Super User

Super User

Cümə axşamı, 11 Yanvar 2024 10:45

Mən necə başladım?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Yeniyetməliyim 80-ci illərin sonlarına, 90-cı illərin əvvəllərinə – SSRİ-nin son dönəmlərinə, gəncliyim isə müstəqilliyin ilk illərinə təsadüf edib. Ölkə tarixinin ən ziddiyyətli, ən qarmaqarışıq illəri dünyagörüşüm tam formalaşan vaxtlarda nümayiş və mitinqlər, xaos və anarxiya, güllə səsləri və qan gölməçələri, ərzaq qıtlığı, uzun-uzadı çörək növbələri ilə yaddaşımda çalın-çarpaz izlər buraxıb. O dövrlər həyat rəngləri qara və boz, simalar tutqun və ümidsiz idi. Amma biz – yeniyetmələr və gənclər daxili təlatümlər keçirir, hər şeyin tezliklə lap yaxşı olacağına hədsiz inam duyurduq.

Uşaqlıqda qəribəliklərim çox olub. Amma bu qəribəliklərimin hamısının bir ucu mənim hər şeydə birinci olmaq istəyimdə dirənib.

Qubada – doğulub ilk addımlarımı atdığım məkanda keçirdiyim uşaqlığımda da, sonradan Bakıya köçüb keçirdiyim yeniyetməlik və gəncliyimdə də nədənsə həmişə özümü bozumtul-qaralı həyat palitrasında köklü dəyişikliklər edə biləcək möcüzəli rəsam kimi hiss etmişəm. Həmişə mənə elə gəlib ki, al-əlvan rənglər lap yaxındadır, əl uzatsam, onları tuta biləcəyəm.

Öncə kitablara, biliyə hədsiz maraq göstərməyə başladım. Elm xadimləri, professorlar nəslindən çıxmaq az iş deyil. Butun söhbətlər elm barədədir, ətrafın kitab qalaqlarıdar.

Uşaq ikən Qubanın tarixi yerlərini gəzmək, eləcə də ən mənzərəli yerlərində olmaq, təbiətin yaratdığı gözəlliklərlə təmas qurmağa da böyük marağım var idi.

Düşünürəm, necə ki, kitablarla tanışlıq insanın kamilləşməsinə, özünü ifadə etməsinə kömək edir, eləcə də tarixi abidələrlə, təbiətlə tanışlıq insanın mükəmməl biri kimi formalaşmasında əvəzsiz rol oynayır.

Bakıda 151 saylı məktəbdə oxuduqda yeni bir maraq dairəm formalaşdı: şahmat. İş ondadır ki, həmin məktəbdə şahmat üzrə dünya çempionu Harri Kasparov da oxumuşdu, məktəbdə uzun illərdən bəri gəlmiş bir şahmat ənənəsi var idi.

Şahmatda Elmar Məhərrəmov kimi çox məşhur bir məşqçinin yetirməsi olaraq xeyli uğur qazandım, ustalığa namizədliyədək irəlilədim.

9-cu sinifdə oxuyanda isə gözlənilmədən biznesə, idarəçiliyə atılmalı oldum. Bəli, bəli, məhz 9-cü sinifdə oxuyanda. Belə erkən vaxtlarda mənim biznesə atılmağımı zəruri edən səbəblər var idi, özü də bu səbəblər kifayət qədər güclü səbəblər idi.

Atam kimyaçı alim idi, elmi-tədqiqat institutunda çalışırdı. Mixail Qorbaçovun perestroyka siyasəti başlayanda bütün SSRİ-də olduğu kimi Azərbaycanda da kooperativlər, kiçik müəssisələr yaratmaq dəbi düşdü. Ölkə xaos və anarxiyaya sürüklənəndə, elmi işçinin qazandığı kiçik əməkhaqqı ilə ailə dolandırmağın çətin olması Damokl qılıncı kimi sallananda atam işdən çıxdı, tikiş sexi yaratdı. Həmin sex fəaliyyəti iflic vəziyyətinə düşmüş «Azərbaycanfilm» kinostudiyasında yer icarələdi. Qısa müddətdə sex böyük iş həcmi və dövriyyə qazana bildi, bir ucdan idarə və müəssisələr, hərbi hissələr üçün yataq ağları tikilib göndərilirdi.

Atam mənimçün əsl məktəb olub. Mənə də, digər iki qardaşıma da. Alimliyi ilə yanaşı o, gözəl rəssam, diş həkimi idi. Gözəl memarlıq qabiliyyəti vardı, tarda çox gözəl ifa edə bilirdi. Hansı işə əl qoyurdusa, o işdə mütləq uğurlu nəticə əldə edə bilirdi. Mən ona bənzəməyə çalışır, bəzən hətta onu təqlid də edirdim.

İndiyədək heç vaxt məşğul olmadığı bir sahəyə üz tutmasının, orada çox qısa müddətdə böyük nəticələr əldə etməsinin sirri, şübhəsiz, onun uğur düsturunu mükəmməl bilməsində, fitri liderlik istedadında idi.

Müəyyən vaxtdan sonra atam digər işləri ilə əlaqədar bütün gününü sexdə keçirib iş prosesinə, işçilərə nəzarət edə bilmədiyindən işdə nöqsanlar yaranmağa başladı. Sexdə qadınlar işləyirdi, ölkədə vəziyyət acınacaqlı olduğundan bəzi qadınlar həm xammaldan, həm hazır məhsuldan oğurlayırdılar, icazələr, iş buraxmalar get-gedə artırdı, nizam-intizam da axsamağa başlamışdı. Belə olduqda, evin böyük uşağı olduğum üçün mənim dərslərdən sonra sexə gedib iş prosesinə nəzarət etməyimə lüzum yarandı. Və mən 16 yaşımda ikən beləcə əmək fəaliyyətinə başladım.

Amma bu fəaliyyət, sadəcə sexdə görünməyimlə işçiləri əliəyrilikdən çəkindirməkdən ibarət olmadı. Mən dərhal bu prosesə adaptasiya oluna bildim, həm işçilərə nəzarət edir, həm də iş prosesini öyrənir, dərinlikləri bilmək istəyirdim. Tezliklə, parça itkisinə yol verməmək, braklardan yaxa qurtarmaq, daha mükəmməl nəticə üçün birqat tikişdən ikiqat tikişə keçmək kimi yeniliklər tətbiq etdim, az müddətdə oğurluq halları, itkilər sıfır hədlinə çatdı, sərt nizam-intizam yarandı, məhsuldarlıq 2-3 dəfə artdı.

Bu tikiş sexində mən həm hələ rüşeym şəklində, kortəbii olan uğur qazanmaq formulamı, həm də liderlik konsepsiyamı xeyli təkmilləşdirə bildim, çox şeylər öyrəndim, çox mükəmməlləşdim.

İlk müstəqil biznes təcrübəm isə 1993-cü ilin yayına təsadüf etdi. O vaxt artıq tələbə idim, dörd məktəb dostu birləşib zəruri xərclərimizi ödəmək üçün nəsə bir vasitə tapmaq barədə düşünürdük. 17-18 yaşlı gənclərdə ideyalar çox bol olur, arzular çox güclü olur. Bu ideyaları həyata keçirməyə əzm də, qətiyyət də yüksək olur.

