
Super User
COP kəmfürsətçiliyi - ƏKBƏR QOŞALI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi icmalını təqdim edir.
Paytaxt Bakıda ayın 11-dən öz işinə başlayan COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ötən gün Liderlər Sammiti (və digər tədbirlər) ilə davam etdi.
Bəli, gözlənilən gün gəldi, COP29 başladı və beynəlxalq ictimaiyyətin gözü Azərbaycan paytaxtına dikilmiş oldu. İndiyədək çoxsaylı beynəlxalq tədbirə uğurlu evsahibliyi edən Azərbaycan, COP29-u da alnıaçıq, üzüağ başa çatdıracaq - buna şübhə yoxdur. Qoşulmama Hərəkatının Zirvə Görüşü olsun, Sivilizasiyalar və Mədəniyyətlərarası Dialoq forumları, Beynəlxalq Neft-Qaz Sərgisi, Enerji Həftəsi, l Avropa Oyunları, Avropa Musiqi Yarışması, IV İslam Həmrəylik Oyunları, Türk Dövlət Başçılarının Zirvə Görüşü və s. olsun - Azərbaycan dəfələrlə öz təşəbbüskarlığı ilə seçilib, təqdim etdiyi modellərlə parlaq örnəklər yaradıb. Doğrudur, hazırda mövzu iqlim dəyişmələridir, lakin əsl məsələ bəlkə mədəniyyət iqlimindəki dəyişmələrdir. Bəli, bəli, mədəniyyət iqlimi! - Mədəniyyət iqlimi bir baxıma dəyişməli, bir baxıma, dəyişməməlidir. - Əsl (köklü) mədəniyyət iqliminin - bütün pozitivlərin cəminin sabitliyi önəmli olduğu kimi, fərqliliklərin çatışmaya, dözümsüzlüyə, ayrı-seçkiliyə dönüşdürülməsi də qətiyyən qəbuledilməzdir.
Konkret deyək: bir xeyli ölkəni guya mədəni birlik, guya ortaq irs və yenə guya dil birliyi adı ilə Frankafoniya çatısı altında bir araya gətirən Fransanın Prezidenti Makron COP29-a gəlməyib;
guya dünyada ədalətinin supergüclü qoruyucusu görəvini üstənən ABŞ-ın Prezidenti bir yana, ABŞ-ın Dövlət katibi gəlməyib;
faşizm, nasizm kimi qlobal ideoloji bəlaları yaradan və sonra da onlardan imtina etdiyini rəsmən duyuran Almaniyanın Federal Kansleri Olaf Şolts gəlməyib, Avropa Komissiyasının Almaniyadan olan Prezidenti xanım Ursula Fon der Lyayen gəlməyib;
daha kimlərsə də gəlməyib. “Növbətçi səbəb”ləri bir qırağa qoysaq, onların nə üçün gəlmədiyini bilirik, amma əlbəttə, düzgün hesab etmirik. Ona görə ki,
onlar özləri belə əsl səbəbi açıqlaya bilmirsə, deməli, torbada pişik, zənbildə kəklik, çuvalda cida və daha da nələrdəsə nəsə var… Biz o “pişiy”in, “kəkliy”in və o “cida”nın da fərqindəyik...
Uzun sözün qısası və açığı:
Azərbaycan (iraq olsun) əldəölən, sözəbaxan olmalıymış, olmayıb! Və bu da birilərini çox bərk narahat edib. Olsun!
Görəsən, biz bəzilərinin ürəyindən keçənləri etsəydik - məsələn, Vardanyan, Qukasyan, Arayik və o kimi digər savaş suçlularını, cocuq qatillərini açıb buraxsaydıq, yaxud heç yerli-dibli tutmasaydıq və hətta, onlar Xankəndiyə Stepanakert deyə-deyə ordan başımıza yenə od ələsəydi, bu hal, Makron, Bayden, Şolts, Ursula Fon der Lyayen və b.-nın Bakıya məmnun gəlişini şərtləndirərdimi?
