Super User

Super User

Türkiyənin TV8 televiziyasının sevilən mahnı yarışması olan “O Səs Türkiyə”nin  yeni mövsümdə münsifləri ilə bağlı dəyişiklik olacaq.  
“Ədəbiyyat və incəsənət Haberler.com-a istinadən məlumat verir ki, proqramın rəhbəri Acun Ilıcalı bu barədə açıqlama verib. Ünlü müğənni Hadisenin daha  “O Səs Türkiyə”də  olmayacağını söyləyən Ilıcalı: “Hadisənin yerinə başqa bir isim düşünürük. Hadisəni bundan sonra yeni layihəmiz olan  “O Səs Rep”də görəcəyik" deyib.

 

16 sentyabr.  Avropada mobillik həftəsinin başlanğıcı

 

Avrokomissiyanın təkidi ilə təqvimə salınan bu gündə bütün diqqətlər ictimai nəqliyyatdan istifadədə, piyada getməkdə və velosiped sürməkdə rahat infrastruktur yaradılmasının stimullaşdırılmasına yönəldiləcəkdir.

 

Bir də görürsən, çox varlı, lüks avtomobilli tanış-bilişinə, qonşularına hədsiz paxıllıq edən, paxıllığı hətta nifrətə çevrilən bir şəxs bu nifrətini yeganə realizə edə bilmək şansından yararlanaraq piyada zolağından saatda 0,000001 km/saat sürətlə keçir, dayanmaq məcburiyyətində olan sürücülərin əsəblərini tarıma çəkir, bax bu gün həm də onların günüdür. Yəni, bu hərəkətə görə söyüş və kötək almaq bu gün istisna edilir.

 

16 sentyabr. Ozon qatının beynəlxalq müdafiəsi günü

 

1994-cü ildə BMT Baş Assambleyası qərara aldı ki, hər ilin bu günü diqqətlər ozon qatının müdafiəsinə yönəldilsin. Bu gün - ozon qatının dağıdan hissəciklər barədə 16 sentyabrda imzalanan Monreal protokolunun şərəfinə təqvimə salındı. 80-ci illərdə Antarktida üzərində alimlər ozon qatının 2 dəfə nazildiyini görüb “ozon yırtığı” ifadəsini leksikona gətirdilər. 1987-ci ildə 36 ölkə, o cümlədən SSRİ ozondağıdan hissəciklərin istehsalını tam dayandırmaq öhtəliyi götürsələr də bu sahədə vəziyyətin əsla düzəlməməsi göz qabağındadır. Ozon qatı nazik bir qaz təbəqəsidir ki, çətir kimi Yer kürəsini Günəşin öldürücü radiasiyasından qoruyur, planetdə həyatı təmin edir. Kosmosdan baxanda, ozon təbəqəsi, sanki Yer kürəsinin başına geydirilmiş bir papaqdır, bu kimyəvi birləşməni 100 kilometr yüksəklikdən müşahidə etmək mümkündür. Bu təbəqə yox olsa bütün biosfer, bütün canlılar üçün təhlükə duyulacaq, ultramavi şüalar birbaşa insana təsir göstərməklə onda dəri xərçəngi, korluq yaradacaqlar. Ozona məhvedici təsir göstərən əsas maddə xlordur, onun oksidləridir. Kimya zavodlarının bu məhsulu məişətdə aparıcı yer tutduğundan, milyardlarla gəlir gətirdiyindən onun istehsalını dayandırmaq absurd görünür. (Bir Sumqayıtın kimya poliqonunu xatırlayın). Ona görə də, insanlığın gələcəyi çox dumanlı görünür.

