Super User
Böyük rus yazarı Nekrasovun 200 illiyi
Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan Nikolay Alekseyeviç Nekrasov 1821-ci ildə Rusiyanın Podolsk quberniyasında mülkədar ailəsində anadan olub. 1832-ci ildə gimnaziyada oxuyarkən ilk şeirini yazıb. Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olub, 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr edib. 1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, qırmızı burun”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb. Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olub.. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. Belə ki, o, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib. Nikolay Nekrasov 1878-ci il yanvar ayının 8-də vəfat edib.
YARAT Müasir İncəsənət Məkanı onillik yubileyini qeyd edib
YARAT Müasir İncəsənət Məkanı onillik tədbirləri çərçivəsində “Ön söz-On söz” xronikal qrup sərgisini təqdim edib. On il ərzində toplanan YARAT kolleksiyası və YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərlər ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş olunub.
AzərTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə çıxış edən tanınmış rəssam Aida Mahmudova deyib: “Bu gün burada sizi görməyə çox şadam. Şadam ki, siz 10 illiyinizi bizimlə bölüşürsünüz. Bu, rəssam və ziyarətçilərimiz üçün dəyərlidir. Zaman prizmasından baxanda on ilin bir ana bənzədiyini görərik. Amma bu zaman kəsiyində YARAT çox işlər görüb. Mən çox istedadlı və öz sənətini sevən peşəkarlarla işləyirəm. Öz komandamı təbrik edirəm”.
Tədbirdə YARAT-ın yubileyi münasibətilə audiovizual performansın nümayişi və İsfar Sarabskinin solokonserti təqdim olunub.
Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiz Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirir.
Azərbaycanlılar Rauf & Faik dueti xaricdə dinlənilən rusiyalı musiqiçilərin reytinqinə başçılıq edir
Bəstəkar Pyotr Çaykovski və Rauf & Faik dueti xaricdə dinlənilən rusiyalı musiqiçilərin reytinqinə Bu məlumatı “Spotify” audiostriminq xidməti yayıb.
Şirkət instaqram sosial şəbəkəsindəki səhifəsində xaricdə ən çox dinlənilən rusiyalı ifaçıların ilk onluğunu dərc edib.
Azərbaycan əsilli rusiyalı müğənni və bəstəkar Jony də (Cahid Hüseynli) reytinqə daxil edilib.
“Rauf & Faik” (Rauf və Faiq) – İjevskdən olan rusiyalı musiqi dueti Rauf və Faiq Mirzəyev əkiz qardaşlarıdır. Milliyyətcə azərbaycanlı olan bu qardaşlar öz mahnılarının bəstəkarı və müəllifidirlər.
Audioaxın internet xidməti olan “Spotify” musiqi kompozisiyalarını, audiokitabları və podkastları cihaza yükləmədən onları dinləmək imkanı verir. Tətbiq 2008-ci ildən dövriyyəyə buraxılıb.
Mədəniyyət naziri Anar Kərimov “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində Nazirlər Panelində iştirak edir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov cari ilin 9 dekabr tarixində Dubay şəhərində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində baş tutan Nazirlər Panelində iştirak edir.
Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri xanım Noura Bint Mohammed Əl-Kaabi, İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri və digər ölkələrin nazirlikləri iştirak edirlər.
Paneldə çıxış edən nazir Anar Kərimov müasir dövrdə yeni qlobal trend kimi yaradıcılıq, eləcə də yaradıcı iqtisadiyyatın əhəmiyyətini vurğuladı, “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” ərzində ölkədə həyata keçirilən fəaliyyətlər barədə görüş iştirakçılarını məlumatlandırdı.
Nazir Anar Kərimov mədəniyyət sahəsinin, eləcə də mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) innovativ və dayanıqlı inkişafını hədəfləyən Milli Mədəniyyət Strategiyası, MYS-lər üzrə geniş məlumatlandırma, təbliğat və təşviqat işini həyata keçirən “Kreativ Azərbaycan” platforması, nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası barədə danışdı.
Çıxış zamanı həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad olunması ilə həmin ərazilərdə mədəni həyatın, eləcə də yaradıcılıq ənənələrinin yenidən dirçəldilməsi, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və yenidən regionun yaradıcı mərkəzinə çevrilməsi imkanları barədə fikirlər səsləndirildi.
Eyni zamanda, yerli və beynəlxalq tərəfdaşlarla araşdırma və planlaşdırma işləri, birgə layihələr, o cümlədən özəl sektorla birgə əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verildi.
Andrey Borisov: “Polad Bülbüloğlu oxuyanda da ətim ürpənmişdi, tüklərim biz-biz olmuşdu...”
Saxa Respublikasının dövlət müşaviri Andrey Borisovun “Ədəbiyyat və incəsənət” portalına müsahibəsi – 3-cü hissə
Saxa Respublikasına səfəri zamanı əməkdaşımız, tanınmış jurnalist Aida Eyvazlı dövlət müşaviri Andrey Borisovdan silsilə müsahibələr almışdır, bu müsahibələrin ikisini portalımızda dərc etmişik, oxucuların böyük marağına səbəb olub. Bu gün sonuncu müsahibəni diqqətinizə çatdırırıq.
... Öncəki axşam məşhur rejissor, teatr üzrə nüfuzlu beynəlxalq “Qızıl Maska” mükafatı laureatı, Saxa Prezidentinin müşaviri Andrey Borisovdan ayrılanda, o məni sabah saat 10.30-da Saxa Teatrında truppanın məşqinə dəvət etmişdi. Saxa Yakutiya Yazıçılar İttifaqının üzvü, ədəbiyyatçı və fotoqraf Utum məni “Tıqın Darxan” otelindən götürüb, sözləşdiyimiz vaxtda teatra gətirdi. Budur, teatrdayam. Səhnədə aktyorlar var-gəl edir, o baş-bu başa gedirlər. Ev sahibləri - teatrın rejissoru və direktoru gəlib mənimlə görüşüb, ön cərgədə oturmağa yer təklif edirlər. Səhnədəki aktyorların sayı 20-25 nəfər olar. Mariya Vasilyeva deyir ki, meydan teatrları, Olonxo teatrı kütləvi səhnələrlə daha möhtəşəm olur. Çünki biz meydan teatrıyıq, kütləvi xalq dastanlarını, xalq oyunlarını və yaxud da ki xalq qəhrəmanlarının həyatlarından baş verən tamaşalar hazırlayırıq. Əksər xalq tamaşalarımız belə qurulur.
