
Super User
“Türk” - Ayşe Şeyma Arslan
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Türk”
Ayşe Şeyma Arslan
Dağları erittik, kurdumuzla geldik,
Mücadeleyi kutsal kıldık, savaşarak can verdik,
Cihanı sardık, göğü titrettik,
Hakimiyetimizi zahir ettik,
Türk nedir dünyaya öğrettik!
Değişmeyen bir değer var aklımızda,
Dün, bu gün, elbette, yarın da
Türklük her daim var olacak kanımızda.
Dön de bir bak verilen mücadelelere, destanlara, yazılanlara:
Türk ne zaman ram olmuş düşmanlarına?!
Geçmişini bil, geleceğini parlat emin adımlarla!
Ne önemi var Hun, Selçuklu, Osmanlı;
Türk’tür her daim bunun adı!
Verdiği mücadelelerle düşmanı titreten atandan
Devralma vakti geldi artık bayrağı!
Yürü, ilerle davanda,
Pes etmek yoktur kanında!
Sen Türk’sün,
Bastığın her toprağı, her taşı
Koruyacaksın her anında!
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Ağdam Dövlət Sosial-İqtisad kollecində milli kinomuz təbliğ olunub
Ağdam Dövlət Sosial-İqtisad kollecində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ Regional Nümayəndəliyinin Ağdam bölməsinin təşkilatçılığı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam Rayonu üzrə Gənclər və İdman Sektorunun və Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin tərəfdaşlığı ilə keçirilən "Milli Kinonun Səsləri və Səhnələri: İrsimizə Bir Baxış" layihəsi çərçivəsində intellektual yarış keçirilib.
Tələbələr əvvəlcədən izlədiklərini 10 milli kino barədə hazırlanmış suallara cavab verməyə çalışıblar.
Sonda qalib komandaların üzvləri diplom və hədiyyələrlə təltif ediliblər.
İncəsənətimizin bölgələrdə təbliği baxımından əlbəttə ki, mütərəqqi addımdır.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Zəfərin 44 şərəfli günü - ESSE
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hər müharibənin taleyi fərqli cür həll olunur. Məsələn, qayıdaq ikinci dünya müharibəsinə. Alman faşizmi Berlindən yola çıxıb Moskvaya qədər gəldi. Lakin onların önünü rus ordusu deyil şimalın sərt soyuğu kəsdi. Almanlar qara, çovğuna tab gətirə bilmədilər. Çoxu demək olar ki donaraq can verdi və geri çəkilməyə məcbur oldular. Nəticədə Sovet ordusu may ayında Berlində SSRİ bayrağını qaldıraraq qələbəsini elan etdi. Nəhayət ki, bizim də zəfər günümüz oldu. Sentyabr ayında ermənilərin dinc sakinləri hədəf alaraq müharibə cinayətlərini davam etdirməsi onsuz da daşmaq üzrə olan səbr kasamızı sındırdı. Sentyabrın 27-də başlayan tarixi yürüşümüz noyabrın 10-da Ermənistan ordusunun ağ bayraq qaldırması ilə bitdi. Gəlin bu tarixi yürüyüşümüzü yenidən xatırlayaq. Əslində bunların baş verəcəyi hələ ayın əvvəlindən bəlli idi. Çünki ermənilər "yeni işğal, yeni ərazilər" məntiqi ilə öz quyularını qazmağa başlamışdılar. İstər prezident səviyyəsində, istərsə də XİN dəfələrlə Avropa şurasında və digər ali tribunalarda ermənilərin yeni müharibə üçün ayağa qalxdığını bəyan edirdi. Lakin həmişə olduğu kimi yenə bizi dinləyən, səsimizə səs verən tapılmadı. Beləliklə, bizi içdən-içə gəmirən gənənin başını əzmək vaxtı çatmışdı. Əvvəlcə ermənilərin həmləsini dəf edən ordumuz hədəf olaraq cəbhənin şimal istiqamətini seçdi və uzun illər bizdən neçə-neçə oğulları alan, yüzlərlə şəhid verdiyimiz Murovdağ silsiləsində bayrağımız ucaldıldı. Daha sonra isə keçmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi də azad edilən ərazilər siyahısına daxil oldu. Lakin hələ hərşey yeni başlayırdı. Cəbhənin cənub istiqamətində də qələbə xəbərləri gəldi. Füzulinin 4, Cəbrayılın isə 2 kəndi azad edilmişdi. Cəbhədə döyüşlər davam edərkən Bakıda abu-hava fərqli idi. Çünki 2016-cı ilin dörd günlük aprel döyüşlərində də irəliləyərkən önümüz kəsilmişdi və ondan sonra da xeyli şəhidlər vermişdik. Ancaq bu səfər önümüzü heç kim kəsə bilməzdi. Ordu və Xalq birliyinin önündə kim dura bilərdi ki?! Hər kəs Xankəndidən, Xocalıdan xoş xəbərlər gözləyərkən ordumuz yönünü cəbhənin cənub istiqamətinə çevirdi. Ta Səlçuqlu dövlətindən qalma Turan taktikası işə düşdü. Həm cənubdan, həm də şimaldan ermənilər üçün çəmbər daralmaqda idi. İlk qələbə xəbəri də özünü çox gözlətmədi. Oktyabrın 4-ündə CƏBRAYIL rayonu azad edildi. Bu həm ordumuzda, həm də xalqımızda böyük güc və psixoloji üstünlük yaratdı.