Almaniya iki Dünya müharibəsinin hər ikisinin baiskarıdır;
Allah qoymasa, Fransa, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləridr
və COP BMT-nin tədbiridir, iqlim dəyişmələrini müzakirə edir, çözüm arayır. Belə çıxır ki, BMT işlərinə yarayınca BMT-dir, Azərbaycanda tədbir keçirəndə isə BMT-likdən çıxır, eləmi?
“Dünya əhalisi 8,04 milyarda çatdı. Bu 8 milyard insandan -
Avropada 11%,
Quzey Amerikada 5%,
Güney Amerikada 9%,
Afrikada 15%,
Asiyada 60%-i yaşayır.
77% insanın özünün evi var, 23%-nin yaşamağa yeri yoxdur;
25% qidalanmadan, 13% təmiz içməli su çatışmazlığından əziyyət çəkir.
Dünyada insanların 26%-i 15 yaşına çatmadan ölür. 15-64 yaş aralığında ölüm nisbəti 66% təşkil edir. İnsanların yalnız 8%-i 65 və daha yuxarı yaşda yaşayır” (Qaynaq: “New England Journal of Medicine” (20.08.2024)). - Bu bilgilərin bir bölümü bilavasitə, bir bölümü dolayısıyla COP mövzusu olub, iqlim dəyişməsi, ekologiya korlanması məsələləri ilə sıx bağlıdır. Çatışmazlıqların, yetərsizliklərin mənzərəsi vahimdir!
Beləliklə,
COP29-a gəlməyənlər gəlməməyində olsun, bəyəm, Azərbaycan buna görə öz milli çıxarlarından pəs etdimi?
Gələnlər gəlməyənlərdən dəfələrlə çoxdursa və müzakirə edilməli məsələlər də çoxdan çoxdursa, kimlərinsə Bakıda yoxluğu bizim problemimiz deyil.
Açığı,
əgər birilərinin qeyri-obyektiv yanaşması, qeyri-konstruktiv davranışı (öz ağıllarınca, basqısı) nəticə verərdisə, bu, bir Azərbaycan vətəndaşı, bir yazar olaraq məni incidərdi. Qalib ölkə ilə diqtəylə danışmazlar! Qalib ölkə vurğusunu da təsadüfən etmirəm:
biz,
işğal altında saxladığı torpaqlarda təbiətin anasını ağlar günə qoyan, suyu yayda kəsib, qışda üzüaşağı buraxan, mədənləri qanunsuz və zalımcasına istismar edən,
yaşıllıqlara divan tutan, çaylara zəhərli maddələr axıdan, torpağın təyinatını mina basdırma yeri olaraq qavrayanların üzərində qələbə çalmışıq!
Biz öz Zəfərimizlə həm bilavasitə iqlimə, həm mənəvi iqlimə, ekologiyaya xidmət göstərmişik.
Biz Şər üzərində qalibiyyətdən danışırıq. Ondan danışırıq ki, məğlub etdiyimiz Ermənistan həmin o Almaniyanın rəsmən imtina etdiyi faşizmi, soyqırımı siyasətini XX yüzilin sonları - XXI yüzil başlarında dövlət siyasətinə çevirmişdi! Yəni, öz Zəfərimizlə yalnız Ermənistanı yox, Şəri, işğalı himayə edənləri sarsıtmışıq. Bax, indi də onların bəzisi inersiya ilə hələ də 2020-ci il öncələrinin xiffətini çəkir, bizim yeni başarılarımızı sinirə bilmirlər.
Bizə kiminsə haqlı sözü varıydısa yaxud kimsə bizimlə hansısa mövzuda anlaşmaya varmaq istəyirdisə, o zaman o haqlı söz, o anlaşma üçün COP29 kəmfürsətliyimi etməliydi? 30 illik işğal və ATƏT-in Minsk qrupu kimi bir yarıtmaz üçlünün mövcudluğu dönəmində öz ləyaqətini, xarakterini qorumağı bacaran ölkə ilə, o ölkənin sözü imzası qədər keçərli lideri ilə danışmağın çox sadə üsulu var: ədalətli olmaq, sayğılı davranmaq, səmimiyyət göstərmək! Yoxsa, sənin aşırı dərəcədə çirkləndirdiyin planetin qayğısını mən çəkim, sən də mənə siyasi naz et, diplomatik cilvə yap - belə yaramaz!
