Super User
YARAT həyəcanla gözlənilən Muzey Gecəsi 2024-ü elan etdi!
YARAT Müasir İncəsənət Məkanı 12 oktyabr tarixində baş tutacaq Muzey Gecəsi ilə bağlı elanını verdi. Muzey gecəsi iştirakçılara özləri və başqaları ilə necə ünsiyyət qurduqlarını daha dərindən araşdırmağa xidmət edir.
Əvvəlki buraxılışlarda daxili dünyamızı anlamaq və ətrafımızı qəbul etmək mövzularından ilham alan builki tədbir də fikirlərimizi, hisslərimizi və çətinliklərimizi müxtəlif ünsiyyət formaları vasitəsilə necə ifadə etdiyimizə vurğu edəcək.
“Ədəbiyyat və incəsənət” portalının YARAT Müasir İncəsənət Məkanının PR meneceri Nərmin Həsənzadədən aldığı məlumata görə, Muzey Gecəsinin proqramı aşağıdakı kimidir:
1.
YARAT Mərkəzi, 1-ci mərtəbə, sərgi məkanı
İlhamə Babayevanın səs terapiyası
İlhamə Babayevanın rəhbərliyi ilə keçiriləcək seminarda:
* Səs terapiyası və oxuyan kasalar haqqında mühazirə
* Səs terapiya seansı
* Vokal yoqa
* “Sual-cavab”
* Mantra ifası
Seminar iştirakçıları səslə meditativ vəziyyətə çatmağı, sıxılmış duyğuları azad etməyi və sağlam kommunikasiyanı necə qurmağı öyrənəcəklər.
18:00 – 20:00
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 70
2.
YARAT Mərkəzi, 2-ci mərtəbə, MFZ
Saint Twins Detective
İntellektual oyun: “Döngədəki yaradıcı”
“St. Twins” detektiv oyunu sizə film-nuar üsulunda həyəcan dolu bir macəra yaşadacaq. Məhdud zaman ərzində müəmmalı bir cinayət işini həll etməlisiniz. İş materialları, polis hesabatları, qəzet məqalələri və şahid ifadələri ilə sübutları toplayaraq cinayətkar(lar)ı yaxalayın. Özünüzü ötən əsrin 50-ci illərin Amerikasında dark-cazı ab-havasında və yağışlı küçələrində əsl detektiv kimi hiss edin!
18:00 – 22:00
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 85
Dil: Rus
3.
Teatr O2
Performans: “5”
Beş hissədən ibarət bu performans, kommunikasiya çətinliklərini və canlı ünsiyyət ehtiyacını araşdırır.
Performans iştirakçıların əməkdaşlığı ilə problemləri göstərir və sosial şəbəkələrin məhdudiyyətlərini vurğulayır.
22:30 – 23:30
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 150
4.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 1-ci mərtəbə, sərgi məkanı
Leyla Qabulovanın ustad dərsi: “Danışılmamış hekayətlər”
Ustad dərsi iştirakçıları fərdi təcrübə və qavrayışın subyektivliyini araşdırmağa dəvət edir.
İştirakçılar cütlüklər halında işləyərək, onlara təqdim edilən emosiyaları öz baxışlarına uyğun təsvir edəcəklər. Daha sonra onlar bu əsərləri bir-birləri ilə bölüşərək, eyni duyğuların fərqli qavranmasını müzakirə edəcəklər. Bu proses qarşılıqlı anlaşmanı və başqalarını daha yaxşı qəbul etməyi təşviq edəcək.
21:30 – 23:30
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 30
5.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, 2-ci mərtəbə
DEWAR, Şəhriyar İmanov, Pünhan Əzim, Rəşad Rəyyan
Performans: “XİTAB”
Bu tədbir iştirakçılara DEWAR-ın elektron musiqisi, Şəhriyar İmanovun tar ifası və Pünhan Əzim ilə Rəşad Rəyyanın təqdim etdiyi qəzəllərin dərin emosiyaları vasitəsilə sənət ünsiyyətin ən saf formasını hiss etmə imkanı yaradacaq.
20:00 – 21:00
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 300
6.
Bakı Bulvarı (“Suraxanı” gəmi-muzeyinin yanı)
Canlı çıxış: Okaber
Ön səhnə: Neocortex
Tamaşaçılar ritmik və emosional ifadələrin gücünü hiss edərək, müasir poeziya sənətinin dinamikasına qərq olunacaqlar.
