Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, hamımızın əzizi Qafar Sarıvəllinin 68 yaşı tamam oldu. Portretlər, təbiət mənzərələri, kitab illüstrasiyaları - gözəl rəng seçimi, isti və soyuq rənglərin remiksi, bir-birilərini tamamlaması… - bir yaradıcı ömrün qısa xülasəsi belədir. 

 

Rəssamın tərcümeyi-halına diqqət edəndə elə də çox xronika görmək olmaz. Özünü gözə soxmağa çalışmayan rəssam təvazökardır, ancaq həm də çox zəhmətkeşdir. 

Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.

1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 

2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. Bu sərgilər Bakıda düzənlənib. 2013-cü ildə isə bu dəfə Qazaxda sərgisi baş tutub. Həmin sərgi barədə ayrıca danışmaq istəyirəm. 

 

Yaxşı yadımdadır, istedadlı fırça ustası Qafar Sarıvəlli ən yaxşı əsərlərindən ibarət ekspozisiyasını doğulub-böyüdüyü Qazaxın sənətsevərlərinə təqdim etmişdi. Rəssamın sayca üçüncü fərdi sərgisi Mədəniyyət və Turizm Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayondakı Dövlət Rəsm Qalereyasında təşkil olunmuşdu

Qalereyanın direktoru Münəvvər Xəlilova sərgini giriş sözü ilə açaraq Qafar Sarıvəllinin zəngin və geniş mövzulu yaradıcılığı barədə məlumat vermiş, onun doğma torpaqla sıx bağlı olduğunu, əsərlərində yurd sevgisinin aydın sezildiyini vurğulamışdı, mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun təbrik məktubu oxunmuş, rəssamlardan Məmməd Dəmirçioğlu, Nəcməddin Hüseynov, Səyyar Məmmədov, heykəltəraş Ramiz Qaya Qafar müəllimi təbrik etmişdilər.

Sonra rayonda qonaq olan Azərbaycan Respublikasının ovaxtkı ombudsmanı Elmira Süleymanova, ictimaiyyət nümayəndələri sərgilənən əsərlərə baxmış, ekspozisiyadan zövq aldıqlarını ifadə etmişdilər. 

Qeyd edim ki, Qafar müəllimin “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Sevgi”, “Mübarizə”, “Ayrılıq”, “Göyəzən”, “Qobustan”, “İncədərəsi”, “Kürqırağı”, “Soyqırım”, “Muğam aləmi”, “Zurnaçı”, “Qaçaq Kərəm”, “Yurda bağlı ömür” kimi mövzuca çeşidli, Vətən sevgisi və məfkurəvi ideyalarla mənalanmış əsərləri xüsusən maraq doğurur. 

 

Qafar Sarıvəlli deyir:

— Mən rəssam olduğuma görə doğulduğum İncədərəsi obasına, kəndim Kəmərliyə borcluyam. O bənzərsiz yerlərin min bir rəngi — baharının ağ donu, yayının zümrüdü libası, payızının qızılı mənzərəsi, qışının çılpaq və qarlı görüntüləri, adamlarının möhkəm və mehriban simaları, halallıq saçan bənzərsiz obrazları dünyaya gözünü açıb özümü anlayanda qəlbimdə bitib-tükənməyən duyğular oyatmış, sanki “bizi gör və göstər” deyə pıçıldamışdır. Uşaqlıq illərində kəndimizin “balaca rəssamı” kimi tanındım, hərbi xidmətdə rəssamlıqla nəfəs aldım. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli fırça ustalarından dərs alandan sonra taleyimi bugünədək sevib-seçdiyim rəngkarlıqla bağladım.

 

Qafar Sarıvəllinin yaradıcılığında aydın seçilən iki istiqamətin — mənzərə və portretlərin özəllikləri duyulur. Əgər onun portretlərində təsvir olunan insanlar öz şəxsi keyfiyyətlərinə və fəaliyyətlərinə görə bir-birindən fərqlənirsə, mənzərələrinin hamısı bir məqsədə, yəni uca dağlarımızın, yaşıl çəmənliklərimizin, meşəliklərimizin, bir sözlə, təbiətimizin bənzərsizliyini, ana torpağımızın gözəlliyini bizə sevdirməyə qulluq edir.

Elə indi bu yazını oxuyanlar onun çəkdiyi Xalq şairimiz, dahi şair Səməd Vurğunun portretini görürlər. Əlavə olaraq portalımızın Rəsm qalereyası bölümündə isə Qafar müəllimin çəkdiyi çox möhtəşəm bir iş nümayiş olunacaq: “Aşıq Ədalət”.