Ordumuz cəbhədə qələbələr qazanarkən ermənilər murdarlıqlar silsiləsinə birini daha əlavə elədi. Əvvəlcə yazıq donunu geyinən bu sürüngənlər cəsədlərin və əsirlərin dəyişdirilməsi üçün hər vəclə əməliyyatların dayandırılmasını istəyirdilər. Oktyabrın 18-ində ermənilərin istəyi təmin edildi. Ancaq heç kim yazıq maskasını taxan bu məxluqların əsl məqsədini görmədi. Livan ermənilərindən silah tədarükü edən Ermənistan ordusu onlardan aldıqları istifadə edilməsi qadağan edilən kasetli bombalarla gecə saatlarında Gəncə şəhərini bombaladı. Bəli, yenə ermənilər bütün dünyanı əlində oyuncaq kimi oynadaraq istədiklərini həyata keçirmişdi. Hər kəs də bilirdi, onların səmimi olmadığını və olmayacağını. Ermənilərin bir məqsədi var idi. Ordumuz sərhədi keçsin və digər dövlətlər "Ermənistan işğal edilir" siqnalı ilə onlara yardım etsin. Lakin ordumuz bu tələyə düşməyərək haqq mübarizəsini davam elətdirdi və oktyabrın 20-ində Füzuli şəhəri erməni işğalından azad edildi. Artıq hər şey bizim istədiyimiz formada davam edirdi. Ermənilər kimə ağız açırdısa gözüyaşlı geri dönürdülər. AZƏRBAYCAN isə haqq mübarizəsində haqqlı olduğunu bütün dünyaya sübut edirdi.
Füzuli şəhərindən sonra oktyabrın 24-ündə Zəngilan şəhəri də azad edildi. Bundan 4 gün sonra, yəni ayın 28-i Qubadlı şəhəri işğalçılardan tam təmizləndi. Bu zaman aralığında Xocavənd rayonu Hadrut qəsəbəsi də azad edildi. Artıq geriyə bir hədəf qalmışdı... ŞUŞA. Hədəf artıq alnımızda qara ləkə kimi qalan, alınmaz dedikləri qalamızı qəlbimizin baş köşəsini geri almaq zamanı gəlmişdi. Bu günlərə gəlib çatana qədər xeyli can itirmişdik, şəhidlər vermişdik. Artıq POLADIN, MÜBARİZİN, FƏXRƏDDİNİN, EMİLİN CƏBRAYILIN və cəmi şəhidlərimizin qisasını almaq vaxtı çatmışdı. Ermənilər daxil bütün dünyanı şoka salacaq və çox güman ki qiyamət gününə qədər unudulmuyacaq əməliyyat üçün düyməyə basıldı. Noyabrın 8-ində ermənilər bütün təchizatı ilə birlikdə ordumuzu şəhərin qala qapısının girişində gözləyirdi. Lakin AZƏRBAYCAN ordusunun sürprizlərə açıq bir ordu olduğunu bəlkə də bir otuz il daha keçsə dərk etməyəcəkdi. General-Polkovnik Hikmət Hacıyevin rəhbərlik etdiyi bu şanlı ordu eyni XAN ŞUŞİNSKİNİN dilə gətirdiyi başı dumanlı qayalarına dırmaşaraq düşmənin arxasına sızdı və onlara ölən günlərinə qədər unutmayacaqları bir zərbə endirdi. Beləliklə, ermənilər onurğa sümüklərinin də sındırılması ilə birlikdə noyabrın 10-unda ağ bayraq qaldıraraq təslim oldular. Bəli, XOCALININ qisası alınmışdı. Bəli, bu işgəncə, zülm, göz yaşı sona çatmışdı. Biz qələbə qazanmışdıq. Artıq qalib ordunun, qalib ölkənin vətəndaşı idik.
