Super User

Super User

Çərşənbə, 10 Yanvar 2024 16:00

QİRAƏT SAATInda “Eşq mələyi”

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

28-ci hissə

“Ulduzlar da bu axşam...”

 

Gecə saat üçün yarısı.

Ülkər eyvana çıxdı. Zülmət səmada o qədər ulduz var idi ki... İrili-xırdalı, parıltılı-parıltısız...

Bir müddət onları seyr etdi. Haradansa lap uzaqlardan xatirələr gətirib Rasimi səmaya həkk etdi. Rasimlə bağlı xatirələr ayaq açıb yeridi. Rasim musiqi sevən idi, diş həkimi olsa da, musiqiyə getmişdi, ionika deyilən bir alət var, pianonun, sintezatorun balaca qardaşı, ondan çalmışdı. Ülkəri evlərinə aparanda mütləq ionikanın arxasına keçər, mahnı ifa edərdi. İlk dəfəsində bu mahnını ifa eləmişdi, Ülkər heç vaxt unutmaz. Korifey müğənni Şövkət Ələkbərovanın repertuarından idi, Rasim ifa etdikcə həm də zümzümə edirdi. İnsafən, səsi də gözəl idi.

Gecə keçir, hələ yanır işığın,
Odlanıram, aşiqinəm, aşiqin.
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.
Yuxun şirin, sevgilim,
Eşqin var olsun!
Sənin eşqin, bəxtin
Sənə yar olsun!

Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.

 

Kövrəldi. Mahnılar xatirələri dilə gətirmək üçün ən effektiv vasitədir. Bir mahnı uşaqlığını yada salır, atalı-analı günlərini, biri gəncliyini yada salır, qayğısız-şən günlərini, biri sevib-sevildiyin dönəmi xatırladır...

Rüfətlə bağlı bir xatırlayası mahnı yox idi, yalnız sevgi şeirləri qalmışdı yaddaşında. Madarla bağlı ümumiyyətlə heç bir pozitiv xatirəsi yox idi. Qaramat basmış günlər idi, içki qoxulu mənfur nəfəs, kobud hərəkətlər, danlaq, təhqir, göz yaşları. Rəşid müəllim də romantikadan uzaq biriydi, hədiyyələr alır, robot kimi gəlib işini görüb gedirdi, sanki qarşısındakı canlı məxluq deyildi, hissiz-duyğusuz bir kuklayla münasibət qurmuşdu.

Sadəcə, Rəşid müəllimli günlərdən Səda Sayanın həmin o Bodrum konsertində şövqlə ifa etdiyi, qanları coşdurduğu “Gecələr” mahnısı qalmışdı.

Turalsa hamısından fərqli idi. Onda əksinə, cismani yaxınlığa meyil yox idi, yalnız mənəvi yaxınlıq aşiqi idi. Turallı günlərindən yadigar qalan mahnılar az deyildi, bəzən dini söhbətlərdən, Quranın şərhindən sonra çay içərək o, Tural və Banu – üçlükdə musiqi dinləyərdilər. Tural “Sarı gəlin” xalq mahnısının vurğunu idi, saatlarla dinləyərdi, doydum deməzdi.

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.

Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.

 

Sonradan bu mahnını Ülkər harada eşitmişdisə, hönkürüb ağlamaqdan özünü saxlaya bilməmişdi.

Mahnılar sənin keçmişindir, nostalji duyğularının oyanmasıdır. Heç bir raket, təyyarə, sürət qatarı səni keçmişinə apara bilməz, mahnılarsa bunu asanca edir. Elə indi olduğu kimi. Eyvana çıxdı, səmaya baxdı, ulduzları gördü və Rasimi xatırladı, Rasimli günlərini xatırladı. Rasimi sonradan o idbar anası evləndirdi, iki uşağı da oldu.Bir dəfə Ülkər onları bulvarda görmüş, ürəyi qubar etmişdi onda. Kişilər necə də amansız, acımasızdırlar, bir gül kimi necə də qoxulayıb sonra tullayırlar qadınları. Bir şair demişdi, kişilər hamısı ovçudur, qadınlarsa ov. Yadına saldı ki, həmin şair Ramiz Rövşəndir. Bənd isə belədir:

 

Bir ov meydanıdır, şəhərlər, kəndlər,

Tüfəngsiz, gülləsiz bu necə ovdur?

Bir azca ovçudur bütün kişilər,

Qadınlar hamısı bir azca ovdur.

 

Ətraf pəncərələrin hamısı qaranlıq idi. İnsanlar yatmışdılar. Gecənin bu vədəsində kim oyaq qalar axı... Hamı sabahkı günə hazırlaşır. Kimisi işə gedəcək, kimisi təhsil ocağına. Kimisi alış-verişə yollanacaq. Biri qonaqlığa, biri xeyir, biri şər məclisinə gedəcək sabah. İndisə yatırlar, yatırlar ki, sabaha daha güclü olsunlar, enerji yığsınlar.

Ülkər də sabaha güclü olmalıydı. Sabah -- sabah deyəndə ki, saat yarıma artıq işıqlaşacaqdı, saat 11-də, 12 radələrində həyatının ən vacib bir qərarını təsdiqləməliydi. Hə, yoxsa yox.

Amma cavabı yox idi, bütün ruhu, hissləri “hə” demək istəsə də, beyni, əqli “yox” demək istəyirdi.

