Super User

Super User

Çərşənbə axşamı, 12 Noyabr 2024 10:04

Bu gün kinoda texnoloji inkişaf barədə danışacağıq

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sizə kino barədə danışırıq. Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.

 

Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər? 

Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.

 

Bu gün kinoda texnoloji inkişaf barədə  danışacağıq.

 

  Kino texnologiyası son əsrdə sürətlə inkişaf edib. İlk dövrlərdə film çəkilişləri sadə kameralardan istifadə edilirdi, amma indi CGI (kompüter qrafikası), VR (virtual reallıq) və yüksək keyfiyyətli səs sistemləri geniş yayılıb.

 

•3D və IMAX Texnologiyası: Tamaşaçılara daha interaktiv təcrübə təqdim edir. Filmlərdəki təsirli vizual effektlər, 3D animasiyalar və IMAX ekran formatı ilə çox real hiss olunur.

•Kompüter Qrafikası (CGI): 2000-ci illərdə “Avatar” filmi ilə məşhurlaşan CGI texnologiyası, fantastika və elmi-fantastik janrların inkişafına təkan verdi. Xüsusən də superqəhrəman filmlərində geniş istifadə olunur.

•Streaming Xidmətləri: Netflix, Amazon Prime, Disney+ kimi platformalar kinonun izlənilmə formasını dəyişdi. İndi tamaşaçılar filmləri kinoteatrlara getmədən istədikləri zaman izləyə bilirlər. Bu, kino industriyasını daha rəqabətli və müxtəlif edib.

 

Nəhayət, son söhbətimizdə sizə kino sənayesinin sosial və mədəni təsiri baərdə danışacağıq. 

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Çərşənbə axşamı, 12 Noyabr 2024 08:30

COP29-un mədəniyyət proqramı

Dünəndən başlayraq noyabrın 22-dək ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 13-də saat 19:00-da Heydər Əliyev Sarayında “Oyanış" adlı konsert proqramı gerçəkləşəcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim edəcəyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyəcəklər. 

Qeyd edək ki, “Oyanış” bəşəriyyətin təbiətlə münasibətini bərqərar edən və həyat üçün zəruri olan başlanğıc ünsürlərə təfəkkürlə baxmağa çağıran müqəddəs ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də şou suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə əlaqələndirən yenidən başlanğıc kimi düşülür. Çətin təkamül yollarında itmiş bəşəriyyət hər bir elementin mahiyyətində təbiətin bədii əsərini bizə göstərmək üçün uzaq zamanlardan gələn müəyyən kahinlərin müdrikliyi ilə ziyarət ediləcək. Bütün bunlarla birləşən kosmik yazışmaların dinamikası daxilində müqəddəs kişilik və qadınlıq dialektikası Xeyirə doğru kollektiv səy kimi həyatı yeniləyən bəşəriyyətin toxumasını toxuyacaq. Xalça saysız-hesabsız düyünlərin birləşməsinin nəticəsi olduğu kimi, biz də xalqlar arasında kollektiv iradənin məziyyətləri ilə əldə edilən birliyin gözəlliyini təsəvvür edirik. İnsan məhdudiyyətləri ilə çərçivələnən saf bir ruh kimi, onu gizlədən daşdan azad edilmiş Bakı Qülləsinin Qızcığazı bizə “insan olmağı” xatırladan o gözəlliyi, saflığı və kövrəkliyi ilə insanlığı ruhlandıracaq. Həqiqətən də, insan olmaq kövrəkliyimizi etiraf etməkdir, amma hələ də həyat səhnəsində olmaqdır. Amma həyat gözəllik kimidir; tanınmadıqca, qayğı göstərilmədikcə mövcud deyil. Axı gözəllik baxanın gözündədir. Bu səbəbdən rəqs şövqü və ruhlandırıcı bahar arzusunda, hər şeyi yeniləmək üçün bəşəriyyətə verilən yeni bir işığın müjdəçisi kimi əbədi məşəl alovlanacaq...

Ölkəmizdən və xaricdən incəsənət ustalarının iştirakı ilə hazırlanan şou-kompozisiyanın dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru və ssenaristi Françesko Bondidir. Biletləri şəhərimizin kassalarından və itiket.az saytından əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

Noyabrın 14-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda MBA-MOSCOW bankının dəstəyi ilə “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən xəbər verir ki, professor Cahid Camal Rusiyanın Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqının üzvü, Moskva Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Fondunun üzvüdür.

 

Cahid Camal 1928-ci ildə Qarabağda, Ağdam rayonunun Gülalı kəndində anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirib. O, Bolşoy Teatrda rəssam kimi təcrübə keçib. Cahid Camal 1952-ci ildə Azərbaycan Opera və Balet Teatrı üçün Üzeyir Hacıbəylinin “Koroğlu” operasının dekorasiya eskizlərini yaradıb, XTNS-də “Azərbaycan SSR” pavilyonunun baş rəssamı, “Soyuzmultfilm”də animator və digər vəzifələrdə çalışıb. Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun Qrafika kafedrasında məsləhətçi-müəllim işləyib.