 

Qafar Sarıvəllinin yaradıcılığında Azərbaycanda böyük ənənələri olan kitab tərtibatı sənəti də mühüm yerlərdən birini tutur. Son 20 ildə 100-dək kitaba çəkdiyi illüstrasiya onun bu sahədəki müvəffəqiyyətini sübuta yetirir. Yusif Kərimovun “Sarı sim”, Akif Səmədin “Ömrü özünə yaşasan”, Qara Qafqazlının “Şair elsiz olmasın”, Məhərrəm Qasımlının “Şah İsmayıl Xətainin poeziyası” və digər kitablara verilən tərtibatlar buna parlaq misaldır.

 

Dəyərli rəssamımız Qafar Sarıvəlli hazırda yaradıcılığının yetkin dövrünü yaşayır, 68 yaş hələ nədir ki. Və sənətini ürəkdən sevən rəssam bundan sonra da bir-birindən gözəl, dərin məzmunlu əsərlər yaratmaq əzmindədir. 

Uğurlar arzulayırıq, Qafar müəllim! 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Yanvarın 24-də saat 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. 

 

AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir. 

Xatırladaq ki, Xasiyyət Rüstəm çağdaş özbək ədəbiyyatında yeri olan şairdir, eləcə də Özbəkistan - Azərbaycan ədəbi əlaqələrinin genişlənməsində fəallıq göstərir. 

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

XX əsrin əvvəllərində insanlar aktyor görəndə heç də birmənalı qarşılamırdılar. Kimisi ağız büzür, kimisi ələ salır, hətta aralarında aktyora təcavüz edənlər də tapılırdı. Bəli, o dövrün Azərbaycanında aktyor olmaq çox çətin idi. İllər ötdü, qərinələr keçdi, zaman göstərdi ki, aktyorluq ölməz sənətlərdən biridir. Və tarix onların arasından ən istedadlılarını seçib əbədiyyətə qovuşdurdu. Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin və s. timsalında unudulmayan aktyorlarımız çoxdur... 

 

Deyir ki,- “Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də.  Çətin uşaqlığım olub. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamız idi. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri. Bizim İçəri Şəhərdə evimiz yox idi, şəxsi mülkdə kirayədə yaşayırdıq. Atam əslən Dərbənddən olub, Masallıdan anamla evlənib, Bakını ortaq məxrəc seçib burda yaşayıblar. Anam Masallıda tanınmış tayfanın qızı idi. Mən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. Atam isə uzun müddət “Xəzər Gəmiçiliyi”ndə çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq.  Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himn qulaqlarımdadır. Məktəbə getdiyim vaxtları da unutmamışam. Bir əlimdə çanta, birində “çernel” şüşəsi. Uşaqlarla itələşəndə o şüşə tez-tez sınırdı, üst-başımız çernel olurdu.  Çörəyin arasına yumurtanı yağda bişirib qoyurdular çantama. Məktəbdə fikrim qalırdı o çörəkarasında ki, nə vaxt tənəffüs olacaq, onu yeyəcəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsi, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Cəfər Cabbarlının Aydını deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim də istəyim elə idi...”  

 

İstedadlı insanlar çoxdur. Demək olar ki, hər kəsdə bir istedad var. Bu ilahi vergi şəxsi məqsədlər üçün deyil, xalqa xərclənəndə nüfuza çevrilir, sahibini ucaldır, qəlblərə sevgi toxumu əkir. Bəli, obrazdan obraza girmək, oynadığı rolu insanlara sevdirmək aktyordan istedad tələb edir...

 

“Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora düzgün yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov, mənə də ilk dəfə o dedi, bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü,  ona görə. Məktəbdə dram dərnəyinin rəhbəri Tofiq İsmayılov idi, mən də yazılmışdım. İlk rolum da tənbəl Mahmud oldu, balaca bir səhnəcikdə. Yadımdadır, səhnəyə ilk dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən başladım. Fəxr edirdim ki, özümü itirmədim, səhvimi düzəltdim. O vaxt dərnəklər uşaqların yetişməsində çox böyük rol oynayırdı...”- söyləyir. 

 

Yüzlərlə rol oynayıb, amma onu yadda saxlayacaq ən əsas rolu “Ad günü” filmindəki "Mustafa" olub. Əlbəttə ki, söhbət xalq artisti, bir sıra mükafatlara layiq görülən Hacı İsmayılovdan gedir...

