Super User
Düzlüyə vurulan şillə
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Kənd yerində toy zamanı mağardan istifadə olunur və bir növ burda səmimiyyət də toy əsnasında öz əksini tapır. Uşaqlar bəzən bir yerə toplaşır, o tərəf-bu tərəfə doğru qaçır, müxtəlif dəcəlliklər edirlər.
Bir dəfə uşaqkən qonşuda toyda idik. Uşaqlarla oynayır, ora-bura qaçırdıq. Toydan bir gün əvvəl qonşuya əqli cəhətdən problemi olan, loru dili ilə desək "dəli" biri də gəlmişdi. Onun təxmini 30-35 arası yaşı olardı.
Həmin adam toy zamanı mağarın içərisində oturmuş vəziyyətdə idi. Ətrafda olan uşaqlar mağarın arxa tərəfinə yığışıb, həmin adama daş, çubuq, ağac kimi şeylər atıb onu hirsləndirməyə başlayırdılar. Bu uşaq baxışlarından adi bir şeyə, əyləncəyə bənzəyirdi. Lakin heç də bu davranış qarşı tərəf üçün də eyni anlama gəlmirdi.
Uşaqlar bu davranışdan əl çəkmədikcə, həmin adam daha da əsəbləşirdi. Mən uşaqlara həmin an bunun heç də yaxşı hərəkət olmadığını və bunu eləməmələrini demişdim.
Uşaqlar isə sözümə qulaq asmır və etdikləri hərəkəti daha da təkrarlamağa başlayırdılar.
Mən onların yanında dayanıb hadisənin necə olacağını, necə bitəcəyini gözləyirdim. Doğrusu, bu, bir tərəfdən mənə də uşaq əyləncəsi kimi maraqlı gəlirdi. Nəhayət, həmin adam əsəbləşərək mağarın arxa tərəfinə gəlməyə başladı.
Uşaqların hərəsi bir tərəfə dağılışmağa, qaçıb gizlənməyə və ya qaçıb valideynlərinin yanına getməyə səmt götürdülər. Mənsə ortada heç nə olmamış kimi dayanmışdım. Uşaqlardan biri mənə də qaçıb gizlənməyimi dedi. Lakin mən qorxmaz, qürurlu şəkildə dedim:
-Əşi gəlsin də, gəlib nə edəcək ki?! Onsuz da mən etməmişəm, gələndə də deyəcəm ki, mən etməmişəm.
Nəysə, bu sözlərdən sonra uşaqlar gizlənmək üçün çıxıb getdilər. Amma, hadisənin necə olacağını gizlənsələr də kənardan izləyirdilər.
Nəhayət, həmin adam mağarın arxasına gəldi. Burda isə hər kəs qaçıb gizlənmişdi, ortada isə bir tək mən qalmışdım. Mən isə “gəlsə mənim etmədiyimi ona deyəcəm və o mənə heç nə etməyəcək” düşüncəsi ilə meydanda tək qalmışdım. Adam hirsli şəkildə üstümə tərəf gəlməyə başladı... Mənsə qorxudan söylədim:
-Əmi, mən eləməmişəm. Onları eləyən mən deyildim.
Sözlərini yenicə bitirmişdim ki, güllə kimi bir şillə sifətimə o ki var dəydi. Zərbənin təsirindən qulağım cingildəməyə başladı. Həmin adam getdikdən sonra uşaqlar tez gizləndikləri yerdən çıxıb ətrafıma toplaşdılar. "Gərək sən də gizlənəydin" dedilər. Mənsə bunun belə edəcəyini bilmədiyimi dedim. Nəysə, həmin şillədən 3 gün ərzində yemək yeməkdə çətinlik çəkmişdim. Həmin şillə mənə bir uşaqlıq xatirəsi olaraq qaldı.
Bəlkə, də bu hadisə uşaqkən mənə qalan bir uşaqlıq xatirəsi idi, amma bir tərəfdən həmin vəziyyət üçün yaranmış situasiya çox mənanı ifadə edirdi...
Bu günümüzdə də düz danışanı dinləməyənlər, susdurmağa çalışanlar, ağzından vuranlar, doğru fikrini yanıltmağa çalışanlar, düzü əyməyə çalışanlar və s. ləri yetəri qədərdi.
Nədənsə biz düz söz eşitməkdə bilərəkdən çətinlik çəkirik və bizə lazım olan əsas söz konsepsiyasından özümüz özümüzü məhrum edirik... Elə bil bizə yalançı, şişirdilmiş, gopa basılmış fikirlər daha çox xoş gəlir. Bəlkə də bizə elə "şillələr" çox dəyməlidir ki, yatdığımız bu qəflət yuxusundan ayıla bilək, amma qorxuram ki, ayılmaq yolunda bizə dəyəcək şillələrin sayından ayılmaq əvəzinə əbədi yuxuya gedək...
Necə deyərlər : "düz elə düzdə də qalır". Gəlin heç olmasa boşuna sərf etdiyimiz zamandan bir az da vicdanımızın səsini dinləməyə sərf edək və həqiqi düzün əlindən tutaraq "düzün düzdə qalmasına yox, düzün elə düz də" qalmasına şərait yaradaq!
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)
“Qurutmayıbdı torpaq, cinarımız qayıtsın” - Qəzəl saatı
“Ədəbiyyat və incəsənət” portalı Lilpar Cəmşidqızının qəzəllərini təqdim edir
SƏNİ GÖRCƏK
Lal oldu dilim, heyrətə gəldim səni görcək, Güldün, yenidən cürətə gəldim səni görcək.
İllərdi çəkən həsrətimin qəddini əydim,
Bir yol taparaq söhbətə gəldim səni görcək.
