Super User
Müharibə iştirakçıları olan şairlər “İgidlərin sözü” layihəsində bir araya gələcəklər
Beynəlxalq Muğam Mərkəzi “Söz” ədəbi layihəsi çərçivəsində “İgidlərin sözü” adlı proqram təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, noyabrın 5-də reallaşacaq tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Layihə rəhbəri Nigar Həsənzadə bildirir ki, proqrama regionlardan olan qazilər və müharibə iştirakçıları da qatılacaq və bir çox bölgələrimizdən olan döyüşçü-şairlər qələmə aldıqları şeirlərini geniş kütləyə çatdırmaq imkanı qazanacaqlar. Bu şeirlər arasında birbaşa döyüşlər zamanı qələmə alınan nümunələr də yer alır. Müharibə iştirakçısı olmuş şairlərin qələmə aldıqları bədii nümunələrdə döyüş meydanında qəhrəmanlıq göstərərək şəhidliyə ucalan, qazi olan Vətən oğullarının ürək döyüntüləri, qəlb çırpıntıları var.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər nümayiş olunacaq və hər kəs bu od-alov içindən çıxan igidlərin müharibədə, cəbhədə keçirdikləri hisslərlə tanış olacaq.
Qeyd edək ki, Vətən uğrunda canından, qanından keçən Vətən oğullarının bütün dünyaya səs salan bu Zəfərini yaşatmaq üçün gözəl təşəbbüslərdən olan “İgidlərin sözü” proqramı Vətəni azad edən igidlərimizi həm də yaradıcılıq rakursundan tanıdacaq.
Bu gün yeni əhatə dairəsi axtarışı günüdür
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
2 noyabr. Yeni əhatə dairəsi axtarışı günü
Dost və tanışlar səni qane etmirlər? Onda lütfən bu gün hər şeyə yenidən başla, dostları və tanışları dəyiş. Özünə yeni “kruq” tap. Əslində ilk baxışda bu çox çətin görünür. İllərlə fortmalaşan münasibətləri necə qırasan, başqasıyla təzədən necə münasibət qurasan? Azərbaycanda bir məsəl də var, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, mental olaraq azərbaycanlılar bu cür gedişlərə hazır deyillər, bizdə ailəni, dost dairəsini dəyişmək istisna hallarda baş verir. Ona görə də 2 noyabrdakı bu təyinat necə olsa da bizə yad görünəcək.
2 noyabr. Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü
Son on ildə 700-dən çox jurnalist cinayətin qurbanı olmuşdur. YUNESKO-nun Baş direktorunun məruzəsinə görə, 2006-2013-cü illərdə jurnalistlərə qarşı cinayətlərin cəmi 6 faizi (593 hal) təhqiqata cəlb edilmişdir. 171 iş üzrə (28 faiz) hələ də müxtəlif instansiyalarda təhqiqatlar dolaşıb qalmışdır, 384 cinayətin isə (68, 8 faiz) üstü sadəcə örtülmüşdür. Bu cür cəzasızlıq jurnalistlərə qarşı cinayətkarlıq hallarını daha geniş miqyasa çatdırmaqdadır. Yeri gəlmişkən, 2005-ci ilin martında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu qəbildəndir. 2013-cü ildə BMT Baş Assambleyası öz 68-ci sessiyasında 2 noyabrı Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü elan edəndə bu cəzasızlığa tez bir zamanda son qoyulmasına inamını da bildirmişdi.
Bəs niyə məhz 2 noyabr? Çünki 2013-cü ilin 2 noyabrında iki fransız jurnalisti Malidə öldürülmüşdü, yerli hakimiyyət isə hadisəni ört-basdır etməyə çalışırdı.
2 noyabr. Musiqi xadimi Şəhla İbrahimovanın 60 illiyi
Tanıyaqmı bu musiqi xadimimizi? Şəhla İbrahim qızı İbrahimova 1961-ci il noyabr ayının 2-də Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil alıb. O, 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının Kamera ansamblı və Simli alətlər kafedrasında işləyir. Hazırda Simli alətlər kafedrasının müdiri və professorudur. Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, “Orkestr repertuarı” adlı proqramın, “Skripka üçün orkestr çətinlikləri” adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Respublikanın “Əməkdar artisti”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. Təbrik edirik Şəhla xanımı!
2 noyabr. Koronasiya və ölülər günü
Bu gün şimal qonşumuz İmperator kəlməsini gen-bol işlədəcək. 1721-ci ildə Senat 1-ci Pyotra imperator titulu verib. 1884-cü ildə də imperator 2-ci Nikolay taxta çıxıb.
