Super User

Super User

Çərşənbə axşamı, 13 Dekabr 2022 19:30

Mahsuna 300 min qonorar verəcəyik

 

Mahsun Kırmızıgül 17 il fasilədən sonra Bakıya gəlir. Sənətçinin konserti yaxın aylarda gerçəkləşəcək.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, müğənninin Azərbaycana gəlmə qarşılığında nə qədər qonorar əldə edəcəyi araşdırılıb. 

Komandası ilə paytaxtımıza təşrif buyuracaq Kırmızıgül bunun üçün 175 min dollar (təxminən 297 min 500 manat) tələb edib.

Qeyd edək ki, konsertin tarixi və bilet qiymətləri barədə hələ ki məlumat yayılmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır. 

 

Bu gün YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.

İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.

Layihənin məqsədi - musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.

Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Bu sualı redaksiyamıza oxucumuz Abdin Quliyev ünvanlayıb. Sualı cavablandırırıq. 

 

Bəli, olunacaq. Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı  “Azərbaycanfilm” kinostudiyasınln mediaya açıqlamasına istinad edərək bildirilir ki, festival dekabrın 12-də başlayıb, ayın 18-dək davam edəcək, Qazaxıstanın Almata şəhərində. Proqramda ümumilikdə 15 film iştirak edir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Ekran əsərində əsas rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər. 

“Mərmər soyuğu” eyni zamanda Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülüb. 

Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib. 

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

Türkiyənin musiqi sənətinin Divası adını almış Bülənt Ərsoyun həyatı boyu yüzlərlə plastik əməliyyat keçirdiyi məlumdur. Ötən gün Bülənt Ərsoy qastrola getdiyi Ordada bir kuyumçu mağazasını ziyarət etdikdən sonra küçədə böyük fanat ordusuyla rastlaşıb. Və dünəndən sosial medianı dolaşan bu fakt baş verib.

 

“Ədəbiyyat və incəsənət” “SonDakika” xəbər ajansına istinadən bildirir ki, sənətçini lentə alan fotoqrafın kadrlarına ilginc bir epizod düşüb. Sənətçinin görünüşündən hədsiz qorxuya düşən balaca qız uşağı. 

Süni gözəllik nəyə lazım? Solmuş çiçəyin ləçəklərini qoparıb ütüləyib təzədən yerinə yapışdırmaqla ona çiçək statusunu qaytara bilərikmi?

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Çərşənbə axşamı, 13 Dekabr 2022 17:30

Yaqub Öməroğlu təltif edilib

 

Türkiyənin nüfuzlu Avrasiya Yazarlar Qurumunun başqanı Yaqub Öməroğlu növbəti dəfə təltif olunib. Bu dəfə Kazakistan Kır Balası Vakfı tərəfindən ALAŞ ZİYALISI ( AYDINI) Medalı ilə.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

Şair Əkbər Qoşalının ingilscəyə çevrilmiş şeirləri Rumlniyanın "World Literature Academy" Ədəbi birliyinin "Vocea Literara" saytında, Belçikadakı "Galaktika Poetike Atunis" Beynəlxalq ədəbi birliyinin "Atunis Poetry" saytında, Banqladeşin "Rid Times" qəzeti və eyniadlı ədəbi saytında yayınlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dos.Dr. Təranə Turan Rəhimlinin təqdimatı ilə yayınlanan şeirləri ingilis dilinə beynəlxalq saytlarda tərcüməçi imzasına dacamlı olaraq rast gəlinən Sevil Gültən çevirib.  

Adıkeçən saytlar beynəlxalq miqyasda yaddaqalan ədəbi layihələrə imza atan ədəbi qurumların orqanı olaraq dünya yazarlarının uğurlarını təbliğ edir, ədəbi əlaqələrin genişlənməsinə xidmət edir. Bu anlamda "Atunis Poetry" (atunispoetry.com) saytı özəlliklə fərqlənir. Sayt hər ilin yekununda, əsərlərini yayınladığı şairlərin iştirakı ilə poeziya antologiyaları nəşr edir. 

Əkbər Qoşalının "Atunis Poetry" saytında yayınlanan şeirləri 2022-cü ilin yekununda nəşr ediləcək "Galaktika Poetike Atunis" antologiyasına daxil edilib. 

