Super User

Super User

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (DotunPopoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı fərdi sərgisinin açılışı olub.

 

AzərTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

 

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti dünyada çox məşhurlaşıb. Bildirilib ki, Heydər Əliyev Mərkəzində Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci ilin oktyabrınadək Mərkəzdə təqdim olunacaq. “Əminəm ki, Heydər Əliyev Mərkəzinə gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”, - deyə Anar Ələkbərov qeyd edib.

 

Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırıb ki, bu sərgi Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur. O, Mərkəzdə açılan sərgilərdə fəal təmsil olunduqlarına görə iştirakçılara təşəkkürünü bildirib.

 

Heydər Əliyev Mərkəzində belə bir sərginin açılmasından məmnunluğunu ifadə edən nigeriyalı heykəltaraş Dotun Popula sərgidə heykəltaraşlıq nümunələrinin və digər əsərlərinin nümayiş olunduğunu söyləyib.

 

“Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim heykəllər sosial şəbəkələr üçün platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin transformasiyada katalizator rolu oynadığını, sosial-mədəni landşaftın öyrənilməsi üçün bir alət olduğunu, yenidənqurmada vasitəçiyə çevrildiyini, ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”, - deyə heykəltaraş bildirib.

 

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində və parkında sərgilənən eksponatlara baxıblar.

 

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və “Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri daxil olmaqla, ümumilikdə 120-dən çox əsər təqdim olunur.

 

Qeyd edək ki, Dotun Populanın sayca 7-ci fərdi sərgisi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edərək ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə edilən materiallardır. Müəllifin sözlərinə görə, sərgilərdə hər bir şəxsin incəsənət üçün bağışladığı töhfəni görməsi bu əsərlərə daha da cəlbedicilik qatır.

 

Dotun Populanın bədii təqdimatında insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış duyulur. Müəllifin yaratdığı əsərlər tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan bir alqışdır.

 

Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın“Dubay Ekspo 2020” sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Çərşənbə axşamı, 10 Dekabr 2024 16:09

“O, heç vaxt gəlməyəcək...” - Asif Mərzilinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Asif Mərzilinin hekayəsi təqdim edilir.

 

..Müharibə təzə başlamışdı. Ordumuz Füzuli istiqamətində bir neçə kəndi və əsas yüksəkliklərdən birini düşməndən azad etmişdi. Cəbhədən hər gün döyüş xəbərləri gəlirdi...

 

*

Yurdlarımız ermənilər tərəfindən işğal ediləndə Nərgiz də, həyat yoldaşı Nadir də hələ orta məktəbdə oxuyurdular. İndi onlar ailə sahibi idilər. Və Nadirin həmişə ən böyük arzusu ermənilərlə üz-üzə döyüşmək idi. O, müharibə başlayan kimi də döyüşə yollanan ilk könüllülərdən olmuşdu. O peşəkar snayperçi idi, hərbi xidmət illərində yaxşı təcrübə qazanmışdı. Müharibəyə gedəndə isə, Nərgizə bərk-bərk tapşırmışdı ki, uşaqları soruşsa, desin ki, guya Bakıda tikintidə işləməyə gedib, tezliklə qayıdacaq.

 

*

Artıq on gün olardı, cəbhədə ağır döyüşlər gedirdi. Tez-tez telefonla danışardılar, amma son üç gündə Nadirlə danışa bilməmişdi. Telefonu söndürülmüşdü. İki dəfə Hərbi Komissarlığa zəng vurmuşdu, amma demişdilər ki, Nadirgilin kəşfiyyat bölməsi Xocavənd istiqamətində döyüşür, o ərazilərdə isə telefon tutmur. Amma Nadirlə eyni gün döyüşə getmiş qonşu İlhamın atası isə demişdi ki, onlar bir yerdədirlər. Hətta bir dəfə də mühasirəyə düşdükləri xəbəri gəlmişdi. Amma hələ ki heç bir dəqiq məlumat yox idi.

 

*

...Nərgiz qürurlu qadın idi, istənilən çətinliyə sinə gərməyi bacarırdı. Amma Nadirsiz belə bir gərgin günlərə heç uyğunlaşa bilmirdi. Həm də Nadirdən ürək açmayan xəbərlər vardı deyə, özünə yer tapa bilmirdi. Çünki iki məktəbli qız övladlarını dərsə göndərmək, onları hazırlığa yola salmaq, qarşılamaq... Bunlar tək qadın üçün çox çətin idi. Hərdən də müharibənin getdiyini düşündükcə, özünə təsəlli verərək, birtəhər uyğunlaşmağa çalışırdı.

*

Səhər erkən darvaza döyüldü. Nərgizin qulağı səsdə idi, Nadirdən xəbər gözləyirdi deyə, hər qapı tıqqıldayanda ürəyi az qala yerə düşəcək halda olurdu. Dərhal darvazaya tərəf qaçdı. Yaşadıqları indiki evi Bakıya köçəndən sonra, təzəlikcə almışdılar.

Qapını açdı, rayonun Qaz İdarəsindən bir mühəndis idi. Mühəndisin əlindəki siyahıya baxdı, sonra:

- Eşidirəm, sizə kim lazımdır? - deyə soruşdu.

Cavan oğlan əlindəki qaz borcu siyahısına baxa-baxa: - Bacı, yoldaşınız evdədir? - deyə xəbər aldı.

- Yox, nə lazımdır?

- Bilirsiz, qaz xətləri təzələnir, danışmaq lazımdır... Mən bu iş üzrə mühəndisəm. Nə vaxt evdə olacaq?

Nərgiz ani olaraq duruxdu, qəhər onu boğdu, birtəhər özünü ələ aldı, "Müharibədədir, ondan xəbər yoxdur...", - deməyə dili gəlmədi. Sadəcə, bunu, nədənsə, özünə sığışdırmadı:

- Ezamiyyətdədir, dəqiq bilmirəm, nə vaxt gələcək...

- Gələn həftə gələr?

- O müqəddəs torpaq haqqı, dəqiq bilmirəm... Telefon nömrənizi qoyun, gələndə özü sizə zəng edər...

Oğlan nəsə fikirləşib Nərgizdən bir də soruşdu:

- Bəlkə onun telefon nömrəsini verəsiniz, özüm zəng edim?...

