Super User

Super User

Çərşənbə axşamı, 17 Avqust 2021 10:34

Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün - avqustun 17-də zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü tamam olur.
Onun həyat tarixçəsi olduqla zəngin və maraqlıdır. On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb.
Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.
Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsil sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.
Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

Çərşənbə axşamı, 17 Avqust 2021 10:05

"Missis Rusiya - 2021" müsabiqəsinin qalibləri elan edildi

 

Daha çox siyasi müstəvidə beynəlxalq qalmaqallarla, o cümlədən bizim Qarabağla bağlı xoşagəlməz olaylarla adı çəkilən Rusiyada ötən gün ölkənin ən gözəl xanımını seçdilər, bununla ölkənin mədəni həyatı da öz axarında getdiyini gündəmə gətirmiş oldu. Belə ki, Moskvada "Mir" konsernində “Missis Rusiya 2021” gözəllik müsabiqəsi başa çatdı, qaliblər elan edildilər. “Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən məlumat verir ki, "Missis Rusiya - 2021" müsabiqəsinin mütləq qalibi Kuzbassdan olan biznes-ledi, restorator Anna Filippova oldu. Globe 2021 nominasiyasında isə qalibiyyət Samaradan biznes-ledi, ekoloq Reliya Belozerovaya qismət oldu. O, Çində keçiriləcək Mrs.Globe müsabiqəsində Rusiyanı təmsil edəcək. 

 

İkinci yeri və Rusiyanın Birinci vitse-xanımı titulunu Adıgey Respublikasından Zara Tlehusej qazandı. Adıgeylər – müsəlmandırlar, biləsiniz, Şimali Qafqazda yaşayırlar. Rusiyanın ikinci vitse-xanımı adı və üçüncü yer isə Rostov vilayətindən Kire Volkovaya qismət oldu.

 

Layihənin təşkilatçısı - "Qadınlar planeti" Fondu 20 ildən artıqdır ki, "Missis Moskva", "Missis Rusiya", "Planetin kraliçası" müsabiqələrini keçirir və "Missis Yer kürəsi", “Mrs Globe” Beynəlxalq müsabiqələrinin rəsmi nümayəndəsidir.

 

"Missis Rusiya" müsabiqəsi 45 ildən sonra "Klassik" (45+ ) nominasiyasında da qalib elan etdi, ölkəni bu kateqoriyada beynəlxalq aləmdə təmsil etmək hüququnu Gəlincik şəhərindən 47 yaşlı gözəl Marina Kiselyeva əldə elədi.

 

Mükafatları bir neçə başqa nominasiyada da təqdim etdilər:" Missis Foto"," Missis Tamaşaçı simpatiyası", "Qadınlar planetinin gözəli", "Missis internet Rusiya", "Missis stil", "Missis cazibədarlıq", "Missis təbəssüm", "İlin istedadı", "Musiqi kraliçası", "Missis Sibir".

 

Müsabiqənin münsiflər heyətinin üzvləri arasında "Qadınlar planeti" Fondunun prezidenti Alla Markina, 2020-ci il Yer kürəsi missisi titulunu qazanmış Kseniya Krivko, akademik Aleksandr Savelov-Deryabin, müğənni Natalya Qulkina və şou-bizneslə idmanın bir neçə ulduzları var idi. Münsiflər heyətinə aktyor və prodüsser Sergey Svetlakov rəhbərlik edirdi. Müsabiqənin qala gecəsinin aparıcısı Anton Lirnik idi.

 

"Missis Rusiya" müsabiqəsi 2000-ci ildən "Qadınlar planeti" Fondu tərəfindən keçirilir, onun qalibləri müxtəlif vaxtlarda Olqa Şestakova, Yevgeniya Akulenok, Yevgeniya Kondratyeva, Natalya Aleksentseva, Alisa Krılova, Anna Qorojaya, Kristina Belenkaya, Darya İvanova olmuşlar. Qaliblərə tacla yanaşı tərəfdaşlar və sponsorlar tərəfindən mükafatlar və hədiyyələr də verilir. Müsabiqədən bir il sonra onlar sosial, xeyriyyə və mədəni layihələrdə iştirak edirlər.

 

Müsabiqənin qaliblərinin fotolarını təqdim edirik. Onlar yanaşı dayanıblar. Soldakı Reliya Belozyorova, sağdakı Anna Filippovadır.

 

Əlbəttə ki, Jirinovski kimi üzdəniraq siyasətçilər Rusiyaya üzqaralığı gətirsələr də gözəl qızlar başucalığı gətirirlər.

 

 

 



 

 

 

 

17 avqusta ilk animasiya filminin ildönümü, Robert de Nironun və Stanislavskinin doğum günləri təsadüf edir

 

 

 

Varisin “11-20 avqustun təqvimi” yazısından fraqmentlər

 

 

 

17 avqust. Beynəlxalq Qara Pişik Günü

 

Maraqlı bir gündür. Qara pişik əlamətlərə görə uğur gətirmir, onunla rastlaşan insanın işləri dolaşığa düşür. Amma pişiksevərlər bu günü təqvimə salmaqla mifləri alt-üst etmək, pişiklərin faydasını qulaqlara sırqa kimi asmaq fikrinə düşüblər. Ayrıca, məhz qara pişiklərə ehtiram və qayğı göstərmək üçün onların təbirincə, bu gün hər kəs qara pişikləri yemləməli, tumarlamalı, çimizdirməlidir. Öz aramızdır, hər günü qeyd etməyə borcumuz yoxdur ki. Qara pişiklər, tək səbirlər, nəhslər və bu sayaq digər nəsnələri dədədən-babadan sınaya-sınaya gəlməmişikmi?

