Super User

Super User

İspaniyanın populyar “alquiblaweb.com” və “trabalibros.com” ədəbiyyat portalları “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə edilmiş “Yeddi gözəl” poemasından “Nağılın başlanğıcı və Bəhramın doğulması”, “Mərhəmətli Allahın adı ilə”, “Allahın elçisi Məhəmmədə mədhlər”, “Peyğəmbərin meracı” adlı hissələrə, şairin həyat və yaradıcılığı haqqında məlumata yer ayırıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsərin ispan dilinə bədii tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linaresdir.
Geniş oxucu kütləsi tərəfindən izlənən portallar müntəzəm olaraq səhifələrində Xuan Gil Albert, Gustavo Adolfo Becquer, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
Qeyd edək ki, “alquiblaweb.com” portalının “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrini müntəzəm şəkildə işıqlandıracaq “Azərbaycan yazıçı və şairləri” adlı yeni bölümü fəaliyyətə başlayıb.

Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük filosof şairi Məhəmməd İqbalın Elxan Zal Qaraxanlı tərəfindən dilimizə tərcümə edilmiş “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitunun baş direktoru İsa Həbibbəyli, Pakistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Bilal Haye, professor Bədirxan Əhmədli, Azərbaycanın Pakistanın keçmiş səfiri, tarix elmləri doktoru Eynulla Mədətli, Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı qardaş Pakistanın “mənəvi atası”, böyük filosof-şair Məhəmməd İqbalın “Seçilmiş əsərlərini”nin Azərbaycankı ilk nəşrini böyük tarixi hadisə adlandıraraq, bu nəşrin Azərbaycanda keçiriləcək “Zəfər günü”nə və Pakistanda keçiriləcək “İqbal günün”nə bir ərməğan olduğunu bildirmişlər. Nəşri səfir Bilal Haheyə təqdim edən akademik İsa Həbibbəyli təcümələrin yüksək səviyyəsini xüsusi qeyd etmiş, onun Pakistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafıda xüsusi rol oynayacağına inandığını bildirmişdir. Bilal Haye öz növbəsində konkret birgə ədəbi layihə ilə çıxış edərək bu sahədə əməkdaşlıq təklif etmiş və Ədəbiyyat İnstitutunun rəhbərliyi bu təklifi məmmuniyyətlə qəbul etmişlər.

Qərb mediası bu fotonu “Yuxulu Con” adı altında yayıb.
Euronews

Kitabsevərlər və kitab sənayeçiləri üçün xoş müjdə: Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak ediblər.
Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.
Daha sonra dinləmə iştirakçıları dövlətin kitab sənayesinin inkişafı istiqamətində atdığı addıma münasibət bildiriblər və öz təkliflərini səsləndiriblər.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar da müzakirə edilib.
“Azərkitab” kitab mərkəzinin  direktoru Sabir Həsənov portalımıza verdiyi açıqlamasında qeyd edib ki, 2017-ci ildən bu mütərəqqi addımın atılması üçün fəaliyyət göstərib, əlaqədar qurumlara dəfələrlə bu yöndə müraciətləri olub. Sabir Həsənov bildirib ki, bu prosesin reallaşması kitab ticarətinin, ümumən kitabçılığın inkişafını şərtləndirəcək. Kitab isə milli inkişafın əsas sütunlarından hesab edilir.

 

Qardaş ölkə olan Türkiyədə ən çox satılan və oxunan kitabların reytinqini təqdim edən 1000kitap.com portalında oktyabr ayı üçün öndə gedən kitabların sıralanmasını “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik. Öncədən deyək ki, reytinq bizim ekspertlərin təəccübünə səbəb olub. Belə ki, orada ənənəvi olaraq ön sıralarda yer alan müasir tanınmış türk yazıçılarından nə Orxan Pamukun, nə də Əlif Şafakın adlarına rast gəlmək olar. Dünya ədəbiyyatından isə adətən bu sayaq reytinqlərdə daimi yeri olan Hüqo, Stendal, Balzak, Hemenquey, Markes kimi klassiklərin, Murakami, Kutzee, Beqbeder, Axern, Moyes kimi müasirlərin adları heç keçmir. Əksinə, reytinqlərdə adətən yer ala bilməyən Stefan Sveyq ardıcıl bir neçə romanıyla burada təmsil olunur. Nə deyə bilərik, demək, zaman zövqləri dəyişməkdədir.

