Super User

Super User

Azərbaycanlı şair Nigar Həsənzadənin "Gümüş" şeirlər toplusu Bişkekdə üç dilə tərcümə və nəşr edilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan verilən məlumata görə, şairənin rus dilindəki şeirləri Azərbaycan, türk və özbək dillərinə tərcümə edilib. Bundan başqa, Həsənzadənin şeirlərinin qırğız dilinə tərcüməsi hazırlanır.
Kitablar şair-tərcüməçilər Saqif Qaratorpaq (Azərbaycan), Yusuf Aslan (Türkiyə), Gülzirə Şəripovanın (Özbəkistan) tərcümələrində nəşr edilmişdir. Hər üç kitab 500 nüsxə tirajla nəşr edilmişdir.
Kitablar Qırğızıstan və digər ölkələrin kitabxanalarına və məktəblərinə pulsuz paylanacaq.

Heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.
Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii,
elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.
Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi  tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.
Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra  Komissiyanın  müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 30-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AzərTAC-a bildirilib ki, elmi konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların aşkara çıxarılması, elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə təşkil olunacaq.
Qeyd edək ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər.
Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilir.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.

25 sentyabr. Ümumdünya arzular günü

Bəh, bəh! Nə gözəl bir gündür. Xüsusən, arzular ilə reallıq arasında dərin uçurum olan cəmiyyətlərdə insanlar yalnız arzularda xoşbəxt olurlar. Arzularda biz yaxşı iş-güc, mal-dövlət, pul-para yiyəsi oluruq, sevdiklərimizə qovuşuruq, dünyanın gəzməli-görməli yerlərinə gedir, əlçatmaz insanlarla görüşürük, tam azad, tam demokratik bir cəmiyyətdə yaşayırıq.  Arzulamaq günü realda xoşbəxt yaşayan xalqlar üçündür, onların hər şeyi var deyə adi halda arzuları olmur, ildə bir dəfə qeyri-adi bir şeylər arzulamaq xahiş olunur onlardan. Biri pop star olmaq, biri Ginnesin rekordlar kitabına düşmək, biri Marsa uşmaq, biri naməlum adaya düşməyi arzu edir. Bizlər isə onsuz da bütün il boyu arzulayırıq. Kaş benzin, ərzaq, kommunal xərclər daha qalxmaya, kaş bank əmanətlərinin faizi düşə, kaş uşaqpulu verələr, kaş Qarabağ problemi biryolluq bitə, kaş korrupsiyaya son qoyula və s. və i. Bizimçün xüsusi arzulamaq gününə nə lüzum?

 

25 sentyabr. Ümumdünya çaylar günü

Kür və Araz çayları – Azərbaycan cöğrafiyasının əsas istinadgahları sırasında yer alan iki çay. Üstəlik, Araz - həm də ikiyə bölünmüş Azərbaycanımızın rəmzi. 2005-ci ildən bəri qeyd edilən bu gündə çaylar barədə bilgilərinizi gəlin xatırlayaq. Dünyanın ən uzun çayı Amazondur, 6992 metr uzunluğa malikdir. Nil çayı Afrikanın, Qanq çayı Hindistanın müqəddəs rəmzi hesab edilir və s.

 

25 sentyabr. Ümumdünya farmasept günü

Bilmirəm, bunun statistikası aparılıbmı, amma biz dünyada ən çox dava-dərmandan istifadə edən xalqlardanıq. Əslində, bu bizim daha çox xəstələnən xalq olmağımızdan irəli gəlmir, bunun başqa səbəbi var. Deyilənə görə, bizim dərman işiylə  məşğul olanlarımız – yəni ölkəmizə dərman gətirənlər halala haram qatırlar, tutalım, hansısa bir dərmanın tərkibində 10 komponent varsa, istehsalçıya deyirlər ki, bunun sayını 5 elə, qoy onu almaq mənə ucuz başa gəlsin. Qazancları ikiqat olsun düşüncəsiylə insanlara qənim kəsilirlər. Nəticədə, dərmanlar xəstələri sağaltmır deyə hey yenidən onlara təlabat yaranır. Bu bir nağıl deyil, reallıqdır.

