Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Çölməkdə baliq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Çölməkdə baliğın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Tomat pastası – 5 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Əsasən, yağlı balıqlara üstünlük verilir. Balıq doğranır, çölməyin içinə yığılır. Bir xörək qaşığı tomat bir stə- kan su ilə duru məhlul halına gətirilir və balığın üzərinə əlavə olunur. Du- zunu da zövqə görə vurduqdan son- ra çölməyin ağzı örtülərək təndirə sallanır. Istəkdən asılı olaraq, xörəyə halqavarı doğranmış kiçik baş soğan da əlavə edilə bilər. Zövqə görə isti- ot vurulur. Xatırladaq ki, çölməyin qapağını qoyduqdan sonra kənarları xəmirlə örtülür və közün üstünə qoyulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
İşiniz-gücünüz yoxdur?
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Gənc yaşlarında Xeyrəddin Qoca dövlət qəzetlərindən birinin redaksiyasına böyük bir oçerk təqdim edir. Şöbə müdiri oçerki oxuyur, bir cümlədə sözün yerinə düşmədiyini bildirir və özünü göstərmək üçün deyir:
-Jurnalist məsuliyyətli olmalıdır, bu peşənin sahibi hər sözün yerini bilməlidir. Görürsən, mən hər cümləni beş dəfə yazıb, beş dəfə redaktə edirəm. Bu da əlyazmalarım, baxa bilərsən...
Xeyrəddin Qoca onun sözünü kəsir:
-Müəllim, yaxşı jurnalist yazını bir dəfə düşünə-düşünə yazar, sonra da redaktə edər. Sizin işiniz-gücünüz qurtarıb-nədir?!
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə sarı” şeiri
Poetik Qiraətdə bu gün yenə də daimi müəllifimiz, ustad şairimiz Əlizadə Nuridir. Onun “Sənə sarı” şeiri də zəmanədən şikayət motivlidir.
Kütə gedən kündəyəm,
Bir həsrət köşkündəyəm.
Ağlamalı gündəyəm-
Bir az ağla, gəlirəm.
Xoş mütaliələr!
SƏNƏ SARI
Deyirlər eşq də haqdı,
Mən bu haqla gəlirəm.
Yağış yağsa üstünə
Əllərimi göndərim-
Çətir bağla, gəlirəm...
Bir qaranlıq dərədi,
Qaranlıqlar tələdi.
Bu ürəklə -bu qədim
Bir çıraqla gəlirəm.
Keçirəm Qaf dağından,
Eşq damır dodağımdan...
Günəşi qucağında
Tutub saxla, gəlirəm...
Daddım dərdin dadın mən,
Doğma dərdi atım mən?
Allahı tapmadım mən-
Sən soraqla... gəlirəm.
Kütə gedən kündəyəm,
Bir həsrət köşkündəyəm.
Ağlamalı gündəyəm-
Bir az ağla, gəlirəm.
Bir qırıq kamanam mən,
Bir qatı dumanam mən,
Bir yetim gümanam mən-
Dur qucaqla, gəlirəm.
Yarpız olan gülüm var,
Yanmasam da, külüm var.
Yanımda bir ölüm var-
Bu qonaqla gəlirəm...
Ədəbiyyat və incəsənət”
(11.06.2024)
REDAKSİYANIN POÇTUNDAN: “Şapalaq” – Çoşqun Xəliloğlunun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtunda Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun məktubu var. O, “Şapalaq” adlı bir hekayəsinin dərcini xahiş edir. Hekayə ibrətamizdir, insan ləyaqətindən bəhs edir. Düçünürük ki, onu oxuyan xüsusən gənc nəsil ibrət dərsi çıxara biləcək.
Sahib inşaatçı olmaq arzusu ilə Bakıya gəlsə də, ali məktəbə qəbul ola bilməmiş, kəndə qayıtmışdı. Çox pərt idi, hamıdan, ən çox isə müəllimlərindən utanırdı. Heç kimin gözünə görünmək istəmirdi.
Məmməd kişi axşam işdən qayıdanda oğlunu səslədi:
–Sahib, gəl bura. Görürəm yaman fikir edirsən. Min fikir bir borcu ödəməz. Olan oldu, keçən keçdi, İnşallah, gələn il qəbul olunarsan. Ona görə də indidən hazırlaşmalısan... Bu gün Cəlil müəllimi gördüm. Sənə görə çox təəssüfləndi. Özü də dedi ki, gəlsin məktəbə, onun üçün bir iş taparıq, işləyər. Gözümüz də üstündə olar, yenidən hazırlaşar.
Cəlil müəllim savadlı, təcrübəli, tələbkar pedaqoq, bacarıqlı məktəb rəhbəri idi. Onun sevimlisi olmaq hər şagirdə nəsib olmurdu. Gərək çalışqan olasan, əla oxuyasan. Sahibin bəxti gətirmişdi, müəlliminin razı qaldığı şagirdlərdən olmuşdu.
Atasının sözlərini eşidən Sahib neçə gün ərzində sankı birinci dəfə sinədolusu nəfəs aldı. Müəllimi tərəfindən məktəbə işləməyə dəvət edilməsi onu ruhlandırdı. Ürəyindən “Həm işləyər, həm də müəllimlərimin köməyi ilə qəbul imtahanlarına hazırlaşaram,” fikrini keçirdi.
–Yaxşı, ata, onda sabah gedərəm məktəbə.
Sahib məktəbdə işləməyə başladı, həm də səylə qəbul imtahanlarına hazırlaşdı. Bir ilin necə keçdiyini hiss etmədi. Bakıya gələrək növbəti dəfə imtahanları verdi, özü də uğurla. Sevinə-sevinə cibində tələbə bileti kəndə qayıtdı. Çox xoşbəxt idi. Qəlbində qürur hissi keçirirdi. Oxuduğu orta məktəbə gəlib müəllimləri ilə görüşdü. Cəlil müəllim onun alnından öpdü:
–Oğlum, təbrik edirəm! Unutma ki, bu hələ başlanğıcdır. Səndən çox şey gözləyirik.
- Çox sağ olun, müəllim.Yaxşılıqınızı heç zaman unutmaram, – Sahibin üzünə xəfif qızartı çökdü.
...Məmməd kişi aldığı maaş çox olmasa da əlindən gələni edirdi ki, oğlu korluq çəkməsin. Nadirin də ali məktəbə qəbul olunması ailənin maddi ehtiyaclarını artırdı. İki tələbəni Bakı kimi yerdə oxutmaq üçün hər ay filan qədər pul lazım idi. Bu pulu birtəhər tapacaqdı. Amma indi Sahibgili Bakıya yola salmaq üçün bir qədər pul gərək idi. Kimdən borc alsın?
