Super User
“Alim-şair Həsən Mirzəyevə həsr olunmuş şeir...” – KÖNÜL HƏSƏNOVA
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Alim-şair Həsən Mirzəyevə həsr olunmuş şeir...” məqaləsi təqdim ediləcək.
KÖNÜL HƏSƏNOVA
ALİM-ŞAİR HƏSƏN MİRZƏYƏ HƏSR OLUNMUŞ ŞEİR MƏTNLƏRİNDƏ QƏNAƏT PRİNSİPİNİN LİNQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ
Şeirin melodik, ritmik, ahəngdar, emosional-ekspessiv bir şəkildə qurulmasında müəyyən norma və tələblər vardır və bu norma və tələbləri şərtləndirən başlıca meyarlardan, nitq-dil göstəricilərindən biri də linqvistik qənaət prinsipidir. Qənaət prinsipi poeziyanın vahid ölçü-biçi, ahəng, ritm, intonasiya qaydalarını tənzimləyən linqvistik hadisə kimi bütün yerlərində özünü təzahüretdirmə iqtidarında olur. Bəndi təşkil edən misralar, mətni təşkil edən bütöv şeir strukturlarındaqənaət prinsipi ritmik-melodik variasiyaları birləşdirməyə, məntiqi ardıcıllıqla əlaqələndirməyə, məna-məzmunu, forma-strukturu təmin etdirməyə geniş imkanlar yaradır. Alim-şair Həsən Mirzəyevə həsr olunmuş 250-dən çox şeir mətnində qənaət prinsipi linqvokulturoloji əsasladır, oxucunun dil-şüur proseslərində xüsusi önəm daşıyır, həmin prinsip əsasında qurulduğuna görə poetik-bədii örnəklər pasiyentin – oxucunun duyğu-düşüncələrini, hissi-emosional istiqamətlərini təlatümə gətirir, onun idrak və təfəkküründə daha görümlü-obrazlı formalarla əyaniləşdirmək üsulu kimi xüsusi əhəmiyyət kəsb edərək ölçü və semantik-struktur meyarları şərtləndirir.
Nəsr dili ilə müqayisədə poetikada qənaət prinsipi bir linqvistik kateqoriya kimi daha aktiv fəaliyyət dairəsini əhatə etməklə spesifik qrammatik göstəricilərin ixtisarı yolu ilə təzahür edir, nəticədə şeirin hər bir misrası hər bir bəndi həm formaca, həm də məzmunca ölçülü-biçili bir şəkil alır, poetik fikir, mətləb olduqca dolğunlaşır, zənginləşir, təbillik və qanunauyğunluğu şərtləndirən bu cəhətlər qənaət prinsipi sayəsində də həyata keçirilir. Bu baxımdan alim-şair Həsən Mirzənin öz şeirlərində və bu böyük yaradıcı şəxsiyyətə ithaf olunmuş poetik örnəklərin hər birində linqvistik qənaət prinsipinin qrammatik kateqoriyalar səviyyəsində təzahür şəkilləri özünü qabarıq şəkildə göstərir. Məsələn, el şairi Alim Dərələyəzlinin "Həsən Mirzəyev" rədifli şeirinin hər bir bəndində canlı xalq dilinin, danışıq şəkillərinin səciyyəvi qənaət formaları ilə üzləşirik:
Gözüm bulaqlardır, ağlayır həzin,
Dərdimin dərmanın dağlarda gəzin.
O behişt ətirli Dərələyəzin
Çiçəyi, gülüdür Həsən Mirzəyev
Linqvistik şəkildə olsa da, birinci və ikinci misrada "mənim" və "siz" əvəzliklərinə qənaət edilmişdir.Onların şəxs sonluqları – morfoloji göstəriciləri vasitəsilə abstrakt şəkildə təsəvvür etmək bir o qədər çətinlik törətmir: "Mənim gözüm bulaqlardır; "Siz mənim dərmanın dağlarda gəzin". İkinci misrada mənsubiyyət şəkilçisi qəbul etmiş "dərmanın" sözünün sonunda həmin kateqoriyaya məxsus -ı şəkilçisinin ixtisarı özünü göstərir. əgər həmin sözə -ı şəkilçisi bitişdirilsəydi, ikiqat mənsubiyyət təzahür etmiş olardı və belə olan halda misra və bənddə müəyyən ağırlaşma hiss edilərdi. İkiqat mənsubiyyətin qrammatik göstəricisinin bu şəkildə ixtisarı linqvistik əyinti olmayıb, ədəbi dilin normalaşması qanunu ilə bağlı olan dil hadisəsidir. Şeirin forma qəliblərinin qurulma mexanizminin özəl cəhətlərini şərtləndirən amillərdən biridir. Kontekstual şərait və mühitdə, həmçinin üzvlərin son sözündə -dır4 xəbər şəkilçisi saxlanılmaqla digərlərində ixtisarın qənaət prinsipini reallaşdıran linqvistik göstəricilərdən olub, şeir mətninin qurulma mexanizmi ilə birbaşa əlaqəlidir. Bu yöndən yanaşdıqda təhlilə cəlb etdiyimiz şeir bəndinin dördüncü misrasında ikiüzvlü həmcinslərdən birincisində -di xəbərlik kateqoriyasına məxsus morfoloji göstərici buraxılmış, misra artıqlıq deyilən lazımsız təkrardan məhrum edilmişdir: çiçəyi, gülüdü Həsən Mirzəyev: çiçəyi (di), gülüdü Həsən Mirzəyev. Qənaət edilmiş, eyni zamanda edilməmiş formalardakı həmcins üzvlər ikiüzvlüdür, iki, üç, dörd, hətta beşüzvlü bir şəklə salsaq, sonuncu üzv də -dır4 xəbər şəkilçisi saxlanılacaq, digər üzvlərdə isə ixtisar olunacaqdır: Bənövşəsi, çəməni, laləsi, nərgizi, meşəsi, çiçəyi, gülüdür Həsən Mirzəyev. Həmcins üzvlərin sayının bu yolla artırılması poeziyada daha çox söz sənətkarının poetik obraza, bədii motivə yanaşma tendensiyasından, janr şərtliliklərindən, üslubi çalarların səmtləşdirilməsindən irəli gəlir, -dır xəbər şəkilçisinin üzvlərin son sözündə qənaətə məruz qalması poetik mətnin ahəngdarlığına, musiqililiyinə xidmət göstərir. Mətnşünas alim S.Əlizadə klassik şairimiz Məhəmməd Füzulinin əsərlərində -dır xəbər şəkilçisinin ixtisar formalarından danışarkən dolğun olaraq göstərir: "Məhəmməd Füzuli bəzi morfoloji kateqoriya əlamətlərinin yerini asanlıqla dəyişmişdir, lakin bu, qrammatik cəhətdən şeirin dilinə xələl gətirmir. Məsələn,
Pərişan xəlqi – aləm ahu əfğan etdiyimdəndir,
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir – beytinin birinci misrasında -dır xəbər şəkilçisi qrammatik tələblərə (həmcins cümlənin məzmununu) görə "pərişan" sözünə bitişməlidir, yəni həmin misra belə səslənməlidir: (mən) ahu fəğan etdiyimdən xəlqi-aləm pərişandır. Lakin şair belə şairanə yoldan çəkinmişdir: cümləni feili bağlama tərkibi ilə bitirməyi məsləhət bilmiş, "pərişan" sözünü xəbər şəkilçisindən "məhrum edilərək" əvvələ gətirmişdir. Səbəbi isə aydındır. "Pərişan" sözü şəkilçisiz sərbəst bir vəziyyət alaraq misranın əvvəlinə keçməklə diqqəti ilk növbədə cəlb edir. Digər tərəfdən isə şair həmin sözü oynatmaq imkanı qazanaraq gözəl təkrar yaratmışdır. Nəticədə isə beyt həm forma, həm də məzmunca zənginləşmiş, fikrən dolğunlaşmışdır".