 

16 sentyabr. Papua-Yeni Qvineyanın müstəqilliyi günü

 

Əlbəttə, bu arada bir çox ölkələr öz müstəqilliyini qeyd edir. Onların hər biri barədə təqvimimizdə söz açmaq mümkün olmadığından biz içlərində ən maraq doğuranları, ən qeyri-adiləri, ən ekzotikləri seçirik. Buyurun, Papua-Yeni Qvineya. Adı Afrikanın Qvineya ölkəsinin şərəfinə qoyulan, sivilizasiyadan kənarda qalmış yarımçılpaq yarımvəhşi insanlar yaşayan, ekvatora olduqca yaxın, 7 milyon əhalisini azı 850 müxtəlif  xalqın təşkil etdiyi, yaxin keçmişədək valyuta əvəzinə iri dəniz balıqqulaqlarının istifadə edildiyi bir dövlətdir Papua-Yeni-Qvineya. Təsəvvür edin ki, orada hələ də bəzi sektalar hannibalizmlə məşğul olurlar. 2012-ci ildə şəhərdə yaşayan, nisbətən sivil olan, kostyum-şalvar geyən, təhsil alan insanlar seçki keçirmək istəyəndə həmin o hanniballar onlara hücum edibmiş ki, məntiqlə kostyum-şalvarlı insanın qanı daha dadlı olmalıdır. Həmin o kostyum-şalvarlı təbəqə 1975-ci ildə Avstraliyadan müstəqilliyini qoparan günü sentyabrın 16-sı imiş, odur ki, indi hər ilin bugünkü gününü papualılar bayram edirlər. Özü də yarımvəhşi insanlar müstəqillik qazanan sivil insanlara nisbətən daha humanistcəsinə müstəqillik qazanıblar, müstəmləkəçi ölkəyə qarşı silah qaldırıb onun əsgərlərini qıran, bayrağını taptayan digər ölkələrdən fərqli olaraq papualılar yığışıb avstraliyalıların başbilənlərinin yanına gediblər, deyiblər, qardaş, səninki səndə, bizimki bizdə, çıx get öz ölkənə, bizdən əl çək. Avstraliyanın bayrağını da ehmalca endirib, qatdalayıb onun qoltuğuna vurublar. O binəva da nədənsə, qəzəblənib savaş əmri verməyib, əyanlarına deyib ki, yığışın, çıxıb gedirik. Bax belə!

 

Daha hansı özəllikləri var papualıların? Orada Cadugərlik haqqında qanun hökm sürür. Yəni, rəsmən cadugərlik qəbul edilir. Ölkənin rəsmi valyutası kinadır, 1 dolları dəyişsən, sənə bir çamadan kina verərlər. Siz heç zəhərli quş barədə eçitmisiniz? Həmin quş sərçəkimilər dəstəsindən olan Milçəktutandır ki (Pitohui dichrous), o da Papua-Yeni Qvineya sakinidir.

 

16 sentyabrı Papua-Yeni Qvineyada bütün xalq bayram edir, oxuyurlar, oynayırlar, yarmarkalar təşkil edirlər, hər yan ölkənin rənglərinə bürünür – qara, qırmızı və qızılı rəngə.

 

16 sentyabr. Mersedes xanımın doğum günü

 

1955-ci ilin bu günündə məşhur Amerika fokusçusu-illüziyaçısı Devid Kopperfild dünyaya gəlib. 1745-ci ildə məşhur rus sərkərdəsi Mixail Kutuzov doğulub. 1824-cü ildə isə məşhur Fransa kralı XVIII Lüdovik dünyasını dəyişib.

 

Mənim maşın bazarında şıdırğı alver edən, həftə səkkiz-mən doqquz Almaniyaya gedib, maşın qəbiristanlığından sahibi tərəfindən atılmış qəzalı “Mercedes”lərdən  gətirib burda “Qardaş canı bu müəllim maşınıdır, hələ buna atvyorka dəyməyib” deyə satan çoxlu tanışlarım var, hamısı heç də ağdamlı deyil, həmin tanışlarıma və digər maşın alverçilərinə səslənirəm, yaxın oturun, görün sizə nə deyirəm. 1889-cu ilin 16 sentyabrında Nitsa şəhərində Mersedes Ellinek adlı bir qız uşağı doğulub. Onun atası Emil Ellinek Avstriya-Macarıstanın Nitsada vitse-konsulu işləyirmiş, eyni zamanda da “Daymler” avtomobil şirkətinin Fransada nümayəndəsi imiş. Mersedes çox gözəl imiş. Yayda Emil müəllim ailəsini də götürüb vətəninə məzuniyyətə gedəndə “Daymler”in patronu ilə görüşür, patron balaca qızcığazın gözəlliyindən vəcdə gəlir, adının da qeyri-adi olması – kişi and-aman eləyir ki, bu çağa kimi Mersedes adı eşitməmişəm - həlledici rol oynayır. “Daymler” şirkəti yeni hazırladığı avtomobilə “Mercedes” adı varir. Əziz “Mercedes”dən çörək çıxaranlar, yeşka, çeşka deməkdən yeşkalanıb çeşkalananlar, bunu sizə ona görə danışıram ki, adam mütləq gərək çörəyi çıxan yer barədə məlumatlı olsun. Bu qədər bəsit.

