
Super User
Aida İmanquliyeva: Şərq və Qərbin ortaq dəyərlərinə doğru açılan yeni səhifə
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır”...
Emerson
Yaxın Şərq, xüsusən Ön Asiya tarixən fəlsəfənin beşiyi olub. Fəlsəfi fikir də ilk dəfə burada - Misirdə, Suriyada, əski Şumer-akkad yörəsi, Babil torpağında intişar tapıb. Hətta bu gün bəşəriyyətin səcdəsinə durduğu məşhur yunan-Roma filosoflarının ustadları qeyd etdiyimiz bu ərazilərdəki məbədlərin, ocaqların sahibləri idilər. Əski Yunan filosofları azman düşüncə sahiblərinə tapınmaqla öz dövrlərinin və sonrakı minilliklərin qüdrətli fikir sahiblərinə çevrildilər.
Qərbin ən böyük kilsələri tərəfindən peyğəmbər və yaxud İsa Məsihin apostolları səviyyəsinə ucaldılan Əl-Qəzalinin, öz fikir və düşüncələrinə görə İbn Rüşdün, İbn Ərəbinin, Şihabəddin Yəhya Sührəvərdinin, Tanrı eşqi ilə səhraları dolaşan sufi dərvişlərinin, azadlıq, qardaşlıq, bərabərlik ideyası ilə insanlığı məfkurə birliyinə çağıran Şeyx Cəmaləddin Əfqaninin Avropa kralları tərəfindən etiraf olunması, milli-mənəvi dəyərlərimizin, sənət, mədəniyyət incilərimizin, tarixi abidələrimizin onları heyrətə salması, Avropa səyyahlarının təbiətimizin, yeraltı və yerüstü sərvətlərimizin zənginliyindən heyranlıqla söz açıb kitablar bağlaması bu gün özünə dönmək istəyən Şərqin əbədiyyət, əbədi var olmaq istəyindən boy alır. Min illər boyu “Min bir gecə” nağıllarının ovsununda tilsimə düşən, zülmətə doğru yol gedən Şərqin yaddaşa qayıdışı naminə ömrünü şam kimi əridən yüzlərlə filosoflar, şərqşünas alimlər oyanış, qayıdış nəğmələri oxuyub, dastanlar bağladılar. Qoca Şərqin “Min bir gecə” nağıllarından qurtulub oyanması, öz nuruna boyanması naminə onu Böyök Köçün qopduğu yola - İpək Yoluna səslədilər.
Bu yolu qəlbinin və qələminin nuruna qərq edənlərdən biri də şərqşünas alim, ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva idi. Aida xanım 1962-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Yaxın Şərq xalqları ədəbiyyatı tarixi” kafedrasından aspiranturaya daxil oldu. Şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin onun yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı.
XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu monoqrafiyada əsas məqsəd “ərəb -məhcər ədəbiyyatı”nın bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yaradanları dünyaya tanıtmaq idi. İşin əhatə dairəsinin genişliyi, mənbələrin qıt olması gənc tədqiqatçını Bakını Moskvaya dəyişməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqin məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır.
Tarixə texniki tərəqqilər, inqilabi yeniliklər, təbəddüladlar əsri kimi daxil olan XX yüz ildə realizm və romantizm ədəbi cərəyanlərı ilə yanaşı, elmdə maarifçilik hərəkatı, siyasətdə marksizm-leninizm ideologiyası sosializm realizminin, beşikdə boğulan kommunizmin alt qatına çevrildi. İnsan haqları, qadın azadlığı, sosial bərabərlik, ədalətli cəmiyyət uğrunda çarpışmalar, fanatizmə, dini dözümsüzlüyə, irqi ayrı-seçkiliyə qarşı mübarızə cəmiyyəti düşündürməyə başladı. Bu yer üzünün bütün qütblərində - Şərqdə də, Qərbdə də belə idi. İki qütbü, işığı və qaranlığı, cahili və kamili olan dünyada həqiqət axtarışında olan hər kəs bunu görürdü.
Düşünənlərin, düşüncə gəmisində dərin-dərin dəryalara dalanların, bəşəri dəyərlərin nə Şərqə, nə də Qərbə məxsus olmadığını anlayanların əksəriyyəti bu qənaətdə idi ki, “dünya malı” dünyada qalan kimi dünya insanı da insanlığın ruhunun, duyğusunun, düşüncəsinin, istedadının və zəhmətinin bəlgəsi olan həqiqətlərin ortağı, şərikidi. Ortaq dəyərlər, müştərək ideyalar anlayışı da məhz bu səbəbdən meydana gəldi.
Bu zaman məkanından, zamanından asılı olmayaraq ortaq dəyərlərə töhfədə bulunan, vaxtın, zamanın fövqünə qalxan qərbli Uitmenin: “İncəsənət vahiddir, o yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz”, nidasına cavab şərqli Əmin ər-Reyhanidən gəldi: “Ruh idealı nə təkcə Şərqə aiddir, nə də Qərbə. Ruhun özünü ifadə cəhdi, ruhun həqiqət axtarışı hər yerdə eynidir”. “Asiyada ruh şölələndi və bununla da dünya tarixi başlandı.
Avropa şübhəsiz tarixin sonu, Asiya başlanğıcıdır” qənaətinə gəlsə də, çox zaman Şərq - İslam dəyərlərini yetərincə dəyərləndirmək iqtidarında olmayan Hegelə cavab isə yüz sonra Azərbaycandan - Şərqlə Qərbin körpüsü olan Odlar yurdundan verildi. “Şərqdə həyatın təkmilləşməsi üçün yalnız Qərbin həyatı və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, mədəni nailiyyətlər və texniki tərəqqi də hələ insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil”, qüdrətindən boylanan bu fikir şərqli Aida İmanquliyevaya məxsus idi. Onu XX yüz ilin, Şərqin, Türk dünyasının, müsəlman aləminin səsi kimi də qəbul etmək olardı. Bu bir gerçəklik idi. Gerçək olanı danmaq olmadığı kimi inkar etmək də mümkün deyildi.
