
Super User
Sabunçu Gənclər Evində Azərbaycan Gənclər gününə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində “Gənclərin karyera və motivasiya forumu” keçirildi
Azərbaycanda növbəti dəfə Gənclər günü qeyd edilməkdədir.
Sabunçu Gənclər Evində 125 gəncin iştirakı ilə keçirilən “Gənclərin karyera və motivasiya forumu”nun spikerləri öz sahələrində kifayət qədər uğur qazanmış, karyeraları ilə gənclərə motivasiya ötürən şəxslər idi: dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktoru Cəfər Nəcəfov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFT festivallar festivalının qızıl laureatı, yazıçı Varis Yolçuyev, Azərbaycanda ilk ayaqqabı brendi "Danilov"un yaradıcısı İlyas Danilov və nitq mədəniyyəti, yüksək etik protokol qaydaları üzrə bir çox dövlət və özəl qurumların təlimçisi, Etika Akademiyasının rəhbəri Günel İbrahim.
“Ədəbiyyat və incəsənət” portal Sabunçu Gənclər Evinin İctimaiyyətlə əlaqələr üzrə katibi Nərmin İbrahimovaya istinadən məlumat verir ki, məqsədi gəncləri yeni ilə öz karyeraları üçün motivasiya ala biləcəkləri spikerlərlə görüşdürərək ilhamlandırmaq olan forumu Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev açaraq 2021-ci il ərzində fəaliyyətlərinə görə Sabunçu Gənclər Evinin ən fəal könüllülərini təltif etdi.
Daha sonra hər bir spiker olduqca maraqlı çıxışlar edərək gənclərə faydalı məsləhətlər verdilər, onların çoxsaylı suallarını cavablandırdılar.
Sonda forum iştirakçıları “Ailə fotosu” çəkdirdilər.
Forumdan sonra gənclər üçün “Gənclər partisi” təşkil olundu. Gənclər həm əyləndilər, həm də müxtəlif yarışlarda iştirak edərək Sabunçu Gənclər Evindən hədiyyə qazandılar.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirməkdir, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Keçirdiyi layihələrin keyfiyyəti, onlara gənclərin böyük həvəslə qoşulması belə deməyimizə əsas verir ki, Sabunçu Gənclər Evi qarşısına qoyulan vəzifələrin öhtəsindən layiqincə gəlir, ölkənin gənclər siyasətinə layiqli töhfələr verir.
Fürsətdən istifadə edərək gəncliyimizi Gənclər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Bu gün böyük Məmməd Əmin Rəsulzadənin doğum günüdür - Onun barəsində ən gözəl şeir hansıdır?
KİŞİ
Yetmiş illik ayrılıq axır ki çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!
Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!
Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!"-deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!
Zəlimxan Yaqub
Kevin Kostner ekranlara qayıdır
Məşhur amerikalı aktyor, canlı əfsanə Kevin Kostner "Horizon" adlı vesterni ekranlaşdırmağa hazırlaşır.
Aktyor 19 il öncə səhnəni tərk edib, bu dönüş möhtəşəm olacaq, belə ki o, ekranlara ilk dəfə rejissor kimi dönəcək, eyni zamanda, filmdə əsas obrazlardan birini də canlandıracaq.
Çəkilişlərin avqustun ayında başlanılması nəzərdə tutulur, kastinqlər fevraldan etibarən start götürəcək.
Qeyd edək ki, K.Kostner son olaraq 2003-cü ildə "Açıq məkan" filmində rol alıb.
Onun ən məşhur filmi isə “Canavarlarla rəqs" filmidir ki, Kostner "Ən yaxşı film" nominasiyası da daxil olmaqla 7 Oskar qazanıb. Film Amerika Kinoakademiyasının "Qızıl şedevrlər"i siyahısına salınıb.
"Les Fossoyeurs" ("Məzarçılar") kitabı Fransanı silkələdi
“Məzarçılar": Fransada qocalar evlərində yaşlı insanlar üçün qayğı əvəzinə qayğısızlıq nümayişi haqqında jurnalist araşdırması böyük qalmaqala səbəb olub. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən bu barədə məlumat verir.
“Fransada qocalar üçün xüsusi evlərlə bağlı qalmaqal alovlanır” – medianın gündəmində duran baş xəbərlər belədir. Konkret olaraq araşdırmada diqqət mərkəzində Orpea qocalar evi dayanır.
26 yanvar - çərşənbə günü jurnalist Viktor Kastananın "Les Fossoyeurs" ("Məzarçılar") adlı kitabı işıq üzü görüb, kitab bu tip müəssisələrin öz qonaqları ilə pis rəftarından bəhs edir. Kitabdan parçalar daha öncə "Le Mond" qəzetində çap olunmuşdu və cəmiyyətdə geniş diskussiyaya səbəb olmuşdu.