Mariya xanımın bu sözlərinə həsəd aparıram. Teatra, sənətə verilən qiymətin necə yüksək olduğunun təsdiqini bu dəfə öz gzlərimlə görmüş oluram. Bilirsiniz, kütləvi səhnə nədir? Kütləvi səhnə ən azı 70 nəfərə qədər aktyorun hər birinə müxtəlif kostyumlar tikilməsidir, rəng effektidir, estetikadır. Tamaşaçını inandırmaqdır. Mən kütləvi səhnələri Azərbaycan teatrlarında ancaq “Leyli və Məcnun”da görmüşəm. Bir də ki, Özbəkistanda Opera teatrında kütləviliyin şahidi olmuşam. Əlişir Nəvai adına Özbəkistan Opera və Balet teatrının baş rejissoru Firudin Səfərov kütləvi səhnəsi çox olan opera tamaşalarını səhnələşdirir. Teatr bu səhnələrin alınması üçün pul xərcləyir. Özbəkistan teatrının tanrısı da Azərbaycandan küsüb gedən istedadlı rejissor Firudin Səfərovdur. Bizim bu gün teatrlarımız ona görə kasaddır ki, biz Tanrıları öldürürük. Ona görə mədəniyyətimizi istədiyimiz kimi yaşada bilmirik.
Mən bu həsəd dolu fikirlərin məngənəsində vurnuxurkən Olonxo Teatrının quruluşçu baş rejissoru statusunu da daşıyan Andrey Borisov gəlib məşqə çatır. Onun gəlməyi ilə səhnədə canlanma yaranır. Və ilk jesti məni bir daha səhnədə boy-boy dayanan aktyorlara təqdim etməsi olur:
-Aida xanım Azərbaycandan “Böyük qarın alqışı” festivalına gəlib,- deyir. Sonra da yakut dilində yenə “Aida xanım Azərbaycannar” deyir. Bu söz üçün dünəndən ürəyim gedir. Elə gözəl səslənir ki...
Daha sonra əlavə edir ki, bütün bunlardan başqa , Aida xanım həm də Platon Oyunskinin “Qırmızı Şaman”, “Olonxo”, “Ulu Kudansa”, “Müdrik Süleyman”, “Makedoniyalı İsgəndər” əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Onun təqdimatından sonra, səhnədəkilər “ohooooo” –deyə səs verirlər. Ətrafa meh kimi bir səs yayılır.
Andrey Savviç mənə tərəf dönüb:
-Onlar sizin gəlişinizi alqışlayırlar,- deyir. Sonra isə “otur” sözü eşidirəm. Lakin mən ayaq üstəyəm, dönüb baxıram ki, Andrey Savviç əyləşib. Bir də “Otur” deyir. Demək yakut dili ilə dil eyniliyimiz bu qədər çoxdur. Sadəcə, diqqətlə dinləyəndə, görürsən ki, elə sənin doğma türk dilində danışırlar. Buna qədər isə, “gəl”, “get”, “ver” fellərini də yakut dostlarımızın dilindən eşitmişəm. Hətta tülküyə “tilki” deyirlər. Gör bir gözümüzdən uzaq qardaşlarımıza nə qədər yaxın dilimiz var imiş.
Teatr və tamaşa barədə sualıma Andrey Savviç bu cür cavab verir:
-Mariya Markova bizim teatrın çox istedadlı rejissorudur. Direktorumuz da Mariyadır. Onun soyadı isə Turantayevadır. 14 yaşlı teatrımızın ilk yarandığı gündən bizimlədirlər. Bildiyiniz kimi, teatrın əsasını mənim həyat yoldaşım Stepanida Borisova qoyub. Həm Rusiyanın, həm də Yakutiyanın xalq artistidir. Biz bir-birimizi tapandan sonra heç cürə ayrıla bilməmişik. O bu teatrın aktyorlarına, yetirmələrinə toyuk oxumaq öyrədib. Bizim yetirmələrimiz, bu səhnədə gördüyünüz uşaqların hamısı Arktika Dövlət İncəsənət və Mədəniyyət Universitetinin tələbələri olublar. O institutun da yaradıcısı mənəm. Biz Olonxo Teatrı ilə Yaponiya, Çin, Yunanıstan, Hindistanda qastrol səfərlərində olmuşuq. Tamaşalarımıza baxan insanlar və sənətkarlar, mütləq gəlib bizdə ustad dərsləri alırlar. Bizim teatr Pekindəki Çin Opera Teatrı kimi musiqili xalq teatrıdır. Hazırda repertuarımızda 118 tamaşamız var. Hamısı da xalq tamaşaları. Hamısı da dünyanın hər yerində sevilir, ən yüksək mükafatları alırlar. İndi baş rejissor kimi quruluş verdiyim bu tamaşa “Uluu Daarın” tamaşasının məşqlərini edirik. Bu teatr binasında müvəqqəti yerləşmişik. Dövlətimiz bizim üçün yeni, ənənələrimizə, dəsti-xəttimizə və repertuarlarımıza uyğun gözəl bir bina tikir.
Andrey Borisov teatr haqqında təqdimatından sonra, səhnədəki aktyorlara Azərbaycan üçün, mənim üçün “Alqış” oxumalarını istəyir. “Alqış” ritualdır. Gələn və gedən qonağı beləcə xeyir-dualı, işıqlı sözlərlə butalamaqdır. Səhnədəki durna boylu aktrisalardan biri irəli çıxıb oxumağa başlayır... Səsi anlayanlar yaxşı bilirlər.S əs insanın ruhunu oyadandır. O qadının ecazkar səsi ətrafa yayıldıqca, dünyanın səsdən yarandığına bir daha inanıram. Səs sanki dağa-daşa dəyib cingildəyir, qayıdır, sonra gedib küləklərə qoşulur, elə bil ki, boğazından bulaq kimi cürbəcür səslər tökülür. Özlüyümdə fikirləşirəm ki, bu qadının azad olunmuş Şuşa qalasının yanında da belə oxumasına bütün daşlar oyanar. Onun səsindən sevinər çoxdandır doğma qandaşlarımıza həsrət qalan yurdumuz. Nə bilmək olar, bəlkə elə mənim bu yazımı oxuyan dövlət rəsmilərindən kimsə, deyəcək ki, Olonxo Teatrını Azərbaycana gətirək, qoy bizimkilər öz dərslərini də götürsünlər. Bu xalqı gözümüzdən uzaq saxlamayaq. Bizə qarışsınlar.