Nərgiz, deyəsən, çətin sual qarşısında qalmışdı. Dərindən ah çəkib oğlanın üzünə baxdı.

- Buyurun, zəng edin: 055455....

Mühəndis zəng vurdu, amma telefon bağlı idi.

- Xanım, telefonu bağlıdır...

- Dedim axı, siz telefon nömrənizi qoyun, o özü sizə zəng vurar.

Oğlan öz nömrəsini kağıza yazıb verərək: - Adım Rəsuldur, - deyərək əlavə etdi: - Xahiş edirəm, əlaqə yaradan kimi deyin, təcili zəng etsin. Biz mənzilə baxış keçirməliyik, qaz xətləri yoxlanılmalıdır...

- Narahat olmayın, çatdıraram...

Artıq iki həftə idi ki, mühəndis, hərdən də qaz işçiləri qapını döyürdülər, lakin Nərgiz nə deyəcəyini bilmədiyindən qapını açmırdı. Nadirdən isə heç bir xəbər yox idi... Küçədə isə qaz idarəsinin işçiləri qazıntı işlərini yekunlaşdırıb üstünü asfaltlamışdılar. Qonşu evlərə də qaz çəkilişi başa çatmışdı. Nərgizgil bu həyətə müharibə başlayan ərəfədə köçdüklərindən mənzillərinə gələcək təzə qaz xətti çəkilişi yarımçıq qalmışdı. Bir az da qaz borcu yığılmışdı. Müharibədə olan həyat yoldaşının isə, nə öldüsü bilinirdi, nə də qaldısı. Ona görə də o, uşaqları qonşuya tapşıraraq iki gündən bir Horadizdəki hospitala getməli olurdu...

 

*

Bir aya yaxın vaxt ötürdü. Müharibədən ardıcıl olaraq qələbə xəbərləri gəlirdi. Nərgiz artıq bir az rahat idi, çünki daha qapını döyən yox idi.

Elə bu barədə ürəyində götür-qoy etmişdi ki, birdən darvaza döyüldü. Bu qapıdöymə mühəndisinkinə oxşamırdı. Kim idisə, əlindəki dəmir parçası ilə darvazanın həyət qapısını var gücü ilə döyürdü.

Dərhal darvazaya tərəf qaçdı, qapıya yaxınlaşıb açanda qonşuları Həsən müəllimi gördü:

- Qızım, siz evdə olmamısınız, nəzarətçilər gəlibmiş, bu məktubu bizə veriblər...

- Nə məktubdu, Həsən dayı?

- Üstünə baxdım, məhkəmədəndir...

- Məhkəmədən?

Nərgiz ani olaraq duruxdu, axı onların məhkəməlik nə işi ola bilərdi?! Dərhal zərfi açdı. Həqiqətən də, məhkəmədən idi.

Nərgiz Həsən müəllimə təşəkkür edib evə qaçdı. Zərfin içində məhkəməyə çağırış vərəqi, bir də iddia ərizəsi var idi. Qaz İdarəsi iddia qaldırıb ki, mənzil sahibi qəsdən layihənin icrasına mane olduğundan barəsində 2 min manat təzminat ödəməsi təmin edilsin...

 

*

...Nərgiz məhkəmənin çağırışına iki dəfə getmədi, zəng edib məhkəmə katibinə səbəbi barədə məlumat vermişdi. Düşünürdü ki, bəlkə Nadirdən xəbər çıxar, məhkəməyə də özü gedər.

Nəhayət, katibin sonuncu israrlı zəngi onu məhkəməyə baş çəkməyə məcbur etdi.

 

*

Məhkəmə katibi tərəflərdən kimlərin gəlib-gəlmədiyini yoxladı. Hər iki tərəf gəlmişdi. Hakim zala daxil oldu. Katib uca səslə "Qalxın, məhkəmə gəlir!" - deyəndə hamı ayağa qalxdı, hakim amiranə səslə "Əyləşin!" deyib zala göz gəzdirdi. Sonra iclası açıq elan etdi:

- Bu gün açıq məhkəmə iclasında iddiaçı olan Qaz İdarəsinin vətəndaş Nadir Həsənova qarşı mülki iddiasına baxılır. Vətəndaş Həsənova, həyat yoldaşınız çağırışdan yayınır, idarənin işini yubadır. Siz niyə dövlət idarəsinin rəsmi nümayəndəsinə qapını açmırsınız? Yəqin iddia ərizəsini oxumusunuz?

- Bəli, möhtərəm hakim, oxumuşam...

- Mühəndis neçə dəfə sizə xəbərdarlıq edib ki, bu dövlət layihəsidir, icra müddəti var, mənzilə baxış keçirilməlidir. Hətta siz mənzil sahibi, yəni mülkiyyətçi olan həyat yoldaşınızın işlək telefon nömrəsini belə ona verməmisiniz.

-Yox, vermişəm...

Hakim zala göz gəzdirdi:

- İddiaçının nümayəndəsi kimdir?

- Mənəm, möhtərəm hakim, mühəndis. Xanım doğru demir, əvvəl bir nömrə verdi, zəng etdim, bağlı idi, sonra dəfələrlə mənzillərinə özüm, işçilərimiz baş çəkib, içəridən səs gəlib, amma qapını qəsdən açan olmayıb. Mənzilin 200 manat qaz borcu var, görünür, onu ödəməmək üçün qəsdən qapını üzümüzə bağlayırlar. Dəfələrlə xahiş etmişik, yoldaşı da gizlənir, üzə çıxmır...

Nərgiz susub dillənmirdi.

Hakim cavabdehə səsləndi:

- Xanım, axı bu qanunsuzluqdur. Siz dövlət layihəsinin icrasına mane olmaqda günahlandırılırsınız. Özünüzü təqsirkar bilirsinizmi?

Nərgiz əvvəlcə mühəndisə, sonra hakimə baxdı. Nə deyəcəyini bilmirdi. Hakim isə ondan bəzi suallara cavab tələb edirdi. Qızlarını məktəbə yola salmaq üçün özü ilə götürmüşdü deyə, onların yanında açıb danışa bilmirdi ki, axı Nadir müharibədədir... Onu isə həyat yoldaşının yerini gizlətməkdə ittiham edirdilər. "Bir Allah bilir ki, Nadir müharibəyə gedib, sağ olmasından əlimizi də üzmüşük", - deyə ani olaraq öz-özünə düşündü. Ürəyindən qara qanlar axırdı, amma hələ ki, dözürdü, qürurunu sındırmırdı...

