Super User
Sonuncu Sovet İttifaqı Qəhrəmanı kimdir? Onu Qubadlı ilə bağlayan nə idi?
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1991-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Qubadlı rayonunun Cibikli kəndi mütəmadi hücumlara məruz qalırdı. Erməni silahlı birləşmələri qəfil hücumlarla yerli sakinləri qorxudaraq doğma yurdlarını tərk etməyə məcbur etməyə çalışırdılar. Bu gərgin dövrdə Sovet zabiti, ukraynalı leytenant Oleq Babakın komandanlıq etdiyi rota Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet ordusunun bu bölməsi dinc əhalinin təhlükəsizliyini təmin etmək və mümkün silahlı toqquşmaların qarşısını almaq vəzifəsini icra edirdi.
Lakin erməni yaraqlılarının növbəti təxribatı nəticəsində iki kənd sakini itkin düşdü, kənd isə ağır atəşə tutuldu. Məsələ barədə dərhal xəbərdar edilən leytenant Oleq Babak vəziyyəti yerində qiymətləndirmək və mülki əhalini qorumaq üçün kəndə yollandı. Lakin erməni yaraqlıları Sovet əsgərlərinə də atəş açmağa başladı. Döyüş başlayanda Babak kəndin sahə müvəkkili və iki serjantla birlikdə əhalinin müdafiəsinə qalxdı. Sakinlər arasında yaralananların sayı artdıqca, leytenant Babak serjantlara yaralıları dərhal kənddən çıxarmağı əmr etdi. O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni silahlılarına qarşı qəhrəmanlıqla mübarizə apardı.
Babak geri çəkilmək əvəzinə, mühasirədə qalan Cibikli kənd sakinlərinin təhlükəsizliyini təmin etmək üçün düşmənlə üzbəüz dayandı. O, Sovet zabiti olduğunu bildirərək atəşin dayandırılmasını tələb etdi. Lakin erməni yaraqlıları onu mühasirəyə aldı. Bu an Babak keçmiş döyüş yoldaşı olan bir erməni döyüşçüsünü gördü və ondan xilas olub-olmayacağını soruşdu. Cavab isə amansız oldu: "Sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar?" Qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın düşməni zərərsizləşdirən Babak arxadan açılan xain güllə ilə şəhid edildi.
Həmin döyüş zamanı cəmi 24 yaşı olan Babakın xidməti bitməyə və vətəninə qayıdıb nişanlısı ilə ailə qurmağa bir ay qalırdı. Lakin o, şərəf və vicdanı naminə son nəfəsinə qədər döyüş meydanında qaldı.
Babakın qəhrəmanlığı təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında böyük hörmətlə xatırlanır. Onun fədakarlığına görə 1991-ci ilin 17 sentyabrında ona Sovet İttifaqı Qəhrəmanı adı verildi və Lenin ordeni ilə təltif olundu. Və o, bununla həm də tarixə düşdü. Bu mükafat SSRİ tarixində verilən sonuncu mükafat oldu.
SSRİ-nin dağılmasından sonra belə, Babakın adı unudulmadı. Moskva vilayətinin Puşkin rayonundakı parkda onun abidəsi açıldı, doğma kəndindəki məktəb və Moskva yaxınlığındakı küçələrdən biri onun adını daşıdı.
Qubadlı əhalisi Babakı böyük hörmətlə xatırlayır. O, Cibikli kəndinə gəldiyi gündən yerli əhali ilə dostlaşmış, Azərbaycan dilini öyrənməyə çalışmış və uşaqlarla ünsiyyət qurmaqdan xüsusi zövq almışdı. Kənd sakinləri onu "Babək" deyə çağırırdılar, çünki o, tarixi qəhrəman Babəkin cəsarətini xatırladırdı. Babakın nəşi çətinliklə də olsa, ermənilərdən geri alındı və böyük ehtiramla vətəninə göndərildi.
Onun xatirəsi bu gün də Azərbaycan xalqının və keçmiş Sovet hərbçilərinin yaddaşında qəhrəmanlıq nümunəsi kimi yaşayır. Qəhrəmanlığın milliyyət tanımadığını sübut edən Oleq Babak Azərbaycanın haqq mübarizəsində canını fəda edən əcnəbi bir igid kimi daim ehtiramla anılacaq.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
BİRİ İKİSİNDƏ – Zöhrab Mehdinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Zöhrab Mehdinin şeirləri təqdim edilir.
ŞUŞAM, OYY
Səni yenidən görmək, ah,
Bir başqa aləm, bir başqa!
Bəlkə, ondandı bu gün, bax,
Göy başqa aləm, yer başqa!
Həsrət, vüsal bir arada,
Bir arada sevinclə qəm.
Olanlar üzməsin səni,
Qəm eləmə di, qəmin kəm!
Dilimdən heç düşmədin ki,
Çıxmadın ki heç huşumdan.
Nə sevdalar gəldi, getdi,
Tək sən getmədin başımdan!
Gözüm çıxsın, boynum sınsın,
Bir az gec gəldim, bağışla.
Sən də üzə vurma daha,
Nolar, keç, gəldim, – bağışla!
...Necə dözdüm səndən ayrı,
Yoxsa ürəyi daşam oyy?!