Qadının səsi sümüklərinə, iliklərimə dolur... Və asta-asta bitir, səhnədəki hər kəs əllərini göyə açıb dayanıb. Andrey Savviç deyir:
- Azərbaycan üçün “alqış”ayini sona yetdi.
Və bildirir ki, bu teatrın aktyorları həm də müqəddəs bayramlarda ayinlər həyata keçirərək, Alqışçı kimi oxuyurlar. “Alqışçılar təbiətin 4 ünsürünə səs göndərib, səs alırlar, Tanrıdan və ruhlardan bağışlanmağı və insana xoş əhval-ruhiyyə, sevgi və rahatlıq gətirməyi diləyirlər”, - deyib, daha sonra üzünü səhnədəkilərə tutur:
- Aktyorlar, başlayırıq, Maqdelovna, sən haradasan, keç səhnənin ortasına. Bu Urasanı dəyişin, mən belə demirəm, elə edin ki, dünyanın yaranışını göstərə bilək. Rejissor Mariya Vasilyevna gəncliyindən bizimlə işləyir, indi də cavanlıq edir. Ölkədəki bütün meydan tamaşalarının quruluşuda iştirak edib. Həəəə... uşaqlar, mən baxıram ki, hamımız işləmək arzusundayıq. Sizə baxanda doğma Yakutiymı görürəm. Başlayaq... Yox... yox bir dəqiqə... Aida xanımın boğazında “kılık” – qırtlağ səsi var. Aida xanım, siz bizim aktyorlara bəlkə nəsə demək istəyirsiniz? Siz dünən mənim kabinetimdə oxudunuz. Onu bir də təkrar edin.
Mən danışıram:
- Əziz dostlarım, doğmalarım, mötəbər sənət adamları. Bizim özümüz bu yerlərdən uzaq olsaq da, sizə nə qədər yaxın olduğumuzu hər avazınızda, boğaz səsinizdə, dodaqlarınızın titrəyişində hiss edirəm. Sizin kimi xalqı yaşadan torpaq xoşbəxtdir, müqəddəsdir. Tanrı yaratmağı biləndir. O, öz istedadından bu torpaqlarda yaşayan insanların demək olar ki, hər birinə bir zərrə də olsa verib. Və bu gün çox xoşbəxtəm ki, Andrey Savviç kimi böyük bir sənətkarın baş rejissor olduğu teatrdayam, onun məşqlərindəyəm. Sizin canlı ifalarınızı görürəm. Sizinlə bir səhnədə nəfəs alıram. Mən Zəfər qazanan Azərbaycandan sizə salam gətirmişəm. Qoy bu Qələbə türk torpaqlarının və Saxanın olsun!- deyib, fikirmi bitirsəm də, özümü çox çətin vəziyyətə düşmüş kimi hiss edirəm. Belə möcüzəvi səsləri olanların qarşısında mən nə oxuyacağam ki... Mənim səsim yoxdur axı. Əslində dünən dövlət katibi Andrey Borisovun otağında oxuduğum səs ruh halım idi, toyuklarla bayatıların eyniliyini göstərmək həvəsim idi. Bir anlığa özümü toplasam da, beynimdəki bütün bayatı yaddaşım pozulub elə bil... Fikirləşirəm ki, yenə dünən dediyim bayatıları səsləndirərəm.
Bu dağlar eyyy... ulu dağlar,
Uzaqda... ulu dağlar.
Burda bir igid ölüb,
Göy kişnər, bulud ağlar...
Əzizim ana yurdum,
Çiçəklən, ana yurdum.
Mən səndən ayrılmazdım,
Neylədin, Ana yurdum?
Qarabağ qar üstündə
Gəzərdi yar üstündə.
Düşmən belimi qırdı
Mən qaldım qar üstündə...
Laylay balam... a laylay...
Mən ağlıma gələn ilk bayatını oxuyuram. Digər iki bəndi isə elə buradaca qoşuram. Oxucu deyə bilər ki, niyə belə qəmlidir bayatılar? Əslində bizim bayatılar qəmdən yaranıb axı. Axı mənim ürəyimdə şəhidlərimizin adı var, onların xatirəsi var. Bu müqəddəs torpaqlarda bir gün də unutmadım, bir gün də yadımdan çıxmadılar şəhidlər. Kimi gördümsə o qəhrəmanlardan danışdım. Zəfərimizlə birlikdə ağrımız da var axı. Mən də o ağrıları ürəyində gəzdirən bir anayam. Hara getsəm o igidlərin ağrısı mənimlədir.
Mən dərddən oxuyuram... Onların əksəriyyəti sözlərimi başa düşməsələr də dərdimi, ağrımı anlayırlar. Bayatını bitirdikdən sonra Andrey Savviş deyir:
- Polad Bülbüloğlu oxuyanda da ətim ürpənmişdi, tüklərim biz-biz olmuşdu. İndi də siz oxuyanda tüklərim biz-biz oldu... Bu səs, bu nida mənə çox doğmadır... Bilirsiniz, mən Stepanidanın əvvəlcə səsinə vurulmuşam. O oxuyanda ətim ürpənmişdi, ruhumu oynatmışdı yerindən. Bizi ilk əvvəl Tanrı özü sevib, ona görə rastlaşmışıq. Bu günə qədər də o oxuyanda, mənim ruhumu oynadır. Onun səsi çox ilahi səsdir. Bax, indi siz də oxuyanda ruhum yerindən oynadı... Qorxuram ki, birdən sizi də sevərəm...