 

Varisin “11-20 sentyabr” yazısından.

 

 

 

Mədəniyyət Nazirliyi əməkdar artist Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.
Nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.
Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.
Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.
Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.
Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!”

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bu gün Xarkovun mərkəzi hissəsində ona ucaldılan abidənin rəsmi açılış mərasimi keçiriləcək.
AzərTAC-ın Ukrayna üzrə xüsusi müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədri Rüfət Quliyev, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, şəhər ictimaiyyəti nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcəklər.
Açılış mərasimindən öncə Azərbaycan nümayəndə heyəti Xarkov vilayət və şəhər Administrasiyasının rəhbərləri ilə görüşəcək.
Azərbaycanın Ukraynadakı səfirliyi və Fəxri Konsulluğunun birgə dəstəyi ilə ucaldılan abidənin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.
Qeyd edək ki, Azərbaycanın dahi şairinin daha bir heykəli Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukrayna paytaxtında, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında ucaldılacaq. Bu heykəlin də müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.

Türk musiqisi sevənlər üçün gözəl xəbərimiz var. Ünlü sənətçi İbrahim Tatlısəs uğradığı silahlı hücum  ardından 12 il boyunca uzaq qaldığı  konsert səhnələrinə geri dönür.
“Ədəbiyyat və incəsənət” portalı Snob Magazin-ə istinadən məlumat verir ki, tanınmış yönətmən Polat Yağcı ənənəvi olaraq keçirilən Paraf Kuruçeşme Açıkhava Konsertlərini bu il İbrahim Tatlıses ilə qapatmağı  planlayır.
Tatlısəsin Kuruçeşme səhnəsində 3-4 konserti ard-arda verməsi gözlənilir. Ünlü sənətkar artıq özünə dev bir orkestr hazırlayır ki, konsertlərdə onu müşayiət etsin.

Wednesday, 15 September 2021 10:28

Buker mükafatının qısa siyahısı elan edildi

 

Məşhur  Buker mükafatının (Booker Prize) qısa siyahısı Londonda dünən gecə saatlarında elan olunub. Proqnozlar özünü doğrultmayıb. Builki Nobel mükafatı laureatı Kadzuo İsiquro qısa siyahıya düşə bilməyib. Bu barədə mükafatın jürisinə başçılıq edən Mayya Djasanoff mətbuat-konfransında məlumat verib.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, şort listə birdən-birə 3 amerikalı müəllif düşüb. Bunlar "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauers, "Böyük dairə" (Qreat Circle) romanı ilə Maggi Şipsted və "Bu barədə hamı  susur” (No One Is Talking about This) romanı ilə Patrişa Lokvuddur. Həmçinin Şri-Lankdan Anuk Arudpraqazam ("Şimala yol"- A Passage North romanı ilə), Cənubi Afrika Respublikasından Deymon Qelqut ("Vəd" - The promise romanı ilə) və Somalidən Nadifa Mohamed ("Avantüristlər", The Fortune Men romanı ilə) şort listdə qərarlaşıblar. Cəmi 6 bəxtəvər.

 

Qısa siyahıya alınmış kitablar 1 oktyabr 2020-ci il tarixindən etibarən Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilmişdir. 50 min funt (69 min dollar) mükafatı qazanacaq şəxsin adı noyabrın əvvəlində məlum olacaq.