İçəri qayıtdı, güzgünün qarşısındakı yerini tutdu.

Saat 3:44 idi.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

 

 

Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planı təsdiq edilib. Baş Plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə hesabat dövrü ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.

Tanınmış memar Cahid Həsənov portalımız üçün Baş Planı şərh edir. 

 

OLMAMIŞ YENİLİKLƏR BAŞ VERƏCƏK

Çoxdan gözlədiyimiz və nəhayət, təsdiq olunmuş Bakının Baş Planının memarlıq və şəhərsalmamıza nə verəcəyi ilə bağlı onu deyə bilərəm ki, bu günə qədər memarlıq və şəhərsalmada olmamış yeniliklər baş verəcək. Belə ki, bu gün əsas amil, üzləşdiyimiz, bütün dünya memarlıq və şəhərsalmada başlıca problem olan şəhər sıxlığı problemidir.

Sovet dövründə Baş Plan paytaxt şəhərinin əhali sayına və növbəti 10-30 ildə artacağına görə hesablanıb təsdiq olunurdu. Bu qanunun mövcud olduğu bir vaxtda müstəqilliyimiz əldə olundu. Bundan sonra əhali artımı qətiyyən uyğun gəlmədi. Sovet vaxtı Bakı şəhərinə giriş-çıxış qadağan idi. Yəni dünya ölkələrindən gəliş, işçi qüvvəsi yox idi, hətta rayonlardan gələnləri Bakıya qeydiyyata götürmürdülər.

Eləcə də o dövrə hesablanmış yol infrastrukturu indiki ilə uyğun gəlmir. İldən-ilə Bakıda həm bütün sahələrdə xaricdən gələn işçi qüvvəsi, həm də rayonlardan gələnlərlə birlikdə əhali sayı artır. Yeni Baş Plan əhali sayının artımına uyğun hazırlanıb. Buna uyğun tikintilər gedəcək və o sıxlıq azalacaq. 

 

METRO STANSİYALARININ SAYI ARTACAQ

Əvvəllər 1-2 milyon əhalisi olan Bakı üçün 20 metrostansiya nəzərdə tutulmuşdu. İndi 3-4 milyon əhali var. Metrostansiyaların artımı yerüstü nəqliyyatda sıxlığı azaldacaq və şəhər mərkəzinə gündəlik gəlib-gedən nəqliyyat vasitələrinin sayı azalacaq. Birincisi, burada şəhər sıxlığından azad olunma ehtimalı çoxdur. Digər tərəfdən, Bakının sovet dövründə bir mərkəzi, “Fəvvarələr meydanı”, sonra isə Bulvar vardı. İndi artıq Bilgəhdə istirahət kompleksi, Ağ Şəhər bulvarı, Bakının bütün rayonlarında park və xiyabanlar salınpb, buna  görə də  gəzinti üçün “Fəvvarlər meydanı”, Bulvara gəlməyə ehtiyac yoxdur. Hər kəs öz ərazisində olan parka gedir. Məhz bu, Baş Planda nəzərə alınıb. Biz də şəhərsalma memarı olaraq öz təkliflərimizi vermişik.

Əgər Bakıdan kənarda genişmiqyaslı sosial xarakterli bir park salınırsa, yaxud inzibati bina inşa olunursa, avtomatik olaraq özəl firmalar, MTK-lar tərəfindən bu etapın icrası başlayır. Şəhərsalma belə əmələ gəlir. Həmin binalarda qiymət baha olduğuna görə artıq insanlar düşünür ki, şəhərin sıxlığında nə işim var, yanında parkı, məktəbi, hətta metrostansiyası olan evlər var. Deməli, Bakı şəhərinin mərkəzi ərazilərinin çoxalması şəhərdə sıxlıq yaradan amillərin aradan qaldırılmasına gətirib çıxaracaq. 

 

YENİ YOLLAR

Yeni salınacaq yolların zolaqlarının enli olması, uzunluğunun çoxalması, 360-400 km əlavə yoların salınması onu göstərir ki, yolların tələbata cavab verməməsi yalnız bugünün işidir, sabah vəziyyət düzələcək.

Bu, indiki yolların yükünün boşaldılması deməkdir. Bu yol infrastrukturuna, nəqliyyatın gediş-gəlişi, insanların vaxt itkisinin qarşısının alınmasına da böyük töhfədir. Bütün bunlarla yanaşı, Bakı şəhərinin, ümumiyyətlə, genişlənməsi deməkdir. Yəni Bakının mərkəzi “Fəvvarələr meydanı” kontekstindən çıxır.

Bu genişləndikcə, iqtisadi inkişaf amili baş alıb gedəcək. Baş Planın təsdiqi növbəti dövr üçün iqtisadiyyatın artımı deməkdir. Bu, yalnız memarlıq və şəhərsalma, yolların düzəlməsi, sıxlığın azalması deyil, zavod və fabriklərin yeni ərazilərdə salınması, idman komplekslərinin, özəl sektorların və s. yeni ərazilərdə sayının bir o qədər artırılması, iş yerlərinin açılması deməkdir. Yaxın 50 ildə dünya sənayesində hansı nəqliyyat vasitələrinin inkişaf edəcəyini hesablayıb şəhərin Baş planını hazırlayırlar. Belə olduqda şəhərdə nə tıxac, nə darısqallıq olar, indiki bir çox problemlərlə üzləşmərik. 