Ayrıca, dünya günü bu gün müharibələrdən əziyyət çəkir. Müharibə yalnız fiziki baxımdan deyil, ruhi-mənəvi baxımdan da iqlimi pozur, ekologiyanı zədələyir. Müharibələr torpağın bərəkətinə, suyun tərkibinə, bir sözlə, flora və faunaya çox (amma çox!) mənfi təsirlər göstərir. Özü müharibə aparan, müharibəni tətikləyən yaxud işğalların həmməsulu olanlar, 30 illik ağır işğala 44 gün içində son verməyi bacaran - XXI yüzilin comərdcə müharibəaparma mədəniyyətini nümayiş etdirən bir ölkədən nə istəyir?.. Yoxsa, COP29-un Bakıda keçirilməsi haqqında qərar verilməmişdən öncə Azərbaycanın atdığı müstəsna humanist addımdan dişlərində şirə qalıb?..
Suallar ritorik, məsələlər bu qədər açıq və aydındır!
Göy üzü hər qitədə və həmişə aydın olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
MƏŞHURLARLA ÜZBƏÜZ – Gülüstan Əliyeva bir neçə missiya barədə
“Məşhurlarla üzbəüz” rubrikasında bu dəfə “Ədəbiyyat və incəsənət” sizlərə Azərbaycanın əməkdar artisti, Opera və Balet teatrının və Milli Konservatoriyanın solisti Gülüstan Əliyevanın fikirlərini təqdim edəcək. Fikirləri ondan Aysel Kərim alıb.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində iştirak etmiş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur.
Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənmişdir. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olaraq, 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi də olmuşdur.
1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə inməktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə ailə həyatı quraraq yaşadığı Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlmişdir. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləmişdir. 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləmişdir. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlamışdır və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiyası "Azərbaycan Bəstəkarların opera yaradıcılıqında qadın obrazlarının musiqili drammaturji həlli" adlanır.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə olduqca ciddi və səmərəli məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edir. Müğənni həmçinin dövlət konsertlərində, tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib. 1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildəvə 10 may 2019-cu ildəPrezident Mükafatına layiq görülüb.
2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına layıq görülüb.
Səsi – sopranodur.
Gülüstan Əliyeva həm məşhur sənətkar, həm ailəcanlı ana və həm də nənədir. Üçünü bir ömürə sığdırmaq necə mümkündürm?
G.Ə: İnsan nələrə qadir deyil ki? Nələri sığdırmır ki ömrünə? Ayrılıqları, həsrətləri, ölümləri, sevgiləri, vüsalları. Təbiidir ki, əgər bu dünyaya gəlmisənsə sənə verilən ömrü, məqamları dolu-dolu yaşamalısan. Bütün ömrümüz məqamlardan ibarətdir. Yaşlanmısansa, demək o xoşbəxtliyə çatmısan. Yaşa dolmaq özü bir səadətdir. O qədər insanlar gənc yaşlarında dünyadan vaxtsız gedirlər ki. Onlar bu həyatın gözəlliyini, həyatın dadını görmədən bu həyata vida edirlər. Amma yaşlanmaq, yaşlana bilmək, üstəlikdə də dəyərli yaşlanmaq, nənə olmaq, sevilən qadın, sevilən sənətkar olmaq bunlar hamısı insanın özünün bacardığı bir şeylərdi. Təki ölüm olmasın. Bir tək ölümə çarə yoxdu. Əlbəttə ki, bütün bunları və daha artığını ömrümə sığdırmağı bacarmışamsa nə xoş mənə.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
“Sol yanımda gül saklı” - Uğur Zafer
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Sol yanımda gül saklı”
Uğur Zafer
Beni bildin mi, anne?