XXI yüz ildə dünyanı bürüyən qloballaşma siyasəti, svilizasiyaların dialoqu ideyası, mədəniyyətlərin inteqrasiyası prosesi bu faktın zamanında ortaya qoyulduğunu təsdiq edəcəkdi. 1966-cı ilin baharında - martda Şərq özünün gözəl bayramlarından birini - Novruzu qeyd etdiyi ərəfədə Aida xanım hər iki məşhur elmi rəhbərinin - Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır. Onun bahar bayramında şərqşünas alim, özü də ilk müsəlman, türk, azərbaycanlı şərqşünas qadın alim kimi özünü təsdiq etməsi Şərqin yeni günəşinin qadın, Ana üzündə parlaması, yurdu nura qərq etməsi idi.
60-cı illər Azərbaycan ictimai-siyasi fikrinə, ədəbi-mədəni həyatına o qədər böyük istedadlar bəxş edib ki, bu gün onların haqqında sadəcə təkcə siyasət, elm, mədəniyyət və ədəbiyyat adamları kimi söhbət açmaq olmur. 1920-ci ildə Şura hökuməti qurulduqdan, Azərbaycan Demokratik Cümhuriyyəti işğala məruz qaldıqdan sonra Azərbaycanı mənəvi terror dalğası bürüdü. Şərqdə ilk Demokratik Cümhuriyyət quran Azərbaycan ziyalılarının vətəndə qalanları repressiyalara məruz qalaraq Sibir çöllərinə, Türküstan qırgəzlərinə sürgünə yollandı, vətəndən qırağa çıxan, əslində isə əcəldən macal tapan vətənpərvərlərimiz mühacirəti qəbul etdi.
M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Hacıbəyli, M.Məmmədzadə, Almas İldırım kimi istiqlal fədailəri, müqtədir qələm sahibləri siyasi faliyyətlərinin mühacirət üzünü yaşayaraq, milli mənlik və kimlik uğrunda mücadilələrini Türkiyədə, Avropanın müxtəlif ölkələrində davam etdirdilər. Tarixin bu acı səhnəsindən dərs alan, mühitin, zamanın millətinə yasaq buyurduğu haqlar uğrunda mübarizəyə qalxan Aida xanım İmanquliyeva SSRİ məkanında basqılara məruz qalan türklərin - Türküstanda Çolpanın rəhbərlik etdiyi “Cığatay gürüngü” ədəbi birliyinin üzvlərinin, Bakıda Seyid Hüseynin qurucusu olduğu “Yaşıl qələmlər” birliyinin repressiya qurbanı olmuş yazarların haqq səsinə dönür.
Şərqdən Qərbə, Latın Amerikasına müraciət edən ədiblərin yaradıcılığını tədqiq etməklə onların əsərlərində qoyulan ideyaları müdafiə etməklə Hüseyn Cavid, Cübran Xəlil Cübran kimi ədiblərin əsərlərindəki müştərək ideyaların eyni ağrıdan boy aldığını, eyni amala xidmət etdiyini elmi əsaslarla sübut etməklə mənəvi dəyərlərimizə sahib çıxmış olur. Şübhəsiz ki, bunun başlıca səbəbi Aida xanımın mənsub olduğu xalqın, millətin söykəndiyi dəyərlər, yaşadığı gerçəklər idi. Bu gerçək adi gerçək deyildi. “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var” - deyib Allahsız və mədəniyyətsizcəsinə məscidləri klublara, anbarlara çevirən, “allahsızlar partiyası” yaradıb ciblərə “allahsız knişkası” qoyan quruluşa etiraz idi. Ziyalının, alimin, müəllimin, böyük mənada isə Vətəndaş, Alimin etirazı idi.
Çünki o, dünyaya göz açanda Azərbaycanda repressiya, mənəvi terror hələ bitməmişdi. Gecə gələn qara maşınların qara qandallı sakinlərini gedər- gəlməzə apardığı ağır günlər idi. Əgər II Dünya müharibəsi başlamasaydı, sovetlər bu müharibəyə sürüklənməsəydi, çox qapılar çırpılacaq, çox evlərin çırağı qaralacaqdı. 1941-45-ci illər müharibəsi minlərlə Sovet adamının ömrünə son qoyub, şikəstə, əlilə çevirdiyi illərdən Aida xanımın uşaqlığına pay düşmüşdü. Onun ərəb-məhcər ədəbiyyatına könül verməsinin başlıca səbəbi Azərbaycan mühacirlərinin vətən, torpaq sevgisini, yurd nisgilini anlamaq və anlatmaq hissi, duyğusu idi.
Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər, “Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur” - deyən Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Bu gün demokratik dəyərlərin inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adi, bəlkə də, adidən də adi görünə bilər. İnformasiya texnologiyalarının o qədər də inkişaf etmədiyi, sərhədlərin qapalı, ideya döyüşlərinin, soyuq müharibənin tüğyan etdiyi 60-cı illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi. Özü də nəzərə alaq ki, bu fikirlərin sahibi Şərqin bir çox yörələrində hələ də dünyanı qara çadranın altından seyr edən müsəlman qadını, cavan bir alim idi. Aida xanım şərqin, türk dünyasının o qadınlarından idi ki, xatun ucalığından, ana siqlətindən, alim dəyanətindən müsəlman dünyasına boylanır, onun inkişafını, cəhalətdən və səfalətdən qurtuluşunu ideya və məfkurə birliyində görürdü.
Amerika, Fransa, Türkiyə və Avropanın başqa yörələrinə mühacirət etsələr də ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə, azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qoca Şərqə 60-cı illərdən şərqilər söyləyir: “Qələmlər Birliyi” ilə Avropaya, Latın Amerikasına müsəlman mədəniyyəti və dəyəri gətirən ərəb fədailərinin haqq səsinə dönən Mixail Nüaymə irsinin carçısına çevrilərək söyləyir: “Mixail Nüaymə yeni həyat quruculuğu prosesinə böyük enerji, heyrətamiz fədakarlıqla qoşulan və bu hərəkatda öz tarixi keçmişinin özünəməxsusluğunu və zənginliyini unutmayan ərəb ziyalılarının ən qabaqcıl, həsas və istedadlı oğulları sırasında olmuşdur”.
