Super User
“Relsə bağlanan çoban” - AYİŞƏ NƏBİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün proza vaxtıdır, sizlərə Ayişə Nəbinin “Relsə bağlanan çoban” sənədli hekayəsi təqdim edilir.
Düzün-dünyanın genişliyidar gələr, bu genişlikdə balaca bir yurd axtararsan, sığınasan.
Qoyunlarının doymaz qarnını doyurmaq üçün yaxşı bir otlaq axtararsan. Qoyun da qoyundur da, ağzını atdığı yerdə yaşıl ot gördüsə, başını qaldırmaz, otlaya-otlaya düz ağzı boza dirənənə qədər gedər. Sabahdan axşama qədər otlayar, doymaz.
Çoban Novruz gərməşov çomağına dirsəklənib qoyunlara baxa-baxa fikrə getmişdi. Gözü uzaqlara baxsa da, heç o dağları, xışıldayan yarpaqları, payıza üz tutan rüzgarı görmürdü, ürəyində dünyanın min bir dərdli gərdişini götür-qoy edirdi. İllərdir çobandır, bu çöllər, bu dağlar, bu yerlər onun ayağının izini yaxşı tanıyırdı.Ancaq o bunun fərqində deyildi, buna bir anlam da vermirdi. “Ömürdür də verilib, mən də yaşayıram. Vaxtında dədəmin-anamın sözünə baxıb oxumadım, yəni heç oxutmadılar da, bir sürü qoyunu qatdılar qabağıma ki, get otar, çörəyini qazan”.
Fikrə dalsa da, bu qədər fikrin içində heç vaxt ağlına gəlmirdi ki, birdən bu qoyunun hamısı mənim olsa, bir belə qoyunum olsa, neylərəm. Yox, bu onun ağlına gəlmirdi, bir belə qoyunun olmağını heç istəmirdi də. Neynirdi axı. Gözü tox sovet uşaqlığı yaşamışdı. Var-dövlət istəmək ayıbdır, birdən eşidən-bilən olar ki, mən var-dövlət istəyirəm, biabır olaram. Elə sovetin qoyduğu plan bəsimdir. Beş-altı qoyun, üç-dörd keçi, iki baş da inək. Düz eləyib, nəyə lazımdır sürüylə qoyun, mal-heyvan, dolanışığın olsun, bəsindir. Otur kasıblığını elə də, təki canın sağ olsun. – Özündən məmnun halda bunları düşünürdü. Başqa bir həyat olduğunu, bütün peyğəmbərlərin əvvəl çoban olduqlarını, var-dövlətli insanların daha gözəl bir həyat yaşadıqlarını düşünmürdü, bu barədə təsəvvürü də yox idi. Başını salıb aşağı öz dərdi, azarı ilə məşğul olub dolanırdı. Pis də dolanmırdı. Ayda bir dəfə çobanlıqdan istefa verib qoyunu örüşə aparmırdı, camaat “yenə Novruzun ayı çıxdı” deyər, bir-iki adam minnətə gedər, yola gətirib yenə də qoyunları Novruzun qabağına qatıb otardardılar.Ayda bir dəfə də kənd camaatından aylığını yığardı.
Bir dəfə də bizə gəldiyi yadımdadır. Çox soyuq və qara buludlu bir gün idi, yəqin ki, belə havada qoyunları çölə buraxmamışdılar. Hələ məktəbə getmədiyim vaxtlar idi. Soyuq olduğundan hamımız bir otağa yığışmışdıq. Mən raskladuşkada yatmışdım, səsə gözümü açdım, bir adama xoş gəldin deyib içəri çağırırdılar. Başımı qaldırıb gördüm çobandır, yenidən başımı bürüyüb yatdım, uşaq ağlıyla məni niyə qaldırmayıblar deyə, bir az acıqlandım da. Bizimkilər qonağı içəri gətirib oturtdular süfrədə, atamla anam səhər yeməyini təzəcə yemişdilər. Anam tez odun sobasının üstündəki qaynar çaydandançay süzüb çobanın qabağına qoydu, “booy, ay Novruz, soyuqdan gəlibsən, isti-isti iç” dedi. Mən də başım bürüklü halda öz-özümə adam gəlmədən durardım gərək, deyir, amma durmuram. Yox, bizimkilər hələ yemək də təklif edəcəklər, bilirəm, adətləridir. Anam əl-ayağa düşdü, tələsik üç-dörd yumurtanın qayğanağı eləyib gətirdi. Səhərin dadsız havasına sarı yağla qayğanağın bir gözəl ətriqarışdı ki. Qayğanaq gələnə qədər atam qoyun başına bir manatdan çobanın aylığını vermiş, o da pulu götürüb, sayıb cibinə qoymuşdu. Yemək gələndə çoban bir az duruxdu, yeməyə başlamadan: Ay bacı, əlimi pula vurdum, əlüzyuyan hardadır, əlimi yuyum – dedi. Bu an atamla anam bir-birlərinə baxdılar, çobandan bu hərəkəti gözləmirdilər. Birinci pulu saymağı qəribə gəlmişdi onlara, heç vaxt müəllimin verdiyi pulu heç kim saymazdı, müəllim etibarlı adam idi, bir də pula vurduğu üçün əlini yumağı.
Çoban əlini yuyub qayğanağını yedi, getdi.
Sentyabrın əvvəlləri idi, yağışdan sonra quruyan otların dibindən gömgöy alısın qalxmışdı. Çöllər yaz ağzı kimi yamyaşıl idi. Çoban heç vaxt bu tərəflərə, Ağstafa çayının o tayına gətirməzdi sürünü. Həmişə çayın bu tayında, kəndin həndəvərində otarardı, bura gəlmək üçün gərək körpüdən keçəsən, həm də qoyun tütünə düşür, tütünün dibindən qalxan otları yemək üçün tütünü ayaqlayırdı. Ona görə buralara gətirmirdi. Üzü yuxarı baxanda Şinkarın meşəsi, bu yanda Kartoflu bulağı, belə baxanda Çeranus idi. Aşağı baxanda bu tayda Taxtada həmişə tütünçülər olardı, amma indi heç kim gözə dəymirdi. Bu vaxtlar buralarda işçilər qaynaşardı, Çeranusda tütün bağı asıb qurudanlar, Taxtada tütün yığanlar, ferma işçiləri olardı. Meşəlikdən talaya çıxıb o yan-bu yana boylandı, heç kim görünmürdü. Kimsəsizliyə öyrəşmiş çobanın bu sakitlik və adamsızlıqdan birdən dalağı sancdı. Öz-özünə çox uzaqlaşmayım, zamana o zamana deyil, dedi. Sonra da nədən qorxacam, kül erməninin başına, qabağıma çıxan olsa, bu gərməşov çomağımla təpəsinə elə endirərəm ki, elə yerində qalar. Ağlına gələn bu fikirdən ürəklənib qoyunu bir az da yuxarı yaydı. Dəmiryolu xəttini bayaqdan keçmişdi. Son illərdə burada dəmiryolu xətti çəkənlər də olurdu, əməlli şennik idi, ancaq indi dəmiryolu çəkilib qurtardı, Bakı-İrəvan dəmir yolunun açılışı da oldu. Sonra niyəsə qatar işləmədi, elə gündə bir dəfə yük qatarı keçir, bir də yol işçiləri drezenlə gedib-gəlirlər, vəssəlam.
Ermənilərin araqarışdıranlıqları başlayandan adam bir az üşürgələnir, düzdü, qorxaq millətdi, heç nə qələti eləyə bilməzlər, amma yenə də bilmək olmaz, təkliyə düşəndə hər qələti elərlər, buna erməni deyiblər, azmı görmüşük elədiklərini. Çoban Novruz bu fikirlərlə qoyunu ohalayıb otun gur yerinə çəkdi. Qoy otlasınlar, dedi, erməni-zad vecimə deyil.
Ətrafda quş belə uçmurdu. Çöl adamı çölü bilirdi, çölü səsindən, bəzən də səssizliyindən tanıyırdı, hardan hansı səs gəlsə, nə deməkdir, nə işarədir, duyuq düşürdü. Amma bu gün Novruzun bütün hissiyyatı qapanmışdı. İndiyə kimi heç qorxu hiss etməmişdi. Ömrü boyu biyabanda, çöllərdə olmuşdu. Bir dəfə yenə bir kəndçisinə acıq eləyib sürünü çöldə buraxıb gəlmişdi. Qoyun-keçi dağılıb püsərəng olmuşdu. Kəndə xəbər yayıldı ki, yenə Novruzun ayı çıxıb, sürüyü buraxıb gedib. Camaat meşələrə, çöllərə düşüb hərə öz qoyununu, keçisini axtardı, tapan tapdı, tapmayan da qurda-quşa yem oldu, deyib əlini üzdü. Sonra Novruz ağlına nə gəldisə, təzədən qayıdıb meşələrdə camaatın qoyun-keçisini axtardı, o gün axşamdan keçmiş, hava qaralıb lap zinrikləşənə qədər gəzdi.Neçə qoyunun cəsədini tapdı, neçəsini gördü canavar parçalayıb, neçəsini ağacların dibində yaralı tapdı. Yaralı qoyunlar üç bir-beş bir bir-birinə qısılıb yazıq-yazıq can verirdilər. Heç onda gecə vaxtı da qorxmamışdı ki, gecədi, çöldü, meşədi, erməninin qulağının dibidi, azan-təzən olar, o qədər namərd erməni var ki, qabağıma çıxsa, neylərəm. Yox, dünyanın düz vaxtı, qocaların dediyi kimi, sovetin qılıncının dalı da, qabağı da kəsən vaxt idi, bəlkə, ona görə qorxmamışdı ki, erməni kimdi ki, ona nəsə eləsin. Bizdə də it-qurd, azan-təzən deyəndə ayıdan-canavardan qorxmazdılar, it-qurd deyildimi, hamı bilirdi ki, söhbət ermənidən gedir.
Novruz fikrə dalmışdı, qulağına motor səsi gəldi, bir az səsin səmtini tutub baxdı, aralıdan relsin üstü ilə gələnlokomotivi gördü. Stansiya sayılan yerdə işçilər düşüb relsləri qurdaladı, ora-bura baxdılar, sonra yolllarına davam etdilər.