 

Deyir ki.- “80 il yaşamaq hamıya qismət olmur. Hərdən sənət yoldaşlarımın həyat yoluna nəzər salanda görürəm ki, elələri olub, heç 50 yaşa çatmayıblar. Yaş artdıqca insanın o yaşa münasibəti də dəyişir. Məsələn, mən ən yaxşı yubileyimi 60 illiyimdə keçirmişəm. Onda elə bir dövr idi ki, mənimlə işləyən sənət dostlarım, qohum-əqrəbam da yanımda idi. İndi o sənət dostlarımın çoxu dünyasını dəyişib. 60 illik yubileyim gözəl keçib. Onda həm də həvəsli idim. Sonra 75 illiyimi rəhmətlik rejissor Azərpaşa Nemətov teatrda keçirdi. Çox dedilər nə istəyirsən, arzun nədir? Dedim ki, heç nə yox, həmin günü tamaşa oynamaq istəyirəm. Qoy tamaşaçılar görsün ki, mən səhnədəyəm. Onda Xorvatiya yazıçısı Miro Havranın “Qəribə, çox qəribə əhvalat” tamaşasında oynadım. Tamaşaya gözləmədiyim halda, xeyli insan və rəsmilər gəldi. Sonra da teatrın kollektivi ilə 75 yaşımı qeyd etdim. İndi 80-dir, ömürdür, yaşayırıq, arzular çoxdur. Hazırda məşqlərim olmasa da, oynayacağım tamaşalar var. Teatrın repertuarında olan 7 tamaşada iştirak edirəm, rollarımı oynayıram.”

 

Bəli, “Mustafa” rolu ona şöhrət bəxş etdi. Və bu şöhrətin qüdrəti onu xalqa sevdirdi. Haraya getsə, harada olsa ehtiramla üzləşir, xüsusi diqqətlə əhatə olunur.

Hacı İsmayılov! "Mustafa" kimi səmimi, təvazökar, sadə insan. Biz sizi çox sevirik. Siz bizim abrına söykənən, minbir oyunlara girib zərrəcə qazandığı şöhrətə xələl gətirməyən xalq artistimizsiz. Azərbaycanın kino tarixində həmişə cavan qalacaq "Mustafa"nı siz yaratdınız. Yanvarın 22-sində - yəni bu gün sizin nə az, nə çox- 80 yaşınız tamam olur. Sizi təbrik edir, sizə ağrı-acısız günlər arzulayırıq. Nə olar, 20 il də yaşayın, sonrasını özünüz bilərsiniz. Axı deyirlər ki,- kim ki yüz il yaşamasa…

80 yaşınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

“İBRƏTAMİZ” rubrikasında bu gün hamınızın tanıdığınız və rəğbət bəslədiyiniz Çarli Çaplinin hekayətindən söz açacağam. 

 

Çarli Çaplin Oan O’Nilə ilk evlənmək təklifini edəndə Çarlinin 53, xanımınsa 18 yaşı var idi. 

Dahi aktyor O’Nilə demişdi:

-Mənə ərə gəl, mən sənə yaşamağı öyrədim, sənsə mənə ölməyi öyrədərsən. 

O’Nil isə ona belə bir cavab vermişdi:

-Yox, Çarli, mən sənə ona görə ərə gələcəm ki, sən mənə böyüməyi öyrədəsən, mənsə sənə gənc qalmağı. 

 

Onlar ailə qurdular, birlikdə düz 34 il yaşadılar və 8 uşaq dünyaya gətirdilər. 

 

PARAFRAZ: Nikbin fikirlər ömrü uzadar, bədbin fikirlərsə onu qayçılayar.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərini  təqdim edir. Bu gün sizlərə 3 şeir təqdim edəcəyik. O şeirləri öncə sükutu dinləyib sonra oxuyacaq, işığı anlamaq üçün qaranlığı sevəcək və heç bir ağrının zamana qalib gəlmədiyini anlayacaqsınız...

 

 

Öncə sükutu dinlə, sonra oxu.

1

Əlini səmadan çəkdi,

Dualarından küsən biri-

Yox oldu gözlərindəki

Dan ümidləri...

 

Qaranlıqda işığı

Axtarmaqdan yorulmadı

Gecənin yorğun kədəri...

 

İçində bitən bir sevgini

Sabaha dən səpdi

Bir yaz yağışında

Yenidən cücərər deyə...

 

Tanış olduğumuza şadam-

Ey ayrılıq elçisi...

Bilirsən, sənə də etibar yoxdu,

Bir gün mütləq görüşür bütün ayrılanlar...

Yasdamı, toydamı, ya da küçənin ortasında

Görüşür, ayrılıqlara imza atanlar...

 

Qəribədir, hamını unutsaq da, bircə “O”nu unuda bilmirik,

“O” asılır paltarlarımızın düymə yerindən,

“O” görünür eynəyimizin şüşəsindən,

“O” yazılır dərman reseptlərimizin sonuna...