“Mixail Nüaymə və “Qələmlər Birliyi” monoqrafiyasından sonra Aida xanımın ikinci ən böyük əsəri 1975-ci ildə işıq üzü görmüş “Cübran Xəlil Cübran” monoqrafiyasıdır. Uzaq Amerikada - Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Cübran Xəlil Cübranın da yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danışarkən qeyd edir: “Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi”.
Aida xanım Şərqin bu istedadlı qələm və fırça sahibinin haqqa xidmətdə bulunduğunu söyləyir. O, Cübran Xəlilin bu sahədəki xidmətləri barədə qeyd edir: “Cübran Xəlil Cübran hansı məsələdən danışırsa danışsın, o, həmişə mütəfəkkir, böyük sənətkar, söz ustası və öz xalqını, bütün bəşəriyyəti hədsiz dərəcədə sevən bir insan olaraq qalır”. Aida xanım bütün ömrünü “Müasir ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyası ilə yeni bir dünya - müasir ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işıq üzü görən kitab bu böyük alimin elmi ictimayyətə təqdim etdiyi son əsər olsa da, möhtəşəm əsər idi.
Şərqşünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb ədəbiyyatı korifeylərinin fikirlərini, düşüncələrini tədqiqata cəlb edə-edə özü də onlardan olurdu. Akademik üslubdan çox elmi, bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqşünas obrazını deyil, şair, yazıçı, mütərcim obrazını cücərtdi.
Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxsən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqşünas alimlər Ziya Bünyadov, Vasim Məmmədəliyev, İosif Braginski, İrina Bılik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripçenko, Malik Qarayev, İ.Filiştinski, O.Frolova dəfələrlə onun fikirlərinə şərik çıxırdılar.
Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyasından mühazirələr oxuyan Aida xanım pedaqoq alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalaşan bu ədəbiyyatların bəşəriyyətə bəxş etdiyi dəyərlərdən soraqçı olur, müasir ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi. Aida xanım ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağışladığı şərqşünaslıq elmində öz möhürünü vurdu. Adını Azərbaycanın və dünyanın tanınmış şərqşünaslarının, ərəbşünas alimlərin cərgəsinə yazdı.
Tanrının ona bəxş etdiyi istedadın, zahiri və batini kamilliyin, gözəlliyin işığını elmimizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə “Ərəb filologiyası məsələləri”, “Yaxın və Orta Şərq”, “Sovet şərqşünaslığının problemləri və perspektivləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Romantizmin problemləri və Şərq” adlı əsərləri və məqalələri ilə Şərqin təkcə ədəbi-fəlsəfi baxışlarına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq gətirdi.
Sent Bövün bioqrafik, İppolit Tenin mədəni, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqin böyük filosofu, düşüncə sahibləri - Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin “Haqq mənəm, Haqq məndədir” ucalığından, rus klassiklərinin, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan professor Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşüncə səmasında Ağlının, Məntiqinin ulduzu ilə parladı.
Onun cismani yoxluğunu 1992-ci ilin payızından, sentyabrın 19-dan hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdıb bir başqa nəğmə oxuyur, dastan bağlayırdı. Yarım əsrdən azca çox, qısa, lakin mənalı ömür yolu ilə örnəyə çevrilən, əcəl şərbətini Şərqin qüdrətli sənət-söz adamları, fikir və düşüncə sahibləri kimi eşq badəsindən içərək ölümsüzlüyə qovuşan, “Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”, deyən elmi əsərləri, daxili və zahiri gözəlliyi ilə nümunəyə çevrilən, ömrünün yarısından şoxunu həsr etdiyi əsərləri ilə dəyərlərin əyarına çevrilən Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan əsərlərində yaşayır. Son olaraq ünvanına səsləndirmək istədiyim bir fikir var. Qərbli filosof Emerson deyir: “Dahilərin bioqrafiyası qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır”...
“İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün daha əziz, daha istəniləndir” kəlamı ilə yerin və göyün mükafatına, Tanrının lütfünə layiq görülən Aida xanım indi həm də övladlarının, bütün həyatını milli-mənəvi dəyərlərin qorunmasına, sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna, Şərqlə Qərbin inteqrasiyasına, bəşəri idealların təntənəsinə həsr edən, dünyaya “Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə nə mane olur və nə kömək ola bilər?” sualı ilə müraciət edən, zamanın və tarixin min illərdir ən böyük sorğusuna ləyaqətli addımları, möhtəşəm layihələri ilə cavab verən, eyni məhəbbət və ehtiramla məscidlərə, kilsələrə, sineqoqlara ayaq basan, gəlişi, ziyarəti ilə təməlqoyma və açılış mərasimlərinə şərəf gətirən, batini kamilliyinə, Şərqli məlahətinə, qərbli cizgiləri əlavə etməklə Qərbə şərqli badəsindən şərbət, Şərqə qərbli təfəkküründən nemət paylayan, dünyanın nicatını birlikdə, bütövlükdə, gözəllikdə, xeyirxahlıqda, mərhəmət və məhəbbətdə, ruhun cismə, Şərqin Qərbə mənəvi hökmündə, Qərbin Şərqə ixrac etmək istədiyi demokratik düşüncədə, azad baxışda görən, Avropa və Asiyada xoşməramlı səfir kimi sonsuz hörmət və ehtirama, fəxri adlara, titullara, orden və medallara layiq görülən Azərbaycan Mədəniyyəti Fondunun, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın, adını daşıyan, ruhuna ithaf olunan Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Azərbaycan – İngiltərə Dostluq Cəmiyyətinin sədri, elmin Nizamişünaslıq və Qafqazşünaslıq istiqamətlərini yenidən müəyyənləşdirən, silahları kitabların əvəz etməsi üçün ümumbəşəri dəyərlər sistemini bir alim kimi kitab və monoqrafiyalı ilə zənginləşdirən, ÜNS Yaradıcılıq Səhnəsinin qurucusu, akademik Nərgiz xanım Paşayevanın milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi ilə bağlı həyata keçirdikləri genişmiqyaslı layihələrdə, sevimli nəvələrinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, “Bakı” Media Mərkəzinin qurucusu Arzu xanım Əliyevanın Vətən sevgisində, YARAT Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın, “Nargis” jurnalı ilə incəsənəti dəbə gətirən Ülviyyə xanım Mahmudovanın istedadının bəlgəsi olan yazılarda, sənət əsərlərində, bir də yetirmələrinin, tələbə və aspirantlarının duyğularında yaşayır.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi keçirilir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
“Azərbaycanın xalq nağılları təsviri sənətdə” mövzusunda keçirilən müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər. Rəssamların Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri qəbul ediləcək.
İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları 2024-cü il noyabrın 25-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərmələri xahiş olunur.
Mövzu üzrə hazır, orijinal əsərlər haqqında dəqiq məlumatlarda - əsərin fotosu, müəllifin ad və soyadı, təvəllüdü, əlaqə nömrəsi, əsərin adı, ölçüsü, texnikası, həmçinin əsərin yaradılma ili qeyd edilməlidir. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.
Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur. Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər. Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (Məsələn: 60x70, 70x90, 100x100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.
Bildirilib ki, əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi professional rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat, qaliblərə isə diplom və dəyərli hədiyyələr (birinci, ikinci və üçüncü yer üçün) təqdim olunacaq.
Seçilmiş əsərlər 2024-cü il dekabrın 6-dək sərginin keçiriləcəyi ünvana çatdırılmalıdır.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Ankarada Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub
Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Kültürünü Araştırma İnstitutu və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu davam edir.
AzərTAC xəbər verir ki, beynəlxalq simpozium çərçivəsində iştirakçılar və qonaqlar üçün Qazi Universitetinin konsert zalında Azərbaycan Mədəniyyət Mərkəzinin Məhəmməd Füzuliyə həsr etdiyi ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını, bununla əlaqədar həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi şairlə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Məhəmməd Füzulini anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığını, Azərbaycan bədii dilini, mədəniyyətini, incəsənətini daha da zənginləşdirdiyini, muğam sənətini isə Füzulisiz təsəvvür etməyin qeyri-mümkün olduğunu söyləyib. AMEA rəhbəri Məhəmməd Füzuliyə həsr olunmuş konsert proqramını yüksək qiymətləndirib, tədbirin dahi şairin yaradıcılığının tanıdılması istiqamətində əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli Məhəmməd Füzuliyə həsr olunmuş musiqilər ifa edib. “TRT Türkü” radio kanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər isə dahi şairin əsərlərindən şeirlər səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Şərq-Qərb” 38 yaşını qeyd etdi
X Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində “Şərq-Qərb” ASC-nin 38 illiyi münasibətilə “Bizi seçənlər” adlı təqdimat mərasimi keçirildi. Nəşriyyatla uzun müddət əməkdaşlıq edən bir sıra elm və incəsənət adamlarına “Fəxri müəllif” ödülü təqdim olundu.
Tədbiri giriş sözü ilə açan nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı “Şərq-Qərb” haqqında məlumat verərək bildirdi: “Biz bu 38 ildə bir çox nailiyyətlər qazandıq, beynəlxalq və yerli mükafatlara layiq görüldük. Lakin ən böyük qazancımız müxtəlif sahələrdə çalışan nüfuzlu, dəyərli müəlliflərimizdir”.
Təltif edilənlər arasında Xalq yazıçıları Anar, Elmira Axundova, Xalq rəssamı Arif Hüseynov, Əməkdar memar Elbay Qasımzadə, Əməkdar İncəsənət xadimləri Çingiz Fərzəliyev və Kübra Əliyeva, Əməkdar Elm xadimi Qəzənfər Kazımov, professor Rayihə Əmənzadə, Əməkdar artist Bəhram Bağırzadə var idi. Onların hər biri mükafat üçün təşəkkür edərək “Şərq-Qərb” ASC ilə əməkdaşlıqlarından, kitablarının hazırlanması prosesindən razılıq ifadə etdilər.
Sonda “Şərq-Qərb” Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova çıxışında müəlliflərə öz minnətdarlığını bildirərək əməkdaşlıqlarının uzunömürlü olmasını arzuladı.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Şərq-Qərb” nəşriyyatı “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabını təqdim edib
Başa çatan X Bakı Beynəlxalq Kitab sərgisinin ən vacib məqamlarını vurğulamaqda davam edirik. Tərlan Seyidovun “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının təqdimat mərasimi də bu cür vacib məqamlardandır.
Təqdimatda “Şərq-Qərb” nəşriyyat departamentinin direktoru Sevil İsmayılova, baş redaktor Nərgiz Cabbarlı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova, BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev və məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva çıxış edərək kitab haqqında məlumat verdilər.
N.Cabbarlı kitabın yalnız tədqiqatçılar və musiqişünaslar üçün deyil, eyni zamanda da geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu xüsusi olaraq vurğuladı. Çünki kitabda təqdim edilən fotoşəkillər F.Bədəlbəylinin həyat və yaradıcılığını, fəaliyyətini dolğun şəkildə əks etdirir.
Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli Azərbaycan musiqi sənətindən, klassik musiqiyə və ciddi musiqiyə Azərbaycan telekanallarının az yer ayırmasından və s. danışdı və oxucularının suallarını cavablandırdı.
Daha sonra “Şərq-Qərb” ASC-nun rəhbərliyinə və əməkdaşlarına gözəl və nəfis kitab üçün minnətdarlığını ifadə etdi. Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova isə Azərbaycanın dəyərli elm və sənət adamları ilə əməkdaşlıqdan qürur duyduğunu bildirərək gələcəkdə də bu cür kitabların hazırlanacağına ümid etdiyini vurğuladı.
Təqdimatda BMA-nın IV kurs tələbələri – klarnet ifaçısı Rüfət Məmmədov və violin ifaçısı Kənan Məmmədzadə musiqi nömrələri ilə çıxış etdilər.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Narkomaniyaya YOX deyək!" mövzusunda hekayə müsabiqəsində bu gün son gündür
Narkomaniya bir bəladır və get-gedə daha çox adamı öz ağuşuna alır. Və onunla mübarizə hər kəsin ümdə vəzifəsi olmalıdır. O cümlədən də qələm əhlinin.
Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkotik maddələrdən istifadənin ağır fəsadları barədə əhali arasında geniş maarifləndirilmənin aparılması, narkomaniya ilə mübarizənin daha da genişləndirilməsi, o cümlədən sağlam həyat tərzinin gənclər arasında təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan olunur.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. Seçilmiş hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında və xüsusi olaraq hazırlanan kitabda nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Müsabiqə şərtləri:
- Narkomaniya ilə mübarizə mövzusunda (Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkomaniyanın ağır fəsadları, narkotik maddələrdən istifadənin səbəb olduğu acı nəticələr və s. istiqamətdə) hekayələrin yazılması;
- Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;
- Hekayələrin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi.
Son müddət bu gündür: 10 oktyabr 2024-cü il.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Serbiyanın fəxri vətəndaşı olan kürdəmirli şair
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Öz aramızdır, bizim Səlim Babullaoğlu az aşın duzu deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı, zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də Fərid Hüseyndir.
Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub. Elə həmin ildə də AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. Məşhur filmdə deyildiyi kimi; "Sən bundakı fərasətə bax, gedib gör haralara çıxıb." Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid Hüseyn sözün əsl mənasında parlaq istedadlı, itizəkalı gəncdir. Bu gün məhz, elə ondan söhbət açmağa səy göstərəcəm...
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 2006-cı ildə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb...
Şeir yazmağa orta məktəbdə oxuyanda start verib. On-on iki şeir yazandan sonra həvəsdən düşüb və şairlik fəaliyyətini dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri, duyğuları özünəməxsusdur, ancaq oxşar şeirlər ortaya çıxanda anlayıb ki, bu yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə tanış olmağa başlayıb. Görüb ki, ədəbi mühitə qoşulmağın da, öz mənfi tərəfləri var. Burada meyar başqalarının zövqü olur...
Deyir ki,- “İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox onun öz zövqü olmalıdır. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.”
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi iş üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər Şurasının sədri seçilib. İki dəfə- 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. On beşə yaxın kitabın müəllifidir...
Şeirlərində mövzu rəngarəngliyi var. Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan zövq alır. Yazılarının böyük əksəriyyəti də poeziya haqqındadır...
“Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır. Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.”- söyləyir.
Fərid Hüseyn "Eşq" kitab seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından Məmməd Orucun "Oyun havası", Eldar Baxışın "Sərçə balası", İsi Məlikzadənin "Qırmızı yağış", Asif Atanın "İnam və şübhə", Serkanın "İtkin gül", Tuğrul Tanyolun "Sən əlimdən tutanda", Adnan Özerin "Kasıbın eşq nəğməsi", Gjeke Marinajın "Sevginin 24 saat", Koman Şovanın "Sevginin izi ilə" əsərləri işıq üzü görüb...
Necə deyərlər, gəncliyinin pik nöqtəsinə gəlib çatıb. Gələn ildən ona gənc yox, “cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim Babullaoğlu onu təqdim edib haqqında xeyli danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik məğrurluğu ilə seçilən, cəldliyi ilə fərqlənən bu insanın haqqında elə o vaxtdan maraqlanmağa başladım. Yazılarını, bir neçə şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma fəlsəfi baxımdan göəl poeziya nümunələridir. “Baqi bədəl” şeirində yazır;
Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.
Onun publisistika dilinə isə söz ola bilməz. Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti, hadisələri düzgün dəyərləndirmə bacarığı, "obyektə" yanaşma tərzi fərqlidir. Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi şeirdən, necə deyərlər, yan qaçmağa üstünlük verir...
Deyir ki,- “Adətən şairlər yaradıcılığında ədəbi normaları qorumağa çalışırlar. Hansı şair ki, o normaları pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi bir qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli, Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli erməni varmış. Senzura vaxtı Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. Bertolt Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Səlahiyyətli adamlara məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşanıb. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar. Növbəti bir problem isə bu günün özündə də var- şair gündəmə uyğun populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.”
Bəli, Səlim Babullaoğlunun mənimlə tanış etdiyi, bu gənc şairin yaradıcılığa fərqli yanaşması təbiidir. Çünki bu qədər şairin arasında seçilmək üçün, poeziyaya yeni nəfəs gətirməyi yalnız gənclər bacara bilər...
Bu gün Fəridin 35 yaşı tamam olur. Yəqin ki, dostlarının da deməyə, yazmağa sözləri olacaq. Qoy bu balaca yazı məndən ona yubiley hədiyyəsi olsun!..
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Öldürüb sonra da “əxlaqsız” damğasını vurmaq - RƏZALƏT
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“Susmuş vicdanların ayaq səsi”
Yazıb-yazıb sildiyim sözlər var bayaqdan. Uzun-uzadı düşünürəm. Axı nə idi onların günahı?
İki qız boğazları kəsilərək, bağırsaqları çıxarılaraq öldürüldü. Tələbə gəlinlə körpəsi qətlə yetirildi. Cavan və hicablı gəlin əri tərəfindən yarıçılpaq vəziyyətdə 8-ci mərtəbədən atıldı. Gənc qız platonik sevdalısı tərəfindən güllələndi. İki yaş yarımlıq körpənin bədənində təcavüz izləri aşkarlandı. Məktəb yaşı çatan qız uşağı anası və əmisinin gizli münasibətinə şahid olduğu üçün yandırıldı.
Saydıqlarım son üç ayda sadəcə Azərbaycan və Türkiyə daxilində baş verən və sosial mediada görünən qadın-uşaq cinayətləridir. İndi o öldürülən qadınlara, gənc qızlara necə əxlaqsızca fahişə damğası vurulduğundan xəbəriniz varmı? Neçə qadının öz həmcinsinin ölümünü kişiliyin zəfəri kimi, göz dağı verərcəsinə öz qızına, gəlininə danışdığını bilirikmi? Hələ də çıxmadığımız o mental qəliblərdən xəbərdarsınızmı? Bəs o körpələrin günahı nə idi? Niyə o körpənin məzarına gəlinlik qoyuldu ki? Axı o da yaşıdları kimi məktəbə getməli idi. Necə oldu axı iki yaşında olan körpəyə cinsəl istismar ediləcək qədər tamah salındı? Deyək ki, gəlinlər pozğunluq edib xəyanət etmişdi deyə öldürüldü, deyək ki, gənc qızlar tərbiyəsiz idi (ki, bu belə deyil və hər kəs həqiqətin fərqindədir), o körpələrin günahı nə idi?
