Super User
“QIZIL” PAYIZ haqqında deyilən sözlər
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1. "Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım". (Corc Eliot)
2. "Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". (Rey Bredberi)
3. "Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". (Elis Hoffman)
4. "Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, "Hələ sevinclidir, hələ də yaydır". (Yevgeni Zamyatin)
5. "Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır". (Stiven Kinq)
6. "Hər payızda mən yenidən çiçək açıram". (Aleksandr Sergeyeviç Puşkin)
7. "Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". (Stenli Xoroviç)
8. “Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." (Hel Borland)
9. "Payız ilin ən heyranedici son təbəssümüdür". (Uilyam Brayant)
(Mənbə: https://news.milli.az/interest/480443.html)
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
“Söz otağı...” - Gülxani PƏNAH
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Gülxani Rənahın şeiri təqdim edilir.
Azərbaycan Yazıçılar Birliyinin
Məsləhətçilər otağını "Söz otağı" adlandırırlar
Söz otağı,
Söz otağıdır bura,
Bir əsrə yaxın ömrü olan söz otağı.
Burda sözlə fərmanlar verilir -
Ölüm fərmanı,
Olum fərmanı,
Mərd fərmanı,
Dərd fərmanı,
Qəm fərmanı,
Qəlb fərmanı...
Söz mülkünün sultanları,
süleymanları,
balaşları, fikrətləri, abbasları
söz otağından çıxıblar.
Çexovun "Şinel"indən yox,
Çıxıblar Ozan, Qorqud
elindən çox...
Bu "Söz otağı"nda sözlə başlar kəsilib.
Ovulub, toz kimi olub,
sözdən daşlar kəsilib.
Burda taleyindən gileylənib balaşlar,
Söhrab tahirlər, Mədinə gülgünlər,
büllürilər...
Burda azadixahlar yetişib,
Burda talelər qara daşlara ilişib...
Sözlə külüng çalanlar
dərdi - həsrəti xışmalayıb, sinəsinə yığıb
içinə salıb...
Sözdən heykəl qoyub həsrətinə, qəminə,
Dözüb sözün qüdrətinə -
"zil"inə, "bəm"inə...
Burda - bu "Söz otağı"nda
söz sərrafları fikir ayrılığından
sözünün üstündə söz deyəni ağrıdıb...
Söyüblər bir-birinə, hətta üzlərinə...
İsiniblər, qızınıblar öz odlarına,
közlərinə!
Şəhriyarın harayına hay veriblər,
Təbriz dərdi püskürəndə
"ah, Vətən" - deyib, hay veriblər.
Döyüşə hazır olublar qələmiylə,
sözüylə!
Nələr görüb bu otaq...
Haqqı yeyilənləri,
şöhrətinə kəm baxanları,
sənətinə həsəd aparanları.
Hansı birini yada salım,
Qurdaladıqca nələr çıxır
söz otağından.
Fikrət Sadıq,
Musa Yaqub,
Zəlimxan Yaqub...
Kimlər, kimlər boylanır yatağından.
Əlində qələmi əsən,
Qocalıq qapısın kəsən.
Söz mülkünün sultanları
bu söz otağından çıxıb.
Bu otağın min bir qulağı var,
Qatı açılmamış sözlər eşidib.
Sözlər deyirəm...
Qeylü-qal, qeybət yox... söz eşidib.
Söz deyirəm - qılıncdan iti,
xəncərdən kəskin,
bıçaqdan sərt,
mərd sözlər - mərd.
Ara-sıra yuxuma girir -
bu söz otağı gecələr.
Mən də bu otaqdayam illərdir.
Həmsöhbət olmuşam
Balaş Azəroğluyla,
Qabillə,
Nərimanla,
Hüseyn Abbasla,
Abbas Abdullayla,
Fikrət Sadıqla...
Zəmanəmizin qorqudları,
Xaqanları,
Nizamiləri,
Xətailəri...
"Söz otağı"nın sakinləri.
Özləri dünyasını dəyişsələr də,
otaq həmən otaqdır.
Hər kəsin mizi yerində,
stulu yerində,
səsi-ünü həkk olunub
hər tərəfə,
dörd divara...
