Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Liman” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.
Əli Çağla
Təbriz
LİMAN
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!..
Xəlil Rza Ulutük
Uzaqdan azan səsi eşidilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olan işıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcək. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimsə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə tüpürəcək. Qızımı sənə tapşırıram, İlahi! Bələdiyyə işçilərinin süpürgəsinin səsini avtomobillərin uğultusu batıracaq. Qızım ağıllıdır, bilirəm. Hansısa əsgər çiynində özündən böyük çantası ilə yorğun ayaqlarına təpilmiş məcburi botularını tappıldada-tappıldada kazarmaya geri dönəcək. O gün qızım hara qaçırdı? Kimsə ərini işə getmək üçün oyatdığı zaman, evləndiklərindən bəri it kimi boğuşsalar da, onun gecədən öldüyünü sezdikdən sonra hay qopararaq başına döyüb qonşuları şirin yuxusundan eləyəcəkdir. Qızım, gecəni şirin yata bildinmi? Sonra şəhəri günəşin işığı bürüyəcək, ölü daşıyan avtomobilin sürücüsü mürgülədiyi anda tibb bacısı zəng edib o kişinin cəsədini aparmaq üçün ünvanını təkrarlayacaq. Qızım, harda yatdın bu gecəni? Bir neçə Adəm də gecələr Həvvanın yuxusunu görüb sayaqladıqdan sonra gözünün içini ova-ova çörək növbəsində dayanacaq. Qızım, ac deyilsən? Kimsə tələsə-tələsə bankdan növbə alıb ac-susuzcasına bank işçisinin yuxudan oyanıb iş başına dönməyini gözləyəcək. Qızım, pulun yox idi, anan ölsün, qızım..." – deyərək polis idarəsinin kamerasının soyuq kafelinin üzərində uzanıb şəhərdəki özgür insanları fikirləşirdi. Kameranın qapısının cüyültü səsi qulağının içinə girmək istəyən milçək kimi vızıldamağa başladı. Məhbus qadın diskinib yerindən qalxdı. Uzandığı yerdən boylanıb, kor adamlar kimi tor pəncərəyə baxıb gözlərini qırpdı. Hələ gün təpələrin arxasında gizləndiyinə əmin idi.
"Əşhədü ənnə la ilahə illa Allah" – səsini uzaqdan yel gətirmirdi, polis idarəsinin həyətinin o tayında yerləşən məscidin audio lentindən qalxan səs idi. Qapını açıb içəri keçən agent qadının üzü aydın görünmürdü. Yerdə uzanan məhbus qadın ayağa qalxmağa çalışsa da, gecədən gömgöy göyərən yaraları ağrımağa başladı. Anidən beyninə “Nə çətindir! Bir var, insan vurularkən gözləri açıq olub haradan dəyiləcək zərbənin yerini bədənində qısmağa çalışsın, bir var, qapalı gözləri ilə birdən-birə bədəninin naməlum yerinə zərbə vurulsun! Görünən zərbəni işgəncə, görünməyən zərbəni cinayət adlandırmaq olar!..” fikri gəldi.
Ancaq qadın bir şeyi bilmirdi. O da zərbə vuranın əllərinin məsələsi idi. Əslində, şillə yeyən şəxsin təkcə üzü deyil, şillə vuranın əllərinin içi də onun üzü qədər ağrıyır. Bunu işgəncə verən şəxs hamıdan daha yaxşı anlayır, amma üzə vurmur.
Qara çarşablı agent qadın boğuq səsi ilə yerdə uzanan məhbus qadını ayağa qaldırmağa çalışdı. Çarşabının altından qandalı çıxarıb yuxulu məhbus qadının qoluna bağladı. Çarşablı agent qadının sağ qolundakı qızıl bilərziklər bir-birinə toxunaraq səs salırdılar, sarı qızıllar qaranlığın bağrını yararaq gözə girirdilər, qızıldan bir az üstdə, paltarının iki qolunda isə par-par parıldayan içi boş iki sarı ulduz isə agent qadının qızıllarına tay parıldasa da, qızıldan deyildi, amma agent qadının onlara qızıldan daha çox dəyər verdiyi məlum idi. Məhbus qadının heç zaman taxa bilmədiyi qızıl, bəzək əşyaları yadına düşdü. İnsan bir işi görməyirsə, bir şeyi təcrübə etməyirsə, o görmədiyi iş necə yadına düşə bilər?
Çarşablı agent qadın "Qorxma, qızım, səni həkimə aparıram, gecə səni çox əziyyət eləyiblər, bədənin zəifləməyə başlayıb. Bir ağrıkəsici iynəsi vurandan sonra rahat olacaqsan" – deyib məhbus qadını razı salmağa çalışsa da, məhbus qadın iki şey fikirləşdi. “Ya məni asmağa aparırlar, ya da həqiqətən, xəstəyəm. Axı dünən kamera çox soyuq idi. Hə, ümid hər şeydən yaxşıdır, məni bu agent qadın həkimin yanına aparır” – deyərək düşünürdü.
Dərd insanı boğduğu zaman, insan olanları unutmağa məcbur olur. Bu iki gündə məhbus qadına verilən işgəncələrə görə niyə, necə xəstələndiyini özü də anlaya bilmirdi.
Addımlarını birgə atan iki qadın xəlvət zalın bir başından gəlirdilər. Agent qadının yeridiyi anda qara çarşabı havada fırlanıb özü zənn etdiyi azadlıq bayrağı kimi dalğalanırdı.
Səkkiz yaşlı qızını özü böyüdürdü. Lənətə gəlmiş narkoman əri gecələr evə gələndən sonra onu cəlladlar kimi döydüyündən bezar olandan sonra işləri məhkəməyə çəkib boşanmışdılar. Qızını məktəb qabağında gözləyəndən sonra məktəbin son zəngi vuruldu. Məktəbin həyət darvazasının ağzında dayanmış qadın, qızını məktəb uşaqlarının hamısının bir geyindiyi paltarların arasında tanıyıb əl elədi. Uşaqların hamısı çığıra-çığıra atalarının qucağına qaçırdılar, amma qadının kiçik qızı məyuscasına ağır addımlarlla anasına tərəf yeriyirdi. Anası onun kövrək olduğunu düşünüb, qucağını açıb qızını səslədi. Nə adı ilə səslədi? Nə fərqi var, boş ver, onsuz da bu ölkədə yaşayan qızların adının dəyəri yoxdur, hamısı qızdır, hamısı sabah böyüyəndən sonra döş çıxardacaq, qırmızı pomada vuracaq, açıq-saçıq paltar geyinib gəzəcəklər. Onları azadlıq xiyabanında dustaq etdikləri anda o səhnəyə şahid olan bığlı kişilər evlərinə dönüb, ayaqlarını uzadıb çay içdikləri zaman qadınlarına “Bir neçə qızı açıq-saçıq gəzərkən dustaq etdilər” deyib çaylarının soyumamasına tələsərək qurta-qurtla içəcəklər.
Ana ilə bala qucaqlaşdıqdan sonra kiçik qız başındakı yaylığı çıxardıb anasına verdi. Qadın yaylığı özü götürdüyü çantanın içinə qoydu.
– Ana, Bəyani müəllimə sprey almağımızı istədi. Dedi, sabah məktəb həyətinin divarında rəsm çəkəcəyik.
– Gedib alarıq qızım, nigaran qalma.
Qadının yannda pul az olsa da, qızının könlünə toxunmağa dəyməzdi. “Olsun, bu gün taksi pulumuz olmasa da, evə piyada gedərik” – deyə fikirləşdi. Məktəbin yan xiyabanındakı qələm-dəftər satılan dükana keçib qara rəngdə iki sprey alıb qızının çəhrayı çantasına qoydu.
Onlar xiyabandan keçdikləri anda qızı uzun bir dəmirin üstündə dalğalanan İran bayrağını göstərdi:
– Ana... Ana... – dedi. – Bayraq necə dalğalanır? Bu nə səbəbdəndir? Bəyani müəllimə yelin əsdiyinə görə onun dalğalandığını deyir. Ana, axı indi yel əsmir, o necə dalğalanır?
Qadın, kiçik qızının qulpundan yapışdığı məktəb çantasını qolunu aşıraraq çiyninə atdı.
– Qızım, – dedi, – bayraq dalğalanmır, bayraq yel ilə birgə əsmir. Bayraq rəqs edir, bilirsən?
– A... Bu olan işdir axı?