Aşiq bu qədər eşqə vəfasız ola bilməz, Susdum, deyəsən, qeyrətə gəldim səni görcək.
Qultək əyilib məhlədə qarşında dayandım, Aləm də bilir, minnətə gəldim səni görcək.
Allah, məni əhv eylə, günahımdı, bağışla,
Bir yarə dedim, beyətə gəldim səni görcək.
Aşkarə deyilməz "sevirəm" kəlməsi hərdən, Him-cim eləyib xəlvətə gəldim səni görcək.
Bir bəxtəvər insan kimi çöhrəndə gülüş var, Lilpar, elə bil cənnətə gəldim səni görcək.
EDİBDİR
YaRəb, Sənin eşqin məni divanə edibdir, Həsrət darıxan könlümü viranə edibdir.
Göstər, o gözəl çöhrəni aləm də sevinsin, Zalım doğulanlar Yeri qəmxanə edibdir.
İmkanı olanlar yetimin haqqını vermir, Qəmsiz yaşayan aləmi meyxanə edibdir.
Şəm tək alışanlar əridib ömrünü hər dəm, Canın bu cahan mülkünə pərvanə edibdir.
Göydən yerə leysan tökən Allah kərəmindən, Çat-çat quruyan torpağa peymanə edibdir.
Aldandı məhəbbətlə bu dünyayə gələnlər, Aşiqliyi bir çoxların əfsanə edibdir.
YaRəb, Səni kim sevsə bu Lilpar kimi sevsin, Könlümdəki eşqin qəmi dürdanə edibdir.
QAYITSIN
Könüldə var bir arzum, nigarımız qayıtsın, Cahan görüb zimistan, baharımız qayıtsın.
Dağılmayır bu aləm, zəmanəmiz dəyişsin, Çiçəkləsin ağaclar, nübarımız qayıtsın.
Tökülməsin nə qanlar, nə olmasın şəhidlər,
O Zəngəzurla, Təbriz diyarımız qayıtsın.
Çörək pulun qazanmaq çətinləşib haçandır, Özün kömək dur, Allah, güzarımız qayıtsın.
Gücün görübdü düşmən, bu millətin, bu xalqın,
Vuruşmuşuq əzəldən, vüqarımız qayıtsın.
Nə əkmişik kökündən, qoparmayıbdı rüzgar, Qurutmayıbdı torpaq, cinarımız qayıtsın.
Şeir yazanda, Lilpar, düşünmədin nə yazdın, Götürmə dərdi Yerdən, məzarımız qayıtsın.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
17-Cİ DƏRC
Demək, qatil Almazyan Zaven Sarkisoviç. 1969-1970-ci illərdə SSRİ-nin Rostov-na-donu adlı rus və Voroşilovqrad adlı ukrain şəhərlərində seriya qətlləri həyata keçirmişdir. Peşəcə yükdaşıyan olan, “polad barmaqlı”, habelə “Voroşilovqrad manyakı” təxəllüslü bu şəxs qadınlara qarşı seksual hərəkətlər edib sonra onları boğub öldürürmüş. O, həm də nekrofil idi, meyitlərə qarşı seksual istək nümayiş etdirirmiş. 1970-ci ildə 23 yaşında ölüm cəzasına məhkum olunub.
Asatryan Valeriy Qeorqieviç. “Ölüm rejissoru” təxəllüslü bu seriya qatili və pedofil doğulduğu Yerevan şəhərindən Rusiyanın baş şəhəri Moskvaya köçərək 1988-ci-1990-cı illərdə orada Nabokovun “Lolita” əsərinin qəhrəmanlarını seksual cəhətdən yamsılamaqla qətllər həyata keçirirmiş. 1996-cı ildə 38 yaşında ölüm cəzası almışdır.
İonesyan Vladimir Mixayloviç. SSRİ-nin adı ictimai rezonans doğurmuş ilk seriya qatillərindən biri. “Mosqaz” təxəllüslü bu şəxs evlərə Moskva qaz idarəsinin əməkdaşı kimi daxil olub qətllər və soyğunçuluq törədirdi. Uzun illər onun adı şəhər sakinləri üçün qorxu və vahimə yaradırdı. Maraqlıdır ki, bu manyak qatil Orenburq şəhər musiqili komediya teatrının aktyoru idi. Ayağında xüsusi qəddarlıqla seçilən 5 qətl hadisəsi var idi. 1964-cü ildə 27 yaşında ona qarşı güllələnmə hökmü icra edilmişdir. Onun müdhiş cinayətləri bir neçə bədii və sənədli filmlərdə lentə alınaraq böyük tamaşaçı kütləsi qazanmışdır.
Qonşum çox istəyirdi ki, məişət cinayətkarları sayılmaları səbəbindən Böyük Divanda mühakimələri baş tutmayacaq bu şəxslərin adları və cinayətləri, hər halda burada səslənsin, tamaşaçılar erməni cinayətləri barədə səthi yox, tam məlumatlı olsunlar. Budur, onun istəyi həyata keçdi. Mən də öz adımdan və qonşumun adından Divana, möhtərəm Baş Hakimimizə bizə tribuna verdiyi üçün minnətdarlıq bildirirəm.
Gənc hakim çıxışını bitirib auditoriyada hədəflərinə qarşı yaratdığı nifrət dalğasını seyr edə-edə yerində əyləşdi, xeyli rahatlandığını hiss etdi.
Prosesin davamı Şaxrikyanın növbəti etiraz sədaları ilə gəldi:
-Gedin həmin o Mosqaz deyilən caniyə divan qurun, mən ziyalıyam. Onsuz da bir dəfə haqsızlığa məruz qalıb məhkəməsiz-filansız qəddar türklər tərəfindən edam olunmuş, işıqlı dünyadan köç etmişəm. Barı, qoyun bu Axirət dünyasındasa rahat yaşayım.