 

17 avqust. Yəhudilərin böyük təhdidi günü

 

Xolokost barədə çox şey bilirik. Amma bilmirik ki, faşizm hakimiyyətə gəldikdən sonra Almaniyada  yaşayan yəhudilər daha nə kimi təhdidlərlə üzləşiblər. Bu təhdidlərdən biri 1938-ci ilin bu gününə düşüb. Üçüncü reyx qərar verib ki, növbəti 1939-cu ildən bütün yəhudilərin pasportlarına ucdantutma qırmızı J hərfi əks olunmuş ştamp vurulsun, J – yəni jude, alman yəhudisi. Amma bu hələ hamısı deyil. Yəhudilərə qarşı ifrat hüquqpozma aktı da həyata keçirilib həmin gün. Bütün yəhudilərin adlarının dəyişdirilməsi, qadın yəhudilərin ucdantutma Sara, kişilərin isə İsrael adı almaları, sonradan doğulanların da yalnız bu adları daşımaları rəsmiləşdirilib. Bir xalqın nümayəndələrini ikinci sort insanlara çevirmək üçün düşünülən bu addım yəhudi xalqının tarixinin ən acı səhifələrindən biri hesab olunur.

 

17 avqust. İlk animasiya filminin ildönümü, Robert de Nironun doğum günü

 

Həmin animasiya filmi fransız rəssam-karikaturaçı Emil Kolyanın “Fantasmaqoriya” filmidir, tarix isə uzaq 1908-ci ildir. Bu gün həm də çox sevdiyimiz italyan aktyor Robert de Nironun doğum günüdür. 1943-cü ildə doğulan ünlü sənətkar özünün 78 yaşını qeyd edəcək. Yəqin ki, qırmızı şərabla və gözəl madmazellərlə birgə. Şəxsən mənim iki bəyəndiyim aktyordan biridir Robert de Niro. “Bir dəfə Amerikada” filmini dəfələrlə izlədikcə hər dəfəsində onun aktyorluq məharətinin yeni bir cizgisi, ştrixi yaddaşıma hopub. Təbriklər, Robert.

 

Bu gün tək kino yox, teatr xadimləri üçün də əlamətdardır, dünya teatr sənətində öz yeri olan, Azərbaycan teatrında məktəbi bu gün də qalan rəhmətlik (xaçpərəstlərə də rəhmət düşür) Konstantin Stanislavskinin (1938) doğum günüdür.

 

 

 

Bildiyiniz kimi, bu il dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə sayca 19-cu “Junior Eurovision-2021” mahnı müsabiqəsi keçiriləcək. Şüarı “Imagine!”- (yəqin ki, stajlı musiqisevərlər musiqi əfsanəsi Con Lennonun eyni adlı mahnısını xatırladılar) olan mahnı müsabiqəsinin ( imagine  dilimizə “təsəvvür et” kimi tərcümə olunur) Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır. Bəs niyə imagine? Çünki ötənilki müsabiqəni Fransa təmsilçisi Valentina məhz “J’imagine” mahnısı ilə qazanmışdı.
Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Ukrayna, Makedoniya, Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar. Son siyasi hadisələrə etiraz əlaməti olaraq Belorusun yarışmada iştirakına icazə verilməmişdir.
Xəbər verdik ki, Azərbaycanı bu mötəbər yarışmada Sona Əzizova təmsil edəcək. Azərbaycan Portuqaliyadan sonra ikinci ölkədir ki, iştirakçısı indidən müəyyənləşib. Yeri gəlmişkən, Portuqaliya təmsilçisi Simau Oliveyra adlı yeniyetmə qızcığazdır.
İctimai Televiziyanın (İTV) Mətbuat katibi Aynurə Asimqızının məlumatına görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə Sona Əzizova ikinci yerdə qərarlaşmışdı.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Son iki yarışmaya ölkəmiz qatılmayıb. Mütəxəssislər bu dəfə ölkəmizin daha öncül mövqedə qərarlaşacağına ümid edirlər.
Sona Əzizovanın vokal xüsusiyyətləri  bunu deməyə əsas verir.
“Junour Eurovizion 2021” yarışmasının icraçı supervayzeri Martin Osredald, icraçı prodüsseri Aleksandr Redde-Amieldir, tədbirin əsas teleyayımçısı FTV - France Televisions telekanalıdır.
Uğurlar, Azərbaycan!


Şair Əkbər Qoşalı yeni yazdığı “Əziz Şuşa” şeirini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir.

Əkbər QOŞALI

ƏZİZ ŞUŞA

(Şuşa uğrunda döyüşmüş Vətən oğullarının adına bağışlayıram)

Ayağımız toxunub,
Nəfəsimiz dəyincə
Torpağına gül-çiçək,
Göyünə quş qayıdan,
Kor olan bulağına
Dirilib su qayıdan
Canımın canı şəhər!