Qadın bu işin həqiqi olub-olmamasını dəqiq bilməsə də, öz sözünə yekun vurub təsdiqləməyə məcbur idi:
– Bəzən qeyri-adi işlər olmağa başlayır. Hər ölkənin bayrağı da yelin qammaları ilə rəqs edir. Bir bayraq zəfər qammaları, bir bayraq kədər qammaları, məğlubiyyət qammaları ilə rəqs edir. Bax, qızım, indi sənin sarışın saçların da rəqs edir, sənin yeriş qammaların ilə.
– Bunu Bəyani müəllimyə danışacağam.
Polis idarəsinin uzun, xəlvət zallarında addımlayan agent qadının çarşabı döngələri döndükcə daha çox rəqs etməyə başlayırdı. Məhbus qadının çarşabı kədər, ayrılıq, dustaq, işgəncədən yaranan qammalar ilə, qızıl bilərzikləri cingildəyən agent qadının çarşabı isə özündə vizuallaşdırdığı dindən yaranan özgürlük, sevinc qammaları ilə rəqs eləyirdi. Məhbus qadın kiçik qızının sarışın saçlarının necə rəqs elədiyini gözündən yayındıra bilmirdi.
Məktəbdən qızı ilə qayıdan zaman “Bu yol nə qədər uzundur, niyə evə çatmırıq?” – deyən qadın indi klinikaya getdiyi yolun uzun olduğunu düşünən məhbus qadına çevrilmişdi.
– Bu boyda polis idarəsinin işgəncə bölməsinin bir klinikası var – agent qadın yorulmuşdu. – Biri xəstələnərsə, kameradan klinikaya gələnə qədər yeddi kəfən çürüdər.
Məhbus qadının canına qorxu çökdü:
– Biri xəstələnərsə? Məgər mən xəstələnməmişəmsə, klinikada nə işim var?
Artıq azanın səsi kəsilmişdi. Agent qadın nəfəsini dərib saxlayandan sonra qabaq dişlərinin sınıq yerindən eşiyə buraxdıqda, xəlvət zalda firt səsi divarlara dəyib qayıtdı:
– Füsssüüüü... Bu yollarda sümük sındırmışam, sonunda kəfən çürütməsəm, yaxşıdır.
Məhbus qadının kiçik qızı yadından çıxmasa da, dilinin altında mızıldadı:
– Sən niyə narahatsan?
– Narahatam, ana, bilirsən nədən?
– Sənə qurban olum, qızım, nədən narahatsan?
– Saçlarımın necə dalğalandığından narahatam. Saçlarımdan qorxuram, birdən kədər qamması ilə dalğalanacağından qorxuram. Kaş oğlan olaydım, ana, böyüdükdə saçlarımı qırxdırıb şəhərdə yaylıqsız, özgürcəsinə gəzə biləydim.
Qadın qızının əlini bərkdən sıxaraq udqundu:
– Yox, qızım, bu sözü bir də dilinə gətirmə. Sənin saçların kişi özgürlük qammaları ilə dalğalanır. Qızım, sən saçlarının dalğalanmağını özün görmürsən, amma mən görürəm.
Kiçik qız anasının əlini bərkdən sıxaraq ah çəkdi. Xiyabanın o tayında üç kişi polis dayanmışdı. Çiynində üç böyük sarı ulduzu olan kişi polis sanki o biri dayanan kişi polislərin rəisi idi. Çiynində çəhrayı məktəb çantası ilə gedən ana ilə kiçik qızını görən kimi donub dayandı.
Gülə-gülə səkidə addımlayan kiçik qız ilə qadının önündə dayandı. Bir əlini belindəki Zoaf adlı tapançasının qundağına, bir əlinin də iç üzünü açıq şəkildə qadın ilə kiçik qız gələn tərəfə tutub “Dayanın” – dedi. Kiçik qız ən gözəl sığınacaq yer anasının kürəyidir deyə, anasının buduna sarılaraq gizləndi.
Qadın “Buyurun cənab, nəsə olub?” – dedi.
– Çantanı boşaldın.
– Hansı çantanı, cənab.
– Hər ikisini də.
– Nədən?
– Sizə deyirəm çantaları boşaldın.
– Sənə deyirəm çantanı boşalt.
Həkim qadın idi, əsəbiləşmişdi.
Agent qadın, ayağa qalxıb iynə, şərbət, dərman olan çantaya tərəf addımladıqda dönüb həkim qadının önündə kinolarda bir-biri ilə öpüşən iki aşiq kimi üzünü üzünə yapışdıraraq:
– Mənə bir də belə əmr eləmə. Səni it gününə qoyaram. Hambal axtarırsansa, odur, rəisə məktub yaz, yardım üçün yanında tibb bacılarından birini gecələr saxlasın, nə istəyirsənsə, qabağında tir-tir əssin.
Həkim qadın uşaqyana sifətini çevirib öz işinə görməyə başladı. Ona toxunsaydın, ağlayacaq kimi görünürdü. Sanki evdəki böyük bacısı üstünə çımxırıb ona yemək payını az vermişdi. Məhbus qadın klinikanın içinə ayaq basdığı andan fikir onu boğurdu.
– Fikirləşməyə gərək yoxdur. Bir polis olaraq çantaları boşalt deyirəmsə, boşaltmalısan.
Kişi polis tapançasını çıxardıb qadına tərəf tutdu. Kiçik qız ağladı. Səhnəni dövrələyib baxan adamlar bir neçə addım geri çəkildilər. Xiyabanın o tayında polis avtomobilinə söykənən başqa kişi polislər də qadın ilə kiçik qızı mühasirəyə saldılar.
Qadın kiçik qızına təsəlli verdi. İlk öncə öz çantasını çıxardıb yerə boşaltdı. Pomada, sürmə, bəzək əşyaları, qızının ağ yaylığından başqa heç nə yox idi. Özünü itirmədi, çantadan boşaldılan bəzək əşyaları ilə ağ yaylığı bir-bir çantanın içinə qaytardı.
– O biri çantanı da boşalt.
Qadın, kiçik qızının məktəb çantasını çiynindən aşırıb fermuarını açdı. Önündə dayanıb tapança ilə qadını hədəfə alan kişi polis qışqırdı:
– Çevir, nə varsa, yerə boşalt.
Qadın çantanı tərsinə tutub içində olan əşyaları boşaltdı. Çantanın içindən qızının dəftərləri, kitabları, qələmi yerə düşdü. Sonda isə iki sprey yerə düşüb səkidə diyirləndi. Polis bir əlini tapança ilə qadının üstünə tutduğu zaman bir əli ilə sinəsində olan ratsiyanın böyrünü sıxıb başını bir az da endirdi.
– Mərkəz... Mərkəz... Əməliyyat uğurla görüldü. Çantanı boşaltdıq, içində sprey var idi.
– Yox, yox, bizim heç günahımız yoxdur.
Kiçik qız qollarını anasının qıçına daha bərkdən dolayıb çığırdı:
– Ana... Ana...
– Bunlar... Bu... Bu... Bunlar nədir?.. Nə... Nəd...
– Ana, ana.
Polislərin biri çığırdı:
– Sənə deyirik özünü təslim elə. Diz çök, əllərini başına qoy.
– Ana... Ana...
– Qızım... Qızım... – deyib polisə üz tutdu – Nə olar? Qızımla işiniz olmasın. Qızım...
Mikroavtobusun arxasından iki qadın polis düşüb sel kimi dalğalanan camaatın arasından gəmi kimi yol açıb səhnəyə girdi. Çarşablarını yellədə-yellədə xiyabanı adlayıb qadın ilə kiçik qızına tərəf gəldi.
– Ana... Ana...
Bir qadın polis kiçik qızın, o birisi də qadının qollarına qandal vurmaq istəsə də, ana ilə kiçik qızı dartınırdılar.
– Ana... Ana...
Kiçik qız, qadın polisin əllərindən qurtulub anasına tərəf qaçmaq istədiyi zaman qadın polis kiçin qızın saçlarından yapışıb yoldu. Yerdə sürütləyib ayağa qaldırdı. Başının ortasından qapaz vurduğu zaman kiçik qız pişik kimi vəngilti səsi çıxartdı.
Qadın bu səhnəni gördüyü zaman dartınıb onu qandallamaq istəyən qadın polisin əlindən çıxdı. İnsanın hirsindən dişi bağırsağını kəsdiyi zaman daha çox güclənər, qabağını heç kim saxlaya bilməz. Qadının gözləri dərhal yerdəki para kərpicə sataşdı. Bu kərpici bura kim atdığı ilə işim yoxdur, amma sanki kərpici ora qısas ilahələri qoymuşdular, birinin başına çırpılmaq üçün.
