Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Amerika mədəniyyət sferasında əsas hadisələrdən biri baş tutub. Hollivuddakı tətil səbəbindən təxirə salınan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi Los-Ancelesdəki Peacock Teatrında keçirilib. 

 

Mərasimi BBC-dən izləyərək ona şahid olduq ki, 2024-cü ilin əsas laureatları 3 idi, mediamaqnatların nüfuzlu klanları arasında mübarizədən bəhs edən “Varislər” teleserialı, Çikaqo restoranından bəhs edən “Ayı” komedik serialı və təsadüfən qarşılaşan iki şəxsin mübarizəsindən bəhs edən “Gəmirici” mini serialı. 

Gecəyə “Succession” (“Varislər”) serialı möhür vurdu. Bu ekran əsərinin baş rollarının ifaçıları Sara Snok, Kieran Kalkin və Metyu MakFadyen əsas mükafatlara layiq görüldülər. (BBC news-un qapaq fotosunda onların sevinc anlarını görürsünüz)

Serial, həmçinin ən yaxşı dram filmi mükafatını da aldı.

Bununla yanaşı, “The Bear” (“Ayı”) filmi ən yaxşı komediya və ən yaxşı ssenari nominasiyalarında mükafatlara layiq görüldu.

Ayo Ederi ən yaxşı aktrisa nominasiyasını qazandı (Reuters-in iç fotosu)

Mərasimin ən yaddaqalan hissəsi əfsanəvi Britaniya müğənnisi Elton Cona “Emmi” mükafatının verilməsi oldu. O, bu mükafatı Elton Live adlı teleproqrama görə aldı. 

Qərb ekşn və fantastikadan bezib, deyəsən, yenə lirikaya köklənir. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Tuesday, 16 January 2024 14:30

Sevginin ömrü neçə ildir?

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu soyuq yanvar günündə sizlərə Varisin 2018-ci ildə Teaspress” yayın evi tərəfindən işıq üzü görən “Uzaqdan gələn yağış” bestsellerindən paylaşım edəcəyəm. 

Sevginin ömrü, görəsən, neçə ildir?

 

“Sevginin ömrü 3 ildir" postulatı əsla uydurma deyil (fransız yazıçı Frederik Bekbederin bu adla məhşur bestselleri var). Tədqiqatlara görə, sevgi nə qədər cavandırsa, bir o qədər möhkəmdir. Özünün 3-cü ilində isə o artıq qoca bir qarıya dönür.

Doğrudan da sevgi bir bağdır, çiçəklər cücərib, pöhrələnir, açır, ətirlənir, sonra da get-gedə satalıb-solur... Bağı, necə deyərlər, xəzan vurur. 

Uzunmüddətli sevgiləri ucdantutma fenomen hesab etmək olar. Əslində isə sevgi uzunömürlülük statusu qazanırsa, o, artıq sevgidən daha çox dostluq, qarşılıqlı hörmət, bağlılıq, doğmalıq və s. forma alır.

Alimlərin belə bir qənaəti də var. Sevginin ömrünü süni şəkildə uzatmaq istəyirsinizsə, onu 3 səviyyədə bəzəməlisiniz: fiziki - intim, emosional - mənəvi və intellektual."

 

Bəs sizcə, istəkli oxucular, sevginin ömrü nə qədərdir? Öz prakyikanıza müraciət edin, əgər sevib-sevilmisinizsə. Əsl sevgi nə qədər çəkib, qarşılıqlı hörmətə və dostluğa o nə zaman keçib?

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda sevilən şairimiz, şeirlərini əzbər söylədiyimiz Ramiz Rövşənin yaradıcılığına müraciət edəcəyəm. Və onun çox məşhur “Ayrılıq” şeirini sizlərə təqdim eləyəcəyəm. 

Əlbəttə, dərhal bildiniz hansı şeirdən söhbət gedir. 

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!..

 

 

AYRILIQ

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim,

məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!

 

"Ölmədim" deyirəm,

nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.

 

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin

bu ayın

bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda.

 

...Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.

 

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.

Hamı günahkardı dünyada,

amma

Dünyada heç kəsin günahı yoxdu.

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada

on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

 

Halal yolumuzu dəyişib,

nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə

qurban getmişik.

 

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

ögey analar

Ögey balaları gəzdirir indi.

 

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

 

Bu yalan ömrümdə

görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan,

bacımsan,

nənəmsən,

nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

 

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

nə yol, nə körpü.

Ölüsən,

dirisən,

hər nəsən,

dayan!

Dayan, heç olmasa əlindən öpüm...

 

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."

Əlimin içində

soyuyur əlin.

Deyirsən: "Sən Allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir..."