Mənim qədim ölkəmin
Hər şəhəri əzizdir.
Şəhərlər inciməsin,
ancaq bu söz elə bil,
Sənin üçün yaranıb,
sənin üçün biçilib:
Əziz Şuşa!
Əziz Şuşa!
Demirəm,
            biz səni
            ana kimi,
            bala kimi sevirik,
Çəmənində göy ota,
göy üzündə buluda,
quşa kimi sevirik;
Əziz Şuşa,
biz səni
Şuşa kimi sevirik!

Hər yerdə ağ bulud var,
Göyüzünün quşları -
Quş varsa, qanadı var;
Su çoxdur, torpaq çoxdur,
Hər yerdə Şuşa yoxdur...

Əziz Şuşa,
keçmişdən sual vermirsən, sağ ol,
Əziz Şuşa, sən bizi qınamırsan,
çox sağ ol! -
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin,
Biz səndə olmasaq da,
Can Şuşa, sən bizdəydin!

Canımın canı şəhər,
insanlar bir şəhərə
           necə aşiq olurlar? –        
necə tərif eyləyim.
Sevgi "niyə"siz olur,
Sevgi "necə"siz olur,
O "niyə"siz, "necə"siz
sevgilərdi and oldu,
inama qanad oldu
O and, o inam idi
Oldu - yolumuz oldu,
“Dərələrdən sel kimi,
təpələrdən yel kimi”
bizi sənə, bizi sənə gətirdi.

Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa –
Alnımızdan başladı.
Yollar sənə gətirdi;
Yollar səndə qurtarmır –
Zəngəzurun,
Göyçənin,
İrəvanın yolları
səndən görünür, Şuşa!
əlini qəlbimə qoy,
gör bir necə döyünür...

Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
AzərTAC-ın Qahirə müxbiri xəbər verir ki, telekanalın redaktoru Fatima Əbdül Qadirin aparıcısı olduğu verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Aparıcı Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Nizami Gəncəvi məşhur “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanasında dahi şairin büstü qoyulub.
Verilişdə diqqətə çatdırılıb ki, gündən-günə qüdrətlənən Azərbaycan ötən il öz torpaqlarının işğaldan azad olunması uğrunda Ermənistana qarşı müharibədə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib.
Süjetdə Azərbaycanın paytaxtı Bakı, ölkəmizin füsunkar təbiət mənzərələri və tarixi abidələrimiz nümayiş etdirilib. Misirli tamaşaçılara məlumat verilib ki, İslam ölkəsi olan Azərbaycan elm, mədəniyyət, təhsil sahələrində böyük uğurlar qazanıb, həmçinin qüdrətli iqtisadiyyata malikdir.
Verilişin qonaqları olan Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov və EPS dillər mərkəzinin rəhbəri İsra Adil diqqətə çatdırıblar ki, diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfrans, habelə EPS dillər mərkəzi ilə birlikdə geniş tədbir keçirilib. Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. Artıq Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər. Sonuncu tədbirdə misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşa da təqdim ediblər.

 

Varisin “11-20 avqustun təqvimi” yazısından fraqmentlər

 

 

 

Gözəllik kişiyə yox, qadına xas xüsusiyyətdir, kişiyə ağıl və güc yetər. Amma qərara alınıb ki, 16 avqustda – ildə ən azı bir gün mütləq  kişilər özlərinə baxsınlar, çekap müayinə, bərbər, masaj, hətta manikür, pedikür və digər prosedurlar bu gün kişiləri yaraşıqlı göstərməyə hesablanacaq.

 

Yəqin ki, Xalid Hüseyninin “Çərpələng uçuran” romanını çoxunuz oxumusunuz. Bax bu gün çərpələnguçurma günüdür. Kimin əlinə keçsə, bir çərpələng alıb uçursun, əlinə keçməsə Xalid Hüseyninin sözügedən romanını oxusun, o da alınmasa ürəyində arzu tutub uca eyvandan küləkli səmaya bir kağız parçası buraxsın, sansın ki, bu da onun çərpələngidir. Adətən çərpələng rəngbərəng olur, ancaq ağ kağız parçası buraxmaq eyib etməz. Adətən çərpələng havada qalır, pərvazlanır. Dərhal yerə enəcək kağız bu dəfə də utanc gətirməməlidir. Yekrənglik, pərvazlana bilməmək taleyinə yazılıbsa neynəyə bilərsən ki? Və bir də, qəti əminsən ki, bütün arzular onsuz da buxovlanıb.

 

Bu gün hollandlar Ürək günü qeyd edirlər, fransızlar şokolad günü, qarınqulu amerikalılar bir yandan rom, bir yandan brtavurst, yəni qızarmaq üçün nəzərdə tutulan sosiska gününü qeyd edirlər, italyanlar Palio, yəni atsürmə bayramı keçirirlər. Yaponlara bir bax, Daymondci festivalı keçirirlər, bu festivalda ölülərin ruhları gəlib dirilərə qonaq olur.

