Super User
“Salur Qazan və Aruz Qoca” - KAMAL ABDULLA
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə görkəmli ədib, Xalq yazıçısı Kamal Abdullanın “Gizli Dədə Qorqud" silsiləsindən “Salur Qazan və Aruz Qoca” essesini təqdim edəcəyik.
Dastan deyir ki, Aruz Qoca Salur Qazanın dayısıdır. Heç bir boyda biz bu qohumluq dərəcəsinin verdiyi imtiyazların biruzəsini görmürük. Bu informasiya son dərəcə adi təsvir səviyyəsində təqdim edilir. Bu qəhrəmanların bir-birinə münasibəti Dastanın aşkar qatında bu qohumluğa görə nə daha yaxın olur, nə də daha uzaq olur. Qohumluq amili münasibət qurmaq işində heç bir rol oynamır.
Amma Dastanın başqa bir gizli qatı da var. Salur Qazan ova getməyə hazırlşırkən Aruz Qoca ondan soruşur: elini-obanı qoyub gedirsən. Sası dinli Gürcüstan ağzına gedirsən. Ordun üstünə kimi qorsan?
Bəlkə də təhlilin sentimental (intim) tərəfi belə bir təxmin üçün əsas verir ki, Aruz Qoca bu sualı verərkən məhz özünü ordu başında görmək istəyir. Bu onun gizli niyyəti kimi qəbul edilə bilər. Salur Qazan isə təcrübəli Aruz Qocanı deyil, təcrübəsiz oğlu Uruzu evini qoruyan ordunun başına təyin edib ağır səfərə yola düşür. Salur Qazanın bu addımını Aruz Qocaya qarşı bir münasibət bildirişi kimi anlamaq olar.
Qədim əcdadlarımız da digər dünya xalqları kimi öz qədim tarixlərində matriarxat dönəmində yaşamışlar. Anaxaqanlıq kimi qəbul etdiyimiz bu dönəm qadınların cəmiyyət daxilində aparıcı mövqeyi ilə səciyyələnir. Bu dönəmin ən əsas göstəricisi Dastanın Müqəddimə hissəsində belə bir ifadə ilə öz təzahürünü tapır: "Oğul kimdən olduğun ana bilir". Məhz bu ifadə öz semantikası ilə ananın (qadının) cəmiyyətdə tutduğu əsas yerə aydın şəkildə işarə edir.
Ananın (qadının) rolu bu şəkildə başlayır və elə Dastanın bizə daha yaxın dövrünün məhsulu olan məqamlarında "Ana haqqı - Tanrı haqqı" ifadəsi ilə başa çatır. "Oğul kimdən olduğun ana bilir"dən "Ana haqqı - Tanrı haqqı" düşüncəsinə qədər gələn inkişaf yolu, əslində, matriarxatdan daha sonrakı patriarxat dövrünü kompressiyalaşmış (sıxılmış) şəkildə əhatə edən bir bədii modeldir.
Matriarxat dövründə "ana" və onun təmsil etdiyi mənəvi - genetik zümrənin nümayəndələri cəmiyyətdə (əslində, tayfada) xüsusi bir "nəvazişlə" dəyərləndirilir. Qədim dövrlərdəki münasibətlərdən birini ifadə edən belə bir anlayış var: avankulat. Bu, dayıya münasibətin adıdır. Dayı kultu deməkdir. Aydındır ki, bu anlayışın arxasında anaya itaət durur. Avankulat mtriarxatın ən bariz münasibətbildirmə göstəricilərindən biridir. Qədim cəmiyyətlərdə bu şəkildə dayı kultunun mövcudluğunu görə bilirik.
Aruz Qocaya bir dayı kimi münasibət, hətta onun faciəli şəkildə sonuncu boyda iki bacıoğlu (Salur Qazan və Qaragünə) tərəfindən amansızcasına öldürülməsi onu göstərir ki, Oğuz cəmiyyəti matriarxat dönəmidən artıq sıyrılıb çıxmaqdadır.
Sual edilə bilər: Aruz Qocanın suçu böyük idi. O, Qazanın sevimlisi Beyrəyi hiylə ilə evinə çağırmış, onu Qazana qarşı mübarizəyə dəvət etmiş, rədd cavabı almış və ölümünə səbəb olan qılınc zərbələri ilə yaralamışdır. Oğuz içinə ikitirəlik salmış, üsyan bayrağını qaldırmışdır. Ona görə də Salur Qazanın hətta döğma dayısına qarşı bu cür amansız hərəkəti anlaşılan deyilmi?!
Bu suala belə bir sualla cavab vermək olar. Bütün bunlara baxmayaraq matriarxat dövründə avankulata qarşı belə bir addım atmaq mümkün olardımı?! Yəqin ki, bu suala "yox" deməli olacağıq. Mifoloji təfəkkür belə bir faciəli sonluğa yol verməzdi. Ya da biz bu gün başqa bir strutur-semantik mikromətnlə üz-üzə qalmış olardıq.