İrlandiyada Bernard Şounun – dramaturq, publisist, Nobel mükafatı laureatının anım günüdür, kişi 1950-ci ildə haqq dünyasına gedib.
Bu gün əfsanəvi Selassienin koronasiyası günüdür deyə həm Qvatemala, həm Honduras, həm Salvador – üç Mərkəzi Amerika ölkəsi, həm də Boliviya – Cənubi Amerika ölkəsi ölülər gününü qeyd edəcəklər. Şimali Amerika ölkəsi olan Meksikada isə bu gün İkinci ölülər günüdür, çünki birincisi noyabrın 1-nə təsadüf edirdi. Gözünə döndüyüm əsas Amerika ölkəsində - ABŞ-da isə ölü-filan söhbəti yoxdur, növbəti Milli mətbəx bayramıdır, içi marinə edilmiş tərəvəzlə doldurulmuş yumurta günüdür.
Varisin “Həftənin təqvimi” yazısından seçmələr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağ” milli geyim kolleksiyası təqdim edilib (daha ətraflı)
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib.
Təqdimat barədə daha geniş icmalı oxucularımızın diqqətinə çatdırırıq. Mədəniyyət Nazirliyinin saytının yaydığı məlumata görə, tədbirdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva bildirib ki, Zəfər Günü ərəfəsində doğma Türkiyədə də bayram əhvali-ruhiyyəsi vardır. Bu gün Türkiyə Cümhuriyyət Bayramının 98-ci il dönümünü qeyd edir. Bu münasibətlə Günay Əfəndiyeva Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının simasında Türkiyə dövlətini və xalqını təbrik edib.
Kolleksiyada nümayiş etdirilən milli geyimlərin mədəniyyətimizdə xüsusi yeri olduğunu vurğulayan Günay Əfəndiyeva deyib: “Bu kolleksiya bir tarixdir, çünki özündə Qarabağın 12 tarixi şəhərini birləşdirir. Kolleksiyanın hər bir geyimi Qarabağın bir bölgəsini təcəssüm edir və sanki həmin bölgənin canlı obrazını yaradır. Təqdim olunan kolleksiya Azərbaycan xalqının yaddaşından silinməyən bir izdir, türk dünyasının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə-Qorqud” dastanından başlayaraq, yüzilliklər ərzində formalaşan milli adət-ənənələrin bərpası, mənəvi dəyərlərin yaşadılması, muğamların oxunması, qəzəllərin, rübailərin səslənməsidir”.
Qeyd edib ki, o zamanlar Ağabəyim ağa, Xurşidbanu Natəvan kimi Qarabağın ziyalı qadınları gözəl ornamentlərlə, naxışlarla, xüsusi elementlərlə bəzədilmiş, xalq yaradıcılığının bədii xüsusiyyətlərini özündə əks etdirən libaslardan istifadə etmişlər.
“Bu kolleksiya Qarabağın qayıdışına, bu unudulmaz hissləri bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza, şəhid və qazilərimizə bir ithafdır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, kolleksiyanın tarixi bir gündə təqdim edilməsi rəmzi məna daşıyır. Qeyd edib ki, bir il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər işğal altında qalan torpaqları azad edərək Qarabağın tarixində yeni bir səhifə açıb. İndi Şuşa və Qarabağın digər rayonlarında quruculuq işləri aparılır, genişmiqyaslı layihələr həyata keçirilir. Uzun illər düşmən vandalizminə məruz qalan ərazilərin bərpası ilə yanaşı mədəni tədbirlər də keçirilir.
Qarabağın zəngin mədəni irsində geyimlərin xüsusi yeri olduğunu deyən Sevda Məmmədəliyeva bildirib ki, geyimlər hər bir xalqın mədəniyyəti ilə sıx bağlıdır. Geyimlərdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Azərbaycanda qədim libasları, kəlağayılar əlvan rənglərlə seçilib. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. O, Gülnarə Xəlilovaya “Qarabağ” kolleksiyasını hazırladığı üçün təşəkkür edib və yaradıcılıq işində uğurlar arzulayıb.
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova söyləyib: “Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın milli geyimində Qarabağ libasları xüsusi yer tutur. Qarabağın geyim mədəniyyəti bizim milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir”.
Bildirib ki, “Qarabağ” kolleksiyasının tarixi Zəfər Günü ərəfəsində təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.
Sonra “Qarabağ” geyim kolleksiyası nümayiş olunub.