 

Qocalmaz Madonna 1985-ci ilin bu günündə Şon Pennə ərə gedib, yəqin ki, bu gün toyunun ildönümünü qeyd edəcək. Bundan əlavə, 1958-ci ilin bu günündə o həm də dünyaya gəlib, demək, bu gün onunçün ikiqat bayramdır. 1976-ci ilin bu günündə Sovetlər dönəminin ən kult filmi – Eldar Ryazanovun “ Taleyin hökmü, yaxud həmişə təmizlikdə” ilk dəfə ekrana çıxıb. Bu həmin o filmdir ki, hər il dekabrın 31-də televiziya ilə nümayiş edilərdi. Bu gün başqa bir filmin də premyerası baş tutub, 1925-ci ildə Çarli Çaplinin “Qızıl hərarət” filmi ekranlara çıxaraq bütün dünyada ən böyük mədəniyyət hadisəsi sayılıb.

 

16 avqust Madonnadan başqa ünlü Amerika rejissoru Ceyms Kameronun, Amerika caz pianoçusu Bill Evansın, alman filosofu Vilhelm Vundtun da doğum günüdür, rok-n-rollun kralı ünlü Elvis Preslinin isə vəfatı günüdür.

 

 

Azərbaycanda ədəbiyyat üzrə ən maraqlı və davamlı kitab seriyalarından olan “AYB kitab” bu günlərdə yeni nəşrini təqdim etdi.  Türk ədəbiyyatının ən maraqlı, yenilikçi imzalarından olan İmdat Avşarın "Göyərçin sevdası".
Bu, İmdat Afşarın "Anamın saatları"ndan sonra Azərbaycan türkcəsində işıq üzü görən ikinci kitabıdır.
İmdat Avşarın türk milli düşüncəsinə, çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır. Onun orijinal yazı tərzi, qeyri-adi ifadə forması, bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji-fəlsəfi dərinlik və mövzu rəngarəngliyi  dərhal sezilməkdədir.  Yazar "Süsənləri solan bozqır" (2009), "Soyuq röya" (2012), "Göyərçin sevdası"(2021) kitabları ilə Türk dünyasında böyük oxucu auditoriyasının rəğbətini və sevgisini qazanmışdır.
Onu da qeyd edək ki, "Göyərçin sevdası" Türkiyədə 2 ay kimi qısa zaman kəsiyində 3 dəfə nəşr olunub. Yazarın ikinci vətəni olan Azərbaycanda  bu kitabının da "Anamın saatları" kimi maraq və sevgiylə qarşılanacağına ürəkdən inanırıq.
“Ədəbiyyat və incəsənət” portalı dəyərli İmdat Afşarı, habelə “AYB kitab” layihəsinin rəhbəri
Xəyal Rzanı “Göyərçin sevdası” münasibəti ilə təbrik edir.

 

 

Birinci onluq

 

 

 

Həyatda uğur qazanmaq üçün kitabların, mütaliənin böyük rolu var. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuyur. Belə faydalı kitabların bir çox reytinqləri müəyyənləşdirilib. Yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadə bu cür reytinqlərin əsasında mütləq bir reytinq hazırlamışdır, ən çox qeyd edilən kitabları iki onluqda sıralamışdır. “Ədəbiyyat və incəsənət” portalı sizə bu reytinqlərdən birincisini təqdim edir. Burada biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablar yer alır.

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var. Əlbəttə ki, burada ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunulacaq. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəaları göstəriləcək, tezisləri qabardılacaq. Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

 

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir. Bilmirik, başqa ölkələrdə necədir, amma bizim Azərbaycanda motivasiya spikeri söylənəndə ilk öncə ağıla Deyl Karnegi gəlir. Motivasiya kitabı söylənəndə isə ağıla onun «Dostları necə qazanmalı və  insanlara necə nüfuz etməli» kitabı gəlir. İlk dəfə 1937-ci ildə dərc edilən və dərhal da populyarlaşan bu kitabı, əminik ki, dünyanın əksər digər dövlətlərində də motivasiya ədəbiyyatının klassikası hesab edərək sevirlər. Dahi liderlərin və biznesmenlərin həyatlarından olan real hadisələr kitabı olduqca maraqlı və faydalı edib.

 

Həmin 1937-ci ildə haqqında ayrıca danışacağımız daha bir motivasiya şedevri – Napoleon Hillin «Düşün və varlan» kitabı da işıq üzü görüb. Bu kitabdan bir qədər öncə, 1926-cı ildə Amerikada motivasiya ədəbiyyatının pionerlərindən olan «Vavilonda ən varlı adam» kitabı işıq üzü görmüşdü. Corc S.Kleysonun bu kitabı çoxları üçün şəxsi maliyyənin idarə edilməsi işində əsas bələdçiyə çevrilmişdi. Motivasiya ədəbiyyatı adlı janrın banisi isə, şübhəsiz, Britaniya yazıçısı Ceyms Allendir. XIX əsrdə – 1864-cü ildə İngiltərənin Lester şəhərində günyaya gəlmiş Ceyms Allen bütün həyatı boyu nə şan-şöhrət, nə də var-dövlət qazana bilmişdir. Bununla belə, bu şəxs yüz illərdir ki, insanlara öz əsərləriylə şan-şöhrət və var-dövlət qazanmağın sirlərini öyrətməkdədir. Onun 1902-ci ildə yazdığı «Düşünən insan» adlı əsəri isə tarixin ilk motivasiya kitabı kimi tanınır. İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından seçilmiş 10-luğa nəzər yetirək:

 

 

 

Uğur yolunu göstərən kitablar

 

Birinci Top 10

 

1.      Henri Ford «Mənim həyatım, mənim nailiyyətlərim»

 

2.      Riçard Brenson. «Çılpaq biznes».

 

3.      Riçar Brenson «Hər şey cəhənnəmə, giriş və elə!»

 

4.      Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

 

5.      Ayn Rend «Atlant çiyinlərini düzəltdi».

 

6.      Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək».

