Super User

Super User

 

Pekində başlayan qış Olimpiya oyunlarını boykot etmək üçün İsveçrədə kütləvi nümayiş keçirilib. Səbəb - Çin hökuməti tərəfindən uyğurların diskriminasiyasıdır. 

Foto: Euronews

 

Bu il 44 günlük Vətən müharibəsi haqqında bədii filmin istehsalına başlanılacaq. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələcək ekran əsəri döyüş filmi janrında olacaq.

Hazırda filmin ssenarisi üzərində iş gedir. Ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, real döyüş hekayələri toplanır, emal olunur. Real faktlar və yaxın tarix haqqında filmin mükəmməl bədii (ekran) təcəssümünə nail olmaq xüsusilə ciddi və məsuliyyətli işdir.

2022-ci ildə sözügedən filmin ssenarisinin tamamlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.

Saturday, 05 February 2022 13:00

Məşhur filosofdan xoşbəxtliyin 8 açarı

Fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu Artur Şopenhauerin ölümündən sonra şəxsi əşyaları arasında "Xoşbəxt olmaq sənəti" adlı əlyazması aşkar edilib. Maraqlıdır ki, Şopenhauerin həyatı boyu müdafiə etdiyi bütün bədbin fikirlərə baxmayaraq, o, əzablardan qaçmağa kömək edə biləcək bir sıra qaydalar işləyib hazırlayıb.

 

Alman filosofu Artur Şopenhauer hesab edirdi ki, xoşbəxtlik tamamilə subyektiv hissdir, illüziyadır.

Publika.az oxucuları məşhur filosofun xoşbəxtlik qaydaları ilə tanış edir.

 

1. Şopenhauerin birinci qaydası: müqayisə etməyin!

Birinci qaydada deyilir ki, özünü başqaları ilə müqayisə etmək vərdişini aradan qaldırmaq lazımdır, bu, paxıllıq hissinə səbəb olur. Şopenhauerə görə, paxıllıq insandan sevinc və xoşbəxtliyi oğurlayan mənfi hissdir.

Paxıllıq bizi xoşbəxtlikdən əks istiqamətə - kədərə aparır. Başqaları ilə müqayisə aparanda özümüzdən şübhələnməyə başlayırıq ki, bu da vəziyyəti gərginləşdirir. Bu əzabın qarşısını almaq üçün Şopenhauer qəti şəkildə müqayisə etməməyi tövsiyə edirdi. Hər bir insan fərdidir, bu, onun gözəlliyi və əzəmətidir. Hər kəsin öz vəziyyəti və öz imkanları var. Odur ki, həyatımızı bu imkanlar üzərində qurmalıyıq, başqalarının hansı nailiyyətlər əldə etdiyi üzərində deyil.

 

2. Uğursuzluqlar sizi ruhdan salmasın!

Şopenhauerin başqa bir xoşbəxtlik qaydası bizə səhv qərarlarımızın səbəb olduğu uğursuzluğu ürəyimizə çox yaxın qəbul etməməyi öyrədir. Alman filosofu həmişə mümkün olan hər şeyi etməyə və hadisələrin bundan sonra necə inkişaf edəcəyindən narahat olmamağa çağırır. Əlinizdən gələni etmisinizsə, pis nəticəyə görə əsəbləşməyin mənası yoxdur: başınızın üstündən tullana bilməzsiniz.

 

3. Ürəyinizin səsinə güvənin

Şopenhauer yazırdı ki, bütün insanlar fərqlidir. Kimsə daha yaradıcıdır, kimsə daha praqmatikdir. Bu o deməkdir ki, bəziləri əmələ, bəziləri isə təfəkkürə daha çox meyllidir.

Bir sözlə, xoşbəxtliyin üçüncü qaydası bizə ürəyimizə güvənməyi, ruh nəyi əmr etsə, onu etməyi öyrədir. Ancaq özünüz olmaq üçün ilk növbədə özünüzü tanımalısınız.

 

4. Heç kimdən asılı olmayın

Xoşbəxtliyin dördüncü qaydası bizə həyatda yalnız özümüzə güvənməyi öyrədir. Beləliklə, məyusluq bizdən yan keçir, digər insanların davranışları sarsıdıcı təsir göstərməyəcək. Biz başqalarının və digər insanların qərarlarına nəzarət edə bilmərik, lakin buna reaksiyalarımız tamamilə özümüzdən asılıdır.