Novruz onları baxışları ilə qarşılayıb yola saldı. Qoyunları qatar yolundan keçirib üzüyuxarı yaydı. Haylayıb bir az da meşənin içinə yeritdi. Özü də irəli gedib Kartoflunun başında çöməldi, matarasında qalan bayaqkı suyun dibini boşaldıb təzəsini doldurdu, başına çəkib bir az içdi, sonra matarasının başını bir də doldurub torbasına qoydu. Burda bir az oturdu, elə bilnəyəsə dəyərlənmişdi, kövrəlmişdi, görən, bu işlərin axırı noolacaq deyə qara-qara düşünürdü. Gül kimi yaşayırdıq. Bu erməni köpəyuşağı qınından çıxmasaydı, min il də belə yaşardıq. Erməni də ki, qınından çıxdısa, ya qan tökəcək, ya qanı töküləcək. Qanları dolub yenə, axmasa, dincəlməyəcəklər. Kənddə bir həyəcan var, hər gün bir xəbər gəlir, hər axşam erməni hücum edəcəkmi deyə, səksəkə ilə yatırıq, çünki ordan-burdan eşitdiyimiz hadisələr bu nanəciblərin sinsilik etdiklərini, altdan-altdan iş gördüklərini deyir. Düzdür, cavanlar kəndi qoruyurlar, ancaq üç-beş adam ov tüfəngi, finkayla, bıçaqla nə qədər qoruyacaq bu it xılından.
Ürəyindəki narahatlıq bir yana, çoban oturduğu yerdə bir az qurcalanıb arxasını bulağın üstündəki iri palıda verib bir hovur dincəlmək istədi. Qoyunlar da əmin-arxayın yayılıb, bir az gözümün acısını alım, çimir eləyim, – dedi. Palıdın qalın yarpaqları payıza döndüyündən suyu çəkilib ağırlaşmışdı, bir az sərt xışıldayırdı. Bu onun qulağını dırmalasa da, fikir vermədi, sanki uzaqdan gələn soyuğun üşütməsi keçdi canından,irpəndi, sonra özünü topladı, deyəsən, meşədə kimsəsizlikdə eyməndin ha, deyə, özünü qınadı. Yox, bu, eymənmək deyildi, sanki bir qara yuxu basırdı onu və bu qara yuxunun içində də bir qara ağırlıq çökürdü canına. Günün bu vaxtı bu nə yuxudur, deyə, özünü danmaq istəsə də, ağaca söykənib üstünə gələn ağırlığa təslim oldu, gözləri yumuldu.
Çoban balacaydı, quzu otarırdı. Quzu otarmaq uşaqlar üçün elə oynamaq bəhanəsi idi. Məhlənin uşaqları yığışıb çilingağac oynayırdı. Başları oyuna qarışanda quzu otlaya-otlaya baş alıb getdi. Birdən kəndə hay düşdü ki, quzular itib, uşaqlar quzuları buraxıblar. Anası təpənin başından hikkəylə çağırdı, – Ay Noyruz, ay Noyruz, a dalın yansın, a qara vurğunnu, ə quzuyu neylədin, quzu yoxdu?
Novruz tələsik əlindəki ağacı tullayıb qaradalaq üzü aşağı qaçdı ki, gedib quzuları tapsın. Anasının hələ də dalınca qarğayan, çağıran bayaqkı səsi qulağında əks-səda verirdi. Anası çağırmasa belə, bayaqkı hikkəli səsi qarşı qayaya çırpılıb qayıtdığından Novruzun qulağına şapalaq kimi dəymişdi, beyninin içinə işləmişdi. O üzüaşağı qaçdıqca səs beyninə daha da işləyir, daha da dərindən yüksəlirdi. Özü də bilmirdi ki, niyə üzüaşağı qaçırdı, quzular, bəlkə, heç o tərəfə getməyib, bəlkə, Ağtapdadı, bəlkə, İvananın düzünə səpələnib, bəlkə, Sarımsaqlı təpəyə qaçıb. Bilmirdi, eləcə qaranəfəs gedirdi. Qəbristanı keçdi, heç Vəliöyünün dərəsinə də baxmadı, bəlkə quzu ora su içməyə enib, yox, üz tutub qaçırdı. Məhəmməd yolqayırana çatıb, tək dağdağanın yanından burulub hara tərəf gedim, deyəndə bomboz yolda ayağı daşa ilişib yıxıldı. Özü də bilirdi ki, quzular heç vaxt kənddən belə uzaqlaşmaz, ancaq onu nəsə bir hiss kənddən uzaqlara aparırdı. Birdən yenə anasının səsini eşitdi, hara qaçırsan, ay bəduğur, quzu hardadır, sən hara gedirsən? Yıxıldığı yerdə üzünü torpaqdan qaldırmadan ətrafa baxdı, doğrudan da, hara gedirdi, durum qayıdım deyə tərpənmək, qalxmaq istədi. Başını qaldırdı, sağa baxdı Qaraməmmədli dərəsi, sola baxdı İsti dərə idi.Ortadan yol gedirdi, bir az aşağıda Ağ yolu keçəndə köhnə qəbristandı, orda köhnə künbəz vardı, o qədər oynamışdı ki o künbəzin yanında, ancaq içinə girə bilməmişdi, içəri girməyə bütün uşaqlar qorxurdular. Özünü künbəzin içində gördü bir anda. Mən bu künbəzin içinə necə gəlib düşdüm.– Ayyyy anaaa, – deyə qışdırdı var gücüylə. Ancaq səsi qırıldı, cırcırama kimi aaaa deyə alçaq bir səs çıxara bildi. Başını torpağa qoydu, bir üzü torpaqda, obir üzünə dəyən havadan sağ olduğunu hiss etdi, başını qaldırmaq istədi, künbəzin içi qaranlıq idi. Axı gündüzdür hələ, bura niyə qaranlıqdır. Künbəzin pəncərəsi yoxdur axı, deyə düşündü.Yox, bir neçə balaca pəncərəsi var, ordan içəri işıq düşürdü. Çünki biz o bala pəncərə kimi yerdən içəri baxırdıq ki, görək orda nə var. Bəs mən niyə qaranlıqdayam?
Anlamırdı. Qalxmağa çalışdı. Durub oturdu. Başına ağır bir şey dəydi, deyəsən başımı künbəzin divarına vurdum dedi. Sonra başının bu tərəfinə də eyni zərbə dəydi. Mən niyə başımı divara vururam ki, –dedi öz-özünə. Qaranlığın içində yer aşağı çökdü sanki, o daha da qaranlığa batdı. Birdən ilan vuran kimi sıçradı. İki əlini üzünə çəkib yuxudan oyanan adamların etdiyi kimi, sanki özünü oyandırmağa çalışdı. Oyandı. Ətraf işıq idi. Başının üstündə üç nəfər durmuşdu, ona təpik vururdular. Başı künbəzin divarına dəymirmiş, yox, adamın təpiyi imiş başına dəyən. Hər iki tərəfdən dəyən zərbədən başı ağrıyırdı. Üç nəfər qarşısında durub nəsə deyirdi. Siluetlər gah birləşir, gah aralanırdılar. Adamdırmı, qarabasmadırmı? Dərk edəmmədi.
Fikrini topladı. Səslər bir-birinə qarışırdı. Siliuetlər bir az aydınlandı. Üç nəfər qarşısında idi, biri də səslənə-səslənəarxadan gəlirdi. Qoyunlar dağılışmış, orda burda mələşirdilər. Kartoflu bulağın başında duran 3-4 qoyun çaşqınlıqla ona baxırdı.
Çoban neyləməli olduğuna bir anda qərar verə bilmədi. Çomağına güvəndi, qaldırıb təpələrini əzim dedi içində. Elə bu vaxt bunların ermənicə danışdığını, erməni olduqlarını bildi, yuxuda düşdüyü qaranlığı bir anda anladı. Eşitdiyi kobud səs onu daha ayıltdı, səs:
– Çoban, ay çoban, bu qoyunları biza ver, – dedi.
Çoban cavab verdi:
–Qoyunlar mənim deyil, verə bilmərəm.
–Necə sənin deyil, görürük ki, sənindir.
–Yox, mən çobanam, otarıram, qoyunlar kolxozundur.
–Nə olsun, biz də kolxozun adamıyıq, gətir kəsək, kabab edək.
–Nə danışırsınız, kolxoz malını kəsmək olmaz, məndən alarlar sonra.
–Sonra alarlar, düz deyirsən. Sonra səni tapsalar, alarlar, – biri kinayə elədi, arsızca gülüşdülər.
Bu yerdə o biri irəli yeriyib çobanın yaxasından tutmaq istəyəndə Çoban əlindəki çomaqla qarşısındakının təpəsinə vurdu. O, ayı kimi böyürdü: –Ara, sən mənim kəndimdə məni vurursan, – deyə kobudca söydü. Çoban:
–Sənin deyil, mənim kəndimdir bura, – deyib özünü müdafiə etdi. Aralarında əlbəyaxa vuruşma başladı. Çoban bu azğınları qorxutmaq üçün, – axşam milisə şikayət edəcəm, siz kolxoz malını ələ keçirmək istəyirsiniz? – deyəndə ermənilər yenə gülüşdülər:
–Bu hələ axşama qədər yaşamaq istəyir e, tutun bunun əl-qolunu bağlayaq. Türkə bax ha, gəlib burda bizə meydan oxuyur.