Birdən mobil telefonuna Müdafiə Nazirliyindən mesaj gəldi. O, bir ay idi həyat yoldaşından xəbər gözləyirdi. Nadirlə birgə olan döyüşçülərin Qubadlı istiqamətində şəhid olduğunu demişdilər, amma həmin bölgədə şiddətli döyüşlər getdiyindən Nadirlə bağlı dəqiq məlumat yox idi. Amma bu dəfə məlumat rəsmən təsdiqlənmişdi: həyat yoldaşı qəhrəmancasına şəhid olmuşdu. Telefonuna Müdafiə Nazirliyindən gələn mesajda belə yazılmışdı.

Mühəndisin sərt səsi Nərgizə telefondakı mesajı diqqətlə oxumasına imkan vermədi:

Mühəndis:

- Möhtərəm hakim, görürsünüz, vətəndaş məhkəmə iclasını da vecinə almır, telefonla qurdalanır, bu məhkəməyə hörmətsizlikdir...

Hakim Nərgizin əlindəki telefona baxdı, qadının əlləri əsirdi.

- Xanım, siz məhkəmə iclası gedə-gedə telefonla məşğul olursunuz! Bu da iddiaçını qəzəbləndirir... Axı...

Nərgiz yanağından süzülən göz yaşını silərək mühəndisə baxdı. Hakim tutulmuşdu. O göz yaşını gizlətməyə çalışan Nərgizi ayağa qaldırdı:

- Xanım, ağlamaqla iş bitmir, günahınız odur ki, siz hələ də evin mülkiyyətçisinin, yəni həyat yoldaşınızın yerini demirsiniz. Hətta o, məhkəmə iclasına da gəlmir. Bəlkə başqa nömrəsi var, gizlətməyin, deyin. Artıq üçüncü iclasdır, iki dəfədir bizə söz verirsiz ki, iclası təxirə salaq, yoldaşınız özü gələcək, amma o gəlmir. Bu gün də gəlmədi. Mən artıq qərarımı elan edəcəyəm...

Hakim qarşısındakı sənədlərə bir də diqqət kəsilərək: - Məhkəməyə sözünüz varmı? - deyib Nərgizə tərəf baxdı.

Nərgiz qara kəlağayısını əlinə alaraq baxışlarını ona zilləmiş körpə qızlarının başını sığalladı, amma yenə də hakimə heç nə deyə bilmədi. Nitqi tutulmuşdu. O istəmirdi ki, qızları atalarının şəhid olduğunu bu zalda eşitsinlər...

Hakim bir də soruşdu:

- Xanım, söz verirsinizmi ki, əriniz növbəti məhkəmə iclasına gələcək?

Nərgiz başını qaldırıb mühəndisin yerindən dediyi atmacasına əvvəlcə cavab vermək istədi, amma fikrindən daşındı... Hakim bir də soruşdu:

- Xanım, sonuncu dəfə soruşuram: həyat yoldaşınızın növbəti iclasa gələcəyinə dair öhdəlik götürə bilərsinizmi?

Nərgiz düşünmədən: - Yox, cənab hakim! - deyərək, qəzəb dolu baxışlarla mühəndisi süzdü.

Mühəndis əsəbindən bilmirdi neyləsin, tez ayağa qalxdı:

- Möhtərəm hakim, görürsünüzmü, qəti şəkildə deyir ki, yox... Xahiş edirəm, qərarınızı elan edin, bizim vacib işlərimiz var.

Hakim pərt olubmuş kimi təkrarən sual verməli oldu:

- Xanım, çox maraqlıdır, yoldaşınız niyə məhkəmə iclasına gəlmək istəmir? Siz də qəti şəkildə deyirsiniz ki, o, məhkəmə iclasına gəlməyəcək. Elə isə biz onun məhkəməyə məcburi gətirdilməsi barədə qərar verməli olacağıq.

Nərgiz duruxdu, özündə deyildi. Əlindəki telefona, bir də telefondakı mesaja baxıb sərt formada dedi:

- Möhtərəm hakim, siz onu məhkəməyə məcburi gətirdə bilməyəcəksiniz...

Hakim özündən çıxdı:

- Vətəndaş, siz nə danışdığınızın fərqindəsinizmi???

Nərgiz özündə güc toplayıb bütün vücudu ilə qışqırmaq istədi, amma bunu etməyi yenə də özünə rəva bilmədi: "Axı necə ola bilər ki, bütün qəsəbə Nadirin müharibədə döyüşdüyünü bilir, amma Qaz İdarəsinin işçiləri bundan xəbərsizdir?" kimi düşüncələrlə qızlarının ona zillənmiş məsum və həyəcan dolu gözlərinə baxdı, hər ikisini qucaqlayıb sinəsinə sıxdı. Sonra yerindən durub sakit addımlarla hakimə yaxınlaşdı, düz qarşısında dayandı...

Zalda növbəti iclasa gəlmiş xeyli adam var idi. Ətrafa lal bir sükut çökmüşdü. Nərgiz astaca, təmkinlə, sakit səslə: - Möhtərəm hakim, - dedi, - Bir daha bildirirəm, qoy hörmətli mühəndis də bilsin, həyat yoldaşım Nadir bu məhkəmə iclasına heç bir vaxt gələ bilməyəcək! Çünki o, bu gün Şuşa uğrunda gedən qanlı döyüşdə şəhid olub!!! Bu da indicə Müdafiə Nazirliyindən telefonuma gələn mesaj. Oxuya bilərsiniz...

Nərgiz kəlağayısını əlində bükmələdi, sonra qızlarının əlindən tutub yeyin addımlarla məhkəmə zalını tərk etdi...

 

*

Hamı donub qalmışdı. Hakim ayağa qalxdı, dərindən ah çəkib hüznlü addımlarla müşavirə otağına getdi, bir neçə dəqiqədən sonra zala daxil oldu. Hamı ayaq üstə idi. Hakim qərarını elan etdi:

- Məhkəmə qərara aldı: 1.İddia təmin edilməsin. 2.Vətəndaşın Qaz İdarəsinə olan 200 manat borcu idarənin büdcəsindən ödənilsin! 3.Bir il ərzində ailənin qaz təminatı idarənin daxili vəsaiti hesabına həyata keçirilsin...