Poeziyada qənaət prinsipinin linqvokulturoloji aspektləri informasiyanın necə alınması (şübhəsiz, insan – pasiyent tərəfindən – K.N.), necə saxlanılması, necə təsəvvür edilməsi, necə mentallaşması kimi mürəkkəb idrak priyomlarını da öyrənir və biz şübhə etmirik ki, şeir mətnlərində təzahür edən bu hadisə linqvokultural səciyyə kəsb edərək dünya dil bəşəri poeziya üçün universallıq təşkil edən linqvistik bir qanundur. Bu linqvistik qanunun, yaxud prinsip və hadisənin bütün dil yönlərindən təzahürünə Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində də rast gəlmək mümkündür. Məs:
Zərgərdən sorarlar zərin qiymətin,
Elmdir əsası mədəniyyətin,
Zavallı millətin, dərdli millətin
Danışan dilidi Həsən Mirzəyev.
Birinci misrada "sorarlar" xəbərində söz kökündən sonra -uş şəklini elementinə qənaət edilmiş (soruşurlar), misradakı həmin feil canlı danışıq dilinin forması kimi verilmişdir. Paradiqmatik aspektdən yanaşdıqda təsəvvür və təfəkkürdə qədim xalq deyimi – "zər qədrini zərgər bilər"- atalar sözü mentallaşır və bu müdrik kəlam mətnin alt qatında impilistik şəkildədir, Həsən Mirzəyev bir poetik obraz kimi həm açıqda olan, həm də impilistik şəkildə yaddaşımızda təsəvvür edilən priyomlarla əyaniləşdirilir, daha doğrusu, motivasiya olunur. Həmin misrada "zərin qiymətin" ismi birləşməsinin ikinci komponentindəki "qiymətin" ikiqat mənsubiyyət kateqoriyasının -ı şəkilçisi ixtisar edilsə də, abstrakt şəkildə həmin morfoloji göstərici insanın dil şüurunda təsəvvürə gətirilə bilir. İkinci misrada aforizm səviyyəli olub, – mədəniyyətin başında elm gəlir, elm dayanır, elm durur – kimi paradiqmatik deyimləri özündə ehtiva etdirir. Fikrimizcə, misradan başlanğıc pozisiyada işlənən "elmidir" sözündə -i elementi artıq görünür, biz sadəcə olaraq həmin sözü "elmdir", yəni -i ünsürsüz də işlədə bilərdik, lakin şeir mətnində – açar rolunu "Həsən Mirzəyev" oynadığından mənsubiyyət şəkilçili "onun" əvəzliyinə qənaətə uyğun tərzdə impilikasiya yaradılmalıdır. Belə olan təqdirdə "onun elmidir mədəniyyətin əsası" paradiqması təsəvvürümüzdə gerçəkləşir, qüsur baş verir, norma tənzimlənmiş şəkildə təzahür edir. Dördüncü misrada "dilidi" sözündə -di xəbərlik şəkilçisində -r ünsürünün ixtisarı özünü göstərir ki, bu da poeziyanın qanunauyğunluqlarından irəli gəlir, qrammatik əyintilərə gətirib çıxarmır, əksinə, canlı danışıq dilinin koloritini şeir dilinə hopdurur. Nəzərdən keçirdiyimiz poetik örnəyin bəzi mətnlərində həm birgəlik məzmunu reallaşdıran bağlayıcının bir dəfə işlənməsi digər pozisiyalarda qənaətə, yəni mətnin poetexnik tələblərinə müvafiq tərzdə ixtisarı özünü təzahür etdirir və bu baxımdan aşağıdakı şeir bəndi olduqca xarakterikdir.
Təcnisdi, təcnisdi, həm bayatıdı,
Muğamdı, Şirazdı, Şur, Heyratıdı.
Elimin şənliyi, toy-büsatıdı,
Ağsaqqal yoludu Həsən Mirzəyev.
Bu şeir bəndinin təkcə birinci misrasında "həm" bağlayıcısı işlənmiş, digərlərində ixtisar edilmişdir. Əgər qənaət prinsipini aradan qaldırıb, tərəfimizdən bərpa əməliyyatı apararaq həmin bağlayıcının yerinə qoysaq, şeir şeiriyyətindən məhrum olur, müəyyən dərəcədə bədii fikir tutumu qalsa da, forma bərbad bir şəkil alar, yeknəsəq təsir bağışlayar. Baxaq:
Həm təcnisdi, həm təcnisdi, həm bayatıdı,
Həm Muğamdı, həm Şirazdı, həm Şurdu, həm Heyratıdı
Həm elimin şənliyi, həm toy-büsatıdı,
Həm ağsaqqal yoludu Həsən Mirzəyev.
Əslində, qənaət əməliyyatını aradan qaldırdığımız bu formada instiktiv olaraq dil şüurunda təsəvvür və idrakımızda mexaniki olaraq əyaniləşmə keyfiyyət və xüsusiyyətlərə malik olub – sərf olunmasının qarşısını alır. Qənaətlə verilmiş formalar olduqda məntiqli əlaqələri, cəhətləri şeiriyyət fonunda yığcam, lakonik biçimlərdə inkişaf etdirir, lazımsız təkrarlığın, şablonçuluğun qarşısını alır, üslubi-estetik baxımdan poetik fikirdəki məna zərgərini tənzimləyir, poetik örnəyə heyranedici forma gözəllikləri gətirir.
Kəmiyyət kateqoriyasının morfoloji göstəricilərindən olan -lar, -lər şəkilçisinin sinonim dubletləri ilə işlənilməsi məqamında həmin şəkilçi sinonim sözün sonuncusunda saxlanılır və qənaət prinsipinə müvafiq tərzdə əvvəlkilərdə ixtisar edilir ki, bu da yeknəsəq təkrarçılığın qarşısını almaq məqsədini güdür. Məsələn:
Yada salırsanmı coşğun çayları?
Ömürdən xoş keçən ili, ayları,
Füsunkar yurdumun yazı, yayları
Gəlsin göz önünə may, Həsən müəllim.