– Bu kərpicləri bura nəyə qoyubsunuz?
Agent qadın idi. Çantanı yerə boşaldıb ayağa qalxdıqdan sonra gözlərinə sataşmışdı.
– Sabah, yox, yəni bu gün nahar çağı işçilər gəlib divar işləyəcəklər.
Həkim qadın məhbus qadının qolunu əli ilə açıb mavi rəngdə bir bağ bağlayıb sıxdı. Sonra spirtli pambığı damarın üstündə oynatdı. Sonu ölümə gedən yolda mehribanlıq nəyə gərəkirdi?
Spirt nə idi? Pambıq nə idi? Yoxsa özünü and içib xəstələrə yardım etmək üçün çalışan həkimlər kimi aparırdı? Bəlkə də, bu iş adət üzrə idi.
– Əlini yum, sıx.
Məhbus qadın, iynənin damarına keçdiyi an qorxdu. Həkim qadın iynənin içini məhbus qadının qanı ilə doldurdu. Agent qadın “Çəkdin?” – deyərək dodağındakı gülüşü saxlaya bilmədi.
– Siz demişdiniz iynə vuracağıq, xəstəsən. Bəs nədən qanımı çəkirsiniz?
Həkim qadın ilə agent qadın qəhqəhə ilə güldükləri zaman klinikanın həmən otağındakı nahara qədər işçilərin yolunu gözləyən kərpiclər diskindilər.
– Bir də çək, bir də çək.
Agent qadın idi. Həkim qadın sevindiyindən çığırdı:
– Birini də çəkirəm, daha bəsdir, urra... Aha...
İynə yenə də damara keçib qan ilə dolduqda agent qadın üzünü arxada kreslonun üstündə olan şüşələrə çevirib saydı.
– Bir, iki, üç, dörd, beş, altı.
– Bunu da al.
– Yaxşı, yeddi. Ha-ha-ha-ha... Qəhbənin it canı var, qanını soruruq, qurtarmır. Ha-ha-ha-ha...
Məhbus qadın artıq sözlərini də itirmişdi. Başı gicəllənirdi. Otaqda olan həkim qadın ilə agent qadın gah gözünün önündə şişirdi, gah neçə qadına çevrilirdi.
– İtin qızı. Səni it gününə qoyacağıq.
Sanki burda adamları it gününə qoymaq dəbdir. Bir az öncə agent qadın isə Həkim qadın ilə dalaşdığı zaman bu sözü deyirdi.
– Qəhbə...
Qadının əlindən kərpic çıxdığı zaman qışqırdı:
– Qəhbə...
Atılan kərpic qadın polisin başına dəydi, o, yerə sərildi. Arxadan yetişən kişi polislər qadını zopa ilə xiyabanın ortasında döydülər. Qadın yerdə qan içində boğulurdu. Hələ də gözləri qızını axtarırdı. Gözləri camaata sataşdı. Camaat gözündə qoyuna çevrilmişdi. Sanki qoyunları hasarın o tərəfində saxlamışdılar, bu qoyunların dilini kəsmişdilər, mələyə bilmirdilər. Kişi polislərin bir neçəsi də yerə sərilən qadın polisin başının üstündə dayanmışdı. Yerdə ayağından sürünən qadın başını səkinin bu biri tərəfinə çevirdiyi zaman gözləri axtardığı nöqtəni tapmışdı. Kiçik qızı ağlaya-ağlaya dönüb anasına baxıb qaçırdı. Qadının gözləri zəiflədi, qaraldı, yumuldu. Bir də gözlərini açıb baxmaq istəyirdi. Gözünü açdıqda görə biləcək qabiliyyəti olduğuna əmin deyildi, kor olduğunu düşünürdü. Yavaş-yavaş, bir, iki, üç. Açdı. Kiçik qız qaçıb uzaqlaşdıqca qadının gözlərində daha çox kiçilirdi. Sarışın saçları dalğalana-dalğalana qaçırdı... Qaçırdı... Qaçırdı...
Qadın üzünün yerdə sürtülüb yaralandığı yaranı, zopa yerlərinin ağrısını unutmuşdu, gözləri sabit dayanaraq kiçik qızının qaçıb uzaqlaşdığı yola baxırdı.
Səhnəyə göydən baxsaydınız, daha aydın görünürdü. İki futbol topu kimi mütəhhəriksiz qan, bir sarı kərpic, bir çəhrayı rəngdə məktəb çantası, kitablar, qələm qabı, dəftərlər, iki sprey, toplanıb hadisəyə baxan dilsiz qoyunların qara saçları, müxtəlif rəngdə köynəklərinin çiyinləri, qaçan adamlar, polislər, polis avtomobillərinin mavi-qırmızı sirena işıqları. Şəhər bir-birinə qarışıbdır. Səkinin yanında olan baqqal bir vedrə su töküb qanı yuyur. Qan getdikcə sıvaşıb daş xalçalara yapışır.
Ax-ax... Getmə, dayan, səhnəni çək yaxına gətir. O nədir? Hə, qandır, mən də dedim bəs nədir, qadının yerdə sürtülmüş üzünün qanıdır. Qandır, qan, qan...
– Mənim qanımı neynəyirsiniz?
– Ha-ha-ha-ha...
– Qanını sorub içirik.
– Ha-ha-ha-ha... Şərbətdir elə bil, bəh-bəh.
Baqqal bir vedrə də su töküb mızıldandı:
– Mürəbbədir. Qan deyil ki, mürəbbədir elə bil.
Agent qadın qan dolu bir şüşəni əlinə alıb məhbus qadına göstərərək: “Qan deyil ki, mürəbbədir elə bil.” – deyib həkim qadına üz tutdu.
Qadını mikroavtomobilə mindirdilər. Həzyan deməyə başlamışdı:
– Qızım. Hardasan? Qammalar. Dalğalar. Bayraqlar. Sarışın. Qızım. Saçlar...
Artıq gicəllənməyin sonuna çatmışdı. Bu qədər qan əldən verəndən sonra iki qadının gülüş səsini eşidirdi. Sayıqlayırdı:
– Qanım... Qızım... Qanım dalğalanır... Qızım rəqs edir...
– Ha-ha-ha-ha...
– Mən... Ölürəm... Bayraqlar... Rəqs eləyir... Qızım... Qammaların üstünə yel əsir.
– Yox, yox. Ölmə, sən ölsən, biz yaşaya bilmərik.
– Ha-ha-ha-ha...
– Mən ölürəm, qızım... Ölürəm... Ölürə... Ölür... Ölü... Öl... Ö...
– Ha-ha-ha-ha...
– Ha-ha-ha-ha...
– Rəisə zəng elə. Ha-ha...
Həkim qadın həddən artıq güldüyünə görə gözlərindən yaş axırdı.
Agent qadın mobili dinamikə vurub həkim qadına üz tutdu:
– Bu bizim dərəcəni nə zaman verəcək? Ha-ha-ha...
Yuxudan təzəcə oyanan bir şəxs telefonun o tayından səsləndi:
– Alo, buyur, eşidirəm.
– Alo, rəis, qurtardıq.
– Cəsədini qızı ilə bir yerə qoyun, limana göndərəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
ƏN YENİ POEZİYA: “O”, Qulu Ağsəs
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün tanınmış şair Qulu Ağsəs “O” şeiri təqdim edilir. Necə deyərlər, mürəkkəbi hələ qurumamış bu şeiri isti-isti sizlərə çatdırırırq.
Kimdir O?
Qulu AĞSƏS
"O"
Mən Onu yaxşı tanıyırdım,
Adam rayonundan idi –
əsli,
Mən Onu yaxşı tanıyırdım,
sözün də açığını sevməzdi –
əsla...
Mən Onu yaxşı tanıyırdım,
düşüncələri təzə şum kimi
alt-üst idi,
Mən Onu yaxşı tanıyırdım,
su da atmazdı arxadan –
o qədər dürüst idi...
Mən Onu yaxşı tanıyırdım,
az yazdı,
amma A-dan Z-yəcən çatardı AZ-ı,
Mən Onu yaxşı tanıyırdım,
Allahdan başqa,
hamıdan qorxurdu yazıq...
Mən Onu yaxşı tanıyırdım,
O, mənim hər şeyimdi...
Mən Onun yarısı,
Mən Onu çoxdan tanıyırdım,
Alın təriylə yazılmışdı
alın yazısı...
