
Super User
“Yaşar Nuri toyuğu necə qaçırtdı”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Şəfiqə Məmmədovadır.
ŞƏFİQƏ MƏMMƏDOVA
(1945)
***
Tələbələrlə işləmək həm maraqlı, həm də məsuliyyətlidir. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor qəbuluna rəhbərlik etmişəm. İstedadlı gəncləri seçmək, üzə çıxarmaq mənim üçün çox vacib olub. Bir dəfə qəbul zamanı abituriyentə etüd tapşırığı verdim:
– Qızım, sən indi bu otaqdakı maneələrin arasında səndən qaçan toyuğu tutmağa çalış.
Qız:
– Baş üstə, – deyib, aşağı əyildi və etüdü göstərməyə başladı. Plastikası o qədər də xoşuma gəlmədi. Həm də hərəkətlərində bir qədər sünilik hiss etdim. Kolleqalarımla məsləhərləşdik, kafi yazmağa hazırlaşırdıq. Qız da “toyuğu” qova-qova qapıya tərəf germişdi. Elə bu vaxt imtahan otağının qapısı açıldı və aktyor dostumuz Yaşar Nuri içəri girdi.
Yaşarın içəri girməyini görən qəz əlini əlinə vurub dikəldi.
– Sən davam elə, – deyib, Yaşara tərəf getdim. Qız:
– Daha bundan sonra nəyi davam eləyim? – dedi. – Yaşar müəllim qapını açan kimi, toyuq otaqdan çıxıb qaçdı.
Hamımız güldük. Bu hazırcavablığına görə qıza üç dənə “yaxşı” yazdıq.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Yaxşı əhatə dairəsinə malik olma - Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(09.02. 2023)
Unudulmaz sevgi şeirləri: “Qayıt”
Bu dəfə rubrikamızda oxucularımıza Əli Kərimin məşhur “Qayıt” şeirini təqdim edirik. Şeir dəbi nə qədər dəyişsə də bu şeir dəbdən düşməyəcək ki düşməyəcək.
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Gənclərin “Gənc Elçilər” proqramının bağlanış mərasimi olub
Gənclər və İdman Nazirliyinin saytında xəbər verilir ki, “Gənc Elçilər” proqramının bağlanış mərasimi keçirilib və mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev çıxış edərək uzun müddətdir davam edən proqram haqqında öz fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin gənclər təşkilatlarının rəhbərləri və gənc elçilər də çıxış ediblər.
Sonda gənc elçilər proqramı uğurla başa vurduqlarına görə təltif olunublar.
Qeyd edək ki, “Gənc Elçilər” proqramı Gənclər və İdman Nazirliyinin dəstəyi, ARGTMŞ-nin təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələnib
Ən çox oxunan mədəniyyət xəbəri əfsus ki, neqativ xəbərdir: Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:
“Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara “Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.
Polis mayoru təəssüflə qeyd edib ki, bu kimi hadisələr paytaxtın bəzi yerlərində də təkrarlanır:
“Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər qanunsuz parklanır. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, “20 manatdır da, çəkirsən çək, verəcəyəm” deyirlər. Həmin bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik”.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
“Tofiq Quliyevin abidəsinin açılması bütövlükdə bəstəkarlıq sənətinə verilən böyük dəyərdir”
Xəbər verdiyimiz kimi, ötən gün mədəniyyətimiz üçün əlamətdar bir gün oldu. Paytaxtımızda dahi bəstəkar Tofiq Quliyevin abidəsi açıldı. Bu münasibətlə bir çox mədəniyyət xadimləri fikir bildiriblər. O cümlədən Bu fikirləri Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin direktoru Gülnarə Səfərova. O deyib:
“Bu, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin kollektivi üçün əsl bayramdır. Dövlətimiz hər zaman korifey sənətkarlara, onların irsinə diqqət və qayğı ilə yanaşır. Bakının mərkəzində, gözəl bir məkanda belə bir abidənin açılması bütövlükdə Azərbaycan bəstəkarlıq sənətinə verilən böyük dəyərdir.
Açılış mərasimdə ölkə başçısının da dediyi kimi Tofiq Quliyevin xatirəsinə hər zaman Azərbaycanda hörmət və diqqətlə yanaşılıb. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, şəhərimizin küçələrindən birinə onun adı verilib.
Görkəmli bəstəkarın abidənin açılışı zamanı Tofiq Quliyevin qızı Lalə xanımın dediyi “Bakıda ən yaxşı musiqi məktəblərindən biri mənim atamın adını daşıyır” sözləri bizi daha da ruhlanırdı. Kollektivimiz bundan sonra da görkəmli bəstəkarın adını layiqincə yaşatmağa çalışacaq.