Gəlin farmasept (türklər demişkən, əczaçı) günündə bu sahədə çalışanlara halallıq arzulayaq.

 

25 sentyabr. Komikslər günü

Komiks ingiliscə comic — gülməli mənasını verir, hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerika formatında komikslər nazik broşürlərdə, gündəlik, əsasən rəngli şəkildə çıxırlar.Yaponiya və Avropa komiksləri həftəlik və ya aylıq jurnallarda seriallar şəklində çıxırlar;Yaponiyada bunlar adətən ağ-qara olurlar.Yaponiya komiks jurnalları yüzlərlə səhifədən ibarət ola bilir. Bizdə geniş yayılmasa da komikslərə dünyada maraq böyükdür. Hətta ən populyar mətbu orqanlar belə  (The Nyu-York Times-də şəxsən öz gözümlə görmüşəm) öz səhifələrində vaxtaşırı komikslərə yer ayırırlar.

 

25 sentyabr. Göbələk və adadovşanı

Bu gün Avropada göbələk günü kimi də qeyd olunur. İnsanlar meşələrə üz tutub göbələk dərir, dincəlirlər. Meşədən uzaq olanlar isə marketlərdən göbələk alırlar. Günün anlamı odur ki, bu gün hər kəs göbələk yeməlidir. Yəqin məlumatlısınız da, dünyada ən bahalı qida məhsulu məhz göbələkdir, göbələyin trüfel adlanan növüdür. Yerin altında bitən, dünyada çox nadir rast gəlinən, cəmi 3 ay bar verən, xüsusi təlim itləri ilə üzə çıxan bu göbələklər ağ və qara rəngdə olurlar. Ağ trüfel daha bahadır, onun bir kiloqramı 3 min avro dəyərindədir. Amma quraqlıq illərində bu göbələk tam defisitə çevriləndə onun qiyməti daha da kəlləçarxa qalxır. 2012-ci ildə Böyük Britaniyada bir lord ziyafəti üçün bu göbələyin kilosunu 9000 avroya alıblarmış. Bu göbələyin elə bir bihuşedici ətri var ki, narkotik tək adamı cəlb etdiyi söylənilir. Sizi əmin edirəm ki, ayı əti yeyən, milyonluq saat itirən, itinə 78 min funtluq pul xərcləyən sayaq həmvətənlərimiz də o göbələkdən dadıblar. Trüfel göbələyi qara kürü kimi qidadan daha çox imtiyaz və dəbdəbə vasitəsi hesab edilir deyə bizə onu görmək də yox, ən yaxşı halda şəklinə baxmaq qismət ola bilər. Buyurub qapaq fotosuna baxa bilərsiniz.

Bu gün həm də Beynəlxalq adadovşanı günüdür. Bu maraqlı canlılar son vaxtlar əsil ev heyvanına çevriliblər, insanlar onları evlərdə saxlayırlar. Onlar da kökdən, kələmdən yeyir, yemək gecikdiriləndə də dibçəkdəki güllərə daraşırlar.

1881-ci ilin bugünkü günündə müasir Çin ədəbiyyatının banisi Lu Sin dünyaya gəlib. 1789-cu ilin bugünkü günündə general Xoser de Ribas Osmanlı qalası olan Hacı-bəyi işğal edərək onun adını Odessaya dəyişib. 1644-cü il danimarkalı astronom Ole Remyerin doğum günüdür, o şəxsin ki, ilk dəfə işığın sürətini ölçüb. 1493-cü ildə Xristofor Kolumb ikinci dəfə Amerikaya üzüb.