Altından xətt çəkilmiş sözlərdə -lar, -lər cəm şəkilçisinin buraxılması üslubi cəhətdən məqsədəmüvafiq görünür, şeir dilinin ahəngdarlığını, axıcılığını, poetexnik üstünlüyünü təmin edən, forma qanunlarını tənzimləyən faktor təsiri bağışlayır. Həmin şeir bəndində insan şüuruna təsir edən dil faktorları içərisində "may" sözündə özünü göstərən qənaət prinsipi də xüsusilə yığcamlaşmasına görə daha çox diqqəti cəlb edir. Belə ki, fikir "mən", "bir", "may" sözü vasitəsilə 3 bayram adını simvolizə edir. 1 May "Beynəlxalq Həmrəylik günü", 9 May "Qələbə günü", 28 May isə "Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma günü" kimi. Göründüyü kimi, bir vahid fikrin-may sözünün alt qatında kifayət qədər geniş struktura malik olan 3 bayram adı gizlənmişdir ki, pasiyent bu adlardan paradiqmatik şəkildə öz təsəvvüründə kontekstual – diktəsi nəticəsində dərk etmə gücü əldə edir.
Beləliklə, alim-şair, görkəmli ictimai-siyasi xadim, mahir pedaqoq, böyük el ağsaqqalı, müdrik insan Həsən Mirzəyevə istinad olunmuş şeir mətnlərində linqvistik qənaət prinsipinin linqvokulturoloji aspektləri qeyri-adi cazibədarlığı ilə diqqəti cəlb edir, insan duyğularına şüurun təsir gücü öz başlanğıcını digər leksik-semantikası və qrammatik göstəricilərdə olduğu kimi, qənaət edilmiş söz, ifadə, morfoloji göstəricilərdən də alır. Qənaət hadisəsi şeir mətninin istər semantik, istərsə də strukturunda kəmiyyət üstünlüyü təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
SORĞU - Ən çox hansı peşənin sahibləri kitab oxuyurlar? Bəs ən az?
MDB məkanında ən böyük ədəbiyyat platforması hesab edilən Litres Şirkətlər Qrupu olduqca maraqlı bir araşdırma aparıb. Onlar ən çox hansı peşənin sahiblərinin kitab oxuduqlarını müəyyənləşdiriblər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
“Qızıl” kateqoriyasını ən sadiq kitabsevərlər təşkil edirlər ki, burada təhsil və elm sahəsində çalışanlar təmsil olunurlar -onların 11%-i ildə 20-dən çox kitab oxuyur və ya kitab audio versiyasını dinləyirlər.
"Gümüş" kateqoriyasında mühasiblər və maliyyəçilər (10%) yer alıblar. Ticarət sahəsinin nümayəndələrindən" bürünc " (6,4%) kateqoriyası formalaşıb.
Ən çox kitab oxuyan peşələrin reytinqinin ilk beşliyinə həmçinin İT-mütəxəssisləri (6,1%) və tibb işçiləri (6%) daxil olublar.
“Tədqiqatın nəticələrinə əsasən, təhsil və elm sahəsinin nümayəndələri daha çox psixologiya və motivasiya kitablarına, mühasiblər və maliyyə mütəxəssisləri sevgi romanlarına, ticarət sahəsinin nümayəndələri əsasən macəra nəsrlərinə maraq göstərirlər. İT sahəsinin əməkdaşları fantaziya və fantastik romanlara qarşı həssasdırlar, həkimlərin isə ən populyar janrları detektivlərdir”,-deyə araşdırmada bildirilir.
Rəyi soruşulanların 90% - dən çoxu qeyd edib ki, ədəbiyyat onlara peşəkar fəaliyyətdə kömək edir və mənəvi durumlarına müsbət təsir göstərir: respondentlərin 18% -nin fikrincə, kitablar erudisiyanı artırmağa və həmkarlarla söhbəti dəstəkləməyə imkan verir, 16% oxu vasitəsilə streslə mübarizə aparır, 15,2% isə çevik yaradıcılıq və emosional intellekt bacarıqlarını inkişaf etdirir.
Bununla yanaşı, ədəbiyyatla ən az istehsalat və aqrar sənaye sahələrinin əməkdaşları maraqlanırlar - bir il ərzində onların arasında rəyi soruşulanların 11% -i bir dəfə də olsun kitab üzü açmayıblar. İkinci yerdə tikinti sahəsinin nümayəndələri (9,8%), ardınca isə nəqliyyat sahəsinin mütəxəssisləri (8,4%) gəlir. Oxumayanların beşliyini mühafizə əməkdaşları (5%) və inzibati heyət (4%) qapayır.
Qeyd edək ki, araşdırmada 2,5 mindən çox respondent iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Allahın kolleksiyaları – İLHAMƏ NASİRİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə İlhamə Nasirin hekayələri təqdim olunur. İlk olaraq “Allahın kolleksiyaları” adlı hekayə ilə tanış olacaqsınız.
Uşaqlıqdan, yəni özümü xatırlayandan beləyəm. Kimdə bir balaca uyğunsuzluq görmüşəmsə, ondan uzaq durmuşam. Heç vaxt özümü həmin uyğunsuzluğa adaptasiya edə bilməmişəm. Ona görə də dostsuzluqdan əziyyət çəkmişəm. Yadımdadır, birinci sinfə gedəndə bir qızla dostluq etməyə başladım. Mənə valideynlərindən bəhs edəndə belə bir dialoqumuz oldu:
– Bilirsən, atamın boyu nə boydadır?
– Nə boyda?
– Laaaap hündür, 5 metr...
– O ağac boyda olar? – həyətdəki şam ağacını göstərdim.
– Ondan da hündür.
Evə gələndə bütün günü qızın atasını təsəvvür etməyə başladım. Onun yerişini, qapıdan içəri girməyini, masa arxasında oturmağını, çarpayıda uzanmağını. Ən maraqlısı isə bu idi ki, qızını qucağına alıb göyə qaldırsa, dünyanı büsbütün görə biləcəkdi. Qəribə gəlsə də, inanmışdım qıza. Adam niyə yalan danışsın ki? Elə deyirsə, deməli, elədir! Bilmirəm bu cür qəbul etməyim aldığım tərbiyədən idi, yoxsa yaradılışımdan. Tərbiyə deyəndə ki, mən buna tərbiyə deməzdim, rejim deyərdim. Bəli, bizim evdə ciddi rejim hökm sürürdü. Uşaqlıq azadlığını, ərkəsöyünlüyünü əlimizdən alan rejim.