İlk göz ağrın, çileli doğumun,
Sol yanının altında gül nişaneli oğlun-
Çakır gözlün, Uğur’un...
Nerede kerpiçten bir ev görsem,
Gaz lambası altında
Pirinç karyolaya sığındığımız,
Tek pencereli, bir gözlü odadan ibaret
O mahzun çocukluğum gelir aklıma...
Utanırım,
Utanırım yaşama ettiğim sözlerden,
Utanırım geçim derdinden,
Mutsuzluğa dair, fütursuz serzenişlerimden
Utanırım.
Sana bir çiçek gönderiyorum, anne,
O çiçeğin her yaprağında kalbim var.
En güzel yerinde gizle...
Tebessümünde güneş,
Hüznünde kış yaşarım,
Al beni sımsıcak bağrına,
Hırçın dalgalardan kolla, sakla koynunda ,
Saçlarımı okşa mübarek tarağınla...
Hep çocuk kalacağım senin nazarında,
Ellisine gelsem de büyümeden daima...
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
REDAKSİYANIN POÇTUNDAN – “Olanda” şeiri
“Ədəbiyyat və incəsənət” portalının poçtunda növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır, o “Olanda” adlı şeirini yollayıb.
OLANDA
"Daşın dibindən də göyərib çıxar
Çiçəyin toxumu dolu olanda."
Bəxtiyar Vahabzadə
"Daşın dibindən də göyərib çıxar
Çiçəyin toxumu dolu olanda."
Bütün müşküllərdən qurtulmaq olar
Elin ağsaqqalı ulu olanda.
Ey qafil, az axtar şanı, şöhrəti,
Ölümdür, itirsə kişi qeyrəti,
Nə dəyəri olar, nə də hörməti,
İnsan öz nəfsinin qulu olanda.
Yollar çox olsa da birin seçərsən,
İnansan bu yola, and da içərsən,
Zirvəni aşarsan, dağı keçərsən,
Yolun həqiqətin yolu olanda.
Halal yollarda da çoxdur əziyyət,
Onunçun bu yolu sevməz bədniyyət,
Coşqun, yaddaşlarda qalıb bu söhbət:
-Nökər bəy olammaz, pulu olanda.
20.09.2024.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
13 noyabr. Beynəlxalq gözdən əlillər günü
1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.
13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü
Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Bu gün COP29-un mədəniyyət proqramı çərçivəsində “REVİVAL” (Oyanış) təqdim ediləcək
Noyabrın 11-dən başlayraq noyabrın 22-dək ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün - noyabrın 13-də saat 19:00-da Heydər Əliyev Sarayında “Oyanış" adlı konsert proqramı gerçəkləşəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim edəcəyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyəcəklər.
Qeyd edək ki, “Oyanış” bəşəriyyətin təbiətlə münasibətini bərqərar edən və həyat üçün zəruri olan başlanğıc ünsürlərə təfəkkürlə baxmağa çağıran müqəddəs ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də şou suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə əlaqələndirən yenidən başlanğıc kimi düşülür. Çətin təkamül yollarında itmiş bəşəriyyət hər bir elementin mahiyyətində təbiətin bədii əsərini bizə göstərmək üçün uzaq zamanlardan gələn müəyyən kahinlərin müdrikliyi ilə ziyarət ediləcək. Bütün bunlarla birləşən kosmik yazışmaların dinamikası daxilində müqəddəs kişilik və qadınlıq dialektikası Xeyirə doğru kollektiv səy kimi həyatı yeniləyən bəşəriyyətin toxumasını toxuyacaq. Xalça saysız-hesabsız düyünlərin birləşməsinin nəticəsi olduğu kimi, biz də xalqlar arasında kollektiv iradənin məziyyətləri ilə əldə edilən birliyin gözəlliyini təsəvvür edirik. İnsan məhdudiyyətləri ilə çərçivələnən saf bir ruh kimi, onu gizlədən daşdan azad edilmiş Bakı Qülləsinin Qızcığazı bizə “insan olmağı” xatırladan o gözəlliyi, saflığı və kövrəkliyi ilə insanlığı ruhlandıracaq. Həqiqətən də, insan olmaq kövrəkliyimizi etiraf etməkdir, amma hələ də həyat səhnəsində olmaqdır. Amma həyat gözəllik kimidir; tanınmadıqca, qayğı göstərilmədikcə mövcud deyil. Axı gözəllik baxanın gözündədir. Bu səbəbdən rəqs şövqü və ruhlandırıcı bahar arzusunda, hər şeyi yeniləmək üçün bəşəriyyətə verilən yeni bir işığın müjdəçisi kimi əbədi məşəl alovlanacaq...