Mən bunları 21 yaşında həm oxuyub, həm işləyən, evdən səhər 7-də çıxıb gecə 11-də qayıdan bir gənc qız kimi yazıram. Məndəmi qorxmalıyam? Bir gün mənə də nəsə edərlər, sevgilim olsa, mənim bədənimi necə doğrayacaq deyə fantaziya qurar? Ərim "oxumaq istəyirəm, işləmək istəyirəm" deyə boğazımı kəsər, yoxsa balkondan aşağı atar? Küçədə möhkəm gülsəm, özümü utanmalıyam? Rəfiqələrimlə birlikdə əylənsəm, nə bilim, bir az dar və ya açıq geyinsəm, təcavüzkarlar haqlı olarmı? Yəni, həqiqətənmi bu sadaladıqlarım insan canına qıymağa səbəb və hətta haqqdır?
Hər il minlərlə gənc "qardaş dövlət" deyib Türkiyəyə təhsil almağa gedir, öz rayonlarımızda neçə gənc ata-anasının isti yuvasından çıxıb Bakıya təhsil almağa gəlir ki, cəmiyyətdə müstəqil fərd olaraq özlərini formalaşdırmağı, həyatı təkbaşına yaşamağı, gələcəyin savadlı və bacarıqlı kolleqası olmağı öyrənsin. Və bir gün onlardan birinin, ikisinin, üçünün, beşinin, mininin evinə ölüm xəbərləri, soyuq cəsədləri gəlir. Anaları "kaş güllələnərdi, bu qədər canı yanmazdı gül qoxulumun" deyib fəryad edərkən, atalarının qəlbinə övlad dağı çəkilir. Budurmu ədalət? Budurmu haqq və vicdan? Deyin mənə, haradadır insanlıq və kişilik?
Mənim içimdəki bu nifrət, bu qəzəb əsla sönməyəcək. Hər qoparılan cana öz başıma gəlmiş kimi can yandıracağam və hər dəfə o pedofillərə, qatil, sosyopat manyaklara haqq qazandırmaq üçün qadının, qızın o vaxt küçədə nə işinin olduğunu, oxumağı, ər sözündən çıxmağı günah bəlli edən, həmcinsini aşağılayaraq kişilərin gözünə mələk görünməyə çalışan, öz oğlunu kişi edə bilməyən qadınlara kin qusmağa davam edəcəyəm.
Çox istərdim ki, bu dəfə solan güllərdən yazmayım. Bu dəfə də başlığım şiddət və cinayət olmasın. Qadınlar öldürülməsin, gənc qızlar axşam dərsdən, işdən evə qayıdanda qorxu və təlaş içində olmasın, təcavüzə uğrayanlara məhkəmə zallarında "əynində nə var idi?" sualı verilməsin.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
BİR SUAL, BİR CAVAB Fərid Hüseyn ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Həddindən artıq qürurlu insanlar susmağı və yalnızlığı sevirlər." ( Anton Çexov)
Fərid bəy, yalnızlıqla aranız necədir, hansı məqamlarda yalnızlıqla sirdaş olursunuz?
CAVAB
Yalnızlıqla aram çox yaxşıdır, mən çox nadir hallarda tənhalıqdan darıxıram, əksinə əksərən adamlar arasında darıxıram. Məsələn, adamlar arasında darıxıram ki, gedim evə yazı otağıma qapanım, nələrsə yazım, kitab oxuyum, ney çalım, idman edim, musiqi dinləyim və sair.
İnsan yalnız olanda tam mənada özü olur, özü olmaqdan qorxmaq lazım deyil. Məcnun səhraya çəkilməsi sadə bir qeyri-sosiallıq halı deyildi, çünki o əyyəmlarda eşq anlayışı adamların arasındakı qavramda təhrif olunmuşdu, həqiqi eşqi dərk etmək üçün ilk növbədə ətrafındakı insanlardan aralanmaq lazım idi. Musa Yaqubun dostlarına yazdığı bir şeir var. Məzmunu belədir ki, dostları onu harasa əyləncəyə, məclisə çağırırlar, o isə evdə tək – özü ilə qalmaq istəyir:
Bu gün qalacağam özüm olmağa,
Torpağın çiçəkli üzü olmağa.
Qalıram bir çeşmə gözü olmağa,
Sən Allah, bu dəfə aparma məni.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Qeybin sədası, yaxud Məsud Əlioğlunun səsi...” - Azər TURAN
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Azər Turanın Məsud Əlioğlu ilə bağlı fikirləri təqdim edilir.
Bu fotoşəkil 1969-cu il sentyabrın 10-da Neftçalada - evimizdə çəkilib: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, atam İmamverdi Əbilov və Məsud Əlioğlu. Şəklin çəkildiyi anlar indi də hafizəmdədir...
Təbii ki, 6 yaşlı uşaq üçün bu adamların kimliyi önəmli ola bilməzdi. Sonra yaddaşım həmin gün onların lent yazısında qalmış səsləriylə, xatirə dəftərinə yazılmış ürək sözləriylə cilalandı.
Əvvəlcə xatirə dəftərində Məsud Əlioğlunun yazdığını oxudum: "Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq çağlandığı anda gözəldir... 10. IX. 69"
Sonra lent yazısında qalmış səsini dinlədim: "Tale insana cəza verəndə də, nəşə verəndə də, zövq verəndə də, səadət verəndə də onu cəzalandırır. Lakin ən böyük cəzanı, Allah onda insana verir ki, dostları bir-birinə verir: görün, kim kimi, kim kimdən nə qədər çox sevəcək, kim kimə nə qədər sadiq olacaqdır? Bu özü də Allah tərəfindən verilmiş cəzadır. Məhəbbət cəzası! Məcnun da bu cəzanı çəkib! Biz xoşbəxtik ki, bu gün də məhəbbət cəzasına mübtəlayıq. Necə ki, eşq və şeir tanrımız deyib: "Ya Rəbb... Bəlayi-eşqdən etmə cüda məni". Nə qədər nəfəsim var, deyəcəyəm: yaşasın bizim qardaşlıq, dostluq təriqətindən yaranmış vəhdət məhəbbəti!"