Düşünüb dondurma biznesinə başlamaq barədə qərar çıxardıq. Bakının tam mərkəzində, əhalinin ən gür olan yerində – Səməd Vurğun bağı ilə 28 may küçəsinin kəsişdiyi yerdə lövbər saldıq, göy rəngdə rənglədiyimiz, içi soyuducu bazadan nisyə götürduyumuz dondurma və buzla dolu olan taxta yeşiyimizi qoyub alverə başladıq. İki taxtalı «Tviks», bir də kağız stəkanda plombir satırdıq, insanlar əsl növbə yaradaraq bizdən dondurma alırdı. Yeşik yarıyadək böşalanda növbə ilə bazaya yollanıb yeni dondurma partiyası gətirirdik ki, alverimiz kəsilməsin. Bir sutkaya 200 Amerika dollarının ekvivalentini qazanırdıq, bu çox böyük pullar idi, özümüzü böük biznesmenlər hesab edirdik.

İlk biznes təcrübəsinin belə uğurlu alınmasında 3 faktor əsas rol oynayırdı:

 - biz əhalinin yay vaxtı ən çox təlabatı olduğu əmtəəni satırdıq;

 - biz həmin əmtəəni rəqiblərə baxmış bir qədər ucuz qiymətə satırdıq;

 - biz həmin əmtəəni əhalinin ən gür olduğu, potensial müştəriylə bol olan yerdə satırdıq.

Amma bu ilk biznes təcrübəmizin ömrü çox qısa oldu, cəmi bir həftə. Bir qanqaraldıcı hadisə bizi başladığımız və uğurla davam etdirdiyimiz işimizi dayandırmağa məcbur etdi.

Biz dondurma satanda bəzi hallarda humanizm də göstərirdik, əyin-başından ehtiyac içində olduğu bilinən hansısa şəxsə qiymətdə güzəşt də edir, yiyəsiz, kimsəsiz hansısa uşağa pulsuz dondurma da verirdik.

Bir həftənin tamamında yaxşı geyinmiş bir kişi gəlib bir dondurma istədi, götürüb pulunu vermədən yeyə-yeyə getməyə başladı. Bu özbaşınalıq və hörmətsizlik bizim dördümüzü də heyrətə saldı, mən onun dalınca şütüyüb alıcı quş kimi başının üstünü aldım, dondurmanın pulunu tələb etdim. O isə məni söydü. Nəticədə əlbəyaxa olduq, ona bir neçə mükəmməl zərbə endirib ağız-burnunu partlatdım, daha heç nəyə lazım olmayacaq dondurmanı hər halda əlindən qopara bildim.

Az keçmiş bizim nöqtəmizə sirena çala-çala ardıcıl polis maşınları gələndə dabanımıza tüpürüb «obyektimizi» qoyaraq oradan qaçdıq.

Deməzsənmiş, döydüyüm o özbaşınalıq edən şəxs polis işçisi imiş, vəzifəsinə arxalanıb qanunsuzluq edirmiş.

Bir həftəlik dondurma biznesimiz beləcə sona çatdı. Biz içi dondurma ilə dolu sevimli göy qutumuzdan, eləcə də sonrakı günlərin gəlirindən məhrum olduq, amma həyatdan çox mükəmməl bir dərs də aldıq.

Sonralar artıq böyük biznesə atılanda mənim iş planımda işə mane ola biləcək gözlənilən çətinliklərdən, problemlərdən sığortalanmaq qrafası ilə yanaşı, gözlənilməz basqılara duruş gətirə bilmək qrafası da mövcud idi. Və mən özümü kifayət qədər sınaqlardan çıxmış, teoriya ilə yanaşı praktika ilə də silahlanmış, möhkəmlənmiş yetkin birisi hesab edirdim.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

 

Cümə axşamı, 11 Yanvar 2024 09:00

Şəhid Devran Nayibov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Devran Nayıbova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

 

DEVRAN FAZİL OĞLU NAYIBOV

 

(30.11.1993.-08.10.2020.)

 

Bərdə şəhərindən olan, Azərbaycan Silahlı Qüvvələrinin-XTQ-nin kiçik giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 

                                 D E V R A N

 

 

 

Nə nağıl, nə xəyal, nə əfsanəydi,

 

Sanki Koroğludan bir nişanəydi,

 

Qorxmazdı, cəsurdu, mərd-mərdanəydi,

 

Şərəfsiz düşmənə uddururdu qan,

 

Nur üzlü qəhrəman – Bərdəli Devran.

 

 

 

Böyüyüb əsgərlik yaşı yetişdi,

 

Yurda əsgər olmaq,  şərəfli işdi,

 

Orduda bərkidi, xidmətdə bişdi,

 

Fikri ayrılmadı Şuşadan bir an,

 

Nur üzlü qəhrəman – bərdəli Devran.

 

 

 

Əsgəri xidmətin vuranda başa,

 

Dedi, - hazır olaq, böyük savaşa,

 

Bəsdir, əsirlikdə qalıbdır Şuşa,

 

Şuşasız olammaz nə şöhrət, nə şan,

 

Nur üzlü qəhrəman – bərdəli Devran.

 

 

 

Vətənin azadlıq yolunu seçdi,

 

Nə qədər təlimdən, sınaqdan keçdi,

 

Anladı, erməni bir mifdi, heçdi,

 

Bizə güc gələmməz nankor, qudurğan,

 

Nur üzlü qəhrəman – bərdəli Devran.

 

 

 

Qanlı döyüşlərdə bax, kiçik gizir,

 

Yağını məhv edir, yağını əzir,

 

Ordumun şöhrəti dünyanı gəzir,

 

Vaxt ötdü, dəyişdi nəhayət, dövran,

 

Nur üzlü qəhrəman – bərdəli Devran.

 

 

 

Hər kəsdə olammaz hünər, cəsarət,

 

Vətən-el yolunda ölmək səadət,

 

Qismətində varmış onun şəhadət,

 

Son anda söylədi, “Vətən, anacan”,

 

Nur üzlü qəhrəman – bərdəli Devran.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(11.01.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının ”Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən şeir vaxtıdır, özü də Zöhrab Mehdinin müharibə şeirlərinin.

 

 

 

MÜHARİBƏ ŞEİRLƏRİ

 

 

Zöhrab MEHDİ

 

 

VƏTƏN

 

...Səni çeynədilər, səni diddilər,

Niyə dönmədilər daşına, Vətən?

Çiçək əvəzinə, gül əvəzinə

Elə daş atdılar başına, Vətən!

 

...Fitnədən, hiylədən, kələkdən keçdin,

Döndü cəhənnəmə cənnət qucağın.

Ələndin min kərə, ələkdən keçdin,

Yenə də sönmədi odun, ocağın!

 

 ...Səndən inciməyə, səndən küsməyə,

 Səni sevməməyə – nə həddim axı?!

 Min ildi hələ də qaysaq tutmayan

 Qan sızan yaramdı sərhədin axı!

 

 ...Sən elə əzizsən, elə gözəlsən,

 Qoymuşam hər şeydən ən başa, Vətən!

 Sənə fəda olsun min könül, min can –

 Olsun ki, sən var ol, sən yaşa, Vətən!

 

 

ŞƏHİD KÖYNƏYİ

 

Öpün üstündəki qan ləkəsindən,

O, qan yaddaşıma şahid köynəyin.

Asın ata yurdun ən təpəsindən

Asın bayraqla tən şəhid köynəyin!

 

O, adi deyil ki... O, adi deyil,

Onda şəhidimin ahı, göynəyi.