 

Şərab da badəni sərxoş edirsə,

Gəlməyən hamıdan çıxıb gedirsə,

Sənin də şərabla aran düzəlir,

Sənin də hamıdan getməyin gəlir...

 

 

Qaranlığı sevməyən, işığı anlamaz...

2

Qələt edib oyunu pozdum,

Həyat gülməyənə ağlamağı öyrədir,

Ancaq ağlayana gülməyi öyrətmir...

 

Bir də küçələr var ki,

Adı şair, yazıçı oxunsa da,

Xatirələr küçəsidir,

Görüşlər küçəsidir,

Kimsəsizlər küçəsidir...

 

Məsələn, Rəşid Behbudov küçəsi-

Titrək baxışlar küçəsi kimi,

Təbriz küçəsi-

İlk sevginin utancaqlığı kimi

Yaddaşımı işğal edib,

əsir qalıb ömrümün ən gözəl illəri

həmin küçələrdə...

 

Səhərin gözü açılmamış,

Küçəni süpürən qadının

Saçlarını oxşayan meh

Siqnal səsindən ürküb

Yerini qarğış və söyüşə verir...

 

Sənin də qarğışın tutdu məni-

Xoşbəxt oldum, ancaq bu xoşbəxtliyimi

Başıma vuran qayğılar zəhləmi töküb...

 

Kim uydurub bu yalanı-

İlk sevgi unudulmur?

Bilirsən, hər şey unudulur,

Elə ilk sevgi də,

Təkcə ağrılar vəfalı olur,

Ürəyi tərk etmir əclafcasına...

 

Sən də ağac deyilsən,

Mən də yarpaq deyiləm.

Nədir bu küləyə etiraz,

Nədir bu yağışa hikkən?

 

Get, bulud ol, başımın üstündə-

Ancaq dolub eləmə, mənim yağışa

Hörmətim var...

 

 

Heç bir ağrı zamana qalib gəlmir...

3

Qaşlarını düyünləyib həyata tələ qurmaq olmur,

Bir gülüşə təslim olan kinləri deyim sənə...?

Sözünü tutmayanın yanında durmaq olmur,

Bu bayquş ulayan tinləri deyim sənə...?

 

Bizim görüşümüz Hira dağıdır,

Özündə böyük bir sirri saxlayır.

Keçmiş əhvalımız indi ağıdır,

Ölsə də, ruhunu diri saxlayır.

 

Əsən barmaqların üzümdə göynər,

Göynər, uzandıqca şəlalə saçın.

Nə mən əvvəlkiyəm, nə sən sonrakı,

Özgəyə aiddir, şöhrətin, şanın.

 

Boş qalmış qollarım çərpələng olub,

Zaman öz kefində uçurur bəxti.

İnanmaq işini çoxdan buraxdım,

Heç kimə güvənim qalmayıb, qəti.

 

Daha yer göstərir mənə adamlar,

Metroda, qatarda “əyləş” deyirlər.

Bu da qocalığın əlamətidir,

Kövrəlmə, belədir, “öyrəş” deyirlər.

 

Yenə gic damarım tutubdu mənim,

Yolda səkilərə “salam” verirəm.

Adamlar ötüşür bir-bir yanımdan,

Onları səkidən cansız bilirəm...

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

 

Monday, 22 January 2024 11:45

Altay sənin əmanətindir

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Maştağa qəsəbəsinin igid oğullarından olan şəhid Aslan Rzayevin bu dünyaya göz açdığı gün idi. Altay sənin vətənə, millətə əmanətindir, şəhid oğul!

 

Aslan Rzayev 21 yanvar 1995-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində  anadan olub. 2001-ci ildə məktəbə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Texniki Universitetinin “Avtomatika və komputer texnikası” fakültəsinə qəbul olub, 2016-cı ildə universiteti bitirib. 

2016-ci il iyulun 25-i hərbi xidmətə yollanıb, Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi borcunu yerinə yetirib, 2018-ci il yanvar ayının 11-i hərbi xidməti başa vurub. Xidmətdə olduğu müddətdə düşmən xətti ilə 60 metr məsafədə 1 il 3 ay ərzində postda öz vəzifəsini şərəflə yerinə yetirib.

2018-ci il avqust ayının 26-sı ailə həyatı qurub, 2019-cu il 21 may tarixində oğlu Altay dünyaya gəlib. 

2020-ci ilin sentyabr ayının 30-u çağırış vərəqəsi əsasında vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunub. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti ötən günlərdə bəyan edib.

