Super User

Super User

Wednesday, 10 January 2024 15:30

Görünən kəndə nə bələdçi...

“Ədəbiyyat və incəsənət” portalı həkim, yazar, AYB- nin, AJB-nin, YAP- üzvü, Prezident təqaüdçüsü, 5 kitab müəllifi Məlahət Hümmətqızının “Görünən kəndə nə bələdçi...” adlı yazısını təqdim edir.

 

Yadımdadır, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində Bakı Səhiyyə İdarəsindən xəbər gəldi ki, paytaxtda yerləşən bütün poliklinika və xəstəxanalar təmir olunacaq. Biz də - poliklinikamızın bütün personalı sevindik. Uşaq kimi atılıb–düşdük. İşçilər bir-birini qucaqlayıb öpdü. Hətta sevincimizi tanıdığımız-tanımadığımız hər kəslə paylaşdıq, bölüşdük. Sevincimizin həddi-hüdudu yox idi, aşıb-daşıb evlərimizədək yayıldı. O qədər sevincək olmuşduq ki, gecələr gözümüzə yuxu da getmirdi. Tezliklə qəsəbəmizdə yerləşən uşaq poliklinikası təmirə bağlandı və oranın işçiləri müvəqqəti olaraq bizim poliklinikaya yerləşdirildi. Bu dəfə daha çox sevindik. Ruhlandıq. Demək, xəbər düz imiş. Düşündük ki, növbə bizim poliklinikanındır. Bir ildən sonra uşaq poliklinikasının işçilərini bir az həsədlə, bir az da sevinclə yeni, təmirli iş yerlərinə - poliklinikalarına yola saldıq. “Sağ əlləri başımıza”, dedik. Gözlədik... Gözlədik. İllər keçdi, təmirdən səs-səmir çıxmadı. Neçə il sonra eşitdik ki, 2 saylı doğum evi və qadın məsləhətxanası təmirə bağlanır, oranın işçiləri poliklinikamıza yerləşdiriləcək. Yenə sevindik. “Noolar, yəqin növbə bizə də çatar” deyib, qapımızı kolleqalarımızın üzünə gülərüzlə açdıq. Həvəslə qonaqlarımızı qəbul etdik. Bu dəfə qonaqlarımızın sayı daha çox idi. Yerimiz dar idi, əvəzində qəlbimiz genişdi, otaqlarımızı iki il müddətinə onlara peşkəş elədik. Özümüz isə mehribancasına bir otaqda bir neçə həkim yerləşdik. Qonağa hörmət etmək adətimizdir, biz dözərik, inşallah, növbə bizimdir deyə, düşündük. Amma sən saydığını say... Tibb ocaqlarının təmiri başa çatdı. Doğum evinin işçiləri öz yerlərinə qayıtsalar da, qadın məsləhətxanasının işçiləri öz binalarına qayıtmadılar. Bilmədik təmirsiz poliklinika xoşlarına gəldi, yoxsa mehriban, üzügülər kollektivimiz? Ginekoloqlar poliklinikamıza həmişəlik yerləşdilər. Təmir arzumuz ürəyimizdə qaldı, üstəlik yerimiz də daraldı. Hamilə qadınlar 3-cü mərtəbəyə qalxıb düşməkdən kimisi depresiyaya düşdü, kimisi dərdə, kimisi də xəstəxanaya...

Avropa oyunlarından 10 ilə yaxın vaxt keçsə də hələ də təmisiz, şəraitsiz otaqlarda otururuq. Pasiyentlərin ”poliklinika niyə təmir olunmur?” sualına artıq cavab verməkdən yorulmuşuq. Düzdür, polikinikamıza bu il yeni avadanlıqlar-USM, müasir rentgen aparatı, laboratoriya üçün yeni cihazlar verilib. Təqdirəlayiqdir. Lakin bu kirli bədənə təzə paltar geyinmək kimi bir şeydi. Yəni altı təzək, üstü bəzək kimi. Olmazdımı ki, əvvəlcə xəstəni sağaldıb, çimdirib, sonra təzə paltar geyindirsinlər? Məsələn, götürək mənim otağımı. Bu otağa yeni mebellər yerləşdirilsə, nə dəyişəcək? Bəlkə ömrü bitmiş, sıradan çıxmış kanalizasiyanın iyi uçub gedəcək? 

Allah şair, yazıçı-publisist ,“Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylıya rəhmət eləsin. Yadıma bir əhvalatı düşdü. 2019-cu ildə poliklinikamıza məndən müsahibə almağa gəlmişdi. Zəngləşdik. “Yuxarı qalxın, 2-ci mərtəbəyə”, dedim. Axşam saatları idi. Tərslikdən dəhlizdə də işıqlar sönmüşdü. Qaranlıq idi. Qələminə bələd olduğum dəyərli, istedadlı yazıçı həmkarımı qarşılamaq üçün otaqdan çıxdım və pilləkəndə üz-üzə gəldik. Salamlaşdıq və otağa dəvət etdim. Elə üzümü çevirib qapıya sarı bir-iki addım atmışdım ki, tappıltı səsinə arxaya çevrildim. Gözlərimə inanmadım. Xaçınçaylı ayağı döşəmənin çıxmış parketinə ilişib ağzı üstə yıxılmışdı. Bir anlıq bilmədim nə edim. Dəli gülmək məni tutdu. Əlimi ağzıma tutub o ki var güldüm. Maraqlısı o idi ki, Qələndər müəllim yerdən qalxa da bilmirdi. Nə edəcəyini də bilmirdi. Nə baş verdiyini hələ anlamırdı. Ətrafa göz gəzdirib ”rəhmətliyin qızı, kömək elə ayağa qalxım, Allah, sənə şükür, bu nə idi başıma gəldi, sən burda necə işləyirsən?” dedi.