“Ədəbiyyat və incəsənət”
(01.10. 2024)
Uçurumlardan keçməyə yol göstərən TƏRANƏ TURAN RƏHİMLİ POEZİYASI
MAY VAN FAN, Vyetnam.
“Ədəbiyyat və incəsənət” portalı görkəmli Vyetnam şairi və tərcüməçisi May Van Fanın həmyerlimiz Təranə Turan Rəhimli yaradıcılığına həsr edilmiş məqaləsini təqdim edir.
Təranə Turan Rəhimlinin şeirləri ilk dəfə 2021-ci ilin may ayında tərcümə olunaraq Vyetnam oxucularının ixtiyarına verilib. Onun şeirləri tez bir zamanda yerli ədəbi ictimaiyyətdə məşhurlaşdı. Şairin özünəməxsus, güclü, lakin zərif ədəbi üslubu bütövlükdə Mərkəzi Asiyanın mahiyyətini və mədəni əzəmətini əks etdirir. Vyetnamda bir çox mətbuat orqanında Təranə Turanın fotosu, bioqrafiyası ilə yanaşı şeirləri də dərc olunub. Onun güclü poetik cazibəsiylə seçilən şeirləri ilə bərabər, parlaq, aydın, qətiyyətli və dərin baxışlı gözəl Azərbaycan qadını obrazı da Vyetnamlı oxucunu sehrləyib. O gözlər onun şeirlərinin sirli ruhunu açır, şeirləri isə o ifadəli gözlərdəki dərin və gizli duyğuları dərk etməyə imkan verir. Azərbaycan şairi Təranə Turan Rəhimli haqqında məndə yaranan ilk təəssüratlar bunlardır.
Bu poeziya haqqında bütöv düşüncələrim isə daha dərin qatlara gedib çıxır. Təranə Turan Rəhimlinin poeziyası ölüm təhlükəsi ilə axan iti çayların, sıldırım və kələ-kötür qayaların yanından keçən, çoxlu dolanbac və keşməkeşli cığırları olan, nahamar, zənginlik və rəngarənglikdən uzaq bir həyatı təsvir edir. Və bu cür yollarda sualtı daşlar, təhlükəni çağıran çoxlu maneələr ola bilər. Amma maraqlısı odur ki, Təranənin şeirlərini oxuyandan sonra hər birimiz öz həyatımıza daha çox inanır, onu daha çox sevirik, daha parlaq gələcəyə ümidlənir, başqalarına daha böyük inam bəxş edirik. Az əvvəl təsvir etdiyim bu hisslər onun “Məndə daşa da sevgi var” şeirində daha dolğun bədii əksini tapmışdır:
Yenə gözlərim üşüdü,
Baxışların nə soyuqdu.
Odlu dilini don vurub,
Sözündə hərarət yoxdu.
Təranə Turan Rəhimlinin şeirlərindəki qısa marşrutlar və uzun yollar məhəbbətdəki məsafəni, bizim aramızdakı, insanın insanla, millətin millətlə distansiyasını təcəssüm etdirir. İki insanın hər gün bir-birini görməsinə, həyatı bölüşməsinə, gündəlik işləri birlikdə yerinə yetirməsinə və hətta bir damı paylaşmasına baxmayaraq, qarşılıqlı anlaşması, ortaq dil tapması və empatiya qurması olduqca çətindir. Əgər bu real həyatdırsa, problem bir gündə, bir gecədə həll olunmayacaq. Bu təcrid, deyəsən, təkcə iki insan arasında deyil, cəmiyyətdəki bütün insanlar arasında dərin uçurumlar yaradıb. Təranə Turan Rəhimli isə oxucuların düşüncəsində buraxılmış boşluqları dərhal poeziyanın qüdrətində, gözəlliyində təcəssüm tapmış böyük fədakarlıqla, güclü və əsl sevgi ilə doldurur.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.
("Məndə daşa da sevgi var").
Şeirin əvvəlindəki bənddə oxucunu lirik "mən"in hələ də sevdiyi insanın maneələri, soyuqluğu narahat edir. Bununla belə, şair şeirin sonunda bu soyuqluğu, buzu əridib, məsafələri birliyə, bütünlüyə çevirir. Son misranın intensivliyi şeirin ümumi tempini sürətləndirir. Təranə bu möcüzəni ona görə göstərir ki, o, həmişə öz sevgisinin gerçəkliyinə və sarsılmaz sədaqətinə inanıb. Bu sevginin “daşları, qayaları əritmək” gücü var. Bu bir möminin bütün həyatını sevinclə Allaha ibadətə həsr etrməsi qədər çox gözəl və təsirli bir fədakarlıqdır.
Təranə Turan Rəhimli işığa və həqiqətə inandığı qədər sevgisinə də inanır. Onun poeziyası adətən işığın zülmətdən üstünlüyü təəssüratını yaradır, enerji və gücün qaranlıqdan qat-qat böyük olduğunu göstərir. Bu planetdə işığın və qaranlığın dünyanın iki qütbündə bir-birini təqib etdiyini, daimi bir qarşıdurmada olduğunu müşahidə etmək normaldır. Dünyanın yarısı qaranlıq, digər yarısı isə işıqlıdır.Təranənin poeziyası isə daha çox amplituda ilə işıq saçır, kainatın qanunlarından daha uzun ömür sürür. O, öz poeziyası üçün zaman qanunu və işıq qanunu yaratmışdır. Onun poeziyasındakı işıq daima gur yanır, şərin həmişə dəf ediləcəyini və kökünün kəsiləcəyini nümayiş etdirir. Bu şeirlərdə yalanlardan ucalan saxta qəsrlər sürətlə uçulur, Haqqın məhkəməsi açılır:
Hər şeyi biləcək adamlar,
Bildikcə qınayacaqlar.
Tonqallar çatılacaq
günahkar keçmişə.
Təkcə sözləri seçib saxlayacaqlar,
Bir də… məni
sevgimdən tanıyacaqlar.
("Sevgimdən tanıyacaqlar")
Bu şeirdə Təranə Turan Rəhimli bütün qorxunc düşmənlərə qalib gəlmiş qəhrəman döyüşçü kimi görünür. Bu həyatda belə düşmənlər şər, hiylə və hətta duyarsızlığın özüdür. O, həm də mənə ucsuz-bucaqsız okeanın ortasında nəhəng bir istridiyənin içində səssizcə böyüyən qiymətli mirvari kimi daha fərqli, daha başqa bir görüntünü xatırlatdı. Böyük dalğalara və şiddətli küləklərə baxmayaraq, o mirvari getdikcə daha da çox parlayır. İndi bu gözəl şeirlər vasitəsilə o inci bütün simasını oxuculara göstərir.
Hər bir şairin özünəməxsus sevgi anlayışı və təsviri var. Təranə Turan Rəhimli öz oxucularının Azərbaycan xalqının ruhuna, özünəməxsus gözəlliyinə və sirlərinə heyran olmasına imkan yaradır. Bu, qədimliyin əzəmətini müasirliklə birləşdirən fərqli bir mədəniyyət diyarının saf gözəlliyinə olan sevgidir. Onun həm Şərq, həm də Qərb mədəni ideallarını özündə cəmləşdirən poeziyasında bu sevgi intensiv surətdə və zərif bir şəkildə təmsil olunur. Təranənin misraları yeni püskürən vulkandan xəbər verir, lakin onun tutumu və əsas gücü proqnozlaşdırıla bilər.
“Hərə bir şey sayıqlayır...” şeirində çox gözəl və bənzərsiz bir keçidə rast gəldim:
Bu şəhər bəxtsiz gözəldi,
Üzü gülür, qəlbi gülmür.
Təranə Turan Rəhimlinin şeirlərində şəhərin qəlbi sanki bunca dərdə ortaq olduğu, insan yaşamının bütün çətinliklərini paylaşdığı üçün döyünür və işıq saçır. “Gülməyən qəlb” obrazı Təranənin şəhərini munis bir sirdaşa, enişli-yoxuşlu canlı həyata çevirir.
Qırılıb səbr kasası,
Yola çıxıb səbr gəzir.
İçindəki dərdi-səri
Boşaltmağa qəbir gəzir.
("Hərə bir şey sayıqlayır...")
Təranə Turan Rəhimlinin şeirlərindəki lirik "mən" bütün çətinlikləri, əngəlləri çox vaxt bu şəkildə dəf edir. Sanki yaxşılıq həmişə şərə qalib gəlir, qaranlıq isə həmişə geri çəkilir, əvəzinə işığın dolması üçün yer açılır.
