
Super User
Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin (1923-2003) anım günündə - vəfatının 19-cu ildönümündə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin kollektivi də görkəmli dövlət xadimi, dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət edib.
Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və nazirliyinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ziyarət zamanı Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)
Sevinc Nuruqızının kitabı Tehranda çap olunub
Uşaq yazıçısı Sevinc Nuruqızının "Melisa" əsəri Tehranda "ÇərxiFələk" nəşriyyatında nəfis tərtibatla çap olunub.
Əsərin baş qəhrəmanı Melisa obrazı təcrübəli kuklaçı-rəssamlar tərəfindən hazırlanaraq kitabın bütün nüsxələrinə əlavə edilib.
“Melisa”nı fars dilinə Nəsim Yousefi tərcümə edib, kitabın naşiri isə Zəhra Bərqanidir.
Onu da qeyd edək ki, yazıçının çəhrayı saçlı gəlincikdən bəhs edən bu kitabı artıq üç dildə- türk, rus və fars dillərində balaca oxucularının ixtiyarına verilib.
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)
77 yaşın nə fərqi var ki…
Polad Bülbüloğlu Daşkənddə konsert verib
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ötən gün MDB ölkələrinin Gənclər Simfonik orkestrinin Daşkənddə keçirilən konsertinin solisti olub.
“Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər verir ki, dirijor pultunda Rusiyanın xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtuza Bülbüloğlu, özbək dirijor Alibek Kabduraxmanov və onun türkmən həmkarı Rəsul Kliçev öz məharətlərini nümayiş etdiriblər.
Konsert MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində təşkil olunub. Dekabrın 14-dək davam edəcək Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.
Qeyd edək ki, orkestr 2007-ci ildə MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılıb.
“Ədəbiyyat və incəsənə”
(13.12.2022)
…Söndür dodaqlarını
“Ədəbiyyat və incəsənət”in Poetik qiraət rubrikasında Əlizadə Nurinin “Söndür dodaqlarını…” şeirini sizlərə təqdim edirik.
…Gəldin, bir az düzəldi,
Bu dünyanın donqarı.
İsidir bu gecəni
Göydə ulduz tonqalı.
Tanrı yanımızdadı,
Göy üzü də yaxında.
Bizə yer də saxlayıb
Payız öz qucağında.
Bu darıxan əllərim,
Sənə yeriyib gəlib.
Yorulan barmaqlarım
Saçlarında dincəlir…
… Yel əsir, bu yarpaqlar,
Uçur çərpələng kimi.
Asılıb ay işığı
Yaxandan çiçək kimi…
O göy mənim göyümdü,
O ulduzla tanışam.
Qolumdakı saatı
Kənara tullamışam…
..:Bu gecədi, bir də biz,
Bir də bir quş yuvası.
Yağışa yalvarmışam
Bir az göydə yubansın.
Səhra kimi susuzdum,
Boş idim bir qab kimi.
Götür ay işığını
Üzündən niqab kimi.
Vaxt da susub… səhəri
Ya yubatmaq istəyir?
Sənə verib dünyanı-
Ay da batmaq istəyir…
… Söndür dodaqlarını-
Bu görüşdən sağ gedək.
Yığıb pıçıltıları,
Gecədən asaq gedək…
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Teatr əfsanəsinin ildönümü
Azərbaycan teatrının əfsanəsi, Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günü münasibətilə
Teatr tariximizin ən görkəmli nümayəndəsidir o. 1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru Abbas Mirzə Şərifzadə iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub.
Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında qətlə yetirilən Şərifzadəni unutdurmağa, yaddaşlardan silməyə çalışanlar təəssüf ki, bir şeyi unudublar. Unudublar ki, xalqını bütöv varlığı ilə sevən və xalqın sevdiyi əsl sənət fədailəri heç vaxt yaddaşlardan silinmir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 129-cu ildönümü tamam olur.
A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.
Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.
Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.
A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.
Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.
A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.
Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.
Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.
Görkəmli teatr xadimi təkcə istedadına güvənən sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə can atırdı. Yenilikləri sevir və onlara həvəslə yiyələnirdi. Bu, onun aktyor və rejissor ustalığını artırır, uğurlarının, qələbələrinin sayını çoxaldırdı.
Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub.
Haqqında uydurulan saxta ittihamlar, barəsində deyilən yalan və böhtanlar Abbas Mirzə sənətinin və şəxsiyyətinin qarşısında duruş gətirə bilmədi. Tarixin ədalətli hakim olduğu bir daha özünü göstərdi. Zaman, Abbas Mirzəyə Şərifzadə və onun kimi neçə-neçə saxta ittihamlarla günahsız yerə həbs olunan, güllələnən işıqlı simaların, böyük zəkaların haqqını özünə qaytardı. Onlar bu gün də mənsub olduqları xalqın yaddaşındadır və onların tutduqları yol, başladıqları iş bu gün də uğurla davam etdirilməkdədir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Xalq artisti Sərdar Fərəcovun 65 illiyi qeyd olunub
Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.