Tofiq Quliyevin şəxsiyyəti, əsərləri hər zaman bizim üçün əzizidir. Bu abidə gələcək nəsillərin Tofiq Quliyev daha yaxından tanıması üçün möhtəşəm memarlıq nümunəsidir”.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Acıq portfel: Bakılılar daha çox içməyə və çəkməyə başlayıblar
Paytaxtın ticarət dövriyyəsinin həcmi 5 faiz artıb
2022-ci ildə paytaxtın ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 5 faiz artaraq 30 milyard 819,1 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən illə müqayisədə 16,9 faiz artaraq 18 milyard 698,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 faiz azalaraq 12 milyard 121 milyon manata bərabər olub.
İstehlak məhsullarının 32,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Bir ay əvvəl ölən aktyorun ölüm xəbərini indi yayıblar
Ötən gün saytlar bir-birini kopyalayaraq Amerikalı məşhur aktyor Çarlz Kimbronun vəfat etməsi xəbərini yaydılar. 86 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbinin açıqlanmadığı ayrıca qeyd olundu.
Halbuki sözügedən aktyor xeyli əvvəl - 11 yanvarda Kalver-sitidə vəfat edib.
Qeyd edək ki, 1960-cı ildən karyerasına başlayan aktyor "Merfi Braun" komediya serialındakı teleaparıcı Cim Dial rolu ilə məşhurlaşıb. O "Şirkət" filmindəki obrazına görə "Toni" mükafatına namizəd olub. Eləcə də Qremmi mükafatı nominantı olub. Amma mükafat qazanmaq ona müəssər olmayıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Hisslər rəsmlərin əsarətində…
Fevralın 25-də Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu davam edir.
Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.
Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron adresinə göndərilməsi vacibdir.
Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.
Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)
Tərcümə Mərkəzi Heydər Əliyev ilində yeni layihələr təqdim edəcək
Azərbaycan ədəbiyyatının dünyada təbliği Dövlət Tərcümə Mərkəzinin fəaliyyət istiqamətləri sırasında prioritet yerlərdən birini tutur. Bu gün dünyanın bir çox dövlət və ictimai qurumları, nəşriyyatları, ədəbiyyat jurnalları, mədəniyyət portalları Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bu çərçivədə Mərkəz ölkəmizin klassik, müasir və ən yeni ədəbiyyatını nəşr formatında, eyni zamanda beynəlxalq internet məkanında və dünya sosial şəbəkələrində kifayət qədər uğurla işıqlandırmaqdadır. Milli ədəbiyyatımızın İngiltərə, Fransa, Almaniya, İspaniya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Avstriya, Macarıstan, Çexiya, Türkiyə, Rusiya, Misir, Belarus, Kolumbiya kimi ölkələrdə nəşri, şəhərlərin mərkəzi kitabxana və universitetlərinə yerləşdirilməsi, geniş təqdimat mərasimlərində beynəlxalq ədəbi ictimaiyyətin nəzərinə təqdim edilməsi milli ədəbiyyat tariximizdə baş verən ilk və sözün əsl mənasında tarixi hadisələrdir.
Bu sözləri Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev AzərTAC-ın müxbirinə deyib.
“Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin ötən il Madriddə, Frankfurtda, Kiyevdə və Moskvada nəşrini, kitabların təqdimat və tanıtım mərasimlərinin keçirilməsini, bu günlərdə İmadəddin Nəsiminin Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında işıq üzü görmüş və Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış “Haqq yolu mən özüm oldum” kitabının əldə etdiyi uğurları xüsusi qeyd etmək istəyirəm. Bütün bunlarla yanaşı, Mərkəz son illər Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Azərbaycanın, xüsusən Qarabağın qədim tarixi, mədəniyyəti, ölkədə və onun ətrafında baş verən ictimai-siyasi hadisələrlə bağlı kifayət qədər layihələr ərsəyə gətirib. Bu mövzuda müxtəlif formatlı nəşrlər, toplanan mətn və məlumatlar əsasında hazırlanan videoçarxlar və s. 12 dildə, dünyanın 100-dən artıq kütləvi informasiya vasitələrində işıqlandırılıb”, - deyə Yaşar Əliyev qeyd edib.
O əlavə edib ki, Mərkəz bu il – “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərin 100 illiyi münasibətilə onun həyatını, işıqlı ideya və amallarını əks etdirən bir neçə nəşr layihəsi hazırlayıb. Bu kitabların, eləcə də Şuşanın qədim tarixindən bəhs edən “Qarabağın incisi – Şuşa”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Mikayıl Müşfiqin, Azərbaycanın Xalq yazıçıları Yusif Səmədoğlunun, İsa Hüseynovun və Elçinin əsərlərinin Rusiya, İspaniya, Misir və Gürcüstan kimi ölkələrdə nəşri və təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(09.02.2023)