 

Cahid Camalın əsərlərinə Dövlət Rus Muzeyində, Dövlət Şərq İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Gəncə Tarix-Diyarşünaslıq Muzeyində, Ulan-Batordakı Tsedenbal Muzeyində, Kalmıkiya Milli Muzeyində, həmçinin Rusiyada və xaricdəki şəxsi kolleksiyalarda rast gəlmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

“Kəraçi 2024” Ümumdünya Mədəniyyət Festivalı (Pakistan) çərçivəsində Əhməd Pərviz İncəsənət Qalereyasında “Azərbaycanın Qeyri-Maddi Mədəni İrs” sərgisi keçirilib. Tədbir “Arts Council Azerbaijan” və “Arts Council Pakistan” tərəfindən təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Eldar Babazadə, Nailə Aslanova, Məryəm Qibləyeva, Röya Həsən, Nailə Məhərəmova, Nigar Əliyeva, Sürayə Məmmədli, Leyla Orucova, Nərminə Uluxanova, Leyla Muradova, Aynurə Mustafayeva, Elşən Rıza kimi azərbaycanlı rəssamların əsərləri təqdim olunub. Bundan əlavə, sərgidə Azərbaycanın mədəni irsinin nadir elementləri: kəlağayı, Qarabağ xalçaları və rəsm əsərləri nümayiş etdirilib. Azərbaycan nümayəndə heyətinin tərkibində muğam ustaları Sahib Paşazadə və Kamran Kərimov da yer alıblar.

 

 

 

Bu il sərgidə Konsepsiyasını Sona Quliyevanın hazırladığı “Arts Council Azerbaijan” layihəsinin “İkinci həyat: Dirçəliş sənəti” adlı eksponatlar yer alıb. Layihə köhnə xalçaları sənət nümunələrinə çevirmək, orijinal naxışları qorumaq və onlara bədii elementlər əlavə etmək məqsədi daşıyan təşəbbüsdür.

 

Tədbir çoxlu sayda sənət biliciləri, rəssamlar, yaradıcı peşələrin nümayəndələri və rəsmiləri bir araya toplayıb.

 

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a müsahibəsində nümayəndələrimizin festivalda iştirakından daha ətraflı danışıb.

 

 

 

“Bizim gözəl təəssüratlarımız oldu. Festival 38 gün davam etdi və bu, həqiqətən də heyrətamizdir! Bu müddət ərzində konsertlər, tamaşalar, sərgilər, müxtəlif bədii tədbirlər keçirilib. Bizi çox mehriban qarşıladılar. Azərbaycan sərgisinə xüsusi münasibət var idi. Festivala xalçalarla bağlı orijinal layihə gətirdik və işimiz yaxşı qarşılandı. Bundan əlavə, açılışda muğam ifa edən Azərbaycan musiqiçilərinin çıxışı olub və bu, sərginin ziyarətçilərində böyük təəssürat yaradıb”, - deyə Dadaş Məmmədov qeyd edib.

 

Festival çərçivəsində Kəraçi qubernatoru incəsənət və mədəniyyət vasitəsilə əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayaraq, “Arts Council Azerbaijan”ın rəhbərinə ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə mükafat təqdim edib.

 

 

 

“Pakistanda qardaşlıq münasibətlərimiz yüksək qiymətləndirilir. Festival zamanı hər fürsətdə, istənilən çıxışda Azərbaycanın adı çəkilirdi. Azərbaycanın belə genişmiqyaslı beynəlxalq festivalda iştirak etməsi bizim üçün çox vacib idi”, -deyə agentliyin həmsöhbəti vurğulayıb.

 

Ümumdünya Mədəniyyət Festivalı – “Kəraçi 2024” müxtəlif ölkələrdən olan rəssamları, musiqiçiləri və yaradıcı nümayəndələri vahid platformada bir araya gətirdi. Festivalın məqsədi mədəni əlaqələri gücləndirmək və ənənələr mübadiləsi aparmaq, dünya mədəniyyəti və incəsənətinin zənginliyini araşdırmaq üçün platforma yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2024)

 

Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konserti baş tutub.

AzərTAC xəbər verir ki, konsertdən əvvəl müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, tanınmış pianoçu Nərgiz Əliyarova çıxış edərək layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner müsabiqənin jürisinin üzvü kimi öz iştirakından danışıb. Birinci mükafata layiq görülən diplom amerikalı bəstəkar Kianu Raeviyə təqdim edilib.

Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Bundan əlavə, Azərbaycan xalq mahnıları, “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və digər milli musiqi nümunələri də təqdim olunub.

Gecədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova çıxış edib.

Proqramda ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov, həmçinin MSM-in Kamera Musiqisi Ansamblının ifaçıları iştirak ediblər.

Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqənin məqsədi bir sıra Azərbaycan xalq mahnılarının plagiatının qarşısının alınması və onların milli mədəniyyətimizə aid olduğunun beynəlxalq musiqi ictimaiyyətinə çatdırılması, həmçinin bütün dünyada geniş təbliğidir.

Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanda qeyd olunan Milli Musiqi Günündə elan edilib. Sentyabrın 28-də Bakıdakı Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində qalib olan əsərlərin premyerası olub.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

“Ədəbiyyat və incəsənət” portalınən ELDƏN ELƏ rubrikasında bu gün sizlərə  Naxçıvandan Gülay Tahirlinin şeirləri təqdim edilir.