Aruz Qocanın Dastanda təsvir edilən kimi nümayişkəranə (bizə görə - amansız, mətnə görə geridönməz) şəkildə məhv edilməsi (başının bədəndən ayrılması) Dədə Qorqudun Oğuz cəmiyyəti üçün nəzərdə tutulmuş həyat dərslərindən biri kimi diqqəti cəlb edir. Cəmiyyətin Dədə Qorqud dərslərinə ehtiyacı var idi və ulu ustad cəmiyyətin inkişafı naminə bu dərsləri bir-bir, usanmadan cəmiyyət üzvlərinə təqdim edirdi.
Dayı kultundan (avankulatdan) uzaqlaşmaq, düşünürük ki, qədim cəmiyyətin ilk növbədə fiziki gücünü təmin edə bilən reallıqlara üz tutmaq demək idi. Və cəmiyyət üzvü bu şəkildə dayı qəzəbindən, ana qəzəbindən azad olmağa hazırlanırdı. Bu bir keçid dönəmi idi və Dastan bu keçid dönəmini məhz bu şəkildə modelləşdirirdi.
"Bacıoğlu-dayı" münasibətlərinin dərininə, Dastandakı gizli məqamlarına keçmək istəyiriksə, onların ayrı-ayrılıqda bəzi səciyyələrinə bir daha nəzər salmaq lazımdır. Bu nəzər nöqtəsi bizə qəhrəmanlarda indiyə qədər görmədiyimiz bəzi cəhətləri üzə çıxarmağa imkan verir.
Salur Qazandan başlayaq. Bəylərbəyinin bir sıra düşünülməmiş hərəkətləri Oğuz tayfaları üçün əməlli-başlı təhlükəli məqamlar yarada bilər deyə düşünürük. Misal üçün "Bəkil oğlu İmran" boyuna müraciət edək.
Bəkil Oğuzun sərhəddini qoruyan bir qəhrəmandır. Bayındır Xanın sərhəddə bu missiyanı həyata keçirmək təklifini Oğuz bəyləri içindən təkcə o qəbul etdi. Onu Oğuzda ağırlamağı, zəhmətinə və xidmətinə qarşılıq olaraq isti-ilıq münasibət bildirməyi Oğuz bəyləri özlərinə borc bilir.
Bəylər Bəkili ova dəvət edirlər. Onlar Bəkilin ov məharətindən ağız dolusu danışıb ona hədiyyələr verir, Bəkilə xoş gəlsin deyə öyüb dururlar. Bəkilin bir ovçu kimi şücaəti bir oxla heyvanın qabaq ayağını qulağına vurub pərçimləməkdir. Onun bu məharətindən bütün Oğuz əhli xəbərdardır, çünki Bəkil bu şəkildə ovladığı heyvanı hər dəfə Oğuza göndərirmiş. Oğuz bəyləri bunu əsl ovçu məharəti kimi qəbul edir və Bəkili dəvət etdikləri ov zamanı tərif edib könlünü xoş etmək istəyirlər. Bəs Salur Qazan nə edir?!
Salur Qazan Bəkilin bu məharətinə ağız büzür, məharətin Bəkilə deyil, onun atına aid olduğunu iddia edir. Bu sözlərdən pərt olan Bəkil bəylərin hədiyyələrini yerə tökür, təkcə Qazana deyil, bütün Oğuza küsür, dəstəsini çəkib evinə, Oğuz sərhəddinə qayıdır. Bəkil hətta kafir elinə gedib məskən salmaq, Oğuza asi olmaq barədə düşünür. Qazanın, belə deyək, düşünmədən dediyi sözlər Oğuz üçün belə acı perspektivlər yarada bilərmiş.
Başqa bir məqama diqqət yetirək. Dastan deyir ki, "ol zamanlar" Salur Qazan İç Oğuz və Dış Oğuz bəylərini ağırlamaq üçün ildə bir dəfə halalı Boyu uzun Burla xatunun əlindən tutub evindən çıxar, İş Oğuz, Dış Oğuz bəyləri bundan sonra onun evinə girər, evdə nə varsa yağmalar, kim nə istərsə özü üçün götürərdi. Qədim bir cəmiyyət üçün səciyyəvi olan və bu günkü təsəvvürdə demokratik münasibətin ilkin qədim təsəvvürü kimi özünü göstərən bu prinsip bir dəfə Salur Qazan tərəfindən pozulur və Dış Oğuz bəyləri yağmaya çağrılmır.
Aruz Qoca Dış Oğuz bəyi və ağsaqqalıdır. O, Qazanın bu hərəkətinə qarşı üsyan bayrağını qaldırır, digər Dış Oğuz bəylərini ətrafına yığır və İç Oğuzla, bəylərbəyi Salur Qazanla münasibətini kəsir.
Əslində, "əgər...onda..." kimi qeyri-səlis məntiq prinsipini tətbiq edərsək, cərəyan edən hadisələrin münasibətini belə qura bilərik: əgər cəmiyyətdə demokratik prinsiplərin pozulması səbəb kimi özünü göstərərsə,, onda nəticədə hakimiyyətə qarşı üsyan baş erə bilər".