Əyil, qarşısında səcdəyə əyil,

O, ulu bir xalqın şərəf köynəyi!

 

O köynək torpaqdı, vətəndi axı,

O köynək alınmaz qalamdı, dostum.

O köynək min candı, bədəndi axı,

O köynək balandı, balamdı, dostum.

 

O, bir talismandı... yada göz dağı

Keçirin altından bu gün Vətəni.

Görsəniz üşüyür daşı, torpağı,

Şəhid köynəyinə bükün Vətəni!

 

 

***

 

... Dünənsən,

Bugünsən, Yarınsan!

Anamsan,..

Balamsan, "yarımsan"!

 

Haraydasan, ündəsən.

Sən hər şeydən

Öndəsən.

... Yoxumsan,.. Varımsan.

 

... Tanrı dərgahındasan,

Hər şeyin

Fövqündəsən...

 

Ulu Vətən,

azman Vətən...

Gün o gündür,

Gözlədiyin gündəsən.

 

... Bu, nə dönüş?!

Bu, nə görüş?!

... Salam,

Xoş gördük, sevdalı Vətən!

... Aç qollarını,

Qulac-qulac qollarını...

Basım bağrıma

Tozlu, kəsəkli yollarını...

 

... Gülündən,

Ağacından, yarpağından öpüm.

Düşüm ayaqlarına,..

Suyundan,

Daşından, torpağından öpüm!..

 

 “Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Cümə axşamı, 11 Yanvar 2024 15:00

QİRAƏT SAATInda “Eşq mələyi”

        “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

29-cu hissə

“Ömrümə xoş gəldin”

 

Bəzən insanlar öz aralarında kəlmə kəsmədən belə baxışların danışmasının şahidi olurlar. Turalla da belə idi. Ülkər hər dəfəsində görürdü ki, özünün və Turalın utancaq baxışlarıani olaraq bir-birinə dikilir, cəld də aralanır, amma bu bir anlıq qığılcım iç dünyasını yandırıb-yaxmağa bəs edir.

Tural Ülkərdən bir yaş böyük idi, bir dəfə ailə qurmuşdu, amma həyat yoldaşı ilə xasiyyətləri tutmamışdı, ayrılmışdılar. Tural evlilik həyatlarının birinci ilində -- 2006-cı ildə təsadüfən bir nəfər imanlı ilə tanış olmuş, dinə meyil etmişdi, namaza başlamış, tezliklə vəhhabi təriqətini qəbul etmişdi.Balağı yerə dəyməyən şalvar geymiş, saqqal saxlamağa başlamışdı. Az sonra həyat yoldaşını müsəlman adət-ənənələrinə riayət etməyə çağırmış, demişdi, namaz qılmalısan və başını bağlamalısan. Amma həyat yoldaşı nəinki bunu qəbul etmişdi, üstəlik, Turalın özünün dinə meyil etməsinə qarşı çıxmışdı. Beləcə ailədə ixtilaf başlamış, tezliklə ayrılmışdılar.

Tural qıza-gəlinə meyil etməzdi, fikri-zikri yalnız ibadətdəydi, hətta pul-para qazana bilməməsi də eyninə olmazdı, halbuki müsəlman qardaşları özləri onun qeydinə qalmışdılar, topdan gətirilən dini ətirlərdən ona da verirdilər ki, satıb çörəkpulu qazansın. O da Banu üçün “Sahil” metrosu tərəfdə balaca bir köşk kirayələmişdi, xımır-xımır alver edirdilər. Banu da boşanmışdı, onun da ilk ailə həyatı uğursuz olmuşdu, əri narkoman imiş, nişanlı ikən xəbəri yox imiş Banunun bundan. Yaxşı ki, dərhal duyuq düşmüşdü, uşaqları olmamış ayrılmışdılar. Turalla Banu ikiotaqlı ata evlərində yaşayırdılar, Əhmədlidə. Valideynləri rəhmətə getmişdi.

Ülkərin onlara gəlib-getməsi sanki evlərinin buzunu əritmiş, ora yeni bir ab-hava gətirmişdi. Xüsusən iki qadın birləşib şirniyyat bişirəndə, çay süfrəsi arxasında əyləşəndə eyinləri açılırdı, deyib-gülürdülər də hətta. Tural deyirdi, ay Ülkərcik, sağ olasan səni, Banuyla mən axırıncı dəfə haçan güldüyümüzü, inan ki, unutmuşduq.

Ülkərin həyatının çox məşəqqətli dönəmini bu yeni tanışları xeyli yüngülləşdirmişdilər. Anası, bacısı, hətta Nazəndə xanım ondan soyumuş, üz çevirmişdilər. Rəşid müəllim olayından sonra qardaşı Xəyal bilmərrə onu bacılıqdan silmişdi. Doğmalarının onun dərdinə bu cür laqeyd və biganə olmaları, onu anlamaq istəməmələri Ülkəri üzürdü.

Madarla münasibətləri. Nəyi səhv etmişdi axı? Sevdiyi, sevdiyi nə sözdür, aşiq olduğu, canı-ciyəri Rüfətindən onu zorla ayırıb həmin o nadürüstə, vecsizə, üstəlik, əyyaşa, qumarbaza, narkomana vermişdilər, bununla belə, Ülkər uyğunlaşmağa çalışmış, bir dəfə səsini ucaltmamış, narazılıq bildirməmiş, dava-dalaş salmamışdı. Hətta o alçaq üçün dünyaya uşaq da gətirmişdi. Axırda da Ülkəri lazımsız əşya kimi atıb getmişdi.

Rasimlə münasibətləri. Rüfətdən sonra sevgi hissi korşalmışdı, nə edə bilərdi, qəlbinə, hisslərinə hakim ola bilməmişdi, Rasimin sevgisini sevgi ilə cavablandırmışdı. Rasim sonunacan, ölənəcən onunla olacağına sədaqət andı içmişdi, amma anasının bir həmləsi ilə əhdini pozdu, Ülkəri atdı. Kişilik budurmu? Kişi sözü beləsinə əsla yaraşmır axı.

Rəşid müəllimlə münasibətləri. Ülkər iki dəfə başı daşa dəymişdi deyə uzun müddət bu adamı yaxınına qoymamışdı, yalnız kəbin kəsdirib şəriətə uyğun olaraq onunla izdivaca girmişdi. Nə biləydi ki, mənfur Namiq qanqal kimi ortada bitəcək, Ülkərin həyatını məhv edəcək?! Belələrini Allah niyə yaradır axı? İnsanlığa ləkə deyilmi Namiq kimiləri? Gözəgəlimli qadınlara şikar gözü ilə baxan bu alçaqların öz ana-bacıları yoxdurmu? Niyə anlamırlar ki, həyat bumeranqdır,etdiyin pisliklər hərlənib-fırlanıb öz başına dəyəcək? Atalar necə də gözəl deyib: nə tökərsən aşına, o da çıxar qaşığına.

Atalar üçdən deyib. Daha bəsdir. Daha həyatımda kişi xeylağına yer olmayacaq.

Bu kimi təlimatlarla özünü silahlandıran Ülkər hiss edirdi ki, Tural bütün təlimatları bircə baxışıyla cırıb atır, bütün buzlaqları əridir.