 

 

ÖZAY ÜÇÜN

 

Oğlum, bizim də küçələrdən

Gülümsəyən adamlar keçəcək.

Sallanan qaşqabaqlar

Quşların lələyinə ilişib buralardan köçəcək.

 

Yer günəşin ətrafında fırlanan kimi,

Bir də görəcəksən hansısa baba

Tutub hansısa nənənin əlindən,

Elə dolana-dolana rəqs edir.

 

Bu şəhərdə təbəssümlər çıxacaq taxta,

Sıxışdıracaq iki dodağı

Bir-birinə yapışdıran, büzüşdürən

Nə varsa!

 

Yaşamağı öyrədən məktəblər açılacaq.

Ən yüksək maaşı şükran dərsi

deyən müəllimlər alacaqlar.

 

Oğlum, bu şəhərdə adamlarla

Pişiklər dost olacaqlar.

İtlər insanların sevgisindən məst olacaqlar.

Əl-ələ tutub gülləni atacaqlar

Mərhəmətsizliyin yuvasına.

 

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Bu şəhərdə atalar gecə rahat yatacaqlar,

Yorğanın altında qısılıb

Qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.

Alınlarını köynəyin qollarına silə-silə,

Şalvarların ciblərini yoxlamadan...

 

Qaça-qaça keçməyəcəklər

Adamlar ağacların yanından,

Görüb keçəcəklər,

Duyub keçəcəklər.

Sanma, ağacları yenə kəsəcəklər.

Bu şəhərdə binalar

Utanacaq ağacların yerində durmağa.

 

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gec oldu daha, gəl yataq.

Lay-lay... Lay-lay...

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

 

 

***

 

Səni sevirəm!
Ey həmişə günəşə açılan pəncərəm!
Gözləri dənizlərdən dalğalı,
Ey əlləri Tanrı sığalı,
Qolları yuvam adam!

Biz yuva qurmağı leyləklərdən öyrənmişik,
Ordan-burdan çör-çöp yığıb,
Dimdiklərində gətirib yuva qururlar
İşıq dirəklərinin ta başında.
Bizim çör-çöpümüzün
Arxasınca küləklər düşüb,
Vüsalı ələyən ələklər düşüb.
Neçə dəfə çör-çöpümüz
Əlimizdən sürüşüb,
Tutmuşuq bir-birimizdən, qalxmışıq yenə.

Səni sevirəm!
Mənə eşqi öyrədən adam –
Müəllimlərin ən böyüyü!
Mən bu məktəbə gələndə
Qısqanclığımı evdə qoyub gəlmişəm,
Azadlıq gətirmişəm əllərimdə gül yerinə.

Özümlə barışıq olduğum tək yer
Kirpiklərinin arasıdır.
Mən məni səndə sevdim,
Mən məni səndə bildim.

Yanılır Dekart, düşünmək nədir?!
Hiss edirəmsə, varam!
Düşünməkdən o tərəfə bir yer var e,
Bax ordayam,
Ordayam.

Səni sevirəm!
İşdir, qəzadır, birdən bitsə hər şey,
Ayrılıqda belə açılar qollarımız, bilirəm!

Səni sevirəm!
Səni yalınayaq,
Səni yalınruh sevirəm!

 

 

***

 

Torpağın çat-çatdır, Vətən!
Görürəm – bağrın yarılır...
O torpaq altında nə qədər toxum cücərmədən ölür.
Nə qədər ağacın kökü var, gövdəsi yox...
O torpağın üstündə
Adamların ürəyi var, sevdası yox...

Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!

Xəbərin varmı Güneyindən?
Mənim də solumdan xəbərim yoxdur.
Ən çox sevdiyimiz,
Ən çox ağrıyan yanımız,
Mənim solum – sənin Güneyin.

Hərdən Kür kimi hiss edirəm özümü,
Azalıram, azalıram...
Mən – çölün düzündə,
Adamlar cəhənnəm,
Tanrının unutduğu ağac – sozalıram...

Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam...
Ürəyim soyuyarmı, görən?
Sən xoşbəxt olsaydın, axı mən də...
Mən də, bəlkə...

Deyirəm, başımı qoyum Xəzərə,
Göy üzündən Tanrını çağırım,
Gəlsə,
Qağayılar imkan versə,
Ona çox yox, bir-iki kəlmə söz deyəcəyəm...

Darıxma, Vətən, darıxma.
O quşlar ki, var.
Təbrizindən dən gətirib
Bakında əkən quşlar.
Onlara baxıb deyirəm ki,
Ümid var.

 

 

***

 

Bir dibçək gülümüz vardı,
Atam baxıb sevincək deyərdi ki,
Gülün tavanı dəlib keçməyinə az qalıb.
Doğrudan da, az qalmışdı.
Sonra atam gözlərini bir anda birdəfəlik yumdu.
Gülsə yavaş-yavaş qurudu...
Yox, suyunu tökdük, torpağını yumşaltdıq,
Gedib-gəlib əzizlədik,
Olmadı...
Atam öldü,
Gül də öldü...
O gülün gücündən istəyirəm hərdən,
"Olmaq, ya da olmamaq: budur bütün məsələ".