Bu otağın hər qarışı - hər yanı
sözdən yoğrulub.
Bu otaq "söz otağı" olandan
yenidən doğulub.
Çıxıb adı otaq çevrəsindən,
"Söz otağı" olub.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Gülüş klubunda Karlson
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Balaca Güləndam çəkməsinin iplərini bağladı, rükzakını çiyninə atıb arxaya qanrıldı və ona baxan dostuna dedi:
-Yaxşı, hələlik, mən getdim gicgicə məktəbimizə. Sən bəxtəvər də otur evdə və sevin ki, pişiksən.
2.
Dərdayıl damlarına gələn Karlsona söylədi:
-Mənim də belimdə propeller olsaydı və lyuboy moment uçub aradan cıra bilsəydim, mən də başqalarına ağıl verərdim ki, sakit olun, yalnız sakit olun.
3.
Gənc qız:
-Bu nədir, ötənilki platyam mənə dar gəlir, təcili arıqlamalıyam.
Yaşlı qadın:
-Bu nədir, ötənilki platyam mənə dar gəlir, təcili iki ölçü böyüyünü almalıyam.
4.
Həyat o qədər gödəkdir ki, hər kəs adam olmağa macal tapammır.
5.
Tələbkar alıcı marketdə az qaldı ki, basıb satıcı qızın gözünü çıxarsın:
-Bu nədir, nə baş verib ki Həkim kolbasası bir günə iki manat bahalaşıb?
Satıcı yazıq-yazıq dedi:
-Tibbi xidmətlərin, dərmanların qiyməti qalxdı axı, əlbət ondandır.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Əziz Rüstəm bəy, müsahibələrinizin birində oxudum ki, 60 yaşınızda 18 yaşda yazacağınız şeiri yazmısınız. İndi xahiş etsəm, o şeirdən bir parça söyləyərsinizmi?
CAVAB
Bir məktub yaz son dəfə,
Anlat bir eşqi yasın.
Lap öləndən sonra yaz,
Gəlib mənə çatmasın!
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Bu gün Gəncə Dövlət Filarmoniyasında “Musiqi kimliyimiz” layihəsinə start veriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə "Musiqi kimliyimiz" layihəsi 16-18 oktyabr tarixlərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq layihə çərçivəsində konfrans, dastan axşamı, ədəbi-bədii gecə baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Sən ağlama, mən ağlaram… - BİR DAHA ƏHMƏD CAVAD BARƏDƏ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Oktyabrın 12-dən 13-nə keçən gecə növbəti dəfə Azərbaycan sevdalı şair Əhməd Cavad anıldı. Sovet rejiminə əyilməyən tək-tük qələm adamlarımızdan olan Əhməd Cavad get-gedə daha çox populyarlaşır, daha çox sevilir.
1937-ci il Azərbaycan ədəbiyyatı və xalqı üçün qara bir dövr kimi yadda qaldı. Bu il repressiya qurbanı olan yüzlərlə ziyalının arasında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Əhməd Cavad da öz həyatını itirdi. Martın 21-də Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılan Əhməd Cavad, iyunun 4-də Hüseyn Cavid, Mikayıl Müşfiq və Vəli Xuluflu ilə birlikdə həbs olundu. Bu həbslər sovet hakimiyyətinin mədəniyyət xadimlərinə qarşı apardığı repressiya siyasətinin tərkib hissəsi idi. Rejimin təzyiqi nəticəsində onların çoxu “xalq düşməni” damğası ilə cəzalandırıldı. Oktyabrın 12-dən 13-nə keçən gecə, cəmi 15 dəqiqəlik bir məhkəmə prosesi nəticəsində Əhməd Cavada güllələnmə cəzası verildi. Bu qərar xalqının azadlığı uğrunda mübarizə aparan bir insanın həyatının qəddarcasına sona çatmasına səbəb oldu.