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

3-CÜ YER

Xan Abdulla

2-Cİ YER

Orxan Cuvarlı

1-Cİ YER

Cavid Babayev

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

Oxucuların xahişi ilə yer tutmuş iştirakçıların yazılarının dərcini davam etdiririk. Bu gün sizə həvəsləndirici yer tutmuş Səma Quliyevanın “Bilinməyən həqiqət və şəkər malyariyası” hekayəsini təqdim edirik.

 

 

SƏMA QULİYEVA

 

Mən Səma Pənah qızı Quliyeva, 2 may 2006-cı ildə Abşeron rayonu Saray qəsəbəsində dünyaya göz açmışam. Abşeron rayonu Azim Müzəffərov adına 2 saylı tam orta məktəbi bitirmişəm, hazırda Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin I kurs tələbəsiyəm.

 

 

BILINMƏYƏN HƏQIQƏT VƏ ŞƏKƏR MALYARIYASI

 

Gözlərimi açanda özümü onun gözlərində tapdım. İllər sonra bu gözlər torpaq qədər qəhvəyi qıyıqlığını itirməmişdi. Mən onu magistral avtomobil yolunda görmüşdüm. Gözləri qıyıq, sanki özündə illərin yorğunluğunu daşıyan, sarısaç, ortaboylu biri indicə hardasa yanımdan keçirdi. Onu gördüyüm an qəlbimin hərarəti artdı. Bəlkə də, bu mənim yaşaya bilmədiyim uşaqlıq illərimin içindən qurtula bilmədiyim kabusum idi. Ya da, bəlkə də, çirkin qızlar sürmədən çox istifadə etdiyi kimi mən də çirkin həyatımı süni bəzəklərlə doldurmaq istəyirdim. Onu gördükdən sonra bir qəribə olmuşdum. Özümdən asılı olmayaraq magistral yolun qarşısındakı avtomobil servisinə yaxınlaşdım. Bəli, o bura maşınını yumaq üçün gəlmişdi. Və, deyəsən, buraların köhnə müştərisi idi.

 Evə qayıtdım. Biixtiyar necə qayıtdığımı bilmədim. Özümdən asılı olmayaraq maşınının nömrəsini götürmüşdüm. Bir daha görmək üçün Allaha yalvarırdım. Beynimdə 1001 fikir, ağlımda özümün özümlə apardığı qarışıq sualların müzakirəsi.

 O gecə səhərə qədər yatmadım, gözümə yuxu belə getmədi. Səhər ayılanda ilk işim götürdüyüm nömrə ilə onun avtomobilinin yerini öyrənmək oldu. Avtobusa mindim, dünən gecə yazdığım və indi mənim balaca dostum olan o məktubumla. Gəlib çıxdığım yer, deyəsən, onun iş yeri idi. Maşınını axtardım. Çox da yaxınlaşmamağa çalışıb məktubu onun şüşəsinin yanına yerləşdirdim. İçərisinə öz nömrəmi də yazmışdım. Daha doğrusu, saxta nömrəm. Ordan qaçaraq uzaqlaşdım. Bilmirdim amma, yazacağına ümid etmirdim. Hansı adam maşınından tapdığı nömrəyə yazardı axı? İndi onun düşüncələri bu yöndə çalışırdı: Görəsən, indi hansı tanışdı məni yoxlamaq, ya da ələ salmağa çalışır. Bu, ilk baxışda adi insanın düşünə biləcəyi fikirlərdir.

Evə qayıdıb kompüteri işə salaraq nömrəni ona birləşdirdim və heç bir zaman bilinməyəcək olan bir yalanın həqiqət adı altında icrasına başlamağa qərar verdim. Özümü niyə məxfi agent kimi apardığıma məna verə bilmirdim. Amma ilk dəfə qəlbimin səsini dinləməyə belə həvəsli idim. Axşama qədər gözlədim. Birdən gözlədiyim o mesaj gəldi. ”Salam, kim idi, buyurun”. Mesaj burda bitirdi, amma yeni bir hekayə başlayırdı. Mən isə “ciddiyətimi” qoruyub saxlamaqla “Salam, bağışlayın narahat edirəm, ama mənə bir mövzuda köməyiniz lazımdır, peraşki dükanı açmaq üçün nə qədər pul lazımdır, sizcə?” İlk baxışdan absurd mövzuya bənzəyən bu söhbət ikimizə də maraqlı gəldi. Cavabında mənə “hmm.. peraşki dükanı çox da büdcəli bir yer deyil. Dadlı olsa, bəlkə”.

Yağışlı bir axşam. Anamın dəmlədiyi o çox gözəl çayın əsrarəngiz ətri və qulaqcığımda səslənən “Bayatılar”. Həmin gecə söhbəti uzatmağa çalışaraq nə qədər danışdıq. Belə başladı bu kiçik, ama eyni zamanda mürgülü xatirələr. Ya da böyük bir yalan. Həm də çox böyük.