Dördü də birdən irəli yeriyib hərəsi bir-iki yumruq-təpik vurub yaşlı çobanı yerə yıxdılar. Ağaca meyillənən çobanı dartıb ağacdan araladılar. Çoban arxasını palıda söykədiyindən bunlara doy gələcəyinə arxayın idi. Amma bunlar onu ağacdan araladıqda çoban dayanaqsız qaldı, onu çevrələdilər. Əvvəl yüngül hərəkətlər, sözlərlə lağa qoyub onu sındırmaq istədilər. Bu çobana ağır gəldi, yenə çomağını qaldırıb qarşısındakına vurmaq istəyəndə arxadakı erməni daşla başına vurdu. Qan şoralanan başını tutanda digəri təpiklə vuranda çobanın dizi qatlandı. Yerə yıxılmağa qoymadan havadaca hərəsi bir yandan üstünə düşüb o ki, var vurdular. Başına çomaq dəyən erməni başındakı qanı əli ilə silib Çobana, – sən mənim qanımı tökdün, hə, indi gör, mən sənin qanını necə tökəcəm, – deyib yanıdı. Döyülməkdən heydən düşən çobanın hərəsi bir yandan qamarlayıb düz bayaq lokomotivin keçdiyi dəmiryolunun yaxınlığında yerə atdılar. Aralarında öz dillərində nəsə qırıldaşdılar. Döyülməkdən heyi qalmasa da çoban ayağa qalxmağa çalışır, əl-qol atır, yerdən daş-ağac tapıb onların başına atırdı. Cibindəki bıçağını çıxarıb gizlicə erməniyə saplamağa çalışanda qarşısındakı erməni gördü, bıçağı alıb onun qarnına soxacaqlar zənn etdi, amma onlar gülüşüb, – bu bıçaqla biz qoyun kəsəcəyik, sənin kolxozunun qoyununu kabablayıb ləzzətlə yeyəcəyik, deyəndə çoban elə bildi, onu buraxacaq, qoyunları aparacaqlar. Odur ki,– yox, eləməyin, – deyərkən onlar daha da qızışır, onun hər yerinə vurur, qalxmağa aman vermirdilər.
Sonra erməninin ən qəddarı, ən çox vuranı, bıçağı alıb qırağa atan yerdən götürdüyü, bayaqdan sığallayıb hamarladığı məftili göstərib, –buna bax, ə, a türk, gör bu necədir, gedər, yaraşarmı sənə? – deyərək ədalı səslə dedi. Onların nə etmək istədiklərini kəsdirəmməyən Çoban əvvəl dinmədi, vaxt qazanıb nə etmək istədiklərini anlamağa çalışdı. O birisi, –yaraşar, yaraşar, – deyib məftili onun əlindən alıb Çobanın ayağının birinə bağladı. Çoban ayağını dartsa da, əl-qol atıb erməniləri vursa da, özünü çəkib çabalasa da öz ayağını bu iki kinli ermənininəlindən qurtara bilmədi. Onlar məftili onun bir ayağına bərkcə sarıdılar.Eyni zamanda ermənilər öz aralarında türklərə söyə-söyə zarafatlaşaraq, gülüşərək, qəhrəmanlıq ədası ilə Çobanın ayağına bağlanmış məftildən tutub dartdılar, itələyib arxası üstə yıxdıqları Çobanı yerində fırlatdılar. Çoban əbədəyə düşmüş at kimi çabalayır, böyrü üstə dönüb qalxmağa çalışırdı, ancaq o biri erməni də köməyə gəlib ikisi birgə dartıb sürətlə fırlatdıqlarından Çoban özünü tarazlayıb çevrilə, qalxa bilmirdi. Digər ikisi də baxıb gülüşür, yüksək və arsız səslə nəsə deyirdilər. Yerdə otlar əzilib iri bir dairə cızmışdı, sonra nə düşündüsə erməni məftili dartaraq üzü yuxarı çəkdi. Çoban dartınır, getmək istəmirdi.Ancaq onun iki yekəpər kinli erməniyə gücü çatmırdı, onlar ikisi birgə dartdıqları məftillə Çobanı dəmiryol relslərinə çəkdilər. Çoban qışqırdı, bağırdı, o da söydü, hədələdi, yaxında ola biləcək ağlına gələn adları çağırdı. Amma onun bütün cəhədləri boşa çıxırdı, nə səsinə səs verən vardı, nə harayına gələn, nə də bu ermənilərə Allah insaf verirdi.Aralarındakı çarpışma bir xeyli davam etdi, çoban dörd nəfərlə vuruşmaqdan yorğun düşsə də, yaşamaq eşqi güc gəlir, məğlub olmaq istəmir, dirənməyə, məftildən və ermənilərin əlindən qurtulmağa çalışırdı. Amma olmurdu, qurtula bilmirdi. Ermənilər onu lap relsin yaxınlığına qədər sürüyüb gətirmişdilər. Ayağını məftil kəsib qanatmışdı. Arxaya baxan olsa, yaşıl otların üstünə damlayan qanın qırmızılığını görər, yaşılın üstündə qırmızı çiçək açdığını zənn edərdi.
Zaman o zaman, an o an deyildi. Yuxudakı qaranlığın yaxınlaşdığı an idi.
Erməni, çobanın ayağına bağladığı məftili dartaraq relsin yanında yerə çölkdü. Çobanın çırpındığına, ağzına tıxanan əski parçasının ardından zorla eşidilən boğruq bağırtıya fikir vermədən məftili relsə bağladı. Çoban gücü çatdığınca başını qaldırıb özünü geri dartmağa çalışırdı. Bunu görən erməninin biri onun başını yerə endirib dizi ilə basdırdı. İstəsəydi çobanı elə vurardı ki, huşunu ititrərdi, amma bunu istəmirdilər, bütün faciəni gözü görə-görə yaşasın istəyirdilər. Çobanın iki ayağını relsə bağladılar. Əllərinin birini bağlayıb birini açıq qoydular. Amma elə elədilər ki, açıq əli bağlıya çatmırdı. Çoban çarmıxa çəkilmiş kimi qalmışdı. Ağzındakı kirli əski səsini də çıxmağa qoymurdu.
Ermənilər bağlayıb kənara çəkildilər, kənardan çobanın çarəsiz vəziyyətinə baxıb öz dillərdində danışır, gülüşürdülər. Sonra yenə nəsə deyib rədd oldular.
Çoban relsin kənarında xırlıqda uzanmışdı. Başı yerdəydi və uzaqlaşan ermənilərin ayaq tappıltıları yerdən qulaqlarına çatırdı. Bir azdan bu tappıltı da kəsildi. Başını çevirdi. Dağın ardında enməkdə olan günəş gözünə vurdu. Gözü qamaşdı. Fikirləri qarışdı. Görəsən, qatar gəlməz ki? Düşündü. Birdən gəlsə. Düşüncəsi qırıldı. Gözünü yumdu. Qoyunlar görəsən necə oldu? Qoyun hayıdır, yenə düşündü.
Neyləsin? Ağzındakı əskinin pis dadı ürəyini bulandırırdı.A rtıq ona da fikir vermirdi Allahı, bəndəni köməyə çağırdı ürəyində. Beləcə nə qədər qaldı bilmədi. Bir də başını döndərib gözünü açanda artıq gün əyilmişdi. Başına dolanan cücülər seyrəlmişdi. Başının altında əzilən otlardan yaşıllıq iyisi vururdu. Bu qoxudan bir dinclik gəldi canına. Xeyli belə qaldı. Çarə axtarırdı. Nə çabalamaq, nə özünü ora bura vurmaq fayda verməmişdi. Bütün çarələr tükənəndə adam sonsuzluğa üz tutub Allahım, sən nə istərsən, o olur, deyər, özünü Allaha əmanət edər.
Vaxt getdimi, getmədimi, fərqində deyildi. Canında axşamın dar vaxtının sııxıntısı vardı. Elə bu vaxt qulağına yeri silkələyən taqqıltı gəldi. Aramlı bir taqqıltı idi. Qatar səsi kimi. Aman, Allah, yoxsa qatar? Taqqıltı yaxınlaşır, yaxınlaşır, yaxınlaşır....
Çoban dartınır, dartınır, dartınır. Məftil ayaq topuqlarını qanadır, ağrıya fikir də vermir, dartınır, əllərinin məftilni qoparmağa çalışır. Alınmır. Olmur olmur. Relsdən qopa bilmir, qopa bilmir, qopmur. Səs lap yaxınlaşır. Qorxu. Səs qorxuya çevrilir.
Ağlı səslə qorxu arasında sıxılır.
Dişlərini sıxır. Sıxa bilmir. Kirli əski dişlərinin araında acı dad verir.
Qatar yaxınlaşır.
Gözünü açıb günəşə baxmaq istəyir. Gün dağların dalında görünmür.
Üşürgələndi.
Bütün bədənini bir cərəyan titrətdi. Bədəni spiral kikmi yığılıb açıldı bir də yığıldı.
Qatar lap gözünün qabağındadır.
Taqqıltı güclənib qulaqlarını deşir artıq eşidə bilmir.
Qatar gözünə girir. Qatar ayağına toxunur. Qatar. Qatar ayağını əzir. Qatar bədənini əzir.
Qatar qatar qatar...
Qaranlıq.
Hər yan qaranlıq...
Yoxdur... Heç nə...
Relsdən aralı düşən baş hələ də hiss edir. Hədəqədən çıxan gözlər yuvasında fırlanır, görmür....
Başın hiss etdiyi ağrı azalır, azalır. Yoxluğa keçir... Bədən yoxdur, parça parçadır tikə tikədir qol ayaq baş hərəsi bir yandadır.
Əzilən bədən relsdən aşağı düşüb, relsdə məftilə bağlı ayaq qalıb.
Gecə kənddə sakitlikdir. Çoban evə gəlməyib. Bəlkə qoyunu... Qoyunları...itirib...bəlkə...bəlkə...
Hərə bir söz dedi.
Sabah oldu. Kəndin Bəhlul Danəndəsini çağırdılar. Həmin yerə getdilər. Çobanın hisələrini yığdılar, ələ gələn parçaları tikib adam formasına saldılar. İcevan xəstəxanasına morqa apardılar. Morqda, “çoban dəmir yolunu keçərkən ayağı relsə ilişib, yıxılıb qatarın altında qalıb ölüb” yazdılar ölüm kağızına.
Ölüm səbəbi dağda daşda quş kimi səkən çobanın relsi adlayammaması oldu. Kİmsə erməni vəhşiliyidir deyə bilmədi.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Zərrəcə tamahım yoxdur bu dünyanın varına,
Ruzimi verən Xudadır, qula minnət eyləməm”.
(Nəsimi)
Əkbər bəy, heç olub ki, "tamahına əsir düşənlərə" şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?
CAVAB
Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız?
Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.
Ədəbiyyat və incəsənət”
(04.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Bu günlər” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
BU GÜNLƏR
Gülüşüm ağacdan tökülən yarpaq,
Pəncərə önündə gözüm yoldadı.
İçimə atdığım neçə xətt şeir,
Bəlkə də hər şeyim qalma-qaldadı!