Hakim qərarını elan edəndən sonra nəmli gözlərini sildi, sonra zalda hələ də ayaq üstə donub qalmış adamlara baxdı. Hamı hüznlü baxışlarını ona zilləmişdi...

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 4-6 dekabr tarixində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MDB ölkələrinin Uşaq və Gənclər Kitabının II Beynəlxalq Forumu”nda iştirak ediblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 

Rusiya Dövlət Uşaq Kitabxanasının 55 illik yubileyi çərçivəsində təşkil edilən forumda Çin Xalq Respublikasının, Rusiya Federasiyasının, Belorusiya, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikalarının aparıcı kitabxana mütəxəssisləri iştirak edirdi. Forum çərçivəsində Rusiya Federasiyasının mədəniyyət, elm, təhsil sahəsinin rəsmi nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə uşaq və gənclərin mütaliəyə cəlb olunması məsələləri, bu sahədə aparılan maarifləndirici layihə və təcrübələr, gələcək yerli və beynəlxalq əməkdaşlıqlar müzakirə edilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova forumda  “Müasir zamanda uşaq və gənclərin mütaliəyə cəlb olunması üçün tətbiq edilən yeni üsullar” adlı məruzə ilə çıxış edib. Respublika Gənclər Kitabxanasının iş təcrübəsinə əsaslanan məruzədə kitabxananın yaranma tarixi, fond tərkibi, fəaliyyəti, kitabxanada həyata keçirələn layihələr haqqında ətraflı məlumat verilib. Kitabxananın rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətləri, virtual ünsiyyət vasitələri, kitabların elektron formata keçirilməsi, sosial şəbəkələrdə aparılan kitab və mütaliə təbliğatı, kitabxanada təşkil edilən tədbirlər, oxu saatları, ustad dərsləri, ekskursiya və müəllif görüşlərindən bəhs edilib. Günay Həsənova çıxışında müasir dövrdə geniş vüsət almış sosial şəbəkələrdən, telefon və digər elektron vasitələrdən asılılıq fonunda kitabxanalarda  ənənəvi xidmətlər ilə yanaşı elektron xidmətlərin göstərilməsi zəruriyyətini vurğulayıb, Gənclər Kitabxanasında uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlər – kurs və təlimlər, kitab müzakirələri haqqında danışıb.   Azərbaycan nümayəndə heyəti forum çərçivəsində Avrasiyanın Kitabxanalar Assambleyası tədbirlərində, “Puşkin və Çaykovski: dünya mədəniyyətinin iki dahisi” adlı yaradıcı görüşdə, “Ədəbiyyat dili. Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq”, “Uşaq mütaliəsinin könüllülərinin beynəlxalq forumu: MDB ölkələrində fəaliyyət göstərən könüllü təşkilatlar tərəfindən uşaqların mütaliəyə cəlb olunması üçün nəzərdə tutulan ən yaxşı təhsil layihələrinin təqdimatları” adlı müzakirələrdə, “Ədəbiyyat: keçmiş və müasir zaman” adlı müsahibədə və digər plenar sessiyalarda  iştirak edərək, ölkəmizdə sözügedən mövzularda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.  

Forumun sonuncu günü iştirakçılar üçün Rusiya Dövlət Uşaq Kitabxansına ekskursiya təşkil edilib, xatirə şəkli çəkilib.  

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi “Qardaşlıq və tarix: Çanaqqala görüşü” layihəsi çərçivəsində Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Disasorla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İğdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyinin, İğdır Azərbaycan Evinin, İğdır Valiliyinin təşkilatçılığı, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən 5-ə kimi Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 14 şagirdi iğdırlı məktəblilərlə birlikdə Çanaqqala şəhərində bir neçə proqrama qatılıb. Orada yerləşən Troya antik şəhərini, “Çimenlik” qalasını, Şəhidlər xiyabanlarını, 1915-ci il Çanaqqala döyüşlərində şəhid olan Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və digər yerləri ziyarət ediblər.

Məktəblilər əvvəlcə İğdır Azərbaycan Evində olublar. İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Azərbaycan Evinin 2021-ci ildə rəsmi açılış mərasiminin keçirilməsi ilə fəaliyyətə başladığını qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşəbbüsü ilə yaradılan İğdır Azərbaycan Evində Türkiyə və Azərbaycanın milli və dövlət bayramlarının, əlamətdar günlərinin qeyd olunduğunu, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şərqi Anadoluda etnik azərbaycanlıların milli özünəməxsusluğunu qoruyub saxlaması istiqamətində bir çox mədəni və digər məzmunlu tədbirlərin keçirildiyini vurğulayıb.

“18 mart 1915-ci ildə Çanaqqala döyüşündə türk, müsəlman və vətən uğrunda canından keçən 253 min mehmetçiklə bərabər 3 mindən çox Azərbaycan əsgəri şəhid olub. Bu savaşda azərbaycanlıların duyğu və mənəvi bütövlüyü həmrəylik ruhu baxımından son dərəcə əhəmiyyətlidir” - deyə Ziya Zakir Acar qeyd edib.

Qeyd edək ki, layihə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi tədbirləri çərçivəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

“Ədəbiyyat və incəsənət”də bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə bu dəfə mən çatdırıram.

 

Ümumdünya futbol günü

Uşaqlıqdan futbol dəlisi olan, müxtəlif futbol bölmələrinə yazılan, “Sevinc” respublika və “Dəri top” ümumittifaq futbol yarışmalarında iştirak edən, oyunlarda iki dəfə qolunu, qabırğasını sındıran, dizindən menisk zədəsi alan, günü bu gün də azarkeşliyini davam etdirən və futbol oynayan biri kimi özümü və milonlarla futbol azarkeşini təbrik edirəm. Bu bayramı təqvimlərə BMT daxil edib, futbolun kütləviliyinə, adi oyun deyil, bir həyat tərzinə çevrilməsinə dəyər verib. Yeri gəlmişkən, “ayaqla top qovmaq oyunu” barədə ilk məlumat Çin mənbələrindədir, eradan əvvəlin ikinci minilliyinə aiddir. Qədim Roma və Yunanıstanda da 2500 il bundan əvvəl futbolabənzər oyun oynayırmışlar. Yunanlarda bu oyun “top uğrunda döyüş” adlanırmış. Növbəti xatırlatma 8-ci əsrdə İngiltərədə yaşayan saksonlarla bağlıdır, onlar döyüş zamanı öldürdükləri düşmənlərin başlarını kəsib vəhşi bir “top-top” oyunu oynayırmışlar.