 

YENİ GİRİŞ-ÇİXİŞ QOLLARI

“20 Yanvar” dairəsində olan körpü təbii olaraq nəinki uzun illərdən sonra gözləntiləri verə bilmədi. Yəni onun “20 Yanvar” dairəsində köməkçi qollarının olmaması ucbatından belə oldu. İstər şəhərdən Abşeron rayonuna, regionlara, Sumqayıta gündəlik gedib-gələnlər yenə də gəlib həmin köhnə dairədə tıxacla rastlaşırlar. Həmin körpü bu yükü üzərinə götürüb paylayıcı rolunu oynamadı.

Baş planda tam şəkildə, hətta Xırdalan dövrəsində olacaq qollar, yolayrıcları, körpünün aşağı istiqamətdəki yoldan yükü öz üzərinə götürən qollar vasitəsilə ərazilərə istiqamətləndirilməsi mexanizmi öz əksini tapır. Bu tam əminliklə zəmin yaradır ki, düzgün hesablanmamış peroblemlərlə üzləşməyək və üzləşməyəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 15:30

Görünən kəndə nə bələdçi...

“Ədəbiyyat və incəsənət” portalı həkim, yazar, AYB- nin, AJB-nin, YAP- üzvü, Prezident təqaüdçüsü, 5 kitab müəllifi Məlahət Hümmətqızının “Görünən kəndə nə bələdçi...” adlı yazısını təqdim edir.

 

Yadımdadır, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində Bakı Səhiyyə İdarəsindən xəbər gəldi ki, paytaxtda yerləşən bütün poliklinika və xəstəxanalar təmir olunacaq. Biz də - poliklinikamızın bütün personalı sevindik. Uşaq kimi atılıb–düşdük. İşçilər bir-birini qucaqlayıb öpdü. Hətta sevincimizi tanıdığımız-tanımadığımız hər kəslə paylaşdıq, bölüşdük. Sevincimizin həddi-hüdudu yox idi, aşıb-daşıb evlərimizədək yayıldı. O qədər sevincək olmuşduq ki, gecələr gözümüzə yuxu da getmirdi. Tezliklə qəsəbəmizdə yerləşən uşaq poliklinikası təmirə bağlandı və oranın işçiləri müvəqqəti olaraq bizim poliklinikaya yerləşdirildi. Bu dəfə daha çox sevindik. Ruhlandıq. Demək, xəbər düz imiş. Düşündük ki, növbə bizim poliklinikanındır. Bir ildən sonra uşaq poliklinikasının işçilərini bir az həsədlə, bir az da sevinclə yeni, təmirli iş yerlərinə - poliklinikalarına yola saldıq. “Sağ əlləri başımıza”, dedik. Gözlədik... Gözlədik. İllər keçdi, təmirdən səs-səmir çıxmadı. Neçə il sonra eşitdik ki, 2 saylı doğum evi və qadın məsləhətxanası təmirə bağlanır, oranın işçiləri poliklinikamıza yerləşdiriləcək. Yenə sevindik. “Noolar, yəqin növbə bizə də çatar” deyib, qapımızı kolleqalarımızın üzünə gülərüzlə açdıq. Həvəslə qonaqlarımızı qəbul etdik. Bu dəfə qonaqlarımızın sayı daha çox idi. Yerimiz dar idi, əvəzində qəlbimiz genişdi, otaqlarımızı iki il müddətinə onlara peşkəş elədik. Özümüz isə mehribancasına bir otaqda bir neçə həkim yerləşdik. Qonağa hörmət etmək adətimizdir, biz dözərik, inşallah, növbə bizimdir deyə, düşündük. Amma sən saydığını say... Tibb ocaqlarının təmiri başa çatdı. Doğum evinin işçiləri öz yerlərinə qayıtsalar da, qadın məsləhətxanasının işçiləri öz binalarına qayıtmadılar. Bilmədik təmirsiz poliklinika xoşlarına gəldi, yoxsa mehriban, üzügülər kollektivimiz? Ginekoloqlar poliklinikamıza həmişəlik yerləşdilər. Təmir arzumuz ürəyimizdə qaldı, üstəlik yerimiz də daraldı. Hamilə qadınlar 3-cü mərtəbəyə qalxıb düşməkdən kimisi depresiyaya düşdü, kimisi dərdə, kimisi də xəstəxanaya...

Avropa oyunlarından 10 ilə yaxın vaxt keçsə də hələ də təmisiz, şəraitsiz otaqlarda otururuq. Pasiyentlərin ”poliklinika niyə təmir olunmur?” sualına artıq cavab verməkdən yorulmuşuq. Düzdür, polikinikamıza bu il yeni avadanlıqlar-USM, müasir rentgen aparatı, laboratoriya üçün yeni cihazlar verilib. Təqdirəlayiqdir. Lakin bu kirli bədənə təzə paltar geyinmək kimi bir şeydi. Yəni altı təzək, üstü bəzək kimi. Olmazdımı ki, əvvəlcə xəstəni sağaldıb, çimdirib, sonra təzə paltar geyindirsinlər? Məsələn, götürək mənim otağımı. Bu otağa yeni mebellər yerləşdirilsə, nə dəyişəcək? Bəlkə ömrü bitmiş, sıradan çıxmış kanalizasiyanın iyi uçub gedəcək? 

