Super User

Super User

Cümə, 24 Noyabr 2023 15:30

Heç nə ikinci dəfə təkrarlanmır

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Cümə günü sizlərə lətifə yox, bir ibrətamiz pritça söyləyəcəyəm. Qəhrəmanımız bir qurbağadır. 

 

Bir gün qurbağa başı üstə yerə çırpılır. Nəticədə gözəl bir qıza çevrilir.

Bu metamarfozdan bərk sevinən qurbağa ikinci dəfə özünü başı üstə yerə çırpır. 

…Və idbar bir oğlana çevrikir.

Heç nə ikinci dəfə təkrarlanmır.

Bilin, qulaqlarınıza sırqa edin.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Cümə, 24 Noyabr 2023 18:00

26 noyabr - KƏLAĞAYI GÜNÜ

Könül, “Ədəbiyyat və incəsənət”

 

26 noyabrı biz Kəlağayı günü kimi qeyd edirik. Bu il bu günün hansı özəllikləri olacaq? Bu sualla da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin qurucusu Güllü Eldar Tomarlıya müraciət edib ondan bilgilər aldıq. Həmin bilgiləri təqdim edirəm. 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert tədbiri keçiriləcək. 

26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da  kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək. 

 

Xatırladaq ki, konsert-tədbirə biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.

https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938

Fürsətdən istifadə edib mən də bir kəlağayısebən kimi portalımız vasitəsilə bütün sənətsevərləri və kəlağayısevərləri tədbirə dəvət edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni mənzum nağılını təqdim edir.

 

 

ACGÖZ AĞA

 

(Mənzum nağıl)

 

Keçmiş zamanlarda uca bir dağda

Yaşardı Əjdaha gözdən qıraqda.

Kimsəyə bir pislik eləməmişdi,

Hamı düşünürdü, bu necə işdi?

Əjdaha dediyin hücum eləyər,

Qorxudan canlılar aman diləyər.

Lakin bu Əjdaha sakitcə durur,

Ömrünü xoşluqla evində sürür.

İndi kimdən deyim sizə, a dostlar,

Bu kəndin bir acgöz Ağası da var.

İncidib hər kəsi həddin aşardı,

Pislik etmək ilə ömür yaşardı.

Kəndlinin sərvətin çapıb-talardı,

Etdiyi əməldən məmnun qalardı.

Hərənin boynuna bir iş qoymuşdu,

Kəndlilər Ağadan cana doymuşdu.

Toplaşıb bir yerə plan qurdular,

Çoxlu fikirlərlə beyin yordular.

Nəhayət, danışdı bir müdrik qoca,

Hörməti var idi dağdan da uca.

Söylədi: - Gərəkdir bu acgöz Ağa

Aldanıb bizlərə yollansın dağa.

Başqa əlacımız qalmayıb daha,

Onun öhdəsindən gəlsin Əjdaha.

Çəkdilər Ağanı kənd meydanına,

Bir-bir toplaşdılar onun yanına.

Hiylə dəyirmanın saldılar işə,

Girdilər Ağayla gizli döyüşə.

Dedilər: - Qarşıda gördüyün bu dağ

Dünyada hər yerə salıb səs-soraq.

Zirvəsi almazla, qızılla dolu,

Heyif ki, çətindir, keçilmir yolu.

Əgər qalxa bilsən dağın başına

Var-dövlət orada qalmaz boşuna.

Daha sərvətinin çoxalar sayı,

Bu da olar sənə Tanrının payı.

Ağanın sevincdən parladı gözü,

Tez qəbul elədi deyilən sözü.

Bilirdi Əjdaha hakimdir orda,

Özünü qoyacaq çətində, darda.

Lakin var-dövlətin xəyalı onun

Düşünmür tezliklə gətirər sonun.

Aldı qılıncını, yollandı dağa,

Düz getdi, baxmadı nə sola-sağa.

Nəhayət, yetişir həmin məkana,

Vahimə gətirir bura insana.

Gördü burda yoxdur ləl-cəvahirat,

Anladı kələklə üzləşib heyhat.

Bir az da irəli yüyürüb getdi,

Dağın zirvəsində xeyli yol ötdü.

Gördü yaxınlıqda bir iri quyu,

Düşündü içərəm mən sərin suyu.

