
Super User
Şair-qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş ən gözəl tədbir hansı oldu?
Könül, “Ədəbiyyat və incəsənət”
Mən bir Vahidsevərəm, uşaqlıqdan onun qəzəllərini sevə-sevə oxuyuram və hər dəfə yolum Sumqayıtdan Bakıya düşəndə - Masazır qəsəbəsindən keçərkən mütləq bu dahi yazarın abidəsi önündə dayanıb onu yad edirəm. Bir neçə gün öncə - daha dəqiqi, fevralın 17-də ustadın 130 illik yubileyi günüydü – ölkə miqyasında keçirilən əksər tədbirləri izlədim və mənə belə gəlir ki, Əlağa Vahidin adına layiq ən gözəl tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbir oldu.
Bilməm bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarıların bəxtiyarıdır!
Açdıqca qül camalını, ellər fərəhlənir,
Quya qözəllik aləminin növbaharıdır.
Dünya bu nazənin mələyin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
Yüz dəfə yansaq eşqi oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim Odlar diyarıdır!
Bir vaxt səcdəkah idi atəşpərəslərə
Şəbi-Səba ki, mərkəzi dərya kənarıdır.
Qan etmə, sagi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz geçdi, yarıdır.
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
Biçarə Vahidin bu qəzəl yadigarıdır.
Tədbirə keçid üçün Vahidin məşhur qəzəllərindən birini əbəs söyləmədim. “Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: Biçarə Vahidin bu qəzəl yadigarıdır” deyən şairin bütün qəzəlləri onun ən gözəl yadıgarlarıdır. Elə bu tədbirin də mayası həmin bu qəzəllərlə yoğrulmuşdu.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Ə.Vahid adına kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilirdi bu tədbir, adı da belə idi: Şair-qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə.
İndi isə böyük məmnuniyyət hissi ilə tədbirin gedişatı barədə söz açmaq istəyirəm. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əliağa Vahid haqqında söylədiyi fikirləri səsləndirdi.
Tədbirin aparıcısı 4 №-li kitabxana filialının müdir əvəzləyicisi Kamilə Novruzova tədbir boyu Əliağa Vahidin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verdi.
Şair, yazıçı, jurnalist Əvəz Qurbanlı bildirdi ki, M.Füzuli, S.Ə.Şirvani və Əliağa Vahid Azərbaycanın ədəbiyyat tarixinə düşən şairlərdir. Ə.Vahidin qəzəlləri xanəndələr vasitəsilə xalqa ötürülmüş və sevilmişdir. O qeyd etdi ki, Ə.Vahid hər zaman məşhur olan meyxana sənəti ilə də məşğul olmuşdur.
Qəzəlxan Xəqani Əmini qeyd etdi ki, Ə.Vahidin sadə dildə yazdığı qəzəllərdə dərin fəlsəfi mənalar var. Vahid hər bir ifadəni yerində işlətmişdir. Xəqani Əmini Vahidin qəzəlini səsləndirdi.
Meyxanaçı Mehman Əhmədli çıxışında bildirdi ki, Ə.Vahid sənətkarlığında həm şeir, qəzəl həm, də meyxana vəhdət təşkil etdiyi üçün o, tarixə də böyük sənətkar kimi düşüb. Bütün meyxana deyənlər onu ustad, müəllim kimi qəbul edir. Əliağa Vahid Ağasəlim Çildağ kimi də böyük bir tələbə yetişdirib. O, Ə.Vahidin ölməz sənətkar olduğunu vurğuladı.
Aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Qorxmaz Əlili (Canzadə) bildirdi ki, “Əliağa Vahidin meyxanaları” adlı kitab 1925-ci ildə nəşr olunub. O, Ə.Vahidin həyatı haqqında araşdırmalar apardığını dedi və onun anadan olmasının tarixi haqqında da maraqlı məlumat verdi.
Uşaq yazıçısı, şair, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova “Vahid Ədəbi Məclisi”nin ənənələri haqqında danışdı, bu məclislərin davamlı olacağını bildirdi.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir qeyd etdi ki, Ə.Vahid bizim müasirimizdir. Onun sadə dildə yazdığı qəzəlləri söyləyənlər əziyyət çəkmirlər. Ə.Cahangir Vahidin yazdığı qəzəlin Qarabağ müharibəsinin simvoluna çevrildiyini vurğuladı.