Səhnədə və zalda gülüşmə səsi ətrafa yayılır. Hamı bilir ki, bu Andrey Borisovun zarafatıdır. Mən də onun zarafatına zarafatla cavab vermək qərarına gəlirəm:
-Andrey Savviç, mən Şamil Basayevlə görüşən yeganə azərbaycanlı jurnalist xanımam. 1999-cu ildə onu televiziyaya çəkirdim. Təsəvvür eirsiniz, üzündən ətrafa işıq axırdı. Özlüyümdə fikirləşirdim ki, nurlu adam deyilən elə belə olur. Onun çox xoş enerjisi var idi. Mən ömrümdə belə gözəllik görməmişdim. Və müsahibəmin sonunda ondan neçə arvadı olduğunu soruşdum. Dedi ki, iki arvadı var. Mən çox sevincli halda ona daha bir sual verdim:”Şamil, üçüncü dəfə evlənmək istəmirsən?”... Əslində fikirləşirdim ki, belə bir qəhrəmanın həyat yoldaşı olmaq xoşbəxtlikdir. Şamil Basayev güldü... Və biz müsahibəmizin sonunu beləcə bitirdik.
Bu xatirəm aktyorların qəhəqəhəli gülüşünə səəbəb oldu. Yenə alqış səsləri ətrafı bürüdü.
Sonra isə Andrey Savviç köməkçisindən xomus gətirməyi xahiş etdi. Xomusu alıb, təntənəli surətdə mənə təqdim etdi. Teatrın direktoru Mariya Vasilyevna isə əlavə bir hədiyyə də verdi və dedi ki, bu hədiyyəni Azərbaycanın məşhur teatrşünası Aydın Talıbzadəyə çatdırım. Çünki Aydın Talıbzadə Olonxo Teatrı haqqında gözəl bir məqalə yazıbmış. O məqalə də Azərbaycanda çap olunub.
Bax belədir, saxalıların bizə olan sevgisi. Azərbaycan onlar üçün çox doğma, sevimli və əzizdir.
Hədiyyə təqdimatından sonra isə Andrey Savvıç yenə də mərhum ümummili liderimiz Heydər Əliyevlə tanışlığını xatirlayır. Və üzünü mənə çevirib deyir:
-Bizim aktyorlar Heydər Əliyevi yaxşı tanıyırlar. Onlar Qarabağ faciəsinin nə olduğunu yaxşı bilirlər... Aida xanım, dünən siz tərcümə etdiyiniz “Qırmızı Şaman” əsərindən bir parça oxuyacaqdınız... Onu indi oxuyun zəhmət olmasa... Mən dilimizin və ruhumuzun uyğunluğunu hiss etmək istəyirəm.
Kitabdan diqqətimi çəkən hissədən oxuyuram, xomusda isə aktyorlardan biri ifa edir:
Uca Tanrıların göstərişiylə
Mənə göy üzündə məkan verilib.
Göy səma, qartallar qoruyur məni,
Tanrıdan cismimə imkan verilib.
Mənə buta gəlib uca ruhlardan
Məni müjdələyib ən güclü şaman,
İndi o ruhlardan icazə alıb,
Kamlana başlayıb, dua oxuram.
Andrey Savviç bu bəndin hansı hissədə olduğunu soruşur, sonra özü həmin bəndləri yakutca səsləndirir.
Teatrın əməkdaşları qarşımıza dairəvi bir stol gətiriblər, çay süfrəsi açıblar. Özümü lap böyük rejissor kimi hesab edirəm. Rejissor kimi çay içməyin də nə gözəl ləzzəti vardır.
Əlini qaldırır, idarə edir, hakim kimi deyil, gözəllik yaratmaq üçün idarə edir və o, jest və hərəkətləri ilə görmək istədiyini almaq üçün səsini qaldırır, mizan verir... Və bir daha inanıram ki, mən hazırda Türk dünyasının Teatr Tanrısının hüzurundayam... Və bir anlığa mən də özümü Tanrıya bərabər hiss edirəm.... Ruhum təzələnib, bu səslərin içərisində çoxdan duymadığım bir xoşbəxtliyin içərisindəyəm...
Yanında əyləşdiyim Teatr Tanrısı əlini səhnəyə uzadıb, mənə kimisə göstərir və deyir ki, baxın, onun atası ömrü boyu mənim quruluşlarımda Platon Oyunskinin obrazını yaradıb. Platon Oyunskinin obrazını o qədər yaradıb ki, özü sonda dönüb o böyük Platona bənzəyib.
Baş rejissor Andrey Savviçin göstərişindən sonra aktyorlar yenidən səhnəyə qayıdırlar. Məşq davam edir. Yenə qadınlardan biri quşların səsini çıxarır... Kaş bu məharəti öyrənə biləydim... O toyuk oxuyan qadın aktrisa isə boğazından, qırtlağından ötürür ətrafa bu sehirli səsləri ... Sonra ağac yarpaqlarının xışıltısı, sonra addım səsləri, at ayaqlarının səsi gəlir... Başqa cür ola bilməz axı... Türk torpaqları at dırnaqları ilə Vətən olub.
Rejissor yenə səhnədə taxtadan qurulan Urasanın geri qaytarır, deyir ki, yenidən gətirin qurun.... Siz bu tamaşada yeni həyatın ilkini göstərməlisiniz... Romeo və Cülyetta əslində düşmənçiliyi oynayırdı. Sonunda faciə yarandı. Siz bu tamaşada oyun göstərməlisiniz. Bütün dünyanın oynadığı oyunları... Bu gün dünya oyundadır. Siyasətçilər oynayır... İnsanlar bir-biri ilə oyun oynayır.... Hər kəs özünün oyununu oynayır.... Düşmənçiliyin oyunları, rəislərin oyunları, şər qüvvələrin oyunları... Mənə bunu verin...