 

25 sentyabr.  Xanlar Haqverdiyevin 115 illiyi

Xanlar Haqverdiyev adı əlbəttə ki, çoxumuza tanış deyil. Musiqi tariximizdə əvəzsiz izlər qoymuş bu şəxs 1906-cı il sentyabr ayının 25-də Ağdam rayonunun Seyidli kəndində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub, Seyid Şuşinskidən klassik muğamlarımızın incəliklərini öyrənib. 1932-1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılanda bu teatrın inkişafında görkəmli aktyor Rza Əfqanlı ilə yanaşı Xanlar Haqverdiyevin də rolu böyük olub. O, türkmən xalqının böyük rəğbətini qazanıb, 1939-cu ildə ona Türkmənistan SSR-nin “Əməkdar artisti” fəxri adı verilib.

Xanlar Haqverdiyevin 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edərək “Sevil”, “Koroğlu” operalarında çıxış etməsi onun şöhrətini birəbeş artırıb.

Musiqili səhnə sənətini inkişaf etdirmək sahəsində göstərdiyi xidmətlərinə görə o, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, keçmiş Sovet İttifaqı respublikalarının fəxri fərmanları ilə, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 1956-cı ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülüb. Xanlar Haqverdiyev 1980-ci il dekabr ayının 5-də vəfat edib, ruhu şad olsun.

 

Varisin 21-30 sentyabrın təqvimi yazısından

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Baş Assambleyası çərçivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirib. Təqdimatda BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Migel Moratinos, Ərəb Liqasının sabiq Baş katibi Amre Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic, bu ölkənin sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Kitab Azərbaycan Respublikası Prezidentinin bu ilin Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması ilə bağlı Sərəncamından irəli gələrək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin tərəfindən çap olunub. Nəşrdə əksini tapan illüstrasiyalar dünyanın tanınmış Metropoliten Muzeyi tərəfindən təmin edilib.

Sentyabrın 23-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabın müəlliflərindən biri olan Günel Anarqızı bildirib ki, bugünkü görüşü belə bir tarixə salmaqda məqsəd qələbənin ildönümünü qeyd etməkdir. Bildirib ki, bu vaxtadək Qarabağ haqqında çoxlu sayda əsər yazılıb, saysız-hesabsız kitab nəşr olunub. “Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür edirəm. İnanıram ki, bundan sonra Qarabağ haqqında yeni-yeni əsərlər yazılacaq”, - deyə Günel Anarqızı qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan əsgəri ermənilərin özləri barədə uydurduğu “qəhrəman xalq” mifini darmadağın etdi.
Kitab barədə danışan Xalq yazıçısı deyib: “Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib. Ən əsası bu yazılar böyük qələbədən sonra yazılıb. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu hisslərlə yazılardı. Amma belə olmadı, qələbə ruhlu bir əsərə çevrildi”.
Milli Məclisin deputatı Jalə Əliyeva kitabı ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Xalq yazıçısı Elçin qeyd edib ki, Vətən müharibəsində Qələbə tək həqiqətin sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi idi. O, işğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın böyük Zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsi olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bildirib ki, Qarabağ haqqında yazılan kitab onun üçün ikiqat müqəddəsdir. Vurğulayıb ki, Vətən uğrunda aparılan mücadilə həmişə qələbə ilə başa çatır.
Xalq yazıçısı Çingiz Abdullayev kitabdakı yazılarda Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz duyğuların, müəlliflərin şirinli-acılı xatirələrinin əksini tapdığını söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, bir neçə gündən sonra, sentyabrın 27-də Qarabağda canlarından keçmiş şəhidlərim əziz xatirəsi ehtiramla yad olunacaq. Qeyd edib ki, ötən il müharibə başlayanda hamımız səksəkəli günlər yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl azad olunanda Prezident İlham Əliyevin çıxışı bizi çox sevindirdi və bu xəbər bizi qələbəyə köklədi.
Kitabla bağlı fikirlərini bölüşən Rəşad Məcid deyib ki, Xalq yazıçısı Anarın müraciətindən sonra Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Qulu Ağsəs Ağdamdan yazıb. Sonradan digər yazıçılar da bu ideyanın işığına toplaşıb.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur.

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun:
Riçard Avedon, “Dovima və fillə”. 1955.