Bəli, hərdən baxışları toqquşurdu. “Səni sevirəm”i Tural baxışıyla təkrarlamağa başlayanda Ülkər bir müddət buna cavab verə bilməmişdi, hər halda içində qorxu var idi, başına gələnlər onu o qədər qorxutmuşdu, ilan vuran ala çatıdan qorxan kimi yeni bir münasibətdən qorxurdu. Evə gedəndə dörd divar arasında xüsusən kişilərə qarşı aqressivləşirdi, növbəti bir büdrəmə ilə anasına, bacısına, Nazəndə xanıma özünün “nə yuvanın quşu olması”nı təsdiqləmiş olacaqdı, öz dürüstlüyünü sübut etmək üçün etdiyi cəhdlərdən zorən əl götürməli olacaqdı.

Qızını qucaqlayır, bağrına basır, içindəki tərəddüdləri, hisslər burulğanını heç kəsə izah edə bilmədiyi üçün kirimişcə ağlayırdı.

Günlərsə keçirdi.

Amma bir gün Turalın qarşısında tab gətirə bilmədi, baxışları oğrun-oğrun Turalın baxışlarına dikilib onun neçə gün öncədən dediyi “səni sevirəm” kəlmələrinə “mən də səni sevirəm” cavabını verdi.

Tural gülümsədi, xoşbəxtlik qondu simasına. Aralarında vasitəçiliyi Banu etdi, çünki onlar əsla bu mövzuda danışmağa hazır deyildilər. Banu bir cümə məsciddə ikən Ülkərə “Tural səni sevir, səninlə evlənmək istəyir”söylədi, Ülkər də ürəyi çırpına-çırpına “razıyam” dedi.

Belə razılaşdılar ki, Ülkər hələlik Aylini anasının yanında qoyub onların mənzilinə köçsün.

Anası Ülkərin yeni sevdaya düşməsini top-tüfənglə qarşıladı, qızını göz görə-görə uçuruma yuvarlanmaqda ittiham etdi. Yazıq arvad yenə ağladı, sızladı, “nəslimizin adını batırırsan” deyib imdad elədi. Dedi, bu dəfə də mənim qapıma it balası kimi döyülüb, saçı kəsilib qayıtsan, özümü nöyüt töküb yandıracam.

Amma heç nə Ülkəri fikrindən daşındıra bilməzdi. Xeyli pul yığmışdı, hamısını masanın üstünə qoyub, qızının də üzündən öpüb evdən çıxdı.

Tural həmişə dost kimi mənzillərinə gələn Ülkəri həyat yoldaşı kimi qarşılayanda bircə kəlmə söylədi, söylədi ki, “ömrümə xoş gəldin, Ülkərcik!”

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Şahmar Ələkbərovu uşaqlıqdan tanıyırdım. Səhv etmirəmsə, beşinci, ya da ki, altıncı sinifdə oxuyurdum, dərsdən çox kinostudiyanın həyətində, dəhlizlərində və dublyajda olurdum. Filmlərdə uşaq rollarını səsləndirirdim, elə o vaxtdan böyük aktyorların hamısını tanıyırdım, onlarla salamlaşırdım. Şahmar müəllim də onlardan biri idi - istedadlı, mədəni, ziyalı...

 

Məktəb bitdi, ardınca ali məktəbdə oxudum, filmlərə çəkilməyə başladım, bir gün Şahmar müəllim məni bir filminə dəvət etdi. Dedi, Loğman, kiçik bir rol var, səni çəkmək istəyirəm. Getdim, Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında hazırlanmış “Sahilsiz gecə” filmində kiçik epizoda çəkildim. Filmdə faytonçu Əlövsəti canlandırırdım, çəkiliş də iki gecə Qala kəndində baş tutdu. Birinci gecə çəkilişimiz sübhə yaxın qurtardı. Şahmar rəhmətlik məni otuzdurdu öz maşınına, qızı da ordaydı, yolda dedi ki, film çəkəcəm, sən Əliağa Vahidi oynayacaqsan. O an sevindim, dedim ki, Şahmar müəllim, çox yaxşı olar. Səhərçağı saat 8-ə qalırdı, maşını evin yanında saxlayanda dedi, saat 9-da kinostudiyada görüşək, danışaq. Dedim onda evə getmirəm, gedək birbaşa kinostudiyaya. Məni kinostudiyada düşürdüb, özü evə getdi. Evi də kinostudiyanın yanındaydı. O vaxtlar xəstəliyinə görə dərman içirdi. Saat 10-a işləmiş gəldi, rahat oturub danışdıq, orda bir daha deyəndə ki, Əliağa Vahidi sən oynayacaqsan, razılaşmadım. Soruşdu niyə? Dedim, qorxuram oynaya bilməyəm... Şahmar müəllimin bir hisrlənməyi vardı, gəl görəsən... Durdu ayağa, dedi: “Necə oynaya bilməzsən, orda mən varam, sən o rolu əla oynayacaqsan”. Soruşdum, bu fikir hardan yarandı, axı? Dedi, bəs mən çəkilişdə qışqırdım ki, Loğman sən böyük aktyorsan. Saç düzümüm və üzümə yapışdırılan bığ məni Əliağa Vahidə oxşadıbmış, o fikir də məhz orda yaranıb.”- söyləyir.

 

Söhbət əməkdar artist Loğman Kərimovdan gedir. O, 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. İndiyədək 30-a yaxın maraqlı surətlər yaradıb. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində oynadığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndiriib. 1998-ci ildən isə doğma teatrda rejissor kimi fəaliyyətə başlayıb və bu müddət ərzində müxtəlif tamaşalar hazırlayıb. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışır.

Loğman Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına layiq görülüb. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Xalq artisti Valeh Kərimovun qardaşıdır...

 

Deyir ki,- “İşlədiyim teatrın repertuarını müəyyən etmək baş rejissor kimi mənim səlahiyyətinə daxildir. Hər ilin oktyabr ayına qədər əsərlər nazirliyə göndərilir. Repertuarı müəyyənləşdirəndə həm klassika, həm müasir, həm də tarixi mövzuları əhatə etməyə çalışırıq. Nazirlik göndərilən əsərlərə baxır və təsdiq edir. Mən  artıq 20 ilə yaxındır ki, baş rejissor kimi fəaliyyət göstərirəm. Nazirliyə təsdiq üçün hansı əsəri  təqdim etmişəmsə təsdiq olunub və teatr həmin əsəri hazırlamağa başlayıb. Eyni adlı əsər eyni vaxtda müxtəlif teatrların repertuarına daxil edildikdə nazirlik həmin əsəri siyahıdan çıxara bilər. Şuşa  teatrının binası olmadığına görə ildə 2-3 tamaşa hazırlamağa şərait var. Amma digər teatrlarda ildə təxminən 5 və ya 6 yeni tamaşa hazırlanır. Təbii ki, baş rejissor əsəri təqdim etdikdə yalnız müəllifi əsas götürmür, öz aktyor potensialını, pyesin aktuallığını da nəzərə alır. Mən əsasən çalışıram ki, hər il klassik əsərlərə müracət edim.  Klassika   həm aktyorun, həm də rejissorun  yetişməsinə  kömək edir.”

 

Mətbuatda demək olar ki, görünmür. Təvazökar adam olduğundan öz işi ilə məşğul olmağa daha önəm verir. Arzusu kinorejissor olmaq olub. Hətta bunun üçün sənədlərini S.Gerasimov adına Ümumrusiya Dövlət kinematoqrafiya institutuna verib, amma  proses qəsdən uzadıldığından qəbul imtahanlarında iştirak edə bilməyib. Lakin 90-cı illərdə Rusiyada, Belarusda filmlərə çəkilib...