Təranə Turan Rəhimlinin şeirləri ən az onun gözləri, baxışları qədər maraq oyadan və sirlidir. Bu poeziya oxucunu başqa planetə aparan hipnozedici təsirə malikdir. Onun hər bir şeiri çox vaxt özünəməxsus, bənzərsiz, öz aləmində nadir və gözlənilməz bir məkan yaradır. Bu məkanda həyatın reallığı dərin və sonsuzdur, dibini görə bilmədiyimiz uçuruma bənzəyir. O uçurum həmişə həyəcan, təhlükə, güvənsizlik və müdafiəsizlik hissləri doğursa da, Təranənin şeirləri hər zaman hər birimizə doğru uzanan isti, səmimi , əziz dost əli kimi meydana çıxır. Təranə Turan Rəhimlinin hər misrasından həmişə yaxın, isti və ağrılı çağırışlar eşidirəm. Bu çağırış bizi bu dəyişkən həyatda bütün sədləri aşmağa, maneələri, parçalanmaları və ayrı-seçkilikləri dəf etməyə səsləyir.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
GÜLÜŞ KLUBUnda ambisiyalı qarışqa
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Kəkotu çayı ilə arıqlamaq resepti.
Dağlara, sıldırım qayalara çıxıb onu dərirsən, sonra da çayını dəmləyib içirsən.
P.S. İkincini etməsəniz də olar.
2.
Dərdayılın bir barmağı yoxdur.
Hamı elə bilirdi ki, o xarratdır.
O isə stomatoloq idi.
3.
Qarışqa inəyin arxa ayağı ilə qalxıb buduna çatanda inək onu quyruğu ilə vurub yerə salır.
Bu dəfə qarışqa inəyin qabaq ayaqları ilə inadla qalxıb onun sinəsi boyu qalxıb başına adlayır, qulağının dibinə çatıb deyir:
-Adam adamı namərdcəsinə sinəsindən vurmaz!
4.
SƏMƏD şirkətinə nazik barmaqlı, cəld, intuisiyalı, bir baxışla cibin, çantanın, pulqabının içini görə bilən kadrlar işə götürülür. İş yerləri ictimai nəqliyyat, vağzallar, dayanacaqlar və mollardır.
Əməkhaqqı “vıruçkanın” 50 faizi qədərdir.
5.
DYP 22 mərtəbəli binanın sürətli lifti üçün radar quraşdırdı.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal ətindən şam kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ətindən şam kababının
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Mal əti – 159 qr
§ Quyruq – 25 qr
§ Soğan – 25 qr
§ Pomidor (və ya tomat pastası)
– 15 qr
§ Kartof – 50 qr
§ Yaşıl bibər – 30 qr
§ Kök – 35 qr
§ Kərə yağı – 30 qr
§ Dəfnə yarpağı – 3 qr
§ Reyhan qurusu – 3 qr
§ Sarıçiçək – 0,01 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI
Mal ətinə quyruq, duz, istiot, soğan vurulub, qiymə hazırlanır. Tərəvəzlər yuyulur, təmizlənir, xırda doğranır. Kartof kvadrat formada böyük ölçüdə doğranır. Qiymədən lülələr hazırlanır. Yağ qızdırılır və lülələr qızardılır. Sonra tərəvəzlər ardıcıl olaraq kabab- la tovlanır, işgənə (və ya su), duz, isti- ot əlavə edilir və bişməyə qoyulur. Ha- zır olana yaxın dəfnə yarpağı vurulur. Tam hazır olduqda üzərinə reyhan qurusu səpilir.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
“Yorğan” - Nurlana İşığın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nurlana İşığın hekayəsi təqdim edilir.
Noyabr ayı küləkli keçirdi. Hava qadın kimi mısmırığını sallamışdı. Göy üzü "yağacam" deyib dururdu. Ər və arvad avtomobilin yük yerinə iki dolu çanta yerləşdirdilər.
Kişi maşının açarını işə salanda soruşdu:
- Bağbana xəbər etmisənmi, kombini yandırsın?
- Yox, - gözləri yol çəkən qadın dilləndi, - havalar elə də soyumayıb.
- Barı, deyərdin, yorğanları çıxarardı altdakı otaqdan.
Qadın qəfil üzünü kişiyə tərəf çevirdi:
- Sənə deməyi unutmuşam, bağban rayona gedib, zəng edib icazə istədi, arvadı xəstələnib.
- Hə? Bəs məni niyə yığmayıb?
-Yəqin, nömrəni unudub, nə fərqi var ki?
- Yox... fərqi yoxdur. Yaxşı edib icazə vermisən... o da çox qocalıb, neçə il qulluğumuzda durub, düz eləmisən. Yağış da başladı, elə bil məni gözləyir, nə vaxt maşını yudursam, göy üzü tökür. Həmişə də şənbə gününə təsadüf edir. Fikir vermisən?
- Yox...
Qadın köks ötürdü. Sonra yenə gözləri yol çəkdi. Buludlar dağılmağa başladı. Maşının şüşəsinə dəyən damcılar getdikcə öləziyirdi.
Bağa çatanda yağış kəsmişdi, su mavisi rəngini almış səmada Günəş işarırdı. Lap yaxında ququ quşunun səsi eşidilirdi. Həyətdəki feyxoa yarpaqları narıncı-qırmızıya çalırdı, qadının ən sevdiyi rəng idi, ənlik seçəndə həmişə bu tonda olanını alırdı. O, ququ quşunu görmək ümidiylə ətrafa baxdı. Bu səsi ilk dəfə uşaqlıqda anasının cehizi olan divar saatında eşitmişdi. Keçən dəfə gələndə torpaqda eşələnən tısbağanı axtardı gözləri. Ağacların dibinə baxdı, uzun bağçanın ayağına kimi gedib-gəldi. Torpağa səpələnmiş qızılı yarpaqlardan dəstə düzəldib evə girdi. Kişi əlində xarab olmuş fənəri tutub nəsə deyirdi.
Qadın:
"Necədir payız aksesuarım?" - soruşdu.
Kişi ötəri nəzər yetirib, dilucu bir şeylər mızıldandı, fənəri qurdaladı, sonra da dedi:
- Nahar etmirik?
- İndi gəlmişik ki, nə tez acmısan? Bağda yetişmiş əzgil var, ağızda şokolad kimi əriyir, get ye. Bir azdan süfrəni hazırlaram.
Qadın yarpaq buketini gildən hazırlanmış, üstündə qayıq rəsmi çəkilmiş, bütün cizgiləri ilə qədimliyi xatırladan güldana qoydu. Axşam yeməyi səssiz keçdi. Şəhərdən gətirdikləri yarpaq dolmasını yoldan aldıqları qatıq və təndir çörəyi ilə yedilər. Külək yenə coşdu, sonra fırtına başladı. Dənizin sahilə vuran dağıdıcı ləpələrinin səsi eşidilirdi, işıqlar titrəyir, qapı aralarından üfürən küləyin uğultusu gecəni cansıxıcı edirdi. Yataq otağına birlikdə qalxdılar.
Pilləkəndə qadın, - bayaqkı havaya bax, sənallah, indiki fırtınaya bax, elə bil Nuhun tufanıdır, - ərinə baxmadan danışırdı. Taxta pillələrdən hansısa cırıldadı, ikisi də dayandılar, kişi ayağını bir pillə geriyə basdı, - hə, bu imiş cırıldayan, yadıma sal, bağban gələndə göstərim, cırıltı səsi ətimi ürpədir.
- Qalıb da, neynirsən... mənim xoşuma gəlir, heç olmasa, bu səssiz evdə pilləkənin səsi var.
- Yorğanları da çıxarmadın, gecə soyuq olacaq.
- Bir-iki günlük adyalda yataq, çox da soyuq deyil, noyabrda nə yorğan?!
Gecə qadın üşüdü, ayaqlarını qarnına yığıb kişinin böyrünə qısıldı. Adyalın ucunu ehtiyatla özünə çəkdi. Ancaq yata bilmədi, vurnuxdu, buludların arasındakı Ay düz yatağın üstünə işıq salırdı. Bir az keçmişdi ki, yenə qurcalandı, arxasını ərinə çevirdi, üzbəüz divarda toy günü ailəsinin bağışladığı portretə gözü sataşdı. İndi Ay işığı şəkildəki orta yaşlı, əlində portağal tutan qadının üzünə düşürdü. O, bu şəklə çox baxmışdı, lakin bu dəfə fərqli idi, ayağa qalxıb, şəklə sarı getdi, qarşısındakı qadınla üz-üzə gəldi. Əvvəlcə əli ilə onun sağ üzünü bağladı, portretin sol göz gülürdü, sonra sol üzünü bağladı, qadının sağ gözü isə dərin və qədimi bir kədərə batmışdı. O qayıdıb yerinə uzandı, portretə baxa-baxa yuxuya getdi.