 

Münsiflər heyətinin rəyi

 

Mayya Djasanoff əsərlərin seçimini onların bizim günlərin hadisələri ilə həmahəng olmaları ilə izah edib və qeyd edib ki, “Onlarda da bugünkü real dünya kimi "insanlar, eyni zamanda, onların özlərindən üstün olan qüvvələr tərəfindən həm ilhamlanır və həm də onların qarşısında geri çəkilir. Bəziləri bizi Şri-Lankada vətəndaş müharibəsinin yara izlərini öyrənən Tamilin beyninə köçürür, bəziləri ailə böhranı ilə mübarizə aparmaq üçün İnternetdən uzaqlaşan amerikalı qızla üzbəüz qoyur, bəziləri tarixi transformasiyaların əzablarını yaşayan cəmiyyətlərə transfer edirlər. Bəziləri də Britaniyanın dekolonizasiyasının ilk illərində Kardiff dokları ilə, Aparteidin son illərində Pretorya çöllərindəki hadisələrlə üzləşdirir”. Yeri gəlmişkən, Münsiflər heyətinin sədri amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimidir. O, fikrini belə tamamlayır: “Şort-listə elə əsərlər də düşüb ki, bizləri iqlim dəyişikliyi barədə maarifləndirir, Yer kürəsi ətrafında dövrə vurmaq istəyən  müasir astrobioloqla tanış edir.”

 

Mükafat haqqında

 

Buker mükafatı 1968-ci ildə təsis edilmişdir. Onun təqdimatı ilk dəfə 1969-cu ildə olmuşdur. 2013-cü ilə qədər bu mükafat Britaniya birliyinin, İrlandiyanın və ya Zimbabvenin – bu ölkələrdən hər hansı birinin vətəndaşı olan müəllifə verilib. Lakin sonra münsiflər başqa ölkələrdən olan yazıçılara ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərlərə görə iddiaçı olmaq imkanı veriblər. Keçən il mükafatın sahibi “Şuqqi Beyn” (Shuggie Bain) debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.

 

Favorit barədə

 

Hər halda, 2021-ci ildə Bukeri kim alacaq? Yekdil fikir və proqnoz yoxdur. Amma ümumi tendensiya belədir ki, mükafat mütləq Birləşmiş Ştatlara gedəcək. Favorit isə, hər halda "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauersdir.

 

 

 

Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı, Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Hacıbəyli Beynəlxalq bəstəkarlıq müsabiqəsi başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.
Cari il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri iyulun 20-nə kimi müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.
Avqustun 15-nə qədər münsiflər heyəti audioyazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova həyata keçirib.
Dahi bəstəkarımızın doğum günü ilə əlaqədar keçirilən müsabiqənin qaliblərinin adları 18 sentyabr – Milli Musiqi Günündə açıqlanacaq. I, II və III yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.
Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər.
Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Hacıbəyli Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.

Wednesday, 15 September 2021 10:25

İslam irsimizi tanıyaq: Şah Abbas məscidi

Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsini davam etdirir. Bu dəfə Şah Abbas məscidi barədə videoçarx təqdim edilmişdir.
XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. Xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.
Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs deyib. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənib.
Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Unikal incəsənət əsəri olan, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış bu minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eynidir.
Şücaəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi də Şah Abbas məscidinin yaxınlığındadır.
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb.