Bu unikal tədbir, rep musiqisinin ünsiyyətə necə təsir etdiyini və emosional ifadəni necə formalaşdırdığını nümayiş etdirəcək.
00:00 – 01:05
Yaş məhdudiyyəti: 18+
İştirakçı limiti: 600
Qeyd edək ki, tədbir bir sıra tərəfdaşların – Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore və United Coffee Beans-in dəstəyi ilə həyata keçirilir.
Tədbirlərə giriş ödənişsizdir.
Qeydiyyat iTicket vasitəsilə aparılır.
Əlavə məlumat üçün: 050 246 92 92
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
Rəsm qalereyası: Karl Milner (Almaniya), “Dağ mənzərəsi”
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Payız havası üstə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair payızdan danışacaq. Axı ömrün ömrün növbəti payızındayıü.
Xoş mütaliələr.
Payızı geyinib bu yol, bu səki,
Çağır, o buluddan təzə su gəlsin.
Payız yağışından üstünə səp ki-
Səndən göy üzünün qoxusu gəlsin...
O yağış canımdan yuyarmı pası,
Yuyarmı bu qəmi, yuyarmı dərdi?
Ay da göy üzündə gecə lampası
Ulduzlar yanında pərvanələrdi...
...Axşamın altından götür səhəri,
Günəşlə oynayaq uşaqlar kimi.
Ömür də beləcə əriyir, pəri
Qışda çətirinə yağan qar kimi...
Evdə darıxmaqdan evi də üzdüm,
Görən neynir indi sənin əllərin?
Gəl, çıxaq səhərə bu axşamüstü
Gedib danışdıraq o heykəlləri...
Sevincdi... hərəyə bir qırıq düşüb,
Bir ömür bəs etmir indi adama.
Bizim arxamızca ayrılıq düşüb
Gəl, gedib qoşulaq o izdihama...
Hərə bir ümidin əlindən tutub,
Onu çağırmayan bir səsə gedir.
Bəlkə gedəcəyi yeri unudub
Amma ki, tələsə-tələsə gedir...
...Çıxaq bu payızdan səssiz-səmirsiz,
Payız yola salsın bir ana kimi.
Yerdə min adamı itiririk biz
Göydə bir Allahı tapana kimi...
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
BİR SUAL, BİR CAVAB İqbal Nəhmət ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Bu gün cümə, sabah şənbə,
Həftənin neçəsindəyəm?
Gecəni gündüz etmişəm.
Gündüzün gecəsindəyəm.
Mən necə darıxım sənsiz?
İlin, günün bu vaxtında.
Söylə necə yaşayırsan?
Həsrətimin paytaxtında?
İqbal bəy, şeirinizdən anladıq ki, darıxmağın zamanı yox..
İqbal bəy üçün "darıxmaq" sözünün sinonimi nədir?
CAVAB
Bunlar darıxmağın lügətimizdə olan sinonimləridir: Bezikmək, sıxılmaq, əsəbiləşmək.
Mənim üçünsə darıxmaq, dağılmaqdır, parçalanmaqdır.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
GÜLÜŞ KLUBUnda emo
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
AYNA üçzolaqlı yolun solunun otuz-qırx velosipedçiyə, sağının otuz-qırx avtobusa verilməsi və otuz-qırx min avtomobilə tək orta zolağın ayrılması səbəbindən şikayət edən avtomobil sürücülərinə xəbərdarlıq etdi:
-Elə eləməyin ki, orta zolağı da it və pişiklərə ayıraq!
2.
Dərdayıl bol yeyib içir. Sərxoş halda ofisiantı səsləyir:
-Mənə bir şey ver ki, ayılım.
Ofisiant ona 542 manatlıq hesabı uzadır:
-Buyurun.
3.
Heç kim olanlar hər şeyə sahib olmaqdadırlar.
4.
Bir emo barda, qarşısında da bir parç pivə oturub dərdli-dərdli pivəsinə baxır. Bu vaxt bir pank gəlib onun qarşısından pivəni götürüb başına çəkir.
Emo hönkürtüylə ağlayanda pank deyir:
-Nə gözünün qorasını sıxırsan, bir pivənin söhbətidir?
Emo deyir:
-Yox e. Mən çox bəxtsiz adamam. Özümü qatarın aıtına atmaq istədim, reysi təxirə saldılar. Özümü asmaq istədim, kəndir qırıldı. İndi də pivəyə zəhər qatdım ki içib bu mənfur həyatdan qurtuıam, ona da sən sahibləndin.
5.