Bir də ayrılıq olmasın,
Bir də dözmərəm, Şuşam, oyy!
NECƏSƏN
Bu zirvə həminki, bu dağ həminki,
Bu sol həminkidi, bu sağ həminki,
Nə qədər istəsən di bax, həminki,
A güllü, çiçəkli yaylaq, necəsən?!
Bu qaya bizimdi, süxur bizimdi,
Bu arxac bizimdi, axur bizimdi,
Bu sürü bizimdi, naxır bizimdi,
A qaşda otlayan daylaq, necəsən?!
Bu daşa, kəsəyə əyil, həminki.
Bu lilpar həminki, çeyil həminki.
Maraq həminkidi, meyil həminki,
A yarpızlı dərə, çaylaq, necəsən?!
Bu diriliş bizim, bu OL bizimdi,
Tanrıya açılan bu qol bizimdi.
Bu çəhlim bizimdi, bu yol bizimdi,
A şehli yal-yamac, oylaq, necəsən?!
Bu binə həminki, dəyə həminki,
Millənir tüstüsü göyə, həminki.
Bu yurd həminkidi, yiyə həminki,
A oba, a mahal, oymaq necəsən?!
QUL OLDUQ
Varıq biz, dünən də vardıq,
Eş idik, həmdəmdik, yardıq,
Əridik – zirvədə qardıq –
Dərədə sel olduq, dostum!
Oxlanmış yurd göz dağımız,
Sinəmizdə köz dağımız,
Yandıq, çıxdı cızdağımız-
Kim deyər kül olduq, dostum?!
Necə zülümlərdən döndük,
Neçə bölümlərdən döndük.
Döndük, ölümlərdən döndük,
Silkindik, el olduq, dostum!
Meydan gördük, ərşad olduq,
Çox kəslərə irşad olduq,
Yeri gəldi, gürşad olduq,
Bozkırda yel olduq, dostum!
Baş qoymaqdan ötrü başa,
Baş sındırmadıq da boşa....
Nəfsimizə deyil, haşa,
Biz haqqa qul olduq, dostum!
VƏTƏN, AY VƏTƏN
Çiçəksən- üzülməz, dərilməzsən ki!
Dosta, yara peşkəş verilməzsən ki!
Elə bir sevdasan... sorulmazsan ki!
... Vətən, ay vətən!
Beşiksən, bələksən, kəfənsən, gorsan!
Könüldə atəşsən, ürəkdə qorsan!
Segahsan, Zabulsan, Şahnazsan, Şursan!
...Vətən, ay vətən!
Sən niyə bu qədər kiçilməzsən ki?!
Sən nədən bu qədər keçilməzsən ki?!
Ölçüyə gəlməzsən, ölçülməzsən ki!
... Vətən, ay vətən!
Dağım, dərəm, düzüm, aranım da sən!
İnancım, imanım, Quranım da sən!
Sənsiz mən bir heçəm, hər anımda sən!
... Vətən, ay vətən!
Hədəf "O", səmt doğru, yol uzun hələ!
...Qayım-qədim elin, ulusun belə!
Ay doğsun, qoy qurdun ulasın elə!
...Vətən, ay vətən!
AYRILIQ
Bu qədər ayrılıq olarmı, Allah?!
Bu, yer ayrılıqdı, o göy ayrılıq.
Nəyə toxunursan, hara baxırsan,
Hər şey ayrılıqdı, hər şey ayrılıq!
Dənizə baxırsan, dəniz ayrılıq,
Çölə boylanırsan, çöl ayrılıqdı.
Bu cığır ayrılıq, bu iz ayrılıq,
Ovcunda tutduğun əl ayrılıqdı!
Bu dağ ayrılıqdı, daş ayrılıqdı,
Bu ağac ayrılıq, quş ayrılıqdı.
Gün gündən ayrılır, il ildən, Allah,
Üst-üstə qalanan yaş ayrılıqdı!
Dost da ayrılıqdı, yar da ayrılıq,
Yox da ayrılıqdı, var da ayrılıq.
Ocaq ayrılıqdı, qor da ayrılıq,
Burda ayrılıqdı, orda ayrılıq!
...Bu qədər ayrılıq olarmı, Allah?!
Hər tərəf... arxa da, ön də – ayrılıq!
Nə illah etsəm də, yahu, nə illah,
Baxıram, büsbütün mən də ayrılıq!
ELƏ İSTƏYİRƏM
Elə istəyirəm – bir külək əsə,
Əsə şıltaq külək, kür külək əsə.
Diksinə, titrəyə yer, külək əsə,
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir yağış yağa.
Yağa leysan kimi, gur yağış yağa.
Təpə gözlərinə yer, yağış yağa,
Elə istəyirəm, elə – İlahi!
Elə istəyirəm – bir günəş doğa.
Doğa üzümüzə nur, günəş doğa.
Gərnəşə, əsnəyə yer, günəş doğa,
Elə istəyirəm, elə – İlahi!
...Hələ ümidim var, hələ, İlahi!
Beləyəm mən də bax belə, İlahi!
Neyləyim, özümdən asılı deyil –
Elə istəyirəm, elə – İlahi!
UNUTMUŞAM
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, gözlərinin qarasına kimi.