Sumqayıtda kitabın zəfəri - Nərgiz Cabbarlı yazır
Azərbaycanda, nəhayət ki, kitaba yanaşmada yeni bir münasibətin, daha dəqiqi, münasibət dirçəlişinin şahidi olmaqdayıq. Son zamanlar ard-arda keçirilən (və rəqabəti ilə yadda qalan!) kitab satış-yarmarkalarının sırasına bu dəfə paytaxtda yox – Sumqayıtda baş tutan kitab sərgisi də əlavə edildi. Və ən əsası, bu, dövlət tərəfindən deyil, ictimai təşkilat – “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi tərəfindən təşkil edilmiş yarmarka idi. Deməli, artıq bir çox mənada bir addım irəli doğru hərəkət deməkdir.
Kitabla bağlı olsa da, iki gün davam edən təbirlərə imza günlərinin, rəsm və əl işləri satış-sərgisinin, şeir saatlarının da olduğu əsl Kitab Bayramı da deyə bilərəm. Və açığı, hiss edirəm ki, ilk dəfədir, bunu belə ürəklə “bayram “adlandıra bilirəm. Çünki sözün əsl mənasında, təşkil edilmiş bir yığnağın deyil, könüllü axının şahidi oldum. Halbuki bu məsələdə təşkilatçılığın, hətta lazım gəldikdə şagird, tələbə, müəllim qruplarının sərgilərə sistemli göndərilməsinin tərəfdarıyam. Bu da bir estetikadır, mədəniyyətdir, vərdişdir və onun da cəmiyyətdə əsasının qoyulması, inkişaf etdirilməsi lazımdır, mütləqdir!
Təşkilatçılar oxucu marağını çox dəqiq hesablanmış bir şəkildə yönləndirə, bundan kitab adına, sərgi adına yararlana bilmişdilər. Necə? Sərginin keçirildiyi hər iki gün səhərdan axşama olmasa da, bir neçə saat sərgidə oldum. Kitab satışı vardı. Bu başqa. Alıcı da vardı. Bu da başqa. Amma əsas olan bu deyildi. Əsas olan maraq idi (Cəmiyyətdə, gənclikdə, oxucuda, dinləyicidə nəyə maraq olduğunu müşahidə etmək özü çox qeyri-adi prosesdir!). Və bu maraq, nəhayət ki, açıq şəkildə görünməyə başlamışdı.
Təşkilatçıların bu marağı yönləndirməsinə gəlincə... Xalq yazıçısı Çingiz Abdullayevi sərginin lider yazıçısı oldu. Çünki istər onunla görüş, istərsə də imza mərasimi çox qələbəlik keçdi. Hətta o dərəcədə ki, içəridəki sıxlığın qarşısını almaq üçün Çingiz Abdullayevin imza mərasimi həyətdə davam etdirildi.
Amma tək o deyildi. Millət vəkili Qənirə Paşayeva, yazıçılar Varis, Elxan Elatlı aşıb-daşan oxucu sevgisinin, imza maraqlısının arasında qalmışdı. Sevinc Nuruqızının “Melisa”sı yenə də balaca oxucuların əllərində idi. Və ən maraqlısı, bu oxucular üçün Şəmil Sadiqin ideyası ilə döşənmiş xalçalar, mütəkəllərlə bəzədilmiş milli “oxu otağı”nda (bunu Hədəf liseyndə də görmüş, çox bəyənmişdim. Çünki uşaqların kitab oxusuna olan marağına başqa bir estetik zövq qatırdı) müəllifin öz kitabını oxuması oldu.
“Hədəf”in “zəka küpü” olan şagirdlərinin öz əl işlərini, eksperimentlərini nümayiş etdirməsi isə sərgiyə bir başqa ab-hava qatmışdı. Başqa imza günləri də oxuculardan yayınmırdı. Amma mənim xüsusi olaraq diqqətimi çəkən iki amili paylaşmaq istərdim.
Oxucuların şeir sevgisini. Bir də gənclərin təlimlərə qatılmaq, öyrənmək, biliklərə sahib olmaq istəyini. Məsələn, Orxan Şahbazın “Kitab bizim nəyimizə lazımdır” təlimində oxucu marağı, dinləmə mədəniyyəti, debat və fikir mübadiləsi bir başqa idi... Amma düşüncə etibarilə çox inkişaf etmiş, fikirlərini səlis şəkildə ifadə edən, orijinal düşüncə sahibi olan gənclərimizi dinləmək bir başqa təəssürat idi. Sadəcə, qürur duydum.