Yaşlı hakim onun cavabını yerindəncə verdi:
-Cənab Şaxrikyan, doğrudan siz günahınızın nə olduğunu bilmirsiniz? Sizin əliniz Osmanlı İmperiyasında yaşayan on minlərlə türkün qanına batıb. Üstəlik, sizin ideoloqu olduğunuz “Osmanlıda erməni muxtariyyatı” hərəkatı, ondan doğan antitürk qiyamları öz həmvətənlilərinizə də ağır zərbələr vurub, iki xalq arasındakı münasibət tam düşmənçilik səviyyəsinə çatıb, müdafiə məqsədi ilə Osmanlı dövləti həmvətənlilərinizi sürgün etməyə məcbur olub, dinc ermənilər Suriyanın çöllərində qırılmağa məhkum olublar. Bütün günahlar sizindir, cənab Şaxrikyan!
Şaxrikyan yaylıq çıxarıb gözünün yaşını sildi:
-Zatən ağlamıram, gözümə mirvari suyu yığılır, mənə əziyyət verir. Demək, möhtərəm hakim, əgər məqsədiniz obyektiv Divan qurmaqdırsa, gəlin mən sizə bir sirr açım. 1915-ci illərdə Osmanlıda türklərin qətliamını əsasən Hamazaspın, Dar Pastirmaçiyanın, Andronikin, Karakinin, Hayk Liantsın və Kerinin komandanlığı altında erməni dəstələri həyata keçirdiyindən, siz məhz bu şəxsləri müttəhimlər kürsüsündə oturtmalısınız, mən zavallını yox.
Baş Hakim ona düzəliş etdi:
-Hamazaspın adı Quba qətliamında, Andronikin adı Zəngəzur qaətliamında keçir, hər ikisi Divanın hökmünə məruz qalacaqlar. Siz özünüzdən danışın.
Şaxrikyan heç cür təslim olmaq istəmirdi:
-Möhtərəm hakim, yaxşı, bəs Osmanlı parlamentinin deputatı, "Hnçaq" terror təşkilatının ideoloqu Stepan Ter Danielyan necə? Əsas fiqur odur, məndə təkzibedilməz faktlar var, onun şəxsən törətdikləri barədə. Bu adama türklər şərəf verdilər, deputat seçdilər, amma o...
Hakim onun sözünü kəsdi:
-Cənab Şaxrikyan, Ter Danielyan da Osmanlıdakı türk qırğınlarının təşkilatçılarından olub, amma bu ittiham prosesinə Divan məhz sizi seçib, çünki mənbələrdə ən çox sizin adınız hallanır, siz daha iri fiqur olmusunuz, əliniz daha çox qana batıb. Hətta qaniçənliyinizin və vəhşiliyinizin masştabına görə Atom ləqəbi almısınız.
Şaxrikyan iniltili səs çıxartdı:
-Mən heç nə etməmişəm.
-Bəs atom ləqəbi?
-Bunu fizika elmində axtarışlar apardığım üçün mənə veriblər.
-Xeyir, sizin fizikaya heç bir dəxliniz yoxdur. Siz atom kimi dağıdıcı olduğunuz üçün bu adı almısınız.
Tamaşaçı alqışları altında diktor mətni davam etdi:
-Osmanlı təbəəsi olmuş bu şəxs tarixdə ən qatı türk düşməni olan ermənilərdən biri kimi qalıb. 1860-cı ildə Osmanlı İmperiyasının Sivas vilayətinin Şapin-Karahisar şəhərində dünyaya gəlib. Erməni milli-azadlıq hərəkatının ən məşhur üzvlərindən biri, hüquqşünas, ”Erməni məsələsi” traktatının müəllifidir. Nitra və Atom təxəllüsləri ilə tanınıb. Konstantinopolda Mərkəzi erməni kollecini bitirib, ardınca Konstantinopol Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra 1889-1895–ci illərdə Trapezundda hüquqşünas işləyib, tədricən vəkilliyə başlayıb. Həyatı boyu onlarca erməni millətçisinin siyası proseslərdə vəkili olub. Siyası fəaliyyəti Daşnaksütun partiyası ilə bağlıdır. Eləcə də cinayətləri.
Şaxrikyan iniltili səs çıxartdı və yenidən diktor mətnini kəsmiş oldu:
-Mən heç nə etməmişəm.
Hakim “Təqsirsizlik prezumpsiyası deyilən anlayış var, prosesdə cinayətiniz sübut olunmasa siz azad ediləcək, sizdən üzr istəniləcək”- deyə onu susmağa məcbur etmək istədi. Şaxrikyanın növbəti “Mənə dəyən maddi və mənəvi ziyan da kompensə olunsun” sözləri isə diktor mətninin gurluğu altında qalıb it-bat oldu.
-1895-ci ildə baş vermiş Həmidiyyə qətliamı zamanı Şaxrikyan Osmanlı jandarmeriyası tərəfindən həbs edilmiş, 13 ay həbsxana həyatı yaşamışdır. 1897-ci ildə həbsdən qaçaraq Rusiyaya - Batumiyə, oradan da Tiflisə keçmişdir. Tezliklə Daşnaksütun partiyasının göstərişi ilə İranın Səlmas vilayətinə getmiş, orada millətçi Xanasor yürüşünü təşkil etmişdir. Partiyanın 1899-cu il konqresində Şaxrikyan vəzifə alaraq partiyanın Bakı bürosunun rəhbəri təyin olunmuşdur. Çarizmin təşkil etdiyi 1905-ci il erməni-müsəlman davasında ermənilərin silahlandırılmasında şəxsən əsas rol oynamışdır. Türkiyədəki Gənc Türklər inqilabından sonra oraya qayıtmış, gənctürklərin ermənilərə verdikləri imtiyazdan istifadə edərək aktiv siyası fəaliyyətini davam etdirmişdir. Erməni Milli Yığıncağına Üsküdərdən deputat seçilmişdir. Həmin dönəmdə o, “Azatamart” qəzeti üçün millətçi məqalələr də yazmışdır. 2-ci dünya müharibəsində rus və ingilislərin Osmanlı ilə müharibəsi fonunda Şərqi Osmanlıda “Böyük Ermənistan” qurmaq xülyası ilə Şaxrikyan ideoloji iş aparmış, qətliamların törədicisi kimi tanınmışdır. 1915-ci ildə Osmanlı hökumətinin qərarı ilə edam olunmuşdur.