Nəfəsinin istisinə, saçlarının qoxusuna,
qollarının arasına kimi.
Yanaqlarının qəmzəsinə kimi unutmuşam.
Dodaqlarının məzəsinə kimi unutmuşam.
Səni necə unutmuşam, bilirsənmi?!
Əllərinin qəbzəsinə kimi unutmuşam!
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, məhlənizin adamlarına kimi.
Ağaclarına, pişiklərinə, köşklərinə,
yumru-yumru damlarına kimi.
Ürkək-ürkək baxışına kimi unutmuşam.
Titrək-titrək yerişinə kimi unutmuşam.
Səni necə unutmuşam, bilirsənmi?!
Evinizin girişinə kimi unutmuşam.
Bilirsənmi, səni necə unutmuşam?!
Unutmuşam, dedim axı, dedim necə...
Di yan tökül – çartla, partla – nə bilim, eh...
Unutmuşam bax beləcə!
BİR DUA YAZIRAM
Hər gün bir dua yazıram göy üzünə –
Yazıram ki, günümüz aydın olsun.
Zəkamız iti, yolumuz açıq,
önümüz aydın olsun!
İzimiz itməsin, sözümüz bitməsin,
İşığımız, nurumuz azalmasın deyə...
Göy üzünə bir dua yazıram hər gün-
sıramız pozulmasın deyə!
Hər gün bir dua yazıram göy üzünə,
Yazıram ki, soyumuz kəsilməsin –
Kökümüz qurumasın, odumuz sönməsin –
çörəyimiz, suyumuz kəsilməsin!
Haylanaq, huylanaq o başdan,
Toy qurub toylanaq deyə –
Göy üzünə bir dua yazıram hər gün –
Boy verib boylanaq deyə!
Hər gün bir dua yazıram göy üzünə,
Yazıram ki, ulasın qurdumuz, oğul!
Qan-qada, dərd-bəla görməsin bir də –
görməsin – yurdumuz, oğul!
OLMAĞA
Kim kimə barmağın tuşladı, dostum?
Kim kimin bostanın daşladı, dostum?
Bax elə o gündən başladı, dostum,
...Yerin dar olmağa!
Lap Məşədə göndər, haca da... saxla.
İstər damda saxla... bacada saxla.
Hər an mənliyini ucada saxla
...Qoyma xar olmağa!
Görərsən – burnunun ucu göynəyər.
İçində bir nisgil, acı göynəyər.
Dərin bir yaranın öcü göynəyər
... Hayqırar car olmağa!
Can deyər yalandan çoxu, İlahi!
Sonra da fırladar "ox"u, İlahi!
Mənə səndən başqa axı, İlahi
... Kim var yar olmağa?!
Ah , bu ozan ömrü, bu dədə ömrü,
Asiyə, namərdə bu hədə ömrü.
Yetişər – götürüb eh – vədə, ömrü
...Gedərəm, var olmağa!
CANIM-GÖZÜM
Məni qalxan elə doğrularına,
Məni məlhəm elə sarğılarına,
Məni qurban elə ağrılarına –
Elə, canım-gözüm!
İstəsən, eh elə, dilinə qondur.
İstəsən, meh elə, telinə qondur.
İstəsən, şeh elə, gülünə qondur –
Elə, canım-gözüm!
Məni çəpər elə maraqlarına,
Məni sipər elə dayaqlarına,
Məni təpər elə ayaqlarına –
Elə, canım-gözüm!
İstəsən, qor elə gözündə məni,
İstəsən, nur elə üzündə məni,
İstəsən, hürr elə özündə məni –
Elə, canım-gözüm!
Lap əsir də elə, kölə də elə,
Lap çevir belədən-belə də, elə
Vaxt keçir – di dur də, elə də, elə –
Elə, canım-gözüm!
***
...Çəkilmiş çaxmaqdı bürkü-
Gecənin bağrından qopan güllə səsləridi
Cırcıramaların aramsız, yeknəsəq səsləri –
Nöqtə atışı kimi dəyir – yuxum hədəfə...
...Çevrildikcə bu üzümdən o üzümə –
Elə bilirəm dünya da çevrilir mənimlə –
Yellənir, yırğalanır – oxundan çıxacaq deyə –
Az qala ürəyim ağzıma gəlir – hər dəfə...
...Hələ bir yandan da o it,
Tənbəl-tənbəl yayqarasına hürən,
Nəfəsini boynumda, boğazımda hiss etdiyim,
Ağzının seliyi üzümə, gözümə bulaşan...
... Bu da azmış kimi, bir də
Hər vəchlə yaxamı qurtarmaq istədiyim
Lənətə gəlmiş bu yaramazlar, bu çirkinlər –
Qara, sərsəm fikirlər – başımda dolaşan...
...Vaxt da üzə durub elə bil,
Başını aşağı salıb günahkar adamlar kimi.
Qaranlıq çəkilir arasına – ağacların, kolların –
Çəkilir ki, az da... canımı sıxmasın...
...Yuxum cəhənnəmə, hazıram
Çıxıb pişvazına günəşi salamlamağa,
Açıb qollarımı bağrıma basmağa səhəri –
Yetər ki, başqa bir tərslik çıxmasın...
