
Super User
İtkin gəlinlər cəmiyyəti? - AKTUAL
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
İşdə idim, hər zamankı kimi ətrafı müşahidə edirdim. Təsadüfən gözüm Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişinə sataşdı. Anonslar həmişəki kimi cəmiyyəti əks etdirən mövzularla dolu idi. "3 aydır itkin düşən gəlin tapıldı", "itmiş gəlin tapılacaqmı ?!" və s. Mövzular olduqca acınacaqlı və bir o qədər də dəhşətli təsir bağışlayırdı. "İtmiş gəlin" anlayışı artıq cəmiyyət üçün "itmiş əşya" statusu ilə eyni mənaya, paralelliyə sahiblik etməkdədir. "Gəlin" dediyimizin isə nə az, nə çox düz 16 yaşı var.
Təsəvvür edə bilirsinizmi bu nə deməkdir ?
Bu əsl dəhşətdir. 16 yaş - yeniyetməlik çağı, həyatı yeni-yeni dərk etmə anları, ətraf aləmlə tanışlıq vaxtı gəlin statusu qazanmaq çox bərbad bir vəziyyətdir. Hələ üstəlik, bir çox kənd yerlərində 9 və ya 11-ci sinif bitdikdən sonra oğul valideynləri "gözaltı", qız valideynləri isə "ər çörəyi" təbliğatı ilə məşğul olmağa başlayırlar. Bu yolda isə statistik terminlər - "gözaltı", " ər çörəyi", " ağ gəlinlik", " imkanlı ailə", " vəzifə", " şirinçay", " yalın ayaq", " kasetlər", " filankəsdən xəbərin varmı ?!", " pıça-pıç"lar və s. özünü göstərməyə başlayır.
Digər bir tərəfdən, ölkə televiziyasının bir çoxu bu kimi verlişlərlə uyğun, eyni adlı kütləni daha da aktuallaşdıraraq, onları idarə edir. Reytinq xətrinə şou düzəldir. Arxa fon musiqisi, "şok"onik anonslar və bir də sanki ölmüsən, artıq səni o biri dünyada mühakimə edən cin-mələk əvəzi münsiflər heyəti var. "Niyə belə etdin ?", "Gərək elə yox belə edərdin". Hələ bir də bu halları böyük səbrlə, həvəslə izləyən, ekran başına kilidlənən evdar "tükəzban" tiplərindən danışmıram. Onlar tamam başqa aləmdir.
Qınamaq asandı hər zaman, əsas məsələ qınaq obyektinə davamlı olaraq çevrilməmək, eyni səhvləri yenidən etməməyi öyrənməkdir.
Ətraf təsiri, təcrübəsiz fərdlər və bünövrəsiz nikah, sütunsuz ailə modeli yaradır. Təbii ki, bu da öz növbəsində çox çəkmir ki, sıradan çıxaraq ailədaxili münaqişələr, problemlər ortaya çıxarır. Son illərin statistik göstəricilərinə nəzər saldıqda görürük ki, ailə quranlarla boşananların sayı az qalsın ki, paralellik təşkil etsin.
Ailə kiçik bir dövlət modelidir. Ailənin nə demək olduğunu dərk etmədən onu yaratmaq çox böyük bir məsuliyyətdir. Hələ üstəlik o ailədə formalaşan fərdlərin taleyini düşündükcə isə bu hal daha da vahiməli vəziyyət almağa başlayır. Erkən nigahlar, ailədaxili təzyiqlər gələcək intiharı və cinayət riski amilini də özündə bir bumeranq kimi saxlamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
UNESCO-nun mənzil-qərargahında Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi qeyd olunacaq
2024-2025-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Azərbaycanın görkəmli şəxsiyyəti, memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin anadan olmasının 900 illiyi və “Divani-lüğəti-türk”ün isə 950 illiyi qeyd ediləcək.
AzərTAC xəbər verir ki, hər iki tədbir UNESCO-nun Baş konfransının 42-ci sessiyasında müvafiq qərarla yubileylər siyahısına daxil edilib.
UNESCO 1956-cı ildən etibarən görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərini qeyd edir. İndiyədək Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Yəhya Bakuvi, Yusif Məmmədəliyev, Mir Cəlal Paşayev, Musa Əliyev, Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının, “Leyli və Məcnun”, “Arşın mal alan” operalarının yubileyləri UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilib.