 

https://atunispoetry.com/2022/12/11/akbar-goshaly-azerbaijan/

 

https://vocealiterara.ning.com/blog/poems-by-akbar-goshali-azerbaijan?edited=1

 

https://www.redtimes.com.bd/

my-heart-is-full-of-memories/

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Ədəbiyyat və incəsənət” portalı Reporta istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin keçmiş rəisi Ələkbər Əliyev və məsləhətçisi olmuş Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətlərini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinın açılışı baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə keçirilən sərgiyə Özbəkistan Mədəniyyət Nazirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.

Daşkənd Dövlət Pedaqoji Universitetin mərkəzi foyesində nümayiş etdirilən sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə aid tarixi xəritələrinin surətləri sərgilənir. 

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Toplantısı çərçivəsində Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu və Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən Türkistanın unikal xəritələri və tarixi fotoşəkillərinin də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində nümayişi nəzərdə tutulub. Bu xəritələr məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edilmiş və türk xalqlarının tarixini və yayılmasını əks etdirir.

Türkistan və Qafqazlara dair tarixi xəritələrin sərgisinin keçirilməsi barədə təklif Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla keçirilən görüş zamanı irəli sürüb. Görüşdə Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən “Yustinian hakimiyyətinin sonlarına doğru Avropa” (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Samir Abbasov görüş zamanı xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyanın bir sıra muzeylərində yanlış xəritələrin sərgiləndiyini bildirib. O, regiona dair saxtalaşdırılmamış və həqiqəti əks etdirən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

 

“Ədəbiyyat və incəsənət” (13.12.2022)

Çərşənbə axşamı, 13 Dekabr 2022 14:30

Məktəbi və onun nüfuzunu xilas edən repetitorlar

 

Bir neçə ay öncə “Nazirin “Məktəblər təhsil vermir və biz bunu bilirik” kimi açıqlaması bunun həqiqətə uyğun olmaması barədə rəsmi açıqlama verilməzdən qabaq da o qədər də inandırıcı görünmürdü. Bununla belə son brifinqdə “Bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır” kimi etirafında müəyyən həqiqət var. 

 

Bəlkə də, el arasında “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılan qeyri-rəsmi fəaliyyət sahəsi sayılan, əslində məktəb mühitinə dağıdıcı təsir göstərən repetitorluğun gündən-günə çiçəklənməsində və rişələnməsində bu amilin də rolu az deyil”.

Bu barədə saytımıza təhsil eksperti Nadir İsrafilov danışdı. O, qeyd edir ki, repetitorluq nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir.

“Məsələnin yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki, sözləşərək yarıbayarıya bölünüblər. Repetitorluğu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da, yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da.

Məsələnin ciddiliyi bir də ondadır ki, baxmayaraq, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Lakin, bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edildiyində və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir. Şagirdin nüfuzundan və reklamından asılı olaraq hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırsaq, bunun valideyinə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil”,- deyə ekspert əlavə edib.

Ekspert vurğulayır ki, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsinə buraxılır. Başqa sözlə, dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni, hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi onun öz seçimidir.

“Olsun, elə isə bəs fəsadları necə olsun…? Əgər ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi” – deyə ekspert qeyd edib. Onun sözlərinə görə, bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bununla belə, repetitorluqla məşğul olanların cərimələnməsi barədə faktlara da ara-sıra təsadüf edirik.

Əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək. Bu halda həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dəsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar.

Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbəələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa belə, prosesin daha da təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar.

“Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq. Beləliklə, qarşısında üzbəüz qaldığımız dilemmanın çözülməsinin iki yolu var: Ya, repetitorluğu leqallaşdıraraq rəsmiləşdirmək, ya da məktəb təhsilinin keyfiyyətini yaxşılaşdıraraq repetitor xidmətindən asılılığı ortadan qaldırmaq”,- deyə İsrafilov qeyd edir.

                 

İlahin Zaman

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Çərşənbə axşamı, 13 Dekabr 2022 14:00

Musiqili Teatr balacaları “Qırmızı papaq”la sevindirdi

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ötən gün balaca teatrsevərləri “Qırmızı papaq və Redmuzi” müzıklı ilə sevindirdi. 

 

Məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızı papaq və Redmuzi” tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.

Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Əmrah Dadaşovdur.

Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızı papaq).

Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxdılar. 

Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşdülər. 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.