Super User

Super User

 

Macarıstanda yaşayan soydaşımız, Macarıstan Yazıçılar Birliyinin üzvü Rüstəm Əmirlinin “Odlar qızı” adlı şeirlər kitabı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan diasporu üzrə ekspert Elnur Eltürkdən aldığı məlumata görə, kitaba yüz atlmış üç şeir daxil edilib və bu, müəllifin sayca 5-ci kitabıdır.

Rüstəm Əmirli çox gənc yaşlarından şeir yazır, istedadı dəfələrlə təsdiqlənib, kitabın çapına lazım olan vəsaiti də Macarıstan Yazıçılar Birliyi qarşılayıb. 

Kitab Macarıstan kitabxanalarına verilib, kitab mağazalarında satışa çıxarılıb. Şeirlərinin əsas ana mövzusu sevgi, həyat və ölümdür. Qeyd edək ki, Rüstəm Əmirli  atası Ramiz Əmirli "Qardaşlıq" Macar-Azərbaycanlı Birgə Cəmiyyətinin sədr müavinidir. Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən biri, Macarıstanda "Azərbaycan Evi"nin üzvüdür.

 

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Türkiyə milli təhsil nazirinin müavini Petek Aşkar ilə görüşüb.

Danışıqlar zamanı türk dünyasının elmi inteqrasiyasına yönəlmiş birgə layihələr, o cümlədən əməkdaşlığın daha da gücləndirilməsi yolları müzakirə olunub. Xüsusilə, məktəblilər üçün ortaq tarix, ədəbiyyat və coğrafiya dərslikləri üzrə ekspert komissiyasının Türkiyədə keçiriləcək yekun iclasına hazıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi sədrlik edir.

Cümə axşamı, 27 Yanvar 2022 15:00

Günün fotosu: Uçan avtomobil reallığa çevrildi

Slovakiyanın Klein Vision kompaniyası avtomobil və təyyarə gibridinə sertifikat alıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

 

Tarixdə ilk dəfə belə bir gibrid Bratislava üzərinə uçub. 

AirCar 200 uçuş edib, ümumən 75 saat səmada olub. 

Bir vaxtlar uçan avtomobil ən böyük möcüzə sayılırdı. Artıq bunu da gördük.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin yeni şeirini təqdim edir. 

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Bu sel quruyarmı günəşə sərsəm?

Sən qədim mövzusan, təzə əsərsən.

Dünyanın ən qoca ağacı sənsən,

Mən də o ağacda koğuşam, ana.

 

Qanadım var idi, qırıldı bu gün,

Sonuncu ümid də vuruldu bu gün...

Dərd mənə qalxınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana.

 

O dağlar uludan uludu, sənsən?!

Bəlkə danışdıran bu udu, sənsən?

Bəlkə göy üzünün buludu sənsən-

Mən səndən tökülən yağışam, ana?

 

Sənin haqq bildiyin haqq-hesab imiş...

Ölüm-iynə imiş, ömür-sap imiş.

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

Britaniyalı aktyor Devid Suşe yaratdığı belçikalı detektiv Erkül Puaro obrazına görə cəngavər rütbəsi alıb. “Cəngavər bakalavr” ordeninin təqdimat mərasimi Vindsor qəsrində keçirilib.

 

TASS xəbər verir ki, dramaturgiya və xeyriyyəçilik sahəsində xidmətlərinə görə aktyora ordeni Kembric hersoqu şahzadə Uilyam təqdim edib. 

Hersoq bildirib ki, Britaniya təltif sistemində “Cəngavər bakalavr” ordeni yalnız kişilərə verilir: “Fəxri ad şəxsin monarx tərəfindən cəngavər olmasını təsdiqləyir, lakin onun Böyük Britaniyanın mütəşəkkil cəngavər ordenlərinə daxil olmasını nəzərdə tutmur”.

Qeyd edək ki, britaniyalı aktyorun karyerası 1960-cı illərdə televiziya şouları və seriallarda görünməsi ilə başlayıb. Aktyor Aqata Kristinin “Puaro” əsəri əsasında çəkilən serialda (1989-2013) detektiv Erkül Puaro rolu ilə dünya şöhrəti qazanıb.

David Suşe Britaniya Kino və Televiziya Sənəti Akademiyasının üzvü və beş dəfə BAFTA mükafatına namizəd olub. 2011-ci ildə aktyor Britaniya İmperiyası ordeninin komandoru adına layiq görülüb.

Suşe öz təəssüratlarını sosial mediada paylaşıb: “Kembric hersoqu bu gün Vindsor qəsrində məni cəngavər elan etdikdən sonra qürur hissi keçirir və bir qədər də sıxılıram”.

Cümə axşamı, 27 Yanvar 2022 14:00

2022-ci ilin ilk “Ulduz”u çıxdı

 

"Ulduz" jurnalının 2022-ci ildə ilk sayı çap olunub. 