Nə qədər dayansam, nə qədər getsəm,
Yolumu tapmağa həvəs yox daha.
Dağlayıb çox zaman əlimin dalın,
Hər dönə batıram yeni günaha.
Gördüyüm bu insan, mənə bənzəmir,
Bu günlər uduram çox sözlərimi.
Gözümü yumanda ölürəm sanki,
Qorxuram bağlayam, aç gözlərimi.
Bu günlər görürsən acı çəkirəm,
Beynimdə sevginin gülləsi qalıb.
Üstümə qar yağıb qış, borandayam,
Canımda ölümün çilləsi qalıb.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün Əlizadə Nurinin “Bir az göy üzü verin...” şeirini təqdim edirik.
“Məni azadlıqla tanış eyləyin-
Görüm halı necədi”, - deyir şair.
Təbii ki, hər bir yaradıcı adam mənəvi azadlığa can atır.
Xoş mütaliələr!
Mənə bir yelləncək verin,
tapıb oynadacam uşaqlığımı.
Bir cüt qərənfil verin,
bir şəhid məzarı girib yuxuma.
Mənə bir parça kağız verin-
qələmə qısılan sözlər qalıb.
Son şeir vəsiyyət kimi olur.
Bir parça bulud verin
gözlərimə sıxıb özüm yağışa çevirəcəm...
Mənə bir kamança verin-
ağlatmalı nə çox dərd var.
Bir qurtum su verin-
bu ümid çox qurudu,
keçmir boğazımdan.
Mənə bir az göy üzü verin,
bir tikə ay işığı
Yer üzü sizə qalsın.
Məni azadlıqla tanış eyləyin-
Görüm halı necədi.
...Mənə bir ulduz verin-
isidim əllərimi...
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
ADSIZ HEKAYƏ – Orxan Fikrətoğlunun kino üçün hekayəsi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
ADSIZ HEKAYƏ
Qız toxum kimi böyüyürdü. Arvadı onu kənddən gətirib “Mətbəx işlərində mənə kömək edəcək” deyəndə pöhrə budaq kimiydi. İndi gözləri adam yeyirdi. Boylanıb kartof soyan qıza baxdı. Köynəyinin düymələrini bilə-bilə açıq qoymuşdu ki, döşləri yaxşı görünsün. Arvadının vanna otağından eşidilən kirli səsindən diksindi.
– Gəl kürəyimi kisələ!
Arvadı vanna otağının qapısını açıq qoymuşdu. Kisə söhbəti də araya çökmüş şübhəli sükutu dəbərtmək üçün idi.
Qız köynəyinin düymələrini bağlayıb qızılgül kimi soldu. Soyduğu kartofları istisi bədəninə tən gələn qaynar qazana atıb otağına çəkildi. Yerişi qazandakı su kimi “qaynayırdı”.
Vanna otağına girib kisəni əlinə keçirtdi. Arvadının bədəni qupquru idi.
– Bu tamaşa kimə lazımdır? – soruşdu.
– Sənə! – arvadı çiləyin puçunu burub suyun altına girdi. Boğuq səslə: – Səhər o qəhbəni evdən qovacam, – qışqırdı.
– Özün bilərsən, – deyib kisəni döşəməyə atdı.
Dəhlizdəki ev telefonu səsləndi. Vanna otağından çıxıb dəstəyi qaldırdı. Bacısı idi. Atasının onlara gəlib-gəlməməyi ilə maraqlanırdı.
“Yox”, – deyib dəstəyi yerinə qoyanda dəhlizdə dayanıb yazılı gözlərini ona zilləmiş qızı gördü. Qız istəyindən utanıb-eləmirdi. Xalatının yaxası da açıq idi. Arvadının səsi yenə istəyini otağa doğru itələdi.
– Kim idi?
Səksən səkkiz yaşlı atasının yadında üç-dörd ünvan qalmışdı. Bacısı bu ünvanların hamısına zəng vurmuşdu. Kişi yox idi. Həyəcanlandı. Əli titrəyə-titrəyə dəstəyi qaldırıb bacısının nömrəsini yığdı.
“Tapılmadı?”
“Yox”, – bacısı ağlamsındı.
“İndi gəlirəm, narahat olma”.
Dolabdan pul götürüb yüngül kürkünü əyninə geyindi. Arvadı harasa getdiyini bilib hamamdan: – Gecə vaxtı hara gedirsən? –qışqırdı.
– Kişi harasa gedib!
Arvadı dəhlizə çıxıb sallaq bədənini əsdirə-əsdirə: – Nə olacaq sənin atana? O yekəlikdə kişi itməyəcək ki... Denən, yenə qəhbə yanına gedirəm də, – qışqırdı.
Atası tez tapıldı. Daşlı bağın hasarına söykənib dayanmışdı. Həyəcandan əsən əlləri ilə atasının ağ saçlarını tumarlayıb bumbuz olmuş üzündən öpdü. Qucağına alıb maşına oturtdu. Şalvarının tozunu çırpıb qapını örtdü.
– Hardaydın, ay pa?
– Elə-belə, özümçün gəzirdim. Nədi, olmaz?
Atası hədsiz övlad sevgisindən əsəbiləşirdi. Ara-sıra onu bu cür itməyi ilə cəzalandırırdı. Ağlı-başı üstündəydi. Hərdənbir sözünü beş-altı dəfə təkrarlamağı olmasa, ona yaşını vermək olmazdı.
– Pa, məni çox istəyirsən?
– Yox.
– Niyə?
– Elə.
Bacısı əriylə birgə qapının ağzında dayanmışdı. Ağlamaqdan gözləri görünmürdü. Bacısından çox ərinə acıdı. Qayınatasının qocalıq nazını ürəkdən çəkən bu başıaşağı adam gözgörəsi üzülürdü. Atasının qoluna girib pillələrlə yuxarı qalxdı. Bacısının uşaqları da babalarının itməsindən qorxmuşdular. Atasının ayaqqabılarını çıxarıb mətbəxə keçdi.
– Nədən küsüb?
Bacısı: – Vallah, mən ona güldən ağır söz deməmişəm! – dedi.
– Bəlkə ərin deyib?
– O yazığın heç səsi çıxır?
Atası ayaqlarını sürüyə-sürüyə mətbəxə girib: – Kürəkən evində kimdi mənə baxan? Ata oğul evində ölər də. Bu yad yerdə mənə çörək verəcəklər? – qışqırdı.
Bacısı ağlamsına-ağlamsına qazanı mizin üstünə qoydu.
Önlüyü atasının boynuna bağlayıb yanında oturdu.
– Papa, ola bilməz ki, Güllü sənə yemək verməsin, – dedi.
– Eh... ay bala. Sən nə bilirsən bu evdə nələr olur? – pıçıldadı.
– Mən yedirim səni?
– Hə.
Üç-dörd qaşıq yeyəndən sonra atası yatmaq istədi.
Atasını yatağına uzatdı. Bacısının alnından öpüb küçəyə çıxdı...
Pillələri birnəfəsə qalxdı. Qapını açarla açıb içəri keçdi. Qız dəhlizdəki qarğı kətilə uzanıb çılpaq arxasını qapıya tərəf elə çöndərmişdi ki, görünsün. Heç nə düşünmədən qıza sarı getdi. Qız pişik cəldliyi ilə səsə çevrilib gülümsündü. Gözlərində ehtirasqarışıq uşaq şıltaqlığı vardı. Pıçıltıyla qızdan: – Hökümə yatıb? – soruşdu.
Qızın çılpaq bədəni istəkdən əsirdi. Barmaqları ucunda ona sarı gələ-gələ: – Bu gecə mənimlə yat, – dedi.
– Hökümə hardadır? – yenə arvadını soruşdu.
Qız: – O, səni başa düşmür, – deyib boynuna sarıldı.
– Bəs borc?
Qızın rəngi ağappaq ağardı: – Deyirəm axı, burda nəsə var. Yoxsa sən hara, o qaraçı hara?
– Mən o borcu demirəm.
Qızı qucağına götürüb otağa keçmək istəyirdi ki, içəridən arvadının səsi eşidildi.
– Gəlib çıxdın?
Səsini çıxarmasaydı, arvadı dəhlizə gələcəkdi.
– Hə... Qayıtdım, – dedi.
– Gəl yanıma görüm, papasının balası, – arvadının səsi də yatmamışdı.
Qızın dodaqlarından öpüb döşəməyə qoydu. Yataq otağına sarı getdi.
Yatmaq üçün soyunanda qızın otağından gurultu səsi eşidildi. Elə bil nəsə yerə düşüb qırıldı. Arvadı çarpayıdan döşəməyə atılıb səsə sarı qaçdı. Qız əlinin altına keçənləri divara vurub qırırdı.
– Sabahdan itil mənim evimdən, – arvadı son sözünü deyib qızın qapısını örtdü.
– Sabahı gözləyə bilmərəm, – qız ağlaya-ağlaya nöqtəni qoydu.
Arxasını qapıya çevirdi. Yorğanı başına çəkəndə ürəyi sancdı. Sol tərəfi bircə anda qurudu. Arvadını köməyə çağırmaq istədi. Səsi çıxmadı. Sinəsi yanırdı. Ayağa qalxmaq istədi. Bacarmadı. Alnında soyuq tər puçurlanmışdı. Bir damcısı sinəsinə düşüb cızıldadı. Arvadı cızıltıya boylandı. Elə bildi qız mətbəx sobasında tavaları yandırır. Mətbəxə doğru qaçdı. Soba yanmırdı. Cızıltının haradan gəldiyini anlaya bilməyən arvadı yataq otağına qayıdıb işıqları söndürdü.
– Nədir? Səsin niyə çıxmır? Ölmüsən? – soruşdu.
Dili tutulduğundan cavab verə bilmədi. Araya sükut çökdü. Sonra arvadı nə fikirləşdisə, çarpayıdan döşəməyə atıldı. Qapını açıb dəhlizə çıxdı. Qız qapının qarşısında dayanıb səssizcə ağlayırdı.
Arvadı qızdan: – Getməyə yerin var? – soruşdu.
Qız ağlaya-ağlaya: – Yoxdur, – dedi.
– Onda keç otağına.