Vaxtı gələcək, indiki balacalar böyüyüb estafeti daha böyüklərdən alacaqlar. Alacaqlar ki, indi də onlar əziyyət çəksinlər.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
Müasir İncəsənət Muzeyində “15 fırçanın simfoniyası” adlı sərgi açılıb
Sentyabrın 28-də Müasir İncəsənət Muzeyinin 15 illik yubileyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi açılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.
“15" adı Azərbaycanda müasir incəsənətin yaranması yoluna toxunan 15 modernist ustadın əsərlərini ifadə edib. Sərgidə həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yaradıcılıq ekspozisiyası yer alıb.
Sərginin açılışından əvvəl Xalq rəssamı Cəlil Hüseynov sərgidə onun beş əsərinin nümayiş edildiyini bildirərək deyib: "Burada nümayiş olunan əsərlərim Abşeron mənzərələri barədədir. Həmin əsərlərdə yarımadanın gözəl görüntüləri, Xəzər dənizi əks olunub. Sərginin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirir və uğurlar arzulayıram".
Xalq rəssamı Səlhab Məmmədov rəssamların emalatxanalarda qalmış əsərlərinin nümayiş olunması üçün Müasir İncəsənət Muzeyində çox gözəl şəraitin yaradıldığını qeyd edib. O, bildirib ki, bu muzey məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Xalq rəssamının sözlərinə görə, sərgidə nümayiş edilən əsərlər onu göstərir ki, ölkəmizdə müasir incəsənət sahəsində böyük nəticələr əldə olunub. Səlhab Məmmədov, həmçinin muzeydə üç əsərinin nümayiş olunduğunu da diqqətə çatdırıb.
Sərginin açılışında çıxış edən Xalq rəssamı Fuad Salayev bu il Müasir İncəsənət Muzeyinin 15 illiyinin tamam olduğunu bildirib. Qeyd edib ki, qısa zamanda muzey çox inkişaf edib. “Mən 15 il bundan qabaq bu binada olmuşdum. Amma o vaxt burada heç nə yox idi. Bu muzey gözümün qabağında formalaşdırılıb. Muzeydə Azərbaycan təsviri sənəti rəssamların yaşadıb yaratdıqları bu əsərlərlə ortaya çıxıb. Ölkəmizin tanınmış, həmçinin gənc rəssamları Müasir İncəsənət Muzeyində yer tapıblar. Hər bir rəssam əsərlər üzərində özü düşünüb, onları özü yetişdirib ki, elə bu əsərlərin dəyəri də ondadır", - deyə Fuad Salayev diqqətə çatdırıb.
Daha sonra qonaqlar Müasir İncəsənət Muzeyinin 15 illiyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi ilə tanış olublar.
İncəsənətsevərlərə hər biri özünəməxsus texnikası, müxtəlif rəng çalarları, kölgələri və cizgiləri ilə seçilən əsərlərdən ibarət sərgi təqdim olunub. Eyni zamanda, sərgidə modernizm cərəyanının yaranmasına yol açmış həm rəssamların, həm də heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.
Təqdim olunan əsərlər 15 incəsənət ustasının XX əsrin ikinci yarısından bu günə qədər olan dövr ərzində yaratmış olduqları sənət nümunələridir.
Muzeyin sərgi zalında toplanmış əsərlərin kolleksiyası, eyni zamanda, rəng sıçrayışının və forma incəliyinin cəlbedici məkanı olmaqla, xalqın mədəni irsinin məcmusunu özündə ehtiva edir.
Sərgiyə gələn qonaqlar sənətkarların 40-a yaxın sənət əsərlərindən ibarət ekspozisiyaya tamaşa ediblər.
Qapaq şəklində: Muzeydən görüntü; iç şəkildə Səlhab Məmmədov.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
Nehrəm ol, nehrəm ol… Yaxud nehrə havaları - nəğmələri – sayaları
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Sizə nehrə havaları (nəğmələri, sayaları) haqqında danışmaq istəyirəm. Yəqin yadınıza oyun havaları düşdü. Hə, bənzəyirlər oyun havalarına. Sadəcə olaraq “rəqqaslar” fərqlidir. Birində insanlar rəqs edır, o birində isə yellənə-yellənə özünü naza qoyan nehrələr. Amma nehrə havalarından bəhs etməmişdən əvvəl “rəqqasların” –nehrələrin özləri haqqında bir neçə kəlmə.