Tezdən külək səngimişdi. Səhər yeməyində kişi dedi:
- Gecə üşümüsən, deyəsən.
-Yox.
- Adyalı çəkirdin.
- ...
- Özünə yorğan götür, söz dinləmirsən.
- Üşümürəm axı.
- Onda adyalımı çəkmə.
Axşam yatmağa hazırlaşanda əri dedi:
- Gedim, altdakı otaqdan yorğan gətirim.
- Yox, getmə, yayda hamısını bağbanın arvadına vermişəm.
Kişi bir neçə saniyə diqqətlə arvadının üzünə baxdı. Hirsini gizlətməyə çalışaraq:
- Evin yorğanını camaata niyə verirsən axı?
Qadın çiyinlərini çəkdi. Gün səssiz keçdi, arabir qapı-pəncərə arasından küləyin vıyıltısı eşidilirdi.
Axşam yeməyindən sonra birlikdə pillələri qalxdılar, kişi qəfil yadına bir şey düşmüş kimi dayanıb , - anamın ad günümdə bağışladığı şərf burada deyil? Şəhərdəki evdə tapmadım, - soruşdu.
- Altdakı otaqdadır.
- Sən qalx, mən şərfi götürüm gəlim, səhər bağda boynuma sarıyıb işləyəcəm bir az.
Qadın ayaq saxladı, arakəsmədən onun dalınca baxdı, sonra yorğun adamlar kimi pilləkənləri çıxdı. Yataq otağında gecə lampasını söndürüb, yerinə girmək istəyəndə kişi bir əlində qəhvəyi şərf, bir əlində də qırmızı mələfəli yorğanla qapının kandarında dayanıb, bəs deyirdin, evdə yorğan qalmayıb? - təəccüblə arvadına baxırdı.
Qadın qəzəblə ərinin gözlərinin içinə zilləndi və birdən qışqırmağa başladı:
- Mən yorğan xoşlamıram!..
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Yağıda qalan yurd yerlərimizə rekviyem
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Arxivdə qalıb müəyyən səbəblər üzündən dərc edilməyən bir yazımı “Ədəbiyyat və incəsənət” oxucularına təqdim etmək istədim. 12 ilin yazısıdır. Amma ordakı mesajlar bu gün daha aktual, daha keçərlidir. Bu yazımı da çapa hazırladığım “Seçmə məqalələr” kitabıma daxil etməyi düşünürəm. Buyurun.
Çətindir.... Vətənsizlik çox çətindir. Vətən anadan olduğun kənddir, rayondur, şəhərdir. Kəndin vətən yaddaşı lap iti olur. Kənd uşaqları başqa cür böyüyürlər. Onlar biz şəhərlilər kimi deyillər. Onlar kəndlərdə cığırların, yolların, bulaqların, daşların, ağacların da dilini bilirlər. Kəndlərdə ocaq yaddaşı, od yaddaşı, bulaq yaddaşı olur. Elə ana südü kimi bir şeydir. Hələ anadan olmamış yazılır kəndçilərin qanına bu genetik kod. Bu gün cılızlaşmağımızın bir səbəi də kəndlərimizin şəhərə inteqrasiyasıdır.
Kaş dəyişməyəydi dünya. Kaş elə kənd düşüncəsiylə qalaydıq. Kaş elə kəndçi olaydıq. Onda insanlar daha saf idilər. Onda ləmpə işiğında oxuyanlar da çox idilər. O kəndçi uşaqları səhər o başdan inək-mal nobatına gedib, axşam da ləmpə işığında dərs oxuyurdular. Özü də bü gün qurduğumuz Azərbaycan Respublikasının bütün yükünü o kənddən çıxan alimlər, yazıçılar, tarixçilər, riyaziyyatçılar çəkiblər. İndiki əksər alimlər plaqiatlıqla alimlik dərəcəsi aldıqları halda, o kənd uşaqları gecələrini-gündüz edib, auditoriya qapılarında bazburudlu professorların qınayıcı, kinayəli nəzərlərində bəzən əriyə-əriyə, bəzən də elə şahənəliklə alırdılar əməklərinin haqqı olan “alim”, “professor”, “doktor” adlarını. ... Dağ kəndləri də bir başqa aləmdir . Axi təbiət həm də öz xarakterindən verir insanlarına. Dağ kəndində böyüyənlər bir az da cəsur, bir az da məğrur, bir az da güclü olurlar. Hələ o kənd uşaqlarının mərdanəliklərini demirəm.
...Çətindir... Azərbaycanın 12 rayonunda kəndlərini qoyub gələnlər üçün çətindir... O kəndlərdə qalan məzarların ağrısını çəkmək olmur. Məzarlar insanın təsəlli yeridir. Gör bir nə qədər insan qırıldı məzar, kənd həsrətini çəkə-çəkə bu 24 ildə. Hamısını da gözləri yolda qaldı . Şəhərdə pulla yer aldıqları qəbristanlarda dəfn olundular. Qəbirləri də həsrətdən çat-çatdır. Gözləri yol çəkən kənd qəbristanlıqlarından isə heç danışmaq istəmirəm. Tapdağ altında olan kəndlərdə o qəbirlər qalıbsa, üzərində ruhlar ağlayır.
... Bu yazını mənə yazdıran yazdırdı. Allah insafını kəsmiş Qulu Kəngərli. Dövlətin rəsmi xəbər agentliyinin xüsusi müxbiri Qulu Kəngərlidən danışıram. Daşkənddəki Azərbaycan səfirliyində eyni otaqda otururuq. Hərdən İrəvanda qoyub gəldikləri Sallı kəndindən, uşqalığından, orda keçən gəncliyindən danışır yana-yana bu anadan uşağ ikən yetim qalan, yetim Qulu. Bu tərəfdən də kəndləri Sallıdan didərgin olandan sonra, bu dəfə də Vətəndən yetim qaldı. Bu yaxınlarda bir əhvalat danışdı. Dünyamı dünyamdan aldı. Vətənsizliyinə yandım. Həsrətinə yandım Qulunun. Bir qardaşı var. Qədir. Qazaxıstanın Pavlodar şəhərində yaşayır. Hamı onu yaxşı oğlan kimi tanıyır. Bu vilayətdəki bütün azərbaycanlılara ata-analıq eləyir, uşaqlıqdan yetimlik görən Qədir də. O qədər çətin günləri olub ki, o günlərin acısını insanlara əl tutmaqla çıxarır canından. Bu kənd uşağı da, qardaşı Qulu kimi, nə vaxt görüşürüksə, İrəvanda qalan kəndlərindən, bulaqlarından, yaylaqlarından danışır. Qulu deyir ki, üç il bundan əvvəl gedib Qədir qardaşının yanına, qardaşı gətirib qışın qış çağında bir qab dolu qoz qoyub stolun üstünə. Qulu götürüb qozun o üzünə bu üzünə baxıb. Qədir görüb ki, Qulu qozu çox o tərəf- bu tərəfə çevirir. Deyib , nədi ə..., götür ye də bazardan almışam. Qulu bir də burnuna çəkib iyləyib bu qozları, deyib yox qardaş, məni aldada bilmərsən, bu bizim kənddəki qoz ağacımızın məhsuluna oxşayır. İki qardaş qucaqlaşıb baş-başa verib hönkür-hönkür ağlayıblar. Qulu 25 il bundan əvvəl qoyub gəldiyi kəndlərinin meyvəsini rəngindən, qoxusundan tanııyıb. Sonra məlum olub ki, Qədir Pavlodardan İrəvana gedən bir erməni tanışına pul verib deyib ki, get evimizi tap, orda qoz ağaçımız qalıb, əgər versələr, o qozdan al gətir mənimçün. Erməni balası da, Qədirin dediyi kəndi tapıb. Bir vedrə qozu erməni yiğıb pulsuz verib. Bax budur kəndin genetik kodu. Bax budur kəndin yaddaşı.