O gülün qolları yox idi ki,
Tutub yaşama həbs etsinlər,
Qanadı içində, sözü içində,
Sevgisi içində, közü içində.
Dünya həm də o gülündü,
İtin, pişiyin, çiçəyin, böcəyin...
Amma elə bil Tanrı
Olmaq və olmamaq arasındakı
O böyük boşluğu, sadəcə, insan üçün yaradıb.
Bu dünyada insana özəl bircə yer var:
Olmaq və olmamaq arasındakı o boşluq –
Hamının kəşf etdiyi,
Heç kimin adını qoymadığı...

 

***

 

“Evim” dediyim adam çölə atdı məni,

Bir quru canımı götürüb çıxdım,

Nəyim varsa, orada da qaldı.

 

Eşqi ürəyimə əsa etmişəm,

Ona görə ölmədim, yaşayıram.

Ey çarmıx adam,

Mən niyə səni özümə İsa etmişəm?!

Qaldırmışam əllərimi,

Nə zaman istəsən, gəl!

İsa da olsan, çarmıx da olsan, gəl.

 

Onu da bil ki,

Daha sənin bağçanda açan deyiləm.

Yox, yox, o adam deyiləm.

Özüm çöl olandan sonra

Daha “Evim” demərəm sənə.

 

Evlər uçur.

Evlər uçur...

Evlər uçur!

Ağaclar yaşayır, nəfəs olur,

Quruyur, kötük olur,

Ölür, soba olur.

 

Nə böyük günah imiş

Eşqi evə qapamaq.

Eşqin məkanı çöllərdir.

Eşqin dostu ağaclardır, adamlar yox.

 

 

***

 

O ki sənin alnından yox,
Gözlərinin kənarından salardı yollarını.
Sevməzdi paralel xətlər qalağını,
Onunku yarım ulduzlar idi.

O nə istədi səndən?
Nə vüsal, nə xoşbəxtlik...
Heç nə!
Dünyanın bütün tamahlarından,
Arzularından arınmışdı sevgisi.

O bilirdi, o, alına yazılmamışdı,
O, tale deyildi.
Tanrıdan necə gəlmişdisə, elə idi,
Çoxalmamışdı, azalmamışdı.

İndi isə günün günorta çağında
Dayanıb pəncərə qırağında
Aya baxır.
Gülümsəyir və baxır.
O ayın altında xoşbəxt,
Sağ-salamat sən varsan,
Yanında da...
Yanında...
Yanındakı önəmli deyil.

Gözlərini açsa, ay gedəcək,
Günəş gülümsədərmi onu?
Ehhh...
Onsuz da kimsənin yolu keçməyəcək
Yarım ulduzlardan.
Heç olmasa alnını qoru.

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

 

BAL BAXIŞLAR

 

Gözlərinin rəngini,

Bal baxışlarını yalamışam.

Dilim boğazıma yapışıb

Sevginin ölçüsü olmaz

Bilirəm,

Gəl bağrıma

Son ölçüdür,

Danışa bilmirəm!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

 

Noyabrın 13-14-də qırğız mədəniyyət və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinin qonaqları olacaqlar. 

 

AzərTAC verir ki, onlar Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) keçirildiyi günlərdə "Adəm" adlı balet-tamaşası ilə çıxış edəcəklər. 

Qırğızıstanın "Artist" teatr truppasının nümayəndələrindən ibarət təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsi olan bu tamaşa iki il öncə "Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gəlib.

"Adəm"də dünyanın ekoloji tarazlığının bərpası naminə insanların həmrəy olmasının vacibliyi vurğulanır. 

"Hər şeyə rəğmən, bəşər övladının əsas amalı yaşıl planetin xilası və yenidən bərpası olmalıdır!" - bu, səhnə əsərinin əsas şüarlarından biridir.

Qeyd edək ki, tamaşaya giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Bazar ertəsi, 11 Noyabr 2024 13:38

Qısa hekayələr - Təranə Vahid

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Təranə Vahidin qısa hekayələri təqdim edilir.

 

Sarı ovqat

 

...Payız kəndin üstündən keçib sapsarı məktublar göndərdi adamlara. Məktubların içində iç-içə bir əlçim külək, bir ovuc yağış, bir çimdik qüssə, bir az xatirə, bir qatar durna və bir də... sapsarı yarpağın üstündə solğun xətlə alt-alta yazılmış sətirlər vardı...

Telli arvad məktubu açan kimi külək havalandı, durnalar uçdu, yağış başladı... Qarı qorxa-qorxa məktubun içindəkiləri oxudu, rəngi qaçdı, ömür boğçasını açıb o ki var ağladı. Sonra ürəyi soyusun deyə, yupyumru göz yaşlarını ovcuna yığıb qoynuna tökdü. Handan-hana ayağa durub üstünün qaramatını çırpdı, həyətə çıxdı. Titrək barmaqlarıyla damcılar süzülən nar ağacından üç qıpqırmızı nar dərib ətəyinin küncündə evə gətirdi. Narları pəncərənin ağzına qoyub Payızın könlünü almaq istədi. Alınmadı... Payızın göndərdiyi məktubda alt-alta bu sözlər yazılmışdı:

Bu gecə qapının cəftəsini bağlama!