Nehrə yağ çıxartmaq üçün içində qatıq çalxalanan qabdır. Matorlu nehrələrdən, paltaryuyan maşınlardan söhbət getmir ha. Bizim söhbət açdığımız nehrələr saxsıdan, yaxud da taxtadan düzəldilirdi. Saxsı nehrələr küpəyə oxşasa da, ondan fərqli, uzunsov olurdu. Əsasən təkqulplu olur, qulp tərəfdə (üstdə hissədə) kiçik deşik qoyulurdu. Ağac nehrələr isə 1,5 və ya 2 metr uzunluğunda ağaç (palıd, tut və s.) gövdəsindən hazırlanırdı. Yan tərəflərinə qapaq düzəldilir, üstdən kəsilərək ağız qoyulurdu. Bəzən tuluqlardan da nehrə kimi istifadə edilirdi. Ağac və tuluq nehrələr çox vaxt asılarak yellənirdi. Arxeoloji qazıntılar nehrələrdən istifadənin tarixinin qədimlərə gedib çıxdığını göstərir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər onlardan çox geniş istifadə edilmiş, hazırda isə çox az, uzaq kənddə-kəsəkdə istifadə olunur.
Nehrə - bərəkət demək idi, dolanışacağın təminatı demək idi. Bəlkə, ona görə də ayağı ağır, tamahkar, gözündə olan adamların nehrə üstünə gəlməsi bəyənilməzdi. Bəlkə, ona görə qonşumuz Gülnisə qarı nehrəni hazırlayandan sonra həyətdən çıxar, yenidən nehrənin üstünə özü gələr və çalxalamağa başlayardı. Bununla da, güya, nehrəni bədnəzərdən, ayağı ağır adamlardan qoruyardı. Hətta yuxuda nehrə görənlərin yuxusu işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarə kimi yozulurdu. Hələ sevə-sevə ona aid bir tapmaca da düzüb qoşublar: “Qaya içində ağ atlı oğlan atını çapar”. Bu azmış kimi, “Nehrəpartladan” adlı əfsanə də uydurmuşlar. Üstəlik nehrə çalxayan qadınlarımız “Nehrə nəğməsi”ində olduğu kimi, dərdlərini-sərlərini nehrəyə danışmış, onu nəinki həmsöhbət seçmiş, hətta dərdlərinin əlacını onda görürmüşlər.
Dədə-babadan qalma nehrədə düzəldilən nehrə yağı bal kimi sapsarı olurdu. Yağ hazır olandan sonra ayrandan ayırıb yığar, ayranı da atmazdılar. (O da çox ləzzətli olurdu.) Nehrə yağını əridib xörək bişirməyə, çörəklə yeməyə istifadə edərdilər. Mətbəxtimizdə xüsusilə xəmir, şirniyyat və plov istehsalında istifadə edilən nehre yağı, bir sözlə, bütün yeməklərin əvəzolunmazı idı. Söhbət matorlu nehrələrin “istehsal etdiyi,” tərkibi məlum olmayan, bazarlarda satılan 5-10 manatlıq “yağlardan” getmir, əsil nehrə yağından və onun ayranınından gedir.
Nehrə yağının hazırlanması vaxt və xüsusi bacarıq tələb edir. Nehrənin gəlməyi xeyli çəkir. Nehrə çalxayan qadın açıq havada, evin kəlləsində – kölgədə – sərin yerdə əyləşir. Yekrəng, yorucu çalxama, eyni səs yuxu gətirir, az qala adamın “ürəyi üzülür”. Nehrə isə özünü naza qoyur, gəlmir ki gəlmir.
Nehrə havaları (nəğmələri) əmək nəğmələrinin mühüm hissəsini təşkil edir. Məlum olduğu kimi əmək nəğmələri əmək prosesini əks etdirən, əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik bədii mətnlərdir. Bu nəğmələr əməyə bağlılıq, iş prosesini yüngülləşdirmək, müəyyən mənada həvəs oyatmaq məqsədi ilə ifa edilib. İş prosesinin özəllikləri dəqiq metr-ritmik ölçüyə malik olan nehrə nəğmələrinin də yaranmasına səbəb olmuşdur. Bu deyilənləri həmin nəğmələrdə aydın görmək və hiss etmək mümkündür.