Şair, qəzəlxan, Əməkdar mühəndis, texnika üzrə fəlsəfə doktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Əli Ələmi bildirdi ki, Ə.Vahid xalqın şairidir. O, dünyasını dəyişəndə bütün şəhər onun dəfninə yığışmış və onun Fəxri Xiyabanda dəfn olunmasını istəyirdilər. Bütün bunların xalqın ona böyük sevgisindən irəli gəldiyini dedi.
Şair, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis Ə.Vahid haqqında qısa məlumat verdikdən sonra ona həsr etdiyi qəzəlini səsləndirdi.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov çıxışında qeyd etdi ki, bütün şairlər Vətəni, xalqı tərənnüm etməyə çalışır, amma Ə.Vahid tamam başqadır. O, bildirdi ki, Ə.Vahidə hər zaman yaşayır. Qadir Hüseynov Ə.Vahidə həsr etdiyi şeirini səsləndirdi.
Şair, qəzəlxan Mahcamal Babayeva Ə.Vahid haqqında qısa məlumat verdi. Ə.Vahidi canlı görənlərdən biri olduğunu və onun qəzəllərinə təxmis yazdığını vurğuladı.
Yazıçı, ssenarist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Firudin Qurbansoy Ə.Vahidin həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki, Vahidin böyüklüyü qəzəli, əruz vəznini qoruyub saxlamasındadır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Ə.Vahid adına 1№-li kitabxana filialı məktəblilər arasında Ə.Vahidin 130 illik yubileyi ilə əlaqədar şeir və inşa müsabiqəsi keçirmişdilər. Tədbirdə müsabiqənin qalibləri Təşəkkürnamə və Diplomla təltif olundular.
Tədbirin bədii hissəsində xanəndə, Beynəlxalq və Respublika müsabiqələri laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova, 22 №-li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdi çıxış etdilər. Müsabiqənin qalibləri AMK nəzdində İncəsənət Gimnaziyasının, 225, 158, 38, 150 №-li məktəblərin şagirdləri Ə.Vahidin şeir və qəzəllərini söylədilər.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar, “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri, geniş ictimaiyyətin nümayəndələri, kitabxananın oxucuları, kitabxanaçılar iştirak etdilər.
Tədbirdə Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş videoçarx da nümayiş olundu.
Bir sözlə, ustad qəzəlxanın əsl adına layiq bir tədbir oldu.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİRİ İKİSİNDƏ – Gəray Göyyurdun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Gəray Göyyurdun şeirləri təqdim ediləcək.
BU GÜN ZƏFƏR GÜNÜDÜ!
Bu gün zəfər günüdü,
Bu gün hünər günüdü,
Xalqımın, vətənimin
Ən bəxtəvər günüdü!
Bü gün çatıb Allaha
Millətimin haqq səsi.
İlahi ədalətin
Bu gündür təntənəsi.
Bu gün vaxtın, zamanın
Qızılıdı, ləlidi.
İlin, ayın, həftənin,
Günün ən gözəlidi!
İgidliyin, mərdliyin,
Birliyin ad günüdü.
Şəhidlərin ruhunun
Ən xoşbəxt, şad günüdü.
Qoy axsın gözümüzdən
Qələbə göz yaşları.
Vətən güllü bağ olsun,
Nəğmə desin quşları.
Sevinc göz yaşlarıyla
Dərd-qəmimiz yuyulsun,
Analar yas libasın
Gərək bu gün soyunsun.
Gözü yolda qalmasın
Xankəndiylə Xocalı.
Sovuşsun birər-birər
Vətənin qeylü-qalı!
Yaxşılaşsın günbəgün
Xalqımın güzəranı.
Firavan həyatımız
Heyran qoysun dünyanı!
Bu millətin, vətənin
Köməyi Allah olsun!
Dövlətimiz qüdrətli,
Qanunumuz şah olsun!
ƏZİZ XALQIM, QALİB ORDUM, DÖVLƏTİM
Sellər sayaq güclü oldu, gur oldu,
Sayəsində Qarabağım hürr oldu,
Dar ayaqda yumruq kimi bir oldu
Əziz xalqım, qalib ordum, dövlətim!
Daşı yarıb qayalardan sızdılar,
İşğalçının qəbirini qazdılar!