Qız parça zənbilini döşəmədən qaldırıb suçlu yerişlə arvadına tərəf gəldi. Arvadı da kövrəlib qızın boynuna sarıldı. Qucaqlaşıb birlikdə ağladılar.
Qız otağına keçəndə arvadından: – Ərin neynir, yatıb? – soruşdu.
Arvadı gülə-gülə: – Ölü kimi yatıb, heç səsi də çıxmır, – dedi.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
“Taleyin işinə qarışmaq günahdı…” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
1.
Bapbalaca yuvamız vardı,
Pəncərəsi günəşə açılan,
Tavanı göydən asılı.
Divarlarında kölgəmiz qaçan,
Qapısında sevdamız yazılı.
Lap pəri masalı kimi.
Uçuq -sökük divarlarında gizlədirdi
İçindəki bəxtəvərliyi.
Kimsəyə verməzdi sirrini.
Qorxusu yox idi itdən, pişikdən, oğrudan.
Bizimlə gecələyirdi,
Bizimlə oyanırdı yuxudan.
Ulduzları göy üzündən dərib
sərirdik ömrümüzə.
Ocaq idi yuvamız,
Qucaq idi yuvamız .
Cibimizdəki qəpiklərlə sayırdıq günlərimizi,
Xoşbəxt idik ən azı.
Bizi ağrıtmırdı dünəndə ilişib qalan xəyallar,
Bu gündən sabaha daşıyırdıq
yalın yalavac arzuları.
..Sonra üç əllə,
Daha sonra dörd əllə
döydük qapımızı.
Açıldı qapılar,
Bağlandı qapılar .
Sonra daha cibimiz əlimizdən utanmadı,
Genəldi yuvamız,
Köhnəldi yuvamız.
İllər saçımızı,
Yollar ayağımızı yordu.
Biz yorulduqca
Dincəldi yuvamız.
...Daha pəri masalına inanmıram, bilirsən?
Yalanmış hamısı.
2.
Gecənin dörd yanı zülmətdi,
Ulduzlar zülmətə dustaqdı...
Ümid son işıqdı,
Arzular boş ümid,
Həyatsa oyuncaqdı...
Ömür olla öl arası zaman kəsiyidi,
Payız, qış həsrət yoğurur,
Xoşbəxtlik bir baharlıq qonaqdı..
Yalanlar at oynatdıqca
Rəng verib rəng alır dünya,
Həqiqət son dayanacaqdı.
Sevdalar ayrılıqla başlayır,
Taleyin işinə qarışmaq günahdı..
Hamı Tanrıdan yapışır,
Tanrısa göydən,
Göy üzü calaqdı.
Rəngli -rəngli nağılla
alladır bu günü adam,
Bir də baxırsan ki... Sabahdı...
3.
Bir yiyəsiz əsgər çəkməsi yol gözləyir
bir dağın aşırımında.
Vətəndən aralı, gözdən, qulaqdan uzaq.
İpi boğazından asılı,
üz gözü tikə-tikə,
cırmaq-cırmaq.
Başının üstündə külək əsir,
Yağış yağır..
Bir şair güzgü qabağında Vətənə
qalibiyyət şeiri deyir ,
Bir qız gecənin qaranlığında
saçlarına ayrılıq taxır .
Şair sözü, qız saçlarını alladır ,
Qulağı cingildəyir tarixin.
Sağ ayağı çəlik əsgər
sol ayağıyla Vətənə çatır.
O yeridikcə yollar töyşüyür,
Torpaq qan -tərə batır.
Və..
Sözündən düşür şeir!
Özündən düşür şeir!
Gözündən düşür şeir!
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Küncütlü sıf baliğı qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Küncütlü sıf baliğı qızartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Balıq – 183 qr
§ Küncüt – 25 qr
§ Palçıq turşu – 10 qr
§ Bitki yağı – 10 qr
§ Kərə yağı – 30 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Sıf balığı təmizlənir, yuyulur, onurğa sümüyü çıxarılır, 100 qramlıq tikələrə bölünür. Duz, istiot, palçıq turşu və bitki yağı vurulur. 1-2 saat müddətində saxlanılır. Əridilmiş yağda balığın hər iki tərəfi qızardılır, yağı süzülür və üzərinə küncüt səpilir. 5-10 dəqiqə müddətində 180- 200°C-də sobada bişirilir. Bişirilmiş düyü, tərəvəz, həmçinin qızardılmış və ya bişirilmiş meyvə ilə süfrəyə verilə bilər. Yanında limon, nar dənəsi, narşərabla süfrəyə verilir.
QEYD: Bu xörək də ocaqda, közdə, təndirdə, kürədə bişirilə bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
“Yaşamağın nə ləzzəti “Yüzdən" sonra?” - VAHİD ƏZİZİN ŞEİRLƏRİ
Xalq şairi Vahid Əzizin yeni şeirlərinin təqdimi davam edir.
Sənə yanan mən olacam...
Çoxmu qalır gəlməyinə?
qarşılayan mən olacam!
Göz yumaraq hər işinə,
qarışmayan mən olacam,
Ömrün bir son baharında,
köçsəm durna qatarında,
vəfasızlar Divanında
qınanmayan mən olacam,
Qıyma; həyat qəfil sına,
ürəyimin vəfasına,
xəcalətlər boyasına
boyanmayan mən olacam,
Ürəkli ol, vaxta dirəş,
tacsız saman - adi küləş,
nə Ay olsa, nə də Günəş,
sənə yanan mən olacam,
Duymazsan qəlbin ahını?
Adam danmaz Allahını!
Özgə etməz - günahını
bağışlayan mən olacam,
Qurban olum gözlərinə,
rəhm elə bu sərsərinə,
hər dərdinə, hər şərinə
yenə şayan mən olacam,
Çoxmu tutum səni dilə,
yaşlar töküm gilə-gilə?
Üzün məndən dönsə belə,
xatırlayan mən olacam,
Yolların düşdü haradan?
yerimi bilir Yaradan!
Bəxş etdiyin yaralardan
sağalmayan mən olacam,
Satmaqdayam günü-günə,
güman qalmır gəlməyinə,
el desə də, ölməyinə
inanmayan mən olacam...
Dünya bizimdi...
"Dünya sənin, dünya mənim,
dünya heç kimin".
Məmməd Araz
Eşələdim bu cahanı mən hər üzünə;
düşünmə ki: "Ömrün mehi bircə əsimdi",
Tanrı özü şərik qoşub bizi - Özünə,
əgər bura gəlmişiksə, Dünya bizimdi!
Biri - aydın, biri - zülmət; Doğu - Batı var,
yer üzünün bizim üçün üstü, altı var,
əl çatmayan səmaların yeddi qatı var -
bilmişiksə, kainatla - Dünya bizimdi!
Bezdirsək də, bir kənara çəkməz özünü,
pıçıltıyla danışsan da - tutar sözünü,
dünyamıza basqın etmiş düşmən izini
qanımızla silmişiksə, Dünya bizimdi!
Saniyəsi, dəqiqəsi, ayı, ili var,
ixtiyarı bizdə olan dağı, çölü var,
gözlərimiz tox olarsa - hamı tox olar,
zəmilərdə bitmişiksə - Dünya bizimdi!
Ayırd etmək dadı, duzu - dilə bağlıdı,
hətta duru çeşmələr də lilə bağlıdı,
ögey bilsə, cismimizi saxlayarmıdı?
Qucağında ölürüksə - Dünya bizimdi...
Gəlin axtarardı
toyda analar...
Unuda bilmərəm həyatım boyu,
hardasız, sinəsi kövrək sazlılar?
Tozlu-tozanaqlı "Palatqa toyu"
bəxtəvər edənlər - boşanmazdılar!
Şənliyə axardı bütün el, mahal,
Günəştək yanardı bəylər, gəlinlər,
qoçlar - buynuzunda qırmızı dəsmal;
izdivac yolunda qurban gedənlər.
Gəlin axtarardı toyda analar,
bəxtləri gülərdi subay qızların,
şəninə uyardı köçən durnalar
toylar fəsli olan son baharların.
Yaxşı ki, hələ də toylar çalınır -
qəmlər unudulur, dərdlər sovrulur,
"Saray" toylarında hər şey tapılır,
bir azca doğmalıq qıtlığı olur.
Bir azdan dönəcək payız toyları,
görək - kim "bəy" olur, kim "gəlin" gedir?
"Üzərlik" yandırın, "Toy Sarayları",
dəbdəbə toyları gözə gətirir...
Paho, qatarımız
çoxdan gedib ki...
Sən o perrondasan, mən bu perronda,
arada relslərin saldığı uçrum,
çiçəyim, deginən: - "boranda-qarda,
inciyən sonamı hara uçurdum?"
Uzat əllərini, bəlkə qovuşdu
saçına həsrətli bu əllərimlə,
indidən göz yaşım ovuc-ovucdu,
ayrılma, sel olub gedər səninlə!
Elə bil ilk dəfə qarşılaşırıq;
sən o perrondaydın, mən bu perronda,
elə bil sıramı salıb qarışıq,
gözucu süzərək durdum yanında.
Gəl, vurnux dövrəmdə, elə bilək ki:
"Guya, düymən qopub, sırğan itibdi,"
başımız qarışsın, gileylənək ki:
"Paho, qatarımız çoxdan gedib ki..."
Arada heç bir şey olmayıb kimi,
öpərək, çantanı əlinnən alım,
yenə də köksümə sıxaraq səni,
isti pencəyimi çiyninə salım.
Göz-gözə gah coşaq, gah pıçıldayaq:
"Bir gör, nəyə görə davalıymışıq?"
Sən məni, mən səni günahkar sayaq:
"Həlbət, ikimiz də havalıymışıq!"
Sən o perrondasan, mən bu perronda,
arada relslərin saldığı uçrum,
çiçəyim, bir dayan, bu son baharda
ömrümü-günümü hara uçurdum?..
"Yüzdən" sonra...
Mənə "Yüz il" arzulayan,
nə olacaq "Yüzdən" sonra,
xatırlayıb yada salan -
nə salacaq "Yüzdən" sonra?
Daha mənə dost, o zaman,
fərq eləməz, dağla aran,
qurudunsa - canlar alan
nə alacaq "Yüzdən" sonra?
