Super User
Vaşinqtonda “The Voice of Orchid” adlı xeyriyyə konserti keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Birləşmiş Ştatlar – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə 3 may 2022-ci il tarixində ABŞ-ın Vaşinqton şəhərində “The Voice of Orchid” adlı xeyriyyə konsertinin keçirilməsi planlaşdırılır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdən toplanılan vəsait işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi məqsədilə altı minaaxtaran itin “Marshall Legacy institute” vasitəsilə alınaraq Azərbaycana göndərilməsinə sərf olunacaqdır.
Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, həmçinin Xalq Artistləri Briliant Dadaşova, Ənvər Sadıqov, Nəzakət Teymurova, Əməkdar artist Abbas Bağırov və digər solistlər çıxış edəcəkdir.
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu 100 min dollar qazanmaq şansı yaradır
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlı məlumat yaymışdır. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məlumatda Fondun 16 mart-15 iyun 2022-ci il tarixlərində dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir.
Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:
- Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
- 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.
Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir.
Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir.
Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi xüsusi onlayn təlim təşkil edəcəkdir.
Təlimin vaxtı: 28 aprel 2022-ci il, saat 15:00-18:00
Təlimin formatı: “online” (Microsoft Teams vasitəsilə)
Təlimin dili: ingilis
Təlimdə iştiraka dair müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://docs.google.com/forms/d/1XP3nxTwAQb2UrAkyZTDxO1tPvY0VPPQ8ZsaRARdZpFs/edit
Son iştirakçı siyahısı UNESCO Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiqlənəckdir.
Son müraciət tarixi: 21 aprel 2022-ci il, saat 12:00
L. və M.Rostropoviçlərin ev-muzeyində Dünya İncəsənət Günü ilə bağlı tədbir keçiriləcək
Bu gün Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Dünya İncəsənət Günü ilə bağlı tədbir təşkil olunacaq.
Tədbir L. və M.Rostropoviçlərin ev-muzeyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə L.və M.Rostropoviç adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, Respublika və beynəlxalq müsabiqə laureatları konsert proqramı ilə çıxış edəcəklər. Həmçinin incəsənət günü ilə bağlı videoçarx təqdim olunacaq.
Azərbaycan Respublikasının mədəniyyət naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən bu gün - 2022-ci ilin aprel ayının 15-də saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qeyd edək ki, vətəndaşlar nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə 12 aprel 2022-ci tarixinə qədər qəbula yazılıblar.
Mədəniyyət Nazirliyi rəsmilərinin Quba rayonuna səfəri davam edir
“Ədəbiyyat və incəsənət” portalının xəbər verdiyi kimi, Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə nazirlik rəsmilərinin, o cümlədən də nazir Anar Kərimovun bölgələrə səfər planı hazırlanıb. Plana uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov və nazirin birinci müavini Elnur Əliyev aprelin 14-də Quba rayonuna səfər ediblər.
Rəsmi qonaqlar və rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər.
Sonra qonaqlar və icra başçısı Quba rayon Heydər Əliyev Mərkəzinə gəliblər. Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, dördmərtəbəli bina 2011-ci ildə inşa edilib. Mərkəz ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği işini həyata keçirir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Anar Kərimov, Elnur Əliyev və Ziyəddin Əliyev Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, mərkəz 2015-ci ildə Quba rayon Mədəniyyət evinin bazasında yaradılıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən Yeni Güləzi Folklor klubunun "Bizim nənələr" folklor kollektivinin ifasında musiqi nömrəsi təqdim edilib. Mərkəz tərəfindən hazırlanmış "Quba – multikultural diyar" kitabının təqdimatı keçirilib. Həmçinin “Şuşa İli” münasibətilə "Şuşamı tərənnüm edirəm" adlı multikultural layihənin təqdimatı olub, folklor qrupunun çıxışı dinlənilib.
Qonaqlar Mədəniyyət Mərkəzinin foyesində “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olublar, "Gözəl Quba" ansamblının ifasında "Şuşanın dağları" mahnısının məşqini izləyiblər.
“Art" yaradıcılıq studiyasının “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin “Sirlər xəzinəsi” poemasından "Kərpickəsən kişinin dastanı" hekayəti əsasında hazırladığı qısametrajlı film nümayiş etdirilib.
Mədəniyyət naziri və birinci müavin daha sonra Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına baş çəkiblər. Məlumat verilib ki, 1932-ci ildə yaradılan kitabxana bu il 90 illiyini qeyd edir.
Nazir Quba şəhər uşaq musiqi və incəsənət məktəblərinə baxış keçirərkən tədris ocaqlarının fəaliyyəti barədə ətraflı məlumat alıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırıb, bununla əlaqədar müvafiq göstərişlər verib.