Salur Qazan məhz bu prinsipi pozmuşdu və onun doğma dayısı Aruz Qoca, əslində, bu demokratik prinsipin pozulmasının qarşısını almaq üçün üsyan bayrağını qaldırmışdı. Oğuz cəmiyyəti iki yerə bölünmüş, qarşıdurma yaranmış və üsyan Aruz Qocanın qanı bahasına yatırılmışdı. Yenə də Salur Qazanın bir bəylərbəyi kimi əsaslandırılmamış, Oğuzun başına bəlalar gətirə bilən hərəkətinin şahidi oluruq.
Beləliklə, biz nəyi görə bilirik?! Biz qədim bir cəmiyyətə xas olan və bəlkə də Salur Qazanın özünün ortaya atdığı ilkin demokratik prinsipin onun özü tərəfindən pozulmasını və bu demokratik prinsipin bərpası uğrunda öldürən və ölən Aruz Qocanı görürük.
"Kitabi-dədə Qorqud" dastanı öz ideoloji-bədii yönü ilə qədim cəmiyyətin inkişaf kompasıdır. O, cəmiyyətin xaosdan kosmosa, sistemsizlikdən sistemə, matriarxatdan patriarxata keçid dönəmini mənəvi cəhətdən hazırlamaq funksiyasını həyata keçirir. Bir növ unudulmuş bir mənəvi məkandan yeni bir dünyaya aparan körpü kimi özünü göstərir.
"Bacıoğlu-dayı" münasibətlərinin Dastanda bu şəkildə dərin, gizli qatdakı təzahürü həmin körpünün etibarlı olmasının daha bir göstəricisidir.
Bu gün özündən razı ölkələrdə bəzi siyasətçilərin "yeri gəldi-gəlmədi", demokratiyadan danışması fonunda əcdadlarımızın hələ, Dastan dili ilə desək, "ol zamanlar" demokratiya uğrunda apardıqları mücadilə bizə belə deyir: qədim təsəvvürlərimizi öz dərin qatında bəzən gizlədib yaşadan Dastanımız bu gün dünyaya təqdim etdiyimiz Azərbaycan həqiqətləri istiqamətində hələ çox mətləblər ortaya qoya bilər.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Minarələr təkcə məscidləri gözəlləşdirmir” - XATİRƏ YAZISI
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Mən əslən Bakılı olsam da, bütün uşaqlığım və gəncliyim Sumqayıtda keçdiyindən özümü Sumqayıtlı kimi hiss edirəm. İlk təhsilimi Sumqayıtın məhşur liseylərindən biri olan TTEL-də almışam. Sumqayıtlı olan bir çox insana Minarə xanım kimdir desəm, bu suala sevə-sevə, ətraflı cavab verə bilər. Ancaq bir çox insan təəssüf ki, bizim qədər şanslı deyil. Çünki, biz- məhz TTEL-in 1987-2011 dönəminə - yəni Minarə xanımın direktorluğu dönəminə düşən şagirdləri olaraq Minarə müəllimədən əsl təhsil xadimi necə olar, elm-irfan ocaqlarında ön plana nələr çəkilməlidir, rüşvətsiz və sadəcə savad dərəcəsi ilə şagirdlər, hətta, müəllimlər necə bir-birindən ayırd edilər onu öyrənmişik.
Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.
1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.
1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.
O eyni zamanda :
Respublika qabaqcıl maarif xadimi" döş nişanları;
2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim"
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü;
2006-cı il "Şöhrət" ordeni kimi bir sıra fəxri fərman və dövlət ordenlərlə tətlif olunmuşdur.
Ətraflı məlumat almaq istəyən hər kəs bu məlumatları vikipediadan əldə edə bilər ancaq, bizim Minarə xanım haqqında olan fikir və düşüncələrimiz 5-6 elmi cümlə ilə kifayətlənmir. Biz Minarə müəlliməni bir ana, bir nənə qədər doğma bilirdik. Əfsuslar olsun ki, hal-hazırda adı bəzən neqativ işlərdə hallanan bizim gözəl liseyin hər qarışında Minarə müəllimənin çox əməyi var. Bir müəllim düşünün ki, 15sentyabr bilik günündə çıxış edən zaman məktəblilərin valideynləri tərəfindən ona hədiyyə olunan gül buketlərini masasının üstünə düzür və məktəbində çalışan xadimə xanımları ilk öncə məktəbin mərkəzinə çağırır, ona hədiyyə olunan bütün gülləri həmən xanımlara təqdim edib, adəta bir ana şəfqəti ilə onlarla qucaqlaşardı. Sonra isə üzünü bütün kolleqalarına və valideynlərinə tutub deyərdi: “Bilin ki, savadlı kadrlar hər zaman yetişə bilər, lakin savaddan öncə mərhəmət, vicdan, əməyə sayğı kimi ali duyğuları övladlarınıza aşılamağa çalışın.
Qoymayın ki, onlar cəmiyyətdə varlı və kasıb arasında təbəqələşmə yaratsınlar”. Yadımdadır ki, Minarə xanım məktəbi buraxmalı olduğu zaman bütün müəllimlər onunla sağollaşarkən gözləri dolu-dolu ondan danışıb məktəbdə nə qədər əziyyəti olmasını dil boğaza qoymadan bizlərə anlatırdılar.