Allah şair, yazıçı-publisist ,“Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylıya rəhmət eləsin. Yadıma bir əhvalatı düşdü. 2019-cu ildə poliklinikamıza məndən müsahibə almağa gəlmişdi. Zəngləşdik. “Yuxarı qalxın, 2-ci mərtəbəyə”, dedim. Axşam saatları idi. Tərslikdən dəhlizdə də işıqlar sönmüşdü. Qaranlıq idi. Qələminə bələd olduğum dəyərli, istedadlı yazıçı həmkarımı qarşılamaq üçün otaqdan çıxdım və pilləkəndə üz-üzə gəldik. Salamlaşdıq və otağa dəvət etdim. Elə üzümü çevirib qapıya sarı bir-iki addım atmışdım ki, tappıltı səsinə arxaya çevrildim. Gözlərimə inanmadım. Xaçınçaylı ayağı döşəmənin çıxmış parketinə ilişib ağzı üstə yıxılmışdı. Bir anlıq bilmədim nə edim. Dəli gülmək məni tutdu. Əlimi ağzıma tutub o ki var güldüm. Maraqlısı o idi ki, Qələndər müəllim yerdən qalxa da bilmirdi. Nə edəcəyini də bilmirdi. Nə baş verdiyini hələ anlamırdı. Ətrafa göz gəzdirib ”rəhmətliyin qızı, kömək elə ayağa qalxım, Allah, sənə şükür, bu nə idi başıma gəldi, sən burda necə işləyirsən?” dedi.

“Gördüyünüz kimi” deyib, əlindən tutub gülə-gülə ayağa qalxmasına kömək etdim. Qələndər müəllim “buna bax e, hələ də gülür” deyəndə hiss etdim ki, çox əsəbləşib. Qapını açıb otağa keçdik. Mənim “gözəl, yaraşıqlı” otağımı görüb bir anlıq susdu. Oturmadı. Sınıq stulları, qapısı qırıq şkafı, deşilmiş, çökmüş döşəməni, şüşəsi qırıq pəncərəni, üstünə balaca kağıza yazılmış “pəncərəni açmayın, qırıqdı” yazısını, qaysaqlanmış divarları, su kranının çanağını, tavandan tək patrondan asılmış lampanı və iki ayağı qırılmış asılqanı gözdən keçirib “doktor, deyəsən səhv gəldik, bura nə otağıdır?” deyib heyrətlə üzümə baxıb əlini üzünə çəkdi.

Gülümsədim... “Əyləşin, Qələndər müəllim, bura əvvəllər bəlğəm otağı olub. Sonra otaq çatışmazlığından ayaqyolular və bəlğəm otağı həkim otağına çevrilib”. 

Həmişəki kimi otağı kanalizasiya iyi bürümüşdü. Qonağım çevrilib kanalizasiya borusuna baxdı. Hiss etdim ki, iydən oturmaq istəmir. Cəld ayağa qalxıb kranı açdım. “Rəhmətliyin qızı, burda oturmağa yer var? Elə bil ayaqyolundayıq”, dedi. Sonra elə oldu ki, məni şöbə müdirinin otağına çağırdılar. Üzr istəyib otaqdan çıxdım. Bir neçə dəqiqə ləngidim. Geri qayıdanda Qələndər müəllimi otaqda görmədim. Bir neçə gündən sonra Qələndər müəllim poliklinikamız haqqında öz qəzetində böyük bir yazı yazdı. .

2020-ci ilin avqust ayında “Yeni Klinika”da covid xəstəliyindən dünyasını dəyişdi Qələndər müəllim. Ruhu şad olsun, gözəl insan idi. O, dünyasını dəyişəndə mən artıq Bilgəh modul xstəxanasında çalışırdım. Covidə yoluxan insanları müalicə edirdim. Bir əsgər kimi gecə-gündüz insanların sağlamlığı keşiyində dururdum. Onun dünyasını dəyişməyi mənə çox ağır təsir etdi. Poliklinikamızın təmir olunması, yeni avadanlıqlarla təhciz edilməsi onun ən böyük arzusu idi.

Hər il əlimi göyə qaldırıb Allahdan poliklinikamızın təmir olunmasını arzulayırdım. Bu il - 2024 əjdaha ili olduğu üçün poliklinikamıza heç nə arzulamadım. Daha nə arzulayıram, nə də üsyan edirəm. Görünən kəndə nə bələdçi? Görən görür, bilən də bilir hər şeyi. Yazan da yazıb. Nə xeyri? Demək hələ belə otaqlarda oturmaq məcburiyyətindəyik. Axı niyə? Hərdən beynimə qəribə fikirlər gəlir. Deyirəm, tamaşada deyildiyi kimi, “bəlkə bizə əjdaha lazımdır?” 

Əjdaha ilinə qədəm qoyduğumuza görə bir az ürəklənmişəm. “ Poliklinikamız heç vaxt təmir olmayacaq!” deyənlərə inanmıram. Çünki əjdaha ilində “əjdaha” insanlardan çox şey gözləyirəm. Onlara inanıram. Necə deyərlər, dəvədən böyük “əjdaha” var... Çünki dünyanın ən qaynar vaxtlarında covidlə mübarizə aparan (istər xəstəxanalarda, istərsə də poliklinika daxilində) onlarla qəhrəman həkimimiz var. Baxmayaraq ki, bu fədakar həkimlərimiz orden, medal, fəxri fərman, təşəkkürnamə almadı, amma adları üstündədir. Onların hər biri dövlətinə, millətinə təmənnasız xidmət edən andına sadiq qəhrəman həkimlərimizdir! 