Bu gün bütün dünya futbol oynayır, dünya futbolu inkişaf edir, çiçəklənir, daha sürətli, daha baxımlı, daha möcüzəvi xarakter alır. Nə yazıq ki, bu inkişafa biz azərbaycanlılar millimizin öz evində Allahın qələbəyəhəsrət cırtdan, əbədi autsayder yığmalarına belə yenilmə statusu ilə tamaşa edirik. Güclülər dəstəsində hətta Bakının bir yarımrayonu olan Farer kimi multicırtdan ölkələrdəkindən də az sayda komandası olan, uşaq, əyalət və məhəllə futbolu tamamilə darmadağın edilən, kimlərinsə koppupsiya və talama mənbəyinə, milyonlarla futbolsevər üçünsə gözdağına çevrilən futbolumuz, günün mübarək!

 

Nobel günü

Nobel Prizes Day – 1,1 milyon ABŞ dollarına bərabər olan Nobel mükafatının Stokholm şəhərində təqdimedilməsi mərasiminin şərəfinədir. Fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilən bu mükafatları İsveç Kralı rəsmi təntənəli mərasimdə şəxsən təqdim edir. 10 dekabr tarixi Alfred Nobelin 1896-cı ilin həmin günündə San-Remoda dünyadan köçməsi münasibəti ilə seçilib. İlk dəfə bu mükafat 1901-ci ilin 10 dekabrında təqdim olunub. Unutmayaq, Alfred Nobel böyük varidatını Bakı neftinin hesabına qazanıb, amma azərbaycanlılar bu mükafata həsrətdirlər.

 

İnsan haqları günü

Bu haqda danışmağa sözüm yoxdur deyə keçirəm növbəti mövzuya.

 

Şairlərimizin doğum günü

Bu gün iki Azərbaycan şairinin də doğum günüdür. Biri 1924-cü ildə Xırdalanda, əslən xızılı Ələkbər kişinin ailəsində dünyaya gəlmiş Azərbaycan SSR Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, xüsusən həmyerliləri olan xızılıların, habelə “Canlanır hər qarış çöl Sumqayıtda” şeiri ilə sumqayıtlıların sevimlisinə çevrilmiş Nəbi Xəzridir, digəri isə müasirimiz, AYB katibi, orijinal şeirləri ilə yanaşı dünya ədəbiyyatından dəyərli tərcümələri ilə də seçilən, 1972-ci ildə dünyaya göz açmış Səlim Babullaoğludur. Nəbi Xəzriyə Allahdan rəhmət, Səlim Babullaoğluya isə uzun ömür və cansağlığı arzulayırıq.

 

Banişevski rüzgarı

Və bir də, bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günüdür. 1946-ci ilin 23 fevralında Bakıda dünyaya gələn, 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edən Banişevski futbol tariximizdə Ələkbər Məmmədovla birgə ən şərəfli səhifənin müəllifidir. Bilirsinizmi nəyi xatırladım? Mən balaca idim, Sumqayıtda yaşayırdıq, Banişevskini hansısa səbəbdən “Nefçi”dən kənarlaşdırmışdılar, o, futbolsuz qalıb xeyli çəki yığmışdı, bir gün atam məni özü ilə Mehdi Hüseynzadə stadionuna apardı ki, Banişevski və Bruxti Sumqayıtın “Xəzər” klubunda oynayacaqlar. Mən sonralar “Santyaqo Bernabeu”da, “Lujniki”də, “Ali Sami Yen”də, daha haralarda derbilər, finallar izləmişəm, amma ogünkü izdihamı bir də heç yerdə görə bilməmişəm. Stadionda insanlar bir-birinin içinə girmişdilər, ətraf binaların evləri, damları, stadionun hasarları, ağacların üstü – hər yer tamaşaçılarla dolu idi, bəlkə də yüz min insan var idi.

Həmin mövsüm Banişevski Sumqayıtda bir dövrə oynadı, ona baxmağa bütün Azərbaycan axışırdı, üstəlik, Dağıstandan, Krasnodar və Rostov vilayətlərindən, Gürcüstandan azarkeşlər onun oyunundan həzz almağa gələrdilər. O bir futbol sehirbazı idi, formasını itirmişdisə də yenə də möcüzələr törədir, əlinə top keçdimi, qol vururdu. Autsayder olan “Xəzər” ənənəvi olaraq 2-3 top yeyirdi hər oyunda. Banişevski isə hər oyunda 3-4 top vurub “Xəzər”i təkbaşına qələbələrə aparırdı. Bax belə bir xatirə.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

 

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bazar günü hələ dan yeri ağarmamış diktator deyim, ya zor gücü ilə hakimiyyəti əldə saxlayan deyim, Suriya Prezidenti Bəşər Əsədin 54 illik hakimiyyəti dramatik şəkildə süquta uğradı. Çünki ölkə döyüş meydanına çevrilən dağıdıcı vətəndaş müharibəsi nəticəsində parçalandı. 

 

12 günlük ildırımsürətli hücumda Heyət Təhrir Əl-Şamın rəhbərlik etdiyi üsyançı qruplar Hələbdən paytaxt Dəməşqə doğru irəliləyərkən Suriya ordusunun heç bir müqavimətinə rast gəlmədi. Tarix şahiddir ki, Əsəd rejiminin bütün qurbanları zülmə baş qaldıranlar və qaçqınlardır. Bu rejim dünyaya sübut etdi ki, hətta ən qəddar rejim belə çökə bilər. Bu üsyan risklə qeyri-müəyyənliyin üz-üzə qaldığı an idi. Bu həmçinin dözümlü Suriya xalqının öz gələcəyini qurmaq üçün tarixi fürsətdir. Suriya xalqı indi öz yaralarını sarıb-sağaltmaqla məşğuldur. 

