Super User

Super User

Çərşənbə axşamı, 07 Fevral 2023 18:00

“Təsəvvür edin ki, üç ilin binası çöküb…”

 

Türkiyədə baş verən dəhşətli zəlzələ günümüzün əsas mövzusudur və hər birimiz media ilə bərabər, daha çox Türkiyədə yaşayan tanış-bilişdən obyektiv informasiya almağa çalışırıq. Təbii ki, Türkiyədə yaşayan Xalq artisti Azərinin verdiyi məlumat da jər kəs üçün maraq kəsb edir. 

 

Xəzər TV-də gedən "Səhər mərkəzi" verilişinin canlı yayımına telefon vasitəsi ilə qoşulan Azərin dəhşətli fəlakətlə bağlı danışarkən bunları söyləyib: 

“Allah özü kömək olsun, bütün gecə dualar etmişik. Oradakı insanlar soyuqda qalıblar. Həmin görüntüləri izləmək olmur. Xüsusilə də dağıntılar altından çıxarılan uşaqları izləyəndə insan sevinc göz yaşları tökür ki, onlar xilas edilirlər. Türkiyə özü zəlzələ üzərində olan bir ölkədir. Bundan sonrakı dövrlərdə Allah hidayət versin, o binaları inşa edənlərə. Təsəvvür edin, 3 ilin binası çöküb. Allah hidayət versin, o insanlara ki, Türkiyədə bu binaları tikirlər. Bundan sonra bu bölgələrdə dözümlü binalar tikilsin. Çünki bu insan həyatıdır. Bu binalar o vəziyyətdə olmamalıdır".

Əlbəttə ki, sarsıdıcı məlumatdır. Əgər inşaatçılar vicdanla iş görsəydilər, yəqin ki, ölü sayı və dağıntı miqyası bu qədər olmazdı.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:10

Efirdən əyləncə yığışdırılıb

 

Türkiyədə baş verən dəhşətli zəlzələdə çox sayda insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib, qardaş ölkənin kədərinə şərik çıxan Azərbaycan da müəyyən direktivlərə əl atır. Məsələn, televiziyaların efir siyasətinə. 

 

Ana televiziyası olan AzTV qardaş ölkədəki faciəni nəzərə alaraq proqramında bir sıra dəyişiklik edərək bunu elan edib. Digər yerli kanallar da bunu ediblər. Bu səbəbdən bu gün bir sıra əyləncəli verilişlər efirə getməyib və getməyəcək. 

ATV-də yayımlanan "7 canlı", ARB TV-də yayımlanan "Həmin Zaur" proqramları yayımlanmayıb. Zaur Kamalın aparıcılıq etdiyi verilişin sabah da efirə getməsi nəzərdə tutulmur.

Bundan başqa, Xəzər TV-də yayımlanan "Xəzər axşamı"nın da bugünkü buraxılışında mövzu Türkiyədə baş verən təbii fəlakət olub.

Həmçinin, "Space" TV-də "Milli səs" yarışması yayımlanmayıb və "Bir axşam səhnədə" proqramı bu həftə efirə getməyəcək.

“Mədəniyyət” kanalında da verilişlər matəm nəzərə alınmaqla efirə getməkdədir. 

 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:09

Bakılı oğlan Vado Karovin Space-in direktoru təyin olunub

 

Space Müstəqil Teleradio Şirkətinin direktoru dəyişilib. 20 may 2021-ci ildən Space televiziyasına direktorluq edən Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə "Parni iz Baku" ŞHK komandasının aktyoru Vado Karovin təyin olunub.

Məlumat üçün bildirək ki, Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət "Şən və Hazırcavablar" klubunda - "Bakılı Oğlanlar" komandasında təmsil olunub. “Planet Parni iz Baku” ŞHK teatrının konsertlərində daim yer alıb. Bundan başqa, Vado Karovin "Lider" və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 15:08

Diqqət! Hava kəskin soyuyacaq!

 

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-a kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək, əhalini gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur. 

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

 

İndi bu ünvan qərənfil yağışına tutulmaqdadır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini hamı yad edir. Hazırda zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzməkdədirlər. 

 

Statistika açıqlandıqca və dağıntılar altından yeni cəsədlər tapıldıqca ölənlərin say hesabı sürətlə artır, qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Nəticədə 3419 nəfər ölüb, 20 mindən çox insan xəsarət alıb, 5775 bina çöküb.