Şaxrikyan yenə ucadan danışmağa cəhd etdi, amma onun mikrofonunu söndürdülər, Baş Hakim sözə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Prosesimizin ən maraqlı məqamlarından birinə çatmışıq. Osmanlıda erməni məsələsi. Günü bu gün də bu mövzu dünyanın gündəmindədir. Divanın əvvəlki iclaslarında qeyd edildi ki, ermənilər “Böyük Ermənistan” deyərək öz əzəmətlərini nümayiş etdirməklə yanaşı “erməni genosidi” deməklə göz yaşı da axıdırlar. Bu hər iki rıçaq onların türklərə qənim kəsilməkçün əsas silahıdır. Yəni, loru dillə desək, hər iki halda onlar öz dəlləkliklərini türklərin üzərində eləyirlər. Birinci mövzu ilə bağlı kifayət qədər Divanımızda danışıldı, davamı da gələcək, bu gün ikinci mövzuya keçid edəcəyik. Nədir bu “erməni genosidi”? Diqqət etsək görərik ki, ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, beynəlxalq ictimaiyyətdə özləri haqqında "əzabkeş millət" imici formalaşdırmaq üçün uzun onilliklərdir ki, “erməni genosidi”ndən yapışırlar, hər il aprelin 24-nü "erməni genosidi günü” kimi qeyd etməkdədirlər. Niyə bəs 1915-ci il? Birinci dünya müharibəsi dövründə - 1915-ci ildə guya Osmanlı türkləri onları "soyqırımı"na məruz qoyub. Halbuki arasında yaşadıqları xalqlara qarşı daim düşmən mövqedə dayandıqlarının, satqınlıq və riyakarlıqlarının, törətdikləri cinayətkar aksiyaların, millətlərarası münaqişələrin əsas qızışdırıcıları qismində çıxış etdiklərinin qarşılığında bu millətə xüsusi status verən, dillərinə, dinlərinə hörmət və ehtiramla yanaşan, hüquqlarını qoruyan məhz Osmanlı imperiyası olub. O vaxt planetimizin ən nəhəng imperiyalarından biri olan, qədim və zəngin dövlətçilik mədəniyyətinə malik bu qüdrətli ölkə bir tərəfdən çar Rusiyasının, digər tərəfdən İngiltərənin hücumlarına məruz qaldı. Bu məqamda iç dünyaları xəyanət mənbəyi olan erməni millətçilərinin siması dərhal üzə çıxdı. "Böyük Ermənistan" arzularını reallaşdırmaq üçün rus çarı II Nikolayın yağlı vədlərinə aldanan Anadolu erməniləri türklərə qarşı sürətlə silahlanmağa başladılar və bu silahlanma həmin ərazilərdə yüz minlərlə dinc müsəlman əhalisinin kütləvi qırğınları ilə sonuclandı. Mən sözü ekspertlərə verirəm. İlk arayış ermənilərin antitürk meyillərinin başlaması barədə olsun mümkünsə.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
Necə xoşbəxt olmaq olar? – UĞUR DÜSTURU
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Mövzuya bir baxın: Necə xoşbəxt olmaq olar?
Əslində, uğur qazanmaq, hədəf vurmaq, lider olmaq, məqsədə çatmaq kimi bütün ifadələr cəmi bir ifadənin məna çalarlarıdır. Çünki bütün bunların arxasında insan məfhumunun həyatda can atdığı və ona qovuşmaq üçün çabalar göstərdiyi xoşbəxtlik adlı ünvan dayanır.
Ümumiyyətlə götürdükdə, xoşbəxtlik – insanın arzulara qovuşması, məqsədlərə yetişməsi anlamını bildirir. Hər kəs bir başqa cür xoşbəxtdir, amma ümumən götürdükdə, statistik xoşbəxtliyin sxemi təqribən bu cürdür:
- sağlamlıq; özünü ifadə edə bilmək qabiliyyəti; uğurlu sevgi; uğurlu ailə; uğurlu karyera.
Bəşər yaranandan insanlar xoşbəxtlik axtarışında olublar və xoşbəxtliyi, adətən, insanlar iki qismə bölünərək axtarıblar: onu maddi dünyada axtaranlar, bir də onu mənəvi dünyada axtaranlar.
Bizim kitab boyu bəhs etdiyimiz «uğur zirvəsini fəth etmək», «liderə çevrilə bilmək» məziyyətləri məhz maddi dünyada xoşbəxt ola bilmək istəyindən qaynaqlanır. Kifayət qədər kapital toplamaq, gözəl karyera qura bilmək, nümunəvi ailəyə sahib olmaq, bu və ya digər daşınar və daşınmaz əmlak əldə etmək... Bu punktların hər birinə nail olanda insan özünü xoşbəxt hiss edir. Amma bu hissiyyatın ömrü yalnız yeni xoşbəxtliyin axtarışına qədər olur.