“Gördüyünüz kimi” deyib, əlindən tutub gülə-gülə ayağa qalxmasına kömək etdim. Qələndər müəllim “buna bax e, hələ də gülür” deyəndə hiss etdim ki, çox əsəbləşib. Qapını açıb otağa keçdik. Mənim “gözəl, yaraşıqlı” otağımı görüb bir anlıq susdu. Oturmadı. Sınıq stulları, qapısı qırıq şkafı, deşilmiş, çökmüş döşəməni, şüşəsi qırıq pəncərəni, üstünə balaca kağıza yazılmış “pəncərəni açmayın, qırıqdı” yazısını, qaysaqlanmış divarları, su kranının çanağını, tavandan tək patrondan asılmış lampanı və iki ayağı qırılmış asılqanı gözdən keçirib “doktor, deyəsən səhv gəldik, bura nə otağıdır?” deyib heyrətlə üzümə baxıb əlini üzünə çəkdi.

Gülümsədim... “Əyləşin, Qələndər müəllim, bura əvvəllər bəlğəm otağı olub. Sonra otaq çatışmazlığından ayaqyolular və bəlğəm otağı həkim otağına çevrilib”. 

Həmişəki kimi otağı kanalizasiya iyi bürümüşdü. Qonağım çevrilib kanalizasiya borusuna baxdı. Hiss etdim ki, iydən oturmaq istəmir. Cəld ayağa qalxıb kranı açdım. “Rəhmətliyin qızı, burda oturmağa yer var? Elə bil ayaqyolundayıq”, dedi. Sonra elə oldu ki, məni şöbə müdirinin otağına çağırdılar. Üzr istəyib otaqdan çıxdım. Bir neçə dəqiqə ləngidim. Geri qayıdanda Qələndər müəllimi otaqda görmədim. Bir neçə gündən sonra Qələndər müəllim poliklinikamız haqqında öz qəzetində böyük bir yazı yazdı. .

2020-ci ilin avqust ayında “Yeni Klinika”da covid xəstəliyindən dünyasını dəyişdi Qələndər müəllim. Ruhu şad olsun, gözəl insan idi. O, dünyasını dəyişəndə mən artıq Bilgəh modul xstəxanasında çalışırdım. Covidə yoluxan insanları müalicə edirdim. Bir əsgər kimi gecə-gündüz insanların sağlamlığı keşiyində dururdum. Onun dünyasını dəyişməyi mənə çox ağır təsir etdi. Poliklinikamızın təmir olunması, yeni avadanlıqlarla təhciz edilməsi onun ən böyük arzusu idi.

Hər il əlimi göyə qaldırıb Allahdan poliklinikamızın təmir olunmasını arzulayırdım. Bu il - 2024 əjdaha ili olduğu üçün poliklinikamıza heç nə arzulamadım. Daha nə arzulayıram, nə də üsyan edirəm. Görünən kəndə nə bələdçi? Görən görür, bilən də bilir hər şeyi. Yazan da yazıb. Nə xeyri? Demək hələ belə otaqlarda oturmaq məcburiyyətindəyik. Axı niyə? Hərdən beynimə qəribə fikirlər gəlir. Deyirəm, tamaşada deyildiyi kimi, “bəlkə bizə əjdaha lazımdır?” 

Əjdaha ilinə qədəm qoyduğumuza görə bir az ürəklənmişəm. “ Poliklinikamız heç vaxt təmir olmayacaq!” deyənlərə inanmıram. Çünki əjdaha ilində “əjdaha” insanlardan çox şey gözləyirəm. Onlara inanıram. Necə deyərlər, dəvədən böyük “əjdaha” var... Çünki dünyanın ən qaynar vaxtlarında covidlə mübarizə aparan (istər xəstəxanalarda, istərsə də poliklinika daxilində) onlarla qəhrəman həkimimiz var. Baxmayaraq ki, bu fədakar həkimlərimiz orden, medal, fəxri fərman, təşəkkürnamə almadı, amma adları üstündədir. Onların hər biri dövlətinə, millətinə təmənnasız xidmət edən andına sadiq qəhrəman həkimlərimizdir! 

Sonda isə bir sual vermək istəyirəm.:

-Görəsən TƏBİB, Bakı Səhiyyə İdarəsi, İcbari Tibbi Sığorta İdarəsinin işçiləri belə otaqlarda oturub insanlara xidmət etməyi özlərinə rəva bilərlərmi?

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

Vallah, Vahid Əziz çətin işimiş...

 

Neynim ki, dövranın gələm xoşuna,

ya da ki, biryolluq yan durub, gedəm?

hərdən əl atıram haqqın daşına,

vurub bu dünyanı sındırıb gedəm.

 

Suallar əl çəkmir, əhli-halam ki,

neynim – “kim nə çaldı?” qaravulam ki?

gərək ucalmaqçün arsız olam ki,

hər düşük havaya sındırıb gedəm?!

 

Küt elə kütdürsə, daha “kütlə” nə?

Yaxşı qorunacaq pis kilidlə nə?!

Qəlbim yol vermədi eşqin qətlinə,

gülüm, imanımı yandırıb gedəm!

 

Vaxtdan “yoxum” qaldı, aldı “varımı”,

bu, qanlar baisi qəsdən sarımı?!

Dünyadan köçəndə öz mağarımı

gərək dünya boyda gen qurub gedəm!

 

Kaş ki; çin olaydı nə yozmuşamsa,

mən düşəm özgəyə nə qazmışamsa,

hərdən istəyirəm nə yazmışamsa –

yandırıb külünü sovurub gedəm!

 

Tanrım, neynəyim ki, arzular gülə,

kim qıydı başıma dünya dar gələ?

Yanına yol gedən bir qatar gələ

kimsəyə demədən oturub gedəm.

 

Cəllad başım boyda qızıl istəmiş,

zəkam kasad oldu, elədim gümüş!

Vallah, Vahid ƏZİZ, çətin işimiş

şərdən-şəbətədən qorunub gedəm...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.

Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün nəğməkar şair Baba Vəziroğlunun 70 illik yubileyi günüdür, mən də öz rubrikamda sizlərə şairin dillər əzbəri olan sevgi şeirlərindən birini təqdim edirəm.