Milli Konservatoriyanın mediaya açıqlamasına görə, tədbirdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bəstəkarın zəngin yaradıcılıq yolundan danışıb.
Bəstəkarın konservatoriyadakı uğurlu fəaliyyətindən danışan rektor onun gördüyü işləri yüksək qiymətləndirib.
Sonra S. Kərimi bəstəkara Milli Konservatoriyanın fəxri medalını təqdim edib.
Çıxışlarda qeyd edilib ki, S. Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır – Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir.
Sonra bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
“Özünüzü evdəki kimi hiss edin” adlı sərgi nəyi ehtiva edir?
Paytaxtımızda rəsm sərgiləri artır, ölkınin incəsənət həyatı rövnəqlənir.
Dekabrın 16-da İçərişəhər, Ta(r)dino 6 Art Platform məkanında Azərbaycan və Almaniya qadın rəssamları olan Tora Ağabəyova, Şahnaz Ağayeva, İrina Eldarova, Rita Qayssler, Miryam Kroker, Hanna Lanqe, Leyla Rzayeva, Şəlalə Salamzadə, Lisa Völfelin "Özünüzü evdəki kimi hiss edin" adlı qrup sərgisi açılacaq.
Sözügedən sərgidə nümayiş edilən əsərlər vasitəsilə rəssamlar ziyarətçilərlə ev və qonaqpərvərlik haqqında öz anlayışlarını bölüşəcəklər. Təqdim olunan əsərlərin çoxu Azərbaycan və Almaniya rəssamlarının bu ilin sentyabr ayında başlayan “Məclisi-Ünsi” adlı layihəsinin əməkdaşlığının nəticəsidir. Bu proqram Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən Kultur Aktiv ilə birgə təşkil olunur və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.
Məlumat üçün bildirək ki, "Məclisi-Üns” layihəsinin birinci mərhələsində Almaniyada iki həftəlik rezidensiya çərçivəsində 9 Azərbaycanlı qadın rəssam Berlin, Drezden və Leypsiq şəhərlərində alman həmkarları rəssamlar, kuratorlar və müxtəlif mədəniyyət müəssisələri ilə peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər. Proqram Drezdendə keçirilən konfrans və Xurşidbanu Natəvana həsr olunmuş "Məclisi-Üns” adlı sərgi ilə yekunlaşıb.
İkinci və tamamlayıcı mərhələ çərçivəsində isə bir qrup alman rəssamı “Özünüzü evdəki kimi hiss edin” qrup sərgisinin açılışı üçün Bakıda səfərdə olacaqlar. Girişi sərbəst olan sərgi 2023-cü il yanvarın 14-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
“Hər cür çətinlik qüvvəni artırır”
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur barədə söylənilən daha 10 dəyərli fikir
Qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə daha 10 aforizm verməyi məqsədyönlü hesab edirəm.
Uğurun yol yoldaşı nizam-intizamdır.
Çin atalar sözü
Qələbə günü yorğunluq hiss olunmaz.
Fars atalar sözü
Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır.
İtalyan atalar sözü
İnsan heç vaxt uğurdan doymaz.
Yunan atalar sözü
Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən.
L.Blanki
Məqsədi böyük olan iş böyük sayıla bilər.
A.Çexov
Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz.
T.Drayzer
Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən.
D.Didro.
Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik.
R.Emerson
Hər cür çətinlik qüvvəni artırır.
C.Ferrari
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
Tolqa Sarıtaşdan üzücü xəbər
Türkiyəli aktyor Tolqa Sarıtaş peşəsiylə bağlı yeni qərar qəbul edib.
Türkiyə mediası bildirir ki, aktyor "Baba" serialının finalından sonra karyerasına bir müddət fasilə verəcəyini açıqlayıb.
Qeyd edək ki, serial 30-cu bölümdə izləyicilərinə vida edəcək.
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)
“Camaat az qala məni daşa basırdı...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
İSMAYIL OSMANLI
(1902-1978)
***
O vaxt “Yeddi oğul istərəm” filmi ekranlara çıxandan sonra küçədə-bayırda gəzə bilmirdim. Camaat az qala məni daşa basırdı. Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:
– Əlin qurusun! – oldu.
– Cəlalı Gəray bəyə necə satdın? – bir başqası həqarətlə söylədi.
Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.
– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?
Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm. Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.
Gəray bəy rolunu böyük ustalıqla oynayan Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:
– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.
– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.
– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.
Mən də Şəki ləhcəsi ilə zarafata salıb dedim:
– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...
“Ədəbiyyat və incəsənət”
(12.12.2022)