Xoşbəxtliyi mənəvi dünyada axtaranlar isə axtarışı öz içlərinə yönəldirlər. Öz daxili dünyalarını həyat ritminə kökləmək, harmoniya, balans, daxili sakitçilik əldə etmək belə insanların başlıca məqsədi olur. Və istədiklərinə nail olmaq onlara həyatdan dərin məmnunluq hissləri gətirir. Bu insanlara çox adi və sadə nəsnələr də xoşbəxtlik bəxş edə bilir.
Ümumiyyətlə isə, bütün psixoloqlar xoşbəxtliyi ani, müvəqqəti an hesab ediblər. Bu keçəri bir şeydir və mütləq olaraq heç bir insan həm dünənində, həm bugünündə xoşbəxt olmayıb və sabahı üçün də xoşbəxtliyini təmin etməyib.
Biz azərbaycanlılarda yeni ailə quranları «xoşbəxt olun» deyə alqış eləyirlər. Bu, xoşbəxt ailə qurulması anlamı verir, ailə quranlara qarşılıqlı anlayış, gözəl güzəran və oğullu-uşaqlı olmaq arzularını ifadə edir. Ailə quranların xoşbəxtliyi yalnız bu 3 şərt daxilində mümkündür. Bu da məhz elə «uğurlu ailə» qurmaq anlamı ilə eyniyyət təşkil edir.
«Çox xoşbəxtik, prinsipial matçda rəqibi məğlub edə bildik, çempionluğu təmin etdik», - mətbuat konfransında tanınmış futbol məşqçisi fərəhlə açıqlama verir.
«Çox xoşbəxtəm, axır ki, arzuladığım avtomobili aldım», - sosial şəbəkədə yeni aldığı qırmızı «Ferrari» avtomobili ilə çəkdirdiyi şəklə ulduz müğənni bu cür alt yazısı yazır.
«Xoşbəxtəm, illər uzunu can atdığım hədəfə çatdım», - Nobel mükafatının təqdimetmə mərasimində məşhur alim nitqində bu cür sözlərdən istifadə edir.
Elə bir saat əvvəl «Facebook» şəbəkəsindən G.Günel adlı bir xanımın «CA-15-3 xərçəng antigeni neqativ çıxdı. Çox xoşbəxtəm, çox! Sabah nə olacaq, bilmirəm, ancaq bu gün xoşbəxtəm» statusunu oxudum.
Xoşbəxtlik görürsünüzmü, necə rəngarəngdir?
Məni uşaq vaxtı şıdırğı yağışın yağması, göyün ənginliklərində qartalın qanad çalması, rəngbərəng göy qurşağı xoşbəxt edərdi. Sonradan həyata keçirdiyim böyük biznes layihələrinin uğurlu sonucu, çapdan çıxan kitablarım, ehtiyacı olan insanlara sevinc gətirən humanitar yardımlar etməyim, gəzib gördüyüm dünyanın ən möcüzəli yerləri mənə xoşbəxtlik gətirməyə başladı. Məncə də xoşbəxtlik ani məfhumdur, gəlir və gedir. Sonra bir daha, bir daha gəlir və bir daha, bir daha da gedir.
Eynən bədbəxtlik kimi. Bədbəxtliyi də bizə taleyin qəzavü-qədəri gətirir, uğursuzluqları, xəstəlikləri gətirir. Amma bədbəxtliklərdən də qurtula bilirik.
«İnsan nəyi düşünürsə, o da baş verir» postulatına riayət edərək, adi həyat epizodlarında özünü xoşbəxt hiss etməyin, xoşbəxtlik imitasiyasının necə gözəl effekt verəcəyini öz təcrübəmə istinadən iddia edirəm. Yəni, həyata daim sevinə bilmək hissləri insana xoşbəxtçilik, həyatı kədər içində keçirmək hissləri isə bədbəxtçilik gətirir.
42 illik həyatım boyu gəldiyim əsas qənaət budur ki, insanın özünü xoşbəxt hiss edə bilməsi aşağıdakı şərtlər daxilində mümkün ola bilər:
- Bəd fikirlərdən mütləq uzaq olmalısınız (Bədbinlik sizi yalnız pis şeylərin ola biləcəyinə kökləyir, sizin müsbət enerjinizi əlinizdən alır);
- Paxıllıqdan qaçmalısınız (Paxıllaq xərçəng kimi insanı içindən yeyir. Dost-tanışın uğurundan ürəktutması keçirməkdənsə, «inşallah, məndə də alınar», deyib uğura köklənmək lazımdır);
- Qəzəb, nifrət və inciklik daşımayın (Bu xüsusiyyətlərin yükü çox ağırdır. Siz yönləndirdiyiniz insanlardan daha çox özünüz bu xüsusiyyətlərdən ziyan görürsünüz).
- Qətiyyətsizlik, özünə inamsızlıq sizin düşməninizdir (İnsanın ən böyük dayağı, dostu, köməkçisi o özüdür. Özünüzə güvənin, öz gücünüzə inanın. Və şübhə, inamsızlıq dumanını yarıb qətiyyətlə addımlayın).
- Keçmişlə yaşamayın (Keçmiş xatirələrlə yaşamaq, keçmişdə xoşbəxt olduğunu düşünüb bu günündən imtina etmək qədər insanı bədbəxtliyə sürükləyən ikinci bir şeyə rast gəlinmir).
- Gözləməyin (Heç vaxt bir insanı, bir hadisəni ideallaşdırıb, müqəddəsləşdirib həyatınızın ən vacib nəsnəsi hesab edərək gözləməyin. Çünki o insan gəlməsə, o hadisə baş verməsə ağır sarsıntı keçirəcəksiniz. Hər bir şeyə adilik prizmasından yanaşmağı öyrənin).