 

 

Bilirəm  tək yanan mən olacağam 

 

Bu da son ayrılıq son dayanacaq

Qismətin əlindən biz hara qaçaq.

Günah kimdə oldu – bilmirəm ancaq

Bilirəm – tək yanan mən olacağam 

 

Bilmirəm – sevincdən ya qəmdən oldu,

Bilmirəm dumandan, ya çəndən oldu.

Bəlkə də ayrılıq, tək səndən oldu,

Bilirəm – tək yanan mən olacağam. 

 

Niyə ayrılırıq, hara gedirik,

Vurub qəlbimizə yara gedirik.

Bəlkə ikimiz də günah edirik,

Bilirəm – tək yanan mən olacağam. 

 

Bəlkə bir yuxuydu – oyanmalısan,

Bəlkə, geri dönüb dayanmalısan,

Cəhənnəm oduna sən yanmalısan

Bilirəm – tək yanan mən olacağam. 

 

Min günah elədin sən dönə-dönə,

Bağışladım səni, sınadım yenə.

Yenə də, yenə də sənin xətrinə.

Bilirəm – tək yanan mən olacağam.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Əli Bağış, “Ədəbiyyat və incəsənət” portalı üçün 

 

1. Böyük-böyük adamların kiçik-kiçik işlər görməsinin yalnız bir səbəbi var: Böyük işləri kiçik, çox kiçik adamların oğurlaması!

 

2. Kimin nə, necə dediyinə yox, niyə dediyinə baxın.

 

3. Oğluma: Atam atandan böyük kişi olub, özüm özündən!

 

4. Zəif olanda hamı ədalətli olur, Kişi odur ki, güclü olanda ədalətli olsun.

 

5. Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə...

 

6. Söz, Əməl, Adam arasındakı tərs mütənasiblik belədir: Sözlə Əməl arasındakı məsafə kiçildikcə Adam böyüyür, Sözlə Əməl arasındakı məsafə böyüdükcə Adam kiçilir!!!

 

7. Çox şərəfsizin kişi olduğu ayaqyolunda "Kişi" yazılmış lövhəyə sarı gedəndə yadına düşür...

 

8. Övladlarımıza heç bir sərvət saxlaya bilmiriksə, heç olmasa "Allah rəhmət eləsin, atan yaxşı Adam olub, bala"-nı saxlamaq ki öz əlimizdədir...

 

9. Həyatda ən qəliz şey bir adamı tanımaqdı. Tanıyandan sonra həyat o qədər asan olur ki...

 

10. Ən gözəl sözləri şairlər, tamadalar, mollalar seçib danışırlar. Mənə sözünü yox, Əməlini göstər eee...

 

11. Allahın sığorta idarəsi işləmir: Heç kim Heç vaxt Heç nədən sığortalanmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

“Əgər mənim belə şansım olaydı, atama zəng edərdim. Sağ olanda demək istəyib deyə bilmədiklərimi, onu çox istədiyimi deyərdim, nə vaxtsa əsəbi olub acı cavab verdiyim üçün bağışlamağını  istəyərdim. Ondan sonra məni incidən, qəlbimi qıranlardan şikayət edərdim. Bir də, sağollaşmadan niyə getdin deyərdim . İnciməzdim, amma barı son dəfə sağollaşardlm. Gözün arxada qalmasın,  sənin istədiyin kimi biri olacağıma söz verərdim. Kaş ki belə bir şans olardı...”

Xumar Şirvanova

 

“Məncə, həyatımızın müəyyən dövründə yanımızda olub indi həyatımızdan çıxan şəxslərə, eyni zamanda bizim özümüzə həyat dəfələrlə o zəngi etməyə, addım atmağa, hətta qucağlaşıb yaralarımızı sağaltmağa şans verib. 

Aradan illər keçir və sən yaşananları xoş bir xatirə kimi xatırlayıb gülümsəyirsən. Sadəcə bu qədər: mən xatirələrimə və xatirələrimdəkilərə zəng etmək istəməzdim. Təki xatirələrimdəkilərin xətri ilk günkü kimi qalmış olardı. Əgər dünyadan köçən bir doğmama zəng etmə şansım olsa, yenə etməzdim, çünki insan darıxdığı insana darıxıram deyə bilmir. Sadəcə saatlarla boş divar izləyib keçmişinə köks ötürür. Qısacası, zəng etdiyiniz nömrə ya söndürülüb, ya da şəbəkədən xaric olunub.”

Kübra Quliyeva

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Wednesday, 10 January 2024 12:30

Dünya nəyə gülür?

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Bu gün sizlərə dünyanın güldüyü lətifə, fraza, əhvalatları təqdim edəcəyəm. Təbii, maraqlıdır, tutalım, statistik amerikalı, yaxud papua-yeni qvineyalı nəyə gülür? 

 

LƏTİFƏ 1

Nil Armstronq doğma şəhərinə qayıdıb gəlir və doğma pivəxanasına baş çəkmək istəyir. Gəlib görür ki, pivəxana yerində yoxdur. Təəccüblə yoldan keçəndən soruşur:

-Burda pivəxana var idi, hanı?

Adam təəccüblə deyir:

-Sən Aydan-zaddn gəlmisən ki? Pivəxananı 1 aydır ki söküblər. 

 

LƏTİFƏ 2

İki rus xanımı Antalyada dincəlirlər. Bu vaxt onlara iki kişi yaxınlaşır. Biri sarışın, biri qarabəniz. 

Tanış olurlar, yeyib-içirlər. 

Sonra xanımlar tualetə keçirlər, onlardan daha diribaşı olan Sveta deyir:

-Qaralara nifrət edirəm, sarı mənlikdir.

Maşa da çar-naçar razılaşır. 

Gecəni keçirirlər, səhərisi səhər naharı süfrəsi arxasında Sveta deyir:

-Ay da, heç bilirsən kavalerimlə biz necə romantik və ehtiraslı gecə keçirdik?

Maşa deyir:

-Mənəsə kavalerim evlilik təklif etdi.

-Fu. O qara iyrəncdir.