Allahdan ölənlərə rəhmət, yaralılara tez sağalmalarını diləyirik. 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 14:28

Bu gün görkəmli rejissor Tofiq Tağızadənin 104 illiyidir

 

Azərbaycan kino tarixində qızıl lentlər sırasında qərar tutan iki film də var, “Uzaq sahillərdə” və “Yeddi oğul istərəm”. Bu gün o filmlərə təkrarən baxmağın yeri var. 

 

Bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür.

O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

Görkəmli rejissorun ərsəyə gətirdiyi “Görüş”,  “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

Yazının əvvəlindəki qeydimizə qayıdaq: Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.

Ruhu şad olsun!

 

Şəkildə: Tofiq Tağızadə (solda) çəkiliş zamanı. 

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 13:15

Anar sədaqəti

 

Ülviyyə Hrydərova yazır

 

Rüstəm İbrahimbəyovun doğum günü ilə bağlı məzarını zirarət etdim. Düzü, heç kimə xüsusi dəvət gəlməmişdi. Yəni kim istəyirdi gedə bilərdi. Birinci Fəxri Xiyabanın darvazasından içəri girəndə gördüm uzaqdan Xalq yazıçısı Anar ağır addımlarla dostu Rüstəm müəllimin məzarından ayrılıb əlində bir dəstə güllə daha bir yaxın dostu Vaqif Səmədoğlunun uyuduğu məzara doğru gedir. Yanında heç kim yox idi. Mənzərə məni o qədər duyğulandırdı. Onu heç vaxt unutmaram. Anar müəllimə yaxınlaşa da bilərdim. Amma narahat etmək istəmədim. Eləcə ayaq saxlayıb uzaqdan baxdım. Anar müəllimin dostluğu da bir nümunədir. Fəxri Xiyabandan çıxanda gördüm Ramiz Həsənoğlu maşınını parkovka edir. Buna əbədi, əzəli dostluq deyilir. Anar müəllimə, Ramiz müəllimə can sağlığı arzulayıram! Rüstəm müəllimə, Vaqif müəllimə Uca Tanrıdan rəhmət diləyirəm. Nur içində yatsınlar!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

 

Kino Məktəbinin tələbələrinə ötən gün diplomlar təqdim olundu

 

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ad günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Kino Məktəbinin təntənəli buraxılış gecəsi keçirilib.

13 tələbəyə (rejissor, ssenarist, animasiya rejissoru kursları üzrə) diplomlar təqdim olunub. 

Diplomları Azərbaycan Kinematoqrafçılar İttifaqın sədri Rasim Balayev, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova, Məktəbin rəhbəri Oleq Səfərəliyev təqdim ediblər.

 

Ssenarist Ülviyyə Heydərova “Ədəbiyyat və incəsənət”lə sevincini belə bölüşüb: “Azərbaycan Kinematoqrafçılar İttifaqının Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində bu gün buraxılış gecəsi oldu. Ötən il elə ustadın iştirakı ilə təntənəli gecə olacaqdı. Amma qismət olmadı. Bu gün Rüstəm müəllimin doğum günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı gecə təşkil elədi. Kino Məktəbinin 13 tələbəsinə diplomlar təqdim olundu. Nə xoşbəxt mənə ki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində "Kinodramaturgiya" ixtisası üzrə elə ustad Rüstəm İbrahimbəyovun özündən dərs almışam. Bu gün təntənəli gecədə ssenaristlərə diplomu elə Rüstəm müəllimin dostu, silahdaşı Xalq yazıçısı Anar təqdim elədi. Tarixi günü, həyatımda unudulmaz günlərdən birini yaşadım bu gün. İstəyirəm sizinlə bölüşəm. Əminəm ki, bu gün ustadımın da ruhu şad oldu.”

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Çərşənbə axşamı, 07 Fevral 2023 12:26

Bu gün Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür

 

Bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür. Mərhum müğənninin vəfatından 30 il keçir.

 

1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasına alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazandı.

Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

“Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

Hələ də onun ifa etdiyi mahnılar ürəklərə yol taparaq yaddaşlarda əbədi həkk olunmaqadır. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fəxr etdiyi ən yüksək zirvədir.

Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

APA “CNN Türk”ə istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərə təsir edib.

 

Eyni zamanda, zəlzələ nəticəsində tarixi Qaziantep qalası da dağılıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.