Bəli, alnımızdakı ləkəni, şərəfimizi vicdanımızı, sildirilməsi min hoqqadan çıxılan tarixi əzəmətimizi geri qaytarmışdıq. Artıq başı dik, alnıaçıq gəzməmək üçün bir səbəb yox idi. Əliyar Əliyevin, Əlif Hacıyevin qanı yerdə qalmadı. Xocalıda qanlarını axıtdıqları minlərlə körpənin qisasını almışdıq.
Artıq geriyə bir hədəf qalırdı. "BÖYÜK QAYIDIŞ"A hazırlaşmaq. ŞUŞANIN işğalı ilə batan BÜLBÜLÜN sədası yenidən ucalacaq. AĞDAMIN işğalı ilə soyuyan təndir çörəyi yenidən isinəcək. Qısacası QARABAĞ gözəlləşəcək!
"Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Bir daha “Vətənimsən, Azərbaycan!” adlı müsabiqə barədə
Xəbər verdiyimiz kimi, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqə elan edilib. Oxucularımızln müsabiqə şərtləri ilə bağlı daha geniş bilgi almaları istəklərini nəzərə alıb müsabiqə barədə daha geniş məlumat təqdim edirik.
ADA Universiteti Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr edilmiş “Vətənimsən, Azərbaycan!” adlı müsabiqəni 9-cu sinif şagirdləri arasında elan edir.
Artıq ikinci dəfə təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərin azərbaycançılıq ruhunda tərbiyə olunması, onların ölkəmizin tarixi, ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyəti sahələrində biliklərinin artırılması, habelə şagirdlərin komanda şəklində çalışma bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, Qori Müəllimlər Seminariyası 1876-cı ildə Cənubi Qafqaz xalqları üçün ibtidai siniflərdə dərs keçmək üçün müəllimlərin hazırlanması məqsədilə yaradılıb. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə fəaliyyətə başlayıb. Bu bölmənin rəhbəri böyük maarifçi Aleksey Osipoviç Çernyayevski olmuşdur. Fəaliyyətdə olduğu dövr ərzində bu bölməni yüzlərlə azərbaycanlı gənc bitirmiş və maarif ənənələrinin ölkəmizdə yayılması, uşaqların məktəblərə cəlb olunmasında əvəzsiz xidmətləri olmuşdur. Məzunların arasında Firudin bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə kimi dahi şəxslər də yer almışdır. Məhz bu səbəbdən, “Vətənimsən, Azərbaycan!” müsabiqəsi Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin fəaliyyətə başlamasının 145-ci ildönümünə həsr olunmuşdur.
Müsabiqə 2024-2025-ci tədris ilində Qazax-Tovuz RTİ, Gəncə-Daşkəsən RTİ və Mərkəzi Aran RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında təşkil edilir.
Qeydiyyat: Müsabiqəyə qeydiyyat onlayn qaydada həyata keçirilir. Bu zaman şagirdlər göstərilən linkə daxil olaraq lazımi xanalarda öz məlumatlarını dolduraraq, imtahan verəcəkləri imtahan mərkəzlərini seçə bilərlər.
Müsabiqənin təşkil edilmə qaydaları:
Müsabiqə 2 mərhələdən ibarətdir
I mərhələ - rayon/şəhər daxili - Bu mərhələdə onlayn qeydiyyatdan keçmiş şagirdlər iştirak edir:
* Şagirdlərə 75 sualdan ibarət sual kitabçası təqdim olunur
* Suallar Azərbaycan tarixi, Ana dili, Azərbaycan ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair mövzuları əhatə edir.
* Müvafiq olaraq, hər bir mövzu üzrə 15 sual təqdim olunur.