Nə isə... Bir gün atası gəlib qızı məktəbdən götürəndə gördüm boyu mənim atamın boyundan da qısadır. Çox sarsıldım. Ən azından maraqlı təsəvvürlərimi itirdim. Elə həmin gün o qızdan uzaq durdum. Bundan başqa, müəllim dərs soruşan vaxt kimsə “başım ağrıyır” deyib ağlayanda ona yazığım gəlib üzülməyim. Sonradan məlum olurdu ki, dərsini bilmədiyi üçün elə edirmiş. Başqalarını da saydıqca saymaq olar. Bu kimi şeylər məni tənhalaşdırırdı. Ağlım kəsəcək dərəcədə özü-özlüyümdə Allah babaya şikayət edirdim. Əslində, olanlar normal şeylər idi, yəni uşaq ağlı. Amma mən də uşaq idim axı. Elə bu xarakterimlə, bu yanaşmamla, bu cür uyğunsuzluqlarla, narazılıqlarımla və ən əsası, bu “səyliyim”lə birgə böyüdüm. Düzdür, indi narazı qaldıqlarım fərqli idi və çoxunun da mənə ziyanı yoxuydu. Məsələn, şit-şit deyib, gülənlər, özlərini “qaqaş” kimi aparan qadınlar, arvad kimi aparan kişiciklər, diqqət çəkmək üçün artistlik edənlər və o artistliklərə də artistlik edib inananlar, özlərini yazıqlığa vuranlar, saxtakarlar, hamam suyundan dost tutanlar, işlərini keçirtmək üçün əyilənlər, sınanlar, nə bilim, nələr, nələr... Bunların mənə nə ziyanı vardı ki? Di gəl, nə olsun, görəndə qıcıq olurdum, əsəbiləşirdim. Yenə axşamlar yuxuya getməzdən əvvəl eyni şikayəti edirdim: “Ay Allah, belə mənasız adamları nə məqsədlə yaratmısan?” (böyümüşdüm deyə, ta baba demirdim) Axır, bir gün bezdim, kənardan durub özümə tamaşa elədim. Gördüm nə? Sən demə, bütün problemlər məndəymiş. Əlimi göyə tutub nə təhər bağırdımsa, elə bildim, tavan deşildi. Dedim, ay Allah, belə qəliz adamları, səyləri niyə yaratmısan axı?
Təzəcə yuxuya getmişdim ki, gördüm tavanın həmin deşiyindən bir əl uzanıb, yapışdı yaxamdan. Dedi, “A bala, nədir, nə istəyirsən? Sənin mənim kolleksiyalarımla nə işin var? Niyə ölmürsən öldüyün yerdə? Yaratdığım gündən canımı yığmısan boğazıma”. Dedim, onda yerimi dəyiş! Dedi, cəzalısan, səni ömrünün axırına qədər bu mühitdə, bu şəraitdə, bu ətrafda saxlayacağam. Bir də səsin çıxsa, səni albomumun bundan da betər nümunələr olan vərəqinə yapışdıracam.
Daha hər şeylə razılaşmışam. Dinmirəm, danışmıram, nəyimə lazımdır!? Məsələn, indi nağıl edəcəyim hadisə. Qoy öncə bunu deyim, sonra nağıl edərəm. – “Ay Allah baba, başına dönüm, şikayət etmirəm ha, elə-belə dostlarla söhbətləşirəm”.
Hə, deməli, illər öncə Binəqədidə həyət evində yaşayırdım. Onda oğlum balacaydı. Qonşuluqda Gülüm adında bir gəlin kirayədə qalırdı. Dolu əndamlı, parıltılı, toppuş sifətli, qonur, uzun saçlı, xoş simalı bir qadın idi. Hələ yeriyəndə arxasını qəribə bir əsdirməyi vardı. Bilmirdim, özü elə edirdi, yoxsa yaradılışdan eləydi. Əri haqqında müxtəlif fikirlər deyirdi. Gah deyirdi, ərim narkomandır, qızıllarımı oğurlayıb qaçıb, gah deyirdi, ərim başqa qadına qoşulub gedib, gah da deyirdi, ərim Rusiyada itkin düşüb. Hamısına da inanırdım.
Bir qızı vardı, haradasa, mənim oğlumla yaşıd. Günü bizdə keçərdi. Oğlumla pleysteyşın oynayardılar. Yatandan-yatana evlərinə gedərdi. Üst-başı həmişə çirkin içində olardı. Arada oğlumun paltarlarından ona geyindirib, özününküləri maşına atıb yuyurdum. Anası Gülüm də bizə gəlib-gedəndən sonra gərək iki gün qapı-pəncərəni açıq qoyasan ki, iyi evdən çəkilə. Uzun saçlarından yağ damırdı. Qonşular hər onu görəndə danlayırdılar ki, cavan gəlinsən, özünə fikir ver. Elə mən özüm də bir neçə dəfə tərifləyə-tərifləyə, üstüörtülü məzəmmət etmişəm. Ən azından “başını yu” deyirdim. Çünki özüm baş yumaq kimi bir alışqanlıqdan əziyyət çəkirdim. Başım yuyulmamış darvazadan bayıra çıxa bilmirdim. Arada özümü Əfliqaya da oxşadırdım. Əfliqanın 70 yaşı olsa da, heç vaxt ailə qurmamışdı. Yəni qız qarımışdı. Amma ümidi yaşlanmaq bilmirdi. Qapıları döyülən kimi tez qaçıb başını yuyardı. Elə bilərdi ki, gələn elçilərdir. Yaş saçını dümdüz ortadan ayırıb arxadan kip bağlayardı. Stulu altına çəkib başını aşağı salar, gözlərini qırpa-qırpa bir müddət elə oturardı. Sulu saçı kürəyini islatdığından tez-tez qulunc olardı. Peşman idin evlərinin yanından keçməyə. Çağırıb belini ovxalatdırardı.
Nə isə... Bir dəfə başımı yuduğuma görə özüm özümü danlayırdım. Bu vaxt Gülümün qızı qayıtdı ki, xala, sən də mamam kimi elə da. Dedim, necə, qızım? Dedi, mamam saçını dibdən qırxdı, deyir, yumaqdansa belə yaxşıdır. Məəttəl qaldım. Daha doğrusu, inanmadım. O cür saça qıymaq olardı? Darvazadan çıxanda gördüm Gülüm başında kepka, bizə tərəf gəlir. Dedim, ay qız, hanı sənin saçların, niyə qırxdın? Kövrəldi, qoluma girib bir az kənara çəkdi.
– Keyfimdən qırxmamışam e, bacı, siz bilmirsiniz, heç kimə deməmişəm, bəs mənim “xərçəng” xəstəliyim var, – dedi.
Bıy dədə, yer-göy başıma uçdu. Nə hala qaldım, Allah bilir. Bir də gördüm Gülümün iri gövdəsinə nətər yapışıb, qucaqlamışamsa, məni özündən qopara bilmir. Ha itələyir, özündən ayırammır.
Sonra xəbər yavaş-yavaş qonşulara da yayıldı. Hər gün bir dəstə qonşu yığışıb, bazarlıq edərdik, pay-pürüşlə gedərdik Gülümgilə. Darvazalarının ağzına qədər ağlaşardıq, sonra gözümüzü silib, yalandan gülə-gülə girərdik içəri ki, eynini açaq. Hərə bir iş görürdü. Kimi yeməyini bişirərdi, kimi qab-qaşığını yuyardı, kimi evi təmizləyərdi, mən də ütüləmə işinə baxardım. Alt paltarlarına qədər ütüləyib qatlayardım. Alt paltarı da ki elə bil toy çadırı idi. Ütünü bu başından o biri başına aparanacan canım çıxırdı. Aylarla qalaqlanmış zibilini də atıb dağılışardıq evə. Birimizin də huşu kəsmirdi ki, həkimin yazdığı reseptə baxaq, köməyi bu sahədən edək. Hələ mənə ən məsuliyyətli və vacib iş də tapşırmışdılar – ərini tapmaq. Heç olmasa uşağına sahib çıxsın. Deyirdilər, sənin ətrafın genişdir, maraqlanıb tapa bilərsən. Mən də hər gün evdə məşq edirdim, görüm o xəbəri necə deyə biləcəm ona. Gah kövrəlirdim, gah hönkürürdüm. Hələ arada başıma kələğayı da atırdım.