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olunub
Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova ABŞ-də icmalararası fəaliyyətdə, könüllülük, eyni zamanda sosial mədəni proqramlardə aktiv iştiraka görə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nyu York Ştatının senatorları – Stephen T.Chan (Stefan T. Çan), Jessica Scarcella-Spanton (Cesika Skarsella-Spanton), Nyu York Şəhər Şurasının üzvü Justin Brannan (Castin Brenon), Nyu York Ştat Assambleyasının üzvü Alec Brook-Krasny (Alek Bruk-Krasnı) soydaşımıza sertifikatlar, Nyu York Şəhər Şurasının üzvü Susan Zhuang (Syuzan Şuan) isə mükafat təqdim edib.
Alyona Bədəlovanın rəhbərlik etdiyi “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzi Nyu Yorkda azərbaycanlı uşaq və gənclərin hərtərəfli inkişafında mühüm addımlar atır, milli mədəni irsimizin ABŞ-də təbliğində fəal iştirak edir. Mərkəzdə Azərbaycan milli rəqsləri, rəsm, heykəltəraşlıq üzrə kurslar təşkil olunur.
Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
“Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib
17 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 245 saylı məktəbin şagirdlərinin iştirakı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili varlığımızdır” adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Kitabxana əməkdaşı Azərbaycan dilinin əhəmiyyəti, ana dilimizin zəngin tarixi və “Beynəlxalq Ana Dili Günü”nün dünyada dilin qorunması, mədəni irsin davamlılığı baxımından nə qədər mühüm bir mövzu olduğu barədə ətraflı məlumat verib. O, həmçinin dilin hər bir xalqın öz kimliyini qoruyub saxlamağa və gələcək nəsillərə ötürməyə olan gücünü qeyd edib. Ana dilinin varlığını hiss etmək, ona hörmətlə yanaşmaq, onu qorumaq və yaşatmaq hər birimizin hüququ və vəzifəsidir. Ana dili yalnız sözlərin və cümlələrin məcmuəsi deyil, xalqın ruhunun, tarixinin, mədəniyyətinin və kimliyinin əbədi izidir.
Tədbirdə şagirdlər Azərbaycan ədəbiyyatının tanınmış şairlərindən Bəxtiyar Vahabzadənin “Ana dili”, Süleyman Rüstəmin “Dilimə dəymə” və Tofiq Bayramın “Ana dilim” şeirlərini böyük həvəslə səsləndirib, dilə olan məhəbbətlərini və ona olan dərin bağlılıqlarını dilə gətiriblər. Sonra ana dili ilə bağlı müdrik ifadələr söylənib və mahnılar ifa edilib.
Kitabxana əməkdaşları şagirdləri kitabxana ilə tanış edərək, onlara zəngin kitab fondu haqqında məlumat verib, oxumağa olan maraqlarını artırmaq məqsədilə onlara müxtəlif ədəbiyyatlar təqdim ediblər.
Tədbirin sonunda uşaqlara kitabxananın nəşr etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub. Tədbir uşaqların yaradıcılıq potensialını stimullaşdırmaq və onlarda daha çox oxumağa maraq oyatmaq məqsədini daşıyır.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin qorunması və inkişafını təmin etməklə yanaşı, onun daha da zənginləşməsinə və cəmiyyətdə daha geniş şəkildə tətbiq edilməsinə xidmət etməkdir.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Cəbrayıl rayonundakı Divlər sarayı abidəsi əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Çox-çox qədim zamanlarda bir oba vardı. Bu obanın insanları xoşbəxt, firavan yaşayırdılar. Onlar tanrının bəxş etdikləri yamyaşıl meşələrdən hər cür qış azuqəsi yığar, ov ovlayar, çaylardan balıq tutardılar. Bu obanın heç bir şeyə ehtiyacı yox idi. Buranın təbiəti, əsrarəngiz mənzərəsi, yaşıllıqları, meşələri öz möhtəşəmliyi ilə insanları valeh edirdi. Sanki ulu yaradan bu obadan heç nəyi əsirgəməmişdi. Yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin idi.