Bu gecə qapının cəftəsini bağlama!!

Bu gecə qapının cəftəsini bağlama!!!

 

II hissə

 

...Qapının cəftəsini bağlamadı Telli arvad. Ev-eşiyə əl gəzdirib yerə xalı döşədi. Qab-qacağı üst-üstə çinlədi ki, sabah qara xəbər kəndi ev-ev gəzib-dolaşanda qonşular əl-ayağa düşməsin. Qara gün üçün təqaüdündən oğurlayıb daldaladığı pulları sonuncu dəfə sayıb göz qabağındakı boş qəndqabına qoydu ki, hər kəs görsün. Beş il qabaq dükançı Səlimdən aldığı kəfəni, pambıq dəsmalı, öz barmaqları ilə didib oxşaya-oxşaya hazırladığı pambıq döşəyi, lazım olan hər şeyi üst-üstə yığıb hazır saxladı.

Sonra yuyunub-darandı, qüsullandı, qapının cəftəsini açıq qoyub son yuxusunu görmək üçün sonuncu dəfə uzanıb yatdı...

 

III hissə

 

...Səhər xoruzlar səs-səsə verib banlayanda Telli arvad diksinib oyandı. Olanlara mat qaldı. Barmaqları titrəyə-titrəyə stolun üstündəki lampanı yandırıb dünənki məktubu höccələyə-höccələyə yuxarıdan-aşağı, aşağıdan-yuxarı təkrar-təkrar gözdən keçirdi. Telli arvad gözünə yox, həm də qulağına inanmaq üçün məktubdakıları ucadan oxudu:

Məktubda yazılmışdı: Bağışlayın, məktub ünvanına düzgün çatdırılmayıb. Sizə çatacaq məktubu oxuyun.

Qapının cəftəsini bağlayın!

Evinizi isti saxlayın!

Adınız uzunömürlülər siyahısındadı, özünüzə yaxşı baxın!!!

 

IV hissə

 

...Telli arvad bu dəfə dünənkindən betər ağladı. Öz halına yox ha, o ünvandakının halına. "Görən, onun da adı Tellidi? Görən, o da mənim kimi?.."

Sualına kimsə cavab vermədi. Telli arvad yuxarı baxıb, "Biz kimik ki, hər şey Onun əlindədir", - pıçıldadı. Təskinlik tapıb, ayağa qalxdı. Tələsik pulu qoynundan çıxardı , "ehtiyacbank"da - torbadakı düyünün içində gizlətdi, qab-qacağı öz yerinə düzdü, xalçanı büküb küncə itələdi.

Həyətə çıxıb ölümdən qayıdan adam kimi doyunca, uzun-uzadı dünyaya baxdı! Dodağının ucunda "Adam da bu gözəllikdə dünyanı qoyuf ölərmi", - dedi.

Sonra toyuqlara dən vermək üçün qısqıvraq yerişlə hinə tərəf getdi...

 

V hissə

 

...Lütfən, hər yazılana inanmayın!

 

Sevginin şəkli

 

Qırx ilin rəssamı ömründə ilk dəfə qəribə sifariş aldı. Müştəri ondan sevginin şəklini istəyirdi. Rəssam saatlarla fikirləşdi, günlərlə düşündü, rəngdən-rəngə düşdü, əlindən gələni etdi. Vaxt-vədə yetişəndə tablonu ehtiyatla büküb sahibinə göndərdi.

Sifarişçi bağlamanı aldı. Həyəcanla, barmaqları titrəyə-titrəyə açdı və heyrətdən donub qaldı. Fırça toxunmamış ağ kətan sevginin şəkli idi...

 

Təbəssüm

 

Həyat onu sıxdıqca üzündəki təbəssüm bir az da artırdı. Dərdləri çoxaldıqca qəhqəhələri bir az da şəffaflaşırdı, ac-yalavac qaldıqca bir az da səxavətlənirdi, ətrafındakılar bacardığı pisliyi ona etdikcə, mərhəməti bir az da qol-budaq atırdı. İnsanın mələyə çevrilməsi Tanrını təəccübləndirdi. Dünya yaranandan bu, şeytanın ilk məğlubiyyəti idi...

            

Uçan dünya

 

Ovcundakı dünya qəfildən titrədi. Uşaq yumruğunu qulağına yaxınlaşdırdı.

Ovcundakı vızıldayıb dedi:

- Bilirsən, mən kiməm?

- Kimsən? - uşaq sadəlövhcəsinə soruşdu.

- Mən dünyanın özüyəm.

Uşağı maraq bürüdü. Dünyanı görmək üçün ovcunu açdı. Qırmızı xallı qara parabüzən havaya qalxdı.

Uşaq uçan dünyanın arxasınca baxıb ağladı...

           

Son

 

Hər dəfə bu nöqtəyə gəlib çatanda qəribə hisslər keçirirdi. Sonra nə olacaq, sonranın sonrası necə olacaq? Bir düyün sualın əlində mağmın qalırdı.

Bir dəfə nədənsə qəribə hiss-zad keçirmədi. Sondan sonsuzluğa keçdi. Sən demə, son o qədər də qorxulu deyilmiş.