Hələ bu azmış kimi , 1-2 gün bundan əvvəl FB-də jurnalst həmkarlarımla ocaq yaddaşı barədə bir polemikaya qoşuldum. Fizuli Sabiroğlu yazdı ki, “...həmişə ocaq deyəndə mənim gözümün qabağına təndir gəlir. 1988-də biz Göyçədən köçəndə o vurhavurda anam təndirimizdəki külün hamısını bir torbaya yığıb götürdü. Hələ də yadıma düşəndə tüklərim biz-biz olur.” Soruşdum ki, o külü neyləyəcəkdi ki anan?! Dedi ki, anam o külü Şəmkirdə qurduğumuz yeni evin həyətində ağlaya-ağlaya gətirmişdi, ağlaya-ağlaya da basırdı. Basdırdı ki, daha burdan başqa yerə köçməsinlər. Orda məskunlaşsınlar.
Budur kənd yaddaşı, ocaq yaddaşı,
Qəlbimi yandırır hər addım başı. (Aida Eyvazlı)
Mən də Füzuliyə yazdım ki, kaş anan basdırmayaydı o külü. Bax beləcə, kəndləri şəhərə çevirə-çevirə, təndirlərimizin istisini, ocaqlarımızın tüstüsünü qoruya bilmirik. Ocağın odunu qorumasan, qorundan saxlamasan o ocaq tez sönər. Sönür ocaqlarımız, kəndçilərimiz şəhərləşir, bulaqlardan çiyinlərində kuzə ilə, güyüm ilə sü gətirən qızlar, gəlinlər azalır, kəndçi qızlar da şəhərlilərə oxşamaq istəyirlər, oxşayanda da çox vaxt səvh edirlər. Çünki hər kəs gərək öz yerişini yeriyə. Mənim rəhmətlik atam bizi hər il yay tətillərində üç ay aparıb Şamaxıdakı dağların qoynunda olan, bu gün də yolu-rizi olmayan o yolsuz səfalı Xeybəri kəndinə baba evimizə qoyardı. Bizim genetik yaddaşımızı beləcə qaytardı bizə. O günlərdən nənəmin təndiri, bibilərimin min bir çeşidlə toxuduğu xalı palazlar, göydən asılan nənnimiz, nənəmin dərdli bayatıları, üç gün-üç gecə çalınan aşıq toyları qaldı. Sinədəftər nənəmin o bayatılarıdır bəlkə mənə yazmağı da öyrədən. Ay kəndləri əllərində olanlar, təndirlərinizi qoruyun, ocaqlarınızı qoruyun, şəhərə çox uymayın, şəhərin etibarı yoxdur.
Dostlaımın Vətən həsrəti ilə uyumayan ağrılarına bu şerim də bir layladır.
VƏTƏN OĞLU ŞİRVANA DÖN, ŞİRVANA
Vətənin havası, dadı başqadır,
Çiçəyi başqadır, odu başqadır.
Şirin bulaqların suyu bal dadır,
Vətən oğlu Şirvana dön, Şirvana.
Bəzəyi düzəyi vurub hüsnünə,
Dağları bələnib yenə çiskinə,
Heç kimi salmasın fələk sürgünə,
Vətən oğlu Şirvana dön, Şirvana.
Payız gözəlliyi vurub hər yeri,
Çəmənləri xalça edib , gəl yeri.
Qayalar dön deyir, dağlar gəl deyir,
Vətən oğlu Şirvana dön, Şirvana.
Hər daşı müəmma, tarixi qədim,
Onu anam bildim, gərəyim bildim.
Ondan uzaqlarda deyib gülmədim,
Vətən oğlu, Şirvana dön, Şirvana.
Bu Vətən bizimdir izimiz qalıb,
Onun yaddaşında sözümüz qalıb.
Getmişik Vətəndə gözümüz qalıb,
Vətən oğlu Şirvana dön, Şirvana.
(23 noyabr. 2012. Daşkənd)
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Faiq fərqi - DOST BARƏDƏ DÜŞÜNCƏLƏR
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Faiq Balabəyli ilə tanışlığım və bu tanışlığın dostluğa çevrilməsi uzun illərə dayanır. Ortaq tanışlar-dostlarla dəniz qıyısına yaxın yerdə, süfrə arxasında bir araya gəldiyimiz, elə o ilk süfrənin könül süfrəsinə çevrildiyi gündən bəri çox görüşümüz, ölkəiçi, ölkədışı səfərlərimiz olub və əlbəttə, xatirələrimiz yaranıb. Bizim görüşlər, səfərlər məhz ədəbiyyat cəbhəsində olub. Faiqi tanıdan ilk üç kateqoriyanı saymalı olsaq, dəniz, ədəbiyyat və dostluq deməliyik, məncə. Dənizi kateqoriya saymaq və ədəbiyyatla, dostluqla bir incələmək adama qərib gələ bilər; bununla belə, dənizi bizimçün bu dediyimiz sıralamaya çıxaran həm də Faiq Balabəyli olub. O, uzaq səfərlər kapitanı olmamış ola bilər, gəmini “Cip” kimi sürməmiş ola bilər, lakin Faiq ədəbiyyatçılar içində həmişə dənizçi, dənizçilər içindəsə ədəbiyyatçı olaraq qalıb. Quruda da, suda da dost olub, dost qalıb Faiq Balabəyli. Bu da Faiqin davranışlarında, dostluğunda, dənizçiliyində qəribə bir harmoniya, yaxud universallıq yaradıb.
Yazarsansa, həncəri olsa, “uzun, incə bir yoldayız” deməlisən…
Onu qurudan suya, sudan quruya, lap uçaq yolçuluğuna, dəmir yolçuluğuna… çağırsan da, “yox” deməyəcək. Hətta “yox” deməyə-deməyə, gəlməmə durumu olarsa belə, onu “konfet kağızı”na elə bükər, elə bükər, ruhun inciməz, gəlmiş kimi var sanarsan…
Üstəlik, gəlib də, fövqəladə bir iş görməmiş olarsa, yenə də,
gəlişi səni təskin edər, toxtaqlıq taparsan, özün-özünü təsəlli edərsən… Bax, belə Balabəylidir bizim Faiq: özünəxas, fərqli, təbəssümü üzündən əskik olmayan və bütün hallarda dost çağrısına qoşmağa çalışan…
Faiq Balabəyli hərdən elə mübhəm mövzuları sənə açar ki, özün-özünə deyərsən: bax, bu zalım məndən bir addım öndədir - mən filan mövzunu ona açmazkən, o mənə bunu dedi…
Faiqin qonşuluğu, evinin qapısının bütün xoşməramlılara açıq olduğu, yardımsevərliyi haqqında çoxundan eşitmişəm - ömrü uzun, evi şen olsun!
Bayaq yollara, səfərlərə vurğu etmişdik; mənim soyadım Yolçu(yev), Faiqin soyadı Səfər(ov) olmazmı? - Bəlkə, bax, bu soyad uyğunluğu da öz energetikası ilə bizim qardaş bağlarımızda iştirak edib: Qubaya, Salyana, Cəlilabada, habelə Kazana, Arxangelskə… yoldaş olmuşuq… - Yayın istisində, qışın soyuğunda yola çıxmışıq və o, zarafatları, öncədən hesablanmamış hərəkətləri ilə xoşməramlı təəccüb yaratmağı bacarıb. Özəlliklə, uzaq yolçuluqlarımız unudulmaz olub, çoxsaylı maraqlı olaylarla süslənib.
Fərqindəyəm ki, bu, bir yubiley kitabı üçün yazıdır və mən də tənqidçi deyiləm - ona görə də, Faiq Balabəylinin şeirləri haqqında yazmadım. Yalnız onu deyim, Faiq məhz şair ömrü yaşamağı bacaran şairdir. Onun bir kitabı “Burda darıxmaq olmaz”dır; mən də demək istəyirəm, Faiqlə darıxmaq olmaz. Məncə, bu, bir şair üçün, dost üçün, yoldaş üçün çox önəmli dəyərləndirmədir.
Bəli, Faiq Balabəyliyə “Dəniz şairi, “Dənizçi şair” deyirlər; onun qələmi dənizin hər üzünü görüb, bilib, yazıb… “Kəsilməyən həyəcan fiti” isə Faiqin ən qüvvətli əsəridir! O, 1990-cı ilin 20 Yanvarında Xəzərin Bakı çevrəsindəki gəmilərimizdə xidmət edən soydaşlarımızın vətəncanlılığını, millətpərvərliyini və cəsarətini qələmə alıb. O, yalnız insanların, evlərin, avtomobillərin deyil, gəmilərin də güllələndiyini ürək ağrısıyla kitablaşdırıb. Ürək ağrısı! - Bu, Faiqə çox yaxından tanışdır… Böyük keçmiş olsun, iki dəfə ürək əməliyyatı keçirib…
Şairin ürəyi var olsun!