Sonda isə bir sual vermək istəyirəm.:

-Görəsən TƏBİB, Bakı Səhiyyə İdarəsi, İcbari Tibbi Sığorta İdarəsinin işçiləri belə otaqlarda oturub insanlara xidmət etməyi özlərinə rəva bilərlərmi?

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Vallah, Vahid Əziz çətin işimiş...

 

Neynim ki, dövranın gələm xoşuna,

ya da ki, biryolluq yan durub, gedəm?

hərdən əl atıram haqqın daşına,

vurub bu dünyanı sındırıb gedəm.

 

Suallar əl çəkmir, əhli-halam ki,

neynim – “kim nə çaldı?” qaravulam ki?

gərək ucalmaqçün arsız olam ki,

hər düşük havaya sındırıb gedəm?!

 

Küt elə kütdürsə, daha “kütlə” nə?

Yaxşı qorunacaq pis kilidlə nə?!

Qəlbim yol vermədi eşqin qətlinə,

gülüm, imanımı yandırıb gedəm!

 

Vaxtdan “yoxum” qaldı, aldı “varımı”,

bu, qanlar baisi qəsdən sarımı?!

Dünyadan köçəndə öz mağarımı

gərək dünya boyda gen qurub gedəm!

 

Kaş ki; çin olaydı nə yozmuşamsa,

mən düşəm özgəyə nə qazmışamsa,

hərdən istəyirəm nə yazmışamsa –

yandırıb külünü sovurub gedəm!

 

Tanrım, neynəyim ki, arzular gülə,

kim qıydı başıma dünya dar gələ?

Yanına yol gedən bir qatar gələ

kimsəyə demədən oturub gedəm.

 

Cəllad başım boyda qızıl istəmiş,

zəkam kasad oldu, elədim gümüş!

Vallah, Vahid ƏZİZ, çətin işimiş

şərdən-şəbətədən qorunub gedəm...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün nəğməkar şair Baba Vəziroğlunun 70 illik yubileyi günüdür, mən də öz rubrikamda sizlərə şairin dillər əzbəri olan sevgi şeirlərindən birini təqdim edirəm.

 

 

Bilirəm  tək yanan mən olacağam 

 

Bu da son ayrılıq son dayanacaq

Qismətin əlindən biz hara qaçaq.

Günah kimdə oldu – bilmirəm ancaq

Bilirəm – tək yanan mən olacağam 

 

Bilmirəm – sevincdən ya qəmdən oldu,

Bilmirəm dumandan, ya çəndən oldu.

Bəlkə də ayrılıq, tək səndən oldu,

Bilirəm – tək yanan mən olacağam. 

 

Niyə ayrılırıq, hara gedirik,

Vurub qəlbimizə yara gedirik.

Bəlkə ikimiz də günah edirik,

Bilirəm – tək yanan mən olacağam. 

 

Bəlkə bir yuxuydu – oyanmalısan,

Bəlkə, geri dönüb dayanmalısan,

Cəhənnəm oduna sən yanmalısan

Bilirəm – tək yanan mən olacağam. 

 

Min günah elədin sən dönə-dönə,

Bağışladım səni, sınadım yenə.

Yenə də, yenə də sənin xətrinə.

Bilirəm – tək yanan mən olacağam.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Əli Bağış, “Ədəbiyyat və incəsənət” portalı üçün 

 

1. Böyük-böyük adamların kiçik-kiçik işlər görməsinin yalnız bir səbəbi var: Böyük işləri kiçik, çox kiçik adamların oğurlaması!

 

2. Kimin nə, necə dediyinə yox, niyə dediyinə baxın.

 

3. Oğluma: Atam atandan böyük kişi olub, özüm özündən!

 

4. Zəif olanda hamı ədalətli olur, Kişi odur ki, güclü olanda ədalətli olsun.

 

5. Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə...

 

6. Söz, Əməl, Adam arasındakı tərs mütənasiblik belədir: Sözlə Əməl arasındakı məsafə kiçildikcə Adam böyüyür, Sözlə Əməl arasındakı məsafə böyüdükcə Adam kiçilir!!!

 

7. Çox şərəfsizin kişi olduğu ayaqyolunda "Kişi" yazılmış lövhəyə sarı gedəndə yadına düşür...

 

8. Övladlarımıza heç bir sərvət saxlaya bilmiriksə, heç olmasa "Allah rəhmət eləsin, atan yaxşı Adam olub, bala"-nı saxlamaq ki öz əlimizdədir...

 

9. Həyatda ən qəliz şey bir adamı tanımaqdı. Tanıyandan sonra həyat o qədər asan olur ki...

 

10. Ən gözəl sözləri şairlər, tamadalar, mollalar seçib danışırlar. Mənə sözünü yox, Əməlini göstər eee...

 

11. Allahın sığorta idarəsi işləmir: Heç kim Heç vaxt Heç nədən sığortalanmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

“Əgər mənim belə şansım olaydı, atama zəng edərdim. Sağ olanda demək istəyib deyə bilmədiklərimi, onu çox istədiyimi deyərdim, nə vaxtsa əsəbi olub acı cavab verdiyim üçün bağışlamağını  istəyərdim. Ondan sonra məni incidən, qəlbimi qıranlardan şikayət edərdim. Bir də, sağollaşmadan niyə getdin deyərdim . İnciməzdim, amma barı son dəfə sağollaşardlm. Gözün arxada qalmasın,  sənin istədiyin kimi biri olacağıma söz verərdim. Kaş ki belə bir şans olardı...”