 

7.      Qay Kavasaki «Startap».

 

8.      Napoleon Hill «Düşün və varlan».

 

9.      Ceyms Allen «Düşünən insan».

 

10.  Stiven Kovi. «Yüksək effektli insanların yeddi vərdişi».

 

 

 

1.      Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

 

Bu kitab az qala bütün dünyanı dolaşıb. Bir çox dillərə tərcümə olunub, çoxmilyonlu tirajlarla çıxsa da kitab mağazalarının rəflərindən dərhal qeyb olub. Kitaba bu cür öldürücü maraq heç də uğurlu reklam hay-küyündən doğmayıb, onun məzmununun doğrudan da faydalı olmasından şərtlənib. Burada dünya biznes tarixinə möhürünü vurmuş əfsanəvi şəxsin, avtomobillər kralı Henri Fordun həyatı, yaradıcılığı, milyardlar gətirən biznesinin praktik yolu göstərilir. Henri Ford kitabında biznesin idarə edilməsi işinə öz baxışını, ideyalarını, menecment teoriyasını, ümumən iqtisadiyyat barədə bilgilərini bölüşür. Maraqlısı budur ki, XX əsrin əvvəllərinə aid olan biznesin «Ford nəzəriyyəsi» yüz il keçməsinə baxmayaraq hələ də çox aktualdır, bu gün dünyada minlərlə kompaniya Fordun ideyaları əsasında fəaliyyət göstərməkdədir.

 

Henri Ford dillər əzbəri olan aforizmlərin də müəllifidir. Onlardan bəziləri şüurlara əbədi həkk olunub.

 

 - Əgər mən insanlardan onların nə istədiklərini soruşsaydım, onlar belə cavab verərdilər: «daha sürətli olan atı!»

 

 - İnsan o vaxt ölür ki, dəyişilməsi dayanır. Dəfn isə sadəcə formallıqdır.

 

 - Uğursuzluqlar qorxu, rahatlıqaxtarma, məsuliyyətsizliklər səbəbindən baş verir. Qorxunu dəf etmək özünəinam yaradır!

 

 - Əgər sən odunu öz təşəbbüsünlə doğrasan, onda bu odun səni iki dəfə qızdıracaq.

 

 - Ən yaxşı dost bizə qəlbimizdəki ən yaxşı cəhətləri üzə çıxarmağa kömək eləyəndir.

 

 - Keyfiyyət – hətta heç kim baxmadıqda belə nəyisə düzgün etməkdir.

 

 - Pullu olmaq vacibdir, amma unutmayın ki, pulun məqsədi onu kefə-damağa sərf etmək deyil, onun faydalı xidmət üçün artırılmasıdır. Mənimçün həyatda kef-damaq qədər iyrənc şey yoxdur. Bizim heç birimizin ixtiyarı yoxdur ki, həyatını buna sərf etsin. Sivilizasiyada tüfeylilərə yer yoxdur.

 

 - Əgər sizdə entuziazm varsa, siz hər şeyə nail ola biləcəksiniz. Entuziazm sizin gözlərinizin parıltısı, addımlarınızın qətiyyəti, ideyalarınızı həyata keçirməkçün bol enerji axınıdır. Entuziazm – bütün tərəqqinin istinad nöqtəsidir. Yalnız onunla uğur mümkündür. Onsuz, sizin sadəcə, imkanlarınız var.

 

 

 

2.      Riçard Brenson. «Çılpaq biznes»

 

Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.

 

Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.

 

 - Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.

 

 - Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir  situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.

 

 - Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.

 

 - Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.

 

 - Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.

 

 - Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.

 

 - Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.

 

 - Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.

 

 

 

3.      Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

 

Ser  Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.

 

Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.

 

4.      Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

 

Bir məşhur deyim var, «Təhsilsiz insan həyatda heç nəyə nail ola bilməz». Robert Kiyosakinin sözügedən kitabı məhz bu deyimin əksini sübut edir, iddia eləyir ki, təhsilin hər şeyi həll etmə dövrü artıq arxada qalıb, orta və ali məktəblər əsl həyatı öyrədə bilmirlər, sərvət toplamağın yollarını göstərmək iqtidarında deyillər.

 

Müəllif sadə dillə varlı olmağın yollarını göstərir, maliyyə savadının sirlərini açır.

 

Bir diqqət edin:

 

 - İş onda deyil ki, siz nə qədər qazanırsınız. İş ondadır ki, siz nə qədər qənaət edə bilirsiniz, pullar sizə nə dərəcədə effektiv işləyir, sizdən sonra neçə nəsil ondan istifadə edə biləcək!