-Ey. Ağzına gələni danışma. Səni otelimizdən qovarıq. 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Wednesday, 10 January 2024 10:45

Bir içimlik Musiqi - 3-cü yazı

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər 

 

İlin son hesabat konserti Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta" xalq çalğı alətləri orkestrinin konserti oldu. Orkestrin bədii  rəhbəri Dirijorluq Kafedrasının bas müəllimi Aysel Bağırova idi. 

 

KONSERTDƏN ÖNCƏ

Bu orkestrin əzmlə məşq etdiyinin şahidi oluram. Səhər və axşam məşqlərində iştirak edərək onları dinləyirəm. Ən çox diqqətimi çəkən Aysel Bağırovanın  tələbələrə olan münasibətidir. Onlara bir sənətkar, bir böyük şəxsiyyət kimi yanaşmaqla bu doğma mühiti yarada bilmisdir. Onu sevirlər və bu sevgi yaradıcılıqla dolu gələcəyə işiqlı yol açır.

Hesabat konsertinə hazırlaşan “Buta" xalq çalğı alətləri orkestrinin  hər bir üzvü həyacanlıdır. Onların içində Hüseyn Nağıyevi görürəm. Heç bir ay olmayıb ki, prezident taqaüdçüsüdür. Çox istedadlı bir gəncdir, həm də İncəsənət Gimnaziyasının məzunudur. Bir-birindən istedadlı gənclərdən ibarət xalq çalğı alətləri orkestri bu il bir ilkə addım atır.

Ona görə də hesabat konsertinin adı "İlk addım"dır. Bundan öncə xalq çalğı orkestrləri in H və in D  köklərində səsləndirilsə də, “Buta" xalq çalğı alətləri  orkestrinin bədii rəhbəri, Dirijorluq Kafedrasının baş müəllimi Aysel Bağırovanın təşəbbüsü və səyi nəticəsində orkestr in C kökündə yəni Do kökündə səsləndiriləcək.

Bu, bəlkə də, hər bir orkestr rəhbərinin arzusu olmuş, yalnız onu həyata keçirməyə risk etməmişdir. Lakin biz bunu etdik. Dirijorun sevincini sizinlə bölüşürəm.

Konsertə güçlü hazırlıq işləri gedir, axşam saatlarıdır. Aysel Bağırova yenə məşq edir.

Ən çox nəzərimi çəlb edən məqam xarici müsiqilərin bizim milli musiqi alətlərində ifası oldu. Bu mənim böyük marağıma səbəb olduğundan, saatlarla məşqdə oturub, tamaşa etdim. Azərbaycan Milli Konservatoriyasının rektoru, Siyavuş Kərimi də məşqlərdə iştirak edir. Öz tövsiyələrini, iradlarını bildirib, yaxşı ifalarda sevincini büruzə verir.

Bu da gənclərə, gənc çalışqan müəllimə böyük stimul olur və gələcəkdə onları daha çox nailiyyətlərə sövq edir.

İstedad harda olsa öz haqqını alıb və öz xoşbəxtliyini yaşayacaqdır. Konsert günü yetişir. Hamı, bütün iştirakçilar həyacan içindədir.

 

KONSERT

Aparıcı səhnəyə daxil olub orkestri  təqdim etdi. İlk olaraq Azərbaycanın himni ifa edildi.

Himndən sonra nəzərimi cəlb edən həm qürurlu, həm də qəmli bir məqam baş verdi. "Xudayar" təsnifini bu orkestr üçün Pikə  Axundova işləmişdir. "Xudayar" təsnifini ifa etmək şansı solistlər - Vətən muharibəsi iştirakçıları, Füzuli, Xocavənd, Cəbrayıl və Şuşanın azad olunması medalları ilə təltif olunmuş Sevindik Abbasov və Xocavəndin azad olunması, Vətən muharibəsi iştirakçısı medalları ilə təltif olunmuş Elmir Səfərli, həmçinin, istedadlı qızımız Ülkər Abdullayevaya qismət oldu.

Zal onları ayaqüstə qarşıladı. 

Qeyd edim ki, orkestrin baş alətləri ifaçısı Elvin Nəbiyev də Vətən müharibəsi iştirakçısıdır, Füzuli, Xocavənd uğrunda döyuşlərdə iştirak etmişdir. 

Azərbaycan Milli Konservatoriyasının tələbələri arasında şəhidlik zirvəsinə yüksələn Toğrul Haciyev də bu orkestrin ifaçısı olmuşdir.

Bu üzgün notlarda şəhid Xudayar Yusifzadəni yada salan qəmli təsnif ifa olunur. Bir-birindən zəngin olan repertuarın orkestr üçün işləmələri Aysel Bağırovaya və Zərrin Muradovaya aiddir. Fəqan Ələsgərov adlı tələbəmiz nəfəs aləti balabanda elə gözəl ifa edir ki, zal onu səssiz, valeh olacaq şəkildə dinləyir. Sonra alqışlar ətrafı bürüyür. Konsert bütün bu ay ərzində çəkilmiş əziyyətlərə və yuxusuz gecələrə dəydi. Konsertin sonunda rektorumuz səhnəyə çıxıb orkestrin bədii rəhbəri Aysel Bağırova başda olmaqla hər bir ifaçıya ayrı-ayrılıqda təşəkkür etdi. 

İlk gündən bu günə qədər Siyavuş Kəriminin öz istedadlı tələbələrinə diqqəti məni düşündürür. O, istedadlı olanı mütləq dəyərləndirir, bu da tələbələr üçün yeni stimul verir.

Aysel Bağırova Azərbaycan musiqisinin sabahıdır. Mən çox sevinirəm ki, bizim musiqimiz və mədəniyyətimiz bu cür istedadlı, əzmkar gənclərin ixtiyarındadır.