Xumar Şirvanova

 

“Məncə, həyatımızın müəyyən dövründə yanımızda olub indi həyatımızdan çıxan şəxslərə, eyni zamanda bizim özümüzə həyat dəfələrlə o zəngi etməyə, addım atmağa, hətta qucağlaşıb yaralarımızı sağaltmağa şans verib. 

Aradan illər keçir və sən yaşananları xoş bir xatirə kimi xatırlayıb gülümsəyirsən. Sadəcə bu qədər: mən xatirələrimə və xatirələrimdəkilərə zəng etmək istəməzdim. Təki xatirələrimdəkilərin xətri ilk günkü kimi qalmış olardı. Əgər dünyadan köçən bir doğmama zəng etmə şansım olsa, yenə etməzdim, çünki insan darıxdığı insana darıxıram deyə bilmir. Sadəcə saatlarla boş divar izləyib keçmişinə köks ötürür. Qısacası, zəng etdiyiniz nömrə ya söndürülüb, ya da şəbəkədən xaric olunub.”

Kübra Quliyeva

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 12:30

Dünya nəyə gülür?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizlərə dünyanın güldüyü lətifə, fraza, əhvalatları təqdim edəcəyəm. Təbii, maraqlıdır, tutalım, statistik amerikalı, yaxud papua-yeni qvineyalı nəyə gülür? 

 

LƏTİFƏ 1

Nil Armstronq doğma şəhərinə qayıdıb gəlir və doğma pivəxanasına baş çəkmək istəyir. Gəlib görür ki, pivəxana yerində yoxdur. Təəccüblə yoldan keçəndən soruşur:

-Burda pivəxana var idi, hanı?

Adam təəccüblə deyir:

-Sən Aydan-zaddn gəlmisən ki? Pivəxananı 1 aydır ki söküblər. 

 

LƏTİFƏ 2

İki rus xanımı Antalyada dincəlirlər. Bu vaxt onlara iki kişi yaxınlaşır. Biri sarışın, biri qarabəniz. 

Tanış olurlar, yeyib-içirlər. 

Sonra xanımlar tualetə keçirlər, onlardan daha diribaşı olan Sveta deyir:

-Qaralara nifrət edirəm, sarı mənlikdir.

Maşa da çar-naçar razılaşır. 

Gecəni keçirirlər, səhərisi səhər naharı süfrəsi arxasında Sveta deyir:

-Ay da, heç bilirsən kavalerimlə biz necə romantik və ehtiraslı gecə keçirdik?

Maşa deyir:

-Mənəsə kavalerim evlilik təklif etdi.

-Fu. O qara iyrəncdir.

-Ey. Ağzına gələni danışma. Səni otelimizdən qovarıq. 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 10:45

Bir içimlik Musiqi - 3-cü yazı

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər 

 

İlin son hesabat konserti Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta" xalq çalğı alətləri orkestrinin konserti oldu. Orkestrin bədii  rəhbəri Dirijorluq Kafedrasının bas müəllimi Aysel Bağırova idi. 

 

KONSERTDƏN ÖNCƏ

Bu orkestrin əzmlə məşq etdiyinin şahidi oluram. Səhər və axşam məşqlərində iştirak edərək onları dinləyirəm. Ən çox diqqətimi çəkən Aysel Bağırovanın  tələbələrə olan münasibətidir. Onlara bir sənətkar, bir böyük şəxsiyyət kimi yanaşmaqla bu doğma mühiti yarada bilmisdir. Onu sevirlər və bu sevgi yaradıcılıqla dolu gələcəyə işiqlı yol açır.

Hesabat konsertinə hazırlaşan “Buta" xalq çalğı alətləri orkestrinin  hər bir üzvü həyacanlıdır. Onların içində Hüseyn Nağıyevi görürəm. Heç bir ay olmayıb ki, prezident taqaüdçüsüdür. Çox istedadlı bir gəncdir, həm də İncəsənət Gimnaziyasının məzunudur. Bir-birindən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri orkestri bu il bir ilkə addım atır.

Ona görə də hesabat konsertinin adı "İlk addım"dır. Bundan öncə xalq çalğı orkestrləri in H və in D  köklərində səsləndirilsə də, “Buta" xalq çalğı alətləri  orkestrinin bədii rəhbəri, Dirijorluq Kafedrasının baş müəllimi Aysel Bağırovanın təşəbbüsü və səyi nəticəsində orkestr in C kökündə yəni Do kökündə səsləndiriləcək.

Bu, bəlkə də, hər bir orkestr rəhbərinin arzusu olmuş, yalnız onu həyata keçirməyə risk etməmişdir. Lakin biz bunu etdik. Dirijorun sevincini sizinlə bölüşürəm.

Konsertə güçlü hazırlıq işləri gedir, axşam saatlarıdır. Aysel Bağırova yenə məşq edir.