 

Həqiqətlə yalan haqqında ən gerçək nağıl

           

Biri vardı, biri yoxdu. Bu dünyada Həqiqət, Yalan, bir də adamlar vardı. Bir dəfə Yalan gözləri parıldaya-parıldaya hamını inandırdı ki, Həqiqət elə mənəm. Həqiqət bunu eşidəndə utandığından qulağına kimi qızardı. Adamlar onu Yalan bilib dar ağacından asdı...

 

İki şəkil

 

Bazarın küncünə sığınmış qarı həmişəki yerində oturub köhnə parçaya bükülmüş şəkli çox ehtiyatla, ədəb-ərkanla açıb əntiq mal kimi piştaxtanın üstünə qoydu. Şəkildəki qızın təbəssümü bir anda ətrafı işıqlandırdı. Qarının da kefi açıldı. Bütün gün ötüb-keçənlər şəkildəki qıza, qarı da adamlara baxdı.

Belə-belə, çox günlər keçdi. Hamı şəkli görüb ayaq saxladı, gülümsədi və keçib getdi... Bir axşam qarı şəkli qoltuğuna vurub bazardan çıxdı. Başa düşdü ki, özü qocaldığı kimi şəkli də keçmişdə qalıb, day heç kimə gərək deyil. Sadəcə, buna inanmağı gəlmirdi...

 

Səs

 

Qırx yaş hara, sevgi hara? Utandı, özü də bərk utandı sevgisindən. Düşündü ki, qırx yaş peyğəmbər yaşıdı. Onu da bilirdi ki, daha Yer üzünə peyğəmbər gəlməyəcək.

Göylər titrədi, yaxından, çox yaxından ilahi bir səs gəldi:

- Sevmək elə peyğəmbərlikdi...

 

...Yol...

 

Buğdadan zəhləsi gedirdi. Ona elə gəlirdi ki, insan bir ovuc buğdanın günahına batıb. Nə illah eləyirsə, o günahdan yaxa qurtara bilmir ki, bilmir.

Zəmilərdəki sünbülə də birtəhər baxırdı. Dəniz kimi dalğalanan zəmi ona ölümü və gözəlliyi xatırladırdı.

Heç dəyirmanı da xoşlamırdı. Dünya kimi əlinə keçəni əzirdi, sındırırdı, üyüdürdü...

Ələyi heç sevmirdi. Ələk öz gözündən yalnız xırdaları keçirirdi.

Elə bu fikirlərlə ötüb keçirdi ki, burnuna yenicə bişmiş çörəyin ətri dəydi. Qoxunu axtara-axtara gəlib təndir üstə çıxdı...

 

Gözlə məni...

 

Bacarsan, gözlə məni - dəli küləklər qara buludları başımızın üstündən qovanacan.

Bacarsan, gözlə məni -ağ yağış yağıb ruhumuzu yuyanacan.

Bacarsan, gözlə məni - ilk görüş yerini unudanacan, bacarsan, gözlə məni - "ayrılıq bitdi" deyənəcən...

Bacarmasan, gözləmə məni. Gəldiyimiz yolun ipini kəs. Qoy bizdən canı qurtarsın o yolun. Yolunu təzədən başla, gözün qorxmasın, hər yağan qar olmur ki... O yolda daş-kəsək ayağını kəsməyəcək, o yolda vaxtsız-vədəsiz küləklər əsməyəcək. O yolda hər şey ürəyincə olacaq. Ancaq həyatında xəfif bir külək kimi nəsə, nəsə çatışmayacaq...

Bacarmasan, gözlə məni...

 

Dəniz və ürək

 

- Sən bilirsən, dəniz nəyə oxşayır?

- Nəyə?

- Ürəyə.

- Niyə?

- Bütün gün çırpınır.

- Amma eşitmişəm ki, dənizin ürəyi olmur.

- Doğrudan?

- Vallah. Amma göylərin ürəyi var. Göy guruldayanda, şimşək çaxanda bilirsən, nə olur?

- Nə olur?

- Göylərin bağrı çatlayır, od tutub yanır. Bizim dilnən desək, göylər infarkt keçirir. O çatdan ağ qan tökülür. Biz ona yağış deyirik.

- Deyirsən, yəni dənizin də ürəyi olur? İnanmıram...

- Öz işindi. Ürəyi yoxdursa, bəs bütün gün niyə çırpınır? Heç özünə bu sualı vermisən?

- Yox.

- Çırpınır. Gör içində nə qədər canlı var. Hər canlı bir ürəkdi, hər döyüntü bir çırpıntıdı.

- Dediklərin ağlabatan olsa da, ürək məsələsində bir az şübhəliyəm. Əgər dənizin ürəyi varsa, gərək kardioqramını çıxarsınlar.

- Bax da...

 

Səma çiçəyi

 

Ona heç kim, heç vaxt çiçək bağışlamamışdı. Bircə dəfə dünyaya gələsən, bir çiçəklə adını anmayalar. Fikirləşdikcə ağlı başından çıxırdı.