 

Buyurun, 1000kitap.com portalının “Ən çox oxunanlar” reytinqi ilə tanış olun:

 

 (Qeyd: Sıra yeri. Kitabın adı. Müəllif. Oxunma sayı)

 

 

 

1.”Xəz paltolu madonna”, Səbahəddin Ali, 201600

 

2.”Balaca Şahzadə”,  Antuan de Sent Ekzüperi, 150000.

 

3.”Satranc” , Stefan Sveyq, 148500.

 

4.”Heyvan çıftlığı”, George Oruel, 141000

 

5.”Şəkər portağal”, Jose Mauro Vasconselos, 139500

 

6.”Dönüşüm”, Frans Kafka, 138700

 

7.”Kimyagər”, Paulo Koelyo, 130500

 

8.”Bilinməyən bir qadının məktubu”, Stefan Sveyq, 128900

 

9. “Çərpələng uçuran”,  Xalid Hüseyni, 110200

 

10.”Quyurcaqlı Yusif”, Səbahəddin Ali, 106700

 

11.”İnsan nəylə yaşar?”, Lev Tolstoy, 104200

 

12.”İçimizdəki şeytan”,  Səbahəddin Ali, 101 200

 

13. “Siçanlar və insanlar”,  Jon Steynbek, 99300

 

14.”Cinayət və cəza”, Fyodr Dostoyevski, 96400

 

15.”1984”, George Oruel, 95900

 

16. “Serenada”, Zülfü Livaneli, 84600

 

17. “Olağanüstü bir gecə”, Stefan Sveyq, 83900

 

18. “Bir qadının yaşamından 24 saat”, Stefan Sveyq, 74700.

 

19. “Yabançı”, Albert Kamyu, 74000.

 

20.”Yeraltından notlar”, Fyodr Dostoyevski, 69900

 

20. “Çalıquşu”, Rəşad Nuri Güntəkin, 69900.

 

Wednesday, 03 November 2021 11:46

“4.4 Qısa Tamaşalar Festivalı” davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edib. Akademik Musiqili Teatrında baş tutan festivalın ikinci günü 5 tamaşa təqdim edilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, tamaşaların nümayişindən öncə ötən günün qısa videoicmalı nümayiş olunub.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın direktoru Elçin Cəfərov çıxış edərək, qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra proqramda olan tamaşaların rejissorları səhnəyə dəvət olunub, Müstəqil Human teatrının “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissor Elvin Rüstəmzadə, Abdulla Elşadlı), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Zəfər yolu” (müəllif və rej. İsa Əsədov), Samir Qulamovun müəllifi və rejissoru olduğu “Bir nəfəs qədər”, Füzuli Dövlət Dram Teatrının “Dönüş” (müəllif və rej. Nicat Mirzəzadə) və Şamaxı teatrının “Ocaq” (müəllif və rejissor Ruslan Adıgözəlov) tamaşaları nümayiş olunub.
Sonda münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə maraqlı müzakirə keçirilib. Müzakirədə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev çıxış edərək, tamaşalar barəsində fikirlərini iştirakçılarla bölüşüblər. Daha sonra söz iştirakçılara verilib və onlar festival haqqında öz fikirlərini bölüşüblər.
Günün sonunda Xalq artisti Pərviz Məmmədrzayevin iştirakı ilə “Bədən dili” adlı vörkşop keçirilib. Vörkşopda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.
Xatırladaq ki, 4.4 Qısa Tamaşalar Festivalı” noyabrın 5-dək davam edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.
AzərTAC xəbər verir ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim ediləcək. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Rusiya Dövlət Tretyakov Qalereyasında SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.
Bu sərgi görkəmli rəssamın doğum gününə həsr olunub. Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrında çəkilmiş 11 əsəri təqdim olunur. Ekspozisiyanı rəssamın məşhur “Qladioluslar”, eləcə də “Qara Qarayevin portreti” əsərləri açır.
Sərgi 2022-ci il yanvarın 22-dək davam edəcək.