 Danışdığımızın 3-cü günü onu özümə daha da bağlamaq üçün şəkillər atmağa başladım. Beləcə, biz həm dərd ortağı, həm dost, həm də bir-birinə bağlanmış 2 axmaq olduq. Sizə gülünc gələcək, amma hətta biz o peraşki məsələsini belə zarafata salıb gülürdük. Gələcəkdə hardasa oturub peraşki və vanilyalı tort yeməyi də düşünürdük. O incə qəlbli, zərif duyğulu, təkliyinə düşkün, ağzından sözü yalnız çəkic ilə almaq olan Hitler sevdalısı “Leonardo DiKapriom” idi. Yox, o ivrit dilindən tərcüməsi olmayan yazılı kitabəm idi. Ya da. Müalicəsi olmayan xəstəliyim.

Qısa zaman ərzində o qədər yaxın olduq ki, hətta mənə hər gecə öz təsirli hekayələrini danışmağa başladı. Anasının öldüyünü. “Anamın məni qazlı su belə içməyə qoymazkən indi atıb gedib əbədi tənhalıq və yalnızlığımla baş-başa, içkiylə üzbəüz qoyması” sözü məni 1 həftə o qədər duyğulandırmışdı ki, onun anasını necə təkrar qaytarmaq olar deyə fikirləşirdim. Amma təəssüf ki gedən heç nə, itirilən heç bir şey yenidən qayıtmır, əvvəlki kimi olmur.

Bəzən yaxşı insanlar çirkin insanların çirkin əməllərinin qurbanı olur. Onun da anası içki əyyaşı atasının qurbanı olmuşdu. İndi atası həbslərdə çürüyür, anası isə əbədi olaraq sonsuzluğa qovuşmuşdu. Bəs özü? O yaşamırdı, nəfəs alırdı sadəcə. Zatən onun necə əzab və iztirablar içində qıvrıldığını yorğun gözlərindən anlamışdım. O yorğun, qəhvəyi, eyni zamanda qıyıq gözlər. O gözlər ki, nə gözlər. Bəstəvü-kanə bir ömürlük pay. Amma o gözlər çox ağrı, acı çəkmişdi. İtib batdığı bu qədər dərd arasında mən ona sanki dərman olmuşdum. İtirdiklərini məndə tapmağa çalışdığını hiss edirdim. O bu dəfə itirmək yox, qazanmaq istəyirdi. Qazanmağın yolunun itirməkdən keçdiyinin fərqində deyildi, bəlkə də. Təbiətən cinayətkar olmayan bir adam cinayət törətməyə məcbur olub qatil olanda onun beynində xeyir və şər cəngavərləri mübarizə aparır. Yalnız güclü və iradəli insanlarda xeyir və şərdən biri qalib gəlir. Zəif insanlarda isə bu mübarizə sonu görünməyən savaş meydanına çevrilir. Bu isə böyük bir faciədir.

Niyə yaxşı insanlar dünyadan tez köçür? Bir kitabda Allah sevdiyi insanları dərgahında tez görmək istədiyi və onların daha az günah işləməsi üçün yanına aldığını oxumuşdum. Bəs pis insanlar? Niyə Allah pislərə daha yaxşı həyat, təklif, imkan, şərait bəxş edir? Bu tarazlıqsız qanunauyğunluqlar mənim canımı sıxmağa başlamışdı. Doğurdan da, insanlar heç vaxt təmiz olmayacaqlar. Doğurdan da, onların xislətində bir iblis var. Onlar sevdiklərini incidib, doğmalarına əzab verirlər.

İndi onun ən böyük düşməni mən idim. Ona nə qədər yaxın olsam da, bir o qədər də uzaq idim. Aramızdakı sərhədlər getdikcə uçuruma çevrilirdi. Dərin bir uçuruma. Sonu görünməyən, bilinməyən, çox dərin bir uçurum həm də. Bir məsəl vardır, düşündüyün fikirlərin dərinliyinə getsən daha da dəli olarsan. Mən də onun dərinliyinə addım atdıqca, onu daha da yaxından kəşf etdikcə qapılar öz özünə açılırdı. Mən onun batağlığında gəzir, o isə mənim bataqlığımda boğulurdu. Yenə tarazsız tarazılıq. Təbiətin xaotik ahəngindən danışardım ona. Qıyıq gözlərinin ona necə yaraşdığını. Mənimsə onun qıyıq gəmisində “Titanik” kimi batmağımı söyləyərdim. Gülərdi həmişə. Qoyduğum sərhədlər onu artıq sıxmağa başlamışdı. Mənə isə şirin bir yuxu kimi gəlirdi. Bitməsini heç istəmədiyim bir yuxu. Mənim internet üzərində olan elektron robotlardan fərqim yox idi. Nostalji hisslərin sonu hər zaman qəm-kədərdir. Bu yazılmamış, amma təsdiqini tapmış bir qanundur. Get-gedə uzaq məsafə dibi görünməyən cəhənnəmə, çıxışı olmayan 4 divarlı zindana çevrildi. Biz isə bu fəlakətdə fırtına ilə üzləşən qayıqçılar idik. Mən avar çəkirdim, o isə dənizin necə də gözəl olmasına tamaşa edirdi.