Ancaq bu faciə yalnız Əhməd Cavada deyil, onun sağ qalan ailə üzvlərinə də ağır və acı nəticələr gətirdi. Şairin həyat yoldaşı Şükriyyə xanım, əri “vətən xaini” adlandırıldığı üçün özü və uşaqları ilə birlikdə həbs olundu. Onlar yeddi il sürgündə yaşamağa məcbur edildilər və yalnız 1955-ci ildə bəraət aldılar. Bu dövr ərzində ailənin Bakıdan kənar yerlərdə yaşaması tələbi onların həyatını daha da çətinləşdirdi. Lakin təzyiqlərə baxmayaraq, ədalət nəhayət bərpa olundu.1961-ci ildə isə şairin “Sən ağlama, mən ağlaram” kitabı çap olundu. Bu nəşrlər şairin adının xalq yaddaşına yenidən qayıdışının başlanğıcı oldu.
Əhməd Cavad təkcə şair deyil, həm də istedadlı bir tərcüməçi idi. Onun dünya ədəbiyyatının seçilmiş nümunələrini Azərbaycan dilinə çevirməsi mədəni irsimizə böyük töhfə verdi. 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello” və “Romeo və Cülyetta” əsərləri, 1978-ci ildə isə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”ı Azərbaycan oxucusuna təqdim edildi. Bu əsərlər onun ədəbi dəyərinin beynəlxalq miqyasda tanınmasına da səbəb oldu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi qərar Əhməd Cavadın əsərlərinin Azərbaycan Respublikasında dövlət varidatı elan olunması ilə nəticələndi. Bu qərar onun yaradıcılığının əbədiliyini bir daha təsdiqlədi və onun irsinin gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı.
Əhməd Cavad Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan bir sima idi. O, həyatını xalqının xoşbəxt gələcəyi naminə fəda etdi və nəticədə “xalq düşməni” damğası ilə güllələndi. Lakin zaman ədaləti bərpa etdi və bu gün Əhməd Cavadın adı xalqın qəhrəmanı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın varlığı davam etdikcə, Əhməd Cavadın adı da əbədi olaraq xalqının yaddaşında yaşayacaq. O, xalqının azadlığı uğrunda mübarizənin simvolu olaraq, tarixin zirvəsində öz layiqli yerini tutdu.
Bu gün onun irsi, yaradıcılığı və şəxsiyyəti Azərbaycan xalqının milli dəyərlərinin qorunmasında və azadlıq uğrunda mübarizəsində ilham mənbəyidir. Tarixin səhvləri düzəldildikcə, onun adı hər zaman ehtiramla xatırlanacaq və gələcək nəsillərə miras qalacaq.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
“Qaraçı” deməyək, “Qaraca” deyək!
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Adıçəkilən bu hava aşıq mahnılarının ən qədim çeşidlərindən biri hesab olunur. Həmin hava ilə bağlı ayrı-ayrı düşüncələr yaranmış, təhlillər aparılmışdır. Onlardan biri havanı qaraçı – Amerika, Avropa və Asiyadan köçəri və yarımköçəri hind toplumu, xalqın içində yaranmış həmin adla bağlı olduğu deyilir.
Ancaq ozanların dediyinə görə, bu hava ozanlar ozanı Dədə Qorqud tərəfindən yaranmışdır. Onun bu havanı Qaraca çobanın qəhrəmanlığı ilə ərsəyə gətirdiyi deyilir. Ona görə də havanın “Qaraçı” deyil, “Qaraca oğlan” olması daha inandırıcıdır.
Havanın melodik quruluşu onun uzun tarixə mənsub olmasını göstərir. Ona görə də “Qaraca” adının bu havanın tarixinə çox uyğun gəldiyini düşünürük.