Qonaqlar Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan Ərdəbil məscidi və Cümə məscidini də ziyarət ediblər. Nazirə məlumat verilib ki, Ərdəbil məscidi Cənubi Azərbaycanın Ərdəbil bölgəsindən buraya köçürülən ailələr tərəfindən XIX əsrdə tikilib. Quba Cümə məscidi zəngin memarlıq üslubu ilə seçilir. Məscidin daxildən hündürlüyü 18 m, ümumi sahəsi isə 360 kvadratmetrdir. Tikintisində istifadə olunan zığ kərpiclər rayonun İqriq kəndində hazırlanıb. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir.
Anar Kərimov səfər çərçivəsində Quba Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Nazirə məlumat verilib ki, 1924-cü ildə yaradılan muzeydə hazırda 11 minə yaxın eksponat qorunub saxlanılır. Muzey 2015-ci ildə ümumi sahəsi 1620 kvadratmetr olan, müasir standartlara uyğun 3 mərtəbədən ibarət yeni binaya köçürülüb. Qeyd edilib ki, ekspozisiyada Quba xalçaları, XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalqımızın tarixi, mədəniyyəti, tətbiqi sənəti, məişətini əks etdirən eksponatlar nümayiş olunur.
Quba Soyqırımı Memorial Kompleksinə gələn Anar Kərimova məlumat verilib ki, Quba şəhərində soyqırımı məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində toplu məzarlığın 1918-ci ildə erməni silahlı dəstələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı keçirilib.
Mədəniyyət naziri və onun birinci müavini Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Hündür günbəzli hamam və ölkə əhəmiyyətli memarlıq abidəsi Səkinə xanım məscidini də ziyarət ediblər. Quba şəhərində Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşən Hündür günbəzli hamama baxış keçirilərkən bildirilib ki, el arasında bəzən “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” da adlandırılan abidədə 2018-ci ildə təmir-bərpa işləri həyata keçirilib. İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib.
Onu da qeyd edək ki, Qafqaza səfəri zamanı məşhur fransız yazıçı Aleksandr Düma Ata bu hamama gəlmiş, onu vəsf etmişdi.
Quba rayonunun memarlıq abidələri arasında özünəməxsus yer tutan Səkinə xanım məscidi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, məscid görkəmli Azərbaycan şairi, tarixçi, maarifçi Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanımın vəsaiti ilə 1854-cü ildə tikilib.
Qubada mədəniyyət müəssisələri və tarixi-mədəni abidələrlə tanışlıqdan sonra nazir Anar Kərimov və nazirin birinci müavini Elnur Əliyev rayon Mədəniyyət Mərkəzində “Şuşa İli” münasibətilə təşkil olunan konsert proqramını izləyiblər.
Konsertdə Quba rayon Uşaq musiqi məktəbi kollektivinin ifasında ilk olaraq Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertüra səslənib.
Sonra Quba rayon Uşaq musiqi məktəbi və rayon Uşaq incəsənət məktəbi şagirdlərinin, eləcə də Mədəniyyət Mərkəzi solistlərinin ifasında müxtəlif musiqi nömrələri təqdim olunub. “Quba könüllülər teatrı “Nizami inciləri” teatrlaşdırılmış kompozisiyasını nümayiş etdirib. Tat folklor qrupunun ifasında “Şuşam", dağ yəhudisi ifaçının oxuduğu "Şuşa”, Mədəniyyət Mərkəzinin "Gözəl Quba" ansamblı və solistin ifasında “Şuşanın dağları" mahnıları alqışlarla qarşılanıb. Proqram bütün ifaçıların iştirakı ilə səslənən "Yaşa, mənim xalqım" mahnısı ilə başa çatıb.
Nazirlik rəsmilərinin Quba rayonuna və bölgəyə səfərləri davam edir.
Bu gün nazir Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edəcək. Ətraflı, növbəti yazıda.
Rerix paktı və ya bu gün Beynəlxalq İncəsənət Günüdür
Bu gün - aprelin 15-i mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (“Rerix paktı”) imzalanıb.
1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq İncəsənət Günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin gündən etibarən, 15 aprel bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq, gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni, tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşayıblar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunub. Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin, ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur.
UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır. Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu, eyni zamanda, özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək, həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yeni tərkibinin yorulmaz əmək sərgiləyərək mədəniyyətimizin inkişafına, beynəlxalq mədəniyyətə inteqrasiyasına verdiyi töhfələri də qeyd etmək yerinə düşərdi. Bir baxın, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin digər səlahiyyətli şəxsləri hər gün hansısa bir mötəbər mədəniyyət hadisəsinə şahidlik edirlər, görüşlər keçirirlər, media qarşısında dayanıb açıqlamalar verirlər, beynəlxalq tədbirlərə qatılırlar. Nazirliyin fəaliyyət proqramı, iş qrafiki dedikcə sıxdır.