Yazdıqları bir yana, hətta Məsud Əlioğlunun dalğalı və sanki qeybdən gəlirmiş kimi eşidilən səsində Cavid barədə söhbətlər dinləmək adamı bütün ömrü boyu Cavidin ruhuyla həmrah edərdi. Məni - hələ oxuyub-yazmağı bilməyən altı yaşlı uşağı Cavidə, Əli bəy Hüseynzadəyə və Məhəmməd Hadiyə bağlayan ilk səbəb Məsud Əlioğlu olmuşdu. Əli bəy Hüseynzadənin "Hali-Vətən" şeirini, Cavidin "Şeyx Sənan" faciəsindən Şeyxin "Arkadaşlar, şu parlayan günəşin" misrası ilə başlayan monoloqunu, Hadinin "Mən solmalıyam, ta ki, açılsın da baharım... / Mən ölmədən əvvəl vətənim oldu məzarım" misralarının keçdiyi "Ümid səhneyi-tamaşayi-həyatın ruhudur" şeirini ilk dəfə həmin gün Məsud Əlioğunun səsindən eşitmişəm. Əli bəy Hüseynzadə də, Cavid də, Hadi də həyatıma Məsud Əlioğlunun vasitəsilə - 1969-cu ilin 10 sentyabrında daxil oldular. Altı yaşımdan etibarən onların əfsununa düşdüm.
İndi dinlədiyim lent yazısında Məsud Əlioğlu Sartrdan da danışır, sözlərini belə tamamlayır: "Bu evdə Sartr da var, Əli bəy Hüseynzadə də... Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeiriylə ayrılaq burdan..." Sonra da "Ucundadır dilimin, həqiqətin böyüyü" misrasıyla başlayan "Hali-Vətən"i söyləyir. Bəlkə də əsas olan hali-vətənmiş...
Bu yazını yazdıqca gözlərim önünə Füzulinin evimizin divarından asılmış araxçınlı şəkli önündə dayanıb ona təzim edən Məsud Əlioğlu gəlir. Maqnitofon lentində isə bu anın səs yaddaşı belə qalıb: "Təsəvvür edirik ki, adamın evindən nemeçski xalça asılmır, Füzulinin şəkli asılır..." Sonralar Məsud Əlioğlunun kitablarını oxudum. Gördüm ki, o, "eşq və şeir tanrısı" adlandırdığı Füzulinin "səsdən sözə, sözdən fikrə və əqidəyə çevrilən, mənəvi həyatın bütün zənginliyini fəth edən ruhu"ndan yazır. 1960-cı illərin ədəbi mühitindəki dissident ovqat barədə kifayət qədər aydın təsəvvür yaradan "Füzulinin kədəri" essesi, sadəcə, bir ədəbiyyatşünasın yazısı deyil, həm də "bir ədəbiyyat filosofu"nun (Nizami Cəfərov) cəmiyyət və şəxsiyyət barədə fəlsəfi düşüncələrdən doğulmuş iztirablarının izharıydı: "Fərdin azadlığı yoxdursa, cəmiyyətin azadlığı ağlasığmazdır... Şəxsiyyətin fikrən və ruhən ucalması, özünəlayiq ehtiram qazanması naminə azadlıq zərurətdir. Bu zərurət uydurma qanunlar, süni ehkamlar...tərəfindən rədd edildikdə mənəvi böhranın və ruhi sıxıntının ən şiddətli halı - kədər yaranır..."
Bu böyük kədər Füzulinin də, azad olmayan fərdlərin də, azadlıqdan məhrum edilmiş millətimizin də kədəriydi və 1960-cı illərdə cavan bir ədəbiyyat alimi bu böyük kədəri sətiraltı mənalarla bu şəkildə izhar edir, qurtuluş yolunu isə belə nişan verirdi: "Şəxsiyyət o halda kamilləşə bilər ki, insana zidd və təbiətə əks qüvvələri ağlın və qəlbin sakin olduğu bütün sahələrdən çıxara bilsin. Yaşamağa o şəxsiyyətlər layiqdirlər ki, dövrana qarşı müxalifdirlər və donuq, ölgün ehkamlara müti deyillər..."
Yaşadığı dövrana müxalif olan Məsud Əlioğlu Cavidə, Hadiyə münasibətini də eyni məcrada izhar edirdi. O, Cavidi tədqiq etməklə kifayətlənmir, yazdığı məqalələrlə Cavid uğrunda mücadilə verirdi. Cavidə münasibətinin cazibədar çevrəsində dərvişanə bir hal cərəyan edirdi. Cavidlə bağlı bütün əks arqumentləri zərərsizləşdirir, "Cavid haqqındakı yanlış, əsassız və ədalətsiz bir hökmü - Cavid Azərbaycandan yazmamışdır və xalqdan uzaqdır" deyə ortaya atılmış iddianın uğursuzluğunu əsaslı şəkildə isbat edirdi: "Öz milliliyi, xəlqiliyi ilə də Cavid bu gün bizə doğmadır. Hər bir xalqın ruhunun təcəssümü - təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq ruhunun təcəssümü - təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat, sözün əsl mənasında, milli və xəlqi ola bilər"... Məsud Əlioğlu bütün bunları deməklə kifayətlənmir, 1956-cı ildən - bəraətdən sonra Azərbaycan ədəbiyyatşünaslığının Cavid irsinə yönəlməsi Məsud Əlioğlunun "Məhəbbətin qüdrəti" məqaləsi ilə başlanırdı. Eyni zamanda Hüseyn Cavid irsini türk ədəbiyyatı kontekstində təhlil edən, Tofiq Fikrət, Namiq Kamal, Əbdülhəq Hamid yaradıcılığı ilə müqayisəli təhlil edən ilk cavidşünas da Məsud Əlioğlu olmuşdur.
Yaxud Məsud Əlioğlu Hadini "faciəli istedad" adlandırır və Hadinin faciəsini onun böyük istedadına qarşı dayanan "kiçik" mühitdə, ilahi verginin vüsəti, çılğınlığı müqabilində zaman və şərait darısqallığı"nda görürdü. Bu isə Cavidə, Hadiyə münasibətdə yeni filoloji aspekt idi...