Bir direktor düşünün ki, məktəb təmirə bağlanan zaman əlinə boyanı alsın və divarları özü boyasın.
Bir direktor düşünün ki, şagirdlər məktəbə rahat gələ bilsin deyə öz şəxsi vəsaiti hesabına məktəbdən mərkəzi yola qədər asfalt çəkdirsin.
Bir direktor düşünün ki, həftədə mütləq ən azı bir dəfə bir sinifə baş çəkib müəllimlərin dərs metodlarını dinləsin, onları incitmədən rəy bildirsin.
Bir direktor düşünün ki, övladı olmasa belə yüzlərlə şagird onun vəfatını eşidib tabutunu çiyinlətinə alsınlar.
Bir direktor düşünün təhsilə, elmə can qoysun və bu gün onun yetirmələri Azərbaycanın hər yerindən səs salsın.
Bu gün istənilən sektoru ələk-vələk etsək, sizə arxayınlıqla deyə bilərəm ki, siz oralarda Minarənin yetirmələri, davamçıları ilə rastlaşacaqsınız.
Minarə Tahirova 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Bu gün mən öz növbəmdə qələminə güvənən gənc yazar, həyatının başlanğıcında olan, özü üçün dönüm nöqtəsi yaratmağa çalışan bir xanım olaraq onu hörmətlə yad edir və düşünürəm ki, Minarə müəllimənin həyat hekayəsinə yaxından şahid olan hər kəs bu yazdığlarımı oxuyan zaman daha çox təsirlənəcək, TTEL-də keçirdikləri Minarə müəlliməli günlərini yad edəcəkdir.
Minarələr təkcə məscidləri yox, elm ocaqlarını da gözəlləşdirərmiş. Qəbriniz nurla dolsun Minarə müəllimə!
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
BİR SUAL, BİR CAVAB Kamran M. Yunis ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Sadəlöv könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim.
Mənsiz də dünyanın işi keçərdi,
Əcəba, nə üçün cahana gəldim?!
(Ömər Xəyyam)
Kamran Yunis özü- özünə, çox güman ki, bu sualı verib və indi biz də o cavabı eşitmək istəyərdik. “Əcəba, nə üçün cahana gəldim?!”
CAVAB
Ömər Xəyyam, demək olar, ən çox dəyər verdiyim, dünyanın ən çox hiss edib dəyər verdiyi, məmləkətimizin cahillikdən dolayı dəyər vermədiyi, bədbəxtlik ucbatından
"alkaş" kimi qələmə verdiyi Ömər Xəyyamdır.
Əcəba, nə üçün cahana gəldim?! Ona görə ki, Allah Tala atamın qarşısına anam kimi bir dəyərli insan çıxardı, anamın qarşısına da atam kimi dəyərli insan çıxardı. O sevgidən, sevgisizlikdən yox, o sevgidən dünyaya gəldik. Nə xoş ki, sevgidən dünyaya gəldik. Xoşbəxt o insandır ki, sevgidən dünyaya gəlir. Bax bugünkü dünyamızda böyük problemlər, bilirsinizmi, niyə var? Çünki insanların çoxu sevgisizlikdən dünyaya gəlir.
Mən nə üçün cahana gəldim?
Mənə elə gəlir ki, Allah Tala mənə bir missiya verib ki, Azərbaycan mədəniyyəti, Azərbaycan sözü, Azərbaycan şeiri, Azərbaycan nəfəsi, Azərbaycan hərfi, bax bütün bunların fonunda bir missiya verib ki, bu gün o missiyanı yerinə yetirirəm, bəlkə də, ondan ali nöqtədə Azərbaycan mənəviyyatı, Azərbaycan əxlaqı gəlir.
Bəli, dünyaya xeyli peyğəmbərlər gəlib. Onlar dünyanı düzəldə bilmədilər, mən də dünyanı düzəldə bilmərəm, amma nə isə edə bilərəm. Əgər 10 milyonluq Azərbaycanda 1 insanı pis yolundan döndərib 1 insanın mənəviyyatında 1 işıq yandırıb, ruhunda 1 şam, içində 1 ocaq qalaya bilmişəmsə, bilirəmsə və qalaya biləcəyəmsə, nə xoş mənə. Bax o zaman deyəcəyəm ki: " Cahana buna görə gəldim."
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Ən gözəl turistik məkan doğulduğumuz və hazırda yaşamadığımız yurd yeridir - SƏBUHİ ŞAHMURSOY
“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir, XAN nəşriyyatının rəhbəri Səbuhi Şahmursoyun qeydlərini diqqətinizə çatdırır.
Ayxanla kəndimizə səyahətə çıxdıq. Əvvəl mənə sual verdi ki, 22 ildir gəlmədiyin bu yerləri görəndə nə hiss edirsən?