Bütün konsertlərin sonunda Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavis Kərimi səhnəyə çıxaraq müəllimləri və tələbələri təbrik edir, bir-birindən istedadlı tələbə heyətinə artıq dərs  prosesində iştirak edən tələbə kimi yox, sənətkar kimi yanaşır, bu isə istər-istəməz insanda fərəh hissi doğurur. Azərbaycan mədəniyyəti  və incəsənəti əmin əllərdədir. 

 

ECAZKAR SAZ

Çox sevindirici haldır ki, Konservatoriyada Humanitar Fənlər Kafedrası da var. Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur. Çünki hər bir musiqiçi ədəbiyyatı və öz dilini mükəmməl bilməlidir. Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizov da ilk gündən maqistr tələbələrin konsertləri haqqında məlumat verir, kafedra nəzdində keçirilən tədbirləri izləyir, bizim işimizə diqqətlə yanaşır.

Ümumən, bu ay ərzində keçirilən bütün tədbirlər bir-birindən maraqlı və mənalı idı. İnstrumental Muğam Kafedrasının saz konsertini bir aşıq musiqisini yeni tədrisinin təzahürü kimi də qələmə vermək olar.

Müasir dövrdə aşıq musiqisinin tədrisinə olan tələbə marağı heyrət  ediləcək bir yenilikdir.

Saz konserti Azərbaycan Milli Konservatoriyasına gələn qonaqların böyük marağına səbəb olur. Konsertdə Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar mədəniyyət işçisi Nemət Qasımlı aparıcılıq etməklə yanaşı, eyni zamanda öz şagirdləri ilə səhnəni bölüşür.

 

YUBİLEY KONSERTİ

Nəhayət, dəyərli alim, musiqişünas Fəttah Xalıqzadənin 70 illik yubileyinə həsr olunmuş Elmi praktiki konfrans.

Fəttah Xalıqzadə qapı açılınca soruşur:

“Qızım, sən bu gündən burda işləyirsən?"  

Əlində çoxlu kağız var. “Mən Fəttah Xalıqzadəyəm". İmzasını və adını tez-tez eşitdyim bu alimin belə sadə ve təvazökar olacağı heç ağlıma  da gəlməzdi. Onun Azərbaycan folklorunu bölgələrdən ilmə-ilmə topladığını bilirdm. Bu barədə çox  eşitmişdim. Susub dinləməyə davam etdim. “Demək mətbuatla məşğul olacaqsan. Ay qızım. Sən heç bilirsən insan necə xəbər yaymalıdır?"  “Azdan, çoxdan bilirəm"  deyib gülümsədim. “Sənə bir tovsiyəm var"  Hansısa müəllifin adını çəkir. O deyir ki,  “Qızım, insan gərək xəbəri elə ifadə edə ki, təriflə tənqidin məsafəsi çox olmasın. Başa düşürsən?". “Başa düşürəm, Fəttah müəllim, yəni olduğundan çox qabartmaq olmaz". Olduğu kimi çox da ifadə edə bilmirəm özümü. Söhbəti alıb gedir. Fəttah müəllim gözəl sənətkarlardan, musiqi dünyasından xeyli danışır.

Onu sona qədər, maraqla  dinləyirəm. Bir az keçmir soruşur. “Heç elə olarmı insan danışa, amma danışdığı  adamın adını bilməyə?" Gülümsəyib adımı deyirəm. “Fəttah  müəllim, siz çox gözəl musiqişünas alimsiz. Bizim evdə həmişə adınız çəkilib. Mənim ana tərəfim də musiqiçi ailəsidir. Sizin adınızı çox eşitmişik", deyirəm. Fəttah müəllim mənim sözlərimə  gülümsəyir.

Bir müddət sonra Etnomusiqişünaslıq Kafedrasının çox istedadlı xanım, kafedra müdiri Jalə Qulamova Fəttah müəllimin 70 illiyinə həsr olunmuş tədbirə hazırlaşdığını vurgulayır və onun məqalələrindən ibarət bir kitab tərtib etdiyini deyir. 

…Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəsəfə doktoru Fəttah Xalıqzadəyə həsr olunmuş Elmi-praktiki konfransın günü yetişir nəhayət ki. Etnomusiqişünaslıq Kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova tədbir günü çox həyacanlıdır. Bu onun öz müəlliminə olan ehtiramıdır. Çünki Fəttah müəllim burada əyləşən dekanların, kafedra müdirlərinin əksəriyyətinin müəllimi olmuşdur.

Jalə xanım İlk sözü elmi işlər üzrə prorektor, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynovaya verir. Lalə xanım Fəttah müəllimin musiqi tədqiqatlarından, türkologiya məsələlərindən bəhs edən əsərlərindən məlumat verir.

Sonraki çıxışcılar da Fəttah Xalıqzadənin folklor, ritm məsələləri və digər toxunduğu təqdiqatlar haqqında çıxış edirlər. Çox maraqlı bir konfransdır.

Elmi praktik konfransda Fəttah müəllimi bir musiqiçi alim, dost, müəllim obrazında  bizlərə tanıdırlar. Azərbaycan Milli Konservatoriyasının Musiqinin Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev onun pedaqoji fəaliyyəti haqqında danışır, onunla tələbə yoldaşı, yaxın dost olduğunu vurğulayır.

Xaricdə yaşayan, vaxtı ilə tədqiqatlarında iştirak edən dostları onu video vasitəsilə təbrik edir. Tədbirin sonunda isə tələbələr, rəhbərlik, Azərbaycan Milli Konservatoriyasi böyükdən kiçiyə Fəttah müəllimin başına toplaşıb ona sevgisini bildirir, təbrik edir.

Fəttah müəllim son dərəcə sadə və təvəzökar halıyla səhnəyə çıxıb Üzeyr Hacibəyli musiqisi haqqında maraqlı məqamları nəzərlərə çatdırır. O, yenə də musiqi aləmində hələ kəşf olunmayan məqamları düşünür.

Mən isə belə düşünürəm ki, onu musiqi aləmində hələ tədqiq edəcəyi bir çox işlər gözləyir.

Fəttah Xalıqzadə görkəmli alim, musiqişünas və müəllimdir. Bu onun haqqında nəticəyə gəldiyim faktdır.