İlk dəfədir ki, nə Rusiya, nə də İran Suriyadakı bu mənfi rejimi müdafiə edə bilmədi. Və beləliklə Əsəd prezidentlikdən istefa edərək ölkəni tərk etdi. O öz həzin sonunu İranın xarici işlər naziri ilə görüşündən sonra şəhərə doğru irəliləyən üsyançıları əzəcəyinə söz verərkən gətirdi. İslamçı üsyançılar isə, bəlkə də, bu sözə görə 13 ildən çox davam edən avtokratik hakimiyyətin iliyini kəsdi. İndi Əsədin sadiq dəstəkçisi Moskva Suriyadakı iki strateji əhəmiyyətli bazası ilə öz imicini xilas etməyə çalışır. Rusiya Latakiyada aviabazaya və Tartusda hərbi dəniz obyektinə malikdir. 

Artıq Suriyadakı dünyanın ən qədim şəhərində, sivilizasiyanın mərkəzlərindən biri olan Dəməşqdə bütün insanların azadlığını elan edən bəyanat oxundu. İndi rejim həbsxanalarında haqsız yerə həbs edilənlər azad Suriya dövlətinin mülkünü yağmalayır. 

Xatırladaq ki, Əsəd ailəsi Suriyanı 1970-ci ildən dövlət təhlükəsizliyi qüvvələri vasitəsilə ələ keçirib. 2011-ci ildə suriyalıların xalq üsyanına qalxması 300.000-dən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsi ilə nəticələndi. Dövlətin gücünü xalqa qarşı yönəltdi. Mülki əhaliyə divan tutdu. Onlara qarşı hava hücumu və kimyəvi silahdan istifadə etdi. Rusiya və İranın müdaxiləsi Əsədə vətəndaş qarşıdurmasından sağ çıxmağa və parçalanmış dövlətə sahib olma fürsətini bir az daha artırdı.  

 

“Yeni Suriya” vəd edənlər

 

Silahlı üsyançılar əhaliyə yeni üfüqlər vəd etdi. Artıq Suriyada 54 illik Əsəd hakimiyyəti başa çatdı. Dinamik Suriya ordusu müəyyən mənada zəifləyib öz külündən doğdu. Silahlı qüvvələrdən qalanlar rejimi körüklədi. Ordulara başçılıq edən sünni məzhəbçilərini İran və Livan Hizbullahı Əsəddən sonra İranın maraqlarını qorumaq üçün bu üsyana keçidi dəstəkləyərək şiə milisləri və rejim qalıqlarını yaxınlaşmağa təşviq edəcək. 

Ümid edirik ki, 54 illik əsarətdən sonra Suriya həqiqi mənada öz müstəqilliyini hiss edər, azad nəfəs alar və daşıdığı bu qədim mədəniyyətin və dövlətin adını nüfuzlu şəkildə qoruyub saxlayar. Ümidlər nə qədər bu dediklərimizlə tərs mütənasiblik təşkil etsə də, biz inanmağa ümidliyik. 

Dövləti yağmalamaqla, qarət etməklə abad etmək olmaz. Dövləti millət ayaqda tutmaq üçün əbədi qorumalı, göz bəbəyi kimi saxlamaldır. Yoxsa, nəticə etibarilə, Əsədlər gedəcək Həbiblər gələcək hakimiyyətə. Daha 50 il sonra yenə vətəndaş müharibəsi olacaq və yüzilliklər boyu bütün zərbələr dövlətin sinəsinə tuşlanacaq!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Çərşənbə axşamı, 10 Dekabr 2024 15:11

POETİK QİRAƏTdə Əlizadə Nurinin “Gizlənib” şeiri ilə

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. 

 

Bu yağan qarın içində,

Bir az yağış gizlənib.

Hər dərdimin xalısında

Neçə naxış gizlənib.

 

-deyə şair yenə də dünyanın tərs işlərindən şikayətçidir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

Gizlənib

 

Bu yağan qarın içində,

Bir az yağış gizlənib.

Hər dərdimin xalısında

Neçə naxış gizlənib.

 

O kimdi dayanıb tində?

Kimdən kömək umur, kimdən?

Ümidinin döş cibində

Qəpik- quruş gizlənib.

 

Bu payız boz havasında,

Bu şair söz havasında...

Üşüyən quş yuvasında

Bir körpə quş gizlənib...

 

“Ədəbiyyat və incəsənət”

(10.12. 2024)

Çərşənbə axşamı, 10 Dekabr 2024 15:35

Abdal Qasım, katib və eşşək

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Abdal Qasım Azərbaycan xalq yaradıcılığında hazırcavablıq hiyləgərlik, uzaqgörənlik və bacarıqları kimi xüsusiyyətləri ilə tanınan bir obrazdır. Onunla bağlı olan gülməcələr və lətifələr xalqın gündəlik həyatında rast gəlinən situasiyalara ironik və hikmətli yanaşmaları ilə seçilir.

 

Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır.

Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. O, kitabında qeyd edir ki, Ağdamın Abdal kəndindən olan Abdal Qasım qonaqpərvər, səxavətli, hazırcavab, hiyləgər və qoçaq bir adam idi. Daha sonra mətndə xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir-Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə qonşuluqda yerləşir. Deyilənə görə, Qasım kişi uşaqlıqdan ermənilərlə yaxınlıq et​di​yinə görə erməni dilini mükəmməl bilirmiş. Bu dildə danışanda ermənilərin özləri belə onun nə milləti olduğunu seçə bilmirdilər. Rəvayətdə daha sonra de​yi​lir: "Abdal Qasım həmişə erməniləri ələ salar, onlara kələk gələrmiş. Ermənilər onun əlindən dad-aman çəkirmişlər”.

 

Abdal Qasımın adı ilə bağlı olan lətifələr:

 

"Toyuq əhvalatı", "Naxırın aparılması", "Mərci uduzduq", "Mat qalmışam", "Bir də eləmərəm", "Ayı və qorodovoy", "İki adam", "Cahangir xan", "Kasıb oğlu"…

 

Bir dəfə Abdal Qasım eşşəyi yükləyib kəndə doğru gedirmiş. Raykom katibi də Abdal-Gülablıya gedirmiş. Katib sürücüyə deyir ki, gəl Abdal Qasıma sataşaq.

Maşın eşşəyə çatanda sürücü aynanı endirib soruşur ki, ay eşşək, bu yol Abdal kəndinə gedir?