Tariximə şanlı tarix yazdılar,
Əziz xalqım, qalib ordum, dövlətim!
Tərifləyib fəxarətlə öyürəm,
Nə yaxşı ki, siz varsınız, deyirəm!
Qarşınızda sayğıyla baş əyirəm,
Əziz xalqım, qalib ordum, dövlətim!
Ulu Tanrı daim sizə yar olsun,
Birliyiniz hər bir zaman var olsun!
Süfrənizdə bəhər olsun, bar olsun,
Əziz xalqım, qalib ordum, dövlətim!
Var-dövlətə, bol sərvətə layiqdir,
Xoşbəxtliyə, səadətə layiqdir!
Ehtirama, məhəbbətə layiqdir
Əziz xalqım, qalib ordum, dövlətim!
İŞĞALI LƏNƏTLƏYİR,
SÜLHÜ ALQIŞLAYIRAM!
Zəfər-zəfər yol gedir
Millətim qələbəyə!
Ürəyim quş sayağı
Sinəmdən uçur göyə!
Şəhid ruhları ilə
Vətən boyu dolaşır.
Keçilməz sərhədləri,
Sədləri keçib aşır.
Qazilər gözlərindən
Süzülürəm yaş kimi.
Hər birini bağrıma
Basıram qardaş kimi!
Zəfər göz yaşı ilə
Dərdim, qəmim yuyulur.
Vətənimə kəç baxan
Xain gözlər ovulur!
Haqq öz yerini alır,
Ədalət zəfər çalır!
Xalqıma divan tutan
Yağı düşmən alçalır.
İlhamımın gücüylə
Şeirim qanadlanır.
Misralar səf-səf durur,
Kəlmələrim atlanır!
Mən bu şanlı zəfəri
Bu cür qarşılayıram.
İşğalı lənətləyir,
Sülhü alqışlayıram!
Azadlığa qovuşur
Vətənimiz, yurdumuz.
İlahi ədaləti
Bərpa edir ordumuz.
İgidlər hazır durub
Komandanın əmrinə!
Ömrüylə ömür verir
Vətənimin ömrünə!
Ordumuzla fəxr edir
Komandanım, millətim.
Həmişə qüdrətli ol,
Güclü ol, ey dövlətim!
Haqlı yurd savaşında
Allah sənə yar olsun!
Daima müzəffər ol,
Vətən bəxtiyar olsun!
Kaş Allaha yetişsin
Şeirimin duası.
Əlinizdən öpürəm,
Siz ey şəhid anası!
Qarşınızda hörmətlə,
Sayğıyla baş əyirəm.
Qazi qardaşlarıma
Xoşbəxtlik diləyirəm!
MƏNİM ƏZİZ XALQIM, ƏZİZ MİLLƏTİM!
Eh, nələr çəkmədi başın, a millət,
Qalmadı daş üstə daşın, a millət,
Soğuldu gözündən yaşın, a millət,
Hər üzünü gördün zülmün, zillətin,
Mənim əziz xalqım, əziz millətim!
Yurdun yağmalandı, evin dağıldı,
Gözəl arzuların qanda boğuldu!
Bətnindən igidlər, ərlər doğuldu,
Cahanı mat qoydu son sücaətin,
Mənim əziz xalqım, əziz millətim!
Çatdırdın dünyaya haqqın səsini,
Göstərdin xoş üzün kəskin tərsini!
Axır yağıların verdin dərsini,
Cəzası gərəkdir hər cinayətin,
Mənim əziz xalqım, əziz millətim !
Səndən formalaşdı bu qalib ordu,
İşğaldan qurtardı vətəni, yurdu!
Səni vəsf eləmək böyük qürurdu!
Şeirim-sözümdür sənə xidmətim,
Mənim əziz xalqım, əziz millətim!
Vətən sevgisini bildik haqq kimi,
Dünyada xalq yoxdu bizim xalq kimi!
Dayan arxasında, dayan dağ kimi
Şanlı ordumuzun, bir də dövlətin,
Mənim əziz xalqım, əziz millətim!
Millət ordusuyla bağlasa ilqar,
Qayaları yarar, dağı dağıdar!
Neçə ki dövlətlə birliyimiz var,
Davamlı olacaq qalibiyyətin,
Mənim əziz xalqım, əziz millətim!
