Görünən kəndə nə bələdçi...

“Ədəbiyyat və incəsənət” portalı həkim, yazar, AYB- nin, AJB-nin, YAP- üzvü, Prezident təqaüdçüsü, 5 kitab müəllifi Məlahət Hümmətqızının “Görünən kəndə nə bələdçi...” adlı yazısını təqdim edir.

 

Yadımdadır, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində Bakı Səhiyyə İdarəsindən xəbər gəldi ki, paytaxtda yerləşən bütün poliklinika və xəstəxanalar təmir olunacaq. Biz də - poliklinikamızın bütün personalı sevindik. Uşaq kimi atılıb–düşdük. İşçilər bir-birini qucaqlayıb öpdü. Hətta sevincimizi tanıdığımız-tanımadığımız hər kəslə paylaşdıq, bölüşdük. Sevincimizin həddi-hüdudu yox idi, aşıb-daşıb evlərimizədək yayıldı. O qədər sevincək olmuşduq ki, gecələr gözümüzə yuxu da getmirdi. Tezliklə qəsəbəmizdə yerləşən uşaq poliklinikası təmirə bağlandı və oranın işçiləri müvəqqəti olaraq bizim poliklinikaya yerləşdirildi. Bu dəfə daha çox sevindik. Ruhlandıq. Demək, xəbər düz imiş. Düşündük ki, növbə bizim poliklinikanındır. Bir ildən sonra uşaq poliklinikasının işçilərini bir az həsədlə, bir az da sevinclə yeni, təmirli iş yerlərinə - poliklinikalarına yola saldıq. “Sağ əlləri başımıza”, dedik. Gözlədik... Gözlədik. İllər keçdi, təmirdən səs-səmir çıxmadı. Neçə il sonra eşitdik ki, 2 saylı doğum evi və qadın məsləhətxanası təmirə bağlanır, oranın işçiləri poliklinikamıza yerləşdiriləcək. Yenə sevindik. “Noolar, yəqin növbə bizə də çatar” deyib, qapımızı kolleqalarımızın üzünə gülərüzlə açdıq. Həvəslə qonaqlarımızı qəbul etdik. Bu dəfə qonaqlarımızın sayı daha çox idi. Yerimiz dar idi, əvəzində qəlbimiz genişdi, otaqlarımızı iki il müddətinə onlara peşkəş elədik. Özümüz isə mehribancasına bir otaqda bir neçə həkim yerləşdik. Qonağa hörmət etmək adətimizdir, biz dözərik, inşallah, növbə bizimdir deyə, düşündük. Amma sən saydığını say... Tibb ocaqlarının təmiri başa çatdı. Doğum evinin işçiləri öz yerlərinə qayıtsalar da, qadın məsləhətxanasının işçiləri öz binalarına qayıtmadılar. Bilmədik təmirsiz poliklinika xoşlarına gəldi, yoxsa mehriban, üzügülər kollektivimiz? Ginekoloqlar poliklinikamıza həmişəlik yerləşdilər. Təmir arzumuz ürəyimizdə qaldı, üstəlik yerimiz də daraldı. Hamilə qadınlar 3-cü mərtəbəyə qalxıb düşməkdən kimisi depresiyaya düşdü, kimisi dərdə, kimisi də xəstəxanaya...

Avropa oyunlarından 10 ilə yaxın vaxt keçsə də hələ də təmisiz, şəraitsiz otaqlarda otururuq. Pasiyentlərin ”poliklinika niyə təmir olunmur?” sualına artıq cavab verməkdən yorulmuşuq. Düzdür, polikinikamıza bu il yeni avadanlıqlar-USM, müasir rentgen aparatı, laboratoriya üçün yeni cihazlar verilib. Təqdirəlayiqdir. Lakin bu kirli bədənə təzə paltar geyinmək kimi bir şeydi. Yəni altı təzək, üstü bəzək kimi. Olmazdımı ki, əvvəlcə xəstəni sağaldıb, çimdirib, sonra təzə paltar geyindirsinlər? Məsələn, götürək mənim otağımı. Bu otağa yeni mebellər yerləşdirilsə, nə dəyişəcək? Bəlkə ömrü bitmiş, sıradan çıxmış kanalizasiyanın iyi uçub gedəcək? 

Allah şair, yazıçı-publisist ,“Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylıya rəhmət eləsin. Yadıma bir əhvalatı düşdü. 2019-cu ildə poliklinikamıza məndən müsahibə almağa gəlmişdi. Zəngləşdik. “Yuxarı qalxın, 2-ci mərtəbəyə”, dedim. Axşam saatları idi. Tərslikdən dəhlizdə də işıqlar sönmüşdü. Qaranlıq idi. Qələminə bələd olduğum dəyərli, istedadlı yazıçı həmkarımı qarşılamaq üçün otaqdan çıxdım və pilləkəndə üz-üzə gəldik. Salamlaşdıq və otağa dəvət etdim. Elə üzümü çevirib qapıya sarı bir-iki addım atmışdım ki, tappıltı səsinə arxaya çevrildim. Gözlərimə inanmadım. Xaçınçaylı ayağı döşəmənin çıxmış parketinə ilişib ağzı üstə yıxılmışdı. Bir anlıq bilmədim nə edim. Dəli gülmək məni tutdu. Əlimi ağzıma tutub o ki var güldüm. Maraqlısı o idi ki, Qələndər müəllim yerdən qalxa da bilmirdi. Nə edəcəyini də bilmirdi. Nə baş verdiyini hələ anlamırdı. Ətrafa göz gəzdirib ”rəhmətliyin qızı, kömək elə ayağa qalxım, Allah, sənə şükür, bu nə idi başıma gəldi, sən burda necə işləyirsən?” dedi.

