Super User
Dünən axşam “Soyuq əllər, isti ürək” yarmarkasının rəsmi açılışı olub
Dekabrın 13-də Fəvvarələr Meydanında “Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının rəsmi açılış mərasimi olub.
AzərTAC xəbər verir ki, “Nargis” Fondunun və jurnalının fəaliyyətə başlamasının 9-cu ilinə təsadüf edən builki yarmarkanın açılış mərasimi əyləncəli musiqili paradla başlayıb.
Əvvəlcə “Nargis” Fondunun rəhbərliyi və qonaqlar yarmarkanın ərazisində quraşdırılmış satış evləri ilə tanış olublar.
Sonra tədbir şou-proqramla davam edib. 71 evdən və 2 restorandan ibarət xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci il yanvar ayının 15-dək davam edəcək. Hər il olduğu kimi, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.
Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya və əsl Yeni il sehrini birlikdə kəşf edə bilərlər. Fondun fəaliyyəti barədə ətraflı məlumat və “Soyuq əllər, iti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri rəsmi sosial şəbəkə resurslarından əldə etmək mümkündür.
Qeyd edək ki, tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Mediline Group Assistance”, “Paşa Holdinq” təhlükəsizlik xidmətidir. Xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holdinq”, “Azercell”, “Coca-Cola”, “Boutique One”, “XırtaXırt”, “AzPromo”, “Made in Azerbaijan”, “ASCO”, “Muğanbank”, “Kalinka”, “Shokki Mokki”, “Azərçay”, “Super Sun” şirkətlərinin dəstəyi ilə keçirilir.
Xatırladırıq ki, “Nargis” Fondu 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən “Soyuq əllər, isti ürək” qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz “Soyuq əllər, isti ürək” yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır. 2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbi ilə təxirə salındı. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Nargis” Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam etdi, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərildi. Karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.
Hasan Can Kaya Dənizlidə 20000 heyranı qarşısına çıxdı
YouTube-da yayınlanan “Danışanlar” proqramı vasitəsilə geniş heyranlar bazasını yığan Hasan Can Kaya sonra Acun İlicalinın Exxen platformasına keçərək Türkiyə üzrə turnesini davam etdirir.
Sondakika.com məlumat verir ki, Dənizlidəki son dayanacağında Həsən Can Kayanın on minlərlə pərəstişkarı şou izləmək üçün saatlarla növbə gözləyiblər. Biletlər qurtarıb, çox sayda insan məyus qalıb.
10 gün ərzində 20 000-ə yaxın sevəninin qarşısına çıxan Həsən Can Kaya "Biz güldüyümüz zaman çarpışırıq" devizi ilə sevənləri ilə görüşməyə davam edir.
Tərcümə Mərkəzi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını yeni tərcümədə təqdim edib
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz ədəbi irsinin tədqiqi və öyrənilməsi, bədii fikir və kəlamlarının alt qatında yatan məna və hikmətlərin düzgün çatdırılması, ilk növbədə, bu sirli söz xəzinəsinin mükəmməl tərcüməsini zəruri edən milli və dövləti məsələdir. Ötən əsrin ortalarında orijinal mətnə uyğunluqdan çox, əsasən bədiiliyə üstünlük verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilmiş, təhrif olunmuş bu misilsiz ədəbi irsin yenidən, orijinala uyğun şəkildə tərcümə edilməsi bu gün Azərbaycan ədəbiyyatı qarşısında duran mühüm vəzifələrdəndir.
2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi bu milli-mənəvi sərvətimizin yenidən dəyərləndirilməsinə və aktuallaşdırılmasına təkan verən mühüm tarixi addım olaraq məsələnin daha fundamental və şaxəli şəkildə həllinə geniş imkanlar yaratdı. Dövlət Tərcümə Mərkəzinin beynəlxalq ədəbiyyat layihələri çərçivəsində bu il ədibin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları Ukrayna və Gürcüstanda işıq üzü gördü, Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübut edən ön sözlərlə ilk dəfə Almaniya, İspaniya kimi ölkələrin nüfuzlu nəşriyyatlarında çap olundu, kitablar beynəlxalq kitab sərgilərində, forum və konfranslarda həmin ölkələrin ədəbi ictimaiyyətinə təqdim edildi, mərkəzi kitabxana və universitetlərinə yerləşdirildi.
Dahi şairin 880 illik yubileyinə daha bir töhfə – onun şah əsərlərindən olan “Xosrov və Şirin” poemasının ilk dəfə orijinalına kifayət qədər uyğun və adekvat şəkildə, yüksək peşəkar səviyyədə tərcüməsinin ərsəyə gətirilməsi oldu.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, Nizami poeziyasının sirlərinə daha dərindən bələd olmaq istəyənlər “Xosrov və Şirin”in yeni, filoloji tərcüməsindən parçaları “Xəzər” jurnalının bu nömrəsindən başlayaraq izləyə bilərlər.