Bir gün qonşulardan biri dedi ki, vallah, Gülümü parkda bir kişi ilə ələ-ələ tutub gəzən gördüm. Başqa biri dedi, Gülüm bir maşında qabaqda oturub harasa gedirdi. Sonra biri dedi, gecələr Gülümgilə bir kişinin gəlib-getdiyini özüm görmüşəm. Belə-belə qonşularda ona qarşı bir soyuqluq yarandı. Görəndə yollarını da dəyişirdilər. Gülüm də ağını çıxartmışdı. Ta heç kimi saymırdı. Abır-həya etmədən lopabığ kişini yanına salıb məhəllə marketinə girirdi. Nə vaxt da baxırdın, ağzı işləyir. Gündən-günə də şişib, əndazədən çıxırdı. Balaca burnu, incə dodaqları şişman ovurdlarının arasında itib-batmışdı. Özü də etdiklərinin fərqindəydi deyə, qonşuların soyuqluğuna əhəmiyyət vermirdi. Bir dəfə uşağı bizə ötürəndə tutdum onu. Dedim, ay Gülüm, sən niyə bu qədər kökəlmisən, az ye da. Yenə qoluma girib, məni kənara çəkdi.
– Elə bilirsən keyfimdən kökəlmişəm? Məni “xərçəng” bu hala salıb, – kövrəldi.
Yenə eyni şey baş verdi. Möhkəm qucaqlayıb, tərinin qoxusunu ciyərimə çəkdim.
Qonşulara hay saldım. İndi hərə öz gördüklərini başqa səmtə yozdu. Son nəticə belə oldu ki, yazıq Gülüm ömrünün sonlarını yaşayır deyə, bütün tanış-bilişlə, qohum-əqrəbayla isti münasibət saxlayır ki, ona bir şey olsa, kimsə uşağına yiyə çıxsın. Yenə pay-pürüş və Gülümün evi. Bir gün hay düşdü ki, Gülüm qoşulub bir nəfərə qaçıb. İndi ev yiyəsi axtarır, tapa bilmir ki, aylarla yığılan kirayə pulunu alsın.
İllər keçdi, Gülümdən heç bir xəbər olmadı. Mən özüm də şəhərə köçəsi oldum deyə, Binəqədi ilə əlaqəm kəsildi. Bu yaxınlarda marketdəydim. Kassada işləyən gənc qız diqqətimi çəkdi. Qaşının üstündəki iri, qara, aypara şəklində xalı məni özünə cəlb elədi. Həm də siması çox doğma gəldi. Yaxınlaşıb, “sən Gülümün qızısan?” – soruşdum. Diqqətlə üzümə baxıb, “bəli” dedi. Ürək eləmədim anasını soruşmağa. “Bir dəqiqəlik vaxtını mənə ayıra bilərsən?” – soruşdum. Kassanı yanındakı qıza tapşırıb bayıra çıxdı. Dedim, qızım, mən filankəsəm, yadına gəlir? Üzünə eynən balacalığının təbəssümü qondu. Qucaqlaşıb görüşdük. Yavaşca “maman” deyib dayandım. Bu dəfə təbəssümünü şıltaq bir gülüşə dəyişib, “eh xala, mamamı görsən, tanımarsan, mədəkiçiltmə əməliyyatı elətdirib, olub incə-mincə bir qız” – dedi. Dərindən nəfəs aldım. İçimə səs salacaq bir “şükür” pıçıldadım. Sonra “bax bu binada qalırıq” barmağı ilə bizim binanı göstərdi.
Bəlkə də, Gülümlə nə qədər rastlaşmışıq. Amma necə tanıya bilərdim axı? Həm burada yaşamağı ağlıma gəlməzdi, həm nə qədər illər keçib, həm də arıqlayıb dəyişib.
Həmin gündən gözlərim hər yerdə onu axtarmağa başladı. Ən azından xırıltılı səsindən, yerişindən, dünyaya laqeyd baxan gözlərindən tanıyardım. Bir gün səhər işə gedəndə gördüm məndən öndə incə bir xanım gedir. Arxadan armudu stəkana oxşayır. Ombasının “vibrasiya”sından tanıdım. Hə, bu, Gülüm idi. Nə qədər arıqlasa da, ombasının həcmi yerindəydi. İxtiyarsız “Gülüm!” çağırdım. Dayanıb geri baxanda çaşdım. Az qala bir-birinə yapışan ovurdları, qabarıq alma sümükləri, ağ iri dişləri, dişlərini örtməyə gücü çatmayan şişirdilmiş dodaqları Gülümün ola bilərdimi? Yəni özünü kəndçimiz çoban Tapdığın yabısına necə oxşada bilər bizim bu Gülüm?
Yadımdadır, yabı arıqlayıb yararsız olduğundan Tapdıq kişi açıb örüşə ötürmüşdü ki, gedib harada canını tapşırır, tapşırsın. Yabı da nə ölən kimi ölürdü, nə də qalan kimi qala bilirdi. Eləcə gəlib müqəvva kimi bulağın başında durub dişlərini ağardırdı. Uzaqdan ağaran dişlərini görəndə elə bilirdin, yoldan gəlib keçənlərə, su daşıyanlara, eləcə dünyanın gərdişinə baxıb gülür.
İndi bu Gülüm də eynən həmin yabı kimi gülürdü, dişlərini bağlaya bilmirdi. Amma gözlər, laqeyd baxışlar yerində idi, dəyişməmişdi. Bir müddət dayanıb bir-birimizə baxdıq. Görünür, o da yaddaşını format edib, məni xatırlamağa çalışırdı. Bəlkə də, “tanımamaq” üçün yollar fikirləşirdi. Baxma, Binəqədidə iz qoyub qaçmışdı. Gülümsəyib, “bu nə gözəllikdir, ay Gülüm, barbi kimi qız olmusan!? deyib, üzərinə getdim. Səmimiyyətim planını pozdu, deyəsən. Qucaqlayıb görüşdü mənimlə. Qəfil ağlına nə gəldisə, yenə qoluma girib, kənara çəkdi məni: Eh, ay bacı, elə bilirsən keyfimdən arıqlamışam? Xərçəng məni bu günə qoyub, – səsini titrətdi.
Bıy dədə, bu dəfə cin təpəmə nə təhər vurdusa, istədim tutum onun “xərçəng”indən küçə boyu sürüyüm. Tez özümü cəmləyib, üzümü göyə tutdum. Dedim qələt eləyirəm, ay Allah, mən kiməm ki, sənin kolleksiyalarına qarışam. Sənə də qurban olum, kolleksiyana da. Bir də baxdım xeyli kənardan Gülümün səsi gəlir:
– Səylərinə şükür, Xudaya!