...Məmməd fikirlər içində Səlimin darvazasını döydü. Səsə ev sahibi çıxdı.
–Xoş gəlmisən, dayıoğlu. Bəs nə üçün burda dayanmısan? Keç içəri.
– Bibioğlu, xoş gününə gəlim. Vallah utanıram deməyə... Bilirsən ki, uşaqları Bakıya yola salacağam... Bir az pul lazımdır. Allah qoysa, nar yetişəndə qaytararam.
Səlim arvadı Tamamı səslədi. Saxlancdakı pulu gətirməyi tapşırdı. Məmmədə pulu verib, dedi:
–Biz qohumuq, həm sənin, həm də uşaqlarının xətrini çox istəyirəm. Bu pulun yarısını oğlanlarına bağışlayıram, sağlıqla xərcləsinlər. Yarısını isə nə vaxt imkanın olsa, qaytararsan, darıxma.
Məmməd razılıq hissi və sevinclə evə qayıtdı. Arvadını çağırıb Səlimin verdiyi pulu birlikdə saydılar. Pul Məmmədin istədiyindən iki dəfə çox idi. Ata pulu oğlanlarına verib:
–Səlim əminizin yaxşılığınızı heç vaxt unutmayın. Təhsilinizi başa vurduqdan sonra da onunla əlaqəni üzməyin. - dedi
İllər keçdi. Sahib ali məktəbi qurtardı. Bakıda işləməyə başladı. Tikinti mühəndisi kimi vəzifə pillələrində ucalmağa başladı. Əvvəllər kəndə tez-tez gələr, qohum-əqrəbanı yoxlayar, oxuduğu məktəbə gedib müəllimlərinə baş çəkərdi. Səlim əmi və Cəlil müəllimlə isə xüsusi ehtiramla görüşərdi.
Bir neçə ildən sonra Sahib tikinti idarəsinin rəisi təyin olundu. Onun hörməti getdikcə artırdı. Cavan rəisin rəhbərliyi ilə ən məsul obyektlərin tikintisi aparılırdı. İndi onun oturub-durduğu adamlar da yüksək vəzifə sahibləri idilər. Lakin Sahibdə getdikcə, özü də hiss etmədən, mənfi xüsusiyyətlər formalaşırdı. O, köhnə dostlarından, yaxınlarından tədricən uzaqlaşır, özündən yuxarı vəzifədə olanlara açıq-aşkar yaltaqlanırdı. Onun rəis işlədiyi idarənin də tabe olduğu baş idarəyə Mürşüdov soyadlı yeni rəhbər təyin etmişdilər. Sahib eşitdi ki, həmin adam yerlibazdı. Ona görə də Mürşüdovun doğulduğu bölgə, oranın adamları haqqında müfəssəl məlumat öyrəndi. İki gündən sonra Mürşüdovun qəbulunda Sahib elə danışdı ki, baş idarə rəisi onunla eyni rayondan olduğuna inandı və ən yaxın adam kimi əlini sıxdı.
...Cəlil müəllimin vəfatı bütün kəndin kədərinə səbəb oldu. Hamı kəndin ziyalısına, hörmətli şəxsinə borcunu verməyə çalışırdı. Bir vaxtlar dərs dediyi şagirdləri müəllimlərinin əziz xatirəsinə ehtiramlarını bildirmək üçün rayon mərkəzindən, Bakıdan kəndə gəlirdilər. Onların arasında nə Sahib, nə də qardaşı görünmürdü. Bir neçə vaxtdan sonra Səlim kişi də dünyasını dəyişdi. Gözləmək olardı ki, Sahib həmişə onlarla yaxın münasibətdə olan Səlim əminin yas mərasiminə gələrək ailələrinə başsağlığı verəcək. Amma Sahibi qohumunun vəfatı deyil, daha “vacib” qayğılar maraqlandırıdı.
Rəhmətliklərin qırxı hələ çıxmamışdı. Sahib kəndə gəldi. Polis rəisinin nəvəsinin kiçik toyunda iştirak etmək üçün arvad-uşağını da gətirmişdi. Artıq qocalmış Məmməd kişi oğluna: –Ay Sahib, nə müəlliminin, nə də əminin hüzürünə gəlmədin, indi kəndə gəlmişkən, gec də olsa get, el bizi qınayar axı... –dedi.
–Ata, öldülər, getdilər. Hamı öləcək də, –Sahib heç nə olmayıbmış kimi dilləndi.
Oğlu ilə həmişə fəxr edən Məmməd kişi Sahibin bu sözlərindən sarsıldı. Sankı üzünə qəfil bir şapalaq dəydi, kiçildi yumağa döndü.
Həyatın maraqlı təsadüfləri çoxdur. İş elə gətirmişdir ki, Cəlil müəllimim oğlu Səməd Səlim kişinin qızı Zeynəblə ailə həyatı qurmuşdu.
...Televiziyada ziyalılar haqqında veriliş gedirdi. Səməd həyat yoldaşı Zeynəblə birlikdə ekranın qaşısında əyləşmişdi. Diktor iştirakçıları təqdim etdi. Sahibi görən ər-arvad bir-birinə baxdılar. Sahib mənəvi kamillikdən, xeyirxahlıqdan, torpağa, el-obaya məhəbbətdən, müəllimə hörmətdən elə hərarətlə danışırdı ki... Bir zamanlar qohumları ilə fəxr etmiş gənc ailə son vaxtlar Sahibin əsl simasına bələd olduqlarından onun çıxışının səmimiliyinə inanmırdılar.
Birdən Zeynəb: – Ay Səməd, televiziyada danışan bütün ziyalılar Sahib kimi olurlar?– deyə soruşdu.
Səməd: –Sahib ziyalı deyil, gündə bir dona girən buqələmundur, – deyə əsəbiliklə cavab verdi.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (4-cü – son paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
İTKİ
4.
Səhnə 37. İnt. Gün.
Səfər şüşənin arxasında ona göstəriləcək növbəti adamı gözləyir. Nəhayət, otağın qapısı açılır və adam içəri girir. Arxadan səs eşidilir.
Polis:
– İtirdiyin bu adam idi?
Səfər arxadan dinməzcə dayanır...
Polis:
– Bu idi axtardığın adam?
Səfər şüşəyə yaxınlaşıb öz-özünə diqqətlə baxır... Səfərin üzündə çaşqınlıq var. O, özünü tanısa da, tərəddüd edir... Səs yenə də eşidilir...
Polis:
– Bu idi axtardığın?
Polis əsəbi halda sualı təkrarlayır...
Polis:
– Ya hə de, ya da yox de... Bilək işimizi...
Səfər üzünü polisə tutaraq pıçıltıyla deyir...
Səfər:
– Üzüm yadımdan çıxıb...