Ona uşaqlığım keçən Aran çöllərini göstərdim. Bu yerlərin hər küncündə oyanan xatirlərimi danışdım. Uşaq vaxtı oynadığımız oyunlardan, əyləncələrimizdən bəhs etdim. Qoltuğuma kitabları yığıb inək-qoyun otara-otara oxuduğum vaxtlardan xatirələrimi bölüşdüm. Ona Bakıda tamarzı qaldığımız təbiətin səsini dinlətdim. Faydalı bitkilərdən, kənd həyatının adətlərindən uzun-uzadı söhbət etdik. Kolluqdan böyürtkən, ağaclardan yabanı alma və gavalı dərib yedik. Hələ fəsillərin öz yerində olduğu uşaqlığımda insanların daha mehriban və səmimi olduqlarını, qışın soyuğunda 30-40 nəfərin bir tonqal ətrafında isindiyini dedim. Gördüyüm odur ki, Ayxan da ruhən mənim kimi təbiət adamıdır. Bütün bu təcrübələrin ona necə ekstaz gətirdiyini, sevindiyini və şəhərin paket əyləncəsindən daha artıq əyləndiyini gördüm.
Axırda yanıqlı-yanıqlı dedi:
-Ata, sizin uşaqlığınız bizimkindən çox maraqlıdır. Kaş mən də kənddə böyüyərdim.
Qəribəsi budur ki, mən də elə düşünürəm. Ayxan əvvəl mənə vediyi sualı özü cavablandırmışdı.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çıxıb
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çap olunub. “Ədəbiyyat və incəsənət” portalı jurnalın təsisçisi olan Dövlət Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, jurnalın bu sayında oxucular olduqca maraqlı yazılarla tanış ola biləcəklər.
“Nobel kürsüsü” rubrikasında Orxan Pamukun “Nobel mühazirəsi” və “Pəncərədən baxmaq” hekayəsi, “Klassik irs” rubrikasında Nikolay Qoqolun “Portret” hekayəsinin davamı, “Bəşəri poeziya” rubrikasında Bertold Brextin “Kuraj ana və uşaqları” pyesindən nəğmələr, “Azərbaycan ədəbiyyatı” rubrikasında Cəfər Cabbarlının “Papaq” hekayəsi, “Hekayə” rubrikasında Somerset Moemin “Şair”, “Türk xalqları ədəbiyyatı” rubrikasında Nurmurad Sarıxanovun “Kitab” və Abdulla Qədirinin “İnadkar Taşpulatın hekayəti” hekayələri, “İsrail nəsri” rubrikasında Dina Rubinanın “Cadu” və “Qızılı rəng” hekayələri, “Roman” rubrikasında Vilhelm Haufun “İsgəndəriyyə şeyxi Əlibanu və onun kölələri”, “Sirli qitə: Afrika ədəbiyyatı” rubrikasında Siprian Ekvensinin “Azadlıq gecəsi” hekayəsi, “Teatr” rubrikasında Mar Bayciyevin “Bəy və gəlin” pyesi, “Esse” rubrikasında Çeslav Miloşun “Əlifba” essesinin davamı, “Antiutopiya” rubrikasında Andrey Platonovun “Çevenqur” romanı və digər əsərlərlə tanış ola biləcəklər.
Jurnalı yaxın günlərdə paytaxtımızdakı köşklərdən əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
GÜLÜŞ KLUBUnda avtoledilər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
DYP xəbərdarlığı.
Sürücülər, magistral yollarda ehtiyatlı olun! Yollarda çoxlu itlər, pişiklər, mal-qara və avtoledilər var.
2.
ERMƏNİ LƏTİFƏSİ
Narine Aşotla şam eləyib, Aramdan hədiyyələr qoparıb, Xaçiklə yatırsa, o demək deyil ki, o pozğun qadındır.
Əsas odur, bunların hamısını Surendən gizli saxlayır.
3.
Azərbaycanda IQ səviyyəsini ölçmək üçün ən qısa test: “Xoşqədəmlə Zaura baxırsınızmı, Üzeyiri dinləyirsinizmi?”
4.
İngilisin arvadı və sevgilisi var.
Arvadını sevir.
Fransızın arvadı və sevgilisi var.
Sevgilisini sevir.
Yəhudinin arvadı və sevgilisi var.
Anasını sevir.
Rusun arvadı və sevgilisi var.
Arağı sevir.
Azərbaycanlının arvadı və sevgilisi var.
Pulu sevir.
Erməninin arvadı və sevgilisi var.
“Böyük Ermənistan” nağılını sevir.
5.
Fizik Alməmmədov öz elmi araşdırması zamanı Birləşmiş Qablar Qanununa əsaslanmayaraq onu pozdu, bu barədə məlumat gəlib sahə müvəkkili Veysova çatdı, o da gedib qanunu pozduğuna görə Alməmmədovu tutub şöbəyə apardı.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
İrəvan mətbəxindən nümunələr” layihəsində Toyuq bozartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Toyuq bozartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Toyuq əti – 200 qr
§ Soğan – 50 qr
§ Yaşıl bibər – 35 qr
§ Acı bibər – 15 qr
§ Təzə alça – 35 qr
§ Sarıçiçək şirəsi – 0,1 qr
§ Reyhan və ya mərzə qurusu –
3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
qatıq – 50 qr, sarımsaq – 3 qr
HAZIRLANMASI:
Toyuq təmizlənir, ütülür, yuyulur, hissələrə doğranır, pətənəyi də təmizlənir, yuyulur. Qazana yığılır, üzərinə su əlavə olunur, bişirilir, qaynadıq- da kəfi alınır. Yarı bişdikdə aypara şəklində doğranmış soğan, bibərlər, alça, duz, mərzə qurusu, sarıçiçək, kərə yağı əlavə olunur və bişirilir. Suyu azaldıqda və ət bişdikdə dadına baxılır və ocaqdan götürülür. Xörəyin suyu tam qurumamalıdır. Dərin boşqaba çəkilir, yanında sarımsaqlı qatıq verilir. Bişmə müddəti 1-1,5 saatdır. Üzərinə reyhan qurusu səpilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Bağrımda sənə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aydın Sabahın şeirlərini təqdim edir.