 

 - Məğlub olmaqdan qorxmayın. Qaliblər – məğlub olmaqdan qorxmayanlardır. Uğursuzluq – uğura doğru gedən yolun bir hissəsidir. Uğursuzluqdan qorxub qaçanlar uğurdan da qaçanlardır.

 

 - Biz öz vərdişlərimizin quluyuq. Öz vərdişlərini dəyiş, gör həyatın necə dəyişəcək.

 

 - Kasıb, uğursuz, bədbəxt və xəstə adam o adamdır ki, tez-tez «sabah» sözünü işlədir.

 

 - Sizin beyniniz hər şeyi bacarır. Mütləq olaraq hər şeyi. Ən əsası, özünüzü buna inandırmanızdır. Əlləriniz bilmir ki, onlar bükülüb açılammır, ayaqlarınız bilmir ki, onlar taqətdən düşüb, qarnınız bilmir ki, onu piy basıb. Bunların hamısını billən beyninizdir. Özünüzü hər şeyi bildiyinizə inandırsanız, doğrudan da siz hər şey edə bilərsiniz.

 

 - Hər bir insanın əli, ayağı, başı və həftədə 168 saatı var ki, o, ən çox arzuladığı şeyləri həyata keçirə bilsin.

 

Və ən nəhayət, Robert Kiyosakiyə aid olan bu qızıl kəlama diqqət edin:

 

 - Bizim öyrənmək istədiyimiz birinci dərs odur ki, pul özlüyündə Şər deyil. O, sadəcə bir alətdir, qələm kimi. Qələmdən gözəl bir sevgi məktubu yazanda da istifadə etmək olar, işdən qovulmaya səbəb olan şikayət yazanda da. Qələmi yaradanda onu həm yazmaq üçün rahat olmasının qeydinə qalıblar, həm də iti ucu ilə gözə soxulması üçün.

 

İş əşyanın özündə deyil, onu – pulu və yaxud qələmi əlində tutan insanın motivasiyasındadır.

 

 

 

5.      Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»

 

Ayn Rendin bu kitabını, təsadüfi deyil ki, hətta Qərbdə «İncir» kitabı ilə eyni səviyyəyə qaldırmaq tendensiyası müşahidə edilməkdədir. Çünki yüz minlərlə sahibkarlar öz sahibkarlıq fəaliyyətinə məhz bu 200 səhifəlik kitabı oxumaqla başlayıblar. Bu kitab dünyagörüşünü dəyişir, insan həyatının əsl anlamını açıb göstərir, sahibkarlığın əlifbasını öyrədir. Və həm də bu kitab cəsarətli, güclü və qətiyyətli olmağa da bir çağırışdır.

 

Əsl adı Alisa Rozenbaum olan bu xanım insanlara öyrətmək istəyir ki:

 

 - İnsan düşüşünün yeganə forması məqsədi itirməkdir.

 

 - «Mən səni sevirəm» söyləmək üçün ilk öncə «Mən» söyləməyi öyrənməlisən.

 

 - İnsan yumor hissini itirəndə hər şeyini itirir.

 

 - Öz qəlb məbədində insan tənhadır.

 

 - Xüsusi adlardan başqa hər bir söz abstraktdır.

 

Ayn Rend yazır ki, özü nə istədiyini bilməyən adam üçün pul xoşbəxtlik gətirə bilməz. Yazır ki, öz yolunu gözübağlı seçən şəxsə pul məqsədi göstərə bilməz. Ayn Rendə görə, pulla səfeh özünə ağıl, ağıllı özünə şərəf, naqis özünə hörmət ala bilməz.

 

O yazır ki, əgər siz pul vasitəsilə özünüzü reklam edib özünüzdən yüksəkdə duran və özünüzdən ağıllı olan adamlarla əhatələnmək istəyirsinizsə və bununla nüfuz qazanacağınızı düşünürsünüzsə, onda əmin olun ki, sizdən aşağıda duranların qurbanına çevriləcəksiniz. Zira, ziyalılar dərhal sizdən üz döndərəcək, fırıldaqçı və oğrularsa pulunuzun işığına əhatənizə toplaşacaqlar ki, sizdən bir şeylər qopartsınlar. «İnsan heç vaxt öz pulunun həcmindən kiçik olmamalıdır. Əks halda, onu taptalayarlar».

 

 

 

6.      Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»

 

Öncə sadaladığımız 5 kitabdan fərqli olaraq bu kitab konkret əhvalatlardan bəhs edir. Yəqin ki, Zappos adlı kompaniyanın adını eşitmisiniz. Son dövrün ən gənc milyardçısı, amerikalı Toni Şey bu kitaba topladığı əhvalatlarda öz avtobioqrafiyasını qeyd edir, doqquz yaşından biznesə necə başlamasını, Zappos-u necə qurmasını açıqlayır, bu kompaniyanın öz əməkdaşlarına firavanlıq, müştərilərə isə bol rahatçılıq gətirməsi sirlərini açır, kompaniyasının fəaliyyəti dövründəki inanılmaz uğurları (təkcə birini qeyd edim: 1998-ci ildə onun yaratdığı LinkExchange adlı banner mübadiləsi şəbəkəsini Microsoft 265 milyon dollara satın alıb), eləcə də səhvləri, kuryoz hadisələri göstərir. Toni Şey bu kitabında həm də müasir dövrdə kompaniyaların qurulması, fəaliyyəti, möhkəm biznesin qurulması qayda-qanunlarını şərh edir.