Aktyorları təlimatlandırandan sonra, yenə söhbətinə özü haqqında xatirə qatır:
-Mən İrkutskda festival tamaşası hazırlayırdım. Elə düşünməyin ki, yenə də özümdən danışıram. Bu, özündən müştəbehlik deyil, insan məlum bir yaşa çatandan sonra öz hərəkətlərini nümunə kimi danışa bilər. Həəə... Həmin tədbirin də təşkilatçısı mən idim. Artıq mədəniyyət naziri postundan getmişdim. Buraya da quruluşçu baş rejissor kimi gəlmişdim. Ətrafıma baxdım ki, məni artıq qaralayan yoxdur, diqqət yetirmirlər. Buna öyrəşmişəm axı...( gülür). Fikirləşdim ki, nəsə etmək lazımdır. Özümlə gətirdiyim teatr truppasında iki hündürboy, cüssəli cavan aktyorum var idi. Onları yanıma çağırıb, təlimat verdim. Təsadüfən hər ikisinin əynində qara rəngdə dəri gödəkcə var idi. Dedim, sağımda və solumda gəzin, Mafiya oyunu oynayacağıq. Aktyordurlar da... Yeni rol aldıqları üçün sevindilər. Mən gedirəm, onlar da sağımda və solumda... Adamlar özlərindən asılı olmayaraq bizə yol verirlər. Məni aparıb dövlət nümayəndələri oturan yerə qədər çıxardılar. Ev sahibləri ən baş stolların birində mənə yer verdi. Hətta başçının müavini də gəlib mənimlə görüşdü. Münasibət dəyişdi... Və birdən onların içərisində kimsə məni tanıdı... Ancaq mən artıq öz yerimdə oturmuşdum... Baxın, budur günümüzün reallığı, bunları oynayırıq, belə oynayırıq... Baxın, dünya belədir. Dünya ilə oynamağı bacarmaq lazımdır. Biz də “Uluu Daarın” tamaşasında dünyanın və insanların oyunlarını göstərməliyik, ibtidaidən bu günümüzə qədər insan xarakterlərinin dəyişkənliyini açmağı bacarmalıyıq. O zaman dram yaranır. Əsil dram əsəri həyatdan götürülür axı. Baxın, mənə baxın... Sən elə bil ki, 20-ci əsrin əvvəlində yatıb və 21-ci əsrdə oyanmısan, durub ətrafına baxırsan, məəttəl qalırsan... Mənə həmin anı göstərin. Onun həyəcanlarını göstərin. O, ədalət istəyir, haqq istəyir... Bunu göstərin...
Mənim Olonxo Teatrında görüşüm başa çatır. Bütün truppa və köməkçi rejissorlar, teatrın direktoru və Teatrın Tanrısı Andrey Savviçlə vidalaşıb bu məbədi tərk edirəm.
****
28 noyabr 2021-ci il tarixində RSFSR-in və Saxa Yakutiyanın xalq artisti, böyük mütəfəkkir və fikir adamı, dövlət xadimi Andrey Savviç Borisovun 70 yaşı tamam oldu. Yubileyi münasibəti ilə Saxa Respublikasının Dövlət başçısı Aysen Nikolayev bu BÖYÜK ADAMI “Xalqlar arasında sülh və dostluğa görə” dövlət mükafatı ilə təltif etdi. Bu mükafatından sonra hardasa Andrey Borisova bir addım yaxınlaşmış oldum. Çünki bu ilin oktyabr ayının 27-də “Xalqlar arasında sülh və dostluğa görə” dövlət mükafatına mən Aida Eyvazlı Göytürk də layiq görülmüşdüm.
Almaniya
Bundestaqın deputatları sosial-demokrat Olaf Şoltsu Almaniyanın yeni kansleri seçdilər. Onun lehinə 395, əleyhinə isə 303 nəfər səs verdi.
Foto: Euronews
ABŞ-da nüfuzlu People’s Choice Awards mükafatları təqdim olunub
Amerikalılar Dueyn Conson və Skarlett Yoxansson, həmçinin britaniyalı Tom Hiddlston tamaşaçı səsverməsinin nəticələrinə görə təqdim olunan People’s Choice Awards (Amerika Xalq seçimi) mükafatı laureatlar olublar. Tədbirin yayımı çərşənbə axşamı NBC telekanalı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, Santa-Monikada - Los-Ancelesin ətrafında keçirilən mərasim yüzlərlə musiqi, tele və kino sənayesi xadimini bir araya gətirib.
Skarlett Yoxansson "Sevimli dram kinoaktrisası" nominasiyasında mükafata, onun baş rolda çəkildiyi "Qara Dul” kinolenti isə “İlin filmi” nominasiyasında mükafata layiq görülüb.
Amerikalı aktyor və restler Dueyn Conson eyni vaxtda "Ən yaxşı komediya aktyoru", "Ən yaxşı kino aktyoru" nominasiyalarında və "Xalq çempionu" fəxri nominasiyasında mükafata layiq görülüb.
Britaniyalı aktyor Tom Hiddlston "Loki" (Loki, 2021) serialında oynadığı rola görə “Televiziya şousu” kateqoriyasında ən yaxşı aktyor olub. "Mən bilirəm ki, Loki çox müxtəlif səbəblərə görə insanlar üçün bu qədər əhəmiyyətlidir. Mən yalnız müvəqqəti olaraq Loki məşəlini daşıyıram və bu mükafatı bütün çəkiliş qrupu ilə bölüşmək istərdim", - deyə o, çıxışında bildirib.
People's Choice mükafatı 1975-ci ildə təşkil edilmişdir. Hazırda qaliblər musiqiçilər, eləcə də kino və televiziya aktyorları arasında 40 kateqoriyada müəyyən edilir. 2005-ci ilə qədər mükafatın qalibləri Gallup şirkətinin keçirdiyi sosial sorğu vasitəsilə müəyyənləşirdi, lakin sonra qalib haqda qərar izləyicilər tərəfindən onlayn səsvermə zamanı verilməyə başlandı. "Xalq mükafatı"nı alan ilk aktrisa Barbra Streyzand olub. Mükafatın sayına görə lider qismində televiziya aparıcısı Ellen Degeneris qalır - mükafatın keçirildiyi bütün müddət ərzində o, 25 dəfə mükafata layiq görülüb.
Musiqili Teatrda “Beş manatlıq gəlin”in premyerası olacaq
Afişamızda növbəti premyera: Dekabrın
16-17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uzun illər teatrın repertuarından düşməyən “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, 112-ci mövsümünü yaşayan qocaman teatrın bu tamaşası rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim ediləcək.
Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.
Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Qeyd edək ki, premyerası 2020-ci ildə Milli Teatr Gününə planlaşdırılan bu səhnə əsəri pandemiya səbəbindən təxirə salınmışdı.
Uzun fasilədən sonra teatrsevərlərin səbirsizliklə gözlədiyi "Beş manatlıq gəlin" tamaşasına biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
Gənc vokalçımız Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq Vokalçılar Müsabiqəsinin qalibi olub
Ukraynanın Truskavets şəhərində əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Müslüm Maqomayevin xatirəsinə” IV Beynəlxalq Vokalçılar Müsabiqəsi keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AzərTAC-a bildirilib ki, Azərbaycanın bu mötəbər musiqi müsabiqəsində iştirakı idarə rəhbərliyinin bu ilin iyunun 15-dən 21-dək Ukraynaya səfəri zamanı razılaşdırılıb və beləliklə, ölkəmiz bu il həm iştirakçılar sırasında, həm də münsiflər heyətində uğurla təmsil olunub.