Boylanıb quyunun içinə baxdı,

Bu zaman quyudan Əjdaha çıxdı.

Ağa qılıncını uzatdı ona,

Zərbə vurmaq üçün çəkildi yana.

Əlində qılıncı oynadan zaman

Qorxudan əlləri əsirdi yaman.

Qəzəblə nərilti çəkirdi nəhəng,

Ağanın üzündə qalmamışdı rəng.

Əjdaha Ağadan yapışdı dərhal,

Qəti tərpənməyə vermədi macal.

Bir göz qırpımında uddu Ağanı,

Hamının acgözdən qurtardı canı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Səbinə Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün

 

Münasibətdə baş verən hər hansısa problemi həll etmək o qədər də asan deyildir. Problemi həll etməyiniz üçün edilən müzakirə hər şeyi yoluna da qoya bilər, problemin bitməsinə də səbəb ola bilər, amma əksi də ola bilər. 

 

Bəs müsbət nəticə üçün əsas nəyə diqqət etməlisiniz?

Münasibəti davam etdirmək kənardan göründüyü qədər asan deyildir. Bəzən qarşı tərəflər bir-birini anlamaqda çətinlik çəkə bilirlər. Mövzu ilə bağlı Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu Zümrüd Haqverdiyevaya müraciət etdik. O aşağıdakı həll yollarından bəhs etdi:

 

1) Probleminizi müzakirə edin.

Münasibətdə olan problemlər həll olunmadığı zaman narahatlıqlar arta bilir. Buda zamanla münasibətin bitməsinə səbəb ola bilər. Bunun yerində baş verən problemi həmin zamanda partnyorunuzla müzakirə edib, həll yolları axtarın.

 

2) Qarşı tərəfə güvən hissini verin.

Partnyorunuza davamlı olaraq hər hansısa bir mövzuda narazılıq etmək, ona istəmədiyiniz mesajını ötürəcəkdir. Problemi müzakirə etmədən öncə, onu sevdiyinizi hiss etdirməyiniz daha gözəl seçimdir.

 

3) Bir-birinizi dinləyib, anlayış göstərməyə çalışın.

Müzakirə zamanı haqqlı olmağa çalışmaq normaldır. Lakin bu kimi hallarda partnyorunuzun da fikirlərini nəzərə almağı unutmamaq lazımdır. Ən çətin anlarda belə onu anlamağa çalışın.

Hər hansı bir narahatlığınızı açıq şəkildə ifadə edin, eyni zamanda qarşı tərəfin də fikir və duyğularını nəzərə almağınız, münasibəti daha sağlam və uzunmüddətli olmasına gətirib çıxaracaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Sabah “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək. 

 

Meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Noyabrın 22-də Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin dəstəyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində ''Sazlı Sözlü Kəlağayı Günləri'' adlı tədbir  keçirilib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı məlumat verib. Məlumata görə, tədbirdə sazlı-sözlü konsert, ''Anam kəlağayılı bir muğamıydı...''  kitabının təqdimatı və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib. 

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, ərazi bütövlüyü, suverinliyi uğrunda şirin canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair-publisist Güllü Eldar Tomarlı vurğulayıb ki,  ''Sazlı-sözlü Kəlağayı Günləri'' çərçivəsindəki tədbirlər noyabrın 1-də Naxçıvandan başlayaraq bu gün Qazaxda davam edir və yekun olaraq noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində 26 Noyabr-Azərbaycan Kəlağayısı günü münasibəti ilə kəlağayı bayramı keçiriləcəkdir. 

(Bu barədə ayrıca xəbəri portalımızdan günün sonuna doğru oxuya biləcəksiniz)

 

Güllü Eldar Tomarlı söyləyib: “Kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESKO-nun Qeyri -Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, dünya birliyi tərəfindən tanıdılmış və təqdir  olunmuşdur. Kəlağayı bayramı - Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qurumlarının, İcra Hakimiyyətlərinin dəstəyi ilə qeyd olunmuşdur”.