Bir gün obaya bədbəxtlik üz verdi. Meşənin ən səfalı yerində divlər peyda oldular. Meşəyə üz tutan insanlar onların şikarına çevrildi. Otlağa gedən qoyun sürüləri, mal-qara da onların hədəfi oldu. Bu obada ox atmağı, qılınc çalmağı ilə ad çıxarmış Paşa adlı bir igid vardı. O çox götür-qoy edəndən sonra divləri öldürmək, obasını bu bəladan xilas etmək qərarına gəldi. Amma divlərin öhdəsindən necə gəlmək olardı. Onun nə atdığı oxlar, nə də vurduğu qılınc onlara təsir edə bilməzdi. Paşa qonşu obada yaşayan, hər şeyin əlacını bilən Əli Çələbi adlı pirani qocanın yanına gəlib, ondan məsləhət istədi. Pirani qoca igidə:- “əvvəlcə Diridağda yaşayan kərgədanı öldürməlisən”- dedi. Sonra kərgədanın iç piyini çıxardıb divlərin mağarasının yaxınlığındakı ağacların başındakı budaqlara elə asmalısan ki, gün düz onların üstünə düşsün, yeddi gün ərzində piy əriyib damcı-damcı torpağa düşəndə torpaqdan gələn qoxu mağaranın ətrafına yayılacaq. Bu qoxunu divlər sevmir, odur ki, onlar mağaranı tərk edib qaçacaqlar. Paşa pirani qocaya təşəkkür edib, altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, üz tutdu Diridağa. Bəli Diridağ sanki bir qan çanağı idi. Burada yaşayan kərgədanlar heç də divlərdən geri qalmırdı. Paşa nəyin bahasına olursa olsun kərgədanlardan birini öldürməli idi. İki gün Diridağa onların nəriltisindən yaxınlaşa bilmədi, axırda qulaqlarına əski tıxadı ki, vahiməli səsləri duymasın. Bir az uzaqda rahat bir yer seçdi, yaxınlaşmaqda olan kərgədanı düz ürəyindən nişan aldı. Üçüncü oxdan sonra kərgədan tir-tap yerə sərildi. Dan yeri söküləndə Paşa kərgədanın qarnın yırtıb iç piyini çıxartdı, bir torbaya qoyub, öz obasına tərəf üz tutdu. Gün təzəcə doğmuşdu. Paşa divlərin yaşadığı mağaranın yaxınlığındakı ağaclara çıxıb piydən kəsib, budaqlardan asdı. Beləcə mağara ətrafındakı ağaclardakı piylər qızmar günün şəfəqləri altında əriməyə başladılar. İgid uzaqdan divlərə göz qoyurdu. Divlər mağaradan çıxan kimi “Adam-badam iysi gəlmir? Yağlı badam iysi gəlmir? Bəs bu nə iydir belə? ”- deyib qaçmağa başladılar. Paşa iki gün ağacda gözlədi. Divlər tamam yox olandan sonra mağaraya yaxınlaşdı, yavaşca içəri girdi. Mağarada bir dənə də olsun div qalmamışdı. Amma mağaranın içində çoxlu qızıl-gümüş, ləl, cəvahirat vardı. Divlər yığdıqları bütün qənimətlərini bura daşımışdılar. Paşa obaya dönüb igidləri başına yığdı, divlərin xəzinəsini atlara yükləyib kəndə döndülər. Xəzinədəki qızıl, gümüş, ləl cəvahiratı obada yaşayan insanlara payladılar. Oba yenə də firavan həyat sürməyə başladı. Obanın insanları bu mağaranı “Divlər sarayı” adlandırdı, çünki bu qədər xəzinə yalnız şah saraylarında ola bilərdi.
Bu əfsanə Cəbrayıl rayonun Dağtumas kəndi yaxınlığındakı “Divlər sarayı” tarixi abidəsi haqqındadır.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
"Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Sən tək deyilsən"… -Şamil Xurşudun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimi vərəqlədikdə bu günə doğum günü təsadüf edən daha bir mədəniyyət xadimini görürük: Şamil Fərzəliyevi. Ədəbi dairələrdə o, Şamil Xurşud kimi tanınıb.
Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır.
Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra ömrünü yazıb-yaratmağa həsr etmişdir
Ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür.
"Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur.
Xüsusən “Naxırçı çörəyi” zamanında çox bəyənilmiş, rezonans doğurmuşdu.
Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
Rusiya paytaxtında görkəmli bəstəkar, müğənni və diplomat Polad Bülbüloğlunun yubiley konserti olub. Klassik musiqi və Azərbaycan musiqi sənətinin həvəskarları Dmitri Yarovski və Murtuza Bülbülün idarəçiliyi ilə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin ifasında əsərləri dinləyiblər.
AzərTAC xəbər verir ki, konsert proqramında maestronun orijinal əsərləri, Azərbaycan xalq mahnılarının aranjemanları, eləcə də simfonik rəqslərin dünya premyerası və skripka və orkestr üçün konsertin Moskva tamaşası təqdim olunub. Gecənin əsas hadisələrindən biri Polad Bülbüloğlunun konsertini təqdim edən görkəmli skripkaçı Vadim Repinin çıxışı olub. Vokal partiyaları tanınmış tenor, Azərbaycanın Xalq artisti Samir Cəfərov ifa edib.
Konsertə gələn musiqisevərlər orkestr üçün rapsodiya, konsert valsı, “Eşq və ölüm” baletindən fraqmentlər, “Nolaydı”, “Xumar oldum”, “Bəri bax”, “Qara tellər” mahnılarının aranjemanlarını dinləyiblər. Konsert Moskvanın mədəni həyatında Azərbaycan musiqi və simfonik sənət ənənələrini birləşdirən parlaq hadisəyə çevrilib.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Zirvəyə qalxıram dolama yolla…- NƏRİMAN HƏSƏNZADƏNİN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən səni sevəndə yaz havasıydı,
Neyləyim, taleyin gözü tökülsün.
Həyatım əlində quş yuvasıydı,
Quran özün oldun, uçuran özün.
Mən səni sevdim ki, yoldaş olasan,
Həyatın ən ağır, dar yollarında.
Demədim axırda bir daş olasan,
qədim qəbirstanda, yol kənarında.
Mən səni sevdim ki, yüyür, qaç, oyna,
Yenə seçilməsin ətrin bahardan.