 

“Teatr sənətinin qanunlarından biri odur ki, teatr tamaşaçını təəccübləndirməyi bacarmalıdır, təəccübləndirməyi bacarmayan teatr heç kimə lazım deyil. Bəli, istər yazılan əsərdə, istər oyun tərzində, istər rejissor, istərsə də rəssam işində teatr tamaşaçını təccüblənməyi bacarmalıdır ki, ona maraqlı gəlsin. Bu bütün dünyada belədir. Mən demirəm ki, bəzi tamaşaçıların səviyyəsinə enək, əksinə onu öz səviyyəmizə qaldıraq. Zamanın ritmini tutub, təccübləndirə bilmirsənsə, tamaşaçıya bu maraqlı deyil. Teatr tamaşaçını maraqlandıra bilirsə, deməli teatr düz işləyir.”- söyləyir.

 

Bəli, geniş tamaşaçı kütləsi Loğman Kərimovu Əliağa Vahidin obrazından daha çox tanıyır. Yanvarın 11-də onun 65 yaşı tamam olur. Bu münsibətlə sevimli aktyoru təbrik edir, rejissorluq fəaliyyətində uğurlar arzulayıram...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günə - yanvarın 11-nə təsadüf edən əsas hadisələri diqqətinizə çatdırırıq.

 

Ümumdünya “çox sağ ol” günü

World Thank you day! Təqvimdə daha bir tərbiyəedici, didaktik gün. Kiməsə sənə, qeyrisinə etdiyi yaxşılığa görə minnətdarlıq bildirmək çox vacibdir. Bizlər bunu “sağ” ol sözüylə ifadə edirik, “sağ” ol, yəni yaşa. Rusların işlətdiyi “spasibo” sözünün mənşəyi isə “spasi boq”, yəni “Allah, xilas elə” ifadəsindəndir.

“Çox sağ ol” sehirli qüvvəyə malik sözdür, onu işlədəndə xeyirxahını məmnun edir, xəsislik edib işlətməyəndə isə onu peşman edirsən. İndiki qəddar və zalım zamanda, onda ki, yaxşılıq edənlərin sayı durmadan azalır, altruistlər qəhətə çıxır, bu sehirli sözü işlətmək çox vacibdir. Gəlin, ürəkdən “sağ ol” deməyi öyrənək.

 

Dost sirləri günü

Qəribə təyinatı var bu günün. Ürəyində sirr kimi saxladığını bu gün dostunla bölüşürsən, o da sənin sirrini bilib nədəsə sənə köməklik lazım olarsa bunu əsirgəmir. Dost öz sirrini dostuna da açmayacaqsa bəs kimə açacaq ki?

Amma sirri saxlamağa da xüsusi dözüm, iradə lazımdır, arzu edək ki, sizlərin sirr açdıqlarınız axırda Makedoniyalı İsgəndərin dəlləyinin gününə düşməsin. Rəvayətə görə, İsgəndərin başını qırxan dəlləyi onun buynuzu olduğundan xəbərdar imiş, bu sirri nə qədər içində saxlasa da bir dəfə dözə bilmir, gedib qamışlıqda “İsgəndərin buynuzu var, buynuzu” deyə bağıraraq ürəyini boşaldır. Ordakı qamışlıqdan ustalar qamış kəsib tütək qayırırmışlar, tezliklə bütün tütəklər “İsgəndərin buynuzu var, buynuzu” çağırırlar.

 

Yaponların motisi və amerikalıların teddisi

İnsanların ağıllarına nələr gəlməz ki. Budur, bu gün Gölməçədən su sıçratmaq günüdür. Bunu xoş əyləncə hesab edənlər düşünüblər ki, həqiqətən yağış gölməçəsinin suyunu sıçratmaq insanı şənləndirir.

Bu gün həm də “Morze əlifbası ilə öz adını öyrən” günüdür, çünki Samuel Morze ilk dəfə 1938-ci ilin bu günündə Morze əlifbasını nümayiş etdirib. Ukrayna və Rusiyada bu gün Milli Qoruqlar günüdür, Sovetdən qalan bu ənənə davam etdirilir, təbiətin ecazkarlığı və təkrarsızlığı öz flora və faunası ilə birgə qorunur. Kanada Ser Makdonalds gününü qeyd edəcək, Makdonalds Kanadanın ilk baş naziri olub. Alman almaları günüdür, mərakeşlilərin müstəqillik, tunislilərin uşaqları müdafiə günləridir. Nepalda birlik və bərabərlik festivalı, Yaponiyada Kaqami biraki festivalı başlayır. Birlik və bərabərliyi anladıq. Yaxşı, bu kaqami-biraki nədir bəs? Yaponların ən sevdiyi desert moti adlanır, düyü unundan hazırlanan bu yumru qoğal rəngbərəng olur, göz oxşayır, həm də çox dadlı olur. Demək, bu gün hamı moti bişirib bir-biri ilə paylaşmalıdır.

Bəs gözlərinə döndüyüm amerikalılar? Onların mətbəxə aid bayram keçirməyəcəklərini düşünürsünüz? Əsla elə deyil. Onlarda bu gün həm Milli isti toddi günüdür, həm də Milli süd günü. Əlbəttə ki, toddi sözü məşhurdur, yəqin ki eşitmisiniz, bu içkini likör (viski də olar), bal, limon və çayın qarışığından hazırlayırlar, qışda içilir, ən məşhur qüvvətləndiricilərdən sayılır.

 

Almaniyada 20-ci illərdə niyə nasizm yaranıb?

SSRİ kosmonavtikasının bu gün 60 yaşı tamam olur. 1962-cı ilin 10 yanvarında SSRİ-də Kosmonavt Hazırlığı Mərkəzi fəaliyyətə başlayıb; Versal müqaviləsi ilə 1-ci dünya müharibəsində məğlubiyyəti rəsmiləşən Almaniya Avropa dövlətlərinə ömürlük təzminat vermək boyunduruğunda ikən 1923-cü ilin 10 yanvarında vergi ödəyə bilməyib deyə Fransa və Belçika ordusu kömür hasilatının 70 faizini verən Rur vilayətini işğal ediblər (ümumən, bütün güclər o zaman almanların əleyhinə birləşmişdilər); 1922-ci ildə 14 yaşlı kanadalı Leonard Tompson insulinin köməyi ilə diabet ölümündən qurtulan ilk kəs kimi tarixə düşüb; 1775-ci ildə ABŞ-da ilk dəfə yəhudi dövlət qulluğuna gətirilib. Bu, Cənubi Karolinada Frensis Salvadorla baş verib; İtaliya bu gün də keçmişini matəmlə qeyd edəcək. 1693-cü ilin 10 yanvarında Siciliyada püskürən Etna vulkanı 60 min insanın ölümünə səbəb olub.

 

Mustafa Sandaldan Andrey Malaxova qədər

2009-cu ilin bu günündə vaxtı ilə Bakı meri olmuş Rəfael Allahverdiyev dünyadan köçüb. İmanımı yandıra bilmərəm, deyilənə görə, pis adam olmayıb. 2008-ci ilin bu günündə Yeni Zelandiyalı tədqiqatçı və alpinist, tarixə Everesti ilk dəfə fəth eləyən adam kimi düşmüş Edmund Xilları haqq dünyasına qovuşub.