Kastana Orpea qocalar evlərində xərclərin azaldılmasının ciddi "disfonksiyalara" gətirib çıxardığını öz araşdırmasında iddia edir.
İnsanlar sidik qoxusunda yaşayırdılar
Viktor Kastana Ehpad-in özəl qrupunun gəlirlərini artırmaq üçün qonaqların qulluq, tibbi xidmət və hətta qidalanmasının "normallaşdırılması" sistemini təsvir edir. Müəllif göstərir ki, belə qocalar evlərində yaşamaq ucuz deyil - "giriş səviyyəsi" otağına görə ayda 6 500 avrodan başlayaraq müəyyənləşib. Və bu boyda pulun müqabilində insanlar üçün cənnət yaratmaq əvəzinə dözülməz şərait yaradılıb.
Kitab üç illik araşdırmanın nəticəsidir ki, bu müddət ərzində müəllif 250 nəfərdən müsahibə götürüb, o cümlədən Firmanın keçmiş əməkdaşları ilə müsahibələrə geniş yer verib.
Kastananın sözlərinə görə, Fransada hətta özəl qocalar evləri də dövlətdən xeyli maliyyə alır, lakin onun sözlərinə görə, "bu pullar yaşlı insanların xeyrinə getmir".
Belə müəssisələrdən birinin qonaqlarına baxan qadın jurnalistə məlumat verir ki, "insanlar qidalanmaqda məhdudiyyətlə üzləşirdilər, bir günə onlara maksimum üç uşaq bezi verilirdi. Halbuki qastritdən, qarın getməsindən, sidik saxlaya bilməməsindən əziyyət çəkən insanlar nəzərə alınmırdı, pasiyentin xəstə olub-olmamasının fərqi yox idi".
Qocalar evinin digər işçisi bildirir ki, o, "sidiyin qoxusunda yaşayan qonaqların maraqlarını müdafiə etməli idi".
Bəs necə oldu ki, Viktor Kastana biu kitabı yazmaq qərarına gəldi? O, məşhur yazıçı və aktrisa Françoise Dorinin qocalığı ilə əlaqədar Orpeada məskunlaşmasını, ora köçdükdən cəmi üç ay sonra - 2018-ci ilin əvvəlində vəfat etməsini başa düşməyə çalışmış, nəticədə kitab ərsəyə gəlmişdi.
Orpea sahiblərinin reaksiyası
"Biz bütün bu ittihamları rəsmi olaraq rədd edirik. Biz onları yalan, çirkin və qərəzli hesab edirik", - deyə Orpea rəhbərliyi kitabın "sensasionallığı"nı və "zərər çəkdirmək üçün açıq istəy"ini pisləyib. Qrupun nümayəndələri bildiriblər ki, şirkətin vəkilləri faktların həqiqiliyini bərpa etmək üçün "lazımi tədbirlər" görəcəklər.
"Biz həmişə keyfiyyəti maliyyədən yuxarı qoymuşuq", - deyə Orpea-nın baş direktoru İv Le Man bildirib. Onun sözlərinə görə, kitabda ittihamlar şirkətin keçmiş işçilərindən gəlir, onlar cinayət törətdiklərinə görə işdən qovulublar və işdən çıxarıldıqdan sonra səhv faktlar ötürməklə təkrar "cinayət" törədiblər.
Skandalın siyasətə və iqtisadiyyata təsiri
Kitab çıxdıqdan sonra Paris Fond Birjasında Orpea səhmlərinin dəyəri kəskin şəkildə azalıb. Firmanın qiymətli kağızları 16,11% - 69,28 avroya qədər ucuzlaşıb. Cümə günü səhər səhmlərin qiyməti yenidən düşüb -demək olar ki, 17%. Yəni itkilər iki gün ərzində 30% - dən çox olub.
Oprea rəsmiləri özlərini təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxsalar belə görünən dağa nə bələdçi. Qanunpozmalar həqiqətən var, özü də böyük miqyaslıdır.
Biz Avropa insanına – xüsusən xoşbəxt fransıza həmişə qibtə ilə baxırıq. Amma sən demə, varlılar da ağlayırmış.
Günün fotosu: Zelenskiy: “Bizə panika lazım deyil”
ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Rusiya müdaxiləsi barədə real təhlükə xəbərdarlığı almasına baxmayaraq Ukrayna prezidenti Vladimir Zelenskiy söyləmişdir:”Əsla bizə panika lazım deyil. Vəziyyət, düzdür, gərgindir, amma keçənilkindən gərgin deyil”.
Mənbə:BBC
Rza Təhmasibin həqiqətən Qaloş obrazını oynayan şəxs olduğunu bilsəydilər, qadınlar onu öldürəcəkdi
Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə RZA TƏHMASİBİN (1894-1980) xatirəsini təqdim edəcəyik. Milli kinomuzun və tetarımızın tarixində əvəzsiz rol oynayıb Rza Təhmasib. Ruhu şad olsun!