Sonra söz  AYB-nin Qazax Zona filialının  sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsala  verilib. O, kəlağayının bayram atributu kimi qeyd edilməsinin tarixi bir hadisə olduğunu vurğulayıb və kəlağayıya aid yazdığı şeiri söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri- Cavanşir Rüstəm, Tamella  Poladlı , Qaymaqlı Kənd Folklor evininin müdiri, şair Kazım Kazımlı, Qazax rayon Mədəniyyət Mərkəzininin ''Buta'' rəqs qrupu, Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, aşıq Lütfiyyə Musayeva, Qazax rayon Mədəniyyət  Mərkəzinin  ''Zurnaçılar'' ansamblı, Uşaq Musiqi məktəblərinin şagirdləri Məhəmməd Budaqov, Samir Mehdizadə, Kəmərli kənd orta məktəbinin şagirdləri Nərmin Alıyeva, Şəfəq Ləzgiyeva söylədikləri şeirləri, musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər. 

Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, şairlər- Brilyant Atəş, Tamam Yaralı, Güləndam Dağlarqızı kəlağayı haqqında maraqlı xatirələrini, düşüncələrini söyləyiblər.

Sonda Güllü Eldar Tomarlı bu möhtəşəm Sazlı Sözlü Kəlağayı Günlərininin Azərbaycanın hər bir bölgəsində gözəl qarşılandığına, təşkilatçılığına görə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət  Nazirliyinə, şəhərlərin, rayonların İcra hakimiyyətlərinə, Regional Mədəniyyət İdarələrinə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, Qazaxdakı bu günkü möhtəşəm qarşılanma və təşkilatçılıq üçün isə  Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Aygün Məmmədovaya, Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənovaya, Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlovaya təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

Kəlağayı günündə görüşənədək!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Cümə, 24 Noyabr 2023 13:00

Uğur üçün 15 keyfiyyət

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

1) Nümunəvi tərbiyə almaq.

Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.

Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.

Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

Bir müsahibəyə getmişdim. Mənə ünvanlanan sualları cavablandırdım, gördüm, əsl müsahibə alınıb. Dedim, oxucularımla bölüşüm. 

 

1. "Söz üçün cibəgirmə" marafonu haqqında nə düşünürsünüz?

 

 "Söz üçün cibəgirmə" - cibimizdə olan sözlərin fərqinə varmaq, ora yeni kəlmələr əlavə etmək və cibimizdən çıxarıb nitqimizə daşımaq üçün maraqlı texnikalarla inkişafa aparan yoldur. Yolumuzda çırağımız sözdür və o, həyatımız boyu bizimlədir, ona ağalıq etməyi öyrənməliyik ki, bizi tərk etməsin. Əks təqdirdə düzənimiz pozular. Bu yolda yol göstərən, bizə yoldaşlıq edən  yolçularımıza öncədən təşəkkür edirik.

 

2. Bu marafona niyə qoşulmusunuz?

 

Sizinlə birgə addımlamaqda məqsədim ilk növbədə gələcəyin cəmiyyətə yararlı şəxsiyyət formalaşdıran müəllimi kimi nitqimlə nümunə olmaq, onlara fikrimin bütün incəliklərini izah edə bilməkdən ibarətdir. Digər tərəfdən isə insanlarla doğru münasibət qurmaq üçün hər bir məsələdə köməyə çatan nitqə sahiblənmək bu marafona qoşulmağımın əsas səbəbidir.

 

3. Özünüzü nə vaxt kəşf etmisiniz?

 

 Seçim qarşısında qaldığım o günlərdə - ixtisas seçimi etdiyim müddətdə belə bir fikirdə qərarlaşdım: Azərbaycan dili və ədəbiyyat müəllimi olacağam. Bu qərar içimi çox rahatlaşdırdı. Universitet illərim doğru cığırda olduğuma daha da məni əmin etdi. Fikrimcə, insan irəliləyəcəyi ünvanı müəyyənləşdirdiyi və xoşhal olduğu o an öz kəşfində uğur qazanmışdır.

 

4. 2024-cü il üçün nələri planlaşdırmısınız?

 

Səbirsizliklə gözlədiyim ilərdən biridir 2024. Çünki tələbəlik pilləsindən müəllimlik pilləsini görə biləcəyim il ola bilər. Bunun üçün isə müəllimlərin işə qəbul imtahanına bir əsgər kimi silahlanmağım lazımdır ki, sualların cavabını hədəfdən düzgün atəş edə bilim. Digər planlar bu aşırımı nə dərəcədə keçəcəyimə bağlıdır.