Abdal Qasım hazırcavablıqla deyir:

-Qağa, bu eşşək də sizin kimi buralara nabaləddir. 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Çərşənbə axşamı, 10 Dekabr 2024 14:04

Yazarlar 2024-cü ili necə uğurlayırlar? - I yazı

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 Hər il ömrümüzdən təbəssümlə keçir.  Həmin ildə nəyi itirdiyimizi, nəyi qazandığımızı haqq-hesab edirikmi? Kim “Yox” cavabı versə, inanmayın.  Və də, inciməyin. O “Yox” ən birinci elə onu söyləyənin özünü aldatmağı üçün dilə gəlir.  

Hər ilin dekabrında qəmli şeirlər oxuyuram. Və hər ilin dekabrında bir daha anlayıram ki, insan itirdiyinə ağladığı kimi ağlaya bilir qazandığına. İlin sonuncu ayında xəyalən qurulan cümlələrin əvvəlinə bu kəlmələr yaraşdırılır: “Eybi yox...”, “Gələn il, yəqin...”   Hə, heç kimin  keçən ilin dekabrında tutduğu “gələn ilin planı” tam mənasilə yekunlaşmayıb yenə də... 

Hə, hamımızın özümüzlə gələn ilə daşıdığımız arzularımız, planlarımız var.  Və onların ikisinə də çiyin verən ümidlərimizdir. 

Mənimçün 2024-cü ilin yadda qalan ədəbi hadisələri İSİM və “Ulduz” jurnalının birgə təşkil etdiyi müsabiqədə qalib olmağım,  YAZŞADER-in hekayə  və şeir yarışmasında hekayəmin I yeri qazanmağı, yazar dostum Şahanə Müşfiqlə birgə qələmə aldığımız  “Qələmli və qələmsiz: Rəşad Məcid portreti” kitabının işıq üzü görməyi, bir də “Azalyalı nağıllar” kitabının I hissəsini bitirməyim oldu (hazırda çap prosesindədir). 

Neçə ildir xəyalımda dolanan  duyğuları yazmağa da bu il başladım- “Afayət muzeyi” romanımın I bölümünü bitirmişəm. 

Təbii, əziz oxucu, sənə açmadığım sirlərim də var. Bundan incimə... Gələn ilə saxladıqlarım gözümü doldurur. Həm də, sevinirəm. Yeni ilə başlamaq səbəbidir keçən ildən qalanlar...  Nə gözəldir  öz-özünə yaşamaq səbəbi yaratmaq!  Dəyərli yazıçımız Varisin “Qızıl cib saatı” romanında bir fikir var:  elə an gəlir ki, insan doğmalarının xətrinə yaşayır... Öz xətrimizə yaşaya biliriksə, xoşbəxtik!  Öz xətrimizəmi? Yarımçıq yazılarımız elə “mən” deyilmi?  Hələ romanımı bitirməliyəm! Gələn il... 

 

Bəs Azərbaycan ədəbiyyatının  bu gününü öz düşüncələriylə, yazılarıyla var edən ədəbiyyat adamları 2024-cü ili necə yola salır? Onlar nə qazandı, nə itirdi? İlin sonuncu ayında hansı xatirələrin qoynunda ümidlərə doğru yelkən açıb düşüncə gəmiləri?  Birlikdə oxuyaq, əziz oxucu!  

 

ƏKBƏR QOŞALI

Ən birinci döydüyüm düşüncə qapısı ərkim çatan qapı oldu-Ustad Əkbər Qoşalıya üz tutdum. Beynəlxalq “Alaş” Ədəbiyyat ödülü laureatı,  Dünya Gənc Türk Yazarlar Birliyini (hazırkı başqanı İntiqam Yaşar) ədəbiyyata, bu birlik vasitəsilə də  neçə-neçə yaradıcı gənci ədəbiyyata qazandıran Ustad yol üstdə olan ili belə dəyərləndirdi: 

 

“2024-cü il bizimçün bir çox əməli çalışma sahəsi və kateqoriya üzrə, o cümlədən yaradıcılıq baxımından özünəməxsus bir il sayıla bilər. Birincisi, ilin və işin rəsmi, beynəlxalq səciyyəsini vurğulayaq: 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya naminə Həmrəylik İli olacağını, 2024-cü ildə Azərbaycanda COP29 beynəlxalq tədbiri keçiləcəyini daha öncədən bilirdik. Həmçinin, onu da bilirdik ki, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il boyunca İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacaq. Beləliklə, 2024-cü ili - necə deyərlər, öncədən Yaşıl İl kimi təsəvvür edirdik, təsdiq edirdik, görürdük. Və nəzərə alsaq ki, poeziya, sənət, ümumən yaradıcılıq həm də yaşıl rənglə üzvi bağlılığa malikdir,yaxud yaradıcılığı yaşıl rənglə daha yaxşı şəkilləndirmək olar - o zaman 2024-cü ilin “mətn-mündəlicə”si, gündəliyi də öncədən müəyyənləşmişdi.

Bəli, yaşılı yaradılışın rəngi kimi götürə bilərik, ən əziz milli, xəlqi bayramımızın təvafüq etdiyi yaz fəslinin rəngi kimi götürə bilərik. Dağlarda buzların əriməsi, çayların coşması, buludların öz köynəyini daha tez-tez sıxması, qar çiçəyinin qara inad boy göstərməsi və s.Bunlar bizi yaradıcılığa səsləmirmi? - Zatən, adından da göründüyü kimi, qar çiçəyi bir tərəfdən zərifliyi, bir tərəfdən də inadı, əzmi ifadə edir…

...Fəsil fəsilliyində, il illiyində olsun, bu təqvim ili içində Nabranda və Şabranda qısamüddətli yaradıcılıq ezamiyyətində oldum, dincərlik hüququndan yararlandım və hər ikisində bir xeyli yeni şeirlər yazmış oldum. Nabran da, Şabran da şen olsun, mövzuların önündə yenə Turan gəlirdi, deyə bilərəm. 

2024-cü il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ilk təqvim iliydi ki, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş şəkildə qarşılayırdıq. Dövlət başçısının növbədənkənar seçkisi bu il oldu və Müzəffər Ali Baş Komandan öz səsvermə hüququnu Xankəndidə həyata keçirdi.