Lap yerində qalsın huşun,
yaşıdı ol kor bayquşun,
həmsöhbətin, ya tay-tuşun
kim olacaq "Yüzdən" sonra?
Çəkil, get üzü yumuşaq,
inan mənə; oğul-uşaq
səndən canın qurtarmağa
çalışacaq "Yüzdən" sonra!
Cana hər cür azar gələr,
son bahartək yazlar gələr,
tiftiklənmiş astar gələr
didiklənmiş üzdən sonra!
Nə minməli belin qalar,
nə pul verən əlin olar,
adın eldə bəd hallanar,
(kül atılar közdən sonra)
Get...yansınlar boş yerinə,
çəkil, uzaqlaş Yerinə,
ağlayanda - yaş yerinə
nə gələcək gözdən sonra;
Yüzdən sonra
yaşananlar - qismətimiz,
qorunmalı hörmətimiz,
gedək, abır-ismətimiz
gedə bilər üzdən sonra.
Alovlar dil-dil danışar,
xatirələr kül danışar?
Gerçəyini El danışar
barəmizdə bizdən sonra.
Basa-basa səbrimizi,
qələm qazar qəbrimizi,
Vahid Əziz,
yaşamağın nə ləzzəti
"Yüzdən" sonra?
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
Biz dirçəltməyə, qurmağa, yaşatmağa qayıtmışıq - UMUD RƏHİMOĞLU
“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin “Biz dirçəltməyə, qurmağa, yaşatmağa qayıtmışıq” adlı qeydlərini təqdim edir.
Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq. Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir.
(Prezident İlham ƏLİYEVİN 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindən)
Vətəndaş cəmiyyəti qurumları Şərqi Zəngəzurda...
24 iyun 2024-cü il. Gecə saat 04:00-da Bakıda Su İdman Sarayının qarşısında 200-ə yaxın vətəndaş cəmiyyəti və media nümayəndələri toplaşıb. Az sonra maşın karvanımız Şərqi Zəngəzura doğru yol alır. Təxminən 4 saat sonra Füzuli rayonunun Horadiz qəsəbəsini keçib yenicə salınmış asfalt yolla bizi Xan Arazın sahili boyunca Cəbrayıl və daha sonra Zəngilana aparan avtobuslar sürətlə irəliləyir.
O taylı-bu taylı Vətən torpaqlarıdır. Çayın bir tərəfi Qaradağ mahalı, digər tərəfi isə Qarabağ mahalıdır! Hər iki tərəf bizim üçün çox doğmadır. Uzaqdan Xudafərin dəryaçası görünür. “Lil ilə axan” Arazın suları baxdıqca fikrimi çəkib aparır, xatirələr çözələnir, ötən günlər yada düşür, fikrən sanki zamanda səyahət edirəm. O ağır illəri, 90-ların əvvəlləri göz önünə gəlir: 1993-cü il 23 avqust Füzulinin və Cəbrayılın işğalı, məcburi köçkünlərin faciəvi durumu, insan hıçqırtıları, ana-bacılarımızın, ağbirçək nənələrimizin ah-naləsi, hayqırtıları... Fəryadlar yeri-göyü titrədir. Yağı düşmənin zülmü ərşə dirənib. Xilas yolu axtara-axtara özünü çaya vuran, lal axan Arazda batan, boğulan insanlarımızın, itkin düşən soydaşlarımızın xatirəsi yaddaş axarında yenidən təzələnir...
Həmin vaxtlar Füzuli və Cəbrayılın işğalından sonra Zəngilanın nicat yolu qalmamışdı. Zəngilanlıların yeganə yolu Arazı o taya keçmək, qonşu İrana pənah aparmaq idi. Yurd-yuvasından qovulan, ev-eşiyindən didərgin düşən on minlərlə dinc sakin özünü Arazın soyuq suları qoynuna atıb canını qurtarmağa çalışırdı. Suda boğulanların, itkin düşənlərin sayı-hesabı yox idi. Bu faciələrin davamı isə 1993-cü il oktyabr 30-da Zəngilanın işğalı oldu.
Bu gün də biz, o qanlı-qadalı günlərə şahidlik edən, uzun illər işğal altında qaldıqdan sonra azad olmuş Böyük Turanı bir-biri ilə qovuşduracaq Şərqi Zəngəzur yolundayıq. O yol ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Ordumuzun şanlı Qələbəsini simvolizə edir. O yol ki, Azərbaycanın, türkün gücünü özündə birləşdirir. Bəli biz, o möhtəşəm Qələbədən sonra salınan yeni yollarla Zəngilana yaxınlaşırıq. Vaxtilə gözümdə canlanan, qulağımda eşidilən o faciələrin, köçün qorxulu həyəcanı indi məğrur və bir o qədər də xoşbəxt bir hiss ilə əvəz olunurdu.
*
Dağıdılmış, viran qoyulmuş ərazilərdən, xarabazarlıqlardan keçəndə quruculuq işlərini davam etdirən Azərbaycanın varlığı və insan əməyi duyulurdu. Taleyi həm Zəngəzura, həm də Qarabağa bağlı olan birisi kimi, Zəngəzura doğru getdikcə bütün vücudumla hiss edirdim ki, bu mahalda uyuyan dədə-babalarımızın istisnasız olaraq hamısının ruhları şaddır. Həqiqətən də bütün bu hissləri sözlə ifadə etmək çox çətindir.
Şərqi Zəngəzura səfərimizdə məqsəd həm Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Zəngilanda düzənlənən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak etmək və həm də regiondakı mövcud vəziyyətlə tanış olmaq idi. Maşınlarımız işğaldan azad edildikdən sonra Qarabağda ilk salınan “ağıllı kənd” Ağalıdan keçib Zəngilanda, dörd bir tərəfi də vəhşi düşmənin yaratdığı xarabazarlıq olan Konqres Mərkəzinin önündə dayandı.
Foruma qədərki görüşlər, danışıqlar, müzakirələr qeyri-adi həmrəylik ruhu, fərqli bir ab-hava yaratmışdı. Kiçik çay fasiləsindən sonra forum öz işinə başladı. "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında 3 əsas panel üzərindən keçirilən forumun proqramında Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə də xüsusi yer ayrılmışdı.
Tədbirin açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev son illər Azərbaycan vətəndaş cəmiyyətində baş verən mühüm dəyişiklikləri və onlara göstərilən diqqət və etimadı vurğuladılar. Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsi olaraq vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin ictimai həyatında mühüm rol oynaması və xüsusi yerə sahib olduğu da ayrıca qeyd edildi. Milli QHT Forumunun yeni seçilmiş rəhbəri Ramil İsgəndərlinin çıxışı da özünəməxsusluğu ilə yadda qaldı.
Forumun panel moderatorları və çıxışçıları da öz nitqləri ilə tədbirə ayrı bir dəyər qatdılar. Ölkənin tanınmış QHT nümayəndələri xalqımızın qürurunu özünə qaytaran Böyük Qələbə sevinci ilə bir sıra mühüm məsələlərə dair fikir mübadiləsi apardılar. Onlar ümumi həmrəylik mühitində demokratik düzənin ən vacib seqmentlərindən olan Vətəndaş Cəmiyyətinin gələcək inkişafından, görüləcək işlərdən, planlardan danışdılar. Bu müzakirələr yeni metodların tətbiqi və beynəlxalq təcrübəyə əsaslanması ilə nəzərə çarpırdı. Yüksək səviyyədə keçən forum dövlət və QHT-lər arasında qarşılıqlı anlaşmanın, faydalı əməkdaşlığın və sarsılmaz həmrəyliyin mövcud olduğunu, bu faktorun ölkəmizin gələcək inkişafına böyük qatqılar verəcəyini əyani nümayiş etdirirdi. İki gün davam edən tədbirdə Sahib Məmmədovun, Rauf Zeyninin, Ayaz Mirzəyevin, Azər Allahverənovun, Zaur İbrahimlinin, Sabit Bağırovun, Amin Məmmədovun vətəndaş cəmiyyətlərinin dünəni, bugünü və sabahı mövzularındakı konseptual çıxışları xüsusilə qeyd olunmalıdır. Forumda vətəndaş cəmiyyəti institutlarının peşəkarlığı, ölkəmizin həyatındakı rolu açıq-aydın hiss olunurdu.
QHT-lərin Zəngilanda keçirilən tarixi əməkdaşlıq forumunun açılış mərasimində mən də çıxışçılar arasında idim. Bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq deməyə sözümüz, ortada isə gördüyümüz çox böyük işlər vardı. Öz çıxışıma da yol boyu keçirdiyim hissləri ifadə edərək başladım. Bu gün regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycanımızın son illər əldə etdiyi möhtəşəm qələbələrdə vətəndaş cəmiyyəti qurumları kimi xüsusi payımızın olduğu üçün qürurlu idim.
Tale elə gətirib ki, mənim də bütün həyatım əvvəldən indiyədək Qarabağda işğalçı rejimlə, quldur separatçılarla mücadilədə keçib. Qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Qarabağın 30 illik işğalı dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən müxtəlif beynəlxalq platformalarda, nüfuzlu auditoriyalarda qaçqınların, məcburi köçkünlərin və işğal qurbanlarının hayqıran səsinə çevrilmişdi. BAMF-ın əsas missiyası, vizyonu sülh və konflikt bölgələrindən obyektiv informasiyaların yayılması olduğu ücün biz ilk gündən xarici jurnalistlərin, diplomatların, beynəlxalq təşkilatların nümayəndələrininm Qarabağa səfərlərini təşkil etdik. Buradan doğru-dürüst məlumatların yayımlanmasına çalışdıq. Aparıcı media qurumlarını, təmsil olunduğumuz BMT rəsmilərini, öz tərəfdaşlarımızı bu problemə və Azərbaycan reallıqlarına doğru çəkdik. Təkcə birinci Qarabağ müharibəsi dövründə yüzdən çox xarici jurnalistin ölkəmizə, qaynar nöqtələrə səfərlərini təşkil etdik. Müharibədən zərər çəkən regionlarda sosial-iqtisadi layihələrin əsas təşəbbüskarı və icraçısı olduq.