Səhnə 38. Ext. Gecə
2-ci adam əlində aşlışqan fənərlə dənizin sahilinə tərəf gedir. 1-ci adam baxır və onun arxası ilə gəlir. Daha sonra 2-ci adam sahildə qəribə bir cismin olduğunu görünür. Bu insan vücuduna oxşayır.
Səhnə 39. Ext. Gecə
Dəniz kənarı. 2-ci 1-ci adamı səsləyir.
2-ci adam:
– Bura gəl! Ora bax!
2-ci adam arxaya çevrilib baxanda 1-ci adamın artıq orada olmadığını görür…
2-ci adam cəsədə tərəf gedir. Arxadan 1-cinin səsi eşidilir.
1-ci adam (istehza ilə):
– Tapdın? Onsuz da uduzmuşdun… Tapmağının nə faydası…
Səhnə 40. Ext. Gün.
Park. Səfər və qadın skamyada əyləşiblər. Bu dəfə onlar yanaşı oturublar. Fəhlə skamyanın sağ tərəfini rəngləməyə davam edir. Səfər qadına asta səslə bu sualı verir.
Səfər:
– Bizim niyə şəklimiz yoxdur?
Qadın:
– Çünki sən belə şeyləri sevmirsən… Bunu da unutmusan? Həmişə deyərdin, ay ruh belə gəldi, daxili aləm elə getdi, sən qəlbimin yaddaşındasan, falan-filan… Axırı da bu… İtirdin də… Heç olmasa şəklimiz olsaydı, verərdim, baxardılar… Bəlkə tapmağa kimsə kömək edərdi.
Səfər:
– Gərək tapım. Belə olmaz. Mən belə yaşaya bilmərəm axı…
Fəhlə skamyanı boyamağa davam edir.
Səhnə 41. Ext. Gecə
Dəniz sahili… 2-ci adam cəsədi sudan çıxarır. Artıq o, yalnızdır. 1-ci adama tərəf səslənmək istəyəndə görür ki, o, yerində yoxdur.
2-ci adam:
– …Zər itirdik, meyit tapdıq…
2-ci adam:
– Görəsən, bu bədbəxt kimdir belə…
Səhnə 42. Ext. Gecə
2-ci adam daxmanın arxasında saxladığı köhnə “QAZ 24”-ünü işə salır. Arxa tərəfin qapısını acır. Cəsədi maşının arxa oturacağına uzadır. Burada o, özünü görür. Cəsədin üzü… Səfərin üzüdür.
Səhnə 43. İnt. Gecə
Maşının içi. 2-ci adam fikirli şəkildə sükan arxasında yol gedir. Radioda itmiş insanlar haqqında elanlar gedir. …Yollar qaranlıqdır.
Səhnə 44. Ext. Gecə
Sahildəki balıqçı daxması görünür… Tilov yerindədir… Masa boşdur. Xəfif külək əsir.
V.O. 2-ci adamın səsi eşidilir.
2-ci adam:
Dənizə girdim,
arzularımın rənginə boyanım deyə.
Ya keçmişimi yumaq istədim.
Səhnə 45. İnt. Gecə
Maşın. 2-ci adam “QAZ 24”-ü sürətlə idarə edir. Yol, demək olar ki, boşdur.
2-ci adam (V.O.):
Ləkələr çıxsın deyə
dərinə getdim. Dərinə…
Səhnə 46. İnt. Gecə
Xəstəxana. Palatada üzü bağlı bir nəfər uzanıb. Səfər diqqətlə o adama baxır.
Səfər:
Dərindən mən çıxdım… Ruhum islanmışdı…
Ləkələr qalırdı …
Səhnə 47. İnt. Gün.
Həmin otağın qapısı açılır. İçəri Sarışın və polis əməkdaşı daxil olurlar. Polis əməkdaşı cəsədin üzərindən bəyaz örtüyü çəkir. Sarışın razılıq əlaməti olaraq başını yelləyir.
Səhnə 48. Ext. Gün
Sarışın parkın qarşısındakı binadan çıxıb yolu keçir… O, skamyaya, qadına tərəf gəlir. Gəlir və qadının qarşısında dayanır. Bunu görən fəhlə Sarışına deyir.
Fəhlə:
– Ay qardaş, bu xanıma neçə defə demişəm, özü də görür… İş görürəm axı… Durub getmir, elə bil ağlını itirib nədi… Xahiş eləyirəm, qoyun işimizi görək, orda quru skamyalar var, gedin oturun da.
Sarışın başı ilə fəhləyə razılıq işarəsi verir.
Sarışın:
– Yaxşı, yaxşı… Narahat olmayın. Gedirik.
Səhnə 49. Ext. Gün
Park. Qadın tərpənməz oturub naməlum istiqamətə baxır. Fəhlə də onların skamyanı tərk edəcəyini gözləyir.
Qadın:
– Tapıldımı?
Sarışın susur…
Qadın:
– Səninləyəm, tapıldımı?
Sarışın:
– O, artıq yoxdu…
SON
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“Hansı zəmanədə yaşadığınızı dərk etməlisiniz... - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
4.Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
3.Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
Sabah davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı
– OĞUZLULARIN XATİRƏLƏRİ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Milyonların sevgisini qazanmış Qədir Rüstəmovun heç bir təqdimata ehtiyacı yoxdur. “Sona bülbüllər”in Qədiri” ifadəsi onun haqqında hər şeyi deyir. Həmin “Sona bülbüllər” ki, maestro Niyazinin dediyi kimi ona “qulaq asmağa bir ömür bəs etməz”.
Azərbaycan Respublikasının Xalq artisti və “Şöhrət” ordenli əfsanəvi müğənninin sənətinə ümummilli liderimiz H.Əliyev başda olmaqla, dövrünün dövlət və mədəniyyət xadimlərihər zaman yüksək qiymət vermişlər.
Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy-buxunun yaxşıdır, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”. Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir. Qədir oxuyanda Ə.Dadaşovu ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Qədir “Sona bülbüllər”i oxuyanda bəstəkar A.Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər. Niyazi isə bildirirdi ki, ”Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırır” və s. Onu “muğamın Füzulisi” adlandıranlar tamamilə haqlıdırlar.
Xalq artisti Q.Rüstəmovun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Reyhan”,“Neçin gəlməz”, “Ay dili-dili”, “Sarı gəlin”, “Sən getdin”, “Olmaz, olmaz” və neçə-neçə digər mahnılar bu gün də hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyatmaqda davam edir. Qədirin ölməz sənət əsərləri yaşayır və onu yaşadır, gələcəkdə də yaşadacaqdır.
Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Birdəki, görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nə isə yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Q.Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacağıq. Onun həyatının Qarabağsız, Ağdamsız keçən, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Q.Rüstəmovun ən yaxın dostlarından olan A.Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: “Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadI... Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi”.