 

Toni Şeyin xoşbəxtlik anlayışı isə baxın belədir: «Mən həyatımın ən xoşbəxt anlarının siyahısını tutdum və başa düşdüm ki, bu anların heç biri  pulla bağlı deyil. Mən dərk etdim ki, özümü ətrafıma komanda toplayanda, qurub yaradanda xoşbəxt saymışam. Səhər ertəyədək dostlarımla təmasda olanda, onlarla Günəşin doğmasını seyr edəndə xoşbəxt olmuşam. Sinif yoldaşlarımla məktəbdə oyunlar oynayanda özümü xoşbəxt hiss etmişəm, sirkəyə qoyulmuş xiyar yeyəndə özümü xoşbəxt hiss etmişəm».

 

Bəli, bəli! Məhz belə!

 

 

 

7.      Qay Kavasaki. Startap

 

Bu kitabın alt başlığı belədir: Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass”. Qay Kavasaki adı əminik ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.

 

Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.

 

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

 

O yazır:

 

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

 

Oxucularıma onu da söyləyək ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!

 

Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.

 

O, inandırmağı gözəl bacarır. Oxucularımızıəmin edirik ki, «Startap»ı oxusalar Qay Kavasakinin uğura doğru getmək qaydalarına və şərtlərinə mütləq inanacaq, bu qayda və şərtlərə əməl etməyə çalışacaqlar.

 

 

 

8.      Napoleon Hill. «Düşün və varlan»

 

Hətta belə bir deyim var, həyatında müəyyən uğur qazanan insan, hökmən Napoleon Hillin sözügedən bu kitabını yəqin ki, oxumuş insandır.

 

Bu gün bu kitab planet boyu milyon tirajlarla çıxır, (indiyə kimi 30 milyondan çox nüsxəsi satılıb), əksər biznesmenlər Napoleon Hilli uğur psixologiyasının banisi hesab edirlər. Bu kitabın hər bir uğurlu insanın, biznesmenin stolüstü kitabı olması da iddia olunur. Həyatının 20 ili boyunca Endryu Karnegi, Henri Ford, Tomas Edison və digər ən şöhrətli varlı insanların həyatını öyrənən, 5000 ən varlı amerikalıdan həyatları ilə bağlı müsahibələr alan müəllif sonda belə bir qənaətə gəlmişdir ki, bu şəxslərin hamısı oxşar xüsüsiyyətlərə malik olmuş, müvəffəqiyyət qazanmanın eyni qanunlarına riayət etmişlər.

 

Bu elə bir kitabdır ki, onu təkrarən oxuyacaq və hər dəfə yeni bir şeylər tapacaqsınız. Dünyanın ən varlı insanlarının uğur sirrini bilmək sizə zarafat gəlməsin.

 

Kitabda xoşbəxt həyatı təmin edən müvəffəqiyyətin 13 prinsipi də verilmişdir və təsəvvür edin, bütün bu prinsiplərin mayasında inam dayanır. (Mən sonrakı hissədə hədsiz maraq doğuran bu prinsipləri ayrıca oxucularıma təqdim edəcəyəm).

 

 

 

9.      Ceyms Allen. «Düşünən insan»

 

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

 

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

 

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

 

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

 

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

 

 

10.  Stiven Kovi. “Yüksək effektli insanların yeddi vərdişi”

 

16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.

 

Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.

 

Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?

 

 - Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.

 

 - Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.

 

 - Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.

 

 - İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.

 

 - Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.

 

 - Öz gücünü özünə investisiya qoymağa sərf elə.

 

 - Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.

 

 - İnsanlar dünyanı olduğu kimi görürlər.

 

 - Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə  qarşı o cür hərəkət etmələrini arzulayasınız.

 

Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.

 

Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənilir: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».

 

Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:

 

 - Siz nə iş görürsünüz?

 

 - Beş saatdır ki, bu ağacı mişarlayıram.

 

 - Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?

 

 - Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.

 

Sonda bir vacib detalı da qeyd edək. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.

 

 

 

Əziz “Ədəbiyyat və incəsənət” oxucuları, bir həftənin tamamında ikinci onluğu da diqqətinizə çatdıracağıq.