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2924)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Döymənc

Təndirdən təzəcə çıxarılmış isti çörəyin üzərinə və ya içərisinə yağ qoyulur, yağ əridikdən sonra yeyilir.

Azərbaycanın digər bölgələrində, Göyçədə, Tovuzda isti çörək, yuxa, lavaş elə təndirdən, ya külfədən, kürədən çıxan, ya sacdan götürülən kimi kərə yağı ilə qarışdırıla-qarışdırıla əldə ovxalanır, iri umac şəklinə salınır, əzilir, sanki döyülür. Adı da buradandır. Elə ocaq başında yeyilir. Bəzən buna quru pendir də əzib qarışdırırlar. Çox ləzzətli olur.

 

ƏRZAQ:

Yumurta – 80 qr

Pendir – 35 qr

Yağ – 25 qr

Çörək (və ya lavaş) – 50 qr

Duz – 2 qr

b)

Yağ – 25 qr

Pendir – 80 qr

Qoz ləpəsi – 40 qr

Duz – 2 qr

 

HAZIRLANMASI:

a) Yumurta yağa salınır, üzərinə pendir doğranır, quru lavaş və ya çörəklə əzilir.

b) Qaynar yağa çörək, pendir, qoz ləpəsi əlavə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Avstriyanın ən tanınmış caz məkanı olan “Porgy&Bess” caz klubunda konsert verib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəl klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib. O, indiyədək qurulan uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

 

Konsertdən əvvəl musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Azərbaycan caz musiqisinin tarixi inkişafı barədə məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda caz musiqisinin təşəkkülü, əsas inkişaf istiqamətləri, janrlar, aparıcı simalar, qrup və orkestrlər, xüsusilə də Azərbaycan musiqisinin ayrılmaz tərkib hissəsi olan caz-muğam barədə məlumat verilib, göstərilən nümunələrə dair müvafiq musiqi parçaları təqdim olunub. Həmçinin məruzədə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” (“Üz-üzə”) bədii filmi barədə məlumat verilib, Salman Qəmbərovun Azərbaycan milli musiqisinin imkanları əsasında bədii filmə musiqili müşayiət bəstələdiyi, beləliklə də ekran əsərinə ikinci həyat bəxş olunduğu vurğulanıb.

 

Sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” triosu konsert proqramı ilə çıxış edib. Konsertdə Salman Qəmbərovu bass gitarada Fuad Cəfərov, zərb alətlərində isə Nicat Bayramov müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları, eləcə də Salman Qəmbərovun öz bəstələri maraqlı caz improvizələri ilə təqdim olunub.

 

Konsertin ikinci hissəsində isə “Lətif” (“Üz-üzə”) bədii filmi Salman Qəmbərovun bəstələdiyi musiqinin müşayiəti ilə nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan ağ-qara, səssiz “Lətif” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eyvaz Həşimov yer aldığı musiqi proqramında Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin gedişatı, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam uzlaşdırılmış şəkildə ifa edilib.

 

Qeyd edək ki, “Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə yaradıb və layihə indiyədək dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub. Layihənin ideyası sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayev tərəfindən təklif olunub və onlar Qəmbərova keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirərək, maraqlı bir sintez yaratmağı təklif ediblər.

 

Böyük uğurla keçən konsertdən sonra “Porgy&Bess“ rəhbərliyi qarşıdakı dövrdə öz proqramında Azərbaycanla bağlı konsertlərə yer ayıracağını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Yanvarın 15-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ilə Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanın ölkəmizdəki səfirləri İssam bin Saleh əl-Cuteyli, Ömər Bərəkət əl-Nahar və İlxom Abduraxmon arasında görüş keçirilib.

 

AzərTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə bu ölkələr arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

DTA-nın sədri Fuad Nağıyev cari il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. Səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüşdə Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında da fikir mübadiləsi aparılıb.

 

Agentliyin sədrinin İordaniya və Tacikistan səfirləri ilə görüşündə isə birbaşa aviareyslərin açılması, mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi edilib. Turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə reallaşan “Xalqın mədəni sərvəti” adlı sənət layihəsinin bağlanış mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, mərasimdə qonaqlar əvvəlcə Gəncə şəhərinin gənc rəssamlarının Fikrət Əmirova həsr olunan rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Mədəniyyət Nazirliyinə təşəkkür edərək bu layihənin məqsədinin istedadlı gəncləri aşkara çıxarmaq olduğunu vurğulayıb.

 

Layihə 4 minə yaxın musiqiçinin iştirakı ilə təşkil olunub. Tədbirdə Gəncə, Naftalan, Goranboy, Daşkəsən və Samux rayonunda fəaliyyət göstərən Uşaq Musiqi məktəblərinin şagirdləri görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərini səsləndiriblər.