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
UĞUR QAZANMAQ ÜÇÜN reklamın faydası
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Mütləq bu bölmədə ümumən reklam işindən də danışmağımız məqbul olar. Nəzərdən qaçırmayın ki, hər hansı sahədə uğur qazanmaqçün mütləq yaxşı reklam olunmaq lazımdır. İri kompaniyalar hər il imic reklamına milyonları hədər yerə xərcləmirlər ki. İri kompaniyaları bir kənara qoyaq. Hər bir sahədə çalışan sənətkarın, istər dərzi, modelyer olsun, istər aşpaz, qənnadıçı olsun, istər bənna, dülgər olsun, fərqi yoxdur, müştəri qazanmaqçün reklama ehtiyac var. Daha çox pasiyent arzulayan həkim, daha çox öyrənci axtaran repetitor-müəllim, daha çox kitab satmaq istəyən yazıçı, daha çox populyarlıq əldə etməyə can atan müğənni, daha güclü kluba keçmək istəyən futbolçu, seçkilərdə qalib gəlmək istəyən siyasətçi, bir sözlə, hamı-hamı yaxşı reklam olunmaqda maraqlıdır.
Reklam sözü «rechama» latın feilindən yaranıb, qışqırmaq kimi tərcümə olunur. Doğrudan da, sənin reklamın sənin barəndə qışqırmalı, diqqətləri cəlb etməlidir. Reklama ümumiləşdirilmiş bir tərif versək isə belə bir cümlə alarıq: Reklam – informasiyanın yayılmasına xidmət edən bir marketinq – kommunikasiya istiqamətidir.
Reklamın ən geniş yayılmış növləri aşağıdakılardır:
- istehlak reklamı;
(məhsulun, brendin istehlakçı üçün dəqiq obrazını yaratmağa xidmət edir)
- ünvan-məlumat reklamı;
(istehlakçı hansısa məhsulu haradan almağı, hansısa xidmətlərin harada göstərildiyini öyrənir)
- imic reklamı;
(ictimaiyyətin daim diqqətində olmaq, cəmiyyət tərəfindən tam tanınmaq)
- ictimai reklam;
(hər hansı aparıcı, pozitiv cəhətin reklamına yönəlmiş mesaj)
- biznes reklam;
(istehlakçıya deyil, distribüterlərə, sənaye alıcılarına, peşəkarlara yönəlmiş, bazarın bütün iştirakçılarının maksimum məlumatlandırılmasına xidmət edən mesaj)
- siyasi reklam;
(bu və ya digər siyasi cərəyana səs vermək üçün elektoratın cəlb edilməsi).
Hər hansı sahədə uğur qazanmaqçün reklama müraciət edən şəxs mütləq reklamın əlifbasını bilməlidir ki, həm az xərci çıxsın, həm də çox fayda qazansın.
Hazırda dünyada ən geniş yayılmış reklam növü kütləvi infonrmasiya vasitələrində reklamdır.
- Televiziya reklamı (bura hər hansı proqram zamanı reklam fasiləsində gedən reklam blokuna daxil edilmiş videoçarx, gəzən sətir reklamı, eləcə də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Radio reklamı (bura həm audioçarxlar, həm də aparıcının şifahi söylədiyi mətn aiddir)
- Çap reklamı (bura mətbuatda gedən reklam materialları, müxtəlif broşürlar, vərəqələr, vizitkalar və s. aiddir)
İnternet-reklam (sayt və bloq reklamları, sosial-şəbəkə reklamları, videoreklamlar, bannerlər, piksel reklamı və s. aiddir).
Digər reklam növləri bayır (autdoor-reklam) və iç (indoor-reklam) reklamlarıdır ki, bunlardan da birinciyə açıq havada yerləşdirilmiş daimi, yaxud stasionar konstruksiyalardakı, binaların, nəqliyyat vasitələrinin üzərindəki reklamlar, ikinciyə isə qapalı yerdə, xüsusən ticarət mərkəzlərində, biznes mərkəzlərdə və vağzallarda, mədəniyyət, idman müəssisələrində yerləşdirilmiş reklam lövhələri aiddir.
Mogna Global kompaniyasının Avropanın reklam bazarının 2016-cı il reytinqinə diqqət etsək, bu sahədə astronomik həddə pulların dolaşdığından xəbər tutarıq.
5. İspaniya 6,03 milyard dollar
4. İtaliya 8,74 milyard dollar
3. Fransa 11,82 milyard dollar
2. Almaniya 22,29 milyard dollar
1. B.Britaniya 23,66 milyarjd dollar
Dünya üzrə isə liderlər aşağıdakı ölkələrdir:
3. Yaponiya 37,68 milyard dollar
2. Çin 80,24 milyard dollar
1. ABŞ 190,83 milyard dollar
Ümumən dünya reklam bazarının hazırkı həcmi təqribən 600 milyard dollara bərabərdir. Razılaşın ki, bu, olduqca böyük rəqəmdir.
Əgər siz öz fəaliyyətinizi reklam etdirməyə ehtiyac duyursunuzsa, onda mütləq nəzərdən qaçırmayın ki, dünya İnformasiya Telekommunikasiya Texnologiyalarının inkişafı xəttinə yönəlib, odur ki, brendlə, məhsulla, xidmətlə istehlakçı arasında hazırda əsas innovasiya drayveri rəqəmsal (digital) hesab olunur. Bu sahə, artıq əsas media sahəsi olaraq reklam investisiyasının həcminə görə televiziyanı üstələməkdədir. Saytlar, sosial şəbəkələr, bütün onlayn-video daşıyıcıları – bunlar sizin reklamınız üçün ən ideal vasitələrdir.
Unutmayın, reklama xərclənən hər bir manatınız sizə azı iki manat xeyir gətirməlidir.
Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir:
- nəzərdə tutulan auditoriya;
- reklam mətninin özü;
- reklam kanalı.
Siz biznesiniz üçün lazım olan auditoriyanı düzgün seçməli, reklam mətnini qüsursuz hazırlamalı, ən nəhayət, ən effektiv reklam növü seçməlisiniz.
İlk baxışda, lazımi auditoriyanı seçə biləcəyinə hər kəs özündə bir əminlik hiss edir. Amma, məsələ düşünülən qədər asan deyil. Sizə bir sual verim. Tutalım, avtomobil almaq istəyirsiniz, özü də məlum bir kompaniyanın avtomobilini. Sizə hansı məlumat-reklam guşəsi cəlbedici gələcək: bütün avtomobillərin satılmasından bəhs edən, yoxsa konkret siz arzuladığınız kompaniyanın avtomobillərindən bəhs edən? Əlbəttə sizi ikinci cəlb edəcək.
Hər hansı xəstəlikdən, məsələn, ostraxondrozdan əziyyət çəkən xəstə ümumi terapevt həkimin reklamını görub onun yanına təşrif buyurar, yoxsa məhz ostraxondroz üzrə mütəxəssisin? Təbii ki, ikincinin.