Bütün bunlar onu deməyə əsas verir ki, bizim mədəniyyətimiz çiçəklənməkdədir, biz dünya mədəniyyəti ilə sıx bağlıyıq və mədəni əlaqələrimiz sərhədlərə sığmır.
Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda, onların gerçəkləşməsinə real dəstək verir.
Demək ki, Nizami yurdu haqlı olaraq dünyanın mədəniyyət beşiklərindən biri sayılmağa iddialıdır.
Biz Beynəlxalq İncəsənət Günü münasibətilə bütün mədəniyyət və incəsənət xadimlərimizi səmimi qəlbdən təbrik edirik!
Uşaq incəsənət məktəbində Tofiq Quliyevin xatirəsi anılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin anadan olmasının 105 illiyinə həsr olunmuş konsert keçirilib.
Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbirdə vokal ixtisası üzrə müəllim Xəyalə Hüseynova Tofiq Quliyev haqqında geniş məlumat verib.
Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış sənətkarlarından söz açarkən, qeyri-ixtiyari olaraq daxili dünyamızda iz salan Tofiq Quliyev musiqisini xatırlayırıq. Tofiq Quliyevin uzun illərdən bəri ölkəmizdə və onun sərhədlərindən uzaqlarda səslənən, ilkin təravətini itirməyən mahnıları, həyatımızın salnaməsinə çevrilib. Tofiq Quliyev hər şeydən əvvəl fərdi üslub xüsusiyyətlərinə malik mahnıların müəllifi kimi tanınıb.
Vokal sinfi şagirdlərinin ifasında bəstəkarın "Əziz surət", "Kamilin mahnısı", "Qızların mahnısı", "Sənədə qalmaz", "Axşam oldu", "Məhəbbət çırağı" və başqa mahnıları səsləndirilib.
Sonra şagirdlər konsertmeyster Samirə Eyvazovanın müşayiətilə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertin sonunda şagirdlərə həvəsləndirici diplomlar təqdim edilib.
Günün fotosu: Co Bayden Putini yenidən “genosid müəllifi” elan edib
Günün fotosu: Co Bayden Putini yenidən “genosid müəllifi” elan edib
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasətini "soyqırımı" hesab etdiyi barədə fikirlərini təkrarlayıb. Bu barədə o, çərşənbə axşamı Ayova ştatının paytaxtı de-Moyna hava limanında onu qarşılayan jurnalistlərə bildirib:
– Bəli, mən bunu soyqırımı adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin, sadəcə, ukraynalı olanları məhv etməyə çalışır.
Foto: Euronews
Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” Özbəkistanı fəth edir
Özbəkistanda çıxan “Darakçi” nəşrində Azərbaycan yazıçısı Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanı hissə-hissə dərc edilir. Roman həm də “Yenigün” nəşriyyatında kitab kimi çıxacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, atalar və oğullar arasında ənənəvi ziddiyyət mövzusuna toxunan bu roman Azərbaycanda 2019-cu ildə nəşr edilib və böyük uğur qazanıb. Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələri Nizami Cəfərov, Vaqif Yusifli, tanınmış yazıçı İlqar Fəhmi roman barədə müsbət rəylər vermişlər.
Romanın mövzusu kinossenarilər yazılmasına da rəvac vermişdir. Görkəmli kinodramaturq Ramiz Fətəliyevin yazdığı ssenari xüsusilə diqqətçəkəndir.
Məşhur fransalı bloger və komediya ustası Patrik Veiseller Azərbaycana niyə gəlib?
Eşidəndə ki, sosial mediada yüz minlərlə izləyicisi olan, eləcə də komedik stand-up-ları ilə böyük izləyici auditoriyasına malik olan fransalı Patrik Veiseller bir müddətdir ki, Azərbaycandadır, qəribə dizaynlı pikap avtomobillə magistrallarımızda şütüyür, düşündük, görək nə məsələdir? Dərhal deyək ki, xoşməramlı səfərdir və xeyrimizədir.
Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizə gələn Patrik Veiseller çəkilişlər aparır, bundan sonra isə sosial media hesablarından və həmçinin "Netflix" platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avtomobil turu formatında həyata keçirilən layihədə Fransanın komediya ustası və bloggeri “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycanın tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər etməkdədir.
Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.
Qeyd edək ki, bloger, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı da çəkilişlər
aparıb, bu reportajları da təqdim edəcək.
Sırada isə adlarını çəkdiyimiz digər rayonlar dayanır.