Bəli, bur müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada hamının (Qədirin sənətinin böyüklüyünü anlamayanlar istisna olmaqla) hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan və onu canlı-canlı dinləyən insanlardan biriyəm. Bir necə dəfə məşhur müğənninin iştirak etdiyi toy və şənlik məclislərində olmuşam. Çox sadə adam idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti və şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional adam idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, “bəyənmirdi”. Onu alqışlayanda və ya tərif edəndə “Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da” deyərək söhbətin axarını dəyişərdi. Heç vaxt istedadını gözlərə soxmur, əksinə, ona vasitə kimi baxırdı. Onu da deyim ki, onun toylarda oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: “Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…".Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müqənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
“Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var”. (Loğman)
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclisləriinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin video yazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun siravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burda çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda evyanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı. (Sonralar həmin daşlar H.Əliyev fonduna bağışlanmışdı.)
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi müəllim Q.Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir: “Q.Rüstəmov möhtəşəm ifası və öz məzəli söhbətləri ilə daha çox yadımda qalıb. Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ”.
Xahişimizlə Qismət müəllim Qədirlə bağlı bir xatirəsini bizimlə bölüşdü. Dedi: “Yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. O, öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı”.
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini R.Alızadədir. Rauf bəy söyləyir: “Qədir müəllim uşaqları çox sevirdi. Saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı. Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb”.
Məşhur olduğu qədər də sadə olan Q.Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun düzlu-məzəli sohbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar.
Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, “darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik”.
Ağdamlı telejurnalist F.Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də yayınlayandan sonra elə bil yenidən hamının yadına düşdü. Q.Rüstəmovu Bakıya dəvət etdilər. Ona ev və maşın hədiyyə edildi. Ümummilli liderimiz H.Əliyevin qayğısı ilə əhatə olundu.
Q.Rüstəmovun Bakıda evi olsa da, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi. G.Allahverdiqızının “Qədirin “Sona bülbüllər”i – “Sona bülbül”lərin Qədiri” adlı yazısında Oğuzda müsahibə götürdüyü N.Quliyeva deyirdi: “Qədir qağam haqqında nə danışacağımı bilmirəm, ölümündən sonra onun haqqında danışmaq mənə çətindir. Qağamın yaxşılıqdan başqa heç nəyini görməmişik. O, elə bir insan idi ki, heç zərərli böcəyə də ziyan verib onu əzməzdi. Bakıda yaşamasına baxmayaraq, tez-tez gəlib bizimlə hal-əhval tutardı. Heç vaxt bizləri yaddan çıxarmazdı. Hər gələndə uşaqlara şirni paylayıb könüllərini xoş edərdi. Qədir qağam xəngəli çox sevərdi. Gələn kimi mən də soruşmadan xəngəl bişirərdim. Halal xoşu olsun. Deyərdi ki, bu günləri heç özünə dərd eləmə, inşallah, qayıdacayıq öz yurd-yuvamıza.
Bir də görürdük ki, səssiz-səmirsiz gecə gəlib evinə. Səhər açılanda deyərdim ki, ay Qədir qağa, niyə gəlib girməmisən bizə? Deyərdi ki, sizi narahat etmək istəmədim. Halbuki bizlər onun gəlişindən çox sevinirdik, məzəli söhbətlərindən zövq alırdıq. O qədər sadə, səmimi, təvazökar insan idi ki… Biz yaşadıqca onunla bağlı xoş xatrələrimiz də yaşayacaq. Qədir bizim üçün ölməyib, Ağdam camaatı həmişə onunla fəxr edib, qürür hissi keçirib, daim də belə olacaq. Allah məkanını cənnət etsin!”.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”. Dediyi kimi də oldu. O elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Q.Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi.
Bu gün əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu böyük hörmət və ehtiramla yad edirlər. “Sona bülbülər”in Qədiri oğuzluların xatirələrində yaşamaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
Nizami Gəncəvi yaradıcılığında İskəndər-Zülqərneyn obrazı
“Ədəbiyyat və incəsənət” portalı BDU-nun Filologiya fakültəsinin tələbəsi Nigar Xanəliyevanın “Nizami Gəncəvi yaradıcılığında İskəndər-Zülqərneyn obrazı” başlıqlı elmi məqaləsini təqdim edir. Məqalə kifayət qədər maraqlıdır, ciddi araşdırma hesab edilə bilər və bu da bizim necə ümidverici tələbələrimizin olmasından xəbər verir.
Ey Tanrı, dünyaya sənsən padşah,
Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığınır hər yüksək, alçaq,
Hər varlıq yoxluqdur, sən varsan ancaq.
Nizami Gəncəvi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci ildə imzaladığı sərəncama əsasən, 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir. Nizami Gəncəvinin əsərlərinin tədqiq edilməsi və araşdırılması daim aktual məsələlərdən olub. Bir sıra məsələlərə aydınlıq gətirilsə də, elm üçün hələ də mübahisəli mövzular həmişəki aktuallığını saxlamaqdadır. Bunlardan biri də dahi Nizaminin “İskəndərnamə” poemasındakı Makedoniyalı İskəndər-Zülqərneyn obrazıdır.