Aydın Sabah
Təbriz
BAĞRIMDA SƏNƏ
Bir qəzəl doğmuşam axşam, gecə bağrımda sənə.
Günəşi saxlamışam gizlicə bağrımda sənə.
Mən keçən günlərimi payladım ay sevdicəyim,
İndi ulduz dərirəm bax necə bağrımda sənə?!
Boyludur bağçamızın gülləri sənsiz payıza,
Baharı oxşayıram nazlıca bağrımda sənə.
Sənə, sənsiz darıxır gözlərimin nargiləsi,
Çalıram duyğuları sazlıca bağrımda sənə.
Sən günəşlənmiş adımsan, adının qurbanı mən,
Odu könlüm uduzub bir heçə bağrımda sənə.
Gəl yenə gül bitirək sevgimizin bağrına biz,
Qoyma kol-kos göyərə sevgicə bağrımda sənə.
Kimsə yağmaz belə artıq giləsin dəftərinə,
Bir qəzəl doğmuşam axşam bağrımda sənə.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Şəhidlər barədə şeirlər - Nurlan Ağakişiyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nurlan Ağakişiyev
Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.
Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Elə baxma şəkildən,
Dayanırzaman, şəhid.
Təbəssümü yandıran,
Baxışı donan şəhid.
Deyimsənə, biləsən,
Laçındadayanmışıq,
Müharibə bitibdi,
Qələbə qazanmışıq.
Qazanmışıqsən şəhid
Olduğunotorpağı!
Dalğalanır Şuşada
Azərbaycanbayrağı!
Elə baxma şəkildən,
Gülüşü itən şəhid,
Atası qazi şəhid,
Anası vətən şəhid.
Sənqələbə sevinci,
Həmdə gözyaşı oldun.
Zəfər şəhidlərinin
Kiçikqardaşı oldun.
Sənə sözverirəmmən:
Bu şəkliniböyüdüb,
Həmişə saxlayacam.
Elə baxma şəkildən,
Busaatağlayacam.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Bunu deyib Sənubərin gözünün içinə baxdım.
- Niyə? - ilk dəfə bu qadının gözlərinin dərinliyində büruzə verdiyi zəif narahatlıq işartılarını sezə bildim.
Təmkinlə davam etdim:
- Ona görə ki, həmin «Molla» ləqəbli qatil Cahandar Mollayev haqqında bəhs etdiyim və sizə qonaq gəlmiş Ağamirzə Cəfərovla eyni həbsxanada cəza çəkiblər. Orada «çörək dostu» olublar. Buna həbsxana jarqonunda «xlebnik» deyirlər. Yəni həbs müddətində birlikdə çörək kəsən, qardaşlaşan məhbuslar. Hər məhbusun yalnız bir «xlebnik»i olur. Belə adamları həbsxanada da, azadlığa çıxdıqdan sonra da çox şey bir - birinə bağlayır. Mən belə adamların ömürlük davam edən ülvi dostluğuna inanmıram. Onları daha çox birləşdirən azadlığa çıxdıqdan sonra növbəti cinayət planını birlikdə cızmaları olur. Xəbəriniz olsun ki, həmin «Molla» Ağamirzədən cəmi bircə ay fərqlə həbsxanadan azad olunub, yəni iki ay əvvəl. O da məlumunuz olsun ki, adam oğurluğu əksər hallarda bir nəfər tərəfindən həyata keçirilmir. Belə hallar olubsa da, çox az olub və müstəsna hal hesab olunur. Bu işdə ən azı belə fikrə düşən adama bir nəfər köməkçi lazımdır. Bilmirəm tanışınız Ağamirzəni niyə belə ciddi - cəhdlə müdafiə edirsiniz, amma bilin ki, sonadək sussanız belə, uşağı qaçıranın məhz o olduğuna şübhəm yoxdur. Məni narahat edən bu cinayətdə əli olan ikinci adamın indiyə qədərki cinayətlərində heç bir şahidi sağ qoymayan Cahandar Mollayevin olmasıdır. Residivist kimi onun əlamətləri hüquq - mühafizə orqanlarına tam bəllidir. Sağ qaşının üstündə iri çapıq olan, üzü çopur, bədəncə qeyri - adi nataraz bu adamın pulu aldıqdan sonra belə əlamətlərlə onu görmüş oğlunuzu sağ saxlayacağı böyük sual altındadır. Üstəlik, heç kim Fərman Gəraybəyli kimi imkanlı və əli hər yerə çatan bir düşməninin olmasını istəməz. Lap polisə müraciət etməsə belə, Fərman müəllim qaytarılacağı təqdirdə oğlunu sorğu - sual edib sonra əlaqələrindən istifadə edərək həmin əlamətləri olan adamı axtaracaq. Bunu Cahandar kimi təcrübəli cinayətkar gözəl başa düşür. Ona görə də o, bütün izləri silməyə çalışacaq. Siz hələ nəyəsə ümid edib susmaqda davam edə bilərsiniz, ancaq mən deyəcəklərimi dedim.