Unutmayın. Reklamda maksimal effekt əldə etmək üçün çalışın onu konkret auditoriyaya ünvanlayasınız. Auditoriya kiçildikcə reklam effektivliyi artacaq. Hətta siz, maksimum effekt qazanmaq üçün reklam ünvanladığınız auditoriyanı süni şəkildə kiçildə də bilərsiniz. Məlum bir şirkət istehsal etdiyi kondisionerə «Yalnız VİP müştərilər üçün!» yarlığını yapışdırıb kifayət qədər uğur qazanırsa, yaxud bir başqa şirkət avtomobillərinə «İndi hətta yoxsullar da avtomobil sürəcək» tipli reklam kampaniyası apararaq inanılmaz satış həcmi əldə edirsə, demək, bu dediyimiz müddəa sınanılmış müddəadır.
Reklam mətnini hazırlayanda da bir neçə vacib şərtə əməl etməyiniz zəruridir. İstehlakçı sizin təklif etdiyiniz məhsulla razılaşanda, unutmayın ki, özü-özünə suallar verir. Bax reklam mətninizdə o, bu suallara
cavab tapmalıdır.
1. Sual: Mən niyə bu məhsulu almalıyam?
Cavab: Çünki bu məhsul münasib qiymətədir, daha keyfiyyətlidir və s.
2. Sual: Mən niyə bu şirkətin məhsulunu almalıyam?
Cavab: Bu şirkət illərdir ki, bazardadır, müsbət imici, mükafatları var və s.
3. Sual: Mən niyə bu məhsulu məhz indi almalıyam?
Cavab: Endirim kampaniyası keçirilir, stimullaşdırıcı lotereya keçirilir, indi alsanız bir il pulsuz servis təklif olunur, məhsullar məhdud saydadır və s.
Reklam mətnində şəklin effekti çox böyükdür. İllüstrasiyalar daha çox diqqət cəlb edir və reklama inamı daha çox artırır. Maraqlı bir fakt deyim. Sosial şəbəkələrdə yazılan adi statusla şəkilaltı statusun oxunma sayı arasında azı 3-4 dəfə fərq var, bilirsinizmi?
Və ən nəhayət, potensial istehlakçını cəlb etməkçün yazılı reklamın başlığı uğurlu olmalıdır. Başlıq çox şeyi həll edir. Bir neçə variant düşünüb onun ən yaxşısını seçməlisiniz. Eləsini seçməlisiniz ki, istehlakçının yaxasından yapışıb onu özünə çəksin.
Video reklamda isə başlanğıc uğurlu olmalıdır. Elə bir başlanğıc düşünməlisiniz ki, cəmi 3-4 saniyəyə diqqəti cəlb etməyi bacarsın.
Və ən nəhayət, «hansı reklam növünə üstünlük verim» sualı ilə baş-başa qalarkən də ötəri qərar verməməlisiniz, xeyli düşünməli, saf-çürük etməlisiniz. Sizin potensial müştərilər daha çox hansı saatda asudə vaxt əldə edə bilir? Onlar nəyə baxır, nəyi dinləyir, nəyi oxuyurlar? Hansı portallara, sosial şəbəkələrə daha çox vaxt ayırırlar? Bu sualların hər birinin cavabı sizin reklam kampaniyanızı daha da uğurlu məcraya yönəldəcək.
Bəs hansı reklam növü məhz sizin profil üçün daha effektlidir? Küçə reklamımı, televiziyamı, internetmi?
Məsələn, «Hamıya yaxşı şərtlərlə kredit verilir» reklamını verib heç bir fayda əldə edə bilməyən bir tanıdığım bank yayda məzuniyyətə getmək istəyənlərə, payızda toy etmək istəyənlərə, qışda ev əşyaları almaq istəyənlərə , yazda evini təmir etmək istəyənlərə ayrıca kredit təklifi verməklə dördqat fayda ala bildi.
Kitab satışı ilə məşğul olan şəbəkə «ən yaxşı kitablar bizdə» formasında reklam kampaniyası aparsa, sizcə nəyəsə nail ola bilərmi? Amma, tutalım, sevgi romanı arzulayanlara ayrıca Nikolas Sparksı, Frederik Beqbederi, yaxud Mark Levini, detektivsevənlərə Fillis Doroti Ceymsi, Keyt Atkinsonu, yaxud Çingiz Abdullayevi təklif etsələr faydasını dərhal hiss edərlər.
İndi isə düzgün reklam taktikası qurmağın və effektiv nəticə əldə etməyin qabaqcıl təcrübəyə əsaslanmış yollarına diqqət yetirin:
- çalışın reklamınızda cəmi bir aspektə diqqət yönəltməyin, reklam olunan tam obraz kimi auditoriyanın qarşısında dayansın;
- reklam ideyanız çox sadə və asan anlaşılan olsun;
- istehlakçının etibarını qazanmaq üçün mütləq öz reklam etdiyiniz məhsulun, xidmətin rəqiblərin təklif etdikləri məhsul və xidmətdən üstünlüyünü göstərməyi bacarmalısınız.
Sizə uğurlar!
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
ÖTƏN İL BU GÜNLƏRDƏ Türk Dünyasında TÜRKSOY-un 30 illik yubileyi təntənə ilə qeyd olundu
Könül, “Əədbiyyat və incəsənət”
Ötən ilin bugünkü günlərində baş verən hadisələr içindən bu dəfə sizlər üçün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaradılmasının 30 illiyinin üzv ölkələrdə qeyd olunması törənlərini seçdim.
Türk Dünyasının ilk beynəlxalq təşkilatı, türk xalqlarının mədəniyyət və incəsənətinin ortaq çətiri olan TÜRKSOY-un yaranmasının 30-cu ildönümü təşkilata üzv ölkələrin ev sahibliyi ilə müxtəlif tədbirlərlə qeyd edilməklə bir bayram ovqatı yaratmışdı.
TÜRKSOY-un yaradıcı ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin sənətçilərinin iştirak etdikləri tədbirlər iyunun 9-da Qazaxıstanın paytaxtı Almatıda, iyunun 13-də Qırğızıstanın paytaxtı Bişkekdə, iyunun 18-də Özbəkistanın paytaxtı Daşkənddə, iyunun 26-da Türkmənistanın paytaxtı Aşqabadda keçirildi.
Sual edəcəksiniz ki, bəs Bakı və Ankara niyə tədbirlərə evsahibliyi eləmədi. Cavab sadədir. Rəsmi şəxslər, nümayəndə heyətləri, musiqi qrupları coğrafi ərazicə qonşu olan 4 Orta Asiya ölkələrində iyirmi gün davam edən tədbirlərdə ardıcıl qatıldılar, Azərbaycan və Türkiyə başqa coğrafiyada olduğu üçün onların tədbirlərə evsahibliyi etmələri məqsədəuyğun sayılmadı. Bu da təbiidir. Onsuz da TÜRKSOY-un əksər tədbiri Türkiyədə və Azərbaycanda keçirilir.
TÜRKSOY-un 30 illik yubileyi çərçivəsində təşkil edilən TÜRKSOY Mədəniyyət Günləri xəbər verdiyimiz kimi iyunun son günündə Aşqabadda keçirilən konsertlə başa çatdı.