"Zülqərneyn" adı ərəbcədir (ذو القرنين) və ərəbcə "Zül-qarnəyn" kimi oxunmaqdadır. Mənası "İki buynuz sahibi" deməkdir. Bəziləri bu adı belə yozurlar ki, Zülqərneynə o ləqəb ona görə verilmişdir ki, onun dəbilqəsində iki buynuz var idi. Digərləri isə belə izah edirlər ki, Zülqərneynin dövləti Şərqi və Qərbi əhatə etmişdir. Başqa bir ərəbcə lüğətdə yazılır ki, “Qərn” sözünün iki mənası var: uzun dövr və heyvan buynuzu. “Qərneyn” dedikdə şərq və qərb nəzərdə tutla bilər. Çünki ərəblər şərq və qərbi günəşin iki buynuzu saymışlar. Ola bilsin ki, Zül-Qərneyn bütün şərq və qərbə hakim olduğundan belə adlandırılmışdır. Quranın nazil olunmasından əvvəl köhnə dünyada krallar və imperatorlar ilahi gücə malik olduqlarını göstərmək üçün “buynuzlu tac” taxarmışlar. Mesopotamiyanın Səma tanrısı olan An(Anum) buynuzlu başlığı ilə idarəçilik və hökmdarlıq düşüncəsinin təcəssümü kimi təsvir edilirdi. Qurani-Kərimdə Zülqərneyn adlandırılan, Məğribi (qərbi) və Məşriqi (şərqi) fəth etmiş bu sərkərdənin kimliyi barədə uzun illərdir müxtəlif mülahizələr söylənilmişdir. Bəzi rəvayət və dastanlardan bir çox qədim ərəb hökmdarlarının Zülqərneyn ləqəbini daşıması məlumdur. İran alimi Sədrəddin Bəlaği hind alimi Əbu Kəlam Azadın araşdırmalarına əsaslanaraq Quranda adı çəkilən Zülqərneynin İran hökmdarı, e.ə. 559-cu ildə hakimiyyətə gəlmiş, həxamənişlər nəslindən olan Kureş (Kir) olduğunu göstərir. S.Bəlaği öz fikrini əsaslandırmağa çalışarkən belə bir mülahizəni əsas götürür ki, Mədinə yəhudiləri Məhəmməd peyğəmbərə Zülqərneynin kim olması barədə sual vermiş, bundan sonra Zülqərneynlə bağlı ayələr (Kəhf surəsi.83-98) nazil olmuşdur. Bəlağinin fikrincə, Tövratda Danyalın yuxusunda nəzərdə tutulan ikibuynuzlu qoç da məhz Kirdir. Çünki XIX əsrdə arxeoloji qazıntılar zamanı İstəxr yaxınlığındakı Mürcab çayında Kirin başında iki qoç buynuzu olan heykəli tapılmışdır. Sədrəddin Bəlaği bu fikrini isbat etməyə çalışarkən Şərqin Əbu Əli ibn Sina kimi filosofu, eləcə də məşhur təfsirçi “Məfatihul-qeyb” (“Qeybin açarları”) adlı Quran təfsirinin müəllifi Fəxrəddin Razi ilə mübahisəyə girir, onların Qurandakı Zülqərneynin Makedoniyalı İskəndər olması ilə bağlı fikirlərinin yanlış olduğunu bildirirdi. Lakin fars aliminin bu qənaəti bir çox cəhətlərdən özünü doğrultmur. Məsələn, Kirin heykəlində qoşa buynuzların olması əsassız mülahizələrdən biridir. Çünki buynuz güc, qüvvət rəmzi kimi qəbul olunduğundan bir çox hökmdarlar buynuzlu təsvir olunmuşlar. Çox zaman Makedoniyalı İskəndər də Misir Allahı sayılan qoşabuynuzlu öküz- Amonla eyniləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Şərqin ibn əl-Əsir, ibn Cərir ət-Təbəri, Sələbi, Qazi Beyzavi kimi dahiləri də Zülqərneynin Makedoniyalı İskəndər olmasını söyləmişlər.(3.70)
Bir çox mənbələrdə İsgəndərin İran şahı Daranın oğlu olması söylənilir, hətta onun adını da fars mənşəyi ilə bağlamağa cəhdlər edilir. Bu barədə Təbəri tarixində oxuyuruq:
“Bəzi elm əhli qədim adamların xəbərlərinə istinadən iddia edirlər ki, İsgəndər Dara əl-Əsğarla (Kiçik Dara-III Dara nəzərdə tutulur) müharibə edən şəxsdir. O, Kiçik Daranın qardaşıdır. Kiçik Dara atası Böyük Dara (Bəhmən oğlu Dara nəzərdə tutulur) İskəndərin anası ilə evlənibmiş. Bu, qədim rum şahının qızı olub və adı Həlay imiş. Dara bu qadından çox üfunətli tər iyi gəldiyini gördükdə, öz adamlarına bu iyi yox etmək barədə göstəriş verir. Mərifət əhli qadına əlac etmək üçün Səndər adlı ağacdan istifadə edir. Bu ağacı doğrayıb qaynadır, qadını onun suyunda çimizdirirlər. Bunun sayəsində həmin qoxu xeyli azalsa da, tamamilə yox olmur. Dara dözə bilməyib iyrəndiyi bu qadını atası evinə yollayır. Bu vaxt Həlay artıq hamilə idi. O, bir oğlan uşağı dünyaya gətirir, adını öz adına və pis qoxunu dəf etmək üçün suyunda yuyunduğu ağacın adına uyğun Həlaysəndərus qoyur. O, İsgəndərusun əslidir.” (5)
İskəndərin şahənşahlarla qohumluğuna Şərq ədəbiyyatında da xüsusi diqqət yetirilir. Füzuli poeziyasında İskəndərələ Daranın adı yanaşı çəkilir. Onların hər ikisi qüdrət, əzəmət, ucalıq mücəssəməsidirlər. Şair dövrünün hakimlərini mədh edərkən onları məhz İskəndərə, Daraya bənzədir. Bununla yanaşı “Leyli və Məcnun”un “Padişahı-islam tərifi” hissəsində Füzuli “İskəndər səddi” ilə bağlı mövzuya toxunur. Burada diqqəti cəlb edən əsas cəhətlərdən biri şairin həmin səddin bir tərəfində Yəcuc, o biri yanında isə insan olmasını söyləməsidir. Demək, şair bir məxluqat kimi Yəcucu insan hesab etmir və yazır:
Əsası hökmdar, mənidə bir səddi İskəndər kim,
Onun Yəcucdur bir yanivü, bir yanı insandır. (3.173)
Füzuli mükəmməl bir təzadla Əhməd bəyə yazdığı məktubda İskəndərin rəvayəti ilə bağlı belə bir beyt işlədir:
Həm səvadi-nurbaxşi zülməti-abi-həyat,
Həm bəyazi-rövşəni Ayineyi-İskəndəri. (3.173)
Burada Füzuli Əhməd bəydən aldığı namənin nur saçan qarasını, yəni yazısını abi-həyatın yerləşdiyi zülmət diyarına, işıqlı ağlığını isə İskəndər güzgüsünə bənzədir. Nizaminin “Şərəfnamə”sində İskəndərin dəmirdən güzgü hazırlatmasından söhbət gedir:
Keçmişdə güzgüdən yox idi əsər,
Güzgünü yaratdı böyük İskəndər.
Başlanınca güzgü qayırmaq işi
Qalıba tökdülər qızıl, gümüşü.
Nə əməl etdilər vermədi səmər,
Onda üzlərini düz görmədilər.
Sonra əl atdılar hər cür gövhərə,
Hər biri göstərdi başqa mənzərə.
Elə ki, təcrübə dəmirə çatdı,
Gövhər üzərində naxış yaratdı.
...Ilk dəfə güzgüyə baxdı İskəndər,
Bir əzəmət aldı gövhərdən gövhər.