Noyabrın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, əvvəlcə İctimai Şuranın sədri Gəray Əlibəyov görülən işlər barədə məlumat verib. Şura sədri nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətdən söz açıb.
Sonra QHT Forumunun prezidenti Rauf Zeyni İctimai Şuranın yaranma zərurəti, funksiyaları, görüləcək işlər və fəaliyyət prinsipi barədə ətraflı məlumat verib.
İclasda İctimai Şuranın üzvlərinin sahələr üzrə təhkim olunması qərara alınıb. Həmçinin iclas çərçivəsində Mədəniyyət Nazirliyinin saytında “İctimai Şura” bölməsinin yaradılmasının təqdimatı olub.
İctimai Şuranın ekspertləri qismində iclasa dəvət alanlardan Firuz Mustafa, Qəşəm Nəcəfzadə, Varis Yolçiyev, Şahbaz Xuduoğlu çıxış edərək bu və ya digər məsələlərə münasibətlərini bildiriblər.
Həvəskar teatr festivalının keçirilməsi, bəzi rayon mədəniyyət evlərinin problemləri, gənc rəssam və heykəltaraşların icra olunan layihələrdən kənarda qalması kimi məsələlər müzakorə mövzusu olunub.
Sonra İctimai Şuraya ünvanlanan məktublar müzakirə edilib.
İclasın yekununda İctimai Şuranın teatr, kino, fondlar, nəşriyyat və kitab işi, incəsənət sahəsi, beynəlxalq əməkdaşlıq, habelə muzey işi və mədəni sərvətlər üzrə işçi qrupları yaradılıb.
Eyni zamanda İctimai Şuranın səmərəli fəaliyyəti üçün ofisə ehtiyacı olması zərurəti vurğulanıb.

Noyabrın 2-də Heydər Əliyev Sarayında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsert təşkil olunub.
AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
İlk olaraq 44 günlük müharibədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mədəniyyət naziri Anar Kərimov bütün qazi və qonaqları Zəfər Günü münasibətilə təbrik edib və bu günün Azərbaycanın tarixində ən şanlı səhifələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində müzəffər Ordumuz bu Qələbəni qazandı və Azərbaycan xalqına sevinc bəxş etdi. İndi Azərbaycan gələcəyə şərəflə irəliləyəcək. Qarabağda irimiqyaslı layihələrin başlandığını deyən nazir bildirib ki, onların arasında mədəniyyət sahəsinə də xüsusi yer verilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Şuşada Xarıbülbül festivalı, Vaqif Poeziya günləri keçirilib, Milli Musiqi günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi tam bərpa olunaraq qarşısında tədbir reallaşdırılıb. “Bütün dünya ictimaiyyəti bizim Qarabağa qayıdışımızı görür. Biz həm də musiqimizi öz musiqisi kimi tanıtmaq istəyən erməni xalqının üzərində mədəniyyətimizlə qələbə çalmışıq,” - deyə Anar Kərimov bildirib.
Əməkdar incəsənət xadimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Qafarova bildirib ki, müharibə başlayan gündən azərbaycanlı bəstəkarlar yeni-yeni marşlar, xorlar bəstələyirdilər. Lakin bugünkü konsertdə onlar 18 simfonik musiqi əsəri ilə dinləyicilərin qarşısında çıxış edirlər. Onlar sırasında Azər Dadaşovun “Zəfər çələngi”, Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası” və digər mahnıların adlarını çəkmək olar. Firəngiz Əlizadənin xor və simfonik orkestr üçün bəstələdiyi “Zəfər marşı” da maraqlı nümunələrdəndir. Bildirib ki, Azərbaycan bəstəkarları hələ çox əsərlər ortaya qoyacaqlar, çünki onlar xalqın igid oğullarından ilhamlanırlar.
Konsertin bədii hissəsində Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Milli Konservatoriyasının Tələbə xoru (bədii rəhbər Leyla Zalıyeva) çıxış ediblər.
Proqram Cəlal Abbasovun xor və simfonik orkestr üçün bəstələdiyi “Şanlı Azərbaycan” əsəri ilə başlayıb.
Konsert azərbaycanlı bəstəkarların vətənpərvər ruhda bəstələdikləri simfonik mahnıları ilə davam edib. Çıxışlar dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.