Ukraynanın mədəni həyatında önəmli hadisə olan beynəlxalq müsabiqədə bu il Azərbaycandan respublika və beynəlxalq müsabiqələr laureatı, gənc, istedadlı vokalçı Urfan Cəfərov iştirak edib. O, istedadı və ecazkar səsi ilə 18 finalçını geridə qoyub, ən yüksək bal qazanaraq birinci yerə layiq görülüb. Azərbaycan vokalçısı I dərəcəli “laureat” diplomu ilə yanaşı, Nyu-Yorkun (ABŞ) nüfuzlu Karnegi-holl zalında solo konsert keçirmək hüququ verən sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müsabiqəyə dünyanın hər yerindən 16-40 yaşarası xüsusi musiqi təhsilli müğənnilər, ali təhsil ocaqları və kolleclərinin tələbələri qatılırlar. Səsyazısı əsasında keçirilən seçim turunda uğur qazanmış iştirakçılar finala vəsiqə qazanaraq Truskavetsə gəlirlər. Müsabiqə iştirakçıları Müslüm Maqomayevin repertuarından mahnı və opera ariyalarını ifa edirlər. Yarışmanın özəlliyi ifaçının həm opera, həm də estrada janrlarında eyni peşəkarlıq nümayiş etdirməsində və beləliklə, istedadların dünya miqyasına çıxarılmasındadır.
Münsiflər heyətində ilk dəfə Azərbaycanı Xalq artisti, professor Gülnaz İsmayılova təmsil edib.
Urfan Cəfərov müsabiqədə konsertmeyster, pianoçu, Əməkdar artist Nigar Məlikovanın müşayiəti ilə çıxış edib və onun iştirakçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə diplomla mükafatlandırılıb.
Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, professor Xuraman Qasımovanın yetirməsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
Baş İdarənin təşkil etdiyi tədbirlərdə dəfələrlə çıxış edən Urfan ifaları, səsinin gözəlliyi və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanıb.
Estrada ulduzu Dima Bilan ilə səhnəni bölüşən həmyerlimiz Səlim Abbasovla müsahibə
“Ədəbiyyat və incəsənət” portalının Qonaq otağında Aysel Kərim bu dəfə sizi respublikanın əməkdar artisti Səlim Abbasov ilə görüşdürəcək. Həyatın zərbələrinə tuş gəlsə belə ayaqda qalan sənətçi uğurlarından, gələcək planlarından danışdı.
-Salam, Səlim bəy. Xoş gördük. Hər kəsə məlumdur ki, çətin dönəmlərdən keçməkdəsiniz. İstəmərəm bu kimi suallarla sizi daha da üzüm. Amma özünüzün danışmaq istədiyiniz, bölüşməyə ehtiyac duyduğunuz nələr varsa buyurun bizlərə bəhs edin.
- Salamlayıram sizi, dəyərli Aysel xanım. Bu gözəl layihəyə məni sayıb dəvət etdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Sizin bu gözəl oxucularınızı, izləyicilərinizi salamlayıram. Allah hamımızın işini xeyirli-uğurlu, avand eləsin inşallah. Sizin də qeyd etdiyiniz kimi, mən böyük bir sınaqdan keçdim. Valideynlərimin ikisini də ard-arda itirdim. O ərəfədə mənim yanımda olan bütün dostlarıma, həmçinin sizə də dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, Aysel xanım. Çünki bu elə bir ağır dönəm idi ki... Yaxşı bir misal var, deyir “Yaxşı dost dar günündə tanınar”.
- Musiqi yolçuluğunda neçə ilinizi geridə qoymusunuz? Skripka alətində tapdığınız dincliyi müğənnilikdə də tapa bilirsinizmi?
-Əlbəttə. Hərəsinin öz yeri var. Mən çalışıram ki, hər birini ürəklə ifa edim. Hər ikisi də hissiyat tələb edir. Hər biri kənardan asan görsənə bilər. Amma təbii ki, hərəsinin öz çətinliyi var. Xatırladım ki, 3 yaşımdan musiqi ilə məşğulam. Bəlkə də kiməsə qəribə gələr ki, 3 yaşından musiqi necə ola bilər? Əlbəttə ola bilər. İstedad anadan doğulur, belə bir misal var. Yəni mən musiqiçi ailəsində doğulmuşam. Atam qarmon ifaçısı olub - Vaqif Abbasov. Anam Laləgül xanım Abbasova da musiqi duyumlu insan olub. Onlar məni uşaq yaşlarımdan musiqiyə cəlb ediblər. Uşaq vaxtı indiki sintezatorun balaca forması var idi -“faemi”. Faemidə, tütəkdə, nəlbəkilərdə, nağarada, qoşa nağarada və s. alətlərdə ifamı yoxlamışam. İllər keçdikcə qarmon ifa etməyi öyrəndim. Atam qarmon ifaçısı olduğu üçün məni qarmon sinfinə qoymaq istəyirdi. Rəhmətlik ana babam kamança alətini çox sevdiyi üçün dəyərli sənətkar Habil Əliyevin ifalarını dinləyirdi, anam tərəddüd etmədən atama dedi ki, gəl uşağı kamança sinfinə qoyaq. O vaxtdan bəri kamançanı sevdim. Musiqi məktəbində kamança sinfini bitirdim. Kamançada ifa edə-edə bir çox müsabiqələrdə laureat adını qazanmışam. Sonradan insanlara lap yaxın olmaq üçün skripka sinfinə daxil oldum. Skripkanın sirrlərini yaxşıca mənimsədim. Şükürlər olsun ki, bu gün skripkada öndə olan ifaçıyam.
-İşgüzar, məsuliyyətli, əməksevər olduğunuzu studiya çalışmamızda sezdim. Bəs bunu özünüz necə şərh edərdiniz?