Bunları deyib susdum. Mən va - bank getmirdim. Dediklərim həqiqət idi, öyrəndikdən sonra məni çox narahat edən həqiqət. Bütün bunları Nadir qısa müddətdə öyrənib mənə xəbər vermişdi. Elə bundan sonra alınmış bir gün möhlətin axşamını gözləməməyi qərara almışdım. Yoxsa gecikə bilərdim. Bayaq dediyim «bəzi şeyləri» isə, məhz Sənubərdən öyrənməli idim. Fikrimcə ya indi dediklərimdən sonra bu qadın məsələnin ciddiliyini başa düşüb nəhayət dilə gələcək, ya da ki, mən burada vaxt itirməklə həyatımın ən böyük səhvini edirdim.
Otağa uzun bir sükut çökmüşdü. Sənubər hələ də danışmırdı. Gözucu ona baxdım. Kofedən növbəti qurtumu vurmaq üçün qaldırdığı əli havada donub qalmış, gözlərini bir nöqtəyə dikmişdi. Onun bu dediklərimdən sonra da susacağını gözləmirdim. Sükutun xeyli uzandığını görüb ayağa qalxdım. Dəhlizə tərəf getmək istəyəndə o dilləndi:
- Getməyə tələsməyin.
Səsindəki təkəbbür və amiranəlik yoxa çıxmışdı. Deməli, bu qadının buzunu qıra bilmişdim. Oturmadan çönüb ona baxdım.
- Əyləşin, Bəxtiyar müəllim, xahiş edirəm.
Ayaq üstə dayanmaqda davam etdiyimi görüb əlavə etdi:
-Bilirəm, sizi çox incitdim. Hər şeyi gözəl başa düşürəm. Hətta oğlumu qaçıranlarla əlbir olduğumu düşündüyünüzün də fərqindəyəm. Ancaq məsələ başqa cürdür, inanın. Əgər əyləşib məni dinləmək xahişimi qəbul etsəniz, bilin ki, daha sizdən heç nə xahiş etməyəcəyəm. Əyləşin və bu bədbəxt qadını dinləyin. Sonra nə qərar versəniz, qəbul edəcəyəm.
Gözlərində təlaş açıq - aşkar hiss olundu. Bu qadın, araşdırma bitənəcən onu həyəcan içində saxlamamağım üçün etdiyim bütün cəhdlərimi öz tərsliyi ilə puça endirdi. «Molla» haqqında ona heç nə demək istəmirdim və buna çox çalışdım. Bu məsələdə Sənubərə düşən evdə oturub sonluğu gözləmək idi. İşin içində «Molla» kimi qəddar bir qatilin olmasını bilmədən övladının nə vaxt qaytarılacağını gözləməsi bir ana üçün daha asan olardı. Elə bayaqdan susduğu halda birdən - birə hər şeyi danışmağa qərar verməsi vəziyyəti öyrəndikdən sonra onun olduqca həyəcanlanmasının göstəricisi idi.
Təbii ki, onu dinləyəcəkdim. Heç nə deməyib yenidən kresloya oturdum.
Sənubər dərindən nəfəs alıb danışmağa başladı.
- Siz düz dediniz. Hər şey on beş il əvvəl başlayıb.
Bu yerdə yenə kiçik fasilə verib, sonra davam etdi. Görünür o illərə qayıtmaq onun üçün asan deyildi.
- Məktəbi bitirib instituta qəbul olmuşdum. Birinci kurs tələbəsi idim. İlk semestrin sonlarında bir cavan oğlanın hər gün dərsə gələrkən institutun yanında dayanıb mənə baxdığını hiss etmişdim. Sonra dərsdən çıxanda da tez - tez onu görməyə başladım. Ancaq yaxınlaşıb eləmirdi. Elə uzaqdan arxamca gəlir, evə çatdıqdan sonra çıxıb gedirdi. Belə xeyli davam etdi. İnanın özüm hiss etmədən ona elə öyrəşmişdim ki, artıq mənim də gözüm hər gün onu axtarırdı. Bir gün yenə dərsdən çıxıb evə gedirdim. Haradansa iki nəfər çıxıb mənə söz atmağa başladılar. Yaman qorxmuşdum. Çönüb arxaya baxdım. Tərs kimi həmişə arxamca düşən oğlan nədənsə yox idi. Ətrafda adamlar olsa da, o iki nəfərin cüssəsinə baxıb yan keçməyə üstünlük verirdildər. Elə bu vaxt o avaralardan biri qolumdan tutub özünə çəkdi, ikincisi dartıb çantamı əlimdən aldı. Özümdən asılı olmadan bərkdən qışqırıb üzümü əllərimlə qapadım. Birdən bir qışqırıq eşitdim: Gəldim, ruhum! Çönüb baxanda onu gördüm. Qaçaraq bizə tərəf gəlirdi. Çatmağı ilə oğlanları yerə sərməsi bir oldu. Hərəsinin çənəsinə təkcə bir yumruq vurmuşdu. Qolumdan tutub qaçaq dedi. Çantam əlində idi. Bir xeyli uzaqlaşandan sonra dayanıb nəfəsimizi dərdik. Beləcə ilk tanışlığımız baş tutudu. Başa düşdüyünüz kimi, o oğlan Ağamirzə idi.