Ölkəmizdən və xaricdən incəsənət ustalarının iştirakı ilə hazırlanan şou-kompozisiyanı ərsəyə gətirənlər:
Turanın qızı - Cüsy Di Blasi
Atəş keşişi - Antonio Bonura
Kahinlər - Ancela Aucello, Grazia Montelione, Sabrina Puleo, Luçie Vendlovà
Qalanın Bakirə Qızı - Tatiana Foski, Afag Abbasova
Naməlum Şahzadə - Ramil Qasımov
Solo tar – İbrahim Babayev
Mugam solo – Fərqanə Qasımova
Mugam solo – Teyyub Aslanov
Balaban Solo – Anar Vəlizadə
Xoreoqrafiya – Nailə Məmmədzadə
İşığı rejissoru - Kristian Zukaro
Video Rəssam - Luka Attilii
İcraçı rəssam - Tehran Babayev
Səhnələr üzrə köməkçi - Roberto Tusa
Orkestr və xor
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri
Dirijor - Əyyub Guliyev
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru
Xormeyster - Sevil Haciyeva
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baleti
Rejissor, Dəstlər və Kostyumlar by Françesko Bondì
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Dünyada ikinci, Avropada birinci olan Zəngilanın çinar meşəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə də fərqlənir. Bu baxımdan ölkəmizin diqqəti cəlb edən bölgələrindən biri də Zəngilan yurdudur.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilan bölgəsi hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb edib. Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur. Mənbələr sübut edir ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Coğrafiyaşünas tədqiqatçı Oqtay Ələkbərov qeyd edir ki, çinar (Platanus) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr florasının yadigarı sayılır. Digər müəlliflər və coğrafiyaşünaslar qeyd edirlər ki, Zəngilan çinarı görkəminə, fiziki vəziyyətinə, nadir bioekoloji əlamətinə görə bənzərsizdir və onu Şərqin florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə Cənubun nəhəng ağacı adlandırırlar.
Bu fikirləri isə Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib: çinar meşəsi çox nadir yaşıllıq, füsunkarlıq mənbəyidir və Zəngilan bölgəsi üçün xüsusi, əvəzolunmaz gözəllik verirdi. Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. Çinar ağacının Azərbaycanda iki növünün mədəni mənşəli və yabanılaşmış növlərinin bitdiyi məlumdur. Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir. Bu çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, Cənubi Qafqazda geniş yayılıb. Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi - Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsi işğal etdilər.
Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən, Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq, 107 hektar təşkil edib. Hesablamalara görə, Azərbaycanda çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, Kanadanın rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi - Şərq çinarı meşəsi dünyanın ən böyük meşə zolağıdır.
Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarına əsaslanaraq belə bir nəticəyə gəlir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Alimlərimizin qeydlərinə görə, Şərq çinarları tez böyüyən, susuzluğa davamlı və uzunömürlü ağaclar sırasına daxildir. Çinarlar 200-300 ilə qədər yaşaya bilir. Çinar ağacı müxtəlif məqsədlər üçün istifadə baxımından da olduqca dəyərli hesab edilir. Onun materiallarından tikinti materialı kimi, parket, mebel istehsalında, gəmiqayırmada və həmçinin dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.
“Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edib. Tədqiqatçı, coğrafiyaşünas Oqtay Ələkbərov “Zəngilanın çinar meşəsi” yazısında bir sıra yerli və xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldiklərini qeyd edir. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər. Alimlərin fikrincə, çinarlar çay boyunca yayılmağa meyillidirlər. Görünür, Azərbaycanın flora-faunasından asılı olaraq ölkəmizin ərazisində çinar ağacları daha çox təbii yolla cücərib, bitir, böyüyür. Bu baxımdan Zəngilan rayonunda formalaşan, nəhəng bir görkəm alan və gözəlliyə çevrilən çinar meşəsi Zəngəzur silsiləsinin şərq yamaclarından başlayır və axan Bəsitçay boyunca 12-15 kilometr ərazidə yayılıb.
“Ermənistanın təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi, Zəngilan çinar meşəsi də mənfur qonşularımız tərəfindən vəhşicəsinə talan edilib.
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra ordumuz əks-hücum əməliyyatlarına başlayaraq Dağlıq Qarabağ bölgəsində bir sıra əraziləri, o cümlədən Zəngilan şəhərini, rayonun bir sıra kəndlərini, Mincivan və Ağbənd qəsəbələrini, o cümlədən çinar meşəsini erməni işğalından azad etdi. Əminik ki, işğaldan azad olunmuş ərazilərimiz dövlətimiz tərəfindən abad və dilbər guşələrə çevriləcək. Həmçinin çinar meşəsinin əvvəlki vəziyyəti, görkəmi, gözəlliyi, füsunkarlığı özünə qaytarılacaq və yenə də dünyanın diqqət mərkəzində olacaq”, - deyə professor İbrahim Zeynalov fikrini yekunlaşdırıb.
Biz də buna inanırıq!
“Ədəbiyyat və incəsənət”
(13.11.2024)
Efiopiya prezidenti “ASAN xidmət”də
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə,qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Efiopiya prezidenti “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və ölkəsinin dövlət qurumları ilə Dövlət Agentliyi arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib.
Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.
Xatırladaq ki, cari ilin 14 may tarixində Dövlət Agentliyi ilə Efiopiyanın Dövlət Xidmətləri Komissiyası arasında “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumun implementasiyası çərçivəsində işlər aparılır.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
Gənclər Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Hüquq və azadlıqlarımızın təminatçısı” adlı metodiki vəsait və “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın saytında yerləşdirilən https://ryl.az/funds/metodiki-vesaitler metodiki vəsaitdə rəsmi sənədlər, insan hüquq və azadlıqlarına dair sitatlar, mövzunu əhatə edən kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın Konstitusiya Gününə dair tərtib etdiyi virtual sərgilərin linkləri və ədəbiyyat siyahısı verilib.
Virtual sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlarla yanaşı, qanunvericilik toplusunun neçə bölmə, maddə və fəsildən ibarət olması da nəzərə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində olan fəaliyyəti haqqında da məlumat verilir.
Virtual kitab sərgisində “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Konstitusiya və hüququn əsasları”, “Konstitusiya hüququ”, “Azərbaycan Respublikası Konstitusiyasının şərhi” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://www.ryl.az/multimedia/konstitusiya-gunu https://ryl.az/funds/metodiki-vesaitler) yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
Bildiyiniz kimi, dünən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb.
Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində noyabrın 15-də saat 13:00-da mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək.
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri – ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksəksəviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.
Noyabrın 16-da saat 11:00-da COP29 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Yüksəksəviyyəli nümayəndələrin və aparıcı mütəxəssislərin iştirakı ilə reallaşacaq sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, inklüzivliyin artırılması kimi mövzular müzakirə olunacaq.
Eyni gündə saat 15:30-da Azərbaycanın “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçiriləcək. C4C təşəbbüsü mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkərək qlobal səviyyədə mənalı davranış dəyişikliklərinə ilham verməyi və mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində bu il ərzində bir çox tədbir təşkil edib. Parisdə, UNESCO qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” adlı xüsusi konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı və digər tədbirlər təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)