Bu aşıq havası ilə bağlı mübahisəli məqamlar bitmir. Daha bir təhlil isə aşıqşünas, etnomusiqişünas, aşıq-muğam sənətinin tədqiqatçısı Kəmalə Atakişiyevanındır, o, təhlilinə əsasən bu havanı “Qaraca” olaraq qəbul etmədiyini söyləyir. Aşıqşünasın fikrincə, “Qaraçı” adlandırılmağının səbəbi bu havanın ifaçılıq tərzi ilə bağlıdır. O söyləyir ki, bu hava sazın bütün pərdələrini əhatə etdiyi üçün, çalınarkən barmaqların bütün pərdələrinə toxunduğu, aşağı-yuxarı tez-tez hərəkət etməsinə görə belə adlanır. Musiqişünas bu havanın adının etnik köklə bağlı olmadığını qeyd edir. Bir sözlə, cəld ifa, əllərin sürəti musiqi ilə assosasiya yaratdığı üçün “Qaraçı” adlandırılması qənaətinə gəlmişdir. Başqa bir adı isə “El havası”dır. Bu hava rast məqamında qurulub. Daha dəqiqi, “Rast” ailəsinə aid edilən “Mahur-Hindi” muğamının “Şikəsteyi-fars” şöbəsində, aşıq deyimi ilə desək “Şah pərdə”, musiqi deyimi ilə desək isə “sol” kökündə, həm də 2/4 ölçüdə ifa olunur. Haqqında məlumat verdiyimiz havanın səhihliyi barəsində aşıq sənətinin mahir bilicisi Çingiz Mehdioğlundan qənaətbəxş informasiyalar aldıq. Aşıq Çingiz Mehdioğlu ilə yanaşı, professor Abbasqulu Nəcəfzadə də bu faktların səhih olduğunu təsdiqləyir. Bundan başqa bu havaya “Dərvişi” də deyirlər. Bildiyimiz kimi, dərviş el-oba gəzərək dini təbliğ edər, Hz. Əli və Məhəmməd Peyğəmbərə mədhiyyələr oxuyar, sonda da bəxşişini alıb gedərmiş. Bütün bu deyilənlərdən sonra, düşünürük ki, havaya “Qaraçı” deyilməsi məcazi anlam daşıyır. Məhz elə bu ad “Dərvişi” ilə müqayisə olunaraq deyilir. Ancaq digər bir məqama da nəzər salsaq görərik ki, aşıq havasına “Qaraçı” deyilməsi bizim musiqi mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə əksiklik gətirir. Düşünürük ki, bu estetik olaraq bir ifadə kimi aşıq havasının adına uyğun gəlmir. Bir az tarixə nəzər salsaq görəcəyik ki, Qaraçı adı bədnam düşmənlərə mənsubdur. Onların isə tarixi, torpaqları, milliyyətləri olmadığı üçün dünyanın hər yerinə səpələnərək məskunlaşmışlar. Məlumdur ki, qaraçı adlı millət yoxdur. Sadəcə onlar ya erməni, ya da farslardır. Bizim ərazilərdə də məskunlaşmış, özlərinəməxsus peşə ilə məşğul olmuşlar. Havaya nəzər salsaq Azərbaycan aşıq ruhunu duya bilirik. Bu melodiya Azərbaycan aşığının təfəkkürünün məhsuludur. Buna görə də biz “Dərvişi” ilə müqayisədə el havasına “Qaraçı” deyə bilmərik və melodiyanın bu adla təbliğ olunmasını yanlış hesab edirik.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal ayağından xaş
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal ayağından xaşın
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Mal ayağı – 214 qr
§ Soğan – 25 qr
Xörək əlavəsi:
§ duz – 6 qr, istiot – 0,05 qr, sirkə – 10 qr, sarımsaq – 2 qr, meyvə turşusu – 20 qr, tərəvəz turşusu – 20 qr, nar – 20 qr
HAZIRLANMASI:
Tüklərdən təmizlənmiş, ütülmüş dırnaqlar sodalı suya qoyulur. Yenidən tüklər qaşınır, qalan yerlər təmizlənir. Oynaq hissədən dırnaqlar bıçaqla ayrılır, lülə hissəsi iki yerə bölünür, yuyulub-təmizlənir. Bir gün ərzində duzlu suda saxlanması yaxşı olardı. Sonra suyu süzülür, yenidən yuyulur. Qazana yığılır, üzərinə su əlavə olunur. Qaynayana yaxın suyu təzədən atılır, yenidən su dır- naqdan 7-8 sm yuxarıda olmaq şərtilə əlavə olunur. Qaynayanda kəfi ardıcıl ola- raq təmiz alınır. Sonra qabıqlı soğan qazana əlavə olunur. Qaynayandan sonra təxminən bir saat sonra soğanlar çıxarılır. Ağzı bağlanır, altının odu azaldılır. Qaynayıb kəfi alındıqdan 5-6 saat sonra bişir. Bişmə müddəti heyvanın yaşın- dan asılıdır. Suyu 1:1 nisbətində qaldıqda ocaqdan götürülür, lülə sümükləri çıxarılır, iliyi qazana boşaldılır. Dırnaq sümükləri üstündə qalmalıdır. Sonra kasaya çəkilir və süfrəyə verilir. Yanında duz, istiot, sirkə-sarımsaq, meyvə turşusu, müxtəlif tərəvəz turşuları, nar dənəsi verilir.