1955-ci ildə Riçard Avedon Christian Dior-un yeni kolleksiyasının reklamını çəkib. Bir model olaraq, o, sevimlisi Dovimanı seçdi və fillərin fonunda onu möhürləməyə qərar verdi. Avedon bir fotoda həm kövrəklik və güc, həm də işıq və qaranlıq simmetriyasını çatdırmaq istədi. "Dovima və fillər" fotoşəkili Dİver Sirkində çəkilmişdir. Modelin paltarları o zaman gənc və hələ az tanınmış dizayner İv Sen-Loran tərəfindən yaradılmışdı, İv Sen-Loranın köməkçisi Kristian Dior tərəfindən işlənmişdi.

Şəkil: 100photos.time.com

Vyanada -  “Sargfabrik” mədəniyyət evində Əməkdar artistlər - tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.
AzərTAC-ın müxbiri Vyanadan xəbər verir ki, konsertdən öncə “Sargfabrik” mədəniyyət evinin təmsilçisi Lukas Handle Azərbaycan Mədəniyyət Mərkəzi və “Kulteurasia” təşkilatına bu konsert proqramının ərsəyə gəlməsindəki əməkdaşlığa görə təşəkkür edib.
“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt konsertin iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri” festivalında Qran-Pri mükafatına layiq görülən S. Paşazadə və K. Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Almaniyada bu qəbildən olan festivallardan birində onların ifasını bəyənən D. Libervirt muğam ifaçılarını Vyanaya dəvət edib. İndiyədək Avstriyada dəfələrlə konsert proqramlarında çıxış etsələr də, bu, onların Avstriyada ilk solo konsertidir.
D. Libervirt qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar konsert proqramı iki dəfə təxirə salınmağına baxmayaraq, Azərbaycan ifaçılarının Vyanada musiqisevərlərlə görüşü mümkün olub. O, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinə səmərəli əməkdaşlığa görə minnətdarlıq edib.
Konsertin ilk hissəsində S. Paşazadə və K. Kərimov “Mahur hindi” muğamını tam olaraq dəstgah şəklində və “Bayatı-Şiraz” muğamı və kompozisiyasını ifa ediblər. Kompozisiyaya daxil edilmiş xalq mahnıları və nağaranın ifasında solo ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin ikinci hissəsi Azərbaycan muğamları içərisində özünəməxsus yerə malik “Segah” muğamı səsləndirilib. Muğam kompozisiyasının tərkibində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə ithafən “Şuşanın dağları” mahnısı ifa olunub. Sonra 2017-ci ildə Səmərqənddə “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinə Qran-Pri mükafatını qazandıran və onlara dünya şöhrəti gətirən “Şur” kompozisiyası tamaşaçılara təqdim olunub. Sürəkli alqışlarla keçən konsertin zirvə nöqtəsini isə Azərbaycanın dilbər guşəsi Qarabağa həsr olunan “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi” təşkil edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.
Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.
Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.

 

Fransız rejissoru Fransua Ozonun "Hər şey yaxşı keçdi" tragikomediyası dünya prokatına çıxıb, onun premyerası iyulda Kann festivalında baş tutub. Süjetə görə, Sofi Marsonun parlaq ifasında Emmanuel xəstəxanaya tələsir - onun atası, 85 yaşlı Andre Düssole insult olub. Ata qismən iflicdir və kritik vəziyyətdədir. Emmanuel ağır xarakterinə, daimi şıltaqlıqlarına və birgə yaşadıqları keçmişdə atası tərəfindən incidildiyinə, çəkdiyi iztirablara baxmayaraq, sonuna qədər atasına qayğı göstərməyə hazırdır. Ancaq Andre qızının qayğısına tüpürmək belə istəmir, əzablarının tez bir zamanda aradan qaldırılması üçün qızından onun həyatdan köçməsinə kömək etməyi xahiş edir. Olduqca maraqlı və dramatik bir süjet və dünyaşöhrətli Sofi Marsonun ecazkar ifası.