Əsərin fars dilindən sətri tərcümə müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi, tərcüməçi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.
“Xəzər”in oxucuları jurnalın bu nömrəsində həmçinin “Azərbaycan ədəbiyyatı” rubrikasında Əhməd Oğuzun şeirlərini, “Nobel kürsüsü” rubrikasında Migel Asturiasin “Senyor Prezident” romanını, “Müasir gürcü poeziyası” rubrikasında Davit Şemokmedeli və Şota İataşvilinin şeirlərini, “Türk dünyası” rubrikasında Rollan Seysenbayevin “Qaçış” uzun hekayəsini, “İlahi keçid”də “Tövrat”, “Hekayə”də Volfqanq Borhert və Bojena Nemtsovanın hekayələrini, “Müasir rus nəsri”ndə Tatyana Tolstayanın hekayələrini, “Yaddaş”da r Ambroco Kontarini, İosafat Barbaronun “İki venesiyalı səfirin Ağqoyunlu ölkəsinə səyahəti”ni, “Memuar”da “Erix Maria Remarkın məktublarını, “Roman”da Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanını, “Teatr” rubrikasında isə Dario Fonun “Sərbəst cütlük” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.
Jurnal Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
İTV-də “Xosrov və Şirin” bədii teleserialının yayımına başlanıldı
12 bölümdən ibarət “Xosrov və Şirin” bədii teleserialının dünəndən etibarən “İctimai TV”nin efirində yayımına başlanılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan serial Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ekranlaşdırılan serialda süjeti saxlanılmaqla hadisələr müasir dövrə uyğunlaşdırılıb.
Çəkilişləri Mərdəkan, Şüvəlan, Maştağa qəsəbələrində və Qobustan rayonunda aparılıb.
Serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, prodüseri Fariz Əhmədov, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadə, təsvir rejissoru Elman Əliyev, rəssamı Vüsal Rəhimdir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirin obrazını Kəmalə Piriyeva, Fərhadı isə Bəhruz Vaqifoğlu canlandırır.
"VK Muzıka" mükafatlandırma mərasimində həmyerlilərimiz HammAli & Navai-nin “Quş” mahnısı ilin treki adını qazandı
Dünən Moskvada “VK Muzıka” servisi 2021-ci musiqi ilinə yekub vuraraq ən müxtəlif nominasiyalarda qalibləri elan etdi. Reper Morgenştern eyni zamanda bir neçə kateqoriyada qalib gəldi. Əslən özbək olan və adı Əlişir olan reperin milyonlarla rusiyalı musiqisevərin qəlbini riqqətə gətirə bilməsi fenomeni açılmır ki açılmır. Yeri gəlmişkən, əslən azərbaycanlı olan Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdıqları HammAli & Navai rep dueti də heç Morgenşterndən geri qalmır. Nominasiyalardan birini də həmyerlilərimiz qazandılar. Onların “Quş” mahnısı İlin treki elan olundu.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən 2021-ci ilin “VK Muzıka” qaliblərinin siyahısını təqdim edir:
"İlin kişi artisti" - Morgenştern.
"İlin Albomu" - Million Dollar: Business (Morgenştern).
"İlin qadın artisti" - Zivert.
"İlin qrupu" - Artik & Asti.
"İlin xarici artisti" - Maneskin.
"İlin sıçrayışı" - OG Buda.
"İlin treki" - "Quş" (HammAli & Navai).
"İlin repiti" - Baby Mama (Skriptonit, Raida).
"İlin “Sizin fitə ehtiyacınız var”ı - Skriptonit və Morgenştern.
"İlin kuratoru" - "Doğma səs".
"İlin musiqi cəmiyyəti" - "Sakit yer", "Rifm və Pançi", "Tərəflər".
“VK Muzıka”nın "İlin “Sizin fitə ehtiyacınız var” nominasiyasının hansı məqsədlə yarandığı da izah olundu. "Skriptonit və Morgenştern ən çox istifadəçilərin siyahılarında adları kəsişən sənətkarlardır. Birgə musiqiləri isə hələ də yoxdur. Biz sosial şəbəkə olaraq onları bu işə təşviq etmək istəyirik".
Bundan əlavə, “VK muzıka” servisi ilin 30 ən populyar mahnısından ibarət bir siyahı da açıqladı.