“Gördüyünüz kimi” deyib, əlindən tutub gülə-gülə ayağa qalxmasına kömək etdim. Qələndər müəllim “buna bax e, hələ də gülür” deyəndə hiss etdim ki, çox əsəbləşib. Qapını açıb otağa keçdik. Mənim “gözəl, yaraşıqlı” otağımı görüb bir anlıq susdu. Oturmadı. Sınıq stulları, qapısı qırıq şkafı, deşilmiş, çökmüş döşəməni, şüşəsi qırıq pəncərəni, üstünə balaca kağıza yazılmış “pəncərəni açmayın, qırıqdı” yazısını, qaysaqlanmış divarları, su kranının çanağını, tavandan tək patrondan asılmış lampanı və iki ayağı qırılmış asılqanı gözdən keçirib “doktor, deyəsən səhv gəldik, bura nə otağıdır?” deyib heyrətlə üzümə baxıb əlini üzünə çəkdi.

Gülümsədim... “Əyləşin, Qələndər müəllim, bura əvvəllər bəlğəm otağı olub. Sonra otaq çatışmazlığından ayaqyolular və bəlğəm otağı həkim otağına çevrilib”. 

Həmişəki kimi otağı kanalizasiya iyi bürümüşdü. Qonağım çevrilib kanalizasiya borusuna baxdı. Hiss etdim ki, iydən oturmaq istəmir. Cəld ayağa qalxıb kranı açdım. “Rəhmətliyin qızı, burda oturmağa yer var? Elə bil ayaqyolundayıq”, dedi. Sonra elə oldu ki, məni şöbə müdirinin otağına çağırdılar. Üzr istəyib otaqdan çıxdım. Bir neçə dəqiqə ləngidim. Geri qayıdanda Qələndər müəllimi otaqda görmədim. Bir neçə gündən sonra Qələndər müəllim poliklinikamız haqqında öz qəzetində böyük bir yazı yazdı. .

2020-ci ilin avqust ayında “Yeni Klinika”da covid xəstəliyindən dünyasını dəyişdi Qələndər müəllim. Ruhu şad olsun, gözəl insan idi. O, dünyasını dəyişəndə mən artıq Bilgəh modul xstəxanasında çalışırdım. Covidə yoluxan insanları müalicə edirdim. Bir əsgər kimi gecə-gündüz insanların sağlamlığı keşiyində dururdum. Onun dünyasını dəyişməyi mənə çox ağır təsir etdi. Poliklinikamızın təmir olunması, yeni avadanlıqlarla təhciz edilməsi onun ən böyük arzusu idi.

Hər il əlimi göyə qaldırıb Allahdan poliklinikamızın təmir olunmasını arzulayırdım. Bu il - 2024 əjdaha ili olduğu üçün poliklinikamıza heç nə arzulamadım. Daha nə arzulayıram, nə də üsyan edirəm. Görünən kəndə nə bələdçi? Görən görür, bilən də bilir hər şeyi. Yazan da yazıb. Nə xeyri? Demək hələ belə otaqlarda oturmaq məcburiyyətindəyik. Axı niyə? Hərdən beynimə qəribə fikirlər gəlir. Deyirəm, tamaşada deyildiyi kimi, “bəlkə bizə əjdaha lazımdır?” 

Əjdaha ilinə qədəm qoyduğumuza görə bir az ürəklənmişəm. “ Poliklinikamız heç vaxt təmir olmayacaq!” deyənlərə inanmıram. Çünki əjdaha ilində “əjdaha” insanlardan çox şey gözləyirəm. Onlara inanıram. Necə deyərlər, dəvədən böyük “əjdaha” var... Çünki dünyanın ən qaynar vaxtlarında covidlə mübarizə aparan (istər xəstəxanalarda, istərsə də poliklinika daxilində) onlarla qəhrəman həkimimiz var. Baxmayaraq ki, bu fədakar həkimlərimiz orden, medal, fəxri fərman, təşəkkürnamə almadı, amma adları üstündədir. Onların hər biri dövlətinə, millətinə təmənnasız xidmət edən andına sadiq qəhrəman həkimlərimizdir! 

Sonda isə bir sual vermək istəyirəm.:

-Görəsən TƏBİB, Bakı Səhiyyə İdarəsi, İcbari Tibbi Sığorta İdarəsinin işçiləri belə otaqlarda oturub insanlara xidmət etməyi özlərinə rəva bilərlərmi?

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.