Super User

Super User

14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçiriləcək.

 

Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutacaq tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Müzakirələr dövlət xidmətlərinin yaşıl idarəçilik və iqlim hədəflərinə transformasiyası istiqamətində qabaqcıl təcrübələrin, yeniliklərin və strategiyaların paylaşılması üçün platforma olacaq.

Forumda Azərbaycanın “ASAN xidmət” modeli kimi innovativ modellərinin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi vurğulanacaq. Həmçinin yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində olacaq.

Tədbirdə ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri  və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romanslarını, Cakomo Puççininin "Toska", "Bohema", "Edqar" operalarından ariyalar ifa ediblər.

İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Cümə axşamı, 07 Noyabr 2024 17:00

Praqada Azərbaycan Evi açılıb

 

Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub. Mərasimdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlunata görə, mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. 

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru,  “Natəvan” Cəmiyyətinin sədri və Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin, həmçinin Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. 

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bildirib ki: “Bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan azərbaycanlılar Praqadakı Azərbaycan Evinin xətti ilə daha böyük uğurlara imza atacaqlar”.  

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb. 

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb. 

Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert bildirib ki:“Praqada açılan Azərbaycan Evi azərbaycanlılarla bərabər həm də bizim evimiz olacaq və inanıram ki, bu evin qapıları hər kəsə açıq olacaq”. Milan Ekert Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə də təbrik edib. Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkxalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib. 

Əlavə edək ki, Azərbaycan Evində həftəsonu məktəbi də fəaliyyət göstərir. Praqada yaşayan Lamiyə Axundova məktəbin açılması ilə bağlı sevincini bildirib və qeyd edib ki:“Həftəsonu məktəbi övladlarımın ana dilini öyrənmələri üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”. 

Çıxışçılar Praqada Azərbaycan Evinin açılması münasibətilə sonsuz sevinclərini ifadə edib, bu hadisənin Azərbaycan dövlətinin Çexiya azərbaycanlılarına ən qiymətli hədiyyəsi olduğunu deyiblər. 

Azərbaycan Evinin açılışında mədəni hissə də təşkil edilib.

2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın, pianoçu Lamiyə Axundovanın çıxışları, zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

8 Noyabr – Zəfər Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, bazada “Rəsmi sənədlər”, “10 Noyabr Bəyanatı”, “Müsahibə və çıxışlar”, “Xronologiya” kimi bölmələrlə yanaşı “44 günlük Vətən Müharibəsi”, “Vətən Müharibəsi qəhrəmanlıq salnaməmiz”, “Vətən Müharibəsi - tarixi zəfərimiz” kimi məqalələrin tam mətni də yer alır. “44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazasında Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlər, Ermənistan qoşunlarının döyüş itkiləri, Vətən Müharibəsində Azərbaycan Republikasının dinc əhalisinə qarşı törədilmiş terror aktları haqqında da geniş məlumat verilir. Elektron bazada Şanlı Zəfər tarixinin qürurverici anlarını özündə əks etdirən Zəfər Paradı, geri qaytarılmış torpaqlara “Böyük qayıdış”, burada aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar, II Qarabağ Müharibəsinə dair Azərbaycan və xarici dillərdə nəşr edilən kitab və dövrü mətbuat nümunələrinin siyahıları təqdim edilir. Bazada Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq hazırlanan virtual kitab sərgisi və multimediya materialları da sərgilənir. 

“44 günlük Zəfər tariximiz!” adlı elektron məlumat bazasıkitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/44_gunluk_Zefer_tariximiz_el_melumat_bazasi/index.html  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

“Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. 

Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? İnsanlar deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? 

Deni Didronun bir sözü var, deyir, bir var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. 

Öləndə də biləsən nəyə görə ölürsən..."

Fuad Poladov (1948-2018)

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

Parisdə Divani-Lüğat-ət-Türk əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək

Fransanın paytaxtı Parisdə, UNESCO-nun mərkəzi qərargahında Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova məlumat verib.

O xatırladıb ki, UNESCO 2024-2025-ci illəri türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib:

"Bu təşəbbüsə dəstək olaraq, 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

6 noyabr 2024-cü il tarixində Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Murat Nurtleu, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Bəxtiyar Səidov, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı TurkicWorld-a istinadən xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

Aktotı Raimkulova çıxışında Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, Türk dövlət Başçılarının, Xarici İşlər Nazirləri Şurasının Türk əməkdaşlıq təşkilatlarının qarşısına qoyulan və strateji sənədlərdə göstərilən vəzifələrin fəal şəkildə yerinə yetirilməsindən danışıb:

 

"Astana Sammiti Bəyannaməsinin direktivlərinə uyğun olaraq Bişkekdə Alıkul Osmonovun ev muzeyinin yenidən qurulması və bu mədəniyyət ocağının təhciz edilməsi işlərini uğurla başa çatdırdıq.

"Türk Dünyası – 2040" konsepsiyasını və "TURKTIME" təşəbbüsünü rəhbər tutaraq, hazırda türk dünyasının mədəni irsinin kataloqunu hazırlayırıq, eyni zamanda biz artıq Astanada beşinci Dünya Köçəri Oyunlarının keçirilməsini dəstəkləyərək qədim mədəniyyətimizin zənginliyinin nümayişinə töhfə vermişik.

TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” beynəlxalq konfransın keçirilməsini dəstəkləmişik. Hazırda Qurama və türk dastanları üçün çoxmillətli nominasiyaların tətbiqi üzrə üzv ölkələrlə əməkdaşlıq edirik.

Ədəbi-mədəni, o cümlədən tarixi irsimiz Fondun təsis etdiyi "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk ədəbiyyatının elmi inciləri" kitab seriyalarında doqquz kitabın uğurla nəşr olunması sayəsində daha da inkişaf etmişdir.

Yüksək keyfiyyətli elmi məzmunlu TurkDiscovery adlı Youtube Kanalı yaratdıq və rəqəmsal qarşılıqlı əlaqələri daha da genişləndiririk.

UNESCO 2024-2025-ci illəri Türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Cümə axşamı, 07 Noyabr 2024 14:18

Yunus Oğuz kitablarını hədiyyə etdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı-publisist  Yunus Oğuz  AzerGold şirkətinin təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan “Pulsuz oxu" kitab köşkünə öz tarixi romanlarını  hədiyyə edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına yazıçı məlumat verib. 

 

Qeyd  edək ki, "AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.

Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi  "Kitab sovqatı", "Uşaq kitab dostu" kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan "Kitab köşkü" ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan "açıq kitabxana" tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Cümə axşamı, 07 Noyabr 2024 15:40

AZƏRBAYCAN ƏSGƏRİ - Rəsmiyyə Sabir

Bəli, sabah Zəfər Günümüzdür. Bu barədə yüzlərlə şeir, hekayə yazılıb, film, rəsm əsəri çəkilib, musiqi bəslənib, tamaşa oynanıb. 

“Ədəbiyyat və incəsənət” portalı sizə Zəfərimizlə bağlı bir şeir təqdim edir. Rəsmiyyə Sabirə aid bu şeir “Azərbaycan əagəri” adlanır. 

 

Sən Vətən torpağında silinməyən bir izsən,

Bu günsən, gələcəksən, şanlı tariximizsən,

Sənin şücaətini necə vəsf eləyim mən,

Ey Odlar diyarının igid, qəhrəman əri,

Azərbaycan əsgəri!

 

Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,

Yolunu kəsə bilməz nə duman, nə də ki çən,

Vətənə sipər olan şəhidsən, qazisən sən,

Biz müqəddəs bilirik məzarın olan yeri,

Azərbaycan əsgəri!

 

Addımların titrədir dağı, dərəni, daşı,

Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,

Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,

Azərbaycan əsgəri!

 

Qutsal qanın qarışdı, torpağı Vətən etdin,

Şanlı zəfər yolunu rəşadətinlə getdin,

Qayaların buzunu nəfəsinlə əritdin,

Göytürk xaqanlarının xələfidir hər biri,

Azərbaycan əsgəri!

 

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,

Şöhrətinin sədası indi sərhədlər aşır,

Sənə xalqın qəlbində məhəbbət aşıb daşır,

Qisasımızı alıb ovutdun dərdi-səri,

Azərbaycan əsgəri!

 

Əsla dayanma, igid, yürü ancaq irəli,

Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...

Silinir yer üzünün bütün pisliyi, şəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə Oğuz rayon Təhsil sektoru ilə birgə Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirə başlamamışdan əvvəl şəhidlərin məzarı ziyarət olunmuş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur. 

Tədbirdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları, Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi Elxan Abdullayev, Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, təhsil işçiləri, içtimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin xatirəsi yad edilmişdir.

ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərmanİbrahimov çıxış edərək Qarabağ müharibəsinin ağır sınaqları,  ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışmışdır. 

A.Əliyev adına Padar kənd tam orta məktəbinin direktor müavini Ş.Əliyev çıxışında Azərbaycanın oğullarının "Dəmir yumruq" kimi birləşərək öz torpaqlarını azad etməsi və onların qəhrəmanlarından söz açmışdır. 

Daha sonra Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli internat tipli texniki təbiət təmaüllü liseyin direktoru Q.Süleymanova, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb liseyin müəllimi A.Kərimli çıxış edərək Azərbaycan dövlətinin müstəqillik tarixindən, Azərbaycanın müxtəlif dövrlərdə xarici dövlətlərin işğalına məruz qalmasından, qalib bir dövlət və xalq kimi mövcud olmasından bəhs etmişlər.

Şəhid anası Gülər Cəfərova çıxış edərək belə bir tədbirin keçirilməsi üçün minnətdarlığını bildirmiş, şəhid anası kimi vətənə layiqli övlad yetişdirdiyi üçün fəxr etdiyini bildirmişdir.

YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi E.Abdullayev, Oğuz rayon Təsil Sektorunun müdiri S.Nəbiyev çıxış edərək 8 Noyabr “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik etmiş, onlara öz səmimi arzularını söyləmişlər.

Tədbir bədii hissə ilə davam etdirilmiş, Vətənə və qəhrəmanlığa, şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.