qazaxıstanın Qaziza Jubanova adına Aktobe vilayəti Filarmoniyasının Qazax Kamera Xoru Orkestrinin bədii rəhbəri Merbol Kuspanov, xormeystri Madi Abişev, konsertmeystrləri Qazaxıstan Respublikasının əməkdar mədəniyyət xadimi Dina Niyazova və Zaru Jazıbekovadır. Onların repertuarları türk xalqlarının müxtəlif janrlı əsərləri ilə zəngindir.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
Oğuzda muzeydə sərgi təşkil olunub
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
11.10.2024-cü il tarixdə Oğuz rayon Tarix-diyarşünaslıq muzeyində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunuş “Təbiət Allahın şah əsəridir” layihəsi çərçivəsində “Yaşıl dünyamız”adlı sərgi təşkil olunub.
Sərgidə Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif materiallardan hazırladıqları əl işləri nümayiş olunub.
Sərgi maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)