Güzgüdə görüncə qeysər özünü
Güzgünün şadlıqdan öpdü üzünü. (1.112-114)
Qurani-Kərimdə adı çəkilən Zülqərneyn kimdir? Nəyə görə onun Makedoniyalı İskəndər olduğunu deyirlər? Əl-Kəhf surəsinin 83-98-ci ayələrində adı çəkilən şəxsdir. Bəzi mənbələrdə onun peyğəmbər, övliya, Tanrı tərəfindən seçilmiş şəxs olduğu yazılır. Əl-Kəhf surəsinin ayələrində verilir:
(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşurlar. De “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!” Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik). O, (məğribə çatmaq üçün) yola çıxdı.(Tövbə qapısı məğribdə olduğuna görə səfərini oradan başladı). Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü.O, çeşmənin yanında (Allahı tanımayan,kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” O (İsgəndər) belə cavab verdi: “Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir! İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi- oruc,namaz,zəkat,cihad və.s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik). Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi. Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq bilməz). Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə’cud-Mə’cüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?” O (Zülqərneyn) dedi: “Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna,fəhlə,dülgər və.s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! Mənə dəmir parçaları gətirin!” (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi : “(Körükləri) üfürün!”- dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiz mis gətirin, onun üstünə tökün!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!” (Allahın buyurduğu hər bir şey, o cümlədən İskəndərin səddinin dağılması,Yəcuc-Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir). (4)
İmam Bağır (ə) buyurur: “Zülqərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zülqərneyn müəyyən müddət gözə dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda İmam buyurur: “Sizin aranızda da xüsusiyyətlərə malik şəxs var.” Ola bilsin ki, bu şəxs həmin iki zərbəyə xatir Zülqərneyn tanınmışdır. (6;7)
Şeyx Tusi “Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zülqərneyn əslində Kuroş olduğu bildirilir. Əsər müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, Tövratın müəyyən bəyanatlarına və Kuroşun miladi XIX əsrdə tapılmış iki buynuzlu mücəssiməsinə əsaslanırlar. Amma mərhum Şuərani “Əbul-Futuh” təfsirinin haşiyəsində bildirir ki, Zülqərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İskəndərdir. Amma “Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.
Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada (“Məşlul” duası) oxuyuruq: “ Ey Zülqərneyni sitəmkar padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hadisədə onun dilindən bildirilir ki, Zülqərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdir. (6)
Yəcuc və Məcuc kimdir ya da nədir?
Lüğətdə ərəbcə olmayan iki ad olaraq qeyd olunur. Ümumi olaraq din dilində “yer üzərində fitnə və pislik yayan tayfa” mənasında işlənilir. Onlar həmçinin, Gog və Magog olaraq da adlandırılırlar.
Göründüyü kimi, Qurani-Kərimdə də Zülqərneyn İskəndər, sədd isə İskəndər səddi adlandırılmışdır. İskəndər səddinin harada yerləşməsi barədə də müxtəlif fikirlər mövcuddur. Təbəri bu səddin Azərbaycanla Ermənistandakı dağlar arasında çəkildiyini göstərir.
Bəs dahi Nizami bu mövzuya necə yanaşmışdır? O, İskəndəri necə təsvir etmişdir?
Nizami Gəncəvi bu mövzuya öz mövqeyindən yanaşmışdır. Məsələn, İskənədərin buynuzu var rəvayətini o özünəməxsus şəkildə ifadə etmişdir. Əlbəttə ki, özündən əvvəl də bu məsələyə necə yanaşılması ilə bağlı ilə araşdırmalar edən Nizami Gəncəvi yazırdı:
Dünya filosofu Əbu Məşər də.
“Üluf” adı ilə məşhur bir əsərdə.
Yazırdı: “İskəndər öldüyü zaman,
Bu böyük zərərdən çox qəmgin olan.
Yunanlılar onu çox sevdiklərindən
Çəkdilər kağıza şəklini həmən.
Onun surətini rəsm edən rəssam,
Şəkli layiqincə eyləyib tamam,
Çəkibmiş yanında o iki heykəl.
Sağında bir gözəl, solda bir gözəl;
Hər başda o iki buynuz rəsm etmiş,
Zərli və lacivərd rənglə bəzətmiş...(2.41-42)
Deməli, Nizamidən əvvəl Əbu Məşərin təsvirinə görə “İskəndərin buynuzu” söhbətinin yaranması həmin rəssamın çəkdiyi şəkillə bağlı bir əfsanənin yaranmasına səbəb olub. Əslində İskəndərə rəğbət bəsləyib onu rəsimdə İlahinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli sonralar düzgün başa düşülməyib,ərəblər tərəfindən başqa cür yozulub. Yəni, İskəndərin ətrafında əyləşən gözəllərin başında təsvir edilən buynuz dini əsatirlərlə bağlı olsa da, o, sonralar İskəndərin öz adına çıxılıb, əbədi söylənəcək bir əfsanənin təməlinə dönüb.
Ərəblər bu şəkli seyr eyləyərkən,
Qarışıq salmışlar onları səhvən.
İsgəndər bilmişlər o gündən bəri,
Buynuzlu çəkilmiş o mələkləri.
Odur ki, şübhəyə düşmüş ərəblər,
“Zülqərneyn” ləğəbi almış İskəndər.(2.42)
Burada iki məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Əvvəla, məlumdur ki, dillərdə həmişə “İskəndərin buynuzu var” əfsanəsi söylənilib. Amma dəyərli söz ustadı Nizami onu bir bilicinin dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təsvir edir. İlk baxışda oxucuya və dinləyiciyə adi görünən bu dəyişmənin məzmunu səbəbsiz deyil. Əgər İsgəndərin buynuzu olmuşdusa, onu öz başqırxanından başqa kimsənin görə bilməməsi, bu söylənən əfsanə olsa belə, onu tamamilə qeyri-inandırıcılığa gətirib çıxarır. Lakin Nizami diqqəti burada özünü göstərib. Şair onu buynuz kimi yox, uzun, qeyri-adi qulaq kimi təsvir edib ki, onun da qeyrilərindən gizlənməsi mümkün bir iş sayıla bilərdi.
Başqa bir bilici deyir ki,onun
Qulaqları varmış həddindən uzun.
Dürdən taca bənzər qınları varmış,
İki qulağına o, qın taxarmış.
Onları xəzinə kimi güdərək,
Möhkəm gizlədərmiş bir xəzinətək (2.42)
İkinci təsvirin özünəməxsusluğu İskənədrin başqırxanının birincisi yox, ikincisi tərəfindən bu sirrin açılmasıdır. Nizami isə “İskəndər və çoban” hekayətində onu ikinci başqırxan qulun adı ilə bağlayır. Qulun bu sirri quyuya söyləməsi və söylədiklərinin çalınan tütəkdə səslənməsi nəticəsində bütün xalq sirri bilmişdir. İlk əvvəl bu, adama qəribə görünə bilər. Əslində isə çox dərin mənası var. Lap qədim zamanlardan bəri insanlar arasında sirr saxlamaq söhbəti son dərəcə mürəkkəb bir amil olub. Babalarımızın “Dostunun da bir dostu var”, “Sirrini hər yetənə vermə”, “Sirr saxlamaq hər igidin işi deyil” kimi müdrik misalları xəyaldan keçdikcə dahi sənətkarın həmin məsələnin təsvirinə bir daha diqqətlə yanaşıb onu daha inandırıcı təsvir baxımına çevirməsi bizə aydın olur.