Demədim təzədən gizlənpaç oyna,
Axşam yuxuma gir, səhər qaç ordan.
Yadıma nə düşür! - sənin ad günün
Biz qoca deyirdik, dünya təzəymiş
İli yox həyatda insan ömrünün
Anı da tarixidə bir hadisəymiş.
Bu gün müasir Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan xalq şairi Nəriman Həsənzadənin doğum günüdür.
Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmiryolunda işləmişdir.
Bir yaşında atasını, 23 yaşında isə anasını itirən şair ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-1953-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsində təhsil almışdır. 1954-1956-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.
Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında oxumuş, buranı bitirdikdən sonra təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir.
1961-ci ildə İnstitutu bitirib Bakıya qayıtmışdır.
1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan – Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək 1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almışdır.
1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzeti" və “Azərbaycan” jurnalında şöbə müdiri, 1976-1990-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində işləmişdir.
1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur.
SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmiş, Azərbaycan dövlətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.
Hazırda Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdiri işləyir, dosentdir.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yandında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.
2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
Şair, 1953-cü ildən mətbuatda çıxış etmiş, əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir. 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının, sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.
Bakıda “Seçilmiş əsərləri”, Tehranda “Söyüd” və Tiflisdə “Seçilmiş əsərləri” nəşr edilmişdir. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində, Tbilisidə gürcü dilində nəşr olunmuşdur.
Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?” adlı hər üç poema rus dilində də nəşr edilmişdir.
“Bütün Şərq bilsin” pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında, sonra Akademik Milli Dram Teatrında, Moskvanın V. Mayakovski adına Akademik Dram Teatrında göstərilmiş və mükafatlandırılmışdır. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. “Atabəylər” pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə yubiley tamaşası kimi göstərilmişdir.
Xalq şairi 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N. Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir.
Nəriman Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Əməkdar incəsənət xadimi, xalq şairi adlarına, Cəfər Cabbarlı, Heydər Əliyev mükafatına layiq görülmüş, “İstiqlal”, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmiş, Prezidentin Fəxri təqaüdünə və Türk dünyasının bir çox ödüllərinə layiq görülmüşdür.
Portalımız adından şairi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik!
“Qazax” Xeyriyyə-İctimai Birliyi də şairə öz təbrikini yönəldir, ona qarşıdakı 100 illik yubileyinə gümrahlıqla, şuxluqla çıxmağı arzulayır, ondan gözəl-gözəl şeirlər, növbəti şeir kitabı gözləyir.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Ata”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir. Və nə xoş bizə ki, rubrikamızı bəyənir və maraqla izləyirsiniz.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Ata” şeirini təqdim edəcəyik.
Yeri gəlmişkən, Davud Nəsib Azərbaycan poeziyasında ata həsrətinin poetik ifadəsinin ən gözəl nümunələrinin müəllifidir.
Qanlı döyüşlərə sən sinə gərdin,
Cəbhəyə yollandı, cəbhəyə hamı...
Deyirlər, mərdliklə ömrünü verdin
Vətənin yolunda bir yaz axşamı.
Ata, həsrətini çəkirəm yenə,
Yenə yaşayırsan sözlərinlə sən.
Baxıram şəklinə mən dönə-dönə
Sanki danışırsan gözlərinlə sən.
Titrəyir əllərim, əsir bədənim, —
Mənə dodaqaltı nəsə deyirsən,
Ata, kədərlidir ürəyim mənim,
Sən isə həmişə gülümsəyirsən!...
Ev tikmək istədin, qaldı yarımçıq,
Yaşıl mamır bitdi daşların üstə.
Hardasan, ay ata, hardasan? Gəl çıx,
Nə vaxtdır qalmışıq qulağı səsdə.
Diqqət yetirmisən hər adi daşa,
Bina dağılmadı, ömürdən oldun.
Evin hörgüləri vuruldu başa,
Axı, təməlini qoyan sən oldun!
Külfətin yenə də güldü, sevindi,
O isti nəfəsin otaqlardadır.
Çəkdiyin zəhmətin bəhrəsi indi
Təzə çiçək açmış budaqlardadır.
Şəklini asmışıq təzə otaqdan,
Sanki dodaqaltı nəsə deyirsən,
Kədər boğur məni, ata, bayaqdan
Sən isə...
Sən isə gülümsəyirsən.
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)
Cərrah bıçağı ilə rəsmlər çəkən və içdən şeirlər yazan Hüseyn Seyidisa Mirtəqəvi
Ağalar İDRİSOĞLU, yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Gəlin danmayaq və səmimi etiraf edək. Biz, millət kimi çox istedadlı millətik. Amma nə sirdisə nə özümüzü, nə də həmvətənlilərimizi təbliğ etməyi, dünya millətlərinə tanıtmağı xoşlamırıq. Elə bil fikirləşirik ki, hansısa başqa millətlər gəlib, bizi təbliğ edəcək və bizim haqqımızda geniş yazılar yazıb, bizi dünyada tanıdacaqlar. Amma belə deyil. Biz, düz fikirləşmirik.
Hər millət istəyir ki, öz xalqını, onun elmini, ədəbiyyatını, mədəniyyətini tanıtsın və bu tanıtmada da öz millətinin başqa millətlərdən üstün, qədim, daha istedadlı olduğunu sübut eləsin.