1970-ci ilin bu günündə “Suç bende”si, “Araba”sı, “İştə”si ilə pərəstişkarlarını məmnun edən türkiyəli müğənni Mustafa Sandal doğulub.

Bu gün həm məşhur Amerika kinoaktrisası Amanda Pit (“Sevgidən artıq sevgi” filmində yaratdığı obraz heç unudularmı?), həm də məşhur rus telejurnalisti Andrey Malaxov (“Qoy danışsınlar” tok-şousunu yəni izləməyən var?) özlərinin 50 illik yubileylərini qeyd edəcəklər.

Bakıdakı “Rus evi”nin rəhbəri var, milliyyətcə tatar İrek Zinnurov. Olduqca maraqlı insandır, su polosu üzrə Olimpiya mükafatçısıdır. Azərbaycana böyük sevgi bəsləyəndir. Siyasi post tutsa da, Dövlət Dumasının deputatı olsa da vaxt tapan kimi ödənişsiz qrup yaradaraq uşaqlarımıza su polosunun sirlərini öyrədir. Bu gün onun 53 yaşı tamam olur, təbrik edək onu.

1938-ci ilin bu günündə AFFA-nın ilk prezidenti kimi tarixə düşmüş Fuad Musayev doğulub. Yeni qurulan AFFA indiki kimi deyildi, həqiqətən futbolun uğrunda mücadilə aparırdılar o vaxtkı AFFA məmurları, harda bir istedadlı uşaq görürdülərsə küçədən götürüb yaşıl meydançaya salırdılar. Futbolumuz barədə danışanda göz yaşı silməyə dəsmal tapılmır deyə ağlamaqdan vaz keçib növbəti mövzuya adlayıram. 1843-cü ilin 11 yanvarında ABŞ himninin müəllifi, şair Frensis Skot Ki dünyasını dəyişib. Və ən nəhayət, 1755-ci ilin 11 yanvarında Aleksandr Hamilton – ABŞ-ın qurucularından biri, ölkənin ilk xəzinədarlıq katibi dünyaya gəlib.

 

Iki məşhur şahmatçını aparan gün

Şahmatla maraqlananlar alman şahmatçısı Emanuel Laskerin adını çox eşidiblər. O, 27 il şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlamaqla tarixə düşüb. Laskerin qabağına çıxmağa o dövrdə handa adamın cürəti çatmazdı. 1941-ci ilin 11 yanvar günü bu böyük şahmatçının dünyadan köçdüyü  gündür.

Azərbaycan şahmatsevərləri üçünsə bu 11 yanvar tarixi fenomenal bir gənc şahmatçımızın – Planetin 1-ci Qran-pri turnirinin qızıl mükafatçısı, Avropa çempionu, qroystmeyster Vüqar Həşimovun itkisi ilə yaddaşlarda qalıb. Həm böyük şahmatda, həm rapiddə, həm blitsdə, həm gözübağlı oynamaq üzrə rəqib tanımayan Vüqar cəmi 28 il yaşayıb, amma bir ömür xatirə qoyub. Allah ona rəhmət eləsin.

Bilirsiniz, həyat bəzən çox sərt, çox qəddar olur, ölmək istəyənə toxunmur, yaşamaqdan doya bilməyənə qıyır.

Həyat nəyi necə eləmək barədə əksərən doğru qərar verə bilmir əfsus ki.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)



 

 

 

 

 

 

 

 

Çərşənbə, 10 Yanvar 2024 15:51

BİR DİREKTOR, BİR ŞAGİRD -

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız artıq Naxçıvandadır. Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdəyik. Direktor Canpolad Rüstəmov öncül şagird Nuray İbrahimova ilə görüşürük. 

 

Direktor

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru Rüstəmov Canpolad Müseyib oğlu. 27.01.1960-cı ildə Şahbuz rayonu Kənd Şahbuz kəndində anadan olmuşdur. 1968-ci ildə Şahbuz kənd orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 1977 -ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1982-ci ildə Naxçıvan DPİ-nin riyaziyyat və Fizika fakültəsinə qəbul olmuş, 1987-ci ildə institutu bitirmişdir. 1988-ci ildə məktəbdənkənar müəssəsində dərnək rəhbəri işləmişdir. Həmin ildən Kosmik tədqiqqatlar elm istehsal birliyi "Araz"Naxçıvan bölməsində aparıcı mühəndis vəzifəsində çalışmış, 1992 -ci ildən Naxçıvan peşə litseyində tədris işləri üzrə direktor müavini işləmiş, 2002-ci ildən Naxçıvan şəhər 15 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2011-ci ildən Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam etdirir.

 

Şagird

Mən İbrahimova Nuray Xəyal qızı 5 dekabr 2007-ci ildə dünyaya göz açmışam. Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin 10-cu sinifinin şagirdiyəm. Məqsədim Bakı Dövlət Universitetində Hüquq fakültəsinin tələbəsi olmaqdır. Tarix və ədəbiyyata xüsusi marağım var. Məhz bu maraqlarıma görə bu mövzularda esse yazmağı cox sevirəm.

 

Esse

“Naxçıvanın əzəmətini əks etdirən möhtəşəm abidə”

Naxşıvan ərazisində bir çox memarlıq abidələri mövcuddur. Bunlar Qoşaminarə; Yusif İbin Küseyir türbəsi; Darülmülk (Eldənizlər sarayı) və Cümə Məscididir. Bu abidələrin hər biri öz gözəlliyi ilə seçilir. Lakin bu abidələr içərisində Mömünə Xatun Türbəsinin özünəməxsus yeri vardır. 1186-cı ildə Atabəylər (Eldənizlər) dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan öz anası Mömünə Xatunun xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması haqqında əmr verir. Bu abidənin memarı olan Əcəmi Əbubəkir oğlu dövrümüzə qədər gəlib çatmış bu “ölməz” abidəni yaradır. Abidə bu gündə Naxçıvan memarlıq məktəbinin bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Mən bir Naxçıvanlı olaraq fəxr edirəm ki, Naxçıvanın bu əzamətinə şahid oluram.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Çərşənbə, 10 Yanvar 2024 14:35

İlk qar, hər halda, yağdı

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

80-ci illəri xatırladan, amma bu gün çəkdiyim bu şəkildən sonra bir az ətrafı müşahidə etmək istədim. Küçələrdə qəribə abu-hava var idi. Aylardır gedib-gəldiyim yollarda minlərlə yad və ciddi simalarla qarşılaşsam da, bu gün sanki, fərqli gün idi. Elə bil hamının içindəki körpə uşaq dirçəlmiş, insanların çöhrəsinə təbəssüm qondurmuşdu. 

Bir az diqqət etsək insanların monoton həyatlarından azca da, olsa kənarlaşmaları yaş fərqinə önəm verilmədən qarda əylənə bilmək belə xoşbəxtliyin özüdür əslində. Sadəcə biz fərqində deyilik. 

Adını xatırlaya bilmədiyim bir kitabda: "xoşbəxtlik əslində daimi qalıcı yox, hiss olunmadan yaşanılan və xatirələr göz önündə canlanan zaman üzümüzə təbəssüm qondura bilən müxtəlif anlardır" deyilirdi.

Necə də haqlı cümlə idi. Bəlkə də, hər şeyi hiss edə bilən bizlər üçün yaşandığı anda hiss edilməyən tək şey elə xoşbəxtlik imiş...