Başqalarının əhvalınıza təsir etməsinə imkan verməyin. Xoşbəxt olmağa və həyatdan həzz almağa yalnız özünüz qərar verirsiniz, ya da kiminsə gümüş sinidə sevinc gətirməsini gözləyə bilərsiniz…

 

5. İstəklərinizi çox qiymətləndirməyin

Hər istəyimiz yerinə yetirilə bilməz, ona görə də onlarla çox da məşğul olmayın. Hər şeyin istədiyimiz kimi olmayacağını qəbul etmək əzab və məyusluqdan qaçmağa kömək edir. Bir şey alınmırsa, sizdə yaratdığı dəyişikliklərə baxın, bəlkə də bu, sizin deyilmiş.

Vəziyyəti hərtərəfli qiymətləndirin ki, enerjinizi qeyri-real məqsədlər uğrunda boşuna xərcləməli olmayasınız və onlara yaxınlaşa bilməyəndə üzülməyəsiniz. Bu o demək deyil ki, xəyallar qurmamalısınız. Bu o deməkdir ki, havada qala tikmək olmaz.

 

 

Qəzetin 5 fevral sayının anonsunu təqdim edirik: 

 

Nüşabə Araslı, Zəhra Allahverdiyeva – Nizami Gəncəvi haqqında yeni elmi araşdırma – İsa Həbibbəyli. Böyük Azərbaycan şairi Nizami Gəncəvi (Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində)

 

Elçin Hüseynbəyli – “Nəyimiz var, nəyimiz yox”: 2015-2019 (AYB-nin on üçüncü qurultayı üçün nəsr məruzəsi)

 

Varis – “Dünyanın ən xoşbəxt adamı” (Hekayə)

 

İlham Tahirov – Zamana yenilməyən İnsan (Akademik Ağamusa Axundovun xatirəsinə)

 

Elnarə Akimova – “Şuşa ili”nin estetikası – məsuliyyətimiz, vəzifələrimiz

 

“Dünya ədəbiyyatı” dərgisinin “İsrail” sayı işıq üzü görüb. “Ədəbiyyat qəzeti” Səlim Babullaoğlunun “İsrail” sayı üçün yazdığı esseni təqdim edir.

 

Aydın Tağıyev – “Divardakı yazı” (Hekayə)

 

Əli Şirin Şükürlü – Ədəbi suprematizm: minimalist şeirlər

 

Azər Turan – İsmayıl bəy Qaspıralı – “məfkurələr fabriki”

 

Ay Bəniz Əliyar – “Köçəri quşların vətəni dəndi...” (Qulu Ağsəs poeziyasına)

 

Hacı Firudin Qurbansoy – “Kişi və qadın” (Hekayə-kollaj)

 

Yaşar Bünyad – “Quşlar qayıtdısa...” (Hekayə)

 

Nadir Məmmədli – Söz rəssamı – Ramiz Qusarçaylı

 

Fələstinli Najvan Dərviş və Şimali Makedoniyalı şair Yuliyana Veliçkovskanın şeirləri Fərid Hüseynin tərcüməsində

 

Səhər Əhməd – “Uşaqlığıma məktub” (Şeir)

 

Hermann Hessenin “Rəssam” hekayəsi Nilufər Hacılının tərcüməsində

 

Zemfira Məhərrəmli – “Torpaq sənin qələbənlə Vətən olur!” (Rəfail Tağızadənin Qarabağ mövzusunda yazdığı esselər haqqında)

 

Atababa İsmayıloğlu – Balet tariximizə töhfə

 

Şirxan Aranlı – “İtkin” (Hekayə)

 

 “Ədəbiyyat qəzeti”nin bu sayında həmçinin Rafiq Yusifoğlu, Atlaz Rzayi, Sabir Yusifoğlu, Hüseyn Bağıroğlu, Aysel Xanlarqızı, Camaləddin Əjdəroğlu, Qalib Nuri Arif və Elnur İrəvanlının şeirlərini də oxuya bilərsiniz.

 

“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir.  

 

50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır.

Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır.

Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır.

“Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!”

2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir.

“Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir.

“Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır.

Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm. May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır.

Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub.

Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır.

Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri... Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir.

“Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır.

Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır.

Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır.

Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq.

Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir.

Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir.

Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur.

Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü  oxşayır.

Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram!

“Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı... kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair  A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm!

 

Xəyalə Zərrabqızı

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli“ çərçivəsində “Qarabağnamə” filminin təqdimatı və Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin açılışı olub.

 

Fonddan AzərTAC-a bildirilib ki, filmdə görkəmli qrafika ustası Arif Hüseynovun Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, eləcə də qazanılan şanlı Zəfərlə bağlı xüsusi ustalıqla çəkdiyi təsvirlər, eyni zamanda, bununla bağlı məlumatlar öz əksini tapır.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb və təşkilatın bu ilin ilk tədbirini Qarabağa xüsusi olaraq həsr etdiyini bildirib: “Düşünürəm ki, Şuşa öz əsrarəngiz təbiəti, gözəlliyi, zəngin mədəniyyəti, adət-ənənələri, milli mənəvi dəyərləri ilə bizim bu ilimizə yansıyacaq. Biz də maraqlı tədbirlərlə dolu bir il yaşayacağıq. Fevralın 2-də Prezident İlham Əliyevin gənclərlə görüşü keçirildi. Hər zamankı kimi möhtəşəm şəkildə gənclərimizin, tələbələrimizin suallarını cavablandıran Prezident Şuşanın hər birimiz üçün müqəddəs bir rəmz olduğunu bildirdi”.

Fondun prezidenti şanlı Qələbədən sonra beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda, Azərbaycana akkreditə olunan səfirlərlə birlikdə Şuşaya, Qarabağa səfər etdiyini və səfər müddətində duyğulu anlar yaşadığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Qarabağ Zəfərini həm Azərbaycanın, həm də türk dünyasının yeni tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirib. O, rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa İli”nə öz töhfəsini verməyə çalışacağını vurğulayıb: “Film Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun Qarabağa həsr olunmuş 45 əsəri əsasında çəkilib. Əvvəlcə gözəl rəsmlər yaradıldı. Daha sonra onlar “Qarabağnamə - tarixin səhifələri” adlı kitaba daxil oldu. Bu kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ərsəyə gətirdi. Bunun ardından Arif müəllimin fikirləri lentə alınaraq film şəklində hazırlandı”.

“Qarabağnamə” sənədli filminin nümayişindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin təşkilinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkür edib. Fuad Muradov bu tədbirlə Azərbaycan xalqının istedadının, türk dünyasının birliyinin nümayiş olunduğunu vurğulayıb: “Prezidentin tapşırığı ilə çalışırıq ki, bizim xaricdə yaşayan soydaşlarımız Azərbaycan mədəniyyətinə dəstək olsunlar, Azərbaycan dili və adət-ənənələrinin qorunmasına çalışsınlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün dünyada 14 Azərbaycan evi təsis etmişik. Azərbaycan evlərinə artıq bu kitablar çatdırılıb”.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi dəyərli işlərlə türk dünyasının mədəni irsinin təbliğinə bir daha töhfə verdiklərini bildirib: “Həqiqətən, çox təsirləndim. Filmdə Qarabağın zənginliyi bizə çox gözəl təqdim olundu. Gələcəkdə torpaqları azad edən qəhrəmanların övladları, nəvələri bu ərazilərin kimə aid olduğunu göstərəcəklər. Biz də öz növbəmizdə Türkiyədə bu qiymətli əsərin tanıdılmasına hər zaman hazırıq”.

Tədbirdə Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar jurnalist Etibar Babayev, “Qarabağnamə” filminin rejissoru Elnurə Kazımova işğaldan azad olunan Azərbaycan torpaqlarına həsr edilən film barədə öz fikirlərini bölüşüblər.

Xalq rəssamı Arif Hüseynov tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlığını bildirib. Arif Hüseynov çəkdiyi rəsm əsərləri ilə Qarabağın tarixini, milli-mədəni irsini bütün dünyada tanıtmağa çalışdığını qeyd edib. O, çıxışında rəsmlərinin təqdimatının Qarabağda keçirilməsini arzuladığını vurğulayıb.

Daha sonra qonaqlar muğam sədaları altında Arif Hüseynovun rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Mədəniyyət Nazirliyi tərəfindən Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi proqramları davam edir. Beynəlxalq Muğam Mərkəzində “Detaşe” violin ifaçıları ansamblının konserti keçirilib. 