- Gərginlikdən qaçın (Gərgin iş rejimi, gərgin ailədaxili vəziyyət, cəmiyyətdə, ölkə daxilində və xaricindəki gərginlik, dost-tanışlarla münasibətlərin gərginləşməsi... Bütün bunlar sizin əsəblərinizi tarıma çəkir, sizi stress halına gətirir. Gərginlikdən yayınmağı, qaçmağı öyrənin. Bu çox vacib şərtdir).
- İdeal həyat axtarmayın (İdeal həyat axtarışı mütləq uğursuzluqla sonuclanacaq, çünki belə bir həyat yoxdur. Onu tapmayıb özünüzü sonda bədbəxt hiss etməkdənsə onu heç axtarmayın da. Öz həyatınızı yaxşılığa doğru dəyişib bu yaxşılıqlar içində də yaşamağa çalışın).
- İdeal insan da axtarmayın (Sevgidə, dostluqda xəyal qırıqlığı yaşamamaq üçün insanları ideallaşdırmayın. Hər kəs öz mənfi və müsbət xüsusiyyətləri ilə mövcuddur, bunu qəbul edin. Sadəcə, sizi təmin edən insanları tapın).
- Bu gündən bərk yapışın (Bizim xalqın belə bir məsəli var, «Bu günün işini sabaha qoyma!». Keçmiş və gələcək mövcud deyil, yalnız indiki zaman mövcuddur. Odur ki, çalışın, zamanı heç vaxt boşa verməyəsiniz).
- Və mütləq gülün (Gün ərzində mütləq sizi güldürə biləcək lətifələr oxuyun, yumoreskalara, komedik filmlərə baxın. Gülüş ömrü həm uzadır, həm də hədəfə doğru yolda bol enerji ilə təmin edir).
Özünüzü xoşbəxt hiss etməlisiniz ki, uğura doğru yönələ biləsiniz. Bu, çox vacib şərtdir, əziz oxucularım.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
Qalstukun hikməti və ya, niyə bunlar onlara hörmət qoyur, onlar bunlara yox?
Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət”
General, akademik, nazir, icra başçısı, deputat və s.
Fəhlə, çoban, süpürgəçi, xadimə, ofisiant və s.
Bu insanlar arasında fərq nədir?
Bioloji baxımdan heç nə. Nənəmin biədəb məsəlini mədəni formada desək, hər birinin iki gözü, iki qulağı vardır.
Ancaq, əksər insanlar dildə "mən heç kimə fərq qoymuram, insan insandır" desələr də, reallıqda, qarşılaşanda baş mənzərə müşahidə edilir.
İkinci qurupdan olanlar masaya və ya məclisə yaxınlaşında, heç kim vecinə almır, elə bil milçək gəlir. Birinci qurupdan olanlarla təmasda isə çaxnaşma, ürəkgetmə, gözparıldama, meymun gülümsəmələr yaranır.
Niyə belədir insan? Nə var titullu insanlarda ki, cazibə qüvvəsi yaradır?
Onların çoxu heç bilmir ki, akademik nə deməkdir, nə edib. Hə də ki, həmin titullu, vəzifəli insanlar onlara bu “xoş davranışlarının” müqabilində nə pul, nə də iş verəcək axı. Əslində heç adam yerinə qoymaycaq. Bə niyə onların başına yığışır, qapıdan boylananda əldən- ayaqdan gedir, yanlarında oturanda xoşbəxtlik hormonları aşıb, daşır? Kasıb yumor danışır, özünü ələ salırlarlar, birinci qrup isə gülümsəyəndə ona qoşulub, uğunurlar.
Fb- da da belə hallar çoxdur, bir deputat milçək şəkili qoyur, tökülüşüb yazırlar bu PUADIR.
Ya bir tanınmışı nəsə yuxsunu qızdırmalı adam kim danışır, deyirlər bu poemadır...
Şəklini qoyur, yazırlar ki, " ALLAH qorusun", uğur olsun, hansı ki, adamın üstünə əzraylın kölgəsi gəlib çatıb, hələ bir faydası, uğuru yoxdu..
Təkcə vəzifə, titula yox, geyimə də fərq qoyurlar. Bir tədbirdəyim, qalstuk filanda. Qapının ağzında dayanmışdım, siqaret çəkirdim. Başqa şəxslər də vardı. Hamı gəlib birinci mənlə görüşürdü. Digərlər də qalstuk, pencəkdə idi, amma mən nədəsə elə bil tutuzdurmuşdum, tədbirə gələn mənə tərəf qaçırdı. Özüm- özümdən şübhələndim. Şabanı necə Tosun Paşa etmişdilər, əsgərlər ona salam verəndə qorxurdu, eynən elə.
Bir az da özümü guya " bir işin yiyəsiyəm" kimi matah aparmağa başladım. Bu mənə bir yazıçı kimi bəzi məsələləri anlamaq, müşahidə üçün lazım idi. Başçı, komitə sədri gəldilər, onlar da birinci mənlə görüşdülər...
Ya başqa bir misal. Bir yazar dostum vardı, fb-dən yazı və şəkillərdən zaddan elə bilirdi ünlü, " bir işin yiyəsi", ya elə filosof, dahi filanam. Mənlə elə danışırdı, "buyurun", "Siz", "müəllim", " üzr istəyirəm, sözünüzü kəsdim" və.s.
Bir dəfə onunla görüşəsi oldum, Elmlərin parkında. Gecikirdi, 10 dəfə üzr istədi ki, "probkada, tıxacdayam".
Gəldi, qalustukda, pencəkdə. Mən onu görürdüm, təngənəfəs, ora- bura vurnuxurdu. Mənə bir neçə dəfə baxdı da, amma yenə də məni axtarırdı.