Xalq yazıcısı, filologiya elmləri doktoru, professor Ə.Cəfərzadə özünün “Folklor araşdırmaları” kitabında yazır: “Qadın yorğunmuş, yuxunu, eyni sədadan üzülməni özündən uzaqlaşdırmaq üçün nehrədəki qatığın «get-gəl»də çıxardığı səsə uyğun olaraq həzin-həzin, lap dodaqaltı oxuyur. Əməyindən nə gözlədiyi isə məlumdur. Külfətçün yavanlıq, həm də az qala bir həftə, növbəti nehrəyə qədər. Nənə quzuçunun, buzovçunun, külfətini dolandıran oğul balanın könlünü almaqçın deyir: «Ay sağolmuş, balama yaxmac verəcəm, nehrə qoyanda». Verir də: bir «qulaq» (dörddə bir parça) yuxanın üstündə bir çay qaşığı ayranı süzülən təzəcə, baldan şirin kərə yağı (indi o dada həsrətik). Nehrə çalxandıqca nənə həzin, arzulu səslə zümzümə edir:
Nehrəm ol, ol, ol.
Yağım bol ol, ol.
Ayranı göz yaşıycan,
Yağı dana başıycan.
İzaha ehtiyacı yoxdur. Kasıb tərəkəmə nehrədən ayrı nə istər? O, «Göz yaşıycan” ayranı da işlədəcək, ya dağdan gətirilmiş çələmirdən (dağkeşnişi) dovğa bişirəcək, ya qız-gəlin qalan ayranla şəvə kimi parıldayan qulac hörüklərini açıb başını yuyacaq. Sonra da növbəti nehrəyəcən bu qarçı hörükləri cütçü içində toz dəyməsin deyə gizləyəcək”.
Hehrə çalхama prosesində oxunan nəğmələrə nehrə sayaları da deyilir. Görünür, nehrə çalхamaqla bağlı nəğmələr maldar tayfalar arasında yarandığı üçün belə adlanır. Nehrə haqqında sayalar adlanan nəğmələrlə sayacı sözlər arasında həm məzmun, həm də musiqi yaхınlığı mövcuddur:
Çalxa-çalxa yağ olsun,
Düşmənlərin yox olsun.
Mənim maral inəyim,
Qarnı xaral inəyim.
Nehrə nəğmələrinin bir qisminin semantik məzmununda oxşama, yalvarış
və s. emosiyalar öz ifadəsini tapır, nəğmələrin metro-ritmik quruluşunda sanki nehrənin çalxalanma hərəkəti təsvir olunur. Təsadüfi deyil ki, A.Abduləliyev “Nehrə haqqında havalar” adlı məqaləsində qeyd edir ki, nehrə havalarının melodiyası sakit, nəvazişkartəbiətlidir. Havalar əzizləmə, ovundurma, xahiş, dilə tutma intonasiyaları ilə oxunur. Havalarınmelodiyası laylay vəoxşamalara yaxındır. Aşağıdakı nəğmədə bunu aydıngörmək mümkündür:
Ay nehrəm ol, nehrəm ol!
Nehrə çalxa yağ olsun,
Gəlinin üzü ağ olsun.
Nehrədə yağ çox olanda,
Qayınanası şad olsun.
Nehrəm ol, nehrəm ol!
Nəğmələrin bəzilərində nehrə çalxalayan qadınayranın az, yağın isə
mümkün olduğuqədər bol olmasını arzulayır:
Nehrəm ol, nehrəm ol,
At başıcan yağım ol.
Evimə qonaq gəlibdi,
Aşım yavan qalıbdı.
Nehrəm ol, nehrəm ol,
At başıcan yağım ol,
Göz yaşıcan ayranım.
Bəzi nehrə nəğmələrində isə övladına “yağ-əppək” vermək üçün, yağın tez
başa gəlməsiniarzulayan ananın narahatlığı ifadə olunur:
Nehrəm ol, nehrəm ol!
Tez ol, balama yağ-əppək verəcəm
Nehrəm ol, nehrəm ol!
Tez ol, balama yağ-əppək verəcəm.
Və yaxud:
Çalxan-çalxan, ay nehrəm,
Yağın illah bol olsun.
Balalarımız yesin sağ olsun
Qeyd etdiyimiz kimi, nehrə nəğmələrinin də özünəməxsus temp-ritmi nehrə əmək alətinin hərəkətləri ilə sinxron şəkildə inkişaf edir. “Nehrəm ol, nehrəm ol”sözləri sanki, nehrədə yağın hazırlanmasını sürətləndirir. A.Əhmədova fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatında yazır ki, “bu nəğmələrdə həm də Azərbaycan xalqının bəzi animistik təsəvvürləri özünü büruzə verir…Təhlil etdiyimiz bir çox nehrə nəğmələri emosional-ekspressiv və predmet-təsviri funksiyaları icra edir. Semiotik nöqteyi-nəzərdən həmin işarələri ikon və indeks kimi səciyyələndirmək olar… nehrə havalarının poetik…dilində etnosemiotik sistemin işarələrindən biri olan bolluq, artım simvolu öz təcəssümünü tapmışdır”.