-Elədir, Aysel xanım. Amma bu son dönəmlər yaşadığım hadisədən sonra özümdə bir təhər güc tapıb müəyyən müddətdən sonra qəhrəman şəhid əsgərlərimiz üçün “Şəhidlər ölməz” adlı gözəl bir layihə ərsəyə gətirdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Şəhid analarının əllərindən öpürəm. Allah qazilərimizi, əsgərlərimizi qorusun, onlara can sağlığı versin. Bundan əlavə, “Qələbə marşı” adlı layihəmi də vurğulamaq istəyirəm. Bu mahnıda bir neçə tanınmış simalar yer aldılar. Klipə baxanlar o sənətkarların kimliyindən xəbərdardır. Yeni işlərim barədə də məlumat vermək istərdim. Şuşada şəhid olan şəhidlərin övladları və ümumiyyətlə Qarabağ torpağında həlak olan şəhidlərin uşaqları ilə birgə Şuşa mahnısı səsləndirmişik. Qismət olsun, arzumdur ki, Şuşada bu mahnıya klip çəkdirək. Azərbaycan-Türkiyə qardaşlığı üçün növbəti layihəm var. Çalışıram işlərimə çox vaxt ayırım. İstəmirəm özümə qapanım. Qapananda valideynlərimin itkisi ilə əlaqədar narahat oluram. Çalışıb uğurlar qazanaraq onların da ruhlarını şad edirəm. Onlar mənim hər zaman uğurlarıma ilk sevinən insanlar olublar.
-Böyük səhnələrdə cəsarətli ifalarınızı izləmişik. Atanızdan başqa qardaşlarınız və bacınız da musiqiçidir. Musiqiyə olan bağlılığınızdan bəhs edərdiniz.
- Çox xoşdur ki, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edirəm. Hələ əməkdar artist adını qazanmamışdan qabaq Bakıda Avroviziya mahnı müsabiqəsi keçirildi. Orda mən iki dəfə səhnədə kamança aləti ilə yer aldım. Birincidə “Natiq” ritm qrupunun layihəsi var idi, ikinci dəfə isə Avroviziya yarışmasının qaliblərinin mahnıları Şərq üslubunda, Azərbaycan üslubunda səslənəcəkdi. Mən də orda Bayatı-Şiraz muğamını kamançada ifa etdim. Daha sonra rusiyalı müğənni Dima Bilan ilə birlikdə ifa etdik. Norveçi təmsil edən Aleksandr Rıbakın mahnısını skripka və kamança ilə sintez etmişdik. Çox gözəl reaksiya ilə qarşılanmışdı. Bir maraqlı əhvalat danışım. Demək, Aleksandr Rıbakın – “Fairytale” adlı mahnısının ikimiz bir yerdə məşqini edirdik. Məşq prosesində onun mahnısını Azərbaycan üslubuna çevirib ona tanış olmayan müəyyən fərqli manevrlər göstərdim. Gördüm, dəli olub qaçdı bayıra (gülür). Ümumiyyətlə, beynəlxalq təcrübəm çoxdur. Mən bir neçə festivallarda iştirak etmişəm. Koreyada, Hollandiyada keçirilən festivalların qalibi oldum. Amerikada 3 dəfə səfərdə oldum. Bilirsiniz ki, həm də dünya şöhrətli Zeynab xanım Xanlarova ilə birgə çalışıram. Zeynab xanımla Amerika konsertimiz çox uğurlu keçib. Allah sənətkarımızı qorusun. Özüm də Amerikada bir dəfə konsert vermişəm. Küveytdə, Belarusda, Fransada 3 dəfə konsertdə olmuşam. Bir dəfə isə Azərbaycanımızın mədəniyyət günlərində Eyfel qülləsinin yanında 3 saat konsert vermişəm. UNESKO-nun binasında çıxış etmişəm. Bu mənim həyatıma qızıl hərflərlə yazılıb. Sonra Hollandiya, Almaniyada, Ukraniyada, Rusiyada, Türkiyədə, Mərakeşdə, Türkmənistanda, Qırğızıstanda, İsveçrədə, Misirdə konsertlərdə olmuşam. Dövlət rəhbərliyimiz var olsun ki, bu xidmətlərimə görə mənə “Əməkdar artist” adını təqdim ediblər. Təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağı özümə borc bilirəm.
-Pedaqoji fəaliyyətinizdən bəhs edərdiniz. Tələbələrdən razısınız?
-Artıq 20 ilə yaxındır ki, Milli Konservatoriyada müəllim vəzifəsində çalışıram. Orda bir çox sənətkarlarla Xalq artisti Əlibala Məmmədov, Xalq artisti Arif Babayev, Əməkdar artist Gülüstan Əliyeva, Xalq artisti Aygün Bayramova ilə birgə yol yoldaşlığım olub. Bəli, tələbələrdən razıyam. Yaxşı tələbələrim var. Zəiflər və orta olan tələbələr də var. Cürbəcürdür. Mən çalışıram ki, heç vaxt tələbəyə nəyisə öyrətməkdə tənbəllik etməyim. Çalışıram ki, bütün materialları və nə bilirəmsə öyrədim. Gənc tələbələrə muğamın sirrlərini öyrədirik. Tələbələr də məndən razıdırlar. Görürlər ki, mən qısqanc müəllim deyiləm. Belə bir misal var. İnsan sağlığında rəhmət qazanmalıdır.
-İnsanların vazkeçilməz əşyası telefondur. Sosial mediada çoxmu zaman keçirirsiz? Ümumiyyətlə internetə dövrün tələbi kimi baxırsınızmı?
-Telefon, internet, sosial şəbəkələr günümüzün yarısını alan bir vasitədir. Təbii ki, sosial şəbəkə və orada insanlarla ünsiyyət də olmalıdır. Vaxt aparsa belə. Çünki biz tanınmış simalar olduğumuz üçün insanlar bizə yazırlar. Öz diqqətlərini, sevgilərini bildirirlər. Biz də onlara təşəkkür etmək üçün sosial mediaya qoşuluruq. Mən adətən daha çox klip və mahnılarımla bağlı paylaşımlar edirəm. Daha sonra nəticəsini izləyirəm. İnsanların reaksiyasını gözləyirəm. Sosial şəbəkələrdə çox aktivəm. Tədbirlərə də çox qatılıram. Məni şəhidlərlə bağlı olan tədbirlərə çox dəvət edirlər. Yeri gəlmişkən, bu yaxında Qaraheybətdə 14 zabitin şəhid olmağı ilə bağlı onların ailələrinə də başsağlığı verirəm. Allah millətimizi qorusun.
-Amin Səlim bəy. Biz də sizin başsağlığı diləyinizə qoşularaq qəhrəman vətən oğullarına Tanrıdan rəhmət diləyirik. Növbəti sualım - sizin hobbiniz nədir?