İnformasiya cəbhəsində çalışmaqla yanaşı, Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə Proqramına qoşulduq. Bu gün BAMF BMT agentlikləri və digər beynəlxalq təşkilatlarla yanaşı, ölkəmizdə ANAMA-nın əsas partnyorlarından biridir. BAMF-ın yaratmış olduğu İcma Mina Aksiyası Komandası son 20 ildə 12 min hektardan çox ərazini minalardan təmizləyib istifadəçiyə təhvil vermişdir.
Biz harada olduqsa insanların ümid yeri, onların həyatlarının bir parçası olduq. Bizə qarşı olan güclərə, düşmən qüvvələrə qarşı yumşaq gücümüzü göstərdik, birlik olmağı bacardıq. Bəli, sülh missiyamızdan, öz əqidəmizdən və beynəlxalq hüquqi normalarına olan sədaqətimizdən əl çəkmədik. Dünyada hökm sürən ikili standartların gətirdiyi haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, öz yolumuzdan dönmədik.
Mən də İkinci Qarabağ müharbəsi zamanı 27 sentyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci ilə qədər iki ay fasiləsiz olaraq Əl-Cəzirə TV-nin əməkdaşları ilə ön cəbhədə oldum. Bir QHT təmsilçisi kimi İkinci Qarabağ müharibəsi zamanı ölkədə hökm sürən və şanlı Qələbəmizin əsasını təşkil edən ümumxalq birliyinin mühüm parçalarından olduq. Müharibədən sonrakı dövrdə də bütün sahələrdə – təhsil, iqtisadiyyat, sosial, tibb, sülh quruculuğu, ətraf mühit və s. istiqamətlərdə fəaliyyətimizi daha da artırdıq.
Mən fəxr edirəm ki, 2021-ci il oktyabrın 17-də doğma Füzulimizin azad olunduğu gündə ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən təməlqoyma mərasimində iştirak etmişəm. Prezidentlə birlikdə o təməldə pay sahibi olmaq vaxtilə doğma yurdunu acılar içində tərk edən, 30 illik nisgili özündə yaşadan bir azərbaycanlı, qarabağlı üçün o ağrılara çəkilən məlhəm idi. Çünki biz qayıtmışdıq. Biz dirçəltməyə, qurmağa, yaşamağa qayıtmışdıq.
2023-cü il təməlqoymadan 2 il sonra elə həmin tarixdə, “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə ölkə Prezidentinin görüşü baş tutdu. Artıq yeni məskunlaşan sakinlərə açarlar təqdim olundu. Hər iki görüşün, mərasimin bir parçası olduğum üçün çox qürurluyam. Eyni zamanda, bir o qədər də məsuliyyəti öz üzərimdə hiss edirəm. Axı bir vətəndaş cəmiyyəti qurumu olaraq bu proseslərdə iştirak etmək və öz töhfəmizi vermək həm də bizim vətəndaşlıq borcumuzdur...
Mən öz çıxışımda təkcə özümüzdən, nailiyyətlərimizdən danışmadım. Bütövlükdə vətəndaş cəmiyyətinin uğurlarından söhbət açdım. Ölkəmizin yeraltı sərvətlərinin qorunmasına xidmət edən eko-aksiya, mina xəritələrinin təqdim olunması üçün başladılan petisiya, Azərbaycana tətbiq olunan qərəzli sanksiyalara qarşı birgə bəyanatlar, Metsamor atom elektrik stansiyasının fəaliyyətinə yönəlik etiraz çıxışları və s. çoxsaylı fəaliyyətlərimiz buna misaldır. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra seperatçıların qanunsuz silahlanmasına qarşı başladılan etiraz aksiyası, verilən bəyanatlar, hazırlanan hesabatlar ayrıca qeyd olunmalıdır.
2024-cü ilin fevral ayında bizim də yaxından iştirak etdiyimiz növbədənkənar Prezident seçkilərində vətəndaş cəmiyyəti təşkilatları üzərlərinə düşən müşahidəçilik missiyasını ləyaqətlə yerinə yetirdilər. Ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən 6 045 nəfər seçkilər günü prosesdə müşahidəçi qismində yer aldı.
Bu il də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşısında fövqəladə faydalı bir missiya dayanır: COP29 kimi mühüm beynəlxalq tədbirə evsahibliyi edən Azərbaycanımıza dəstək olmaq! Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaqlar.
Çıxışım zamanı bu fikirləri səsləndirdikcə, həqiqətən də, qəlbimdə bir əminlik, bir fəxarət hissi artır, ürəyim dağ boyda olurdu. Sanki Zəngilandan yayılan səsimiz bütün Zəngəzurda eşidilir, tarixi torpaqlarımızda əks-səda verirdi...
Yekunda Azərbaycan QHT-ləri Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu. Biz müraciətdə xüsusi olaraq vurğuladıq ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gedən hərtərəfli quruculuq işləri bölgəni sanki əsrarəngiz bir cənnət məkanına çevirir, bu dağıdılmış ərazilər yaşıl enerji zonaları kimi çox mühüm ekoloji məkan olaraq yenidən dirçəlir.
Bu dirçəliş əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət strategiyasının çağdaş dönəmdə müvəffəqiyyətlə reallaşdırılmasının bariz göstərici kimi təqdirəlayiqdir. Biz möhtərəm Prezidentə müraciətdə onu da qeyd etdik ki, QHT nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda heyrətamiz quruculuq və bərpa işlərinin şahidi oldu. Ermənistanın işğalı dövründə Azərbaycan torpaqları 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirilsə də, indi ərazilərimizin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün çox böyük işlər aparılır. Qəti əminliklə deyə bilərik ki, cənab Prezident, gün gələcək Siz bütün dünyaya Qarabağ və Şərqi Zəngəzurun minadan tam azad gülüstana çevrildiyini bəyan edəcəksiniz!
Müraciətin Zəngilanda, işğaldan azad olunmuş ərazidə qəbul edilməsi xüsusilə əlamətdar idi. Çünki bu bölgələrdə aparılan yenidənqurma işləri və yaşıl enerji layihələri Azərbaycanın ekoloji və iqtisadi inkişafının təməl göstəricilərindəndir. Ermənistanın işğalı dövründə ciddi ekoloji problemlərlə üzləşən digər ərazilər kimi, Zəngilan da indi yaşıl enerji zonası elan olunub. Bu isə bir daha Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə olan yanaşmasının göstəricisidir.
Yeri gəlmişkən, Zəngilan səfəri boyunca cənab Prezidentin bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində səsləndirdiyi fikirlər düşüncəmdə dolaşırdı. Prezidentin öz çıxışında qələbədən sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və həmrəyliyinin gücləndirilməsi üçün addımların atılacağına vurğu etməsi artıq yeni bir mərhələnin başlanğıcına çağırış idi. Məhz bu sahədə inkişafa xidmət edən forum sübut edirdi ki, Prezidentin sözü ilə əməli birdir və o, cəmiyyətimizin inkişafı üçün bütün lazımi addımları atır, şəxsi dəstəyini əsirgəmir.
*
Şübhəsiz ki, tarixin ən çətin və keşməkeşli günlərində Azərbaycanın yeganə xilaskarı olan görkəmli dövlət xadimi, dahi Heydər Əliyev həm də müstəqil Azərbaycanda demokratik təsisatların, o cümlədən, vətəndaş cəmiyyətinin qurucusu kimi əvəzsiz xidmətlər göstərmişdir. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər dövlət idarəçiliyinin sükanı arxasına keçdiyi ilk günlərdən etibarən müstəqilliyimizin möhkəmləndirilməsinə, hakimiyyət strukturlarının bərpasına, ordu quruculuğuna, demokratiya prinsiplərinin bərqərar olmasına yetirdiyi diqqət qədər, həm də vətəndaşların rifahına, cəmiyyətin inkişafı üçün zəruri hüquqi bazanın formalaşdırılmasına böyük önəm verirdi. Onun təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə qəbul edilən Yeni Konstitusiya, eləcə də insanların hüquq və azadlıqlarının təminatına yönəlik bir çox qanunvericilik aktlarının qəbulu Heydər Əliyevin tarixi xidmətlərindəndir. Məhz zəruri hüquqi bazanın yaradılması bu gün vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyət göstərməsinə və onların mənafeyinin qorunmasına əsaslı təminat kimi mövcuddur. Bu isə ölkədə milli birliyin, ümumxalq həmrəyliyinin yaranmasına vəsilədir.
*
Zəngilan Forumu çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qubadlı rayonunda yerləşən N saylı hərbi hissəyə səfərimiz oldu. Biz böyük məmnuniyyət və mehribanlıqla qalib əsgərlərimizlə görüşdük. Hazırda Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən qüdrətli bir gücə çevrilib. Bunu İkinci Qarabağ müharibəsində 44 gün ərzində qazanılan Qələbədə və ötən il 24 saatdan da az bir vaxtda gerçəkləşən antiterror əməliyyatlarında əyani gördük. Qubadlı görüşündə müzəffər odumuzun əsgər və zabitlərini səmimi-qəlbdən bayram münasibətilə təbrik etdik, onlarla öyündüyümüzü bildirdik. Xalq və ordu həmrəyliyi sübut edir ki, artıq Azərbaycan regionda söz sahibi olan güclü, qüdrətli bir dövlətə çevrilib.
*
Zəngilanı tərk etməzdən öncə məscidi ziyarət etdik. Məscidin ətrafındakı vandalcasına dağıdılmış evlər diqqətimi çəkdi. Axı, o evlərdə körpələr dünyaya gəlmiş, uşaqlar doğulmuş, böyümüş, o həyətlərdə oynamış, şənlənmiş, dinc həyat sürmüş, oğul-qız toyları baş tutmuş, nə qədər xoşbəxt anlar yaşanmışdı. Bu xoşbəxt həyatın axarını erməni vəhşiliyi yarıda qoymuşdu, talelər məhv olmuş, faciələr törənmişdi... Evləri, yolları, bütün tarixi-mədəni abidələri dağıdan düşmən, o cümlədən, məscidləri də xüsusi amansızlıqla yerlə-yeksan etmişdi. Bu zaman Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 23-də Zəngilandakı təsirli çıxışı yadıma düşür. “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etdik, dəfələrlə bildirdik ki, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, amma bura bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Müharibə qurtaran kimi isə onlar başlayıblar ki, gərək erməni xalqının abidələri qorunsun...” O bəyan etdi: “Biz bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, bura məscid olub, UNESCO, buraya gəl, gəl gör! Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan Ermənistan olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər...”