Tədqqiqatçıların fikrinə görə, nehrə havalarının çox hissəsi segah məqamına əsaslanır (bəzi bölgələrdə rast, şur məqamında olan havalara da rast gəlinir).Xalq musiqimizin digər janrları kimi bujanr da sadə quruluşa malikdir. Demək olar ki, havaların hamısında melodiyanın yuxarıdan aşağıya doğru rəvan hərəkəti özünü göstərir.Bu, Azərbaycan xalq musiqisinə xasolan xüsusiyyətlərdən biridir. Bütün bunlar milli sərvətimiz olan nehrə havalarınınqədim köklərə bağlandığından irəli gəlir. (Mənbə: http://www.musigi-dunya. az/article/100/100_16.html).
Təəssüf ki, biz bu gün nənələrimizdən gördüyümüz, unutmaqda olduğumuz nehrələr və onların istehsal etdiyi min bir dərdin dərmanı olan nehrə yağları haqqında keçmiş zamanda danışırıq. Ta nənələrimiz bizə “çalxanmış nehrədən
ərinməmiş yağ” gətirmirlər. Çünki sıralara çox, lap şox seyrəlib. Elə çalxadıqları nehrələr kimi seyrəlib. Ona görə də dadı damağımızda qalan nehrə yağları və ayranları üçün burnumuzun ucu göynəyir. Təsəllümiz nehrə havalarına, nəğmələrinə, sayalarına qalıb. İnsanlardandır, ya zəmanədəndir, bilmirəm. Bir onu bilirəm ki, ulu Sabir demişkən, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
Daxili hüzur, özgüvən, xoşbəxtlik toxumları illər əvvəl səpilməlidir - AKTUAL
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Ədəbiyyat və İncəsənət" portalı dəyərli izləyiciləri üçün bir- birindən maraqlı mövzularla yayımını davam etdirir.
Bu dəfə də çox maraqlı mövzu ilə qarşınızdayıq. Əlbəttə ki, təhsilimiz prioritetimizdir. Budəfəki qonağımızla valideynləri maraqlandırın bir neçə suala aydınlıq gətirəcəyik.
Beləliklə, qonağımız Loqos PNİM- in metodisti, baş pedaqoq, İnklüziv təhsil şöbəsinin rəhbəri, təlimçi, yenilikçi seminarların müəllifi Aysel xanım Ərəstunqızıdır.
-Xoş gördük əziz, Aysel xanım.
Təbiətin ən gözəl möcüzəsi analar həmişə övladları üçün narahat olurlar. Övladları ilə analar daha çox vaxt keçirir və bu üzdən anaları həmişə övladının sağlamlığı, təhsili ilə bağlı müəyyən suallar narahat edir.
Bu gün də bu məqamlara toxunacağıq.
Məktəb, ya Lisey?
-Usağın potensialı valideynin egosundan öncə düşünülməlidir. Bəzən valideynlər sırf uşağım burda oxuyacaq deyə, uşağa gərəksiz dərs yükü verirlər. Unudurlar ki, süursuz şəkildə öyrənilən bilik bacarığa keçmir.
-Xoşbəxt, ya savadlı uşaq ?
-Elbəttə ki, xosbəxt! Xoşbəxt insan xoşbəxt gələcək! Savad insan üçündür, öyrənilə bilən, əlçatandır! Xoşbəxt olmağa tələsmək lazımdır. Təəssüf ki, zamanında diqqət və qaygı görməyən övlad- şagirdlər gələcəkdə çox gözəl peşə sahibi olaraq işlərini mükəmməl icra edə bilirlər, amma uğurlu olmaq bundan ibarət deyil, daxili hüzur, özgüvən, xoşbəxtlik toxumları illər əvvəl səpilməlidir ki, zamanla böyüyüb ətrafını çiçəkləndirə bilsin…
- Valideynlər müəllimdən çox şey gözləyir?