Ayrıca, Qazaxın dörd kəndində üçrəngli bayrağımızın yenidən ucalması kimi qürurlu hadisə də da bu il baş verdi. Əlbəttə, bütün bunlar yaradıcılıqda, düşünən insanların, aydınların dünyasında, o cümlədən qələm-kağız qardaşlığında öz təcəllasını tapmalı idi, tapır və yenə də tapacaq…

Bu il içində bir sıra ölkələrə poeziya festivallarına, simpozium, sərgi və  konfranslara çağırıldım, onlardan bir bölümünə qatılmaq fürsətim oldu. Qardaş Türkiyədə-Ankara, Əskişəhir, İstanbul və Elazığda köhnə dostlarla görüşmək, təzə dostlar qazanmaq, onlarla fikir alış-verişində bulunmaq, kitablaşmaq çox xoş idi. Əlbəttə, Bakı, Şuşa, Laçın, Sumqayıt şəhərləri öndə olmaqla, öz ölkəmizdə də önəmli mədəni tədbirlərə qatıldığımızı, çıxış etdiyimizi, kitablaşdığımızı deməliyəm. 

Bu il Dünya Gənc Türk Yazarlar Birliyinin dövlət qeydiyyatına alınmasının 25-ci ildönümü Bakı və Ankarada önəmli tədbirlərlə, Türk dünyasının çeşidli bölgələrindən yaradıcı insanların qatılımı ilə qutlandı.

Neçə dostun kitabına ön söz yazdım, redaktor oldum, rəy verdim, tanıtımında söz söylədim - bunlar da önəmlidir mənimçün. Bu il mənim yaxından iştirakım və dostum-qardaşım, Xalq şairi Rkail Zəydullanın təşkilatçılığı ilə “Azərbaycan hekayələri” antologiyası Kazanda tatarca çıxdı. Başqa görkəmli tatar şairi Lenar Şeyxin “Qələmli dünya” adlı tərcümələr kitabı mənim şeirlərimlə başladı… Tatar qardaşlarımın nəcib diqqəti mənimçün bir başqa özəllikdə anlam daşıyır - çox sağ olsunlar!

Bu il, Qazaxıstanın görkəmli akını Devletkerey Kəpoğlunun, Udmurtiyanın Xalq yazıçısı Vyaçeslav Ar-Serginin kitablarını çıxardıq; qazax şairi Sayat Kamşıger və tatar şairi Lenar Şeyxin kitabları üzərində son tamamlama aşamasındayıq.

Onu da vurğulayaq ki, təqvim illəri özlüyündə şərtidir, amma şeirin-sənətin yuvası, ev-eşiyi olan könlün ritmi, qəlbin atışı, ürəyin vuruşu şərtilikdən uzaqdır… Şeirin yaranması üçün gərək il ilə, gün günə sığmasın… Sığmır, sığdırtmırıq və yazırıqsa, nə mutlu bizə!

Daha gözəl yarınların vicdanına salam və eşq olsun!Bu sözlərlə bir təqvim ilini tam əhatə etdiyimi deyə bilmərəm, amma olsun - qalanını da sonra deyərik…”

 

Sözünüzə söz qatmaq ərkimi xoş görün, Ustad! Amma deməliyəm... Deməliyəm ki,  yazar ömründə bir il bir nəfəs kimidir elə... “Şam işığı əyilməz” deyirlər ha, şair könlü elə o şam işığıdır.  Üzü kainata yanır, yanır... Ürəyiniz var olsun! Gələn il də Əkbər Qoşalı imzalı şeirlər, Ustad sözləri gözləyirik! 

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

 HƏR GÜN 3 YARPAQ - “Ədəbiyyat və incəsənət” portalı bir neçə gün ardıcıl  Təranə Dəmirin şeirlərini sizlərə təqdim edəcək. Əminik ki, onları bəyənəcəksiniz. 

 

Bu baxış o baxış  deyil

 

Dərə  keçdim, dağ  dolaşdım,

Əlim, üzüm ağ  dolaşdım,

Özümlə  küsdüm, barışdım,

Bu barış  o barış  deyil.

 

Məni  saldılar  həvəsdən,

Yoruldum, düşdüm nəfəsdən, 

Çırpındım ömür qəfəsdə,

Bu naxış  o naxış deyil.

 

Topladım, çıxdım zamanı,

Dağıtdım, yığdım zamanı,

Yüyürdüm çıxdım zamanı,

Bu yoxuş o yoxuş deyil.

 

Saçlarım dəndən asıldı,

Ürəyim qəmdən asıldı,

Gözlərim nəmdən asıldı,

Bu yağış o yağış deyil.

 

İsinmədim od baxışda,

Ovunmadım  yad  baxışda,

İlahi, məni  bağışla,

Bu baxış o baxış  deyil.

 

 

Bir az gec tanıdım səni, bağışla.

 

Mən günəş  tərəfdən baxırdım  sənə,

Sən  demə nə boyda  sazağın varmış.

Elə vurulmuşdum azadlığına,

Bilməzdim eşq  adlı yasağın varmış,

Bir az gec  tanıdım səni, bağışla.

 

Əlim əllərində  donanda bildim,

Ürəyim  sevgidən  sınanda  bildim,

Neyləyim , naşıydım , son anda  bildim,

Bir az gec tanıdım səni, bağışla.

 

Mən  eşqə  tutundum, sən sözə  qaçdın,

Mən qəlbdən yapışdım, sən gözə qaçdın,

Mən  sükutla sevdim, sən səsə qaçdın,

Bir  az gec tanıdım  səni, bağışla.

 

Sevgiylə  həvəsi dəyişik saldım,

Zülmətlə işığı qarışıq saldım,

Mən səni çözdükcə dolaşıq  saldım,

Bir az gec  tanıdım səni, bağışla.

 

Min sual  bir cavab  etmədi, neynim,

Bir  qəlb  ikimizə  yetmədi, neynim,

Bu sevgi  könlünə yatmadı, neynim,

Bir az gec  tanıdım səni, bağışla.

 

 

Göyün üzündən yıxılan ağac

 

Gözlərimin  qabağında

Can verdi ərik ağacı.

Bu  həyətin, bu bacanın,

Bu evin  çörək ağacı.

 

Bu ağac  öz torpağından,

Daşından quruyub getdi.

Şaxtasından, sazağından,

Qışından quruyub getdi.

 

Yıxildı öz ocağından,

Külündən yıxıldı ağac.

Yarpağından, budağından,

Gülündən yıxıldı ağac.

 

Heç kimin əli gəlmədi, 

Özü özündən yıxıldı.

Yerin dibində bitmişdi, 

Göyün üzündən yıxıldı.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.