Başın qırxan bir qulundan qeyri,
Kimsənin bu sirdən yoxmuş xəbəri.
Ancaq ki,həmin qul öldüyü zaman,
İsgəndər tapdı bir özgə başqırxan.
Şahın hüzurunda təzim edərək,
Başladı saçını açmağa dəllək.
Xəlvətdə saçını açıb qurtarcaq,
Şah ona yavaşdan dedi: -Bura bax,
Bilsəm, qulaqların sirrini əgər,
Eşidib dünyada səndən bir nəfər,
Bir qulaq burması gəlləm sənə mən,
Ki bir də özgəyə bir sirr verməzsən!
Dəllək padşahın əmrini tutdu,
O gündən nitqini belə unutdu.
Bu sözü kimsəyə əsla açmadan
Saxladı küfr tək könlündə pünhan.
Bu sirrin dərdindən saraldı ancaq,
Çox böyük bir dərddir sirr saxlamaq.
Bir gün bərk darıxdı, çölə üz qoydu,
Gördü ki, çöldə var dərin bir quyu.
Dərdini quyuya eylədi izhar:
“İskəndərin uzun qulaqları var!”(2.42-43)
Göründüyü kimi, şahın birinci qulu ona sadiq olmaqla yanaşı, həm də daha dəyanətli və dözümlü olub. İkinci qul isə dözə bilməyib sirri quyuya söyləyir. Əvvəl-əvvəl adama elə gəlir ki, o da sirri kimsəyə açmayıb, kimsəsiz quyuya danışıb. Amma burada ataların daha bir misalı yada düşür: “Yerin də qulağı var”. Və doğrudan da hadisələrin sonrakı təsvirindən sonra belə bir təsəvvür yaranır ki, bu misal da elə həmin gündən yaranıb, xalqın hikmət kitabında özünə yer edib.
Bir gün o səhraya çıxdı padişah,
Sonra səsə sarı getdi İskəndər.
Uzaqda bir çoban göründü nagah,
Çağırıb çobanı soruşdu ondan,
Çobanın çaldığı neyi eşitdi,
Tütəyin sirrini danışdı çoban:
Çölləri üstünə qalxmış zənn etdi.
"Gördüm ki, bitib bu qamış quyuda,
Çünki neyin səsi deyirdi aşkar:
Şəkər qamışıtək, şirin bir suda.
"İskəndərin uzun qulaqları var!.."
Mən kəsib doğradım öz əlim ilə,
O, neyin səsindən od tutub yandı,
Kəsilməsəydi o, gəlməzdi dilə.
Muma döndərərdi hirsi poladı.
Cansızdır, onunla qızır bədənim.
Toxtayıb yerində durdu bir qədər.
Dilsizdir, ancaq ki, dilimdir mənim...”(2.43-44)
Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin düzlüyünü yoxlamaq üçün həmin quyudan yenə də qamış kəsdirib gətirdir. Yenə də ondan tütək düzəltdirəndə ona nəfəs dəyən kimi həmin sirri faş edən sözlər yenə təkrar olunur. Böyük şair bundan sonra təsvirin nəticə baxımını tamamlayanda onun səmtini bəşəri ideya nöqteyi-nəzərinə döndərir. Bir şahın və onun qulunun simasında sirr saxlamaq müqabilinin nə demək olduğunu duyub düşündükcə fikrin fərdi axını sonsuzluğa dönüb bəşəri baxışda sərfi-nəzər edilir. Dünya neçə zamanlar yola salıb, neçə padşahlar ədalətli və ədalətsiz tarixin kitablarını yazdırıb, neçə sarayların möhtəşəmliyi xarabalıqlara çevrilib. Lakin zaman keçdikcə qərinələrin kölgəsində gizlənib qalan sirlər yer altından buxar kimi qalxıb ellərin nəzərində açılıb.
Təzə tütəyə də dəyəndə nəfəs,
Dəlləyi qılıncdan elədi azad.
Şahın qulağına gəldi həmin səs.
Üzünü örtməsin qönçə, nahaqdır,
Bildi ki, heç sirri saxlamaz nihan,
Gec-tez ləl yanağı açılacaqdır.
Hamının sirrini açar bu cahan!
Qara daş içində gizlənən buxar
Allahı xeyr ilə eyləyərək yad
Axır ki, olacaq bir gün aşikar. (1.45)
Nizaminin təsvir etdiyi makedoniyalı İskəndər Qurani-Kərimdəki Zülqərneyndirmi? Gəlin, nəzər yetirək. Dahi söz ustadı yazır:
Onlar İskəndəri pak sifət görcək,
Qəbul elədilər bir peyğəmbərtək.(2.176)
“İqbalnamə”nin İsgəndərin Şimala çatması və Yəcuc səddini bağlaması hissəsində (s.173) şairin İsgəndər-Zülqərneyn mövzusuna baxışı aydın şəkildə görülür. Belə ki, şair Makedoniyalı İskəndəri Zülqərneyn kimi (Tanrı tərəfindən seçilmiş şəxs kimi) təsvir etmişdir. Nizami Gəncəvinin makedoniyalı İskəndərlə bağlı mövzuya müraciət etməsi təsadüfi deyildi. Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış bu tarixi şəxsiyyət şairə hökmdar və xalq, ictimai ədalət, dövlətin idarə olunması, dünyanın dərk edilməsi kimi mühüm məsələlər haqqında görüşlərini ifadə etməyə imkan verirdi. Həmçinin, Qurani-Kərimdə də Zülqərneyn ədaləti və bərabərliyi təmin edən şəxs kimi təsvir olunmuşdur. Nizami də İskəndəri məhz belə biri kimi göstərmişdir. Ümumilikdə, “İskəndərnamə” Nizaminin öz ictimai-siyasi, fəlsəfi-etik düşüncələrinə yekun vurduğu şah əsərlərindəndir.
Mənim fikrimə gəldikdə isə, məncə, Zülqərneyn (İskəndər) qədim türklərdən olmuşdur. Belə ki, qədim türklərin əsas dini Tanrıçılıq olmuş və onlar vahid Allaha inanmışlar.Hətta, Osmanlı imperiyasının mövcudluğu dövründə “Dəlilər” adlı bir döyüşçü tayfası mövcud idi. Onlar döyüşə də öz əcdadları-qədim türklər kimi gedirdilər. Zənnimcə,bu tayfa lap qədimdən mövcud olmuşdur. Və onlardan biri Tanrı tərəfindən seçilmiş bəndə- Zülqərneyn idi. Çünki Nizami Gəncəvinin təsvir etdiyi makedoniyalı İskəndər belə keçmiş türklərə bənzədilmişdir. Həmçinin, Makedoniyalı İskəndərin bütpərəst olması da elm aləminə məlumdur.