-Mənim hobbim futboldur. Bəlkə musiqiçi olmasaydım futbolçu olardım. Ya da başqa idman növünü seçərdim. Uşaq vaxtı karate, boks və güləşə getmişəm. Fitnes, voleybol, basketbolla məşğul olmuşam. Demək olar əksər idman növləriylə məşğul olmuşam. Amma ən çox sevdiyim futbol olub. İndinin özündə də sənətkar dostlarımızla birgə futbol oynayırıq. Yeri gəlmişkən, “BrendSport.az “ saytının layihəsi olan və 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalı keçirildi. Biz orda “Baku Sporting” futbol klubunu təmsil edərək 2-ci yerə layiq görüldük. Çox böyük, maraqlı turnir keçdi. Asudə vaxtlarımda futbol oynayıram. Futbol mənim ikinci sənətimdir.
-Bir az fərqli sual verim. Küsülü olduğunuz insanlar varmı? Dostlarınızdan dəyər görmədiyinizdə yolları ayırırsınızmı?
-Küsülü olduğum, incidiyim insanlar, bəli, var. Hansı ki, onlar mənim dar günümdə yanımda olmadılar. Amma görüşəndə hər kəslə salamlaşıram, çünki salam Allah salamıdır. Dost insanın dar günündə tanınar. Dostlarımdan gözlədiyim diqqəti görməyəndə əlbəttə ki, yollar ayrılır. Etdiyim yaxşılığın qarşılığında ancaq pislik görürəmsə belə olduqda məsafəni qoruyaraq, əlaqəni kəsirəm. Çox heyiflər olsun ki, bəzi güvəndiyim, etibar etdiyim dostlara, tanışlara çətin günlərimdən sonra güvənimi itirdim. Açığı, bu məsələlərə çox üzüldüm. Amma yenə də çalışdım ki, atamın-anamın ruhu şad olsun deyə ayaq üstə qalım. Bildiyiniz kimi mən ağır depressiya keçirdim. Depressiyadan 7-8 ay müalicə aldım. Güclə ayağa qalxdım. O müddətdə, inanın, bəlkə də musiqi depresiyadan çıxmaq üçün mənə vasitə olardı. Amma musiqiyə də gücüm çatmırdı. Yəni o qədər qapanmışdım ki. Siz özünüz də,Aysel xanım, bilirdiniz, o ərəfələrdə mən necə halda idim.
-Özünüzün sevdiyiniz və sevmədiyiniz cəhətiniz hansılardır? Güzəşt edə bilirsinizmi?
-Sevdiyim cəhət odur ki, çalışıram ki, istədiyim hər şeyi əldə edim. Fərq etməz, hansısa layihə, hansısa geyim, əşya olsun, nə olur olsun, yerin dibində belə olsa onu tapıb çıxarıb alıram. Bu günün işini sabaha saxlamaq isə sevmədiyim cəhətimdir. İnsanların içində olmağı, geyim dükanlarında alış-veriş etməyi çox sevirəm. Əvvəllər alış-verişə dostlarla gedirdim, amma tələsdirirdilər ki, “Səlim, tez ol, çıxaq gedək”. Yanımdakılar yorulurdu məni gözləməkdən. İndi çalışıram ki, tək gedim, istədiyim qədər alış-veriş edim. Dolanım özüm üçün. Güzəşt məsələsinə gəldikdə isə bəli, güzəşt edə bilirəm. Çox insanlar var ki, mənə qarşı haqsızlıqlar ediblər, mənə qarşı gözləmədiyim addımlar atıblar. Kimsə mənə nəsə tərs söz deyəndə çalışıram cavab qaytarmayım, hörmət saxlayım. Adətən yaşlı insanlar, yaxud xanımlar nəsə tərs söz deyəndə güzəştlər edirəm. Hətta səhv onlarda olsa belə.
- Üzürxahlıq etməyi aşağılıq, yoxsa mədəniyyət göstəricisi kimi görürsünüz?
-Bilməyərəkdən xətrə dəyən kimi dərhal üzr istəmişəm. Təbii ki, üzür istəmək mədəniyyət göstəricisidir. Sizinlə razıyam. Üzürxahlıq etməyi hər adam bacarmır. Elə adam var ki, qəbul etmir ki, xeyir ola, mən nəyə görə üzr istəməliyəm? Amma qanundur, əgər səhvsənsə, bunu etməlisən.
- Son olaraq ürək sözlərinizi alaq.
-Bir daha dəyərli müsahibə üçün sizə minnətdaram, Aysel xanım. Oxucularımızın nəzərinə çatdırmaq istərdim ki, Aysel Kərimin bir çox layihələrində mən və musiqiçi qardaşlarım yaxından iştirak etmişik. Nə xoş bizlərə. Həmin mahnı və əsərləri qardaşım Anar Abbasov aranjeman edib, mən skripkada ifa etmişəm və bekvokal oxumuşam, nağarada kiçik qardaşım Xəyal Abbasov ifa edib. Həmin əsərlərin bəzisinin adlarını sadalaya bilərik. Əməkdar artist Mətanət İsgəndərlinin ifasında “Vətən yallısı”, “Dön gəl” və Əməkdar artist adını daşıyan bir neçə vokalçıların ifasında “Qardaşlıq himni” kimi böyük bir kompozisiya və.s İnanıram ki, birgə layihələrimiz bundan sonra da çox olacaq. 8 aydır ki, efirlərdən uzağam. Buna görə daha çox çalışmaq istəyirəm. Studiyada geniş zaman keçirirəm. Həmçinin yeri düşmüşkən deyim, çox şadam ki, sizin yaradıcılığınızdan mahnı oxumaq şərəfi mənə də nəsib olacaq. Söz və musiqi müəllifi olduğunuz o gözəl mahnını mənə həvalə etdiyinizə görə sizə təkrar təşəkkür edirəm. Böyük məmnuniyyətlə ifa edəcəyəm. Sizinlə birgə Qarabağımızda bir çox səhnələrdə yer almaq nəsibim olsun. Orda yeni-yeni layihələrimizlə tamaşaçıları sevindirək, Aysel xanım. Oxuculara da hər sahədə uğurlarının bol olmasını diləyirəm. İnşallah, hər şey həyatınızda yaxşı olsun!