İllər keçdikcə dünyadan, adamlardan, elə özündən də bezirdi. Bir axşam bostandan qopardığı günəbaxanı qoltuğuna vurub həyətdəki kötüyün üstündə oturub yerini rahatladı. Günəbaxanı dizlərinin üstünə qoyub bir xeyli çırtladı. Bir anlıq əlini saxladı. Hər yan səssiz idi. Arabir cırcıramaların gülüşməsi, bir də su içən ağacların qurultusu eşidilirdi. Başını qaldırıb göylərə baxdı. Bu gecə səma başdan-başa qırmızı çiçək açmışdı. Gördüyü gözəllik onu həyəcanlandırdı. Boş qəlbinə haradansa bir ovuc sevinc doldu. Gülümsədi. Hiss etdi ki, çiyninə nəsə qondu. Qorxa-qorxa qanrılıb baxdı. Səma çiçəyindən biri saplağından üzülüb onun çiyninə qonmuşdu. O an, o an anladı ki, dünyadakı bütün qadınlara çiçək bağışlanılır. Mütləq bağışlanılır. Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək...

 

Yük atı

 

Elə bil gözünü qan örtmüşdü. Meşədə doğradığı odunları bir ucdan ata yükləyirdi. Qoca yabı arabir dönüb tərs-tərs sahibinə baxsa da, xeyri olmadı. Sahibinin əlacı olsaydı, meşəni bütövlükdə bu zavallı heyvanın belinə yükləyərdi.

Qoca yabı tamah dişi uzandıqca-uzanan sahibinin əmrinə itaət edib yerindən qımıldandı. Eh, ayğır vaxtlarında bu yükü yük saymazdı. İndi kindirini qocalıq kəsmişdi, yüklərin hamısı ona ağırlıq edirdi.

Bu yol onları dərəyəcən aparırdı, sonra qaratikanlı yoxuş başlayırdı.

Sahibi buğda yeyib fınxıran at kimi onu hey dəhmərləyirdi. Canını dişinə tutub dərəyəcən endi, yoxuşu qalxanda dirəndi. Şallaq zərbələri od kimi bədənini yandırsa da, xeyri olmadı. Elə bil dörd ayağı yerə yapışıb, torpağa kök atdı.

Axırda sahibi söyə-söyə atın yükünü boşaltdı.

Çər dəymiş! Gərək çoxdan rədd eləyəydim səni. Məni yarı yolda qoymağına bax!!! - deyib ata bir-iki karlı təpik ilişdirdi.

At yenə tərpənmədi. Bu, sahibini təəccübləndirdi. Bir-iki addım irəli yeridi. At başını yerəcən sallamışdı. Elə bil nəfəs almırdı. Sahibi şallağı qaldıranda at böyrü üstə yerə sərildi...

Sonralar bu əhvalatı kəndin çayxanasında domino oynaya-oynya baytara danışanda, mal doxturu əl saxlayıb kədərlə dilləndi:

- Atın ürəyi partlayanda belə ölür. Gərək qədərindən artıq yükləməyəsən. Bu, insanlara da aiddir...

 

 Ovcundakı güzgü

 

Ovcundakı qabara güzəranının güzgüsü kimi baxırdı. Qabarlar böyüyəndə, düyünlənəndə güzəranı bir balaca yaxşılaşır, qabarlar soluxanda həyatı da soluxurdu.

Hərdən ovcundakı güzgüdən özünə suallar verirdi: Ey, dəmbələngöz, bəsdi qaçdın, bəsdi yüyürdün. Ömrün bitib, amma eyni nöqtədə fırlanırsan. Ovcundakı qabar itsə, nə olacaq? Bu sualı verəndə dili-dodağı əsirdi, karıxırdı, üşüyürdü. Ovcundakı güzgüdə günəş gülümsəmir, dünya çiçəkləmir, quşlar civildəşmirdi. Ovcundakı güzgüdə ağ buludlar su daşıyırdı gözlərinə.

Ovcundakı güzgü ona ümidli heç nə vəd etmir, yalandan aldatmır, gözünü yolda qoymurdu. Bircə gecələr daşa dönmüş əllərini başının altına qoyanda, ovcundakı qabarlar ürək kimi döyünür, mələklər qabarlı əllərinə sığal çəkir, o da dünyanın ən şirin yuxusunu görürdü.

Səhərlərsə əlindəki qabarlar zəng çalıb onu oyadır, ovcunun güzgüsündə yeni gün başlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Bosniyadan – Maid Korbiç adlı gənc şairdəndir. O, dərc etməyimiz üçün ürək sözlərini, özü barədə məlumatı, bir də “Cənnət yolları ilə” adlı şeirini göndərib. Şeiri ingilis dilində - orijinalda təqdim edir və dilimizə sətri tərcüməsini veririk.

 

Salam, hörmətli redaksiya.

Şeirimi nəzərdən keçiriləcəyinizə və portalınıza yerləşdirmək üçün seçiləcəyinə ümid edərək Sizə yollayıram. Mənim şeirimim bu mətnin altındakı əlavədədir. Hər hansı bir sualınız və ya şübhəniz varsa, xahiş edirəm mənə mümkün qədər tez bildirin. Cavabınızı səbirsizliklə gözləyirəm. Mən də sizinlə olmaqdan məmnunam.

                             Səmimi qəlbdən sizin: Maid Korbiç Bosniya və Herseqovinadan.