İllər sonra tozlu rəflərdən endirdiyiniz şəkil albomlarında yığacağınız, kitab aralarında unudacağınız xoşbəxt anlar yığın gələcəyiniz üçün..

Və bir də yanında həqiqətən xoşbəxt ola biləcəyiniz insanlar olsun həyatınızda. Əgər siz də, bu gün belə qardan gileylənən, yollar üçün deyinən insanlar kimi pessimist olsanız, qorxuram ki, xoşbəxtlik qapınızı döyməyə.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

 

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Söz müqəddəsdi. Ona məhəbbətlə yanaşmağı sözə öz möhürünü vuranlardan , onların çeşid-çeşid söz və fikir xəzinlərindən  öyrənmişik. Öyrənmişik ki, sözə əliboş, ürəksiz toxunmaq olmaz. Toxundunsa səndən qaçacaq. Yazarlar (əsl yazarlar)  heç vaxt qələmi əlinə  könülsüz almaz. Əks halda qələm də, varaq da yiyəsindən küsər. 

 

Əsl söz də hər deyəndə qonmaz ruhuna. Axı yazarların ilham pəriləri də özləri kimi bir az dəli, bir az küsəyən, bir az nadinc, bir azca da tənbəl olur. Amma gəldisə də getmək bilmir. Yapışır yaxandan. Məcbur edir ki, onun dediyini eşidəsən. Onun kimi görəsən, onun kimi düşünəsən. Məqsədinə çatanacan sənə dinclik, rahatlıq vermir. Ona görə də ruhu göylərdə uçan yazarlar sözdən   möhkəm tutur. Söz ona, o da sözə arxa durur.

Bəzən gözümdə yazarları Tanrıya, yazıb yaratdıqlarınısa adama bənzədirəm. Axı yazarlar da Tanrı kimi  yoxdan var edəndi. Onlar da yaradırlar. Yaratdıqlarına nəfəs, can verirlər. Üstlərində titrəyirlər, əsirlər, soyuqdan, küləkdən, yağışdan qoruyurlar. Elə Tanrı kimi...

Qələminə söykənən, həyatın sərt üzünə sözüylə duran, düşüncələrinə sahib çıxan yazarlarımızı (yaradanlarımızı) bu baxımdan ən ali kürsüyə, Tanrılıq kürsüsünə qaldırıb qoymaqda yanılmıram məncə.

Yazılan hər şey yazarın övladıdı. Pisiylə, yaxşısıyla onundu. Yaxşı bilirlər ki, yaratdıqlarına  sahib çıxmasalar  itib batarlar ortalıqda. Sonra  zərrəsi də ələ gəlməz.

...Sözdən söz tutduq bir az. 

İndi isə vətənin keşiyində durduğu qədər də  sözün təəssübünü çəkən qələm dostumuz Əli bəy Azərinin yaradıcılığına nəzər salaq. Özü də dostcasına, ərkyana. 

Əli Azəri hələ kiçik yaşlarından sözə könül verənlərdəndi. Lap uşaqlıqdan  Azərbaycanın müxtəlif mətbu orqanlarında  məqalə və yazıları ilə oxucuların diqqətində olub. Meyli jurnalistikaya olsa da tale onu tamam başqa səmtə yönəldib. Ömrünü hərbiyə bağlayıb. Sözünü hərb meydanında dediyi vaxtlarda da qələmini yerə qoymayıb amma.

Bir- birindən məzmunlu nəsr əsərləri yazıb. Onun  "Yurd nisgili" ,"Şah bərəsi", "Generalın yefreytor vəkili" , " Məhəbbət  piyaləsində zəhər" və s kimi iri həcmli əsərləri, həmçinin çoxsaylı hekayə və publisistik yazıları oxuculara yaxşı tanışdı. Dəfələrlə yaradıcılığı  mükafatlandırılıb  və müxtəlif müsabiqələrdə qalib olub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Həm də iyirmidən çox əsərin redaktorudu.  Sevdiyimiz "Xəzan" jurnalının yaradıcısı və təsisçisidi. AYB-nin ən şıltaq üzvüdü həm də.

Bir sözlə qələm əhlinə, elə geniş oxucu auditoriyasına yaxşı tanış olan bir imzadı Əli bəy Azəri. 

Sözünə söykənən, həqiqətin əlindən tutub işığa çıxaran, doğruları həyat amalına çevirən yazıçı üsyankar olduğu qədər də mülayim və səmimidi. Mübaliğəni sevmir və mümkün olduğu qədər də tərifdən qaçır. (Heç mən də yazarı tərifləməyi sevmirəm. Ayağı yer tutar deyib ayaqyeri qoyuram bir az) 

Vaxtım olduqca Əli bəyin yaradıcılığına da nəzər salıram. Ümumiyyətlə ruhumu tərpədən yazılara biganə qalmıram. Əli bəyin qəhrəmanlarını çox vaxt elə özünə bənzədirəm. Obrazlarında çox vaxt elə müəllifin özünü görürəm. Oxuduqca adama elə gəlir ki, yazıçı özünü, yaşadıqlarını yazır. Təsvir etdiyi səhnələr canlıdı. Pafosdan və dəbdəbədən uzaq yazır əsasən. Bəzəksiz, düzəksiz. Ümumiyyətlə Əli bəy sadəliyi sevən yaradıcıdı. Mümkün olduğu qədər reallığı əks etdirməyə çalışır. Fikirlərini sözlə boyamır. Konkretliyə və həqiqətlərdən   yapışan yazardı. Bəlkə bu xususiyyətidi onu oxucuya yaxınlaşdıran, sevdirən. Azəri hər yazısında özüdü. Sözünü uzaqdan tanıyırsan. Öz yolunu, dəst - xəttini tanıtmağı yaxşı  bacarır.  Zənnimcə bu da bir uğurdu. Heç kimə bənzəməmək, özü olmağa çalışmaq hər yazara nəsib olan xüsusiyyət deyil. Ümumiyyətlə Əli bəy Azəri maraqlı insandı. Bir az da sirli.