Deməli, əsrlərlə biz gözləyə-gözləyə, dahi insanlarımızı, maraqlı şəxsiyyətlərimizi dünya səviyyəsinə çıxarmamaqla çox şeyi uduzmuşuq... Qonşulumumuzda olan, bədnam təfəkkürlü ermənilər təkcə bizim mətbəximizə yox, mahnılarımıza, xalq ədəbiyyatımıza, atalar sözlərimizə, tapmacalarımıza və sairlərə də sahib çıxıblar. Bütün bunların onlara məxsus olduğunu yazıb, dünyada yayıblar. Biz bunu yalnız indi dərk etmişik. Bununla bağlı, bunların bizə məxsus olduğunu indi nə qədər yazsaq da, desək də sübut etmək mümkün olmur...
Ona görə də nə qədər ki, gec deyil biz, istedadlı, bacarıqlı insanlarımıza sahib çıxmalı və onları nəyin bahasına olursa-olsun təbliğ etməliyik.
Bax, bu gün dünya səviyyəsinə çıxara biləcəyimiz və sənətilə dünya xalqlarını mat qoya bilən şəxsiyyətlərimizdən biri də Hüseyn Mirtəqəvidir. O, təkcə unukal rəssam yox, həm də çox maraqlı şair, nasir, coğrafiyaşünasdır. Amma çox əfsus ki, biz onu nəinki dünya səviyyəsində, heç Azərbaycan səviyyəsində də tanıda bilməmişik.
Mən onun rəsm emalatxanasında olanda, açığını deyim ki, heyrətə gəldim. Və gözlərimə inana bilmədim ki, bizim belə böyük istedadlı rəssamımız var. Özü də rəsm əsərlərini fırça ilə yox, cərrah bışağı ilə çəkir. Yəqin siz inanmayacaqsız və deyəcəksiniz ki, “məgər cərrah bıçağı ilə də rəsm əsəri çəkmək olar?”. Bəli. Demə olarmış. Biz bilməmişik. Bu, Hüseyn müəllimin kəşfidir. Onu da vurğulayım ki, dünyada heç bir rəssam əsərlərini cərrah bıçağı ilə çəkmir. Bu, yalnız və yalnız Hüseyn Mirtəqəvinin kəşfidir. Ona gərə də Azərbaycan Rəssamlar İttifaqına təklif edirəm ki, onun rəsm əsərlərini təbliğ etmək üçün Hüseyn müəllimin sərgisini təşkil etsinlər. Onda görəcəklər ki, onun bu rəsm əsərlərinə təkcə həmvətənlərimiz tərəfindən yox, əcnəbilər tərəfindən də necə böyük maraq olacaq. Bununla Azərbaycan Rəssamlar İttifaqı özü də məşhurlaşar.
Mən onun şeirlərini oxuculara təqdim etməmişdən əvvəl, onu oxucularla bir qədər də yaxından tanış etmək istəyirəm.
Hüseyn Seyidisa oğlu Mirtəqəvi 1952-ci ildə Təbrizdə doğulub.
Orta məktəb təhsilini Fizika-riyaziyyat təmayüllü internat-məktəbində alıb.
Sonra Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsində təhsilini davam etdirib. Bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun təbiəti mühafizə şöbəsinə işə göndərilib.
Sonra Leninqradda ( indiki Sankt-Peterburqda) SSRİ EA Gölşünaslıq İnstitutunda Hidrokimya üzrə ixtisaslaşmada olub. Bu ali məktəbi bitirəndən sonra isə Kür hövzəsi sularının hidrokimyasını tədqiq edib. Bu maraqlı işindən sonra Qızıl-ağac Dövlət qoruğunda işləyib.
Hazırda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində redaksiya müdiridir.
O, Azərbaycan Rəssamlar İttifaqinın üzvüdür. Yuxarıda yazdığım kimi dünyada yeganə rəssamdır ki, cərrah bıçağı ilə faner üzərində rəsmlər çəkir.
Mən, tezliklə onun haqqında daha geniş yazı yazacağam. Amma indi sizə onun şeirlərindən bir neçəsini təqdim edirəm, əziz oxucular. İnanıram ki, bu şeirlərin orijinallığını görüb, belə istedadlı azərbaycanlı qardaşımızı siz də layiqincə təbliğ edəcəksiniz.
ANAM
(Anam Fatimə xanıma və bütün analara ithaf)
Anam! Mələk Anam, səmatək ucam!
Mənim hifz edənim, ruhumsan uçan!
Mənim çiçək Anam, bahartək gözəl!
Anam! - yaradanım, Tanrıya bənzər!..
Anam! - süd verənim, həyat verənim!
Mənim ad verənim, qanad verənim!
Ana! - ilkin sözüm, ilk həmsöhbətim!
Anam! - ilk sevincim, ilk məhəbbətim!
Şirin duyğuların zirvəsi Anam!
Könlümün ən həzin nəğməsi Anam!
Adın çəkiləndə titrəyir səsim,
Sənə baş əyirəm, ey müqəddəsim!
AZƏRBAYCAN
Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
Sən günəş ölkəsi, odlar ölkəsi,
Anamın laylası, muğamın səsi,
Dilimin ən şirin, əziz kəlməsi -
Azərbaycan!