 

 

 

 

 

Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynovun Yunanıstanın aparıcı mətbuat orqanı “Etnos” xəbər agentliyində “Nizami Gəncəvi: Dialoq və tolerantlıq təbliğ edən azərbaycanlı şair və filosofun əsəri” sərlövhəli məqaləsi yayımlanıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ildə görkəmli Azərbaycan şairi və filosofu, dünya şöhrətli klassik lirik şeirlərin müəllifi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə "Nizami Gəncəvi İli" elan edilməsi ilə əlaqədar olaraq şairin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib.
AzərTAC-ın Afina müxbirinin yaydığı məlumata görə, məqalədə Nizaminin
milli mənəviyyatımızın ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruduğu oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, Nizami Gəncəvi ömrü boyu Şərqin mühüm mədəniyyət mərkəzi, eyni zamanda, Böyük Səlcuq imperiyası və Azərbaycan Atabəylər dövlətinin mühüm şəhərlərindən biri olan Gəncə şəhərində yaşayıb, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz qədim Azərbaycan şəhərində yazıb. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmış, çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin əsasını qoymuş və dünyanın ən məşhur kitabxana və muzeylərini bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına mühim töhvə verdiyi barədə məlumat verilib
Məqalədə N.Gəncəvinin yazdığı əsərlərdə bəşəriyyəti milli sərhədlərin hüdudlarından kənara qaldırdığı, əsas qəhrəmanlarının isə fars, ərəb, yunan və başqa millətlərin nümayəndələri olduğu vurğulanıb. Məlumat verilib ki, onun ədəbi yaradıcılığında məqsəd və ideyanın ən yüksək səviyyəsi öz əksini tapıb, qəhrəmanların seçimi ilə onlarla millətin təmsil olunması isə heç də təsadüfi seçilməyib. O, bunu bilərəkdən edib. Buna görə də, onun əsərləri dünyanın ən çox tərcümə olunan əsərlərindən biri hesab olunur. N.Gəncəvinin səkkiz əsr əvvəl irəli sürdüyü ideyaların bu gün də öz aktuallığını saxladığını, cəmiyyətdə görmək istədiyi bəşəri xüsusiyyətlərin təbliğ olunmaqla bəşəriyyətin yarandığı gündən bəri əldə etdiyi ümumi tərəqqidə öz töhvəsini verdiyi vurğulanıb.
Məqalədə “Xəmsə”yə daxil olan "İskəndərnamə" poemasında Zərdüşt dininin ənənələri, müsəlman inancları, Sasani salnamələri və qədim Yunan fəlsəfəsindən ibarət çoxşaxəli sujet xətti ilə sevgi və məhəbbət mövzuları, eləcə də varlığın fəlsəfi və həyatın mənaları ilə bağlı şairin düşüncələri təsvir edilib. Poemanın "Şərəfnamə" və "İqbalnamə” olmaqla iki hissəyə bölündüyü barədə məlumat verilib və "Şərəfnamə" adlı birinci hissədə İskəndər (Böyük İskəndər) ideallaşdırılıb, onun ədalətli bir sərkərdə, müdrik hökmdar, xalqını yoxsulluqdan və zülmdən qurtaran bir qəhraman kimi təqdim edilib. Eyni zamnada, məqalədə İsgəndərin Cənubi Qafqazı ziyarət etməsindən, Bərdə şəhərinin hökmdarı Nüşabə ilə görüşərək maraqlı söhbət etməsindən, eləcə də Azərbaycanın təbii gözəlliyi barədə məlumat verilib. Nüşabənin sözləri ilə şair yalnız xarici ölkələri işğal və qarət etmək üçün yaşayan sərkərdələrin qəddarlığı haqqında düşüncələrini çatdırıb. N.Gəncəvi poemanın "İqbalnamə” adlı ikinci hissəsində hökmdarı savadlı və fəlsəfi bir peyğəmbər kimi təsvir edib, istifadə edilmiş hadisə və əhvalatların xalqımızın fəlsəfi və əxlaqi düşüncələrindən qaynaqlandığı barədə məlumat verib. Məqalədə N.Gəncəvi yaradıcılığının poetik düşüncəsində ədalət ideyası, insanların xoşbəxtlik və firavanlıq naminə fəaliyyəti, elmin, fəlsəfənin, musiqinin və müxtəlif sənət növlərinin təbliğ olunduğu bir cəmiyyətin təsvir edildiyi bildirilib. Müəllif yazısında şair zəhmət adamının ağlını, müdrikliyini və ləyaqətini tərifləyib, bədii qəhrəmanların dərin bilikləri vasitəsilə elm və fəlsəfənin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, İskəndərin sarayında aparılan fəlsəfi müzakirələrdə iştirak edən yeddi böyük yunan filosofu - Aristotel, Milet Talesi ,Tyana Apollonius, Sokrat, Tir Porfiri, Hormus və Aflatun barədə məlumat verilib.
Məqalədə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi ilə zənginləşdiyini, yunan elminin, fəlsəfəsinin və mədəniyyətinin həmişə Şərqlə sıx təmasda olduğunu və hər iki mədəniyyətin bundan qarşılıqlı olaraq faydalandığı diqqətə çatdırılıb. Həmçinin, Yunan mədəniyyətinin şərq ilə qərb arasında körpü rolu oynadığı vurğulanıb. Bu baxımdan, N.Gəncəvinin "İsgəndərnamə" əsərinin, ən azından Azərbaycan üçün fərqli dinlər, mədəniyyətlər və xalqlar arasında dialoq, tolerantlıq və anlayış baxımından aktual olduğu ideyasını yunanıstanlı oxuculara çatdırıb. N.Gəncəvi fəlsəfəsinə və düşüncəsinə əsaslanan beynəlxalq əlaqələri təbliğ etməyin insanlığa, sülhə və inkişafa böyük bir töhfə olduğu vurğulanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.