* İmtahan 2 saat davam edir
* Bu mərhələdə hər bir regional təhsil idarəsi üzrə ən yaxşı nəticə göstərmiş 5 şagird növbəti mərhələyə keçir
Final Mərhələsi - Müsabiqənin final mərhələsi “Nə, Harada, Nə zaman” intellektual oyun formatında Qazax Müəllimlər Seminariyasında keçirilir:
* I turun qalibləri öz məktəblərində (qalibin özü daxil olmaqla) 5 nəfərdən ibarət komanda yığır. I turun qalibi komandaya kapitanlıq edir.
* Ümumilikdə 15 komanda formalaşdıqdan sonra final mərhələsi təşkil edilir.
* Finala çatmış 15 komanda təyin olunmuş vaxtda Qazax Müəllimlər Seminariyasında müsabiqənin final mərhələsində iştirak edir.
* İnteraktiv oyun şəklində keçirilən bu mərhələdə komandalara moderator tərəfindən ümumilikdə 20 sual səsləndirilir.
* Hər bir sualı cavablandırmaq üçün şagirdlərə/komandaya 2 dəqiqə vaxt verilir. Yarışın sonunda ən yüksək nəticə göstərən 3 komanda qalib olur.
* Ən yüksək nəticələri göstərmiş komandalar, müvafiq olaraq, I, II və III yerlərə layiq görülüb hədiyyə və sertifikatlarla mükafatlandırılır.
Müraciət üçün Onlayn Ərizə formasını doldurmaq lazımdır.
Qeydiyyat 15 noyabr 2024-cü il tarixinədək aparılacaqdır. Əlaqə üçün: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Azərbaycan modelyerləri “Moda Birliyi” III Beynəlxalq Forumunda iştirak edəcəklər
Noyabrın 19-20-də Sankt-Peterburqdakı Tavriya sarayında “Moda Birliyi” üçüncü beynəlxalq forumu keçiriləcək.
AzərTAC tədbirin rəsmi saytına istinadla xəbər verir ki, forumun məqsədləri postsovet məkanının zəngin mədəni irsi haqqında biliklərin yayılması, mədəniyyətlərarası əlaqələrin və iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, yüngül sənayenin inkişafı yolunda mövcud inzibati maneələrin aradan qaldırılması ilə bağlı problemlərin həllindən ibarətdir.
Tədbirdə MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiya və birliklərin, aidiyyəti nazirlik və idarələrin, təhsil müəssisələrinin nümayəndələri bir araya gələcək.
Bu il tədbir iştirakçılarını geniş proqram gözləyir: ənənəvi treklərə - iqtisadiyyat, istehsal, yaradıcı sənaye, kadrlar, mədəni ənənələr - yeniləri əlavə olunacaq: gözəllik və sağlamlıq, moda turizmi. Forum çərçivəsində xüsusi elan edilmiş müsabiqənin qalibi də daxil olmaqla MDB ölkələrinin görkəmli və gənc dizaynerlərinin kolleksiyalarının təqdim olunacağı moda nümayişləri keçiriləcək.
Foruma hazırlıq çərçivəsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın dövlət orqanlarının, uyğun assosiasiyaların, istehsal sektorunun, elmi və biznes icmalarının nümayəndələrinin daxil olduğu işçi qrup yaradılıb.
Noyabrın 10-da Tavriya sarayının Yekaterina zalında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dizaynerlərinin kolleksiyalarından ibarət böyük nümayiş keçiriləcək. Azərbaycandan məşhur modelyerlər Anara Zakirli, Natavan Əliyeva, həmçinin Yelena Poqirnitskaya (Belarus), Kayrolla Abişev (Qazaxıstan), Aysalkın Ismailova (Qırğızıstan), Liliya Kiselenko (Rusiya), Vays Asoyev və Laylo Habibi (Tacikistan), Selbi Sultanova (Türkmənistan), Dilrabo Mamarahimova, İrina Şaripova və Şoyista Babamirzayeva (Özbəkistan) öz kolleksiyalarını təqdim edəcəklər. Eyni zamanda, Azərbaycandan olan istedadlı modelyer Zümrüd Mirzəliyeva builki moda forumunda öz kolleksiyasını nümayiş etdirəcək.
Tədbir MDB Parlamentlərarası Assambleyası (PA) tərəfindən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, eləcə də Avrasiya Qadınlar Forumunun dəstəyi ilə keçirilir.