Ən çox nəzərimi çəlb edən məqam xarici müsiqilərin bizim milli musiqi alətlərində ifası oldu. Bu mənim böyük marağıma səbəb olduğundan, saatlarla məşqdə oturub, tamaşa etdim. Azərbaycan Milli Konservatoriyasının rektoru, Siyavuş Kərimi də məşqlərdə iştirak edir. Öz tövsiyələrini, iradlarını bildirib, yaxşı ifalarda sevincini büruzə verir.

Bu da gənclərə, gənc çalışqan müəllimə böyük stimul olur və gələcəkdə onları daha çox nailiyyətlərə sövq edir.

İstedad harda olsa öz haqqını alıb və öz xoşbəxtliyini yaşayacaqdır. Konsert günü yetişir. Hamı, bütün iştirakçilar həyacan içindədir.

 

KONSERT

Aparıcı səhnəyə daxil olub orkestri  təqdim etdi. İlk olaraq Azərbaycanın himni ifa edildi.

Himndən sonra nəzərimi cəlb edən həm qürurlu, həm də qəmli bir məqam baş verdi. "Xudayar" təsnifini bu orkestr üçün Pikə  Axundova işləmişdir. "Xudayar" təsnifini ifa etmək şansı solistlər - Vətən muharibəsi iştirakçıları, Füzuli, Xocavənd, Cəbrayıl və Şuşanın azad olunması medalları ilə təltif olunmuş Sevindik Abbasov və Xocavəndin azad olunması, Vətən muharibəsi iştirakçısı medalları ilə təltif olunmuş Elmir Səfərli, həmçinin, istedadlı qızımız Ülkər Abdullayevaya qismət oldu.

Zal onları ayaqüstə qarşıladı. 

Qeyd edim ki, orkestrin baş alətləri ifaçısı Elvin Nəbiyev də Vətən müharibəsi iştirakçısıdır, Füzuli, Xocavənd uğrunda döyuşlərdə iştirak etmişdir. 

Azərbaycan Milli Konservatoriyasının tələbələri arasında şəhidlik zirvəsinə yüksələn Toğrul Haciyev də bu orkestrin ifaçısı olmuşdir.

Bu üzgün notlarda şəhid Xudayar Yusifzadəni yada salan qəmli təsnif ifa olunur. Bir-birindən zəngin olan repertuarın orkestr üçün işləmələri Aysel Bağırovaya və Zərrin Muradovaya aiddir. Fəqan Ələsgərov adlı tələbəmiz nəfəs aləti balabanda elə gözəl ifa edir ki, zal onu səssiz, valeh olacaq şəkildə dinləyir. Sonra alqışlar ətrafı bürüyür. Konsert bütün bu ay ərzində çəkilmiş əziyyətlərə və yuxusuz gecələrə dəydi. Konsertin sonunda rektorumuz səhnəyə çıxıb orkestrin bədii rəhbəri Aysel Bağırova başda olmaqla hər bir ifaçıya ayrı-ayrılıqda təşəkkür etdi. 

İlk gündən bu günə qədər Siyavuş Kəriminin öz istedadlı tələbələrinə diqqəti məni düşündürür. O, istedadlı olanı mütləq dəyərləndirir, bu da tələbələr üçün yeni stimul verir.

Aysel Bağırova Azərbaycan musiqisinin sabahıdır. Mən çox sevinirəm ki, bizim musiqimiz və mədəniyyətimiz bu cür istedadlı, əzmkar gənclərin ixtiyarındadır.

Bütün konsertlərin sonunda Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavis Kərimi səhnəyə çıxaraq müəllimləri və tələbələri təbrik edir, bir-birindən istedadlı tələbə heyətinə artıq dərs  prosesində iştirak edən tələbə kimi yox, sənətkar kimi yanaşır, bu isə istər-istəməz insanda fərəh hissi doğurur. Azərbaycan mədəniyyəti  və incəsənəti əmin əllərdədir. 

 

ECAZKAR SAZ

Çox sevindirici haldır ki, Konservatoriyada Humanitar Fənlər Kafedrası da var. Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur. Çünki hər bir musiqiçi ədəbiyyatı və öz dilini mükəmməl bilməlidir. Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizov da ilk gündən maqistr tələbələrin konsertləri haqqında məlumat verir, kafedra nəzdində keçirilən tədbirləri izləyir, bizim işimizə diqqətlə yanaşır.

Ümumən, bu ay ərzində keçirilən bütün tədbirlər bir-birindən maraqlı və mənalı idı. İnstrumental Muğam Kafedrasının saz konsertini bir aşıq musiqisini yeni tədrisinin təzahürü kimi də qələmə vermək olar.

Müasir dövrdə aşıq musiqisinin tədrisinə olan tələbə marağı heyrət  ediləcək bir yenilikdir.

Saz konserti Azərbaycan Milli Konservatoriyasına gələn qonaqların böyük marağına səbəb olur. Konsertdə Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı aparıcılıq etməklə yanaşı, eyni zamanda öz şagirdləri ilə səhnəni bölüşür.

 

YUBİLEY KONSERTİ

Nəhayət, dəyərli alim, musiqişünas Fəttah Xalıqzadənin 70 illik yubileyinə həsr olunmuş Elmi praktiki konfrans.

Fəttah Xalıqzadə qapı açılınca soruşur:

“Qızım, sən bu gündən burda işləyirsən?"  