Qeyd edək ki, "VK Muzıka" V Kontakte sosial şəbəkəsinin bütün musiqi məhsullarını birləşdirir: sosial şəbəkələrin musiqi bölmələri, ümumi məzmun kitabxanası, musiqiçilər və etiketlər üçün məhsullar, ümumi tövsiyələr texnologiyaları və ayrı-ayrı mobil proqramlar.
Ötən həftə “West Side Story” ABŞ-da ən çox baxılan film olub
Ötən həftə ABŞ-da ən çox baxılan film məşhur amerikalı rejissor Stiven Spilberqin musiqili romantik dram əsəri olan “West Side Story” (“Qərb sayağı hekayə”) olub.
“West Side Story” açılış həftəsonunda 10,5 milyon dollar gəlir əldə edib.
Ardıcıl iki həftə kassa lideri olan “Enkanto: Sehrli Dünya”, üçüncü həftəsində 9,4 milyon dollarlıq gəlirə imza ataraq sırada ikinci yerdə qərarlaşıb. Beləliklə, “Enkanto: Sehrli Dünya”nın ABŞ və Kanadadakı ümumi gəliri 71 milyon dolları keçib.
“Ruh ovçuları: O biri dünya”, dördüncü həftəsində satış kassalarında üçüncü yerdədir. Həftə sonu 7,1 milyon dollar gəlir əldə edən filmin ABŞ və Kanadada ümumi gəliri 112 milyon dolları keçib.
Kino mütəxəssisləri qarşıdakı həftədə olacaq iki premyeranın - “Hörümçək adam: Geriyə yol yoxdur” və “Matrix: Dirilmə” filmlərinin rekord nəticə göstərəcəyini qeyd edirlər.
“Azərkitab”dakı kitab təqdimatı Azərbaycan - Macarıstan dostluğunun bariz nümunəsi oldu
Macar şairi Şandor Petefinin “Məni yandıracaq içimdəki od” kitabının təqdimat mərasimi barədə qeydlər
“Azərkitab” kitab mərkəzində macar ədəbiyyatının klassiki Şandor Petefinin Azərbaycan dilinə qocaman şair-tərcüməçi Ağasəfa tərəfindən tərcümə edilmiş “Məni yandıracaq içimdəki od” kitabının təqdimatı keçirildi.
Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin dəstəyi ilə çap olunan kitabın təqdimat mərasiminin aparıcısı
Mədəniyyət Komitəsinin eksperti, şair Əkbər Qoşalı idi.
“Ədəbiyyat və incəsənət” portalına “Azərkitab”dan verilən məlumata görə tədbirdə Macarıstanın ölkəmizdəki səfirinin müavini Dr. Tamaş Vasari, Millət vəkillərimiz, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyimizin təmsilçiləri, şair-yazıçılarımız, alimlərimiz, sənətçilərimiz, QHT və KİV nümayəndələri iştirak edirdi.
Öncə tədbirin aparıcısı Əkbər Qoşalı Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrindən və Macarıstanın son illər ortaq türk qurumlarında təmsil olunmasından söz açdı, ürək sözlərini bölüşdü.
Tədbirin təşəbbüsçüsü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdimatı keçirilən kitabın layihə rəhbəri və önsöz müəllifi Qənirə Paşayeva təqdimat mərasimində geniş çıxış etdi.
O, Macarıstana səfərlərindən, orada Turan Qurultaylarında iştirakından, parlamentdə görüşlərdən və getdikcə güclənən ölkələrarası əlaqələrdən söz açaraq dedi:
-Əlbəttə, bu gün ən böyük təşəkkürlərimiz Aöasəfa müəllimə ünvanlanıb. Qocaman şair-tərcüməçi, pedaqoq Sovet dövründə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Təsəvvür edin: elə bir nüfuzlu təhsil ocağının məzunu Xızının bir kənd məktəbində müəllimlik etməyi tərcih edib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, Xızıda öz xeyirxahlığı ilə ün qazanıb. Təbii ki, öz bədii yaradıcılığından qalmayan ustad ədibimiz müxtəlif kitablarla da çıxış edib. Macar ədəbiyyatının klassiki Şandor Petefinin yaradıcılığına müraciət etməsi bütün digər səbəblərlə yanaşı, Şandor Petefinin taleyinin Mikayıl Müşfiq taleyi ilə oxşarlıq təşkil etməsi ilə bağlıdır. Şandor Petefinin də fiziki ömrü qısa sürüb, onun da qəbri yoxdur... Şandor Petefi ilə Mikayıl Müşfiq, Lorka və bir sıra başqa şairlərin tale oxşarlığı, onların yaradıcılıq mətn-mündəricəsindəki oxşarlıqla, mübarizə əzm və iradələri ilə də şərtlənir. Ağasəfa müəllimin Şandor Petefi yaradıcılığına yalnız sevgi ilə deyil, məhz peşəkarlıqla yanaşması tərcümə etdiyi hər şeirdə hiss olunur.