AZƏRBAYCAN ORDUSU
Xalqımın vuran qolu,
Sabaha baxan gözü.
Vətən, yurd sevgisinin
Heç vaxt sönməyən közü!
Gücünlə eşidilir
Dövlətimin haqq sözü.
Millətimin güvəni,
Düşmənlərin qorxusu –
Azərbaycan ordusu!
Sənin hər zəfərində
Şəhidlərin qanı var.
Yurdumun, dövlətimin
Şəfəqlənən danı var.
Hər kəs sənə borcludur,
Kimin ki vicdanı var!
Sevindirdin vətəni,
Bütün eli, ulusu –
Azərbaycan ordusu!
Varlığını qorudun
Bu vətənin, dövlətin.
Tarixlərə yazıldı
Mərdliyin, sücaətin.
Körpədən qocayadək
Bu xalqın, bu millətin
Minnətdarlıq hissi var
Sənə ürək dolusu,
Azərbaycan ordusu!
Başımızın tacıdır
Hər zabitin, əsgərin.
Qəhrəmandır, igiddir,
İnan ki, hər nəfərin.
Bu dünyaya səs saldı
Sənin şanlı zəfərin!
Səni vəsf eləməyə
Söz acizdir, doğrusu,
Azərbaycan ordusu!
Xoş gündüzlü sabahlar,
Səhər sənə yaraşır,
Qəhrəmanlıq, igidlik,
Hünər sənə yaraşır,
Boyuna biçilibdir,
Zəfər sənə yaraşır!
Tanrı sənə yar olsun,
Allah səni qorusun,
Azərbaycan ordusu!
YENƏ SƏNƏ ÜZ TUTDUM,
YENƏ SƏNƏ, AY ALLAH!
Nadan, cahil ,"ulaqlar"dan,
Namərd, sinsi tuzaqlardan,
Xain , satqın alçaqlardan
Dövlətimi qoru,Tanrım!
Düşmənimizi xar eylə,
Dünyanı ona dar eylə,
Xalqımı bərxudar eylə,
Millətimi qoru, Tanrım!
Qıpqırmızı yalanlardan,
Əqrəblərdən, ilanlardan,
Vəhşi, barbar talanlardan
Sərvətimi qoru,Tanrım!
Sən dayaq ol doğrulara,
Cavab tapaq sorğulara.
İmkan vermə oğrulara,
Qismətimi qoru,Tanrım!
Millətimin hər fərdi ər,
Qəhrəmandı hər bir əsgər!
Ordumuzu et müzəffər!
Qüdrətimi qoru, Tanrım!
Əskiltmə yurd sevgimizi,
Eşqlə doldur qəlbimizi!
Yumruq kimi bir et bizi,
Ülfətimi qoru, Tanrım!
QƏHRƏMAN BİR MİLLƏTİN
OĞLUSAN, ƏZİZ OĞLUM
Oğlum Ömərə
Ölum-qalım şüarı –
"Hər şeydən öncə vətən!"
Bu dünyada heç nə yox
Bu cənnət vətənə tən.
Haqq üçün uf demədən
Ölüm üstünə gedən
Qəhrəman bir millətin
Oğlusan, əziz oğlum.
Yolun haqqın yoludur,
Doğrusan, əziz oğlum.
Vətən, millət, hürr yolu
Bizimçün haqq yoludu.
Qəlbimiz yurd eşqiylə,
Sevgisiylə doludu!
Türk adı, türk milləti
İgidlik simvoludu!
Qəhrəmanlıq, comərdlik
Nağlısan, əziz oğlum,
Sən böyük bir millətin
Oğlusan, əziz oğlum!
Göz bəbəyintək qoru
Bu yurdu, bu dövləti.
Namus ilə ömür sür,
Dincə qoyma qeyrəti.
Haqqın ulu yolundan
Heç zaman dönmə qəti!
Çəksən də yüz işgəncə,
Ağrı sən, əziz oğlum,
Bil ki, haqq yolundasan,
Doğrusan, əziz oğlum!