Oxucunun-dinləyicinin (elə özümün də) Səlim Babullaoğlunun iki mədəniyyətin (Şərq və Qərb), iki estetikanın qovuşağını, sintezini əks etdirən şeirlərini necə həssaslıqla, maraqla dinlədiyinin şahidi oldum. “Parlaq imzalar” nəşriyyatının təşkilatçılığı ilə Səlim Babullaoğlu və Əkbət Qoşalı ilə keçirilən şeir saatı bir çox bu yönlü tədbirlərdə olduğu kimi, hansısa suallarla, əlavə çıxışlarla zənginləşdirilmədən, sözün əsl mənasında, şeir saatı oldu. Və ən əsası, dinləyici özü şeiri dinləmək istəyirdi. Ürəklə, zövq alaraq.
Eyni ilə İntiqam Yaşarın, mid Nəccarinin, Fuad Cəfərlinin şeirlərini də maraqla dinləyənlər vardı.Təşkilatçılar kitab alanlara dostluq şarjları çəkdirməklə, şeir ifaları üçün canlı musiqi müşayiəti təşkil etməklə də maraqlı anlar bəxş etməyi bacardılar.
Yekun olaraq Daş Kitabə mukafatının uzun illər həyatını kitab təbliği və yayımına həsr etmiş Xan Rəsuloğluna verilməsi sərginin özünəxas bir akkordu oldu. 20 il əvvəl Altun Nəşriyyatı– Rafiq İsmayilov tərəfindən təsis edilmiş və son dəfə elə o zaman Tərlan Qorçuya təqdim edilmiş mükafat bu qədər fasilədən sonra kitabçılıqda fədakar xidmətlərinə görə təqdim edilərək öz layiqli ünvanını tapdı.
Təəssüf ki, sərgini başdan-sona izləmək nəsib olmadı. Amma bu saatlar belə ondan zövq almaq və sevinmək üçün yetərli idi. Sərgi bəlkə paytaxtda, mərkəzdə keçirilsə və ona bu qədər maraq göstərilsəydi, belə bir nəticəni bəyənsəm də, məni bu qədər həyəcanlandırmazdı. Paytaxtdan kənarda isə bu, həqiqətən, böyük uğurdur və onun göstəricisidir ki, hətta ən ucqar yerlərdə belə bu cür sərgilərin olması vacibdir.
Bir sözlə, Zəfər bayramına həsr edilən I Sumqayıt Kitab Sərgisi kitabın da zəfəri oldu. Və bu zəfərin sevincinə təşkilatçılarla, imza günü olanlarla birlikdə hamımız şərikik.
Fotolar AZpress.AZ video-foto informasiya agentliyinindir
Daş Kitabə kitabların ən böyük təbliğatçısı Xan Rəsuloğluya qismət oldu
Sumqayıtda, Kimyaçılar sarayında Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 1-ci Kitab Sərgisi akkord notlarla başa çatdı. Daş Kitabə mukafatı Xan Resuloğluya təqdim edildi.
“Ədəbiyyat və incəsənət” nəzərinizə çatdırır ki, Daş Kitabə düz 20 il öncə “Altun Nəşriyyat”ın rəhbəri Rafiq Ismayilov tərəfindən Tərlan Qorçuya təqdim edilmişdi və sonuncu olmuşdu! Mukafat yeniləndi və bundan sonra kitabçılıqda fədakar xidmətləri olan insanlara vaxtaşırı təqdim ediləcək.
Xan Rəsuloğluya təsadüfi deyil ki hamı kitabçı deyir. Sumqayıtda və Bakıda yeni və ikinci əl kitabların satışını, kirayəsini, mübadiləsini təşkil edən, yüzlərlə imkanı çatmayan kitabsevərə kitab hədiyyə edən bu şəxs həm də mütaliəsi ilə digərlərinə örnək ola bilər. Həyatı boyu minlərlə kitab oxumuş Xanoğlan kitabın ən böyük təbliğatçısıdır, Daş Kitabənin məhz ona təqdim edilməsi 1-ci Sumqayıt Kitab Sərgisinin təşkilatçılarının həm də tam obyektivliyindən xəbər verdi.
Dünya memarlıq inciləri: Buxara Ark qalası divarları
Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Özbəkistana - Buxaraya keçid alacağıq. Fotoda Buxaranın əsas memarlıq incilərindən olan Ark (Ərk) qalası divarları əks olunub. 4 hektar ərazidə yerləşən bu 20 metr hündürlüyə malik tikili öz tarixini 5-ci əsrdən götürür.
Sumqayıtda keçirilən kitab bayramında bazar günü inanılmaz anlar yaşandı
Sumqayıtda, Kimyaçılar sarayında Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 1-ci Kitab Sərgisində dünən olduqca möhtəşəm anlar yaşandı.
“Ədəbiyyat və incəsənət” portalı və Azpress.az saytı gün ərzində tədbirlərlə bağlı maraqlı reportajlar hazırladı.