Qeyd edək ki, tədbir ilk dəfə 2022-ci ilin oktyabrında bütün Birlik ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Forumun yekunlarına əsasən, MDB PA Şurasının 2022-ci il oktyabrın 27-də Səmərqənddə keçirilən iclasında Birlik dövlətlərinin parlament rəhbərləri “Moda Birliyi” beynəlxalq forumunun formatının yüngül sənaye sahəsində təcrübə, rəy və ekspert məlumatlarının mübadiləsi üçün daimi illik platformaya çevrilməsi barədə yekdil qərar qəbul ediblər.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Azərbaycan XXX Minsk Beynəlxalq Kinofestivalında təmsil olunur
Azərbaycan noyabrın 1-dən 8-dək Minskdə “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən XXX Minsk Beynəlxalq “Listapad” Kinofestivalında təmsil olunur.
AzərTAC kinofestivalın saytına istinadla xəbər verir ki, yubiley film festivalı Belarus kinosunun 100 illiyi və festivalın 30 illiyinə həsr olunub.
Azərbaycanı kinofestivalda “Gənclərin kinosu” müsabiqəsinin münsiflər heyətinin sədri kimi prodüser, rejissor, ssenarist Cavid İmamverdiyev təmsil edir. Onunla birlikdə filmləri İsveçrədən olan rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirəcək.
Bildirilir ki, festivala artıq 112 ölkədən 2200-dən çox müraciət daxil olub. Tamaşaçılara dünyanın müxtəlif yerlərindən ən yaxşı filmlərin daxil edildiyi yeddi müsabiqə proqramı təqdim ediləcək.
Bu il “Listapad” kinofestivalı qürurla iki müsabiqənin təkrar keçiriləcəyini elan edir. Milli müsabiqədə istedadlı Belarus rejissorlarının yaratdığı 23 film, milli kino məktəbi müsabiqəsində isə aparıcı kino universitetlərindən tələbələrin 15 seçilmiş işi təqdim olunacaq.
Əsas bədii film müsabiqəsi tamaşaçılara 24 ölkədən 18 film təqdim edəcək. Onların arasında 2024-cü ildə Kann Film Festivalında Qran-Priyə layiq görülmüş Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı görünən hər şey” dramı var.
Sənədli film kateqoriyasında 7 ölkədən 12 əsər əsas mükafatlara namizəd olacaq. Animasiya şedevrləri də festivalda öz yerini tapacaq: bu kateqoriyada 24 ölkədən 50 film təqdim olunacaq.
Bununla yanaşı, 17 ölkədən 11 filmin özünü və ailəsini tapmaq üçün yeni perspektivlər təqdim edəcəyi “Gənclərin kinosu” müsabiqəsi də keçiriləcək. 2024-cü ildə bu istiqamət gənc istedadların potensialının açılmasını, ölkələrin birləşməsini əks etdirir.
Gənc tamaşaçılar üçün kinofestivalda 6 ölkədən 8 filmin nümayiş olunacağı “Listapadzik” müsabiqəsi də olacaq. Burada uşaq və gənclər filmlərinin tamaşaçıları üçün yeni ekran əsərləri təqdim ediləcək. Müsabiqə zamanı “Belarusfilm” milli kinostudiyası tərəfindən istehsal olunmuş “Sirin quşu. Slavyan əfsanələrinin qanadları” filminin premyerası olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
Beynəlxalq Muğam Mərkəzində şair Mahirə Nağıqızının yaradıcılıq gecəsi keçirilib
Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tanınmış alim və pedaqoq, istedadlı şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Nağıqızının yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə Mahirə Nağıqızının həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Sonra tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının zəngin söz dünyasından, yaradıcılığının özünəməxsus cəhətlərindən danışıb, onun pedaqoq, istedadlı şair, vətənpərvər ziyalı və tanınmış alim olduğunu bildirib.
"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır. Lakin onun poeziyasında ən diqqətçəkən məqamlardan biri Vətənə olan sevgisidir. O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır", - deyə M.İbrahimqızı diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Hikmət Babaoğlu Mahirə xanımın yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.
Çıxış edənlər vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bildirilib ki, bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.
Qeyd edək ki, müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şair Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şeirinə musiqi bəstələnib.