 

Nazirlikdən verilən məlumata görə, əvvəlcə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti Zəhra Quliyeva bədii rəhbəri olduğu “Detaşe” ansamblının yaranma tarixindən söz açb. Deyib ki, ölkəmizdə yaradıcı gənclərə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ansamblda BMA-nın tələbələri və Prezident təqaüdçülərinin çıxış etmələri bunun bariz nümunəsidir. Xalq artisti çıxışının sonunda konsertin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Sonra konsert proqramı təqdim olunub. Ansamblın və solistlərin – Prezident təqaüdçüsü Zərrin Əliyeva, BMA-nın III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadənin çıxışları alqışlarla qarşılanıb. İfaçıları pianoda Səbinə Muradova müşayiət edib. Proqrama Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxil edilmişdi.

Qeyd edək ki, “Detaşe” ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır.

 

 

Bu günə - 5 fevrala təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:

 

Beynəlxalq Skautlar Günü

Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.

O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb. 

Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını. 

Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.

Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.

Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.

 

Ümumdünya Nutella günü

Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.

 

Səhər naharına dondurma günü

Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar. 

 

Monarx günü

Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.

Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər. 

O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.

 

La Skalada “Otello”nun premyerası

2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib. 

 

Üç dahi azərbaycanlının doğulduğu gün

1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.

Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.

Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

 

 

Mədəniyyət naziri Anar Kərimov ölkəmizin qərb bölgələrinə səfəri çərçivəsində fevralın 4-də Şəmkir rayonuna gəlib. “Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən məlumat verir ki, nazir əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinə baş çəkən Anar Kərimov müəssisənin binası və fəaliyyəti ilə tanış olub. Nazir Mədəniyyət Mərkəzi nəzdində xalq kollektivlərinin, teatr qruplarının yaradılmasının vacibliyini vurğulayıb, bununla bağlı göstərişlər verib.

Şəmkir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) gələn nazirə  kitabxananın şöbələri, kitab fondları barədə məlumat verilib. Anar Kərimov MKS-də texniki təchizatın yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Şəmkir Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan mədəniyyət naziri muzeyin ekspozisiyasına və kitab fonduna baxış keçirib. Muzeydə memar-rəssam Fərman Hüseynov tərəfindən çəkilən "Toy" adlı divar miniatür əsəri barədə məlumat verilib ki, 73 kvadratmetr sahəsi olan əsər bu qəbildən ən böyük əl işlərindən hesab edilir. Muzeydə qorunan 2500 illik sütun daşları haqqında məlumat da nazirə bilgi verilib.

Şəmkir Rayon Uşaq Musiqi Məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məktəbin xor kollektivinin, tar ixtisası üzrə təhsil alan şagirdlərinin ifalarını dinləyib. Bildirilib ki, məktəbdə 665 şagirdin təlim-tərbiyəsi ilə 134 nəfər müəllim məşğul olur. Burada 10 ixtisas – fortepiano, violin, tar, kamança, qarmon, xanəndəlik, nağara, klarnet, xor, nəzəriyyə üzrə tədris həyata keçirilir.

Peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması ümumi inkişaf üçün əhəmiyyətlidir

Şəmkir rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə fevralın 4-də rayon Heydər Əliyev Mərkəzində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Anar Kərimov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyət sahəsinə daim diqqət və qayğı göstərilir. Mədəniyyət müəssisələri də fəaliyyətlərini bu diqqət və qayğıya adekvat qurmalıdır.

Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Nazir Anar Kərimov problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonda mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirilib.

 

94-cü “Oskar” mükafatı laureatlarının adı fevralın 8-də canlı yayımla Amerika Kino Sənəti və Elmləri Akademiyasının rəsmi tviter səhifəsində açıqlanacaq.

 

Qeyd edək ki, ümumilikdə 23 nominasiya üzrə qaliblərin adını aktyorlar Tracee Ellis Ross və Leslie Jordan səsləndirəcək.

Martın 27-də baş tutacaq rəsmi mükafatlandırma mərasiminin isə aparıcısı hələlik məlum deyil.

Builki “Oskar” namizədlərinin müəyyən edilməsi üçün keçirilən səsvermə akademiyanın tarixində ən yüksək fəallığı ilə fərqlənib. Ümumilikdə 9500 üzvdən 9487-si səsvermədə iştirak edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.