***
1969-cu ildə “Mehman” filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən gəlirdilər, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
Təəccüb içində sual verdim:
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri bir daha mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən…
Əlbəttə ki, xilas olmaq üşün inkar etmək lazım idi hər şeyi.
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm, - dedim.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı.
Bir iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı.
Mədəniyyət Nazirliyinin əməkdaşları Gəncədə olublar
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova və baş məsləhətçi Emin Əliyev Gəncədə işgüzar səfərdə olublar.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, onlar Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovla birlikdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında, Gəncə Dövlət Dram Teatrında və Gəncə Dövlət Kukla Teatrında olublar.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblının, Dövlət Kamera Orkestrinin, Xalq Çalğı Alətləri Ansamblının və "Xəmsə" estrada ansamblının konsert proqramlarını dinləyiblər.
Sonra Gəncə Dövlət Dram Teatrında Nüşabə Əsəd Məmmədlinin eyniadlı əsəri əsasında Əsgər Əsgərovun quruluşunda hazırlanmış "Cavad xan", Gəncə Dövlət Kukla Teatrında Xanımana Əlibəylinin əsəri əsasında Şamil Məmmədlinin quruluş verdiyi "Bizim bağın gözəli" tamaşalarına baxan heyət, teatrların yaradıcı kollektivi ilə görüşüb və mövcud problemlər və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.
ABŞ-da 74-cü “WGA” mükafatlarına namizəd filmlərin adları açıqlanıb
Amerika Yazıçılar Gildiyası WGA: “Bədii və sənədli filmlər mükafatları” nominasiyasında müsabiqəyə qatılan namizədlərin adlarını açıqlayıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki:
1.
Ən yaxşı orijinal ssenari” kateqoriyasına “Fransanın mesajı - Liberti, Kanzas Axşam Günəşi” (Ves Anderson), “Kral Riçard” (Zak Beylin), “Yuxarı baxmayın” (Adam MakKey), “Rikardo olmaq” (Aaron Sorkin) və “Biyan pizzası” (Pol Tomas Anderson) filmləri daxil edilib.
2.
“Ən yaxşı uyğunlaşdırılmış ssenari” kateqoriyasında namizədlər “Vest sayd əhvalatı” (Toni Kuşner), “Dəhşət küçəsi” (Giyermo Del Toro və Kim Morqan), “Qum təpələri” (Con Speyts, Deni Vilnyov və Erik Rot), “CODA: Kar valideynlərin uşağı” (Sian Heder) ) və “Tik-tak, bum!” (Stiven Levinson) ekran əsərləridir.
“CODA: Kar valideynlərin uşağı” filminin ssenari müəllifi və rejissoru Sian Heder və “Dəhşət küçəsi” ekran əsərinin müəllifi Kim Morqan namizədlər arasında yeganə qadınlardır.
Qeyd edək ki, qaliblər martın 20-də 74-cü “WGA” mükafatlarının təqdimetmə mərasimində elan ediləcək.
Qərbi Kaspi Universitetində millət vəkilləri və tanınmış şəxslərin iştirakı ilə Açıq Qapı Günü təşkil olunub
Ötən gün Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi millət vəkilləri, tanınmış elm və ədəbiyyat xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Açıq Qapı Günü təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına təhsil ocağından verilən məlumata görə, Açıq Qapı Günü ayrı-ayrı auditoriyalarda imtahan prosesini izləyən qonaqlara elektron universitet, eləcə də keyfiyyətə nəzarət şöbəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.
Qonaqlar universitetin bir sıra laboratoriyalarında tədqiqat və praktik məşğələlər üçün yaradılmış şəraitlə tanış olub, eləcə də kitabxana, idman zalı və yeməkxanaya baxış keçiriblər.
Açıq Qapı Günündə Milli Məclisin deputatları – Hikmət Babaoğlu və Ceyhun Məmmədov, əməkdar jurnalist, professor Qulu Məhərrəmli, yazıçı, əməkdar jurnalist Varis Yolçiyev və “Bakupost” saytının baş redaktoru Elçin Zahiroğlu iştirak ediblər.
Qonaqlar universitetin imtahanları təşkiletmə və tələbələri qiymətləndirmə yanaşmasını, eləcə də peşəkar kadrların hazırlanması üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Nizami Gəncəvi irsi və gənclik" adlı kitab nəşr olunub
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində "Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub. Kitabda yeni nəsil araşdırmaçıların və yazarların böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələri yer alıb.
“Mücrü" nəşriyyatında çap olunmuş "Nizami Gəncəvi irsi və gənclik" kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva, eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, lahiyə rəhbəri İntiqam Yaşar, tərtibatçı-dizayneri isə DGTYB-nin idarə heyəti üzvü Sərvər Kamranlıdır. Kitabın Bakı şəhərində və regionlarda təqdimat tədbirləri təşkil olunacaq.