Jurnalda ilk olaraq Səlim Babullaoğlunun "Yanvar: Qarın şərhi" adlı şeiri, ardından isə gənc yazar Orxan Cuvarlının özüylə söhbəti və hekayəsi təqdim edilib. 

 

"Qısa fikirlər xəzinəsi"ni Məhəmməd Əmin Rəsulzadənin kəlamları bəzəyir. 

“Yazı masası"nın budəfəki qonağı dərginin qocaman əməkdaşı, rəssam Ədalət Həsəndir. 

"Şeir vaxtı"nda Gülnar Ümid, Bəsti Məmməd, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlu, Aysel Nəsirzadə və Zöhrab Mehdinin poeziya nümunələri dərc olunub. 

Əli Əmirlinin ənənəvi "Ustad dərsləri"nin cari mövzusu "Mənim personajlarım"dır.

Günel Hacıyevanın "Lili möhtəşəm qadın idi", Zəka Vilayətoğlunun "Çöhrəgülü", Çinarə Ömrayın "Hamiləlik testi", Firuz Mustafanın "Bülbül yuvası" kimi hekayələri nəsr bölməsini bəzəyir. 

Eminqueyin "Məmməd Arazın sufi həqiqətinə çatmış "Dünya"sı" adlı essesi Məmməd Arazın "Dünya sənin, dünya mənim" şeirinin bədii təhlilini gerçəkləşdirir. 

Tarix üzrə fəlsəfə doktoru Leyla Abbasovanın Sevinc Nuruqızının "Ağca və Cubbulu" əsərinin quruluşu, redaktəsi, nəşri məsələlərini özündə ehtiva edən yazısı diqqət çəkir.

Xuraman Hüseynzadənin "Uzaqlar yordu məni..." adlı tənqidi yazısı Nazim Əhmədli yaradıcılığına işıq tutur. 

Şəfa Vəlinin "Əvvəldən yeri Yuxarıbaş olub" başlıqlı müsahibəsində Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli söhbətə çəkilir. 

"Təbriz eli" rubrikasında Pərvanə Məmmədlinin "İstərəm Vətənimdə qanım rəngli bir kilidlə azadlığa yollar açam" başlıqlı yazısı, "Türk eli" rubrikasında isə Cahit Günayın şeirləri təqdim olunur. 

"Dərgidə kitab"da Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, "Sərgi"də isə Ədalət Həsənin qrafik rəsmləri yer alıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 2-4 fevral tarixlərində Gənclər günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert keçiriləcək.

Belə ki, 2 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti, 3 fevral tarixində Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva), 4 fevral tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor – Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva (piano)) keçiriləcək.

 

Azərbaycan "Eurovision 2022" mahnı müsabiqəsində ikinci yarımfinalda çıxış edəcək.

 

Belə ki, püşkatmanın nəticəsinə görə Azərbaycan təmsilçisi mayın 12-də səhnəyə çıxacaq. Birinci yarımfinal isə mayın 10-da baş tutacaq.

Qeyd edək ki, builki müsabiqə İtaliyanın Turin şəhərində keçiriləcək.

Azərbaycanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib.

 

Azərbaycan “Birlik ölkələri xalqlarının musiqi folkloru” adlı sərgidə təmsil olunub.

 

AzərTAC xəbər verir ki, 2022-ci il Müstəqil Dövlətlər Birliyində (MDB) “Xalq yaradıcılığı və mədəni irs ili” elan edilib. Bu tematik il çərçivəsində MDB-yə üzv ölkələrdə xalq sənəti və folkloruna həsr olunan çoxsaylı tədbirlər planlaşdırılıb.

Belə tədbirlərdən biri də Moskvada Rusiya dövlət kitabxanası, “Azərbaycan Konqresi” Moskva regional təşkilatı və digər milli diasporlar tərəfindən hazırlanmış “Birlik ölkələri xalqlarının musiqi folkloru” sərgisinin açılmasıdır. Burada MDB ölkələri xalqlarının musiqi folklorunun parlaq nümunələri sərgilənir. Sərgidə Azərbaycanda nəşr olunan kitablar və milli musiqi alətləri də nümayiş etdirilir.

Ekspozisiyanın açılışında Azərbaycan rəqs ansamblı “Naz eləmə”, “Uzundərə” milli rəqslərini təqdim edib.

Rusiya dövlət kitabxanasının prezidenti Viktor Fyodorov öz çıxışında müxtəlif xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxşı tanımağa şərait yaradan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Sabah Nizami Kino Mərkəzində məşhur aktyor və yumorist Fərda Amin “Selfinaz-2” stend-up şousu ilə çıxış edəcək.

 

Fərda Aminin açıqlamasına görə o və həmmüəllif Təvəkkül Mehrəliyev layihə üzərində 5 il işləyiblər. 

Onların fikrincə, yeni tamaşa ölkədə bu janrın yeni mərhələsi olacaq və tamaşaçıların yaddaşında xoş təəssüratlar buraxacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.