QEYD: Xaşa bişən zaman duz, istiot vurulmur. Yeyilən zaman vurulur. Ön dırnaqlardan istifadə olunması məqsədəuyğundur, çünki arxa dırnaqlardan xoşagəlməz iy gələ bilər.
Xaşdan soyuq halda xaşlama da hazırlanır.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Ekspress sorğu - Payız sənin üçün nədir?
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Gəlin ilk öncə ibtidai sinfimizə qayıdaq. Hələ birinci sinifdə oxuyuram və məktəbdə bizə ilk öyrədilən mövzu zamandır. Bir gün iyirmi dörd saat, bir həftə yeddi gün, bir ay iyirmi səkkiz, iyirmi doqquz, otuz və ya otuz bir gün, bir il on iki ay, dörd fəsildir.
Sonra, müəlliməmiz hər kəsə o sevimli sualı verir. Sənin ən sevdiyin fəsil hansıdır? O uşaqlıq illərimi xatırlayıram və səmimi etiraf edəsi olsam, yadıma dostlarımdan kiminsə “mən ən çox payızı sevirəm” dediyi düşmür. Hər kəs ya qışı sevərdi, ya da yayı.
Aradan illər keçib və o uşaqlar böyüyülər.
İndi isə həmin uşaqların qəlblərində xəzan yelləri əsir. Mən də o uşaqlardan biriyəm və bu gün mən ən çox payızı sevirəm. Payız mənim üçün böyümək, böyüdüyünü anlamaqdır. Payız, anamın niyə pəncərədən səssizcə və saatlarca küçəyə baxdığını dərk etməkdir. Bəzən isti çayın nanə və limon ilə olan harmoniyasıdır payız. Məsələn, iki gün öncə yağışın altında dağı aşandan sonra qarşılaşdığım gölün kənarındakı xəzan yarpaqların xışıltısı ilə gölə düşən yağış damlalarının ahəngidir payız.
Payız Rəşid Behbudovu, Akif İslamzadəni, Könül Xasıyevanı, Aygün Bəyləri dinləyərkən zövq almaq və bir o qədər də, dərin düşünməkdir.
Bir az da ümiddir payız. Ağacların daha gözəl güllər açması, geniş budaqlı, yenidən yaşıl yarpaqlı olması üçün qızıl yarpaqlarını tökməli, torpağına rütubət dəyməli olduğunu qəbullanmaqdır bəzən də.
Hər fəsil çox gözəl və çox özəldir. Siz siz olun, göy qurşağının bütün rənglərini sevməyi öyrənin ki, onu görmək üçün payızın buludlarını günəşin qovmasını gözləməyəsiniz.
Fotolar müəllifindir.
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)
Ülvi Bahadır kimi öldürdü?
(“Qırmızı”-dan hissə...)
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
Qırmızı yarpaqlar payızın yaraşığı deyil, ağacların növbəti ölümə meydan oxumasıdır!
Kişilər ən çox qırmızı donlu qadınların dalınca qaçdılar... Çatdılar... Əllərindən tutdular... Yolun ondan sonrasını qırmızı donlu qadınlar qara yaylıqla tənhalıqlarını ovuda-ovuda irəlilədilər...
Qırmızının ən dəhşətlisi var qızılgülün “Aşdım-daşdım” sortunda. Aşır-daşır, budaqlarını damlara, ağacların başına uzadır... Ən çox da o budanır: ləçəklərindən mürəbbə olmur, bitki biti bağda ən birinci onun tumurcuqlarına dadanır...