Sən uca bir millətin
Oğlusan, əziz oğlum!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Bu gün Beynəlxalq Ana Dili Günüdür – BİR QƏDƏR DƏ GİLEY
Könül, “Ədəbiyyat və incəsənət”
Bu qarlı-şaxtalı fevral gününü - fevralın 21-ini həm bizlər, həm indi yayın istisində xumarlananlar, kəsəsi, bütün dünya Beynəlxalq Ana Dili Günü kimi qeyd edir. Niyə? Ərz edim, siz də bilin. Bunun tarixi gedib 1999-cu ilin noyabrına çıxır, o vaxt Banqladeşin BMT-dəki səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Bəs niyə Banqladeş səfirinin təşəbbüsü? Əslində bu, bzim diplomatlara da görk olmalıdır. Öz xalqınla bağlı bir hadisəni dünya təqviminə sala bilmək əsl fədakarlıqdır. 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin imperialist ingilislər tərəfindən öldürülməsi hadisəsini indi bütün dünya Beynəlxalq Ana Dili Günü kim qeyd edir, bir daha ana dili uğrunda bu mübarizləri insanların xatirəsində canlandırır.
Biz 26 fevral Xocalı soyqırımını dünya təqviminə sala bilərdik, lap heç bu olmasa da, 20 yanvarda şəhid olan İlhama görə intihar edən Fərizənin toy gününü – 30 iyunu Sevgililər günü kimi dünyanın təqviminə sala bilərdik. BMT-dəki Banqladeş səfirinə bənzər bir BMT səfirimiz olsaydı əgər…
Nə isə. Qayıdaq Beynəlxalq Ana Dili Gününə.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Və əminəm ki, hər kəs bu borcun məsuliyyətini duyur.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Şəhidlər barədə şeirlər – Nahid Mikayılov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Nahid Mikayılova həsr edilmiş şeirlə tanış olacaqsınız
NAHİD SOVQAT OĞLU MİKAYILOV
(25.10.1982.- 01.11.2020.)
Əslən Kürdəmir rayonunun Şilyan kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
NAHİDTƏK QƏHRƏMANLAR
Xalqın nə qədər igid, qəhrəman övladı var,
Hər birinin zəfərdə öz yeri, öz adı var.
Vətəni azad etdi bu igidlər canıyla,
Əbədi tarix yazdı, həyatıyla, qanıyla.
İstəyirəm sizinlə tanış edim Nahidi,
Saysız hünər göstərən, candan keçən şəhidi.
Qədim Şilyan kəndində dünyaya gəlmişdi o,
Burada sevinmişdi, burada gülmüşdü o.
Hələ kiçik yaşından sevimli, əziz idi,
Zəhmətsevər, çalışqan, dürüst idi, düz idi.
İllər keçdi, dolandı, on səkkiz yaşa çatdı,
Əsgərlər sırasında inamla addım atdı.
Şərəflə, ləyaqətlə başa vurdu xidmətin,
Qazanmışdı orduda, o, hamının hörmətin.
Qurtarıb əsgərliyi Nahid başa vursa da,
Ürəyində arzular, xoş xəyallar qursa da,
Dedi, azad deyildir, hələ Qarabağımız,
Düşməndən alınmalı hər qarış torpağımız.
Hərbi kursu bitirib, peşəkar gizir oldu,
Xidmətin davam edib, fədakar gizir oldu.
Aprel döyüşlərində göstərdi o özünü,
Silahıyla düşmənə dedi qəti sözünü.
Qələbəydi arzusu, qələbəydi amalı,
Hünəri qazandırdı ona neçə medalı.
Torpaq uğrunda dava başlayan zaman Nahid,
Döyüşlərdə vermədi düşmənə aman, Nahid.
Nümunə oldu onun hamıya igidliyi,
Taleyində var imiş müqəddəs şəhidliyi.
Noyabrın birində bu həyatdan getdi o,
Şəhid oldu, əbədi ürəklərdə bitdi o.
Üç oğul övladı var, Nahidin - əmanəti,
Qəhrəman baş gizirin, şəhidin əmanəti.
İnşallah, böyüyərlər, qoçaq, igid olarlar,
Vətənin keçikçisi, əsgər, zabit olarlar.
Heç zaman unudulmaz, Nahidtək qəhrəmanlar,
Əbədi yaşayırlar xalq yolunda yananlar.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Ümid”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərə “Ümid” şeirini təqdim edəcəyik. Ümid – insanı həyata bağlayan ən güclü tutalqadır. Bu şeir insanlara ümidlənməyin tükənməz enerjisi barədə bir xatırlatmadır.