 

 “Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Poetik Qiraətdə bu gün sizlərə Qazax şairlərindən olan Rəfail İncəyurdun "Adamlar, adamlar" şeirini təqdim edəcəyik. 

Adamlar, adamlar...

 

Necədi kamın, vüsalın?

Neçədi sevgi əmsalın?

Gəlin, haqqı razı salın,

Özündən razı adamlar.

 

Ad olunan ada çatır,

Ona baxır, o da çatır.

Hoya çatır, dada çatır,

Əltutan, ruzi adamlar.

 

Süzüldülər sənələrdən,

Gah ürəkdən, gah da sərdən.

Töküldülər sinələrdən 

dəftərə yazı adamlar.

 

Şikayətlər çoxdu – baxaq,

Çoxalmasın tənbəl, qorxaq.

İtilənir haq-ya nahaq

Millətin pazı adamlar.

 

Hələ çox şər atacaqlar,

Aralığı qatacaqlar.

Hara getsə tutacaqlar 

dovşanı tazı adamlar.

 

Sevgi də sızlar oyunda,

Gözəl, gözdən qaç, yayın ta...

Hamı canının hayında,

Neynir ki, nazı adamlar?

 

Teyləməz böyük naxırı,

Teyləsə çıxar paxırı.

Noolardı qurdun axırı 

olmasa quzu adamlar?

 

...Müşkül sizdən çözələnsin,

Ümidlərə iz ələnsin.

Gəlin, Yer-Göy təzələnsin,

Dünyanın yazı adamlar.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

İstəmədim...


Könlütox gəzərəm əyin-başımnan;

“astar” bəsim oldu, “üz” istəmədim.

qorxdum ki, doğmalar bezər yaşımnan –

Tanrıdan “Yüz əlli”, “Yüz” istəmədim.

 

Arzum ürəyimdə, həyam üzümdə.

yara qaysağıdır külüm – gözümdə,

olsun ki, əyridir iki gözüm də;

özgə cür görməyə göz istəmədim.

 

Yaman dadlı imiş həyat nədisə!

hər gün bir möcüzə, hər an hadisə,

əzablar önündə bükülmədisə –

zirvəyə qalxmağa diz istəmədim.

 

Pisimə güc gəldi düşmən alayı,

misimi çürütdü özgə qalayı,

dünyadan “beş arşın bezdən” savayı

heç nəyi, şahidsiz siz – istəmədim!

 

Alsın Vətən mənnən – nə alacaqsa

“olacaq” sanacam – nə olacaqsa,

mənnən, Vahid ƏZİZ, nə qalacaqsa –

bəsimdi, qondarma iz istəmədim... 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

Cəfar Cabbarlının "Oqtay Eloğlu"

əsərində belə bir nüans var: Allah və Oqtay. Onun nitqində Oqtay Allahla

kimin kimi yaratdığı barədə mübarizə

etdiyi bildirib. Bunun qaynağı Cəfərin

fikrincə, nədədir? İnsan taleyinin

yükü qaldıra bilməyincə, böcək kimi

əzildiyini hiss edincə öz Tanrısına

küsməlidirmi, ona inancı itirməlidirmi

va ya itirirsə, bu Oqtayda necə ortaya

çıxdi? Mən bunu filosof Nietzsche'nin

fikirlərinə bənzətdim. Hansı ki, "Belə

buyurdu Zərdüşt" kitabında Zərdüşt

həqiqət axtarışında olur və onu tapır,

insanlara anladır: "Tanrı öldü. Onu biz

öldürdük"

Ola bilər ki, Cəfər Cabbarli

da həmin əsəri oxuyub. Va bu

fəlsəfi görüşü, nihilist yanaşmanı

mənimsəyib.

Həmçinin Oqtayın Firəngizi öldürməsi,

onu çirkli torpaqda sürünməyə layiq

böcəklərdən xilas etmə səbəbindən

idi. Bas Cəfər Cabbarll bu böcək

bənzətməsini ola bilərmiki, Kafkanın

"Çevrilmə" kitabında insanlar içində

böcəyə çevrilən və əzab çəkərək ölən

Gregor Samsadan təsirlənsin?

Məncə, Cəfər Cabbarlı dünya

ədəbiyyatından olduqca bəhrələnib.

Onunla bu barədə geniş şəkildə fəlsəfi

müzakirə aparmaq istəyərdim.

Aytac Bədəlova

 

O adam Mikayil Müşfiq olardı. Səbəbi  bilmirəm niyə, amma ədəbiyyatı

çox sevirəm va bunu da sevməyimin

səbəbi Mikayıl Müşfiqdir. Səbəbsizcə,

mənə çox yaxin gəlir. Elə bilirəm onu

illərdir tanıyıram.

Həmidə xanım 

 

Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.