Söhbətirn bu yerində Sənubərə zəng gəldi. Zəng vuran adamı dinləyib, gecə orada qalmasını tapşırdıqdan sonra xətti kəsdi. Soyumuş kofedən bir qurtum içib davam etdi:
- Sürücü idi. Fərmanın vəziyyəti nisbətən düzəlib. Həkimlər stabil kimi qiymətləndirirlər. Qayıdaq söhbətimizə. Bundan sonra hər gün məni ötürməyə başladı. Bir gün əlində gül dəstəsi ilə gəldi. Bu güllərlə evə gedə bilməyəcəyimi dedim. Yaman pərt olmuşdu. Onda həmin gün ürəyini almaq üçün ilk dəfə qoluna girdim. O vaxta qədər heç əlimdən tutmağa icazə verməmişdim. Beləcə günü - gündən daha yaxın olduq. Məni dəli kimi sevirdi. Mən də onu sevirdim. Beləcə birinci kursu başa vurdum. Yay tətilində hər gün görüşə bilməsək də, imkan tapan kimi bir yerdə olurduq. Ağa uzun illər idi ki, kartinqlə məşğul olurdu. Tez-tez yarışlara da çıxırdı. Məni də özü ilə kartinq meydançasına aparırdı. Sürməyi də öyrətmişdi. Həmin vaxtlar kartinq cavanlar arasında yaman dəbdə idi. Get - gedə bu idman növünə aludə etmişdi məni. Ümumiyyətlə, o nəyi sevirdisə, mən də həmin şeyləri sevirdim. Bir dəfə döngəyə girə bilmədim. Maşın yoldan çıxıb maneəyə çırpıldı. Zərbədən üzüm sükana dəymişdi. Gözümün altındakı bu çapıq da o vaxtdan qalıb. Evdə nə qədər sorğu - sual etsələr də, yıxıldığımı dedim.
Danışdıqca ona baxırdım. Gözləri yol çəkir, sanki həmin günləri təzədən yaşayırdı. Hətta hərdən özü də hiss etmədən siması xoşbəxtlik saçırdı. Bəlkə də həmin vaxt ömrünün ən xoşbəxt günlərini yaşayırmış. Hiss etdirmədən saata baxdım. Vaxtım var idi. Onu bu xəyallardan ayırıb tələsdirməyəcəkdim. Qoy ürəyini boşaltsın.
- Mən çox kübar və imkanlı bir ailənin qızıyam, nəslimiz bəy nəslindən gəlir, - Sənubər sanki yuxudan ayılıbmış kimi söhbətinə davam edi. Gizli görüşürdük. Evdəkilər nəsə bilsə, bu mənimçün fəlakət olacaqdı. Ağa elçi göndərəcəyini deyir, ancaq bir il gözləməyimi istəyirdi. Bu məni ürəkləndirirdi. Artıq onu həyatda ən yaxın adamım sayır, onsuz bir gün də qala bilmirdim. Məndən səkkiz yaş böyük olması da vecimə deyildi. Hələ əksinə, bu xoşuma gəlirdi. Özümü onun yanında dağa söykənmiş kimi hiss edirdim. İkinci kurs başlamışdı. On doqquz yaşıma keçmişdim. Bu dərs ilini başa vuranda elçilərini göndərəcəyini razılaşmışdıq aramızda. Artıq onunla təklikdə qalmaqdan da çəkinmir, aramız get - gedə açılırdı. Hərdən onun tapdığı tənha guşələrə çəkilib uzun - uzadı öpüşürdük. Ondan doya bilmirdim. Bir gün məni kafeyə dəvət etdi. Şampan, meyvə sifariş verdi. Həyatımda ilk dəfə içki qəbul etdim. Sonra cibindən bir açar çıxarıb dostunun evinin boş olduğunu, ora gedə biləcəyimizi dedi. Yox demədim. Onunla hər fürsətdə ikilikdə qalmaq istəyirdim. Birlikdə o evə gəldik. Yüngülcə başım gicəllənirdi. Evə girən kimi çarpayıya uzandıq. Nə qədər öpüşdüyümüzü xatırlamıram. Sonra məni soyundurdu. Sanki hər şey yuxuda baş verirdi. Ona etiraz edə bilmirdim. Daha dəqiq desəm, özüm də bunu istəyirdim. Beləcə on doqquz yaşımda Ağa mənim bakirəliyimi pozdu.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)