..Bu yaxınlarda elə tez-tez bizi sözünün ətrafına yığan,  işığına çağıran yazıçı  yenicə tamamladığı povestini --"Erməni Borisov"- u elektron ünvanıma  göndərdi. Oxumaq, müzakirə etmək, fikir bildirməkçün.(Tənqiddən də qaçan deyil) Düşüncəsinə, istedadına, qələminə bələd olduğumçun  bildim ki, bu əsər də maraqlı alınıb. Yubanmadan oxumağa başladım. (Həm də  bu boyda işin, gücün içində) Elə ilk səhifəsindən yanılmadığımı anladım. Əsəri oxuduqca özümü hadisələrin içində hiss etdim. Düşdüm ötən əsrin burulğanlarına, girdabına. Çıxa bilmədim. Oxuduqca əsər məni özünə çəkdi. Hadisələrin bir-birilə  zəncirvari bağlılığı məndə xususi maraq oyatdı həm də. Axı başdan-başa yaşadıqlarımızı, əzablarımızı qələmə almışdı. Bu gündən dünənə qayıtdım  səhifə-səhifə. Döndüm 80- ci illərə. Ya bəlkə  ondan da əvvələ. Əzablarımıza, qorxularımıza, iztirablarımıza, yaşamaq istəyib yaşaya bilmədiklərimizə səyahət etdim. Gəncliyimiz, buxovlanan arzularımız, çiliklənmiş ümidlərimiz--hamısı  təzədən varaqlandı gözümün önündə. Fikirləşdim ki, gör nə boyda çətinlikdən keçib gəlmişik . Həm də zamanı qurban verə-verə, daşdan, kəsəkdən keçə-keçə aşmışıq bu boyda dağı. Bu günümüzə şükr edə-edə fikirləşdim həm də. Əsərin qəhrəmanı Toğrulla elə ilk tanışlığımızdan saflığı, döyüşkənliyi, məğrurluğu, sadəliyi ilə Əli bəyi xatırladım. Mənə elə gəldi ki, bütün hadisələr elə yazıçının ətraflnda cərəyan edir. Bir tərəfdə təmiz, saf qəlbli  Azərbaycan xalqı, bir tərəfdə kreslo hərisi məmurlar, bir tərəfdə yenidənqurma və demokratiya adı altında gedən qorxunc ictimai-siyasi proseslər, hərc-mərclik, saxtakarlıq, xaos, bir tərəfdə ömür boyu bu xalqın çörəyini yeyib özünə qənim kəsilən erməni şovinizmi. Bəlli yaşımız olduğu üçün bu hadisələrin canlı şahidləri kimi təkrar yaşadım o illəri. Bir az da ağrıyla, bir az da müdrikcəsinə. Başımıza gələn bəlaların arxasında dayanan qüvvələrə söyə -söyə həm də. Əsərdəki hadisələr yerini dəyişdikcə yeni nüanslarla rastlaşdım. Yazıçı məni Bakıdan tutmuş İrəvanacan  müxtəlif hadisələrlə üz-üzə qoydu. Əsərin adı da maraqlıdı. “Erməni Borisov" . "Arxalı köpək qurd basar" misalı yadıma düşdü.

Əsəri  oxuduqca  təpədən dırnağacan milliyətçi olan  erməni xalqının (xalq demək olarsa) məqsədlərinə çatmaqçun hansı oyunlardan çıxmasının bir daha şahidi olursan. Özü də Əli bəyin öz üslubunda.  Əsərdə hadisələr elə ustalıqla və sadə dillə təsvir olunub ki, elə bilirsən ki, heç aradan 30 ildən çox zaman keçməyib. Bizim vəzifə hərislərimizin böyük rus sevgisi, bu "sevgi"dən doğan xəyanətlər, xəyanətlərdən yaranan faciələr bir-bir adamın gözünün önündə canlanır. Qurdla quzunun bir yerdə otladığı zamanlar olsa da, üzdə "sakitçilik"  hökm sürsə də, daxildə gedən çəkişmələr, hərc- mərclik, qonşuların bizə erməni münasibəti əsərdə açıq-aydın hiss olunur. Elə bil ki, nəyəsə hazırlıq gedir. Toğrul suallar girdabında batır. Sanki bizi irəlidə gözləyən böyük faciələri  öncədən görür.   Qonşularımızın düşmən mövqeyi, şimaldan əsən soyuq küləklərin ölkəmizə təsiri və qaraguruhçuların yalançı hay-küyü Toğrulda mübarizə əzmi yaratsa da, təkdi. Həyat yoldaşı belə onun yanında deyil. Hər vəchlə  Toğrulu  öz yolundan uzaqlaşdırmağa çalışır: "Bunlar sənin nəyinə lazımdı, ay Toğrul. Demokratiya aşını bişirən özü bilər necə yedirər. Sən axı kimsən? Adi bir kinomotoqrafçı". Bütün bunlara baxmayaraq  Toğrulu inadından döndərə bilmir. Əslində qadın da hər şeyi anlayır, amma mübarizənin sonunun da nə ilə nəticələnəcəyini yaxşı bildiyi üçün susmağı seçir. Bir tərəfdən o da haqlıdı. Bütün bunlara baxmayaraq Toğrulu sonda meydandan uzaqlaşdırırlar. Elə sapı özümüzdən olan baltalar. Amma adama elə gəlir ki, Toğrulun mübarizəsi də kortəbiidi, pərakəndədi. Yetərincə üsyankar deyil. Ona görə də tez uduzur. Bu isə oxucunu məyus edir. Axı oxucuyçun əsərin qəhrəmanı axıracan qəhrəman qalmalıdı. Bu isə yetərincə çətindi. Ən ideal qəhrəmanın da bir zəif cəhəti olur. Toğrulun da zəif cəhəti yolu axiracan gedə bilməməsidi. Amma mənə elə gəlir ki, bu məğlubiyyətin özü də bir qalibiyyətdi. Qarşıda Toğrulu bütöv qələbə gözləyir. Mənim fikrimcə əsər natamamdı. Yazıçı  onu bu günəcən gətirməlidi. Oxucunu intizarda qoymaq olmaz. Toğrulun sonrakı taleyi müəmmalı qaldı. Onu mübarizə meydanından uzaqlaşdırmaq növbəti mübarizənin başlanması deməkdi məncə. Axı hər şeyə üsyan edən adam belə asanlıqla məğlub ola bilməz. Əsərin qəhrəmanının mütərəqqi ideyaları bu günəcən gəlib çıxmalıdı. 80-ci ildən üzübəri hadisələri təsvir edə-edə,  başımıza gələnləri yazıçı təxəyyülünün  süzgəcindən keçirə-keçirə həm də. Zənnimcə povesti böyüdüb irihəcmli roman səviyyəsinə çatdırmaq  lazımdı. Bu mənim fikrimdi əlbəttə. Bütün bunlara çatmaqçun  Əli bəyin yetərincə potensialı və sözü var. Onsuz da son söz yazarındı. Mənə isə  yazıçıya bolluca oxucu sevgisi arzulamaq qalır. Uğura gedən yol məhz sevgidən başlayır axı. Bu sevgini qazanmaqsa elə də  asan deyil. İnanıram ki, hər şeyə rəğmən   bu əsər də seviləcək. Bütün əyər-əksiyi ilə  "Erməni Borisov” da bir uğurdu. Sonrasını zamanın  ixtiyarına buraxaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.

 

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

 

 

Qayda 13

 

 

 

Uğurun sizinçün nə olduğunu anlayın!

 

 

 

«Şəxsən mənim üçün uğur qazandığım pulun miqdarı deyil, məşğul olduğum işi necə sevməyimdir! Öz işindən tüklərin biz-biz durana qədər misilsiz həzz ala bilirsənsə, bax bu, əsil uğurdur».

 

Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

 

 

Qayda 1

 

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

 

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

 

 

Qayda 2

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

 

 

Qayda 3

 

Heç vaxt başqalarına qulaq asmayın

 

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

 

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

 

 

Qayda 4

 

Cəld və məhsuldar hərəkət edin

 

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

 

 

Qayda 5

 

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

 

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

 

 

Qayda 6

 

Hər şey barədə əvvəlcədən razılaşın

 

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

 

 

Qayda 7

 

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

 

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

 

 

Qayda 8

 

Öz pullarınızdan düzgün istifadə edin

 

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

 

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

 

 

Qayda 9

 

Öz vəsaitinizlə yaşayın!

 

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

 

 

Qayda  10

 

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

 

Qayda 11

 

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

 

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

 

 

Qyda 12

 

Həmişə hər şeyin perspektivinə diqqət edin

 

«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(10.01.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.