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
ÜMİD
Qocalıq — ucalıq, yaraşır ona,
Sən bəslə qocalan dünyaya ümid.
Demə: vaxtı keçib, qocalıb ana,
Ən ülvi ümiddir anaya ümid.
Torpaq da kimsəsiz olmaya gərək,
Göyləri arzusu, ümidi sayır.
Ümidlə çəməndə açılır çiçək,
Ağac da ümidsiz yarpaqlamayır.
Biri əl uzatsa sən demə: görək...
Çalış, qollarına baş qoya ümid.
Dostun öz yerində,
Gərəkdir, gərək
El üçün, tanışa, yoldaşa ümid.
Demə ki, həyatda ümidsiz vardır,
Qəlbindən qoy keçsin bir daha ümid.
Yaşamaq bəlkə də çətin olardı
Olmasa bu günə, sabaha ümid.
Yamanın əliylə yaxşı əzilsə,
Dəyməsin yenə də baş-başa ümid.
Əgər ki, övladdan əlin üzülsə,
Qəm yemə, qalıbdır qardaşa ümid.
Lazımdır həyatda su, hava kimi
Məhəbbətə ümid, sevgiyə ümid.
Ümidsiz dərd olar dünyanın qəmi,
Gərəkdir bu yerə, bu göyə ümid.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Ziya Bünyadovun 28-ci anım gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
21 fevral, 1997-ci il. Məşum bir qış günü. O şaxtalı-sazaqlı gündə Azərbaycan xalqı çox görkəmli bir ziyalısını, alimini, fədaisini, qəhrəmanını itirdi.
Bu gün biz dünyaşöhrətli şərqşunas, tərcüməçi, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, alim, akademik - Ziya Bünyadovunun 28-ci anım gününü qeyd edirik.
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov olmuşdur. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı.
Bünyadov ailəsində Ziya altı uşaqdan ən böyüyü olmuşdur. Atası xidməti işi ilə əlaqədar olaraq Göyçaya göndərildiyinə görə Ziya Bünyadov orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə indiki Göyçay şəhər 3 saylı orta məktəbi bitirdikdən sonra S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
Təhsilini bitirdikdən sonra Ziya Bünyadov Bessarabiyaya hərbi xidmətə göndərilib. Burada o, Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girib. Ukrayna, Moldova, Belarus, Polşa uğrundakı döyüşlərdə iştirak edib, Berlinədək şərəfli döyüş yolu keçib.
O, Saratovdan olan yarısına qədər Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq edib.
Ziya Bünyadov müharibə dövründə iki dəfə yaralanıb və kantuziya alıb.
Göstərdiyi rəşadətə görə 1945-il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Müharibə başa çatdıqdan sonra o, 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin Pankov rayonunda komendant köməkçisi vəzifəsində işləyib və Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunub.
Ordudan tərxis olduqdan sonar 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasında təhsilni davam etdirib.
İnstitut illərində Yusif Vəzir Çəmənzəminlinin bacısı qızı Tahirə xanımla tanış olub ailə həyatı qurub.
Onların Heydər və Cəmil adlı iki oğlu dünyaya gəlib.
Ziya Bünyadov 1954-cü ilin may ayında "İtaliya İmperializmi Afrikada" namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdıb. Həmin ildə o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsrlər tarixi” şöbəsinin rəhbəri olub.
1964-cü ildə o, “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək elmi şura tərəfindən tarix elmləri dokturu elmi dərəcəsi alıb, 1964-cü ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor dərəcəsinə layiq görülüb. Və həmin il onun eyniadlı monoqrafiyası çap olunub.
Ziya Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsəri ortaya qoyub. O, bolşevizm terroru nəticəsində 1920–1930-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarıb və 1937-ci ilin qurbanlarını xalqa tanıtdırıb, onlara bəraət qazandırıb, adlarını tarixdə bərpa etdirib, beləliklə, o dövrü doğru-düzgün işıqlandırıb.
1966-cı ildən başlayaraq Ziya Bünyadov Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olub. O, Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə 1966-cı ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun Fəxri üzvü seçilib.
Alim həmçinin 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 21 aprel 1976-cı ildə isə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
1970-ci ildə o, "Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri. İctimai elmlər seriyası" jurnalının baş redaktoru vəzifəsinə təyin edilib. 1970-ci ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunub.