 

Bu filmin izi ilə TASS agentliyi Parisdə 54 yaşlı aktrisa ilə görüşüb ondan müsahibə götürüb. Sofi Marsonun Azərbaycanda da sevildiyini, dünya kino sənətinin kult ifaçısı hesab edildiyi səbəbindən “Ədəbiyyat və İncəsənət” portalı müsahibəni tərcümə edərək öz oxucularına təqdim edir. Müsahibədə Sofi Marso sözügedən  film barədə bir çox suallara cavab verməklə yanaşı niyə nadir hallarda kinoya çəkildiyinə və mükafatlar almağı sevmədiyinə də aydınlıq gətirib. 

 

 

 

- "Hər şey yaxşı keçdi" filmində rol almağınızı uzun fasilədən sonra sizin kinoya qayıdışınız adlandırmaq olar. Niyə uzun müddət çəkilmədiniz?

 

 

- Mən vaxtımı özümə həsr etmək və filmlərə, reklamlara və sair çəkilişlərə ayırdığım zamanı özümü sərf etmək istəyirdim. Mən öz cədvəlimi azad və sərbəst etmək istəyirdim. Mən bunu böhran adlandırmazdım, çox güman ki, imkanlar üçün açıq qalmaq və heç nə haqqında düşünməmək istəyirdim.

 

 

 

- Onda niyə məhz kambek üçün bu layihəni seçdiniz?

 

 

-Yaxşı, etiraf edirəm, belə bir təklifə müqavimət göstərmək çətin idi. Ssenari ilə tanışlıq hər şeyi dəyişdi.  Bir gün sevdiyiniz bir şey oxuyursunuz və geri dönməyə qərar verirsiniz. Bu, gözəl, təkrarsız və sadə alındı, ən əsası da, təbii alındı, kinoya qayıtmaqdan məmnun oldum.

 

 

 

- Film sadə olmayan ölüm, borc, valideyn-uşaq münasibətləri mövzusunu qaldırır. Bu filmin üzərində psixoloji anlamda işləmək nə qədər çətin idi?

 

 

- Normaldan daha çətin deyildi. Kitab, ssenari çox sadə idi. Onlarda hər şeyi yerinə yetirmək üçün mürəkkəb olan gizli psixoloji motivlər yox idi. Yalnız Fransua ilə (filmin rejissoru – red.) eyni dalğada olmaq, onun nəyə nail olmaq istədiyini, bu filmlə nə demək istədiyini anlamaq lazım idi. Və bu daimi bir proses oldu: biz ilk gündə görüşdük və son çəkiliş gününə qədər biz ssenarini müzakirə etdik. Filmin yaradılmasının bütün məğzi elə bundadır - bu, hansısa sabit bir iş deyil, o, biz onu bitirənə qədər daim dəyişib. Nəticədə, biz, obrazlı desək,  müxtəlif şeylərdən Frankensteyn kimi bir əcaib varlıq ortaya çıxardıq.

 

 

 

- Film komediya və dram arasında daim tarazlaşır. Farsa və ya melodrama düşməmək üçün bu balansı necə saxladınız?

 

 

- Burada hər şey rejissordan və ssenaridən asılıdır, əlbəttə. Komediya hissəsinə görə eqosentrik, xarizmatik, neolitkorrekt ata rolunu oynayan qəhrəman Andre Düssolye məsuliyyət daşıyır. Hər halda, ölüm -  mürəkkəb mövzudur, hansı ki, biz onun haqda fikirləşməyi sevmirik. Biz necə öləcəyimizi düşünmürük. Bax, siz öz ölümünüz üçün hazırlaşmısınız?

 

 

 

- Hələ bu məsələ ilə məşğul olmaq mümkün olmayıb.

 

 

-Bəli, mən belə də düşünürdüm. Və elə mənim xoşuma gəlir ki, film səni bu fikirlərə sövq edir və bu barədə danışır. Son bir il ərzində, təbii ki, koronavirus dönəmindən söhbət gedir,  biz yalnız ölüm haqqında eşidirik, insanlar birdən-birə ölümlü olduqlarını başa düşdülər. Bu film mənə xatırladır ki, ölüm haqqında bəzən düşünməyə dəyər. Emmanuelin, əslində, atasına kömək etmək və ya etməmək üçün heç bir seçimi yoxdur, çünki o, əvvəlcə atasının tərəfdaşı, dostu, heç bir şeyə baxmayaraq sonuna qədər gedəcək köməkçisi olmaq qərarına gəlir. Bu gözəldir, çünki ata və Emmanuel tamamilə fərqlidir və bu, onların ailəsində bir çox problemləri artırır. Aktrisa kimi mənə belə layihələr olduqca maraqlıdır, çünki onlar emosiya və ziddiyyətlərlə doludur.