 

BİR MUSİQİ DÜNYASI

Dediklərim Azərbaycan Milli Konservatoriyası haqqında olan mənim ilk təəssüratlarımdır. Əlbəttə, bütöv bir fəaliyyəti əhatə edə bilməsəm də, Azərbaycan Milli Konservatoriyası bir musiqi dünyasıdır deyərdim. Bu kiçik dünyanın öz qanunları, qaydaları, öz kiçik özünəməxsis sevincləri var. Bu sevincdən, fərəhdən müəllim və tələbələrə pay düşür. Bir az mənə də pay düşdü. Çünki elə ilk gündən bütün çətinliklərimə baxmayaraq bu təhsil ocağını sevdim.

Azərbaycan Milli Konservatoriyası rektoru, xalq artisti Siyaviş Kəriminin tələbələrə, istedadlı müəllimlərə münasibətini görərək, demək istəyirəm ki, Vətənimizin hüdudlarında və hüdudlardan kənarda da tanınan, öz kiçik gözəllik dünyası olan Azərbaycanın mədəniyyət ocaqları içində bu cür bir elm, təhsil, mədəniiyət oçağı - Azərbaycan Milli Konservatoroyası var ki, onun yetişdirdiyi tələbələr bir məşəl olaraq dünyaya işıq saçır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bəli, dünən görkəmli Azərbaycan yazıçısı Çingiz Hüseynov əbədiyyətə qovuşdu. Təəssüf edirik ki, onun barəsində ölkəmizdə elə də çox bilmirdilər. Mühacir həyatı yaşayan dahi yazarın adı demək olar ki, ölkə gündəminə gəlmirdi. Gənc nəsil onu tanımır, əsərləri təkrar nəşr edilmir, media ondan yazmırdı. 

Onun barəsində oxuduğumuz son yazı da uzaq 2019-cu ilə təsadüf edir, şair Nəsib Nəbioğlunun qələmindən çıxıb. Yazı “Müdrikliyin Çingiz Hüseynov zirvəsi” adlanır. 

Gəlin o yazıya nəzər yetirək və bir daha kimi itirdiyimizin fərqində olaq. 

 

Bu yazını yazmaq üçün bu tarixi xeyli müddətdir gözləyirdim. Nəhayət, aprelin 20-si günü yaxınlaşdı və böyük hörmət bəslədiyim məşhur azərbaycanlı yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Hüseynovu təbrik etmək bir dost kimi yenə də mənə qismət oldu. Özü də mənim üçün xüsusi önəm daşıyan 90 illik yubileyi ərəfəsində.

Düz on il əvvəl “Çingiz Hüseynov ömrü: Azərbaycanlı və yazıçı adına layiq 80 il” adlı bir məqalə yazmışdım. Məqalə “525-ci qəzet”də və bir sıra saytlarda dərc olunmuşdu. Həmin məqaləmdə Çingiz Hüseynovu qocaman yazıçı adlandırmışdım. Məqaləmi cap etməmişdən əvvəl Çingiz müəllimə zəng edib bir yazı yazdığımı bildirmişdim. Yadımdadır, yazını oxuyandan sonra mənə telefonda dedi ki: “Bizim bir yaxşı deyimimiz var, səksən-doxsan, bir gün varsan, bir gün yoxsan! İnşallah 90 illiyimdə zəngləşərik, onda qocaman sözüylə razılaşacağam, təki sağlıq olsun”.

İndi həmin gün gəlib çatdı. Aprelin 20-də o vaxt “qocaman yazıçı” adlandırdığım Çingiz Hüseynovun 90 yaşı tamam olur. Peyğəmbərcəsinə dediyi sözün üstündə durdu Çingiz müəllim! Bu gün bu böyük, istedadlı, millətin mənəvi pasportu olacaq ağsaqqal və ustad yazıçımızın 90 illik yubileyində sözümü deməyi özümə mənəvi borc bilirəm.

1980-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. Hələ gənclik cağlarımda Bakıda oxuduğum illərdə bir çoxları kimi Çingiz müəllimin – belə bir yazıçımızın Moskvada yaşadığını eşitmişdim, amma onu görmək, onunla şəxsən tanış olmaq heç ağlıma da gəlməzdi. O vaxt ağlıma belə gəlməzdi ki, Azərbaycanın bir ucqar rayonunda – Kəlbəcərdə doğulub böyüyən bir gəncə dünyaya hökmranlıq edən Moskva kimi təlatümlü bir şəhərdə bu nəhəng yazıçıyla görüşmək, sonralar dostlaşmaq nəsib olacaq.

Tanışlığımız elə 80-ci ildə də baş tutdu. Elə ilk tanışlığımızdan Çingiz müəllimi özümə çox doğma, bir ağsaqqal, böyük qardaş, tələbkar müəllim, əsl dost saymışam. İlk vaxtlarda mənə elə gəlirdi ki, ümumiyyətlə, Çingiz adlı insanlar əfsanəvi ola bilər, əlçatmaz ola bilər, onlarla təmasda olmaq, yaxınlıq etmək müşkül işdir. Amma ilk tanışlıqdan Çingiz müəllimə qanım yaman qaynadı.

İllər ötüşdükcə doğmalaşdıq, həmdərd, həmfikir olduq, aramızda 25 il yaş fərqi olmasına baxmayaraq, yaxın dost olduq. İllər keçdikcə artıq kumirim oldu Çingiz müəllim. Onun bu qədər sadəliyi, haqsızlığa qarşı qətiyyətli mübarizəsi, haqqın, ədalətin, düzgünlüyün tərəfində olması məni valeh elədi.

Həmişə deyirəm, mən Çingiz müəllimlə söhbət edəndə elə bilirəm ki, müdrik bir aqsaqqalla söhbət edirəm, o söhbətlərin təsirindən çıxmaq heç də asan olmur.