İnsan izdihamı öncə sehirli poeziya dünyasına qərq oldu, Rəşad Məcidin, Əkbər Qoşalının, Səlim Babullaoğlunun, ardınca gənc şairlərdən İntiqam Yaşarın və Ümid Nəccarinin şeirləri dinlənildi. Sonra ardıcıl üç saat ərzində üç populyar yazıçı - Çingiz Abdullayev, Varis Yolçuyev və Elxat Elatlı ilə izdihamlı görüşlər keçirildi.
Kitab alanların rəfləri sürətlə boşaltması, kitab imzalatmağa yaranan çox uzun növbələr, yazarlarla foto çəkdirmək istəyənlərin həddən artıq çoxluğu onu deməyə əsas verdi ki, gənclər şəhərində kitabı çox sevirlər.
Tədbirin təşkilatçısı olan ANİB-in sədri, yazıçı Şəmil Sadiq Sumqayıtda kitaba olan bu inanılmaz sevgini, bu oxucu coşqusunu görüb ortaya qoyduğu əməyin əvəzi olaraq hədsiz qürurlandığını əməkdaşlarımıza izhar elədi!
Azərbaycan bölgələrində, demək, kitaba maraq böyük imiş. Yetər ki, bunu hər kəs duya bilsin!
ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb
Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən ölkəmizin ilk inklüziv teatrı olan ƏSA Teatrı “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb.
Fondun təsis etdiyi mükafat hər il sosial və mədəni sahədə fəaliyyəti ilə seçilən şəxslərə və qurumlara verilir. Azərbaycan ilk dəfədir ki, mükafatlandırılan ölkələr arasındadır.
Mükafatlandırılma mərasimi ənənəvi olaraq Moskvada Qələbə Memorial Kompleksində təntənəli şəkildə baş tutub. Pandemiya səbəbindən ƏSA Teatrı mükafatlandırılma mərasimində iştirak edə bilməsə də, ötən gün mükafat Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru İrek Zinnurov tərəfindən təqdim olunub.
5,4 milyon dollara satışa çıxarılan xalçanın 600 yaşı var
Çinin Min sülaləsinə aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.
TASS xəbər verir ki, noyabrın 23-də Fransanın paytaxtı Parisdə keçiriləcək Christie's hərrac evində Çinin Min sülaləsinin (1368-1644) dövrünə aid olan xalça 4,8-5,4 milyon dollara satışa çıxarılacaq.
Xalçanın üzərində beş pəncəli əjdaha və onun üstündə buludlar var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça satışa çıxarılacaq.
Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie's hərracında 1,7 milyon dollara satılıb.
Amma təbii ki, 5,4 hara, 1,7 hara.
“Söz” layihəsi “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirəcək
Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Nigar Həsənzadənin rəhbərliyi altında “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçiriləcək. Şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutacaq.
Tədbir ölkəmizdə ilk dəfə olaraq qələbəmizin sevincini eşitme məhdudiyyətli şəxslərlə birlikdə belə bir formada təqdim etmək imkanı verəcək.
Poeziya gecəsi sağlamlıq imkanları məhdud uşaqların ölkəmizin ictimai, sosial-mədəni həyatında iştirakına, cəmiyyətə inteqrasiyasına təkan vermək, onların qələbə sevinclərini, zəfər duyğularını özünəməxsus şəkildə ifadə etmələrinə imkan yaratmaq məqsədilə təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası və eşitmə məhdudiyyətli şəxslərin sinxron tərcüməsi ilə başlayacaq, "Şuşanın dağları" mahnısı və rəqsinin işarə dilində təqdimatı ilə davam edəcək. Həmçinin II Qarabağ müharibəsində qəhrəmanlıq göstərən yazarların - Oğuz Alparslan, Eyvaz Əyyub, Orxan Səlifov, Nicat Ağayev, Səbuhi Qurbanov, Həsən Kür, Emin Piri, Cavid Əlioğlu, Tofiq Əhməd, Kərəm Aydın, Elvin İntiqamoğlu, Vusal Hətəmovun müəllifi olduğu hekayə və zəfər şeirləri eşitmə məhdudiyyətli uşaqlar tərəfindən jest dilinə tərcümə olunacaq. Şəhid leytenant Teymur Abbaslının oglu Feyruz Abbaslı da tedbirdə şəhid Hüseynov Xəyyamın şerini səsləndirəcək.
Bayram tədbiri eşitmə məhdudiyyətli uşaqların Qələbəmizə həsr olunan “Qarabağ, azadsan” kompozisiyası ilə yekunlaşacaq.