Üzüm tüklü, üst başım toz- torpaq, köhnə paltar "yetimçə ya avara" günündəyim.
Yaxınlaşdım, elə o andaca gözündəki təəssüf cinlərini gördüm. Könülsüz görüşdü. Bir az danışdıq. Çox loru, bəzən küçə jarqonu ilə, bəzənsə mənasız, məntiqsiz danışdım onunla.
"İşim var" deyib, üzr zad istəməyib getdi. Ta üzr payını məni ünlü sayan vaxtlar, üzümü görməyəndə istəyib qurtarmışdı... Arxasınca baxdım, təəssüf yerişiydi, mən də rahat nəfəs aldım, elə bil onun boynundakı qalustuk məndə idi, getməyilə dartıb, çıxardılar.
Dəqiq elmləri az- çox bilirəm, amma insanlar niyə belədir, sualına cavab tapa bilmirəm.
Riyazi düsturlar, həndəsi ölçülər, kimyəvi formullar, fiziki qanunlar bu məsələni aça bilmir.
Görəsən yadplanetlilər varsa, onlarda da kasıb, vəzifəsiz, titulsuz, zəhirmara qalmış qalustuksuz, qırışmış üzünü gün qaraltmış, əli qabarlı insanlar yaddılar?
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
“Yüzə açılan qapılar” - BİRİ İKİSNDƏ layihəsində Yusif Mürsəlin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində üç gün Şeir vaxtıdır, Yusif Mürsəlin şeirləri ilə tanışlıqdır. Bu gün ikinci gündür.
GÖRDÜM
Bircə yol çıxmadım sözündən sənin,
Yüz dəfə soruşdum özündən sənin.
Allah, niyə düşdüm gözündən sənin,
Səni sevməyimdə xətamı gördün?
Arazı qarğıdım Kür əvəzinə,
Göydə xəyal qurdum Yer əvəzinə,
Ocaq əvəzinə, pir əvəzinə
Elə hey anamla atamı gördüm.
Ahım axşam-sabah çıxsa da göyə,
"Xoşbəxtsən"dedilər, bilmirəm niyə,
Hər gün gecə-gündüz baxıb güzgüyə
Dünyada ən bədbəxt adamı gördüm.
KÖNLÜMÜ
Məni incitməkdən niyə doymursan?
Elə hey qırırsan şüşə könlümü.
Nə özün sevirsən, nə də qoyursan
Başqa bir sevdaya düşə könlümü.
Düşsə yüz borana, qara, ayaza,
Eşqimi qoymaram yolundan aza.
Mənim çiçək könlüm can atır yaza,
Sən elə çəkirsən qışa könlümü.
Bircə yol baxmadın gen pəncərədən,
Ələdin saçıma dən pəncərədən.
O qədər daş atdın sən pəncərədən,
Axırda döndərdin daşa könlümü.
QAPILAR
Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
Gözləyirik yana-yana
Səbrimiz yetdikcə sona.
Qırxa, əlliyə, doxsana,
Yüzə açılan qapılar.
Heç bilmirsən nədir dərdi,
Qovub namərd edir mərdi.
Barmağın sayı qədərdi
Düzə açılan qapılar.
Kim öyrədib bu sənəti,
Guya açılmağı çətin.
Hər gün açılır xəlvəti
Naza açılan qapılar.
Əriyirik ilmə-ilmə,
Oğulsansa, gəl bükülmə.
"Yuxarıdan"bircə kəlmə
Sözə açılan qapılar.
Səbir eyləyək deyə-deyə
Ah-naləmiz çıxdı göyə.
Qalmayıb halal çörəyə,
Duza açılan qapılar.
Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
Ramiz Qusarçaylıdan Cığalı təcnis
Ustad şair Ramiz Qusarçaylı gələn ay Saxa-Yakutiyanın paytaxtı Yakutsk şəhərində keçiriləcək Beynəlxalq Poeziya Festivalına dəvət alıb. Qədim Turan ellərinə səfər ərəfəsində yazdığı “Cığalı təcnis”i şair “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşür.
Onu da qeyd edək ki, müasir poeziyamızda “Cığalı təcnis” nümunələrinə nadir hallarda rast gəlinir.
Cığalı təcnis
Mənə gəl-gəl deyir Turan elləri,
Səsləyir Saxalar, Yakutlar məni.
Şair deyər tur anı,
Səfər anı, tur anı,
Yer Turandı, göy Turan
Ötür Turan Turanı.
Bir az gecikmişəm, bir az üzgünəm,
Gəlincə ya qınar, ya kutlar məni.
Hər yan qar dənizi, şam, ayı üzür,
Ağ göldə ağ balıq,şamayı üzür,
Şair deyər,şam,ayı,
Cəngəl meşə, şam,ayı,
Ağ işıqdı, bəyaz qar
Seçə bilmir şam ayı.
Üzür, öləziyən şam Ayı üzür,
Üzməz işığında yakutlar məni.
Sibir iki məkan, iki Sibirdi,
Edamdı, sürgündü, iki sibirdi,
Şair deyər al taya,
Göy talada al taya,
Düzsəm, sığmaz dağlarım
Alp dağından Altaya
Nargindi, Sibirdi, ikisi birdi,
Tanıyır Saxalar-Yakutlar məni.
Qusarçaylı ağ çay, yol qara çaydı,
Dirənib yol qışa, yol qara, çaydı,
Şair deyər qara çay,
Qara məcra, qara çay,
Qovrulur dərd içində
Uyğur, Çuvaş, Qaraçay.