Uçan göyərçinsən xəritələrdə!
Tarixin boylanır qərinələrdən!
Torpağın bəzənib dəfinələrdən,
Azərbaycan!
Qarabağ - Ana yurd, müqəddəs ocaq!
Bizimdir! Əbədi bizim olacaq!
Zamanın tələbi Birlikdir ancaq,
Azərbaycan!
Biz böyük yoldayıq, səfər öndədir!
Arzular gül açır, bəhər öndədir!
Öndərin arzusu, Zəfər öndədir,
Azərbaycan!
Dünyanın ən gözəl bayrağı mənim!
Dünyanın ən gözəl paytaxtı mənim!
Müstəqil ölkəmdir dayağım mənim,
Azərbaycan!
Hər yarış qələbən, bayrağın uca!
Hər sərgi bu günün, sabaha uçan!
Geniş qapıların dünyaya açan –
Azərbaycan!
Dünya axıb gəlir görməyə səni,
Səni eşitməyə, bilməyə səni,
Bənzədir bir açıq ürəyə səni,
Azərbaycan!
GÜZGÜ
(İki dünya arasında)
İki dünya arasında
Hamı təkdi, mən iki!..
Bu axarda, bu qaçarda
Kimdi görən məni ki!..
Parçalanıb, xırdalanıb,
Səpilmişəm qum kimi...
Könlüm kobud ovuclarda
Nə yumşalıb, mum kimi...
Bu torpağa atılsam da
Toxum kimi, tum kimi...
Cücərdikcə quruyuram,
Nə budağam, nə güləm...
Qorxuram ki, bu payızda
Yarpaq kimi töküləm!..
İki dünya arasında
Hamı təkdi, mən iki!..
Bu axarda, bu qaçarda
Kimdi görən məni ki!..
BİR OVUC QUMDU ÖMÜR...
Bir ovuc qumdu ömür, axmada barmaq arasından...
Ağ qum - ağ gün, qara günlər yaranıbdır qarasından.
Tanrıdan töhfə gəlir, amma bilinmir götürülmüş harasından.
Sənli-mənli hamımız gəldi-gedərlər sırasında...
Bir ovuc qumdu ömür, axmada barmaq arasından!..
Bir əsən yeldi ömür, yellər apardı qumu, neynim?..
Əriyib döndü muma şam ürəyim! Mən muma dönmüş mumu neynim?
Alnımda qırışlar şuma bənzər! Şuma bənzər şumu neynim?..
-Gəl sən də dayan gəldi-gedərlər sırasında,
Bir ovuc qumdu ömür, axmada barmaq arasından!..
Bir axan seldi ömür, gurluğa dözmək gərək indi!
Çör-çöp kimi olsan səni hətta qurtarammaz fələk indi!
İnsaf kiçilib... Mərdlərə meydan oxuyur ku-kələk indi...
Aşığındandı Araz, Kür topuğundan! Xəzri dərya harasından!..
Bir axan seldi ömür, sellər aparmış Sarasın da!..
Bir zərif teldi ömür, qoyma qırılsın əzəlindən,
Nə də ki, qorxma qışından, payızından, xəzəlindan...
Baş əy əcdada! Odur şah, genetiklik nəzərindən!
Yaxşı meynə tanınar yarpağı ilə qorasından!
Bir ovuc qumdu ömür, axmada barmaq arasından...
Bir zərif güldü ömür! Ömrü gözəllər bəzəyirmiş!..
Onu bir nurlu baxış və zərif əllər bəzəyirmiş!..
Ömrü xoş söz və xoş əhval və əməllər bəzəyirmiş!..
Sevdada keçən gündü ömür! Qaldı ürəklər parasında!..
Bir ovuc qumdu ömür, axmada barmaq arasından,
Hardayam indi görən, addımım ömrün harasında?!..
BİR PAYIZ NƏĞMƏSİ OXU MƏNİMÇÜN
Bir payız nəğməsi oxu mənimçün!.. –
Zamanı nəğmənlə geriyə qaytar...
Ömrümə gələn qış qayıtsın geri
Qayıtsın sevgimi aparan qatar...
Bir payız nəğməsi oxu mənimçün! –
Köçməsin durnalar, qanad saxlasın,
Yarpaqlar düşməsin budaqlarından,
Qoyma, xısın-xısın yağış ağlasın...
Bir payız nəğməsi oxu mənimçün! –
Qızarsın Günəşin üfüq duvağı,
Gecikmiş sevginin işartısıtək
Çaşıb çiçəkləsin gilənar bağı...
Bir payız nəğməsi oxu mənimçün! –
Küləklər qısqanıb qovsun dumanı,
Bu qoca vaxtımda hansı gülünsə
Oyansın könlündə sevgi gümanı...
Bu nəğmədən sonra qalmaq da olar,
Bu nəğmədən sonra ölmək də olar!..
Vallah, nəğmən ruha döndərər məni,
Uçaraq cənnəti görmək də olar!..
Nə olar, zamanı geriyə qaytar,
Bir payız nəğməsi oxu mənimçün!..
“Ədəbiyyat və incəsənət”
(18.02.2025)