Tədbirdə şairin müəllifi olduğu şeirlər səsləndirilib.
Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, ədəbiyyatşünas alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyindən AzərTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır.
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə tədbirdə nazirlər, nazir müavinləri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcəklər. Bu tədbirdə ekspert və qeyri-hökumət təşkilatı nümayəndələri ilə birgə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və irsi iqlim fəaliyyəti gündəliyinə daxil etmək üçün beynəlxalq konsensusa nail olmağa çalışacaq.
COP29 çərçivəsində Azərbaycan pavilyonunda Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu, UNESCO, Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə yan tədbirin keçirilməsi, həmçinin tədbirdə Azərbaycanın təşəbbüsü olan Culture for Climate (C4C) layihəsinin təqdimatı da nəzərdə tutulur.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində cari ilin ötən dövründə bir çox tədbirlər təşkil edib. Bunlara UNESCO Baş Qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və Mədəniyyət: İqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində baş tutmuş “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı, eləcə də irili-xırdalı 10-larla tədbir daxildir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2024)
“Green Hackathon 2024" layihəsi başa çatıb
30 oktyabr 2024-cü il tarixində "Green Hackathon 2024" layihəsinin yekun tədbiri keçirilib.
Final prosesində komandalar yaşıl texnologiya, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həllər təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış dəstəkləyir. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların yaradılması ilə bağlı ideyalarının prototiplərini hazırlayıblar.
Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Sosial Yanında Vətəndaşlara Xidmət və Dövlət İnnovasiyalar üzrə Dövlət İnnovasiyaları üzrə sədr müavini Ceyhun Salmanov, AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, iqtisadiyyat nazirinin birinci köməkçisi Elnur Əliyev və digər qonaqlar çıxışı.
“Ədəbiyyat və incəsənət” portalı Agentliyə əlavə xəbər verir ki, bankın “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.
Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin layihələri ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar layihəsi" adlı panel müzakirələr aparır. Müzakirədə müxtəlif yaşıl innovasiya həlləri və texnoloji trendlərin Azərbaycan üçün zərərli təsiri artır. Ekspertlər, xüsusi təcrübələrin tətbiqi imkanları ilə bağlı bölüşdürülmələr.
“Ədəbiyyat və İncəsənət”
(01.11.2024)
Noyabrın 1-i onun günüdür…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Tarix elmləri doktoru Nəsiman Yaqublunun ölüm xəbərini alanda özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayıb. "Nə danışırsız, o, mənim canım-ciyərim idi"- deyib...
Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir.
Nüfuzedici nəzərləri var, sığal kimidir, könülləri oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son dərəcə həssas və diqqətlidir. Bir xoş sözdən kövrələ, bir acı kəlmədən inciyə bilər…
Deyir ki,- “Mən sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu yaxşı bilirəm. Uşaqlıqda, yeniyetmə yaşlarımda bu cür şeylərə fikir vermirdim. Oxuduğum məktəbdə çeçenlər, almanlar, koreyalılar, belaruslar, bir sözlə müxtəlif xalqların nümayəndələri var idi. Həmin vaxtlar onların, elə öz valideynlərimin də sürgün olunduğunu dərk etmirdim. O illər valideynlərimiz çox əziyyət çəkiblər. Onlar olduqca ağır həyat yaşayıblar. Məktəbli idim və öz qayğılarım var idi. Məktəbi bitirdikdən sonra başqalarına açıq olan yerlər, bizim üçün bağlı olduğunu görəndə, yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildim…”
Çox çətinliklərə dözüb. Necə deyərlər, uşaqlıq illərini bir qarnı ac, bir qarnı tox keçirib. “Xalq düşməni” damğasının ağrı-acısını yaşayıb. Tənələrə, təqiblərə məruz qalıb. Fəqət eşitdiyi tənələrdən, təqiblərdən sarsılmayıb, əksinə gələcəyə böyük ümidlərlə baxıb…
Haqqında söhbət açdığım Rais Rəsulzadə 1946-cı ildə Qazaxstanda dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərdən olan nəvəsidir. Üç yaşında olarkən anası vəfat edib. Orta təhsilini Qazaxstanda bitirdikdən sonra, Azərbaycana üz tutub. 1969-cu ilədək Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsilini davam etdirib. Elə o vaxtdan da Bakıda yaşayır. 1972-1977-ci illərdə ali təhsil alıb. Bir il orta məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb.