 

5. Ən çox nəyə sevinmisiniz?

 

Sevindirici məqama gəlincə, insanlardan səmimiyyət, sevgi, anlayış duyduqda çox xoşbəxt oluram. Düşünürəm, ən çox məni sevindirən şeyi, lakin fikir dağarcığından əliboş çıxıram. Bu o demək deyil ki, mən özümü bədbəxt hesab edirəm. Sadəcə olaraq bir şeyə nail olmaq üçün çalışıram və nəticəni qabaqcadan təxmin etdiyimə görə normal qarşılayıram.

 

6. Biri sizdən kömək istəsə, nə cavab verərsiniz?

 

Sərf edəcəyimiz zaman təki özümüzə və başqalarına olan yardım üçün axsın. Bundan gözəl nə ola bilər?!

 

7. Ən güclü tərəfiniz hansıdır?

 

Sezdiyim güclü tərəfim fərqlilik - hər kəs kimi yox, özüm olmağımdır.

 

8. Birinə iltifat etmək istəsəniz, nə deyərsiniz?

 

Sədəf kimi ləfzlərinə heyran olduğum!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə ustad  şair İqbal Həhmətlə görüşür.

 

 

QORU ÖZÜNÜ

 

Gözündə gizlədir qübarı çoxu,

Yataraq ötürür naharı çoxu,

Yaxşı bax, gözləmir baharı çoxu,

Çiçəyi solandan qoru özünü. 

 

Ömür bir az qısa, bir az da dardır,

Yarısı həyadır, yarısı ardır,

Səbrin də həddi var, hüdudu vardır,

Kasası dolandan qoru özünü.

 

Acın gücü olmaz, yiyəsi olmaz,

Sözünü gizlədər, deyəsi olmaz,

Haramın necəsi, niyəsi olmaz,

Yeyərək doyandan qoru özünü.

 

Nadana fərqi yox olsun-olmasın,

Analar saçını yolsun-yolmasın,

Ay İqbal, iti get çatan olmasın,

Arxada qalandan qoru özünü.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Ruzbeh Məmmədindir.

 

 

Ruzbeh MƏMMƏD

 

 

MÜHARİBƏ 

Qulağını gətir, pıçıldayım... sonuncu sağlıq
Aman Allah, bu nə yolçuluq, bu nə uzaqlıq
Kövrəlmə, yekə kişisən, bu nə uşaqlıq?

Aman-zaman bircə unutma –
arxada durub
qoynunda qollarını 
unudanları,
bir qucaqlıq canı olan 
qadınları,
unutma hamının atıb getdiyi
eynəkli adamları...

Səni and verirəm barıt qoxulu köynəklərə,
Qayıtsan, döyüşdən qoca analar üçün eynək,
əri güllələnən qadınlara məktub gətir.
Bir də gəl qucaqlaşaq, nə olar, nə olmaz...


ANAMA SƏHƏR MƏKTUBU

Səhər günəşi doğmadan, payız yağışı yağmadan başlardı ömür
Təndir qoxulu ana, elə ağlaram ki, elə ağlaram...
Şəklinə baxıram, kəndimiz, yağışımız, dumanımız, bir az da taleyimiz görünür,
Uzaqdan elə görünürsən, elə görünürsən...

Taleyimdə elə xatirələr var ki, yadıma düşdükcə yaşlaşıram,
elə yerdə dayanmışam ki, tərpənmək bu andan yıxılmaqdı...

Bilmirəm, kim qarğıdı, xoş gün gəzə-gəzə uzaqlaşıram səndən də, 
Taleyim elə yerlərə atdı ki, qaçıb qurtula bilmədim, bilsəm, sənə yaxınlaşardım. 

Ömrüm uzundu, ya qısa – hər ikisi hüzndü, ağrıdı, qolları ləçəkli ana,
bircə sən bil bunu, başqa heç kəs...


UŞAQ CORABLARI 

Mən heç bir uşağı qurtara bilmədim,
Mən heç bir ananı da qurtara bilmədim,
Mən heç bir qadını da qurtara bilmədim,
Hamısını torpaq, daş altında qoyub yatdım.
Hamısının yerinə isindim, hamısının yerinə su içdim,
Bax, mən də Tanrı kimiyəm... 