Belə olmayacağını bilirdim, onu da, özümü də çoxdan başlamamış, bitməsi gərəkən bu cəfəngiyyatdan uzaqlaşdırmağı qərara aldım. Elə həmin gün mübahisə yaradıb danışmamağı qərara aldıq. Bitişi çətin, uzun bir ayrılıq idi bu. 6 ay danışmadıq. O 6 ay mən kitablara daha çox bağlandım, daha çox oxudum. Getdiyim hər yerdə, oxuduğum hər şeydə onu tapmağa çalışdım. Nə qədər güclü görünsə də olduqca zəif biri. Onun ürəyi demək olar ki yox idi. Çox saf idi. Ətrafındakı insanlar onun saflığını başqa yerlərə çəkirdilər. İçi mən qarışıq. Etdiyim heç düz hərəkət deyildi. Saxta adamın saf bir adamın qəlbinə yol tapıb ora yerləşməsi. Hər gün şiddətli vicdan əzabı və baş ağrısı ilə tanrıdan məni bağışlamasını istəyirdim. Etdiklərimin əffi yox idi. Onunla yenidən.. yenidən tanış olmaq istəyirdim. Ondan danışsam kağız, qələm yetməz.

6 ay sonra mən ona yenidən yazmağı qərara aldım. Gördüyüm yuxu məni buna vadar etdi. Kaş ki yazmazdım. Mənə nişanlı olduğunu, bir də yazmasam sevinəcəyini bildirdi. Gecikmişdim. O tanıdığım ən mükəmməl bir insan, əvəzi olmayan brillyanta çevrilmişdi. Bu xülya 2 ay sonra yenidən başladı. Onun şəkər xəstəliyinə tutulduğunu öyrəndim. Öyrəndiyim an dünyam başıma yıxıldı. Ona hər zaman yanında olacağını yazdım. Sonradan onun nişanlı olmaması üzə çıxdı. Özünü məndən uzaqlaşdırmaq üçün bu yalanı uydurduğunu boynuna aldı. Sona qədər yanında oldum. Şəkərlə mübarizənin çətinliklərini bilə-bilə asanlaşdırmağa çalışırdım. Şəkər simptomu insanın canından can alır, onu qanına qədər sümürüb sonra öldürür. Bu çətin zamanlarda artıq ona doğrudan da, sözün əsl mənasında bağlanmışdım. Ona zarafat üçün “şəkər olduğun üçün şəkər xəstəliyinə tutulmusan” deyirdim. Gizlin-gizlin göndərdiyim motivasiya məktubları, kitablarımı satıb bazardan aldığım ruhu sakitləşdirən çaylar, bağımızdan dərdiyim meyvələr, güllər... Hər gün yeni bir şey kəşf edib ona göndərirdim. Ömrünün sonlarını mənim yanımda keçirmək istədiyini deyirdi. Qəbul edə bilməyəcəyimi dediyim gün “Onda çıx və get həyatımdan, niyə qalmısan” dedi və bitdi. Mən də bitdim. O da bitdi. Yarımçıqlar yarandı. Əksikliklər bir-birini tamamlamırdı artıq. İllər keçdi, mən onu izlədim, izini heç zaman itirmədim. Amma tale onu mənə çox gördü. Günlərin bir günü e-postama “axtardığınız adamın məzarı Gənclər yaşayış kompleksinin yanındakı qəbirstanlıqdadır. Buyurun” yazısı gəldi. Bu postu oxuyanda nə məzarı, nə qəbirstanlığı deyə düşündüm. Yanlışlıq olduğunu zənn etdim. Yox, heç bir yanlışlıq yox idi. O keçən axşam ölmüşdü. Həmin an özümü hiss etmədim. Həmin gün mən də öldüm. Fəlakətdən sağ qalan təkcə islanmış mən və sınıq salxaq gəmim idi. Onu artıq birdəfəlik itirdim. Belə bir şey də var ki, itirməkdən qorxduqlarımızın dəyərini itirdikdən sonra anlayırıq. Həmin gün o qədər ağlamışdım ki, gözlərimdən yaş əvəzinə qan axırdı. Azca da olsa özümə gələndə dayanmayıb onun məzarına ziyarətə getdim. “Gedirəm, gəlməsəm yada sal məni” ilə başlayan sözlər. Deyəcəyim sözlər boğazımda kilidləndi. Sonsuz ayrılıq idi bu. Ayrılıq, ayrılmaq. Yad terminlərdir, eynköklü olsalar da. Gözlərimi açanda özümü onun gözlərində tapdım. İllər sonra bu gözlər torpaq qədər qəhvəyi qıyıqlığını itirməmişdi. Amma artıq o gözlər yerdən deyil, məzar daşından baxırdı.. Siz siz olun, sevdiklərinizin dəyərini vaxtında bilin.