“Əlinə yay alsa nişançı türklər,
“Deyirlər qoşa hörüyü varmış,
Atdığı hər oxla bir ordu yenər.
Onu daim kürəyinə atarmış.”
Zorba türk borusu etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət”.
Tarixçi-filoloq Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. Dəniz Karakurtun yada saldığı kimi saldırı (rəvayət) yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir. Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deyilir. Ağ dəniz – Türkiyə sınırında, Yanar dəniz (Odlu dəniz) – Xəzər dənizi Azərbaycan sınırında. Qara dəniz Gürcüstan sınırında, Göy dəniz Çin dənizi. Qırmızı dəniz fars körfəzidir, Qaf dağı – Qafqazdır, Tanrı dağı və Altay dağı Orta Asiyadadır. Dastanda adı çəkilən xalqlar bu gün də yaşayırlar və hamısı da türkcə danışırlar. Belə bir canlı olayların tanıkını necə göy planetlərində axtarmaq olar.
Mahmud Qaşqarlı və Mövlanə Rumi əsərlərində Oğuz dastanının hekayələrindən parçalar verirlər. Ama Oğuz adı ilə yox, olayları Zülqərneyn adı ilə verirlər. M.Qaşqarlı və M.Rumi Zülqərneynin Oğuz xan olduğunu bilirlərmiş. Ona görə də Oğuz olaylarını Zülqərneyn adı ilə vermişlər.(8.98)
Ədəbiyyat siyahısı:
1.Nizami Gəncəvi “Şərəfnamə”
2.Nizami Gəncəvi “İqbalnamə”
3.Aidə Qasımova “Azərbaycan ədəbiyyatı və Quran qissələri”
4.Qurani-Kərim “Əl-Kəhf surəsi”(83-98)
5.Teymur Kərimli “Nizami və Tarix”
6.Möhsün Qəraəti “Təfsire-Nurus-Səqəleyn”
7.Şeyx Səduq “Kəmalud-dini-Səduq”
8.Dəniz Karakurt “Türk söyləncə sözlüyü”
(Elmi rəhbər: dos. Sevinc Qocayeva)
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“Qərbi Azərbaycan icmasının yaranması tarixi zərurətdir” – CƏFƏR CƏFƏROV
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsinin icrasına başlayır. Bu gün sizlər üçün ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “Qərbi Azərbaycan icmasının yaranması tarixi zərurətdir” məqaləsi təqdim edilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Qərbi Azərbaycanın böyük bir tarixi əraziyə malik olduğunu göstərərək demişdir: "İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan–İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı-bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olub".
İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan azərbaycanlıların tarixi vətənidir və azərbaycanlılar XX əsrdə dörd dəfə – 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya edilmiş, qırğın-lara, təcavüzlərə məruz qalmışlar. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 754 saylı qərarlarına əsasən, 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.
Tarixdə xalqımızın bir parçası olan Qərbi azərbaycanlılara qarşı törədilmiş bu faciələrə hüquqi-siyasi qiyməti yalnız Ümummilli lider Heydər Əliyev vermişdir. 1997-cı il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-cı il martın 26-da "Azərbaycanlıların soyqırımı" və 22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.
1987-1991-ci illərdə isə Ermənistan adlanan Qərbi Azərbaycandan 300 mindən artıq azərbaycanlı tarixi – etnik torpaqlarından perik salınmış, deportasiya olunmuşlar. Tarixi-etnik torpaqlarından deportasiya olunanların problemlərinin həlli məqsədilə 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılmışdır. Həmin Cəmiyyətin bazası əsasında 2022-ci il avqustun 3-də "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin hüquqi varisi kimi "Qərbi Azərbaycan İcması" yaradılmışdır. İcmanın məramında aydın şəkildə göstərilir ki, İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Vətən müharibəsində Qarabağın Ermənistan dövlətinin işğalından azad edilməsindən sonra Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurət idi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşmüş və proqram xarekterli tarixi nitqində demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır". Cənab Prezident İlham Əliyevin nitqi Qərbi Azərbaycanla bağlı tədqiqatların tam yeni istiqamətdə aparılmasına geniş imkanlar yaratdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanla bağlı tədqiqatların aparılması daima diqqət mərkəzində saxlanılmış və indi də saxlanılmaqdadır. Elə bu məqsədlə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun strukturu daxilində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılmışdır. Mərkəzin bu sahədə görüləsi işləri hələ çoxdur. Artıq Mərkəzdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əsas istiqamətləri müəyyənləşdirilmişdir. Onlar apardığı araşdırmalarla elmimizə öz töhfələrini verəcəklər.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
TANIŞ OLAQ – Ruslan Hüseynovun “Beşinci mövsüm” kompozisiyası
Salam, “Ədəbiyyat və incəsənət”! Mən Ruslan Hüseynov respublikanın əməkdar artisti, musiqiçi, sızınlə yeni kompozisiyamı bölüşmək ıstərdım. Və sizə özüm haqqda məlumat göndərırəm. Xoş olardı, əgər sız bunu paylaşsaydınız. Əvvəlcədən təşəkkürlər.
Ruslan Hüseynov disko-fank üslubunda yeni “Beşinci mövsüm” kompozisiyasını təqdim edib. Bu bəstənin aranjemanını Ruslanın uzun illərdir əməkdaşlıq etdiyi və dostluq etdiyi bəstəkar və pianoçu Etibar Əsədli edib.
Əməkdar artist Ruslan Hüseynov caz, eləcə də etno və digər layihələrdə fəal çıxış edən, tez-tez ölkə daxilində və xaricdə çıxış edən bas gitaraçı və kontrabas ifaçısıdır. 2000-ci illərin əvvəllərində “Rast” qrupunun keçmiş bas gitaraçısı olaraq o, ölkənin demək olar ki, bütün caz musiqiçiləri ilə, o cümlədən İsfar Sarabski, Emil İbrahim, Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov və başqaları ilə birgə çalışıb.
Bu, musiqiçinin təqdim etdiyi ikinci kompozisiyadır. Xatırladaq ki, birincisi həm də ölkədə bas gitara üçün yazılmış ilk solo kompozisiya olan “In Minutes” adlı öz bəstəsi idi.
Musiqni bu linkdən dinləmək olar.
https://youtu.be/84SOphI846A?si=CqZUlAdtL4RObdlF
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)