Uşaq paltarı göndərmədim, cibinə şokalad doldurub
Corab göndərmədim uşaqların ayaqları üçün – dondu balaca uşaqların  kəpənək barmaqları... 

Ağrımadı əlimin soyulmuş dərisi, 
Qanlı barmaqlarımın qanın istisi ilə isitmədim körpəciklərin üzünü.
Mən elə gözümü yumdum ki, görmədim yer üzünün naqisliyini
Mən elə susdum, o hökmü verən Tanrını görmədim. 

Amma mən, mən ağladım,
Qızımın yorğandan çöldə qalıb azca soyumuş barmaqlarını öpüb ağladım...
Amma mən nə qədər uşaq əlləri isidə bilərdim dodağımla,
Nə qədər uşaq ayağı saxlaya bilərdim ovcumda,
Nə qədər göz yaşı axıda bilərdim onların qarşısında... 

Mən təkcə uşaq corabları göndərəcəm,
Bilirəm, donub ölən anaların istəyi təkcə budur...


SEREBRAL İFLİC

Göylə əlləşmək, yerlə vuruşmaq yorur,
Hara gedəsən? – güllələndi ədalət hissi.
Sağ olun, qəddar adamlar, nə yaxşı ki, varsınız.
Bu andan sonra quşlara ömür diləyirəm, 
bahara səbir,
Qaytara bilmirəm borcumu,
külək, yağış...
Ah, yağış, aman yağış...insanından yaxşı yağış.

Bəs ömrümdə kim azıb, kim itkin düşüb belə,
Hər yerim tənhadı, hamıdan bezən mənəm.
Mənə doğma, mən xoş – yosun, dəniz, ah balıq,
Sahilinə vurğun dəniz, ləpə, ah dəniz...
Yarpaqlarına kölgənənən ağac, budaq,
Kərpicinə söykənən divar, ah divar,
İntihar üçün kürəyimi sənə söykəyirəm... 

İki qız uşağı serebral iflic, ana tərk edilmiş, 
bu nə gündü, bu nə bəxtdi, İlahi?
İndi necə deyim bu gününə şükür,
Bircə deyə bilirəm: qadınına şükür,
payızına şükür, əl çatmayan göyünə şükür... 

Ölmək vaxtı, güllələnmək vaxtı, intihar vaxtı,
Gəlin qucaqlaşaq, adamlar, gəlin, son dəfə... 

Səni körpə ətcabalalı quşlardan, büklüm-büklüm yuvalardan
Soruşardım, İlahi, amma həvəsim də qalmadı.
İlahi, çox sağ ol, mən burda dayanıram:
mən sənə qaytarıram ömrümü də – Əlvida...


ERALARA BÖLÜNMÜŞ DÜNYADA QADIN ƏLİ 

Bu günə kimi elə bilirdim, qadın kişi üçün

Tanrı tərəfindən göndərilən hədiyyədi,
Elə bu günə qədər bilirdim, qadın kişinin müqəddəs yeridi.
Bu günə qədər elə bilirdim,

qadın qollarından adam xoşbəxtlik düzəldib yaşaya bilər,
Sən demə, qadın kişinin çəkildiyi ən böyük dərd yeridi,
Həm də qadın kişinin məhvidi... 

Tarixdəki qəhrəman qadınları bizə sırıyan tarixçiləri

hələ neçə-neçə əsr söymək olar,
Məsələn, yalandı Janna Dark, yalandı Vanqa
Ki, ehtiraslardan ötə keçə biliblər... 

Qadınların kişinin tərəfinə keçmə istəyi,
yəni kişiyə özünü təslim etməsi, azadlığa qovuşma istəyidir –
ehtirasın ən sonuncu dayanacağıdı qadın... 

Hardasa müharibələr də olmayacaqdı tarixdə,
əgər ki, Tanrı yer üzünə qadın gətirməsəydi,
Əslində, elə bilirdik, yaşamaq üçün mütləq qadın lazlmdı,
sonra başa düşdük ki, intihar üçün ən yaxşı vasitədir.
Amma susaraq deyim; qadın kişinin məhvidi...

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.