Kübar xəbərlərdən ən çox izlənəni: Parisdə, yeni tikilmiş Efemer sarayında - bu saray təmirdə olan Böyük Sarayı müvəqqəti əvəz edir - Mars meydanında Art Paris 2021 Müasir İncəsənət yarmarkası öz işini başa çatdırdı.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, incəsənət yarmarkasında dünyanın hər yerindən 140 qalereya iştirak edib. Hər bir ölkə həm peşəkarlar, həm də adi sənətsevərlər arasından dünya şöhrəti qazanmasını arzuladıqları  rəssamların işlərini Fransa paytaxtına gətirmişdi.
"Bu tədbir bilicilər, yəni kolleksiyaçılar, incəsənət muzeylərinin peşəkar işçiləri, sərgilər təşkil edənlər və direktorlar üçün nəzərdə tutululmuşdu", — deyə yarmarkanın direktoru Qiyyom Pyans bildirib. — Lakin, digər tərəfdən, bu tədbir həm də geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdu və insanlar burada 2-ci Dünya müharibəsindən bizim dövrümüzə qədər olan uzun bir dövr ərzində yaranmış işlərlə tanış ola bildilər. Bu ilin ən mühüm və gözəl hadisəsi -  adətən Londonda nümayiş olunan, İndi isə Parisə gəlmiş ingilisdilli dünyanın ən iri qalereyasının sərgisi oldu ki, bu sərgi yarmarkamıza xüsusi özəllik verdi".
Art Paris Müasir İncəsənət yarmarkası incəsənət bazarının son tendensiyaları ilə tanış olmaq üçün unikal imkan yaratdı. Sərginin müstəqil kuratoru Erve Mikaelov fransız rəssamlarının son illər yaratdıqları portretlər toplusunu nümayiş etdirirdi, böyük ajiotaj yarandığını görəndə o, hisslərini bu cür büruzə verib:
"Son hadisələr nəzərə alınmaqla, bu il yarmarkanın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Portret mövzusuna verdiyimiz xüsusi diqqət dövrümüzə uyğun gəlir; pandemiya həyatımıza kabus kimi gəlib, rəssamların qeyri-müəyyənlik dövrünü yaşadığı, onların özünə qapandığı aşkardır, bu isə onların əsərlərində də öz əksini tapmışdır".
Sərgi zallarının pandemiya səbəbindən bağlı olması, uzun ünsiyyət fasiləsinin yaranmasından  sonra ART Paris 2021-i  Françoise Besson kimi dünyaşöhrətli qalereyaçı məmnuniyyətlə rəssam və peşə həmkarları ilə yenidən görüşmək üçün yeni bir fürsət tapmaq bayramı adlandırıb:
"Paris səhnəsini yenidən əldə etmək çox vacibdir. Birincisi, Paris və Avropa kolleksiyaçıları ilə əlaqələri bərpa etmək mümkündür. Həm də bu Efemer sarayının açılması yeni dövrün başlanğıcını göstərir. İndi biz başa düşürük ki, incəsənət üçün ünsiyyət qurmaq, görüşmək, yeni işlər görmək imkanı nə qədər vacibdir. Ona görə də biz incəsənət həvəskarlarını, rəssamların işlərini görmək üçün buraya gələn ən müxtəlif tamaşaçıları böyük həvəslə qəbul edirik".
Fransa, Avropa və dünyanın digər çoxsaylı ölkələrinin rəssamları pandemiya dövründə yaradılmış əsərlərini yarmarkaya gətirmişdilər. Onların arasında polşalı rəssam Tomek Baran da var idi. Tomak hisslərini bu cür bölüşüb:
"Bütün bunları İnstagram üzərindən, internet vasitəsilə deyil, öz gözlərinlə  görmək xoşdur. Mən pandemiya zamanı rəsmlər seriyası çəkmişəm. Burada 9 rəsmimdən yalnız 3-ü təqdim olunub, hazırda digər rəsmlərimin üzərində işi bitirirəm. Bu cür insan marağl məni işimə daha çox kökləyir".
Art Paris 2021 yarmarkası bazar günü axşama kimi mütəxəssislər və həvəskarlar üçün açıq oldu, yarmarka bitəndə və Efemer sarayının açıq qapıları bağlananda sanki Parisdə çöhrələrə də bir kədər qondu.
Mədəniyyətin həqiqətən xilasedici rolu danılmazdır.

Tatarıstanın paytaxtı Kazanda 17-ci Beynəlxalq Müsəlman Filmləri Festivalına yekun vurulub. Bağlanış mərasimində qaliblərə xüsusi mükafat və prizlər təqdim edilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirir ki, festivalın təşkilat komitəsinə bu il 45 ölkədən 584 müraciət göndərilib. Seçim komissiyası cəmi 50 filmi qəbul edib.
Tatarıstan Respublikasının Baş naziri, Beynəlxalq Konqresin “Millişura” sədri Vasil Raziyev bildirib ki, festivalın maraqlı keçməsi və ən layiqli filmlərin seçilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Ötən əsrin 90-cı illərinin küçə yeniyetmələrinin azad həyatından bəhs edən “18 kilovers” filmi Qazaxıstanın tanınmış kinorejissoru Fərhad Şaripovun uğurlu işlərindən biri kimi yüksək dəyərləndirilir.
Kazan kinofestivalının Qran-Pri mükafatına məhz “18 kilovers” filmi layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.