Yubileylər proqramı çərçivəsində keçirilən tədbirlər ölkəmizin zəngin mədəniyyətinin UNESCO tərəfindən tanınmasına və Azərbaycanın görkəmli şəxsiyyətləri və əlamətdar hadisələri barədə geniş auditoriyaya məlumatın çatdırılmasına imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Günün fotosu: Sabirabadda kitaba sayğı
Günün fotosu: Sabirabadda kitaba sayğı
Sabirabadda “Hophopnamə” kitab mərkəzi fəaliyyətə başlayacaq.
Regionun mədəni həyatında bir ilkdir bu!
Foto: Nadir Yalçınındır
Mədəniyyət nazirindən yeni təyinatlar
Cahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmrlər imzalayıb.
Belə ki, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan olub. 1984–1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988–1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.
1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.
2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.
Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub.
2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc istedadların "Qızıl kitabı"na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.
2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb.
M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və baş müəllim vəzifələrində işləyib. Eyni zamanda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Fotonun şərhi: Naxçıvanda Qərbi Azərbaycan rüzgarı əsdi
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Naxçıvanın baş meydanında, Heydər Əliyevin abidəsi önündə şəkilən bu fotoşəkil çox qiymətlidir.
Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresin açıldı.
Ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara əsasən, Qərbi Azərbaycana qayıdışla bağlı görülən tədbirlərin davamı olan festival-konqresin bu istiqamətdə mühüm töhfə verəcəyi şəksizdir.
Ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərs və seçmə fənlərin daxil edilməsi, eləcə də Qərbi Azərbaycan tarixinin araşdırılması baxımından sistemli tədqiqatların aparılması, elmi-tarixi əsərlərin yazılması zəruridir.
Bizi zor gücünə dədə-baba torpaqlarımızdan çıxaranlar haqq qarşısında cavab verməli olacaqlar.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
“Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.
“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.
“GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi alaraq öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat müddətində davam edəcək hakatonda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak edəcək.
Dekabrın 3-də münsiflər heyətinin dəyərləndirməsinə əsasən qaliblər müəyyən ediləcək və onlara mükafatlar təqdim ediləcək.
Qeydiyyat üçün week.creative.az səhifəsinə keçid edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
“CINEMO” Mobil Film Festivalının açılışına bir həftə qaldı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində olacaq.
Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.
Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında cinemoff.com yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm əsərləri sərgisi açılıb
Noyabrın 23-də Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgidə Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Ulu Öndərə, Azərbaycana, Şuşa, Xarıbülbül və Xocalı soyqırımına həsr etdiyi və digər əsərləri nümayiş etdirilib.
Tədbirin təşkilatçılarından olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var. X.Mustafayevanın çəkdiyi rəsmlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərinin - M.K. Atatürkün, Azərbaycan-Gürcüstan dostluğunun, Xocalı soyqırımının, Qarabağımızın, Xarıbülbülün, Şuşanın əsrarəngiz təbiətinin, Ulu Öndərin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin, Ümummilli Liderin və onun siyasətini ləyaqətlə və uğurla davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin portretlərinin xüsusi ardıcıllıqla nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir.
Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafayevanın sərgilərinə dəstək olduğunu qeyd edib.
Gürcüstanda səfərdə olan ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.
Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov Ulu Öndərin soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Rəssamın bu sərgisinin soydaşlarımızın Ümummilli Liderə olan sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb.
Rəssam X.Mustafayeva sərginin təşkilinə göstərilən dəstəyə görə, təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini göstərmək istəyib.
Sərgidə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə rəssamın 30-dan əsəri nümayiş etdirilib.
Qeyd edək ki, sərgi qafqazturk.com portalının informasiya dəstəyi ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Mənimlə gəl” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
MƏNİMLƏ GƏL
Saçlarım çiyinlərindən tökülür
Və bu pəncərədən Şimal dənizinə qovuşur
Məndən uzaqlaşmağını istəmirəm
Rəmkədə keçən buludlarla gedəsən
Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan
Və ya qoca tısbağalar arasında
Özünə dalasan
Səsini içindən eşidirəm
Onun dinliyi yoxdur
Gəl olayların dibərdinə vuraq
Gəl suların üzündə əsək
Və Mərcan qayalarını dalğalara oyuncaq edək
Günəş nəhəng ağaclar səltənətini idarə edir
Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?
İndi boğulmaq vaxtı deyil
Yerdəki canlılar arasında həyat hələ də davam edir
Mənimlə gəl
Tropik küləkləri izləyək
Və başqa yerə gedək.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Sabah “Sənsiz” oynanılacaq
Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası sabah və birigün - noyabrın 25-26-da Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.
Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.
“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)