Çingiz müəllimlə tanışlığımız çox uğurlu bir vaxta, çox uğurlu bir günə təsadüf etmişdi. Həmin gün Moskvada V.Mayakovski adına Dram Teatrında Sumqayıt Dövlət Dram Teatrının şair Nəriman Həsənzadənin Nəriman Nərimanovun həyatına həsr etdiyi “Nəriman” poeması əsasında hazırladığı “Qoy bütün Şərq bilsin” tamaşası nümayiş olunmuşdu.

Çingiz müəllimin xətrini həm də müəllimim kimi əziz tutmuşam. Bizə uşaqlıq illərimizdən həmişə müəllimlərimizi sevməyi aşılayırdılar. Biz də qulağımızda sırğa eləmişdik ki, valideynlərdən sonra müəllimlər gəlir. İnsanın yetişməsində, tərbiyəsində, biliyə yiyələnməsində, bir insan kimi formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Düz 3 il aspiranturada oxuyanda Çingiz Hüseynov mənə dərs deyib, elmi rəhbərim olub. Mənə qayğı göstərib, diqqət yetirib. Şeirlərimə dərin maraq bəsləyib, yaradıcılığımla bağlı rus və Azərbaycan dillərində məqalələr yazıb, “Nəsib Nəbioğlunun qoşmalarının vurğunuyam” deyib.

Mənim o illərdən bəri tanıdığım, əsərlərinə, kitablarına, bütövlükdə bütün yaradıcılığına, şəxsiyyətinə dərin rəğbət bəslədiyim yazıçı Çingiz Hüseynovun hər bir əsərini ədəbi hadisə hesab etmişəm. Əminiklə deyə bilərəm, Çingiz Hüseynov müasir nəsrimizdə ancaq özü olan yazıçıdır. Çingiz müəllim olduqca sadə, gülərüz, səmimi, güclü iradəyə malik, ən əsası, özünə hörmət qazanmağı bacaran insandır. Həyatı o qədər zəngin, yaradıcılığı o qədər çoxşaxəlidir ki, onun haqda yazdıqların nəinki bir məqaləyə, bir kitaba da sığmaz.

Əsas odur ki, o, bizim qürur mənbəyimizdir, orijinal, bənzərsiz Azərbaycan yazıçısıdır, ilahidən bənzərsiz fitri-istedad yiyəsidir. Onun əsərlərini oxumaq çox çətindir, mətnaltı mənaları olduqca dərindir, fəlsəfidir. Onun “Qələmin yuxuları” adlı silsilə yazılarında bu mürəkkəblik daha da aydın görünür. Bir dəfə Çingiz müəllimdən soruşdum ki, bir az yumşaq, sadə yazsanız nə olar? Cavab verdi ki, mənim heç bir təqsirim yoxdur, günahkar qələmdir, bu yuxuları görən qələm.

Bəli, müdrik yazıçının özünün günahkar saydığı bu qələmdən çıxan “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü” “Adını demədi” “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N”, “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” kimi forma və məzmunca ziddiyyətli dramatik süjetli əsərləri ona böyük şöhrət gətirib.

Çingiz Hüseynovun hər biri ədəbi hadisə sayılan əsərləri hər kəsin oxuyub dərk edə biləcəyi adi əsərlər deyil. “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalı, mədaxlıqdan uzaq olmalıdır” deyən ustad yazıçının bütün ədəbi və sənət təriflərinə layiq əsərləri, xüsusilə ədəbiyyatın hardasa dalana dirəndiyi indiki zamanda, gənclərə, yeniyetmələrə ədəbiyyatı sevdirmək baxımından örnək sayıla bilər.

Çingiz Hüseynovun ilk əsəri 1955-ci ildə “Bakinski raboçi” qəzetində çap olunub. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. O, uzun illər (səhv eləmirəmsə, 17 il) SSRİ Yazıçılar İttifaqının Milli Ədəbiyyatlar Komissiyasında çalışıb. Düz 25 il SSRİ Yazıçılar İttifaqının partiya təşkilatının sədri olub. O dövrdə bu çox məsul bir vəzifə idi. Bundan əlavə, Çingiz Hüseynov M.Ə.Sabir, C.Məmmədquluzadə, S.Vurğun və başqa bir sıra Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından bəhs edən bir çox elmi məqalələrin müəllifidir. Onun rəhbərliyilə 40-dan çox insan elmlər namizədi və elmlər doktoru dərəcələri alıb.

Çingiz Hüseynov 1961-ci illərin əvvəlindən gündəlik yazmağa başlayıb və 50 ilə yaxın bir müddətdən sonra – 2009-cu ilin yayında həmin gündəliklər əsasında Moskvada “Ötən günlərin görüşünə” (“Minuvşee navstreçu”) adlı xatirə kitabını nəşr etdirib. Bu memuarda 1449 adamın adı çəkilir. Müxtəlif tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Bu siyahıda təkcə şair və yazıçıların deyil, məşhur ictimai xadimlərin, dövlət xadimlərinin, jurnalistlərin, tanınmış alimlərin, hökumət adamlarının, rəssamların, maarifçilərin, xeyriyyəçilərin, mədəniyyət və incəsənət xadimlərinin adları var. Xatirələri oxuyanda mənə aydın oldu ki, bu sayda insanların adlarının qeyd edilməsi heç də asan məsələ deyilmiş. Bunun üçün gərək dərin yaddaşın, gözəl hafizən, zəngin dünyagörüşün olsun. Mən qürur hissi ilə deyirəm ki, orada adı çəkilən adamlardan biri də mənəm. Çingiz Hüseynovun xatirələr kitabına düşmək o qədər də asan deyil. Çingiz Hüseynovun xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatında baş verən hadisələri yaxından öyrənməyimizə imkan yaradır.