-Gözlədikləri vacib nüansları özləri də evdə dəstəkləsələr, nəticədə hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmiş olarlar. Bəzən evdə dinlənilməyən bir uşaqdan dahi olmasını gözləyərək, əlbəttə, yükü müəllimin üstünə atmaq haqsızlıq olardı. Uşağı birgə tanımaq, inkişaf etdirmək, yeri gələrsə, bir-birinə dəstəyi əsirgəməmək lazımdır. Ortaq yeriniz eyni uşaqdır, sizin əməkdaşlığınız sağlam olmalıdır!
- Ev tapşırıqları verilməlidirmi?
-16 ilin pedaqoqu olaraq əminliklə deye bilərəm ki, məktəblərdə bilik bacarığa keçsə, eve bu qədər tapşırıq qalmaz. Nəzarət üçün evə yollanılan mövzular təkrar məqsədli ola bilər, amma uşağın ən önəmli dövrü məktəbdə ola- ola valideyn evdə yenidən dərs keçməməlidir!
Suallarımıza ətraflı cavablar verdiyiniz üçün Sizə minnətdarıq Aysel xanım.
Növbəti müsahibələrdə görüşənədək. Ümid edirəm müsahibəmiz sizlər üçün faydalı oldu, əziz izləyicilərimiz.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal ətindən boz-portu
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən boz-portunun
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR (nüsxə):
§ Mal əti (sümüklü) – 300 qr
§ Soğan – 30 qr
§ Cəfəri – 8 qr
§ Reyhan qurusu – 3 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ meyvə turşuları – 20 qr, sarımsaqlı qatıq və ya qurut – 50 qr, sumaq – 3 qr, əzilmiş baş soğan – 12 qr
HAZIRLANMASI:
Mal ətinin qol, kürək, döş, boyun hissəsi 50-60 qramlıq tikələrə doğ- ranır. Yuyulur, xırda sümüklərdən təmizlənir. Ət qazana yığılır, üzərinə su əlavə olunur. Qaynayanda kəfi alı- nır. Ət 60-80 faiz bişdikdə duz, istiot, soğan, göyərti, sarıkök vurulur, tam bişirilir. Hazır olduqda kasa və ya boşqaba çəkilir, üzərinə reyhan quru- su səpilir və süfrəyə verilir. Yanında meyvə turşuları, sarımsaqlı qatıq və ya qurut, sumaq, əzilmiş baş soğan verilir.
QEYD: İki üsulla hazırlanır: sulu və susuz. Susuz olduqda sarımsaqlı qatıq və
ya qurut xörəyin içərisinə əlavə olunur. Qarışdırılaraq bir buğum qaynadılır və süfrəyə verilir. Tərkibi, əsasən, ətdən və müxtəlif formada doğranmış soğandan ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)
“Hər qadın gəncliyi ayrı rəngdə görür” - Eminqueyin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Eminqueyin şeirləri
təqdim edilir.
1.
Babamgilin evi
Mən nənəmin örpəyindən
tanımışam hicabı,
ilk dəfə qocalığı onun
örpəyi düşəndə görmüşəm,
hər qadın gəncliyi ayrı rəngdə görür,
həmin rəngə boyayır saçlarını,
qırmızı idi nənəmin cavanlığı...
Mən babamgilin
tut ağacından öyrənmişəm
insanın yer üzündə
ən böyük qarışqa olduğunu,
qarışqaları sevindirmişdik
ağaca dırmaşıb tutu çırpanda,
elə bilmişdilər ki,
tutu ağacdan çərşova
özləri daşıyıblar bircə anda.
Mən atamın qollarından
öyrənmişəm sevgini,
anam pəncərəyə çıxıb şüşəbəndi silər,
atam ayaqlarını qucaqlayardı.
Mən babamla nənəmin
ölümündən öyrənmişəm
böyüksüz evlər necə yox olurmuş,
insan babasıgilin evi
yox olanda böyüyürmüş...
Bir də,
Bir də öyrəndim ki,
atam anamın ayaqlarını qucaqlayanda
özü də ölmək istəmirdi...
2.
Sərxoşdan Allaha
Ya Rəbb,
Keç günahımdan,
Mən içəndəəəə
nəəə kiminsə qəlbini qırırammm,
nə də dddaaalaşırammmm,
Məəən,
məəən,
məəən içəndə küsdüklərimlə barışıram.
Qucaqlamaq istəyirəm düşmənlərimi,
Öpmək istəyirəm o məscidin ddddivvvvar...
divarını...
Bir dəəə,
bir dəəə,
öpmək istəyirəm aaaa... atamın,
dossss... dostumun ot basmışşşş məzarını...