Uşaq yaddaşımda qalan bir epizodu heç unutmuram. Elə bilirəm, bunu yazmasam, Məsud Əlioğlunun portreti tamamlanmaz, yarımçıq qalar. Dost süfrəsi "Qonaq evi" adlandırdığımız otaqda açılmışdı. Məclisin sonunda Bəxtiyar Vahabzadə balış istədi və divanda deyil, yerdə uzandı. Məsud Əlioğlu ayaqüstə dayanıb "Koroğlu" operasından Çənlibel xorunu oxumağa başladı. Özü də necə oxuyurdu. Həm Bülbülü, həm də onu müşayiət edən orkestri yamsılayırdı. Bəxtiyar Vahabzadə uzandığı yerdə dirsəklənib onu dinləyirdi...
Məsud Əlioğu ədəbiyyat tariximizdən gəlib-keçmiş bütün mötəbər imzalar barədə yazıb... 1960-cı illər üçün gözlənilməz və mübahisələrə səbəb olan yazılar qələmə alır, məqalələri ilə tənqidi fikri aktivləşdirirdi. Onun bir də Şəhriyarla bağlı gördüyü işlərin üstündən sirr pərdəsini qaldırmaq lazımdır. O pərdənin nə olduğunu heç özüm də bilmirəm. Amma atamdan qalan əmanətlər arasında Məsud Əlioğlunun 1960-cı ildə üstünə yadigar sözlər yazıb ona bağışladığı "Heydərbabaya salam" poemasının bir makina nüsxəsi var ki, əsərin hər səhifəsi Məsud Əlioğlu tərəfindən ciddi şəkildə redaktə olunmuşdur.
Söhbət atamdan düşmüşkən, Məsud Əlioğlu ilə atam çox yaxın dost idilər. Ona verdiyi avtoqraf kitablardan birinin titul vərəqinə "qəlbi qəlbimdən, fikri fikrimdən, əqidəsi əqidəmdən olan qardaşım, sirdaşım İmamverdiyə" yazıb. Evimizə çox gəlib-getmişdi. Neftçala orta məktəbinin 33 yaşlı ədəbiyyat müəllimi İmamverdi Əbilovun 1960-cı ildə çapdan çıxmış ilk kitabının - "Rəsul Rza" monoqrafiyasının (Rəsul Rza barədə ilk kitabın) elmi redaktoru da Məsud Əlioğlu olmuşdu.
O illərin xatirəsini yaşadan bir fotoşəkil var. İkisi bir yerdədir. O şəkil də evimizdə çəkilib. 33 yaşlı atam və 32 yaşlı Məsud Əlioğlu. İndi Məsud Əlioğlu barədə çap olunan əksər yazılarda həmin şəkildən atamın şəklini kəsib Məsud Əlioğlunu tək təqdim edirlər. Bu yazıda həmin fotonu olduğu kimi təqdim edirəm.
Fotodakılar: İmamverdi Əbilov və Məsud Əlioğlu. 1960. Neftçala
Atamın ağladığını ilk dəfə Məsud Əlioğlu dünyasını dəyişəndə görmüşəm. Evimizə matəm havası çökdü. Bir həftə televizor yandırılmadı. Radio susdu. Anam, bibim yasa batdılar.
Məsud Əlioğlunun fövqəladə yaddaşı var idi. Dediyim kimi, "Koroğlu" operasının musiqisini də, Füzulinin "Leyli və Məcnun"unu da, hətta Rac Kapurun oynadığı "Avara" adlı məşhur hind filminin mətnini də əzbər bilirdi. Qiraət ustasıydı, vokalistliyi də vardı... Türk mahnılarını məharətlə ifa edərdi. Ruhunda İstanbul rüzgarları əsərdi...
Düşündüklərini yazan, yazmadıqlarını danışan Məsud Əlioğlu Azərbaycan filologiyasında enerji axınını hərəkətə gətirir, təkcə Vaqifdən sonrakı yeni ədəbiyyatı deyil, "Dədə Qorqud"u və "Koroğlu"nu da araşdırır, ədəbiyyatda böyük ədəbi tənqidi təfəkkürün ehya tapmasını təmin edirdi. Güzəştsiz alimlərdən idi. Tənqidçi inadkarlığı Məsud Əlioğlunun məqalələri barədə Mərkəzi Komitənin plenumunda qərar çıxarılmasına səbəb olurdu. O, Azərbaycan ədəbiyyatşünaslığının qumsallığına eşq və kədər yağmuru kimi yağırdı... Poetik və cazibədar yazılarıyla ədəbiyyatşünaslığın üslubunu dəyişir, yaxud dəyişməyə çalışırdı.
İndi bu yazını kağıza köçürdükcə neçə dəfə dinlədiyim firavan səsini qeybin sədası kimi yenidən dinləyirəm. Ruhunda çırpınan ağrısı, davamlı iztirabı və işıqlı, ahəngdar üslubu ilə vəhdət təriqətinə doğru yüksəlib ədəbiyyatın fəza elementinə çevrilmiş, fikir həyatımızın qeybinə çəkilmiş bu böyük alimin mənəvi varlığında ruhani bir hal var idi ki, Məsud Əlioğlu həmin halın həm zahidiydi, həm də rindi.
İki gün sonra - oktyabr ayının 5-i Məsud Əlioğlunun doğum günüdür. 96 yaşı hələ indi tamam olur... İş yerimdə əyləşib lent yazısında onun səsini dinləyir və düşünürəm. 1969-cu ildə Məsud Əlioğlunun qırx bir, mənim isə altı yaşım vardı. İndi mən Məsud Əlioğludan iyirmi yaş böyüyəm. Və "Ədəbiyyat qəzeti"ndəki iş otağımın divarından yanaşı asdığım fotoşəkillərdən - Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin rəsmlərindən ətrafa yayılan sükut dalğasının qoynunda Məsud Əlioğlunu eşidirəm... Altı yaşımdakı kimi heyrət və sevgi ilə...
3 oktyabr 2024
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)