O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçılarından biri olub. Alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini 1971- ci ildə və Nəşəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə edib.
SSRİ üzrə səyahətlərində gənclər arasında hərbi-vətənpərvərlik işinə göstərdiyi dəstəyə görə 1976-cı ildə SSRİ ODKYC-nin Fəxri nişanı ilə təltif olunub. 1980-ci ildə isə o, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilib. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazıb.
Mənbələrin tədqiqini davam etdirən akademik Bünyadov yeni kitabı – "Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər" üzərində işləməyə başlayıb. 1978-ci ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alıb. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1981-ci ilin aprel ayından isə Ziya Bünyadov Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib.
1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilib. O, 1988–1990-cı illər ərzində Azərbaycan SSR Elmlər Akademiyasıının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.
Alim 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilib.
1991-ci ildə "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirən Ziya Bünyadov 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.
Ziya Bünyadovun müstəqillik uğrunda fəaliyyətinə də toxunmaq vacibdir. O, 1987-ci ildən etibarən xalq azadlıq hərəkatına qoşulmuş, Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri olmuşdur və öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.
Ziya Bünyadov həmçinin "Azərbaycan Atabəylər dövləti", "Azərbaycan VII -IX əsrlərdə", "Dinlər, təriqətlər, məzhəblər", "Qırmızı terror" kimi bir sıra tarixi, elmi, publisistik və tərcümə əsərlərinin eləcə də məqalələrin müəllifidir.
1995-ci ildə Ziya Bünyadov Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir.
Və qeyd etdiyimiz kimi, böyük alim 1997-il fevral ayının 21-də yaşadığı binanın qarşısında vəhşicəsinə qətlə yetirilmiş, Fəxri xiyabanda dəfn edilmişdir.
Və hələ də onun qətl səbəbi və qatilləri məlum deyil, arada yalnız güman və fərziyyələr dolaşmaqdadır.
Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara şəhərində 2 saylı tam orta məktəb, Göyçay şəhərindədə 3 saylı tam orta məktəb və ən böyük küçələrdən biri onun adını daşıyır.
2012-ci ildə Bakı Dövlət Univerisitetində Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. Həmin il Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-in atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilib. 2015-ci il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Alim keçmiş SSRİ-nin və müstəqil Azərbaycan respublikasının bir sıra yüksək dövlət orden və medalları, o cümlədən “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, “İstiqlal” ordeni (ölümündən sonra) və s. təltif olunmuş, Abbasqulu ağa Bakıxanov adına mükafata, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı, Astara və Göyçay şəhərlərinin Fəxri vətəndaşı adlarına layiq görülmüşdür.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Kinomuzun Həzi Aslanovu RAMİZ NOVRUZ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kinosunun tarixində XX əsr intibah dövrü kimi yadda qalıb. Həmin dövrdə elə filmlər ərsəyə gətirilib ki, qərb ögey münasibət göstərməsəydi, yəqin ki, “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsənağa Turabov, Fuad Poladov, Yaşar Nuri kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır...
Bu gün sizə Həzi Aslanov obrazı ilə Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan, istedadı ilə insanların rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. Onun şəxsi keyfiyyətlərindən, siyasi düşüncələrindən xəbərsizəm, amma bir sənətkar kimi yaratdıqlarına söz ola bilməz...
O, 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlmişdi. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilsə də, 1981-ci ildən isə Azərbaycan Akademik Milli Dram Teatrında çalışırdı. Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alırdı. 2023-cü ilin fevral ayının 21-də haqqa qovuşub...
Onun “Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı obraz isə bir başqa aləmdir. İkinci cahan müharibəsində qəhrəmancasına döyüşüb, həlak olan general Həzi Aslanovu biz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bu sevgidən ona da pay düşdü. İnsanların ürəyində, yaddaşında yuva qurmağı bacardı. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov ilk yada düşür...