Ürək varsa, gerisinə (Tovuzlular demiş) zərər yoxdur…
Ürəkli yazmaq, ürəklə yazmaq, Ürək qoymaq, Ürəyin qanı ilə yazmaq!.. - Xoşbəxt şair taleyi daha necə olur?..
Ürəkli şairimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
“Ayaqqabısını cənnətdə qoyan peyğəmbər” - FELYETON
"Ədəbiyyat və incəsənət" portalı yazıçı Yunus Oğuzun marağınıza səbəb olacaq bir felyetonunu təqdim edir.
Şəhər telefonuna zəng gəldi. Dinşünas, teoloq-alim dostumun səsini xəttin o biri başından eşitdim. "Bəli" deməyimlə dostum danışmağa imkan vermədi.
-Neyləyirsən, Mirzə? - deyə soruşdu.
-Heç, - dini söhbətlərdən qaçmaq üçün candərdi dilləndim, - yazı-pozu ilə məşğulam.
Ancaq hiss etdim ki, qanı qaradır.
-Mirzə, gəl çay içək. Bu dəfə ağ gilas mürəbbəsi ilə çayın yeddi manat pulunu mən verəcəm.
(Bu parklarda çay satanlar lap ağ ediblər e..! Çay 7 manat. Hələ bu ən aşağısıdır. Parka gələnlər termosda özlərilə çay götürürlər ki, mağazada satılan bir qucaq quru çaya burada bir çaynikin pulunu verməsinlər. O da əgər varsa)
Hiss etdim ki, dilxordur. Çar-naçar razılaşdım.
Həmişəkindən fərqli olaraq çayxanaya məndən tez gəlmişdi. Çay və mürəbbə də masanın üstündə bizi gözləyirdi.
Xoş-beşdən sonra soruşdum ki, imam əfəndi (otuz ildi onu belə adlandırıram), nə məsələdir? Qanın niyə qaradır?
Dostum elə bu suala bəndimiş. Ürəyi açıldı:
-Mirzə, təsəvvür edirsən, bu gün çadır yasına getmişdim. İçəri girən kimi məni yuxarı başda, molladan bir az kənarda əyləşdirdilər. Vəzifəli bir adamın qohumunun yası olduğundan çadır adamla dolu idi. Tanıyan da, tanımayan da, acıyan da, acımayan da yasda idi. Molla da "savadlı" adama oxşayırdı. Yas əhlinin başını qarışdırmaq üçün əleyhissalam İdrislə Cəbrayılın hekayətini danışırdı. Söhbətin o yerinə çatdım ki, İdris peyğəmbər Cəbrayıla yalvarır ki, bəs mənə cənnəti göstər. Cəbrayıl əleyhissalam da dirənib ki, yox, olmaz, bəs ora girən çıxmaq istəməyəcək. Peyğəmbər deyir ki, yox söz verirəm çıxacam cənnətdən.
"İmam əfəndi" soyuq çayından bir qurtum içib söhbətinə davam etdi. (Deyəsən ağ gilas mürəbbəsini yemək yadından çıxmışdı.)
- Nə isə... Allah Təalanın izni ilə Cəbrayıl (ə) İdrisə (ə) cənnəti göstərir. Peyğəmbər cənnətə necə hayıl-mayıl olursa burada qalmaq istəyir, ancaq Cəbrayıla (ə) söz verib axı cənnətdən çıxmaq barədə. Düşünüb-daşınır, cənnətin səkkiz qapısının birindən çıxmaq istəyəndə ayaqqabısını soyunub cənnətdə saxlayır ki, qayıdıb götürəndə bir də oradan çıxmasın...
Ağ gilasdan ləzzətlə yeyib, üstündən bir qurtum soyuq çay da içdim. Çayçıya əlimlə işarə etdim ki, çayı təzələsin, amma o danışdıqca üzümdən təbəssüm çəkilmirdi.
-Sonra nə oldu?
-Nə olacaq, Mirzə? Elə bil məni cin atına mindirdilər. Bu camaat da başını aşağı salıb mollaya elə diqqət və maraqla qulaq asırdı ki, elə bil Qurandan "İxlas" surəsini dinləyir. Bəziləri, arada başlarını yelləyib razılıqlarını bildirdikcə, molla da qızışıb söhbətinə davam edirdi. Indi bildim ki, cəhalət, xurafat hardan gəlir...
-Hardan?
-Qanmazlığımızdan Mirzə, qanmazlığımızdan, oxumamaqdan, düşünməməkdən. Yas yerində molla elə bilir k, çadırın yiyəsi odur: istədiyini danışa bilər, ancaq mən onun sözünü kəsdim. Özümün axmaq yerinə qoyulmasını istəmədim. "Molla! - dedim, - İki məsələdə böyük qələt elədin. - Hamı bizə maraqla baxdı. Mollasa belə şey gözləmədiyindən bərəlmiş və donuxmuş gözlərini mənə zillədi. - Cənnət sənin qonşunun qapısı deyil ki, kandarında ayaqqabını çıxarıb evə girəsən. Cənnət mal, mülk aləmi deyil, ora ilahi aləmdir, ora saf, təmiz, əməli saleh olan insanların, ruhların aləmidir. Bu sənin birinci qələtin. İkinci qələtinsə odur ki, İdris peyğəmbəri yalançı etdin. Elə bil qonşudan toya getməyə borc çəkmə alıb, indi qaytarmaq istəmir. Cəbrayıl (ə) da uşaq-muşaqdır, elə bil Allahın qüdrətli mələklərindən, batin elmindən xəbər verən deyil. Molla vəziyyətdən çıxmaq üçün dedi ki, bəs mən neyləyim? Hədisləri mənə belə yazıb veriblər. Amma, harda yazıb veriblər demədi. Onsuz da bilirəm".
Bu ara məni gülmək tutdu. Gülüşümün səbəbini soruşdu.
-Heç- dedim, - Molla Nəsrəddinin ayaqqabı əhvalatı yadıma düşdü. -Danışmaq növbəsi məndə idi. - Molla bir yasa gedir. Ayaqqabısını kandarda çıxarıb içəri girir. Çölə çıxanda görür ki, ayaqqabısını oğurlayıblar. Bu bir neçə dəfə təkrar olunur. Molla Nəsrəddin ayaqqabı almaqdan bezir. Növbəti yasa gedəndə ayaqqabısını çıxarıb qoltuğuna vurur. İçəridə hamı ondan soruşur ki, Molla, nə məsələdir, ayaqqabını qoltuğuna niyə vurmusan? Molla da cavab verir ki, bilmək olmaz, bəlkə yolum burdan o yana düşdü.
Əlavə etdim: - Sən ayaqqabının kəramətinə bax e...e... onun hesabına cənnətdə qalmaq olurmuş. Ona görə də Molla Nəsrəddin ayaqqabısını özü ilə götürübmüş.
Bu dəfə dostum qəhqəhə çəkib güldü... Dostumdan ayrılandan sonra barmağımı dişləyib düşündüm. Elə bil nəyisə kəşf etmişdim: "Ay xətakar, xristianlar, Cənnətə düşməkçün kostyumda, ayaqqabıda dəfn olunurlar. Ona görə bizdən qabaqdadılar. Yəqin sayları orada müsəlmanların sayından da çoxdur. Biz ayaqqabı axtarana qədər, onlar cənnətdəkilərə kəf gəlirlər. Ay, xətakarlar!"
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Şəhidlər barədə şeirlər - Fariz Həsənov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Fariz Həsənov
Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəfər tariximizdə
Qoymusan iz, Həsənov.
Özün müqəddəs şəhid,
Adın Fariz Həsənov.
Həyatda həssas adam,
Döyüşdə mahir əsgər.
Maaşını əsgəriylə,
Bölən komandir əsgər.
Sən bayrağa ucaldın,
Sən vətənə qarışdın,
Son dəfə ailən ilə,
Şəkildən sağollaşdın.
Sağollaşdın oğlunun
O körpə gözləriylə,
Qızının “tez gəl, ata”-
Sonuncu sözləriylə.
Söz vermişdin, savaşlar,
Bitən kimi qayıtdın,
Bu dəfə tarix kimi,
Vətən kimi qayıtdın.
Qayıtdın, ürəklərdə,
Alovun, adun qaldı.
Ailənin üzərində,
Əbədi adın qaldı.
Adın qaldı vətənin
Hər uca zirvəsində.
Millətin zəfər yolu
Azadlıq nəğməsində.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)