Zəngilan məscidinin önündə xatırladığım bu çıxış Azərbaycan Prezidentinin vətənpərvərliyini, xalqa sevgisini, mədəni irsə qayğısını və yüksək intellektual səviyyəsini dünyaya nümayiş etdirirdi. Həmçinin Azərbaycan xalqının nə qədər alicənab, humanist və mədəni xalq olduğunu göstərirdi.
Mən bütün bunları düşünür və Ulu öndərin ifadə etdiyi kimi, azərbaycanlı olmağımla fəxr edirdim...
*
İnanıram ki, dirçələn Qarabağımızın yenilməz gələcəyi var və bu gələcəyin əsas motivlərindən biri də xalqın həməryliyi, Vətən və dövlət sevgisidir. O parlaq gələcək təkcə Zəngilanın, Laçının dirçəlişi ilə bağlı deyil, Cəbrayılın, Füzulinin, Ağdamın, Şuşanın, Kəlbəcərin və ümumən, Azərbaycanın bütün bölgələrinin sürətli inkişafı ilə sıx bağlıdır. Bu yolda vətəndaş cəmiyyətinin mühüm elementi kimi QHT-lər də bütöv Azərbaycan naminə fəal və iradəli addımlar atmaqdadırlar. Əlbəttə, ölkəmizdə bəzi məsələləri var ki, ötən dövr üçün qəbul olunsa da, yeni reallıqlarla tam uzlaşmır. Bugünün reallığında, yeniləşən dünya düzənində yeni Azərbaycan boy göstərir. Bu fərqli Azərbaycan indi qurulmaqdadır. Bu quruculuq prosesində hər bir vətəndaşın öz payı, faydalı qatqısı olmalıdır.
Lakin onu da unutmayaq ki, regionun parlayan ulduzu Azərbaycanın inkişafını gözü götürməyənlər də az deyil. Azərbaycana qısqanclıqla yanaşan, uğurlarımızı həzm edə bilməyən qüvvələr bu gün dişini qıcayıb. Ona görə də ölkə daxilində ümumxalq həmrəyliyi daha möhkəm olmalıdır və bu məqamda da yenə vətəndaş qurumları önə çıxmalıdırlar. Bir tərəfdə güclü ordumuz olduğu kimi, digər tərəfdə də ölkəmizin demokratik təsisatları, güclü vətəndaş cəmiyyəti institutları düşmənlərimiz üçün gözdağına çevrilməlidir! Vətəndaş cəmiyyəti qurumları ölkənin görən gözü, danışan dilidir. Hər bir vətəndaş öz həyatında, gündəlik əməlində bunu hiss etməli və göstərməlidir.
Bu gün Qarabağa qayıdış prosesi gedir. İnsanlarımızın Qarabağa köçü davam edir. Amma bu geri dönüş özü ilə bərabər müəyyən qayğılar də meydana gətirir: insanların yerli şəraitə, yeni mühitə uyğunlaşması, psixoloji faktorlar, onlarla mütəmadi ünsiyyət, maarifləndirmə, işsizlik, sosial problemlər həllini tapmalıdır. Bu məsələlərdə əsas yük həm də QHT-lərin üzərinə düşür. Yeniləşmiş QHT Agentliyinin apardığı yeni kurs, müasir dəsti-xətt təqdirəlayiqdir. Atılan addımlar hədəfimizin doğru olduğunu göstərir. Hədəf doğrudursa, deməli, agentliyin gücü, potensialı da get-gedə artacaq, ona olan inam, etimad çoxalacaq.
Heç şübhəsiz ki, Azərbaycan QHT-ləri donor asılılığından qurtulmalı, cəmiyyətin dayanıqlı təsisatlarına çevrilməlidir. Ancaq bu, heç də xarici donorlardan imtina anlamına gəlməməlidir. Dünyada elə maliyyə qaynaqları mövcuddur ki, onların böyük əksəriyyətində Azərbaycanın da payı var. Respublikamız bütün beynəlxalq çağırışlarda öz vəsaiti ilə iştirak edir. BMT başda olmaqla əksər beynəlxalq qurumlarda ölkəmizin də üzvlük haqqı var. O vəsaitlərdən formalaşan donor qaynaqlarından imtina edilməməli, əksinə, onlardan faydalı şəkildə istifadə olunması üçün şərait yaradılmalıdır.
Eyni zamanda, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilkdə nəzərə çarpan boşluqlar aradan qaldırımalıdır. Bu boşluqlar, əslində, vətəndaş cəmiyyəti meyarına münasibətlərin fərqli olmasından irəli gəlir. Düşünürəm ki, Milli Məclisin yeni tərkibi bu problemin də optimal həll variantını tapacaq və qanunvericiliyimizin daha da təkmilləşməsi istiqamətində zəruri addımlar atılacaqdır.
Bu il Azərbaycan mötəbər bir konfransa, COP29-a ev sahibliyi edəcəkdir. Burada da QHT-lərin gücü, rolu önəmli və vacibdir. Nədən qabaqcıl QHT-lər COP29 prosesində aktiv iştirak etməsin? Hesab edirəm ki COP29-un keçiriləcəyi məkanda təcrübəli Azərbaycan vətəndaş cəmiyyəti qurumlarının ayrıca pavilyonlarının olması faydalı olardı. Çünki bu tədbir ölkə QHT-lərinin beynəlxalq təşkilatlarla əlaqələr yaratması, ölkəmizin maraqları baxımından qarşılıqlı faydalı münasibətlər qurması üçün yaxşı bir fürsətdir. COP29-un Təşkilat Komitəsi üzvləri ilə Vətəndaş Cəmiyyəti mənsubları arasında forumda olduğu kimi, mütəmadi görüşlərin təşkili də faydalı olardı.
Azərbaycan QHT-ləri ölkədaxili uğurlu fəaliyyətləri ilə seçilməli, həmrəylik nümayiş etdirməli, öz imkanlarını beynəlxalq səviyyələrə daşımalıdırlar. Qalib ölkəmiz sülh, barış istəyən ölkədir və belə olan halda yumşaq güc, xalq diplomatiyası aktuallıq təşkil edir. Həm yerli, həm də xarici faydalı əlaqələrin qurulmasından, QHT-lər arası çoxşaxəli əməkdaşlığın inkişafından istər cəmiyyət, həm dövlət, istərsə də vətəndaşlar qazanar. O zaman hamımız daha mütəşəkkil “vətəndaş” və “cəmiyyət” məfhumunun, eləcə də “vətəndaş cəmiyyəti”nin güclü tərəflərinin şahidi olarıq.
*
Böyük Turan ellərinin qovşağında yerləşən Zəngəzur yolu ilə Bakıya qayıdırıq. Bu yol həmin yoldur. Bu yol bizi zəfərə, qələbələrə, Qarabağa aparan yoldur. Düşüncələrimi yekunlaşdırarkən bir daha qeyd etmək istərdim ki, biz doğma torpaqlara qayıdışa inamı hər zaman yüksək olan vətəndaş cəmiyyəti mənsubları kimi, bundan sonra da xalqımızla və dövlətimizlə birgə addımlayaraq Zəngəzurdan keçib Turan ellərinə çıxacağımıza inanırıq. Bu yol, həm də xalqımızın, millətimizin həmrəyliyindən keçir. Dünyanı heyrətə gətirən, düşməni lərzəyə salan həmrəylikdən... O həmrəylik ki, lazım gələndə dəmir biləyə, dəmir yumruğa çevrilə bilir. Yolumuz işıqlı, gələcəyimiz parlaq olsun!
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)
EKSPRESS-SORĞU - Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız?
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət"
İyulun ilk günlərində təqdim etdiyim Ekspress sorğunun sualı da yayla bağlıdır:
Yay tətili boyunca hansı kitabları oxumağı planlaşdırırsınız?
Və planınızda olan kitabların seçilməsində səbəb nədir?
1.
ADPU "Xarici dil(ingilis dili üzrə) müəllimliyi" ixtisasının məzunu, ADPU SABAH "Təlim və tədrisin təşkili və metodikası" ixtisasının tələbəsi Aytən Hüseynovanın sorğumuza cavabı:
1. Oğuz Atay - "Tutunamayanlar"
2. Mikhail Bulgakiv- "Heart of a dog"
3. William Shakespeare- "Romeo and Juliet"
4. Rövşən Abdullaoğlu - " Hər insan hökmdardır"
5. Charlotte Bronte - "Jane Eyre"
6. Markus Zusak - " The book thief"
Bəlkə də yayda oxumağa qərar verdiyim kitablardan bəziləri olan bu kitablar mövzu və janrına görə kiməsə qarışıq gələ bilər, amma mən müxtəlif təcrübələr yaşamağı hər zaman sevirəm. Eyni janrda ardıcıl olaraq oxuduğum kitab demək olar ki, xatırlamıram. Bu yay isə başlamaq istəyib başlaya bilmədiyim kitabları bitirmək üçün zənnimcə yaxşı fürsət olacaq.
2.
Sorğumuza digər cavab verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının məzunu Rəqsanə Heydərovadır.
"Şeker portakalı",
"Yüzüklerin efendisi",
"Mavi qatarın sirri",
"Kapitan Qrantın uşaqları" - bu yay oxuyacağım kitablardandır.
Bu kitabları- daha çox xarici ədəbiyyatı seçmə səbəbim budur ki, bu kitablarda verilən hekayələr marağıma səbəb olur, insana yeni şeylər öyrədən bu fikirlər çox idealistdir.
3.
Növbəti sorğumuza cavab isə BDU tələbəsi, Filologiya, Fransız dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Ayan Qəhrəmanovadır.
Onun sorğumuza cavabı:
Yay tətili boyunca oxumağı hədəflədiyim çox kitab var. Məsələn, "Amerika faciəsi", "Qorio ata". Ancaq tətilin böyük hissəsini Dostoyevskinin "Karamazov qardaşları" əsərini oxumağa sərf ediləcək. Əsər Dostoyevskinin ən irihəcmli əsəridir. Və ingilis dili versiyasını aldığım üçün həm də ingilis dili səviyyəmi qaldırmağı planlayıram.
"Ədəbiyyat və incəsənət"
(04.07.2024)