Yol Tuva, yol Hakas, yol Qaraçaydı
Hifz edər Şamanlar, ya Kutlar məni.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
“İrsimizi tanıyaq və qoruyaq”da bu dəfə “Çıraqqala-Şabran” qoruğu
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “İrsimizi tanıyaq və qoruyaq” layihəsinin növbəti təqdimatı “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi abidələrə həsr olunub. Qoruq haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Dövlət Xidməti xəbər verir ki, məlumatda bildirilir: dünya əhəmiyyətli Çıraqqala abidəsi (ümumi uzunluğu 120 km) divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa olunub. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər. Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.
Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerdən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamına əsasən, “Çıraqqala, 27 sentyabr 2003-cü il tarixli sərəncamla isə “Şabran” qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.
Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran qədim Azərbaycan dövləti Qafqaz Albaniyası zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (1120-1190) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.
Gilgilçay səddi Dərbənd keçidində tikilmiş müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən uca bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir.
Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
“Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.
Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
Məsudə Cabbar: “Düşünürəm, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var”
Hər vaxtınız xeyir olsun, istəkli oxucularımız. “Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında xoş gördük sizləri. Bu günün müsahibəsi Kubra Quliyevanın təqdimatında müasir Azərbaycan yazıçıları arasında qələmini məharətlə danışdıra bilib gənclərin sevimlisinə çevrilən, "Aciz qalan ulduzlar”, “XÇƏQ”, “Oğlan”, “Ən" və daha bir neçə əsərin müəllifi olan Məsudə Cabbarladır. Blits-müsahibəni nəzərinizə çatdırırıq.
-Öncəliklə sizdən özünüzü qısaca tanıtmağınızı və bizə gələcəklə bağlı planlarınızdan bəhs etməyinizi istəyəcəkdim.
-Hər kəsə salam. Mən Məsudə Cabbar. 30 yaşım var, 9 ildir yazıçılıqla məşğulam. Ümumilikdə 7 kitab müəllifiyəm. Gələcəklə bağlı əsas hədəfim özümü və sənətimi mümkün olduğu qədər irəli aparmaq və daima yeniləməkdir.
-Sizcə, sizin əsərlərinizin qısa zamanda bu qədər sevilməsi və oxucu kütləsinə çatmasında əsas səbəb nə oldu?
-Zənnimcə, 9 il qısa zaman sayılmır, ilk kitabımdan etibarən kitablarım daima oxucuların maraq dairəsində olub. Ancaq çalışmışam heç zaman bu marağın sehrinə qapılmayım. Konkret səbəb göstərmək çətindir, ancaq düşünürəm ki, kəlmələrin insanların qəlbinə, ruhuna zənn ediləndən daha çox toxunma gücü var.
-Çox gözəl vurğuladınız. Elə isə özünüz mütaliə edərkən hansı yerli və xarici yazıçıların əsərlərinə üz tutursunuz?
-Bacardığım qədər yerli, gənc yazarların kitablarını oxuyuram. Əcnəbi yazarlar arasında qələmini sevdiyim bir çox yazar var. Ancaq daha çox elmi kitablar oxumağı sevirəm.
-Bu aralar geniş oxucu kütləsinə çatmış "Xoşbəxtliyə çatanda əldə qalanlar"kitabı xeyli maraq doğurmuşdu. Bəs siz özünüzü xoşbəxtliyə çatmış hesab edirsinizmi? Elə isə əlinizdə qalan nə oldu?
-Əslində bu mövzuda saatlarla danışmaq olar. Ancaq “X.Ç.Ə.Q” kitabında da qeyd etdiyim kimi, həyatda heç bir mövzuda yüzdə yüz sabit qalmaq mümkün deyil. Düşünürəm ki, hazırda həyatımda "məna axtarışı" illuziyasını dayandırdığım dönəmdəyəm. Bu səbəblə heç nəyi itirmədiyim kimi, heç nəyi də tapmıram.
-Dəvətimi geri çevirməyib ünvanladığım suallara ətraflı cavab verdiyiniz üçün minnətdaram. Xeyirli günlər.
-Müsahibə mənim üçün də maraqlı oldu. Təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)
POETİK QİRAƏTdə “Adsız”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Adsız” söyləyir.
Nə müddətdir gül üzünə baxmıram,
Daş inaddır aramıza hördüyün...
Bulaq olub, gözlərindən axmıram,
Həsrətimin gözləridir gördüyün...
Qabar oldu bu möhnətin əlləri;
Ta uzandı iliyəcən, qanacan.
Nisgil boğdu o bəxtəvər illəri
aylarından, günlərindən anacan.
Qəfil incik -- qollarımın zənciri,
Hər cəhdimdən çidarlanmış köhlənəm...
Bu "səbr"imlə qorxuram diri-diri
O gözəlin nəzərində "köhnə"ləm...
Kövrəlirəm şəklimizə baxanda;
Nə aləmmiş -- göz-gözəyik, baş-başa!..
Ayrılıqdır canım oda yaxan da;
Neçin "yad"am o bir olan sirdaşa?!.
Amansızmış xatirələr, İlahi!..
Adam duyub, andığından yanırmış!..
Yalan sözdür sönə çəkdiyin ahı,
Ah da ürək yandığından yanırmış...
Eşq nüftəsi olmayaydı elə kaş,
Olan qədri olmayanda bilirsən...
Bəbəyində dona sevinc, axa yaş,
Öldüm! -- deyib, ölməyəndə bilirsən...
...Darıxmışam sənlə qoşa izimçün,
Bu duyğunun sinonimi sevməkdir.
Bir-birindən gen dolanmaq bizimçün
ruhla bədən ayrılığı deməkdir.
Sığınmasa qəlb ülfətə, sınandı,
Həyatın hər sınağına şərik biz...
Qədəri bəxt qədərinin sanandı:
Birkən iki, ikilikdə birik biz!..
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)