 

 

Tərcümeyi-hal:

Maid Korbiç Bosniya və Herseqovinanın Tuzla şəhərində yaşayır.

24 yaşı var. Boş vaxtlarında dəfələrlə tərifləndiyi və mükafatlandırıldığı şeirlər yazır. Həm də ətrafındakı insanlara fədakarlıqla kömək edir. Ümumdünya Ədəbiyyat Forumunda “Sülh və insanlıq- bəşəriyyət və dünya sülhü naminə” panelinin moderator olub.

O, Balkanlarda kifayət qədər tanınan şairdir. Həm də social media fəalıdır, Facebook-da 10.000-dən çox izləyicisi var.

Redaksiyamıza təqdim etdiyi “Cənnət yolları ilə” şeiri ən son yaradıcılıq nümunəsidir.

 

 

 

Maid Corbic,

Bosnia and Herzegovina

 

BY THE WAYS OF PARADISE

 

Long ago as a boy I knew

Yes, my path is to create works

About which the world will be buzzing

 

But life is a difficult field above all

Which still makes people imagine themselves

In the sea of ​​infinity and lies creating

Their speech and ways of treating others

 

Love is the strongest thing in the world to live by

Although she can also be so painful

Because the scenes that happen sometime before

They are still carried in the bottom of the soul on both sides

 

People being people, the Balkan atypical has become just that

Because love is a laughing stock to everyone

While at the bottom of the soul traces of hope

That hope remains that love is alive

 

And those tyrants are deliberately destroying it

Who think that love is an expensive car

A watch and other things

Love is written all over the dessert

 

Possibility of traveling positions

Much-needed love becomes sex

Which arises implicitly from the attitudes of immaturity

 

I walked the paths of Paradise and picked apples

Hoping that love still has ways

How to find your era of wisdom

But year after year I get disappointed

 

Because love is something that is used

Emotions and social position in time

When someone doesn't have his money, others laugh at him

Just because he's not like everyone else

 

And love has no limit, it comes

An honest person will find his way just then

When one least hopes and dreams

Because dreams never became unrealistic

Only if a man wants to be happy

 

The paths of Paradise will be followed and believed with the brain, not with the heart..

 

CƏNNƏT YOLLARI İLƏ

Çoxdan, hələ balaca oğlan ikən mən bilirdim,

bilirdim ki, mənim yolum əsərlər yaratmaqdır.

Hansı ki, bütün dünyanı təəccübləndirəcək.

Ancaq həyat hər şeydən əvvəl çətin bir nəsnədir.

Hələ də sonsuz yalanlar dənizi yaradanlar

insanları özlərini orada təsəvvür etməyə məcbur edirlər.

 

Öz nitqinizi və başqaları ilə necə davranacağınızı

niyə də özünüz müəyyənləşdirmirsiniz ki?

Sevgi dünyada yaşaya biləcəyiniz ən güclü hissdir.

Baxmayaraq ki, bu qədər ağrılı ola bilər.

Çünki əvvəllər baş verən səhnələr çox qorxuncdur.

Bu qorxunc səhnələr hələ də hər iki tərəfin

– həm oğlanın, həm də qə qızın qəlbində qalmaqdadır.

 

İnsanlar insan olaraq qalır

və Balkan tipikliyi də burda öz sözünü deyir.

Balkanlarda səmimi sevgi hissləri

təəssüf ki, hər kəs üçün gülüncdür.

Amma mənim ruhumun dərinliklərində ümid izləri var,

onların hərarətini duyuram.

 

Bu ümid sevginin hələ də yaşadığınadır.

Və bu zalımlar onu qəsdən məhv edirlər.

Sevginin bahalı bir əyləncə olduğunu

düşünənlər də az deyil.

Bahalı avtomobillər, saatlar və digər şeylər…

“Sevgi – yalnız desert üçündür“ deyə düşünürlər belələri.

 

Dünyanı gəzmək imkanı varsa, görürsən ki,

ən çox ehtiyac duyulan sevgi seksə çevrilir.

Bu, həyatı doğru dərk etməməyin,

əqli cəhətdən tam yetişməməyin nəticəsidir.

 

Mənsə Cənnət yollarında gəzdim

və cənnət almalarını yığdım.

Ümid edirəm, sevgi hələ də mövcuddur.

Hikmətə yetişəcəyiniz çağınızı bircə tapa bilsəydiniz…

Zira, ildən-ilə məyus oluram.

Çünki sevgi-  istifadə olunub atılan bir şeyə çevrilib.

Zamanla duyğular və emosiyalar,

sosial vəziyyət çox dəyişib.

Kiminsə pulu olmayanda başqaları ona gülür.

Sadəcə ona görə ki, o, hamı kimi deyil.

 

Sevgininsə sərhədləri yoxdur, o mütləq gələcək,

Dürüst bir insan yalnız ona qovuşunca öz yolunu tapacaq.

İnsan ən az ümid və xəyal quranda,

“Xəyallar heç vaxt gerçəkləşmir” deyə düşünəndə

Amma bununla belə, xoşbəxt olmaq istəyi onu tərk etmədikcə

Cənnət yolları ilə gedəcək

Və ürəklə deyil, ağılla inanacaq

İnanacaq sevgiyə və inanacaq xoşbəxtliyə.

 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.