 

 

 

- Ssenarini oxuduğunuz zaman özünüzün belə bir xahişə necə reaksiya verəcəyinizi heç düşündünüzmü?

 

 

- Mən Emmanuelin seçimi olduğunu düşünmürəm. O əmindir ki, atası heç vaxt fikrini dəyişməyəcək. Onun edə biləcəyi bir şey atasını tək buraxmaqdır ki, qoy hər şeyi özü həll etsin, xüsusən, də atası ilə belə mürəkkəb münasibətlərinin olması şərti ilə. Uşaqlıqda atası ona qarşı qəddar olanda Emmanuel atasını öldürmək istəmişdi və bacısının zarafat etdiyi kimi, indi onun belə bir imkanı var idi, amma o, bunu edə bilməz. Əksinə, bəlkə də, belə həyasız atasına görə o, çox empatik birisinə çevrilib. Mənim qəhrəmanım bir real prototipə malikdir və bütün yoldaşları onun hər kəs üçün əsl dost olduğunu söyləyirlər.

 

 

 

- Film özlüyündə qeyri-siyasi olsa da, onun qaldırdığı məsələlər çox böyükdür. Bu məsələnin etik tərəfi barədə sizin fikriniz varmı?

 

 

- Mən istərdim ki, belə bir fikir məndə olsun. Mənim həmişə ev heyvanlarım olub və mənim itim çox xəstə idi. O, artıq qocalmışdı. Biz həkimlərə getdik və bir dəfə həkim mənə dedi: "Sofi, mən başqa bir şey edə bilmərəm". Mən də dedim ki, nə etmək lazımdırsa onu edin. Onu iynə vurub ölüm üçün yatızdıranda hiss etdim ki, itim, nəhayət, sakitləşdi, sanki, gərginlik, ağrı-acı onu buraxdı. Onda fikirləşdim ki, necə dəhşətli imiş, mən bütün bu illər ərzində onun həyatını qoruyub saxlamağa çalışmışdım, o isə bu cür əzab çəkirmiş. Mən hiss edirdim ki, onun bədəni ağrıdan necə gərgin idi, mən isə onu yatıra, onu ovuda bilmirdim. Mən kor-koranə istəmişdim ki, o, həyat uğrunda mübarizə aparsın və o, öləndə məyus oldum ki, onu əvvəllər ağrıdan azad eləməmişəm. Və bu, çox mürəkkəb bir dilemmadır.

 

 

 

- Baxın, siz deyirsiniz ki, film heç də psixoloji deyil, onu təhlil etməyə dəyməz. Amma psixologiya olmadan bir film çəkmək necə mümkün olar axı? Siz özünüz də öz ampluanızda ona müəyyən bir məna çaları artırmalısınız axı. 

 

 

- Mənə elə gəlir ki, tamaşaçı ekranda baş verənləri özü interpretasiya edir. Çünki vəziyyət, ümumiyyətlə, aydındır və ona çox sayda təhlil, sözlər, emosiyalar əlavə etmək lazım deyil. Bu Ozonun üslubunda deyil və bu - olduqca quru və düz xəttli filmdir. Bununla belə, o sizi gərginlikdə saxlayır və sizin bu baş verənləri özünüz yaşayırsınız kimi hiss etmənizə vəsilə olur. Məşqlər zamanı mən daha çox psixoloji olmağa çalışırdım, Ozona hansısa interpretasiyalar təklif edirdim və o, sadəcə, buna məhəl qoymurdu. Bu halda, sən meydançada bu aspektləri başında saxlamalısan, lakin onlar haqqında danışmamalısan.