Qırmızı cildli kitablar, adətən, ağır olur: ya qalın olur, içindəkilər hər adama maraqlı gəlmir, ya da oxuyanın ruhu onun bətnindəki sözlərin ağırlığından çökür. Yaxşı oxucu olan heç bir yazıçı istəmir ki, kitabı qıpqırmızı olsun...
Qırmızı, həyəcanın olduğu qədər, təhlükənin də rəngidir. Və bu gün Qafqazın əsl kimliyi, qafqazlının təfəkküründəki sehir, mistika qırmızı cildli “qadağan olunmuş ədəbiyyat” siyahısına salınır dünyada. Özü də, qırmızı-qırmızı...
***
Erik von Deniken “Tanrıların arabaları” adlı bir kitab yazır, “Hər xalqın mifologiyası onun tarixidir” deyə bağırır, amma Qafqazdan söz açmır. O Qafqaz ki, bütün dünya xalqlarının mifologiyasının ortaq nöqtəsidir. O Qafqaz ki, Deniken`in haqqında danışdığı o arabalar buradan yola çıxmışdı. Yəqin Deniken də qohumları almanlar kimi, Qrimm qardaşlarının nağıllarını, sadəcə, macəra axtarmaq arzusu çərçivəsində oxuyub; 90-a nəfəs üfürən araşdırmaçı-yazıçıya indən sonra nə desək də, “nırx” deyib duracaq. O yaşda insanlar yeniliyə açıq olmur, bilirik. Amma o yaşacan da Qafqazı yaxşı, həm də çox yaxşı tanımışdı Deniken. Misir fironlarının genetik analizində onların Qafqaz əsilli olduğunun aşkarlandığından da xəbərdardır, əminəm. Heyerdal`la müzakirələr aparan Deniken Qafqazdakı məbədlər haqqında da məlumatı olmalıdır. Bir sözlə, Deniken Qafqazı gözəl bilir... Və susur. Özü də, qırmızı-qırmızı...
***
Başqa bir alman araşdırmaçı-yazar Pyer Frank “Rezonans qanunu” adlı kitab çıxarır. Dünya düşür bu kitabın dalınca; alana bax, təcili tərcümə etdirib nəşr edənə bax, yazısında, çıxışlarında kitaba istinad edənə bax... Bax da bax! Kitab olur bestseller. Və Qafqazın qoynunda-Azərbaycanın Şəkisində başqa bir yazıçı o kitabı oxuyur, əllərini qoyur qoynuna, təəssüflə öz xalqının keçmişini düşünür. O keçmiş ki, o boyda kitabı bircə cümlə ilə anladan insanların mirasıdır: “Niyyətin hara, mənzilin ora”. Bəs yazıçı nəyə təəssüflənir? Qafqaz mifologiyasını, qafqazlı təfəkkürünü araşdıranlar, tapdıqları mənəvi xəzinələrlə zənginləşənlər qafqazlı yazıçıdan min dəfə yaxşı tanınır dünyada... Və yazdıqlarının hamısının öz düşüncəsi olduğunu hayqırır mənbə göstərmədən, istinad nöqtəsi tanıtmadan... Özü də, qırmızı-qırmızı...
***
Nə vaxtsa, başqa bir alman dünyanı öz fəlsəfəsi ilə heyrətə salmışdı. “Yanmaq, yox olmaq, küllərindən yenidən doğulmaq” idi Nitsşenin dahiliyinin göstəricisi. O dahiliyə heyran olanlar uzağa getməsə, elə öz xalqlarının mifologiyası haqqında cüzi məlumat almağa çalışsa, bütün dünya mifologiyasının ortaq nöqtəsi olan həmin cümlə qarşılarına çıxardı: “Qaf dağlarında küllərindən doğulan bir sehirli quş yaşayır”. Onda tanıyardılar Nitsşeni... “Ümid ən böyük işgəncədir” deyən adam dünyaya “küllərinizdən doğulun” deyə öyüd verəndə səmimi ola bilməzdi! O, sadəcə, öyrəndiyini təkrarlayırdı. Başqa sözlə, həqiqət Qafqazda idi, Nitsşe onun carçısı rolunda çıxış edirdi qısa zaman kəsiyində. Və bunu boynuna almırdı, “mənim fəlsəfəm” deyirdi. Özü də, qırmızı-qırmızı...