…2017-ci il sentyabr ayının 12-də Moskva Beynəlxalq Kitab Yarmarkasında Çingiz Hüseynovun yeni çapdan çıxmış, Məhəmməd peyğəmbərin həyatından rus dilində yazdığı “Muxammed” kitabının təqdimatı idi. Kitab “Görkəmli adamların həyatı” seriyasından, “Molodaya qvardiya” nəşriyyatında nəfis tərtibatla çap olunmuşdu. Bir gün əvvəl Çingiz müəllimin dəvətiylə mən də oraya getdim. Eşidəndə ki, təqdimat mərasimində Çingiz Hüseynovun çıxışı olacaq, etiraf edim ki, qeyri-ixtiyarı olaraq böyük sevinc hissi keçirdim, kövrəldim. Düşündüm, İlahi, xalqımıza nə böyük qələm sahibi bəxş eləmisən! Çingiz müəllimin çıxışı zamanı adam əlindən tərpənmək olmurdu. Hamı acgözlüklə Çingiz müəllimi dinləyirdi.

Yazının sonunda bir kəlbəcərli kimi bir məqamı da qeyd etmək istəyirəm. Aşıq Şəmşirin ilk şeirlərini də rus dilinə məhz Çingiz Hüseynov tərcümə eləyib. 1960-cı ildə Pavel Qriqoryeviç Antokolskinin təklifi ilə aşığın qoşmaları, Azərbaycanda qısqanclıqla qarşılanacağından ehtiyat edərək, Q.Asanin təxəllüsüylə “Azərbaycan poeziya antalogiyası”nda çap olunub. Bu haqda Çingiz müəllim xatirələrində geniş yazıb. Mən də Aşıq Şəmşirin yaradıcılığıyla bağlı Moskvada rus dilində dərc olunan bir məqaləmdə bu haqda ətraflı yazmışam.

Əziz Çingiz müəllim! Doğum gününüz, 90 yaşınız mübarək! Sizi səmimi qəlbdən təbrik edirəm. Belə götürəndə, 90 yaş yaxşı ömürdür. Biz hələ sizin 100 yaşınızı da qeyd edərik, inşallah! Sözsüz ki, bir nəhəng yazıçı kimi hələ bizə deyəcəkləriniz var. Azərbaycan ədəbiyyatı sizin kimi təcrübəli söz adamından çox faydalanmalıdır.

90 illik yubileyinizə də ən yaxşı hədiyyə yaxın vaxtda yeni əsərlərinizin nəşri olardı. Özü də sıradan yox, adınıza layiq – Çingiz Hüseynov adına layiq əsər!

Bir daha 90 illik yubileyiniz münasibəti ilə Siz təbrik edirəm!

(Moskva, aprel 2019)

 

P.S. “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalı, mədaxlıqdan uzaq olmalıdır” sözlərini həyatının kredosuna çevirmişdi Çingiz Hüseynov. Və sonadək də bu kredosuna sadiq qaldı.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan Əli Çağla bu gün sizləri Əmin Əhəryarın yaradıcılığı ilə tanış edəcək. 

 

Əmin Əhəryar

Əmin Əhəryar 1991-ci ildə Əhər şəhərində anadan olmuşdur. İlk təhsilatını və orta məktəb təhsilatını Əhərdə bitirdikdən sonra, Təbriz Universitetində Bədən tərbiyəsi və idman fakültəsini magistr dərəcəsinə qədər təhsil etmişdir. Daha sonra yenidən Təhsilə başlamış, Təbriz PəyamNur Universitetinin Hüquq fakültəsindən Bakalavr dərəcəsinə qədər təhsil etmişdir. Jurnalistliyə və yazmağa marağı olduğu üçün öyrəncilik dərgilərində çalışmışdır və bir neçə dərgidə əməkdaşlıq etmişdir. O, PəyamNur Universitetində olduğu zaman baş yazar və sorumlu müdir olaraq “Güzgü” dərgisini yayımlamağa başlamışdır.

 

1

Mən bir gün,

Dənizlərdən keçid verib

Balıqlara

Göyə uçmaq öyrədəcəyəm.

Uca, hündür o dağlara

Kəmər atıb

Qartalları

Sahillərə çəkəcəyəm.

Mənsə bir gün şəhərlərə

Qırmızı gül səpəcəyəm.

 

Qarğaları uzaqlara...

Gözdən itən

Çöllüklərə

Satacağam.

Qumlu-qumlu sahillərə

Əli açıq

Göylü şəkər.

Mavi bir quş dəvət edib

Rahat yaşam qatacağam...

Deyim bu gün

Bu dənizlər hər bir kəsin hədiyyəsi...

 

2

Bəlkə bir gün

Dizləri ilə dünya yükünü daşıyan

Qızıl atları

Yaşıllıqlara dəvət etdilər

Və sarsılmış çiçəkləri

Evlərin qapısında

Pozulmuş boyalara boyadılar.

Çağırın yəhərçiləri

Çağırın dostları

Sibir buz adalarına günəşi çağırın

İsti dənizlərinə qocalar gəlsin

Dünyanın başa-başına

Çəkilsin həyatla həyat...

Bu gün bir ada,

Adamsız adamları gözləyir...

Birgə yaşamaq üçün;

Gəlin dostlar

Bura bir qızıl quş qonacaq...

 

3

Şəhəri bürüyən ağ lələklər kimi

Xiyabanda sərilmiş ayaqları dadmaq,

Ağrı dağına çıxmaq kimi ağırdır.

Əlləri qabardan, çatlayan yanaqsızları

Bağrına almaq şəhərin borcudur...

Heç görübsünüz iki ulduzu bir gecədə

Saymaq ola?!

Yuxuya gedir...

Düşüncəsi başdan düşən dəniz dalğaları.

Göylüm bir budaq alma ağacından asılı qalmış

Bərk-bərk yapışmış əllərini

Və mahnıları yenidən qoş...

Qarğalar xiyabanda hücum edənədək

Addımlarını bir, ikiyə qat

İkili gecələri yalqızcasına

Keçməkdə dad var

Son şamı yemək

Dad vericidir Davinçinin barmaqlarında...

Təklik saraylarına girir pozğuncasına

Gözləri, mavi dənizi boğan qız.

Şəhəri diskindirəcək

Sıtqa-sıtqa göz yaşları...

Məni boş ver...

Ağ lələkləri zincirlə...

Hörüklə Təbrizin saçlarını...

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.