800-dən çox rəsm əsərinin müəllifidir. Əsərləri Azərbaycan və digər ölkələrin rəsm qalereyalarında saxlanılır.
2009-cu ildən “Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyası”na rəhbərlik edir…
“Babam Məhəmməd Əmin Rəsulzadə böyük siyasətçi olsa da, mənim heç zaman siyasətə marağım olmayıb. Profesional siyasətlə məşğul olmaq üçün gərək insan bu sahəyə köklənsin. Bu baxımdan siyasi fəaliyyət böyük məsuliyyət tələb edir. Yəni sən təkcə özünün deyil, həmçinin kütlənin, xalqın, dövlətin taleyini həll edirsən. Müəyyən ideyalarla çıxış edir və camaatla ünsiyyətdə olursan. Onları düzgün yönəltmək üçün gecə-gündüz bu istiqamətdə çalışmalısan. Belə olduğu halda da digər işlərə vaxt qalmır. Ya o yanlıq, ya da bu yanlıq olmalıdır. Mən əgər siyasətlə məşğul olsaydım, o zaman rəssamlığa vaxt ayıra bilməzdim.”- söyləyir…
Xeyli gözəl xüsusiyyətləri var. Dostluqda vəfalıdır- hər adama bel bağlamasa da, kiminləsə dost oldusa, son nəfəsinədək ona sadiq qalacaq. Çox danışmağı sevmir. Çünki demək istədiklərini gözləri ilə ifadə edə bilir. Onun bir baxışından sevgisini və ya nifrətini anlamaq olur. Fiziki olduğu qədər, mənəvi baxımdan da güclüdür. Heç bir zaman özünü aldatmır. Həqiqət acı da olsa, üz-üzə gəlməkdən çəkinmir. Tənqidi qəbul etmək qabiliyyəti və analiz tutumu sayəsində mükəmməlləşə bilib. Gələcəyi öncədən görə bilən insandır. Təxminləri adətən sonradan gerçəkləşir. Müşahidə qabiliyyəti yüksək səviyyədədir, gözlərindən heçnə yayınmır. Bir sözlə, məntiqi zəkasını təxəyyül və hissilə tarazlaşdıra bildiyi üçün şanslı adamdır.
Babası ilə fəxr edir, Onun xidmətlərindən qürur duyur…
Deyir ki,- “Nə qədər ki, Azərbaycan tarixi var, Məhəmməd Əmin Rəsulzadə var və olacaq. Onu tariximizdən silmək mümkün deyil. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Rəsulzadə Azərbaycan xalqının çox böyük, görkəmli simalarından biridir. Böyük dövlət xadimidir. Rəsulzadə Azərbaycan bayrağının yaradıcısıdır. Azərbaycançılıq ideyasının atasıdır və Azərbaycan azadlıq ideologiyasının, azadlıq məfkurəsinin banisidir. Və həmin məfkurə elə indi də inkişaf edir. Nəhayət Rəsulzadə böyük demokratiya ideyalarının müəllifidir, dünyəvi simadır. Bunu onun nəvəsiyəm deyə demirəm. Siz də onun nəvəsisiniz. Rəsulzadə fəxrimizdir, tariximizdir və onu dərindən öyrənmək vacibdir. Bir-iki cümlə ilə onu tanıtmaq yerinə düşməz, ona hörmətsizlik olar. Rəsulzadə həqiqətən böyük simadır. Hər birimizin fəxridir. Onunla dostluq edən Seyid Tağızadə deyirdi ki,- Rəsulzadə dürüst, qüvvətli məntiq sahibi, sözü bütöv, öz ideyalarına böyük inam bəsləyən biri idi və axırda əlavə edir ki, belələrinə bizim zamanda nəinki şərqdə, hətta dünyada rast gəlinməz. Belə şəxsiyyəti olan xalq xoşbəxtdir…”
Bəli, xalqımız xoşbəxtdir ki, onun Məhəmməd Əmini var. Haqqında söhbət açdığım rəssam Rais Rəsulzadə isə ikiqat xoşbəxtdir. Çünki damarlarında Məhəmməd Əmin Rəsulzadənin qanını daşıyır…
Bu gün - noyabrın 1-i 78 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)