***
Bu müəllifləri tənqid edirəmsə, bəyənmirəm anlamına gəlmir; bəribaşdan deyim. Nitsşe məni ağlada bilib. Deniken düşüncələrimi təsdiqləyib. Pyer Frank bildiklərimi təkrarlamağıma səbəb olub. Məni ağrıdan ayrı məsələdir...
Məni ağrıdan bu günün qafqazlı şairinin şeirin doğulan anında ölümü düşünməsidir. Çünki Deniken`ə, Nitsşe`yə, Frank`a yaradılan imkanlar qafqazlı yazıçıya yaradılmadı; nəşriyyatlarımız özümüzdən başqa hamını çap etməyə həvəslidir. Bizdəki redaktorlar, 2-3 nəfərdən başqa, “Po`nun Kennedi`si” olmaq istəmədilər, bizdəki naşirlər əllərinə gələn əsərlərə gəlir mənbəyi kimi baxdılar, yazıçının gözünün nuru, düşüncəsi, əməyi kimi deyil... Təsəvvür edin, 3 ildir hekayə kitabımı nəşr edəcək bir naşir tapmıram. Hələ hekayələrimi oxumamış, bu cəmiyyətə lazım olub-olmadığına qərar verməmiş, mənə deyirlər: “Ödənişi bəribaşdan istəyirik”.
Və bu yerdə qafqazlı şairin “ölümün rəngi qırmızı” deməsi nə naşirin, nə redaktorun, nə də cəmiyyətin eyninə gəlir... Çünki Qafqazın əsl kimliyinin üstünü örtməklə məşğuldur dünya ədəbiyyatı. Daha heç bir ədəbi qəhrəman Jül Vern`in Klodius Bombarnak`ının iziylə Bakıya gəlmir, uzaq başı, “House” serialında baməzə baş qəhrəman təcrübəçi qızdan soruşur: “Azərbaycanın paytaxtı haradır?” Və bizim naşirlərimiz Qafqazın mifologiyasından su içən qamışları “dünya bestselleri” adıyla bizə sırıyır, öz nilufərlərimizi görmür. Bizim nilufər qədər gözəl əsərlər yaradan, o məsumluqda, o səmimilikdə yazı üslubu olan yazıçılarımız, şairlərimiz isə yarımçıq romanlarından üzr istəyə-istəyə sığınırlar bir cümləyə: “Çörək hamının haqqıdır!”
Yox, qafqazlı şair qırmızı ölümə təslim olmur, o, küllərindən doğulan təfəkkürün dosdoğmaca balasıdır! Yox, qafqazlı şair qələmini yerə qoymur, o, dünyanın hər yerinə arabalarda səyahət edən, getdiyi yerlərə yazını, tibbi, mədəniyyəti aparan “tanrıların” şəcərəsindəndir. Yox, qafqazlı şair həmişə diridir, o, bütün dünyanın təfəkküründə müdhiş izaholunmazlıqla özünə yer edən yerdən- “Qaf dağının arxası”ndandır! Sadəcə, həmyerlimiz olan Diziaynalı pəhləvanın Lovğa pəhləvana dediyi kimi, “bizə “pişiyim” demədi” Qafqazı danan dünya ədəbiyyatına “aslanım” deyən naşirlər...
Ölmədi qafqazlı şair Ülvi Bahadır. Öldürdü içindəki hər şeyi şeirə qurban verən qafqazlını... Özü də, elə şeirindəcə...
Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?…
Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
“Mən səndən küssəm də, sən yanımda ol”…
Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…
Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
“Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir”…
Qulaq as…qulaq as, qırmızı ruhum,
Daha burda qalma, sonsuzluğa uç…
-A bala, qan yuyub aparır səni!
-Alo?
-Alo…103?…
“Ədəbiyyat və incəsənət”
(16.10.2024)