Əlində çoxlu kağız var. “Mən Fəttah Xalıqzadəyəm". İmzasını və adını tez-tez eşitdyim bu alimin belə sadə ve təvazökar olacağı heç ağlıma  da gəlməzdi. Onun Azərbaycan folklorunu bölgələrdən ilmə-ilmə topladığını bilirdm. Bu barədə çox  eşitmişdim. Susub dinləməyə davam etdim. “Demək mətbuatla məşğul olacaqsan. Ay qızım. Sən heç bilirsən insan necə xəbər yaymalıdır?"  “Azdan, çoxdan bilirəm"  deyib gülümsədim. “Sənə bir tovsiyəm var"  Hansısa müəllifin adını çəkir. O deyir ki,  “Qızım, insan gərək xəbəri elə ifadə edə ki, təriflə tənqidin məsafəsi çox olmasın. Başa düşürsən?". “Başa düşürəm, Fəttah müəllim, yəni olduğundan çox qabartmaq olmaz". Olduğu kimi çox da ifadə edə bilmirəm özümü. Söhbəti alıb gedir. Fəttah müəllim gözəl sənətkarlardan, musiqi dünyasından xeyli danışır.

Onu sona qədər, maraqla  dinləyirəm. Bir az keçmir soruşur. “Heç elə olarmı insan danışa, amma danışdığı  adamın adını bilməyə?" Gülümsəyib adımı deyirəm. “Fəttah  müəllim, siz çox gözəl musiqişünas alimsiz. Bizim evdə həmişə adınız çəkilib. Mənim ana tərəfim də musiqiçi ailəsidir. Sizin adınızı çox eşitmişik", deyirəm. Fəttah müəllim mənim sözlərimə  gülümsəyir.

Bir müddət sonra Etnomusiqişünaslıq Kafedrasının çox istedadlı xanım, kafedra müdiri Jalə Qulamova Fəttah müəllimin 70 illiyinə həsr olunmuş tədbirə hazırlaşdığını vurgulayır və onun məqalələrindən ibarət bir kitab tərtib etdiyini deyir. 

…Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəsəfə doktoru Fəttah Xalıqzadəyə həsr olunmuş Elmi-praktiki konfransın günü yetişir nəhayət ki. Etnomusiqişünaslıq Kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova tədbir günü çox həyacanlıdır. Bu onun öz müəlliminə olan ehtiramıdır. Çünki Fəttah müəllim burada əyləşən dekanların, kafedra müdirlərinin əksəriyyətinin müəllimi olmuşdur.

Jalə xanım İlk sözü elmi işlər üzrə prorektor, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovaya verir. Lalə xanım Fəttah müəllimin musiqi tədqiqatlarından, türkologiya məsələlərindən bəhs edən əsərlərindən məlumat verir.

Sonraki çıxışcılar da Fəttah Xalıqzadənin folklor, ritm məsələləri və digər toxunduğu təqdiqatlar haqqında çıxış edirlər. Çox maraqlı bir konfransdır.

Elmi praktik konfransda Fəttah müəllimi bir musiqiçi alim, dost, müəllim obrazında  bizlərə tanıdırlar. Azərbaycan Milli Konservatoriyasının Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev onun pedaqoji fəaliyyəti haqqında danışır, onunla tələbə yoldaşı, yaxın dost olduğunu vurğulayır.

Xaricdə yaşayan, vaxtı ilə tədqiqatlarında iştirak edən dostları onu video vasitəsilə təbrik edir. Tədbirin sonunda isə tələbələr, rəhbərlik, Azərbaycan Milli Konservatoriyasi böyükdən kiçiyə Fəttah müəllimin başına toplaşıb ona sevgisini bildirir, təbrik edir.

Fəttah müəllim son dərəcə sadə və təvəzökar halıyla səhnəyə çıxıb Üzeyr Hacibəyli musiqisi haqqında maraqlı məqamları nəzərlərə çatdırır. O, yenə də musiqi aləmində hələ kəşf olunmayan məqamları düşünür.

Mən isə belə düşünürəm ki, onu musiqi aləmində hələ tədqiq edəcəyi bir çox işlər gözləyir.

Fəttah Xalıqzadə görkəmli alim, musiqişünas və müəllimdir. Bu onun haqqında nəticəyə gəldiyim faktdır.

 

BİR MUSİQİ DÜNYASI

Dediklərim Azərbaycan Milli Konservatoriyası haqqında olan mənim ilk təəssüratlarımdır. Əlbəttə, bütöv bir fəaliyyəti əhatə edə bilməsəm də, Azərbaycan Milli Konservatoriyası bir musiqi dünyasıdır deyərdim. Bu kiçik dünyanın öz qanunları, qaydaları, öz kiçik özünəməxsis sevincləri var. Bu sevincdən, fərəhdən müəllim və tələbələrə pay düşür. Bir az mənə də pay düşdü. Çünki elə ilk gündən bütün çətinliklərimə baxmayaraq bu təhsil ocağını sevdim.

Azərbaycan Milli Konservatoriyası rektoru, xalq artisti Siyaviş Kəriminin tələbələrə, istedadlı müəllimlərə münasibətini görərək, demək istəyirəm ki, Vətənimizin hüdudlarında və hüdudlardan kənarda da tanınan, öz kiçik gözəllik dünyası olan Azərbaycanın mədəniyyət ocaqları içində bu cür bir elm, təhsil, mədəniiyət oçağı - Azərbaycan Milli Konservatoroyası var ki, onun yetişdirdiyi tələbələr bir məşəl olaraq dünyaya işıq saçır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.