Ya Rəbb,
mən içəndəəə,
çox yox e,
bir azzzz ağğğlamaq üçün içirəm,
birazz da danışşşmaq üçün...
mənə bir az da möh... möhlət ver,
səninlə də barış... barışmmmmaq üçün...
3.
Göz yaşı
Göz yaşı hamıdan məsumdu, safdı,
Göz yaşı hamıdan kövrək, insaflı,
Yuyur sözlərimin hərflərini:
Mə...
Mə...
öz...
bbb..m...əm...
çə...t..di..
axı.
öl....m... kkk...
ist... əm...
olmur, alınmır,
bir də hıçqırıq tək yolumu kəsir,
gah anam qoymur,
gah Allah baxır...
4.
Köhnə video
Köhnə videolara baxırdıq axşam,
Dizinin üstəydi başım anamın.
Gördüm, silkələyir çiyinlərini,
Kirpik ucundadır yaşı anamın.
Qəfil danışmağa başladı atam,
- Uzağa gedirəm, məni çək belə.
Səsini eşidib "can" deyəcəkdim,
Elə boğuldum ki...
O gülə-gülə...
...qəfil əl yellədi ekrandan bizə,
Elə düyünləndi söz boğazımda,
Elə təzələndi xatirələrim,
Elə gileyləndim alın yazımdan!
Dizimə büküldüm lap körpə kimi,
Elə ağladım ki...
Anam unutsun,
Kəssin göz yaşını, hönkürtüsünü,
Başımı bağrına basıb ovutsun...
Bəs hanı telefon? Bəs hanı video?
Bayaq ağlayanda əlimdən itib.
Tapdım telefonu divanın üstdən,
Baxdım video bitib...
Atam da gedib...
5.
Pəncərə
Niyə axtarırsan? Axtarma! Yoxdur!
Bu evin səması, Günəşi, quşu.
Bütün pəncərələr baxır bayıra,
Amma ya divardı, ya da ki qonşu.
Bu evin Günəşi o qonşu evin
Tez-tez yanıb-sönən pəncərəsidir.
Belə Günəş olar? Belə Gün olar?
Nə işığı çatır, nə də isidir.
Pəncərə dil açıb danışır, hərdən,
Gah bərkdən qışqırır, gah söyüş söyür.
İşığı göz vurur, görəsən, kişi
Arvadı, yoxsa ki işığı döyür?
Saat üçü keçir, soyuyur kişi,
Kəsilir qadının kəlməsi, sözü.
Saat üçü keçir, çökür qaranlıq,
Pəncərə utanır, qaralır üzü.
6.
“Həmd"ə şeir
bismillahir-rəhmanir-rəhim,
sənə inanmaq yox,
səninlə dost olmaq çətin...
əlhəmdü lillahi Rəbbil-aləmin,
ayaqlarım, alnım, əllərim.
ər-rəhmanir-rəhim
barmaqlarım, burnum, dizlərim.
maliki yəumiddin
endim, səcdəyə endim.
iyyakə nə'ubudu və iyyakə nəstəin,
barmaqlarımdan alnımadək Yerə uduzdum,
oldum ölümə təslim.
ihdinəs-siratəl müstəqim,
yanıma düşən qollarım məzar halımdı,
səcdəmdi bətin halımı təsdiqim.
siratəl-ləzinə ən'əmtə əleyhim,
səcdə bətn halımdı,
səcdə ölüb dirilməyim...
ğəyril-məğzubi əleyhim vələzzalin,
yaşasın ölümə baş əymək!
Amin! Amin! Amin!
7.
And
Bütün bayraqlar yellənir
göyərçin qanadları kimi pır-pır.
Uşaqların göz yaşları bir buluddur,
Qan-qadayla savaşar tarix boyu min kərə,
Necə ki buludlarla savaşan yerə
göyqurşağı sülh gətirir rəngbərəng,
Qalxıb iki düşmən arasında körpü olur,
Bir başında gözüyaşlı,
O biri başında üstü-başı
toz-torpaq bir körpə olur.
Bayraqlar da hərəsi bir göyqurşağıdır,
Göz yaşları olmasa solur,
ay Allah bəndəsi,
solur!
İlk dəfə insana qarğamı
öyrətmişdi öldürüb-basdırmağı,
Yoxsa, göyərçin?
Məndən olsa,
Kitaba and içib öpməzdim bayrağı,
Bir körpənin göz yaşlarına and içib
ayaqlarından öpərdim...
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)