Ona bu kamil tərcümə işi üçün bir daha təşəkkür edirəm. Təşəkkürüm eyni zamanda kitabın redaksiya heyətinədir: Kitabın məsləhətçiləri – “Şöhrət” ordenli ziyalımız, şair, pedaqoq Ofelya Babayevaya, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırovaya, məsləhətçilər – Ə.Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıya, Komitəmizin eksperti, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı Əkbər Qoşalıya, buraxılışa məsul – “Nəfəs” İB sədri Firəngiz Balakişiyevaya və mətnləri bilgisayarda yığan, səhifələyən Vüsal Hicranoğluna peşəkar işlərinə, dəstəklərinə görə təşəkkür edir, uğurlar diləyirəm”!
Sonra Macarıstanın Azərbaycandakı Səfirinin müavini Dr. Tamaş Vasari, Millət vəkilləri – Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Prof.Dr. Kamilə Əliyeva, “Masallı Təhsil Fondu”nun sədri Məşhur Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məsul əməkdaşı Paşa Aydayev, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, “Şöhrət” ordenli pedaqoq, şair, ictimai xadim, Prezident təqaüdçüsü Ofelya Babayeva, “Azərkitab”ın rəhbəri Sabir Həsənov, BDU-nun kafedra müdiri Prof.Dr. İradə Hüseynova, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri Gəray Əlibəyov, yazıçı Yunus Oğuz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu-başqanı Umud Rəhimoğlu, “Vektor” nəşr evinin rəhbəri, şair Elçin İsgəndərzadə çıxış etdilər, ürək sözlərini bölüşdülər.
Daha sonra tərcüməçisi Ağasəfa macar ədəbiyyatının klassikinin həyatı və yaradıcılığı, poeziyasının məziyyətləri haqqında danışdı, kitabın nəşri və təqdimat mərasiminin təşkilində zəhməti keçənlərə təşəkkür etdi.
Qeyd edək ki, kitab “CBS” poliqrafiya müəssisəsində çap edilib.
“Bir nəfəs qədər" tamaşasının premyerası olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qarabağ müharibəsi şəhidlərinə, qazilərə, əsgər övladlarımına və Zəfərimizin əsas simasına çevrilən analara həsr olunan "Bir nəfəs qədər" tamaşasının premyerası olub. Samir Qulamovun pyesi əsasında səhnələşən tamaşa SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanıb. Səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev iştirak ediblər.
Bu gün Xudu Məmmədovun anım günüdür
Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdi. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi. Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Ruhu şad olsun!
UNESCO: Azərbaycanın üzv olduğu Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 16-cı sessiyası işə başlayıb
Parisdə UNESCO-nun mənzil –qərargahında qurumun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası Büronun ötən həftə məsləhətləşmələrindən sonra işə başlayıb.
AzərTAC xəbər verir ki, Azərbaycan iclasda Komitənin üzvü kimi iştirak edir. Ölkəmiz UNESCO yanında Daimi Nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev və nümayəndəliyimizin əməkdaşları tərəfindən təmsil olunur.
Onlayn keçirilən iclasa dünyanın müxtəlif ölkələrindən 900-ə qədər iştirakçı qeydiyyatdan keçib.
Komitənin 16-cı sessiyasına UNESCO üzrə Şri Lanka Milli Komissiyasının Baş Katibi Punçi Nilame Meqasvate sədrlik edir.
Komitənin 16-cı sessiyası çərçivəsində aidiyyəti siyahılara daxil edilməsi üçün üzv dövlətlər tərəfindən namizədliyi təqdim edilmiş elementlərə baxılacaq. Bildirilir ki, 48 element Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına, 6 element təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmək üçün namizədliklər, eləcə də Cibuti, Monqoliya və Timor-Leste tərəfindən irəli sürülmüş yaxşı mühafizə təcrübələrinin reyestrinə daxil edilmək üçün 5 təklif və 100 min USD-dən çox miqdarda 3 beynəlxalq yardım sorğusu iclasın gündəliyində yer alıb.
Həmçinin iclasda Latın Amerikası və Karib hövzəsi ölkələrində Konvensiyanın həyata keçirilməsinə dair dövri hesabatları, Qeyri-Maddi Mədəni İrs- QHT Forumunun hesabatı dinləniləcək və 2003-cü il Konvensiyasının siyahıya salma mexanizmlərində islahatlar kimi məsələlərə baxılacaq.
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 16-cı sessiyası dekabrın 18-dək davam edəcək.