Mahtumqulu Firaki adına Dram Teatrında baş tutan konsertdə Türkmənistan Dövlət Simfonik Orkestri, Türkmənistan Dövlət Xorunun və Türk dünyasının müxtəlif ölkələrindən opera sənətçiləri iştirak edirdilər.
Tədbirin əvvəlində TÜRKSOY-un baş katibi Sultan Raev TÜRKSOY-un işinə və Türk Dünyasında əməkdaşlığa töhfə verən insanlara TÜRKSOY-un 30 illik yubiley medallarını təqdim etdi.
Möhtəşəm bir atmosfer var idi.
Türk xalqlarının bu birliyi gələcəyin türk dövrü olmasına əsl zəmin hazırlamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Şəhidlər barədə şeirlər - Ətraf Qənimətov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ətraf Qənimətov
Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyə"də əldə etdiyi naliyyətə görə "Fəxri Fərman"la təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORMULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir.
Azərbaycan Ordusunun Quru Qoşunlarının leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzuli döyüşlərində şəhid olub. Şəki rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzuli Uğrunda" medalı ilə təltif edilib.
Hanı, cənab leytenant,
Hanı nişan üzüyün?
Barmağında od tutub,
O alışan üzüyün?
Dedilər ki, vətəndi
Və yardı, birini seç.
Seçim etmək səninçün
Çətin olmadımı heç?
Hamımız var olarıq,
Nə qədər ki, vətən var.
Bilirəm ki bilirsən,
Yar vətəndi, vətən yar.
Bu sevginin sirri nə,
Kəşfiyyat müəllimi?
Nə topladın, nə çıxdın,
Riyaziyyat müəllimi?
On yeddi gün başqadır,
Darıxmaq sırasında.
Şəhid olmağın ilə
Məzarın arasında.
Məzarında həsrətdən,
Gül də solmaq istəyir,
Sən nə gözəl şəhidsən,
Adam sənə baxanda,
Şəhid olmaq istəyir.
Yenə hava soyuqdu,
Üzü dönüb bu qışın.
Qoy, öpüb qucaqlayım,
Üşüməsin başdaşın.
Birdə ki sinəndəki
Mərmi gözlüyü boyda...
Sənə medal veriblər,
Nişan üzüyü boyda.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib
İyulun 3-də paytaxtın Kapellhaus səhnəsində çilili dramaturq Pablo Manzinin “Barbarların yaşadığı yer” pyesinin təqdimatı olub.
AzərTAC xəbər verir ki, tədbirdə Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti və CHARACTERS Müasir Dramaturgiya Festivalının təşkilatçısı İsmayıl İman çıxış ediblər.
Ciankarlo Alberti bildirib ki, Azərbaycanda ilk dəfədir Çili ədəbiyyatına məxsus əsərin təqdimatı keçirilir. Bu baxımdan tədbir xüsusi əhəmiyyət daşıyır. O, həmçinin gələcəkdə Çili ilə Azərbaycanın mədəni sahədə əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Pyes iştirakçılara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən çatdırılıb. Əsərin oxunuşuna Rus Dram və “Yuğ” teatrının rejissoru Tural Mustafayev quruluş verib. Pyesin oxunuşundan sonra yaradıcı heyətin və tamaşaçıların iştirakı ilə müzakirələr aparılıb.
Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Mikayıl Mikayılov, teatrşünas alimlər Aydın Talıbzadə və Vidadi Qafarov oxunuş barədə öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Pablo Manzinin 2015-ci ildə yazdığı pyes müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur.
Pyesi ispan dilindən Azərbaycan dilinə İlahə Əkbər tərcümə edib.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
İntizar ədəbiyyatı - Hökumə Billuri, "Baxma"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ürəyim qan ağlar hər səhər axşam,
Sən həmişə gülən üzümə baxma!
Gözümdə, göz yaşı parlayar müdam,
Sən yanıb alışan gözümə baxma!
Səninlə sakitcə danışan zaman,
Sinəm bir dalğalı ümmandır, ümman.
Ürəyim pərişan, ruhum pərişan,
Sən gülən şerimə, sözümə baxma!
Dərdimi heç zaman üzə vurmaram,
Hər sözü söz edib, sözə vurmaram.
Birimi şişirdib, yüzə vurmaram,
Sən sadə onuma, yüzümə baxma!
Elin sevincidir sərvətim, varım,
Dağı dağ üstünə qoyar qollarım.
Dolaşıq, çarpazdır ömür yollarım,
Sən sadə görünən izimə baxma!
Demə ki, bir səhər ulduzum batar,
Sinəmdə, qəlbimdə min tufan yatar.
Yadları Vətəndən süpürüb atar -
Sən sakit görünən üzümə baxma!
Sonsuz arzulardır qonağın mənim,
Qartallar yurdudur oylağım mənim;
Vətəndən gələcək sorağım mənim,
Sən bezən ağrıyan dizimə baxma!
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Londonda keçirilən Golden Time Talent adlı onlayn müsabiqədə uğurla iştirak ediblər.
AzərTAC xəbər verir ki, müsabiqədə məktəbin fortepiano ixtisası üzrə təhsil alan Vll sinif şagirdləri Nurcan Cəfərova (müəllimi Zoya Səfərova), Xədicə Əhmədova (müəllimi Nərminə Əliyeva) ansambl ifası üzrə çıxış edərək Qran-Pri mükafatına layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mədəniyyət Nazirliyi ilə birgə seminarı, 3 gün sonra da Filarmoniyada əməliyyatı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bir xəbər diqqətimizi çəkdi. İyulun 1-də Mədəniyyət Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və nazirliyin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici seminar keçirildi.
Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə nazirliyin strukturuna daxil olan müəssisələrin rəhbər işçiləri və əməkdaşları iştirak edirdilər.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamının icrası ilə bağlı keçirilən tədbirdə mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət, maraqların toqquşması və digər mövzular üzrə çıxışlar dinlənildi. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva “Korrupsiya anlayışı, tarixi və təzahür formaları. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri”, idarənin prokurorları İlkin Babazadə və Kamil Kamilli isə korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və korrupsiyaya qarşı mübarizə metodları mövzularında məruzə ilə çıxış etdilər. İ.Babazadə Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumların fəaliyyəti və mədəniyyət sahəsinə xarakterik korrupsiya halları barədə vətəndaş ərizələri və qaynar xətt vasitəsilə daxil olan məlumatlardan söz açdı.
K.Kamilli ölkəmizdə bu sahədə həyata keçirilən Dövlət Proqramı və qanunvericiliyin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq təşəbbüslər, korrupsiyaya qarşı mübarizədə Milli Fəaliyyət Planı haqqında danışdı.
Diqqətə çatdırıldı ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin həm milli, həm də beynəlxalq səviyyədə gücləndirilməsi istiqamətində səylərini ən yüksək səviyyədə davam etdirəcək.
Həmin tədbirdə Dövlət Akademik Filarmoniyasının yüksək vəzifəli məmurları da iştirak edirdi. Və cəmi 3 gün sonra - dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirildi.
“Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”,- deyə Mədəniyyət Nazirıiyinin yaydığı məlumatda bildirilir.
Qəribə və olduqca maraqlı ardıcıllıq alındı, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)