Fevralın 21-də xalq artistinin vəfatından iki il ötəcək. Onu ehtiramla yad edir, ruhuna rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Kitab klubu”nun növbəti kitab icmalında RÖVŞƏN ABDULLAOĞLUNUN KİTABLARI
Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının gənc kitabxanaçılar və BDU-nun istehsalat təcrübəsində olan tələbələri üçün növbəti kitab icmalı keçirilib. İcmalda yazıçı Rövşən Abdullaoğlunun yetkinlik yaşına çatanlar üçün yazdığı “Ləpirçinin macəraları” seriasından olan “Xilaskar”, “İlk səfər”, “Meymunlarla saziş” və “Nəhəng ləpirin sahibi” adlı kitabları haqqında geniş məlumat verilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, icmalda qeyd olunub ki, "Ləpirçinin macəraları" adlı seriya 6 müxtəlif adda kitabdan ibarətdir və oxucunu əyləndirərək düşündürməklə ən gözəl mənəvi dəyərləri aşılayır.
Seriyanın “Xilaskar” adlı kitabında gənc oxucular xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərlərdirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək, dostluq və sədaqətin, fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar.
“İlk səfər” kitabında gənc oxucular qəhrəman Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını məhv edərək sülh yartdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar.
“Meymunlarla saziş” kitabını gənc oxuculara inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yalnışa yol verərkən üzr istəməyi, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq. “Nəhəng ləpirin sahibi” kitabı isə gənc oxucuları canlılar aləminin rəngarəngliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir.
Sonda müəllifin böyük yaş kateqoriyası üçün yazdığı “Koramal”, “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” və “Relslər üzərinə uzanmış adam” adlı kitabları haqqında da məlumat verilib.
Kitab oxumağın faydası böyükdür, xüsusən də yetkinlik yaşına çatanlara müsbət təsirləri çox genişdir.
Kitab icmalının keçirilməsinin əsas məqsədi yetkin insanın zəka və intellektual inkişafını dəstəkləmək, sosial bacarıqların qurulmasına, dil və üslubun inkişafına dəstək olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib
ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26 fevral tarixi Xocalının Anım Günü elan edilib. Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Komissarlar Şurasının sədri Anthony Rodriguez (Entoni Rodriges) Bəyannamə imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü, anım gününü xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvət olunub.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.
2006-ci ildə Mayamidə yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Balabilgə” dərgisinin 4-cü sayı işıq üzü gördü
“Hədəf Nəşrləri”nin təsis etdiyi elmi-kütləvi məktəbli dərgisi olan “Balabilgə”nin 4-cü sayı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına dərginin redaksiyasından verilən məlumata görə, dərgi “Alimləri tanıyaq” rubrikası altında yayımlanan “Anlaşılmaz dahi” yazısı ilə başlayır. Materialın müəllifi Rəna Abbasovadır.
Cavad Nur “Bir gün bir filmə baxdım...” rubrikası altında “Dostluğun virtual qalası”ndan danışır.
Ardınca Vəfa Alışzadə “Gəl STEAM oynayaq”rubrikasında “Musiqi və kodlaşdırmanı birləşdirən robot” yazısında “Matatalab”dan söz açır.
Oxucular “Qəribə canlılar” rubrikasında Günel Rəcəb və Ləman Abdullayevanın qələmində ixtiraçı tutuquşu Brüs, Darvinin başmağı və şüşə qurbağalarla tanış ola biləcəklər.
Bundan başqa, Söner Öztürkün tədimatında kod kopiyalama və kod tamamlama ilə tanış olmaq mümkündür.
Rəna Abbasova “Tarixi elmi ixtiralar” rubrikasında “Bəşər tarixini dəyişən ixtira”nı təqdim edir.
“İqlim sənin əlindədir” rubrikasında Katerina Terletska və Dmitri Kuzmenkonun müəllifliyi ilə “Dəniz səviyyəsinin qalxması”ndan danışılır. Oxucular bu yazı vasitəsilə maraqlı təcrübə keçirə bilərlər.
Vəfa Alışzadə “Müasir elmi ixtiralar” rubrikasında “Vətəndaşlıq alan ilk robot”dan danışır.
Günel Rəcəb “Kitabını göstər” rubrikasında Bilgənin mühəndisliyə maraq göstərməyindən söz açır.
Nizami Hüseynov “Krossvord” rubrikasında oxucuları sınağa çəkir. Bundan başqa, o, balabilgələrə interaktiv söz oyununu təqdim edir.
Qeyd edək ki, 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur.
Dərginin qiyməti 3 AZN-dir.
Övladlarınız üçün dərgini əlçatan edin!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)