 

 

 

- Bu filmi Kann festivalında təqdim etdiniz. Bir şey qazanmaq sizinçün vacibmi idi?

 

 

-Yox. Əgər düzünü desəm, mükafatsız qalmaq istəyirdim, əks halda mən qayıtmaq, nitq hazırlamaq, paltar axtarmaq məcburiyyətində qalacaqdım. Əlbəttə, bunlar gözəldir, amma heç bunları etmək istəməzdim. Hər halda, bu, biznesdir, mükafat qazanmaq film üçün çox gözəldir, çünki bu yolla film özünə diqqəti cəlb edir. Amma mən dəhşətli bir eqoistəm, mükafatlardan ötrü əsla sino getmirəm və bütün bu sayaq təntənələrdən  uzaq olmaq istəyirəm.

 

 

 

- Sizi məşhur edən "Bum" filmi 40 il əvvəl ekranlara çıxıb. Necə düşünürsünüz, o, gənc nəsil üçün hələ də aktualdırmı?

 

 

- Mən qorxuram ki, bəli (gülür), bu da təəccüblüdür. Mən bəzən doqquz yaşlı qızlarla görüşürəm, onlar mənə böyük gözlərlə baxır və düşünürlər: bu xanım həmin o filmdən olan qızdır? Onlar üçün bu, yəqin ki, çox qəribədir, çünki 9 yaşlı qızın rolunu oynadığım filmə çəkilərkən mənim 13 yaşım var idi.

 

 

 

- Amma belə çıxır ki, onlar sizi görən kimi tanıyırlar?

 

 

- Oy, yox, bunu onlara anaları deyir, əllərini mənə sarı uzadıb deyirlər: "Bu, "Bum"dakı o qızdır”. Bu da çox gözəldir, hər halda, nəsillər arasında hansısa əlaqə lazımdır.

 

 

 

- Sizcə, gənc ulduzlara indi 40 il əvvəl olduğundan daha çətindir, yoxsa asandır?

 

 

- Mən onlara çox acıyıram. Bu, çox ağırdır. Əlbəttə, hər şey sənin ətrafından asılıdır, nə qədər sənin həyata ayıq baxmağından asılıdır, amma bu çox sərt mühitdir. Və indiki zamanda mən əsla məşhur bir yeniyetmə olmaq istəməzdim, çünki ümumiyyətlə indiki yeniyetmə və gənclər müdafiəsizdirlər. Mənə şöhrət gəldikdə, dərhal müstəqil olmağı öyrəndim və indi bu cür tryukların işləməyəcəyini düşünmürəm. 

 

 

 

-Kino sənayesi sahəsində çoxları şikayət edir ki, indi hamı yalnız böyük filmlərdə, blokbasterlərdə maraqlıdır, kiçik layihələrə isə nə zaman, nə də pul qalır. Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?

 

 

-Mənə elə gəlir ki, incəsənət həmişə olacaq. Həqiqətən, bu günlərdə hər şey sənayeyə çevrilib, o cümlədən kino da. Bu, əhəmiyyətsiz istehlaka bənzəmirmi? Amma eyni zamanda, biz tərəqqi edən texnologiya dövründə yaşayırıq, belə ki, bu dövrdə mədəniyyətə çox da yer yoxdur. Və əgər tarixə nəzər salsaq, görərik ki, həmişə texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur. Eyni zamanda, cəmiyyətdə həmişə fərqli düşünən insanlar var, belələrinə ağ qarğalar deyirlər. Onlar necə olsa da optimistcəsinə yaratmaqda davam edirlər, festivallarda iştirak edirlər. Unutmayın ki, hətta blokbasterlər belə, xırda, səfil mədəniyyətdən ilhamlanır. Onlardan əvvəl yaranmış kiçik layihələr olmadan heç bir blokbasterin yaranışı mümkün deyil. Ruhdan düşmək lazım deyil, zira, rəssamlar həmişə tapılacaq.

 

 

Şəkillərdə: Sofı Marso "Hər şey yaxşı keçdi" filmində və “Bum” filmində

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.