 

Ürəyimdə ayaz var,

Nə qış gedib, nə yaz var,

Oyatma bənövşəni,

Kol dibində ayaz var...

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

Rəsm qalereyası: Qafar Sarıvəlli, “Aşıq Ədalətin portreti”

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Xalqımız növbəti 20 yanvarını yaşadı. Bu gün mən sizlərə mərhum aktyor Hamlet Xanızadə barədə əbəs yerə söz açmayacağam. Yanvarın 20-də təkcə küçələrdə sovet güllələrinə tuş gələnlər şəhid olmadı, bu siyahı göründüyündən daha böyükdür. 

 

Azərbaycan kinosunun tarixinə adı qızıl həriflərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanızadədir. İstedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb. Cəmi qırx səkkiz il ömür sürüb. Amma bu qırx səkkiz ildə elə uğurlara imza atıb ki, bu uğurlar ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı hələ də ehtiramla yad olunur, ruhuna rəhmətlər dilənilir. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqətindən kənərda qalmayıb, yaddaşlarda iz buraxıb...

 

O, təkcə istedadlı aktyor deyildi, həm də Azərbaycanın qeyrətli oğullarından biri idi. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölməyə hər an hazır olan aktyor əslində 20 Yanvar faciəsinin qurbanı oldu. 1990-cı ilin yanvar hadisələri onu çox sarsıtmışdı. Tez-tez “Şəhidlər Xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi. Növbəti dəfə fevralın 2-sində, çəkilişdən sonra dostlarıyla birlikdə Şəhidlər Xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları onu evinə gətirirlər. Özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinir. Hətta şəhidlərimizin 40 mərasimini görmək ona nəsib olmur…

 Ruhun şad olsun, Hamlet Xanızadə!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2024)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbubəkir İsmayılova  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ƏBUBƏKİR VÜQAR OĞLU İSMAYILOV

(10.02.1990.-02.04.2016.)

 

 Kürdəmirdə anadan olmuş,  Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot,  Qarabağ uğrunda Aprel döyüşlərinin şəhidi

 

                ŞƏHİDLƏR OLMASAYDI…

 

Bu Vətənin nə qədər cəsur insanları var,

Qorxmaz, mərd, şir ürəkli igid aslanları var,

İsmətli qız-gəlini, qoçaq oğlanları var,

Onlarlardan biz nə qədər söz-söhbət açsaq azdı,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

Aprel şəhidlərindən biridir  Əbubəkir,

Bu yurdun övladıdır – ana yurdu Kürdəmir,

Elə ömür yaşadı, hamıya örnək ömür,

İgid şahin səmada ölməz bir əsər yazdı,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

Ali Hərbi Məktəbdə oxumaq məqsədiydi,

Təyyarəçi olmaqsa, arzusu, mətləbiydi,

Yolu özü seçmişdi, ürəyinin səsiydi,

Bu səs, bəlkə, tanrıdan gələn nida-avazdı,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

Təhsili    başa vurub, oldu yetkin bir zabit,

Həm geniş qəlbli idi, həm də qorxmaz bir igid,

Başqa cür olammazdı, almışdı halal öyüd,

Çətinlikdən qorxmazdı, heç nədən sarsılmazdı,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

Qorxu nədir, bilməzdi, onu çoxdan qovmuşdu,

Aprel döyüşlərində qəhrəmantək vuruşdu,

Təbrizlə, Urfan ilə ölməzliyə qovuşdu,

Üç qardaş-üç dost idi, bu dostlar ayrılmazdı,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

Şəhid olan zamanı küləklər saçın yoldu,

General olmasa da ucadan uca oldu,

Yaşamaqçın əbədi, neçə ürəyə doldu,

Elin Əbübəkirə məhəbbəti ölməzdi,

Şəhidlər olmasaydı  torpaq Vətən olmazdı!

 

 “Ədəbiyyat və incəsənət”

(22.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.